Azərbaycan ermənişünaslığı:
xüsusiyyətləri, tarixi və dövrün tələblərinə dair
Azərbaycan üçün nəinki elmi-idraki, hətta strateji əhəmiyyət kəsb edən bu problem indiyədək xüsusi araşdırılmamış, müzakirə edilməmiş, bir sözlə, lazımi diqqətdən kənarda qalmışdır. Buna müvafiq olaraq, Azərbaycan ermənişünaslığı sahəsində qeyri-qənaətbəxş vəziyyət yaranmışdır. Ona görə də ilk dəfə bu problemi ayrıca tədqiqat predmeti kimi irəli sürməyə, onun ən vacib məsələləri və zəruri ehtiyacları üzərində dayanmağa çalışmışıq.
Ermənişünaslıq anlayışının ümumi məzmununu müəyyən etmək üçün, onu bu səpgili digər bilik sahələri ilə tutuşdurmaq zəruridir. Belə bir tutuşdurmadan sonra demək olar ki, ermənişünaslıq ümumi şəkildə ermənilərin tarixi, dili, folkloru, ədəbiyyatı, maddi və mənəvi mədəniyyəti haqqında elmlərin məcmusudur.


