«Başqalarına kömək eləyə bilməyəndə əziyyət çəkirəm»
…Milli teatrın salonunda List piano arxasında macar milli kostyumunda ifa edir. Konsertin sonunda qraf Feştetiç 5 zadəganın müşayiətiylə səhnəyə qalxaraq macar xalqının adından fəxri hədiyyəni təqdim elədi. Macar parad qılıncını hədiyyə alandan sonra evə gedərkən Listi yanar məşəllərlə müşayiət edən xalq evə yola salırdı. Adətən onun konsertlərinə aristokratiya milli kostyumlarda gəlirdi.
…Listin pəncərələri altında musiqi və rəqslərdən ibarət serenada səslənir. Meydançada azı 700-800 adam toplaşmışdı. Nitq söyləmək əvəzinə List royalı pəncərəyə tərəf çəkməyi xahiş edir. Pəncərə altında dayananlar açıq pəncərədən Listin «Macar rapsodiyaları»nı bir daha dinlədilər.
…Macarıstan Listin yaradıcılıq yolunun 50 illiyinə hazırlaşır. List Budapeştə gələndə yollar onun evinə qədər minlərlə adamla dolub triumfal yürüşə çevrilmişdi. «Ruhum və
bədənimlə mən sizinəm» deyən List göz yaşlarını saxlaya bilmirdi.
…Daha bir serenadanı artıq 74 yaşlı List Annesbrukda öz ad günü şərəfinə eşidir. Şəhərin kişi xoru onun pəncərələri altında müşayiətsiz oxuyurdu. Çünki onlar yaxınlıqda qalan ekshersoqu yuxudan oyatmaqdan çəkinirdilər.
«Görərsiz, o bura bir də büllur karetada qayıdıcaq»
Esterqazi knyazının sarayında «qoyunlara nəzarətçi» işləyən Adam Listin vəzifəsi çox şərəfli sayılırdı. Çünki knyazın əsas var-dövləti qoyun sürüsü idi. Oğlu Frans eşitdiyi bütün sonataları bircə dəfədən yadda saxlayıb sonra çalırdı. Bilmək olmaz, bəlkə o da Mosart kimi vunderkind olacaq? Amma kiçik Fransı alət arxasına zorla oturtmaq da lazım deyildi. Çünki bəzən onu pianodan qopartmaq çox çətin olurdu. O vaxtlar bəstələdiyi kiçik melodiyaları balaca Frans «kəşflərim» adlandırırdı. Heç kimin ağlına da gəlməzdi ki, pianoda çalmaq uşağın sağlamlığını bu qədər poza bilər. Feners o qədər bərk xəstələnmişdi ki, kənd xarratına kiçik tabutu artıq sifariş vermişdilər. Atasının verdiyi 3 illik musiqi təhsilindən sonra Ferens 8 yaşında ilk rəsmi konsertini verdi. O hələ bilmir ki, fortepiano aləti onu bütün dünyaya tanıdacaqdı, vertuoz pianoçular üçün ölçü meyarı olacaqdı. Doğma yerlərdən çıxmağa məcbur olan ailəni yola salanda bütün kənd pıçıldışırdı: «Görərsiz, o bura bir də büllur karetada qayıdıcaq».
Bethovenin xeyir-duası
Təhsilini Vyanada davam etdirməyə gələndə fortepiano üzrə müəllim Karl Çerni əvvəl onu götürmək istəmirdi. Amma sonra sərxoş kimi stulda yırğılanaraq öz bildiyi kimi çalan uşaqdan hətta dərslərin pulunu da almadı. Listin pianoçuluğu səs-soraq yaratmışdı. Hətta konsertlərin birində qoca Bethoven uşağın çalğısını eşidib onu yanına çağıraraq xüsusi təbrik eləmiş və onu Mosart və özüylə müqayisə eləmişdi. O vaxtlar Listin qanadı olsaydı uçardı. Axı kumirinin tərifini eşitmişdi...
Paris Konservatoriyası gənc vunderkindi qəbul eləmədi. Xaricilərçün burada yer yoxuydu. Amma Listin burda qalıb konservatoriya tələbələrindən fərqli olaraq konsert vermək şansı da vardı. Parisin az qala bütün zədəganları öz saraylarında vertuoz ifaçının görməkçün bəhsə girmişdilər…
Marselyeza yaralara məlhəm kimi
İlk sevgi oxu daşa dəyəndən sonra List dünyadan əl çəkib özünü Allaha həsr eləmək qərarına gəlir. Təbiətcə mistikaya meylli olan List bu dövrdə vaxtını kilsələrdə, dini söhbətlər arxasında keçirərək musiqinin daşını demək olar ki, atmışdı. Amma tamamilə musiqidən əl çəkmək List üçün mümkünsüz idi. Listin vəziyyəti o qədər pis idi ki, hamı onu ölmüş bilir, hətta bəzi qəzetlərdə nekroloqlar da çap olunmuşdu. Məhz bu illərdə o anlayır ki, varlı ağaların nazıyla oynayan və onların əlinə baxan musiqiçi olmaq istəmir. Bu daha çox janqlyorluğa, ya da əhilləşdirilmiş itlərin oyununa daha çox bənzəyirdi. Onun tutqun fikirlərini yalnız inqilab və «Marselyeza» sədaları dağıda bildi. Listi yenidən sağlam görən anası «Oğlumu mərmi və toplar xilas etdi» dedi.
Məşhur skripaç, dövrünün vertuozu Paqanini ilə tanışlıq Listin həyatında inqilabi dəyişiklik elədi. Paqaninin kapriçiolarını piano üçün işləyərkən o, anlayır ki, skripkaçının vertuozluğunu pianoya köçürə və piano üçün yeni texnika yarada bilər. Hazırda dünyada həmin kapriççoları ifa eləməyə texniki imkanı çatan cəmi 4-5 pianoçu var.
«Konsert elə mən özüməm»
Konsert fəaliyyətiylə paralel List müəllimliklə məşğul idi. Bütün dünyanın müasir pianoçuları Listin yanına axışırdılar. Onun evində böyük bir zal var idi ki, orda List açıq dərslər verirdi və heç vaxt dərslərinin haqqını almazdı.
Elə də olurdu ki, sevgi macəralarından skandallı ad çıxarmış Listin konsertində səhnəyə çıxanda bir nəfər də əl çalmırdı. Amma sonra konsertin sonunda zal alqışlardan titrəyirdi. Tamaşaçı rəğbətini List addım-addım, qram-qram özü toplamalı olurdu. Daha sonra bütün konserti tək ifa eləməyə ürəklənmiş List «Konsert elə mən özüməm» deyəcəkdi. Qəzetlərsə «Burda heç vaxt günəş batmır» yazacaqdı. Az keçməmiş List öz maarifçilik fəaliyyətindən narazı qalaraq anladı ki, dinləyici dəbdə olan operadan bir qırıq popurri eşitməyi arzulayır, Bethoven sonatasını dinləməyi yox. Bunu anlayan kimi Listin aktiv konsert fəaliyyəti səngiməyə başlayır.
«Mən bu almadan böyük bir dişdəm qoparda bilmədim»
Görkəmcə maraqlı, təbiətcə ehtiraslı olan Listin hər konserti əsil tamaşaya çevrilirdi. Həm də ki, onun konsert turneləri sevgi əhvalatları çələngi ilə müşayiət edilirdi.
Mari dAqu kubar salonlarında gözəlliyi və ağlı ilə ad çıxarmışdı. Mətbuatda Daniel Stern imzasıyla siyasi yönlü yazıçı kimi tanınırdı. Listdən 6 yaş böyük olan qrafinya onu hələ uşaq ikən tanıyırdı. Həmin bu dövrdə Parisin ədəbi dairələrində Jorj Sand da ad çıxarmışdı. List kişiyəbənzən Jorj Sandı bəyənməsə də tezliklə onun səs salmış salonunun intim qonaqlarından birinə çevrilir. O burada qrafinyanın sevgi toruna düşmüşdü. Jorj Sand və qrafinya rəfiqə idi. Listə vəfalı qadın sevgisi lazım olan vaxtda qrafinya gözəlliyi qarşısında diz çökmüş pərəstişkarı axtarırdı. Tanışlığın ilk cünündən o, «Qrafinya dAqu heç vaxt madam List olmayacaq» deyirdi. Listin 3 uşağını dünyaya gətirəndən sonra da qrafinya fikrini dəyişmədi. Qrafinya Listin əlindən hirslənəndə, ya da qısqanclıq alovunda alışanda ədəbi ləğəbinin altında gizlənərək rəfiqəsi Jorj Sandın nümunəsinə görə «Nelida» adlı avtobioqrafik roman yazıb özünü təmizə çıxarır və bütün günahları Listin üstünə atırdı. Mariyə qarşı marağını itirəndən sonra List Şopenin məşuqəsi olan Jorj Sandla maraqlanmışdı. Jorj Sand royala söykənərək Listin çalğısını dinləməyi sevirdi. Bundan xəbər tutan Mari Sandı duelə çağırmış, silah kimi öz dırnaqlarını seçmişdi. Qadınlar münasibətlərini aydınlaşdıran vaxt List kabinetinin qapısını möhkəm bağlayıb onlar sakitləşənədək ordan çıxmamışdı.
Tezliklə skandallı adı olan ispan rəqqasəsi Lola Montezlə tapışırlar. Ondan da doyanda List Lolanı yatan yerdə mehmanxanada qoyub çıxmışdı. Lolanın hirsindən ətrafdakı mebeli sındırmaq adətini nəzərə alıb bir qədər pul qoymağı da unutmamışdı. Listin sevgi macəraları konsert həyatının bir hissəsi kimi bir şəhərdən o birinə köçürdü.
Çoxsaylı əhvalatların içində ən uzun sevgi macərası Karolina fon Vitqenşteynlə sayılır. Rus generalı olan ərini atıb Listin dalıyca Veymara köçən Karolina saatlarla ayı dərisində uzanıb qəlyan çəkərək Listin musiqisini dinləyə bilərdi. List bu dəfə də evlənməyə cəhd elədi. Onlar evlənməkçün rus imperatorunun və Papanın icazəsiylə boşanmanı gözləməli və yalnız bundan sonra evlənməliydilər.
Uzun illərin çarpışmasından, boşanmaya icazə almaqçün mübarizədən sonra nəhayət ki, San Karlo al Kazino kilsəsi toy üçün bəzənib. Mərasim Listin 50 illik yubiley gününə planlaşdırılıb. Bu dəfə də alınmadı. Knyaqinyanın ər tərəfdən qohumları nigaha mane olurdular. Artıq bütün ümidlər qırılıb, birgə yaşamaq haqqında qurduğu planlar alt-üst olub. Az keçmiş əri vəfat edəndən sonra evlənmək uğrunda mübarizə yolunda maneələr qalmayanda onlar hər ikisi bir-birindən soyumuşdu.
Listin sevgi macəraları lap yaşlı vaxtlarına qədər davam eləyirdi. Deyilənə görə onun məşuqələrinin siyahısını yazan olsaydı müasirlərindən hər kimsənin yaşadıqlarından uzun olardı. Amma ahıl yaşlarında List qeyd elədi ki: «Mən bu almadan böyük bir dişdəm qoparda bilmədim».
Belə deyirlər ki…
List bir dəfə 2-ci İzabellaya şəxsən təqdim edilmədiyinə görə onun qarşısında ifa eləməkdən imtina da eləyib. 1-ci Nikolay Listin konsertində söhbət elədiyinə görə pianoçu ifasını saxlayb söhbət bitəndən sonra bərpa eləmişdi.
List İngiltərədə qastrolda olarkən onu Vindzor sarayında kraliçə Viktoriya qarşısında konsert zamanı əyanların və kraliçənin söhbət elədiyini görüb çalğısını kəsmişdi.
***
Müasirləri Ferens Listin bəstələrini heç də həmişə ruh yüksəkliyiylə qəbul eləmirdi. Listin «İdeallar» simfonik poeması çalınarkən fitə basılmışdı. Bir ay sonra List Berlinə səfərə hazırlaşarkən pasporta «səfərin məqsədi» bölməsində «fitə basılmaq» cümləsini yazmışdı.
***
List Bayretdə öz yeni əsərini vertuozcasına ifa edəndən sonra baş əyib fəxrlə dedi:
-Avropada yalnız iki pianoçu – mən və Qans Bülov bu əsəri ifa edə bilər.
Onda həmin gecənin iştirakçılarından biri cavan Jorj Bize («Karmen» operasının müəllifi) royala yaxınlaşıb indi ilk dəfə eşitdiyi əsəri notsuz yaddaşdan bir daha ifa elədi.
- Bravo! – deyə bir az pərt olmuş List dedi. – Dostum, yaddaşı bu qədər zorlamaq nəyə lazımdı ki, buyur notları götür.
Bize notu götürüb əsəri bir daha çalandan sonra List «Təbrik edirəm, siz indi Avropada üçüncüsüz» deyə əl uzatdı.
«Başqalarına kömək eləyə bilməyəndə əziyyət çəkirəm»
Listin musiqi istedadı ona o qədər böyük sərvət gətirmişdi ki, karyerasının ortasında o, artıq pul xətrinə çalmaya bilərdi və bütün gücünü xeyriyyəçiliyə yönəlməyə imkanı çatırdı. «Mənim heç vaxt zəngin olmaq məqsədim olmayıb. Amma hərdən başqalarına kömək eləyə bilməyəndə əziyyət çəkirəm». List başqalarının qəbul eləmədiyi musiqiləri səhnəyə qoyur və səsləndirirdi. Veymarda o, Fransa qəbul eləmədiyi vaxtda Berlioz musiqisi həftəsi təşkil edir. Vaqneri həbs və sürgün gözləyəndə onun «Tanqeyzer» operasını səhnəyə qoyur. Onun tərtib elədiyi proqramlar nümunə sayıla bilərdi. Adətən «Dirilər irəli» deviziylə müasir əsərlərə xüsusi yer ayırardı. Bu layihələrdə List müasirləri Berlioz, Vaqner, Şuman və başqa bəstəkarları təmənnasız dəstək verirdi. Musiqiçilər, şairlər və dünyanın bütün ədibləri burda özünü öz evindəki kimi hiss eləyirdi.
«Abbat List»
1863-cü il. List Roma yaxınlığında Madonna del Rozario monastrında onunçün ayrılmış hücrədə yerləşir. List burda ömür boyu axtardığı sakitlik və yaradıcılıq üçün dünyadan ayrılmış şərait tapdı. İki il sonra müqəddəs Markus günündə kardinal Qoqenlou Listə dini rütbə verərək tonzura qırxılması mərasimini keçirdi. Kardinal Vatikanda özüyçün ayrılmış otaqlardan birini, Rafaelin fırçasıyla rənglənmiş otağı Listin iztiyarına verdi. List bu hərəkətiylə düşmənlərini heyrətləndirdiyi kimi dostlarını da çaş-baş qoydu. Amma bu sənətdən uzaqlaşmaq demək deyildi. Düzdü, arabir keçmişi bu gününə soxulub həyatını zəhərləyirdi. Keçmiş tələbələrindən biri, nəvəsi yaşında olan bir xanım Listə qarşı cavabsız sevgisinin qarşısında əvvəl Listi , sonra özünü öldürməyə söz vermişdi. Daimi təqiblərdən sonra o, Listin yaşadığı mənzildə dava-dalaş qoparıb zəhər içib özünü öldürmək cəhdləri də eləmişdi. Qızın içdiyi zəhər xoşbəxtlikdən zəif idi, amma bu əhvalat Listin reputasiyasına, xüsusilə də ruhani dairələrdəki hörmətinə böyük zərbə vurdu. 50 illik münasibətiylə Papa 9-cu Piyin verdiyi titul Listə sutana geyməyə icazə verirdi. Amma Listin hərdən imza atdığı kimi «abbat List» adlanmasına yox.
Ah, Vaqner, Vaqner…
Sutana geymiş List artıq o yaşdadır ki, üç övladından ikisinin ölümünü yaşayıb. Yecanə oğlu 20 yaşında vəfat eləmişdi. Sevimli qızı Blondinanı da itirmişdi. Sağ qalmış övladı Kozima ərini atıb boşanmanı gözləmədən Listin dostu Vaqnerlə qaçıb. Əlbəttə ki, qızını əlindən alanda Vaqner təqib edilən vaxtlarda Listin evində gizlənməyini xatırlamır. Vaqnerin əsərlərini heç bir teatr qəbul eləməyəndə List Veymarda onların tamaşasını hazırlamışdı. Bütün acıları unudub hamını bağışlamaq üçün Listə 5 il gərək oldu. Amma Vaqnerin şərəfinə Bayret teatrı açılanda List köhnə dostu və yeni kürəkəninin yanındaydı. Teatrın açılış mərasimində Vaqner Listin şərəfinə belə dedi: «Burda elə bir adam oturub ki, ən birinci mənə inanan o olub. Ola bilər ki, o, olmasaydı bu gün siz də mənim yazdığım bircə notu da eşidə bilməzdiz».
Listin qızına evlənmiş Vaqner hərdən bir qohum kimi ərk eləyib Listin melodiyalarını mənimsəyirdi. Məsələn, Vaqnerin «Valkiriya» operasının aparıcı melodiyası Listin «Faust» simfoniyasından oğurlanıb. Listin taleyində Vaqnerin ölümünü yaşayıb onun teatrının işini davam etdirmək qisməti də vardı. Həkimlərin xəbərdarlığına baxmayaraq List səfərlərini və konsertlərini, hər il keçirilən Bayret festivalını da təxirə salmırdı. Vaqnerin «Tristan» operasının tamaşasında List son gücünü toplayıb iştirak eləyir ki, müəllifin ruhu şad olsun. Amma bu onun sonunca səfəri idi… Canını tapşıranda da dodağından çıxan son kəlmə «Tristan» olur.


