

Dünyanı daha coşqun şəkildə qavrayıb, duyğuların təşkilatlanma forması olan sənətdə düşüncələr işarələrə, simvollara çevrilmədikcə yetkin bir sənətdən danışa bilmərik. Düşüncə niyə, nə üçün ətrafında şərhlər apararkən, sənətçi yaşamı göstərib işarə edər. Öz toplumunun ruhunu içində daşıyan yazarlar da özlərini yazsalar belə, ümumini ifadə etmirlərmi? Çünki fərd toplum, toplum da fərddir.
Demokratik və sosial-mədəni quruluşda həqiqi mənada həmlə etməyən toplumların güclü sənətçiləri və fəlsəfəçiləri yox dərəcəsində olur. Belə ki, xalqın dilindən düşməyən “Bəsdir, ədəbiyyat yaratma, fəlsəfə yaratma!” kimi sözcüklər içində olduğumuz faciəvi durumu açmağa bəs edir. Ədəbiyyatçılar və fəlsəfəçilər siyasətçilərdən, müğənnilərdən sonra gəlir. Halbuki toplumun dəyişib formalaşmasında həqiqi rolu təmin edən də, tarixdə dərin izlər buraxan da onlardır. Fəlsəfəsiz bir ədəbiyyat, ədəbiyyatsız da fəlsəfəni təsəvvür edə bilmirəm.