Təsəvvüfün (sufiliyin) təzahürlərindən olan hürifilik çoxdan tədqiq edilir. Buna baxmayaraq hürufiliyin nə qədər müəmmaları açılmamış qalmaqdadır. Bu təriqətin banisi fəzlullah Nəiminin faciəsi belə müəmmalardandır. Onun tarixi taleyi haqqında doğru-dürüst təsəvvürümüz yoxdur. Bu sahədə qaynaqlarda gizli qalan gerçəkləri üzə çıxarmağa, elmə gətirməyə ehtiyac var.
Bu araşdırma həmin ehtiyacı ödəmək üçün qələmə alınıb. Osmanlı imperiyası tarixindən əxz edilən məlumatlar əsasında yazılıb. Həmin məlumatlarda fəzlullahın faciəsinin sırf siyasi motivi açıqlanır. Şairliyi, şeirləri, hürufi düşüncə tərzi xüsusunda söhbət getmir. filosof, təriqət başçısı kimi onun fəaliyyətinin mülkiyyət qeyri-bərabərliyinin ziddinə yönəldiyi bildirilir. O, bu üsyankar qayəsi yolunda əzabla edam edilib. Qaynaqların bəzisində diri-diri dərisi soyularaq öldürüldüyü deyilir. Bəzisində isə neçə həmfikirlərilə birgə tonqalda yandırıldığı yazılır. Hadisə Birinci Sultan Muradın (1359-1389) dövründə Türkiyədə vaqe olub. Türk tarixçisi Aşıkpaşa oğlu (1393-1481) hadisəni qısaca təsvir edib. Tarixçi “Tevarih-i Al-i Osman” kitabında fəzlullahın Sultan
Muradın vəziri olduğunu xəbər verir. Əcəmdən gəlmiş bu filosof vəzir olanda varlıların mal-külkünü müsadirə etdirməyi düşünüb. Özünün bu niyyətini Sultan Muradın əliylə gerçəkləşdirmək istəyib. Vəzirin bu qəbildən təklifini padşah qəzəblə rədd edib. Onların arasında olan ciddi söhbət səhnəsi təsvirdə verilib. Bu gərgin ixtilafda Sultan Murad fəzlullahı vəzirlikdən çıxarıb. Aşıkpaşa oğlunun bu mövzuda yazdığına haşiyədə fəzlullahın dərisi soyularaq öldürüldüyü əlavə edilib. İndi isə məlumatın mətnini büsbütün iqtibas etmək lazımdır (Azərbaycan türkcəsinə azca uyğunlaşdırmaqla):
“Hekayət: Əcəm vilayətindən bir həkim (filosof) gəldi, fəzlullah deyirlərdi, padşaha təqrib (yaxınlıq) kəsb etməklə axır vəzir oldu, bir gün padşaha dedi: — Sultanım, sənin vilayətində malın (zənginliyin) nəhayəti yoxdur, indi padşahlara adətdir ki, o maldan bəhanəylə padşahın xəzinəsinə götürələr. Padşah ondan sual etdi və dedi:— Bu dediyin mal nə kimi yerlərdən hasil olur? fəzlullah dedi:— Bu məmləkətin xalqının əksəri zəkat verməzlər, indi cəmi vilayətindən bu xalqın zəkatlarını cəbrlə (zorla) almaq gərəkdir, mübaliğə mal cəm olar bu səbəblə. Radşah ona belə cavab verdi ki, ... zəkat və sədəqə füqarənindir, zəkat yeməyəmi müstahakam (layiqəm) ki, müsəlmanlardan cəbrlə zəkat alım, dəxi yeyim,— dedi.— Mənim məmləkətimdə üç halal loğma (yemək) vardır ki, mənim əlimdədir. Bu üç halal loğma qeyri padşahlarda yoxdur,— dedi. Birisi gümüş mədənləri və birisi kafirlərdən alınan xəracdır və biri dəxi qəzavatlarda (din uğrunda müharibələrdə) alınan qənimət maldır,— dedi. Mənim mansur (qalib) əsgərlərim bu halal loğma ilə yaşayırlar və ləşgərimə (orduma) haramı yedirib, haramı qəbul etmərəm,— dedi. O zaman fəzlullahı əzl etdi (vəzirlikdən çıxardı) və bir cavabla xar və həqarət etdi, qatından rədd etdi”.
Mətnə sonralar əlavə edilən haşiyədə isə belə deyilir: “Haman dəm fəzlullahın ağlı getdi, aləmin pənahı padşah o mülhidə (dinsizə) əzim qəzəbə gəlib əmr etdi cəlladlara ki, bunun dərisini üzüb belinə vurunca, çarşılarda nida edərsiz ki, padşaha xilaf olaraq kim qanunu ləğv edərsə, cəza budur, diyə gəzdirib, sonra dərisinə saman doldurdular, bu əzabla qətl olmuşdur Murad xan zamanında”.
(Aşıkpaşa oğlu. “Tevarih-i Ali-i Osman”, Leipzig, 1928, səh. 194).
Mətndən göründüyü kimi, Sultan Muradın vəziri olaraq fəzlullah vergi sisteminə nəzarət edib. Vəzifəsinə əsasən vergidə dəyişikliklər həyata keçirmək fikrində olub. Onun niyyətinin əsas cəhəti bu sözlərində ifadə edilib: “Sultanım, sənin vilayətində malın (zənginliyin) nəhayəti yoxdur, indi padşahlara adətdir ki, o maldan bəhanəylə padşahın xəzinəsinə götürələr”.
Vəzirin padşaha bu tövsiyəsi, mahiyyət etibarilə, zənginlərin mal-mülkünü müsadirə etməyə yönəldirdi. fəzlullahın təşəbbüsü feodal hakimiyyəti üçün, əlbəttə, təhlükəli idi. Sultan Murad onu vəzir taxtından endirdi; saraydan uzaqlaşdırdı. Ancaq sonra bəzi saray məmurları, xəbərçilər fəzlullahın edam edilməsinə padşahı təhrik etdilər.
XVII əsrin türk tarixçisi Hüseyn bu hadisənin gedişini nisbətən geniş izləyib. O, fəzlullahın tonqalda yandırılmasına dair məlumatı təsvir edib. Müəllifin “Beda i-ul-veka i” (“Heyrətamiz hadisələr”) əsərində bu tarixi məlumata rast gəlirik. Bu əsər indiyə qədər yalnız əlyazması kimi mövcuddur. Onun faksimilini rus şərqşünası A.S.Tveritinova 1961-ci ildə Moskvada nəşr etdirib. Bu əlyazması iri həcmli iki cilddə ehtiva edilib. fəzlullahın taleyindən hekayət birinci cilddə öz əksini tapıb. Əvvəlcə onun təbrizli olması bir həqiqət olaraq vurğulanır.
“firqəyi hürufiyyəyə rəis olan fəzlullah Təbrizi” sözlərilə başlayır Hüseyn onun haqqında hekayətini. Onun söylədiyi bu məlumatı iqtibas etməzdən əvvəl bir cəhəti bildirmək lazım gəlir. O, tarixi anladanda ərəb, fars sözlərini çox işlədir. Mətnini xatırladanda bəzi kəlmələrinin Azərbaycan türkcəsində anlaşıqlı qarşılığını işlətmək lüzumu meydana çıxdı. Onun fəzlullah haqqında yazdığı məlumat isə bütünlükdə budur: “firqəyi hürufiyyəyə rəis olan fəzlullah Təbrizi padşaha yaxın olduğundan, yaltaqlıq edib, bəzi uydurma söhbətlərilə qəlbini cəzb eləmişdi. Mahmud Paşa onu dövr etməyə (nəzarətdə saxlamağa) vaxt sərf edərdi. Padşahın ziyadə meylini müşahidə etməklə iqdam edəmməyib (dayanmayıb), axırda Mövlanə fəxrəddinə yalvardı. Mövlanənin o mülhidin fəsadçı sözlərini özündən eşitməsi məqsədilə, Paşa o biməzhəbi mənzilinə götürüb, Mövlanəni pünhan eylədi və (fəzlullahın) məzhəblərinə surətən (zahirən) meyl göstərəndə o, dərunində olan məqsədini izhara başlayanda, əsl etiqadına nüfuz edincə, Mövlanə səbir edəmməyib, mülhidin ağzından eşitcək, saraya qaçdı; Mövlanə tələblərini də dəvət edib, padşahı qail (razı) etdi və onları (tələbələri) alıb, Ədirnənin iki məscidinə gətirdi, müəzzinlərə car çəkdirdi, xalqı cəm etdi və minbərə çıxıb, o fəsadçıların, mülhid və zındıqların qətllərini vacib bilənlərin və onlara müqavimət edənlərin əzm savaba nail olacaqlarını bəyan etdi, atəşə yaxmalarına coşdurdu və Təmazgah səhrasında odun cəm edib onları atəşə yaxdı, hətta atəşi paltodan üfürməklə sağ qalanlar oldu, biri qaçıb canını qurtardı, bir miqdar yandı”. (Hüseyn, “Veda i-ul-veka i”, Moskva, 1961, 1-ci cild, səh. 324-325).
Müəllifin yazdığı bu əhvalatlar fəzlullahın taleyini tarixi gerçək cəhətdən araşdırmaq imkanını artırır. İlk növbədə onun doğma yurdunun Təbriz olması doğrudur. Onun irsinin Marburqda saxlanılan əlyazması bunu açıq təsdiqləyir (293 MS. Orient. Oct.2241 Staatsbibliotek. fadl-Allah b. Abu-Muhammad at-Tabrizi al-Hurufi).
Tarixçinin qalan məlumatları bir qədər geniş şərh edilməlidir. Hekayətdən məlum olur: fəzlullah vəzirlikdən çıxarılandan sonra müəyyən vaxt göz həbsinə alınıb. Ancaq “fəsadçı” fikrindən dönməyib; gizli olaraq yaymağa çalışıb. Bu yöndə ona istinadgah olan hürufi həmfikirləri idilər. Onu ciddi nəzarətdə saxlayan isə Mahmud Paşa olub. Bu şəxs o zaman baş müfti vəzifəsini daşıyırdı (türk şairi Ənvəri “Düsturnamə” poemasını ona həsr etmişdi). Mahmud Paşa özünü fəzlullaha zahirən bir dost kimi göstərirdi; onun etimadını qazanmışdı. Bununla bərabər baş müfti onu gizlicə izləməyindən qalmırdı. Bu işə eyni zamanda Mövlanə fəxrəddin Əcəmini bir casus kimi cəlb etmişdi. Bu şəxsin özü kim idi, hansı mövqe sahibiydi? Əcəmdən Türkiyəyə gəlib, burada saray mühitinə yaxın olmuşdu. Ədirnədə müdərris idi, bundan əlavə müfti təyin edilmişdi. Həyat şəraitindən razı idi: maaşda otuz axçadan artıqdan imtina etdiyini yazır Hüseyn. Görünür, Mahmud Paşaya qulluq göstərmək istəyi Mövlanəni fəzlullaha qarşı casusluğa təşviq etmişdi. Bu təriqət başçısının sirrini saraya xəbər verməklə, onun qətlinin zəruriliyinə padşahı inandırmışdı. fəzlullahı neçə hürufilərlə birgə yandırmağa fanatik dindarları qızışdıran Mövlanə fəxrəddin Əcəmi olub.
Onun bu faciəyə baisliyi müxtəlif qaynaqlarda iz buraxıb. XVII əsrin məşhur türk səyyahı Övliya Çələbinin “Səyahətnamə”sində bu hadisəyə toxunulub. Müəllif həmin əsərdə bu xüsusda gərəkli qeydlər edib. Bu qeydlərin əvvəlində xüsusən bir məlumatı diqqətə yetirir: “Mövlanə fəxrəddin əl-Əcəmi Ədirnədə bir hərfi (hürufi) zındığa məzhəbinə salik olub, neçə adamı mürtəd edərək; həm zal, həm məzl olmuş” (Övliya Çelebi. Seyahatname, İstanbul, 1896, 3-cü cild, səh. 475).
Övliya Çələbi burda Mövlanənin hürufilik məzhəbindən olduğunu bildirir. Mövlanə fəxrəddin bu təriqətə qarşı daxildən satqınlıq edirmiş. O, firqə yoldaşlarını “zındıqlar”, “mürtədlər” adıyla güdaza verib. Övliya Çələbi onun satqınlığı ilə bağlı “həm zal, həm məzl olmuş” deyil. Bu ifadədə “zal olmaq” — yolunu azmaq, “məzl olmaq” — yolu azdırmaq mənası daşıyır.
Övliya Çələbi sonra Mövlanənin şəriət əsasında hürufiləri zındıqlar, mürtədlər elan etdiyini yazıb. Hürufilərin müqavimət göstərdiklərinə səthi şəkildə işarə edib. Onun bu qeydləri türk tarixçisi Hüseynin məlumatıyla səsləşir.
Qaynaqlarda fəzlullahla bağlı yazılan hekayət Nəsiminin bəzi şeirlərində rast gəlinən məlumata uyğundur. Bu növ əks-sədalar yeri gəldikcə müvafiq nümunələr əsasında əyani surətdə göstəriləcək. Ancaq mətləbə keçmək üçün vacib bir məlumatı söyləyək. Nəsimi Birinci Sultan Muradın zamanında Türkiyəyə gəlmişdi; hürufi təriqətçisi olaraq fəaliyyət göstərirdi. Nəsiminin Türkiyəyə can atdığını bildirən bu misraları məşhurdur:
Neylərəm mən bunda durub, çünki dildar andadır,
Sanma kim, anda dediyim Bursa ya Larandadır.
(Larəndə Qaraman qəsəbəsinin əvvəl daşıdığı addır — Konya vilayətindədir).
Şübhəsiz, Nəsimini Türkiyəyə dəvət edən vəzir fəzlullah idi. Bu vəzir geniş nüfuzlu təriqət əhlini himayə edir; fəaliyyətinə əlverişli şərait yaratmağa çalışırdı. Hətta onun üçün xüsusi bina inşa etdirdiyini Aşıkpaşa oğlu öz əsərində bildirib.
Nəsimi şeirlərinin birində özünü təqdim edəndə ona “Ruma gəlmiş kafir” dediklərini bildirir. Həqiqətən, mübariz təriqətçi kimi əleyhdarlarının sərt müqaviməti ilə üzləşirdi. Təqib edildiyini, məhbəslərə atıldığını məqamı gəldikcə dilə gətirib. Baş qazi Mahmud Paşanın onları aldatdığını, xainliyini şifrəli bir üsulla xəbər verib:
Ol şahın adı ki, həqdən Əhmədi Mahmud idi,
Tə qəzadır, maməzadır, ta müqəddərdir qədər.
Bu beytdə birinci misra açıqdır: Mahmud Paşa xatırlanır. İkinci misrada isə sözlərin mənasını açmağa ehtiyac var. Təqəza (təqaz) — məhkəmə hüzuruna çıxmaq, yaxud mühakimə olunmaqdır. Maməzad (məzad) əks tərəf, qarşı duran tərəf mənasındadır. Müqəddər qədər (qadər) xain, satqın, xainlik edən deməkdir. Bu sözlər ehtiyatla deyildiyi üçün belə pərdəli şəkildədir. Burada Mahmud Paşanın ünvanına gizli bir lənət oxunur. Hürufiləri əvvəlcə riyakarlıqla aldadıb, sonra məhkəməyə çəkdiyi üçün.
Başqa bir şerində Mövlanəyə qarşı bəslədiyi qəzəb, nifrət hissini açıq əks etdirib:
Zahid-i zərraqı həm dəm oda yandırmaq gərək
Gərçi məndən eşidərsən şeyx həm Mövlanəni.
Burda odda yandırılması tələb edilən şeyx adı xatırlanmır. Ancaq Mövlanənin adı, fəzlullahın qətlinin səbəbkarı kimi, yuxarıda araşdırılan tarixi məlumatlardan tanışdır.
Nəsiminin Mahmud Paşa, yaxud Mövlanə haqqında sözləri əslində ilk qaynaq sayıla bilər. fəzlullahın edam edilməsinin baisləri xüsusunda Hüseynin anladılan məlumatı bu qaynaq əsasında təsdiqlənir.
Nəsiminin neçə şeirlərində fəzlullahın faciəli qətlinin ağrılı təsirini əks etdirən motivlərə rast gəlinir. Hürufilərin “Sahib-i zaman” ünvanıyla təbliğ etdikləri pirin faciəsini dünyanın “məşhər günü” adlandırıb:
İrişdi vədəsi sahib zamanın
Ulu divan quruldu, məşhər oldu.
“Sahib-i zaman” bəşərin haqq-ədalət arzusunu Allahın iradəsilə bərqərar edən mənası daşıyır. Bu anlam eyni zamanda “Mehdi” adıyla ifadə edilir. fəzlullah ilahi bir missiyanın daşıyıcısı olaraq ideala yüksəldilir. Onun qətli Nəsiminin pirindən, böyük əqidə dostundan ayırdı. Mətin iradəsinə baxmayaraq, Nəsimi bu faciədən həqiqətən sarsılmışdı:
...Ey müsəlmanlar, mədəd, ol yar (dost) pünhan ayrılır,
Ağlamayım neyləyim, çün gövdədən can ayrılır.
... Məhşəri-yövmül-hesab qopdu qiyamət başıma,
Ey Yusif surətli, məndən piri-Kənan ayrılır.
“Bulunmaz” rədifli şerinin bir yerində, görünür, eyni faciənin təsirilə ürək acısı ilə deyir:
Xəlqin əməli azdı könül yıxıcı öküş (ökünc-təəssüf)
Bir xəstə könül yapıcı memar bulunmaz.
fəzlullah edam edilən arada Nəsiminin məhbəsdə olduğunu bəzi motivlərdən hiss etmək olar. Mühakimə olunduğunu qazi Mahmudla bağlı verdiyi məlumatda bildirirdi. Başqa neçə məqamlarda məhbusluğuna işarət etdiyi sətirlərlə rastlaşırıq.
“fəzli-ilahə canını eylə fəda, Nəsimi, sən
Olma məlul, ayıtma kim, bəndü həsar içindəyəm”.
“... fələk tərsinə dövr eylər, məgər axır zaman oldu,
Qəfəsdə tutiyü qumru, çəmənlərdə qürub (qara qarğa) oynar”.
“... Qaziyə nəsnə verməriz rişvət içün bu dəvidə,
Qaziyi-həqq qatında çün adil imiş şühudumuz”.
Nəsiminin qazilərinin rüşvətçiliyi haqqında bu sözünü qısaca araşdıraq. Xatırlatdığımız türk tarixçisi Hüseyn Türkiyədə həmin dövrdə qazilərin rüşvət almalarından xüsusi yazırdı. Qanuna zidd olan bu növ halların yayılması səbəbindən xalq haqsızlıqlara məruz qalırdı. İldırım Bəyazidin padşahlığı (1389-1402) zamanında bu vəziyyət getdikcə kəskinləşirdi. “Axır xalqın ah-naləsi padşaha yetişəndə, — yazır Hüseyn, — xabı qəflətdən (ayılıb) agah oldu, təftiş etdirdi”. Təftişçilər Anadolu, Rumeli vilayətlərindən 80 nəfər qazini tutub, buxovlayıb padşahın hüzuruna gətirdilər. Padşah onları “ağacdan çatma” evdə həbs etdirib, evə od vurub yandırtmaq istədi. Vəzir Əli Paşanın xahişilə qazilər bundan xilas edildilər. Bu tarixi məlumatla nisbətdə Nəsiminin qazilərin rüşvətçiliyinə işarətinin həqiqət olduğu meydana çıxır. Belə vəziyyətlə məhbusluğunda qarşılaşdığı özünün sözlərindən aydın olur.
E-mənbə: http://www.edebiyyatqazeti.com/cgi-bin/edebiyyat/index.cgi?id=1934


