Hər dəfə yüzlərlə həvəskarın bir məşhur idmançıdan, kino ulduzundan, tanınmış müğənnidən avtoqraf aldığını görəndə təəccüblənirəm. Axı Lyüdmila Truşşevanın, Aleksey Batalovun, Müslüm Maqomayevin adicə imzaları onların nəyinə gərəkdir?
Bəlkə bu, çox böyük hörmətdən və dəlicəsinə vurğunluqdan irəli gəlir? Bəlkə də. Ancaq bir də görürsən ki, həmin "ulduzlar" öz vurğununun istəyinə cavab vermək istəmir. Bunun mən dəfələrlə şahidi olmuşam. Və hər dəfə bu mənə çox pis təsir eləyib. Əgər bir nəfərin vurğunu, heyranısansa məcbur deyil ki, ondan avtoqraf alasan.
Biz jurnalistlər işimizlə bağlı cürbəcür adamlarla vədələşirik. Odur ki, on dəqiqəlik söhbət üçün on günlərlə vəd alırıq. Bəzən bizi eşitmək istəmirlər. İşi isə mütləq görməlisən. Belə vaxtlarda adam özünü təhqir olunmuş hesab eləyir. Mən bunu ona görə deyirəm ki, vurğunu olduğu adamdan imza, avtoqraf ala bilməyənləri indi yaxşı başa düşürəm.
Jurnalist yoldaşlardan biri danışır ki, o, Vasili Şukşinlə görüşməyə nə qədər vaxt sərf eləyib. Nə qədər əziyyət çəkib. Əlbəttə, belə adamla görüşmək üçün bəlkə də əziyyət
çəkməyə dəyər. Ancaq Vasili Şukşin jurnalistlərlə həmişə mehriban olub. Danışmağa ürəklə razılıq verib. Bu etirafı biz dəfələrlə mətbuatda oxumuşuq. Həmin jurnalist Vasili Şukşinə məhz o günlərdə müraciət eləyib, o vaxtlar görüşmək istəyib ki, o zaman Şuşkini çoxlu sorğu, intervyü verdiyi üçün tənqid eləmişdilər. Ona görə də Şukşin incik düşmüşdü. Deyirmiş: "Özləri çağırırlar danışmağa, sonra da başlayırlar gileylənməyə. Yox, istəmirəm, heç kəslə görüşmək istəmirəm".
"Mən sizinlə jurnalist kimi yox, adicə oxucu kimi görüşmək istəyirəm".
Vasili Şukşin razılıq verib. Bəli, adicə oxucu ilə danışmağa razılıq verib.
Şukşin Bakıda olub. Ölümündən bir neçə ay qabaq. Ümumittifaq kinofestivalı keçirilirdi Bakıda...
Onun filmi də göstərilirdi: "Qırmızı başınağacı". Bəlkə də bir təsadüfdür. Yəqin filmdə qəhrəmanın ölümü hamının yadındadır. Nə zülm ilə öldürdülər. Rolu Şukşin oynayırdı. O bir daha belə "yalandan" ölə bilmədi. Gerçəkdən getdi dünyadan. Heç kəsə yazığı gəlmədən. İki qızı qaldı. Körpə, yenicə yeriməyə başlayan. Yenicə istini, soyuğu dadan, yenicə göz yaşının, sevincin nə olduğunu duymağa başlayan iki qızı qaldı...
Bir dəfə "Komsomolskaya pravda" qəzetində bir neçə gənc ilə sorğu keçirilmişdi. Bu sorğudan yadımda qalanı bir nəfərin cavabıdır. "Sizcə, xoşbəxtlik nədir?" - sualına yeniyetmə bir qız belə cavab vermişdi: "Ən böyük xoşbəxtlik Müslüm Maqomayevin konsertinə düşməkdir".
Bunu niyə məhz indi xatırladım? Niyə məhz Şukşin haqqında olan kiçik bir yazıda bu mənim yadıma düşdü? Vasili Şukşin keçinəndə mən Moskvada idim. Təsadüfən. Eşitdim və inanmadım. Bunu çox gülünc bir zarafat sandım, növbəti qeybət, növbəti yalan bildim.
Bir öncə yazılan yazıma daxil olmayan bilgilər:
Vasili Şukşin (25.7.1929-cu ildə Altay vilayətinin Srostki Biyskoqo rayonunda doğulub - 2.10.1974-cü ildə vəfat edib. Moskvada dəfn olunub. Yazıçı, kinorejissor, aktyor, RSFSR əməkdar incəsənət xadimi (1969).
Kəndli ailəsində doğulub. ÜİKİ rejissorluq fakültəsini bitirib (1960). 1959-cu ildən əsərləri çap olunub.
1963-cü ildə "Kənd camaatı" hekayələr kitabı işıq üzü görüb.
1964-cü ildə onun ssenarisi əsasında "Belə bir oğlan yaşayır" filmi çəkilib.
Şukşinin qəhrəmanları həyatın can sıxıcı tələblərini qırıb öz istəklərincə yaşamaq istəyən insanlar olmaqla bərabər, öz içlərindəki sadəliyi də ətrafa anlatmağa çalışan vətəndaş olmuşlar. Yaradıcılığı püxtələşdikcə onun qəhrəmanları demoqoq və bürokratik cəmiyyətə qarşı üsyan qaldırır və get-gedə o xarakterlər daha böyük kütləni əhatə edərək xalq obrazlarına çevrilir. 1968-ci ildə çapdan sıxan "Orda, uzaqlarda" hekayələr toplusu məhz bu baxımdan diqqəti daha çox çəkmişdir. Onun Stepan Razin haqqında olan kinoepopeyası "O sizə azadlıq verməyə gəlmiş" (1971), "Xarakterlər" (1973) kitabları, "Sizin oğul və qardaşınız (1966), "Maraqlı insanlar" (1971) filmləri geniş ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır. Çox məşhur "Qırmızı başınağacı" əsəri əsasında çəkilən eyni adlı filmində (1973) Şukşin ssenari müəllifi, rejissor və baş rol ifaçısı olmuşdur. Aktyor olaraq "İki Fyodor", "Söz istəyirəm", "Onlar vətən uğrunda vuruşublar" və başqa fimlərdə oynamışdır. Bu rollar həyatiliyi və realizmi ilə diqqəti çəkməklə adi insanların sevgisini qazanmaq kimi bir yüksəkliyə nail olmuşdur. Şukşinin yaradıcılığının başlıca meyarı dünyanı müxtəlif bucaqlardan görmək, sosial, psixoloji anları yaxşı tutmaq, yeni cəmiyyətin iç məsələlərini aydınlaşdırmaq olmuşdur. Sergey Gerasimovun "Göl sahilində"ki Çernıx roluna görə Dövlət mükafatı almışdır (1971). Ölümündən sonra 1976-cı ildə Lenin mükafatına layiq görülmüşdür.
...Sonra mən Vasili Şukşinin dəfn mərasimində oldum.
Mənim bu matəmdə ən çox eşitdiyim sözlər bunlar oldu: bu, rus xalqının matəmidir.
Təkcə rus xalqınınmı? Yox! Bu matəm, bütün Sovet xalqının, bütün incəsənətimizin matəmi idi.
Vasili Şukşinin son günləri çəkilişdə keçib. O, məhz elə bir vaxtda ölüb ki, böyük isveç rejissoru İnqmar Berqman demişkən, həmin vaxtlarda adamlar daha çox ölürlər. Gecəylə gündüzün ayrıldığı, sübhün, dan yerinin söküldüyü vaxt...
Onun cənazəsini Moskvada, Kino Evində qoymuşdular. Üç gün qabaq ölməyinə baxmayaraq, hələ torpağa tapşırılmamışdı. Həyat yoldaşı Lidiya Fedoseyeva Bolqarıstanda idi. Ona teleqram göndərmişdilər. Gəlməliydi. Bir də yəqin ki, kəndindən, el-obasından gələcək qohumlarını gözləyirdilər.
Səhər tezdən, Kino Evinin qarşısında saysız-hesabsız adam vardı. Növbənin ucu-bucağı görünmürdü. Vidalaşmaq üçün heç kəsi tək buraxmırdılar. Üç-üç durmalı idi. Bura kimlər gəlməmişdi: SERGEY GERASİMOV, TAMARA MAKAROVA, OLEQ TABAKOV, İOSİF KABZON, İNNOKENTİ SMOKTUNOVSKİ, LEONİD KURAVLYOV, YEVGENİ YEVTUŞENKO... Adama tanış gələn daha nə qədər rejissor, yazıçı... Nə qədər oxucu, tamaşaçı... Sanki bütün Moskva burdaydı.
Adamların ardı-arası kəsilmirdi. Tezdən növbəyə durduğumdan onun cənazəsinin yanından keçə bildim. Gül-çiçəyə bürünüb sakitcə uzanmışdı. Böyük bir şəkli də asılmışdı. Qızlarından birini əlləri üstə qaldıraraq havada atıb-tuturdu. Başqa bir yanda filmlərindən kadrlar vurulmuşdu.
Vidalaşmağa gələnlərdən çoxu cənazənin yanından keçməyə imkan tapmadı. Kino Evinin qapıları - pəncərələri çətin unutsun o günü: hönkürə-hönkürə deyilən: "buraxın, imkan verin, heç olmasa, cənazəsilə vidalaşaq" sözlərini.
Ancaq buna imkan yox idi. Buna vaxt yox idi.
Cavan qızlar, cavan gəlinlər ağlayırdılar. Yağışdan qorxan, islanmaqdan qorxan, sifətlərində boyanın yayılacağından qorxan qızlar, gəlinlər ağlayırdılar.
Soruşmaq istəyirdim: niyə ağlayırsınız? Şukşin sizin nəyinizdir?
Amma qorxurdum soruşmağa. Bəlkə də buna cavab verməyə taqəti qalmamışdı.
Onu Novodeviçye qəbiristanlığında basdırdılar. Çexovla yanaşı. Yadımdadır, son vida anında çıxış eləyənlərdən biri (Onları təqdim etmirdilər. Bir-bir kürsüyə qalxıb danışırdılar. Doğrudanmı, hamı başını itirmişdi?) dedi: "Onu böyük yazıçımız Çexovla yan-yana torpağa tapşırırıq. Bunun özü elə onun böyüklüyünü təsdiqləmişdir".
Layiqli və sərrast müqayisədir!
Vida anında çıxış edənlər sərt danışırdılar.
Bir nəfərin sözləri indi də qulaqlarımda səslənir: Vasili Makaryeviç niyə tez öldü?
O, soruşdu.
Buna kim cavab verməli idi?
O, susurdu. Bəlkə də qəsdən susurdu.
Buna kim cavab verməli idi?
Sonra əlavə etdi: Ona görə ki, biz onu sevə bilmədik! Ona görə ki, biz onu qiymətləndirə bilmədik!
Biz - yəni kim?
Sonradan mən Şukşin haqqında jurnalist G.Boçarovun məqaləsində oxudum: "Ölümündən cəmisi bir neçə gün keçməmiş, hələ torpaqla bədəni soyumamış Şukşinin ünvanına - yaşadığı evə, Kinematoqrafiya Komitəsinə 160 mindən çox məktub gəlib. Bu məktubları göndərənlər onun ölümünə yanan adamlar idi. Novodeviçye qəbiristanlığında onun məzarının üstündə gül-çiçək, qırmızı başınağacı budaqları arasında poçt kağızlarına, adicə şagird dəftərindən cırılmış vərəqlərə, bloknot vərəqlərinə rast gəlmək olardı. Bu, adamların ona son sözü, son məhəbbəti idi. Vida sözləri idi!
Şukşinin cənazəsini Moskvaya yola salanda (Şukşin "Onlar Vətən uğrunda vuruşurdular" filminin çəkildiyi kənddə keçinmişdi) adamlar təyyarəni uçmağa qoymurmuş. Deyirlərmiş: "Biz vidalaşmaq istəyirik. Tabutun ağzını qapamayın. Bağlamayın tabutu".
Biz onu sevə bilmədik!
Biz - yəni kim?
Yenə də həmin məqalədə oxuyuruq: "Əgər biz Şukşin haqqında da danışırıqsa, onda gəlin belə bir faktı da qeyd eləyək. Ölümündən bir neçə gün sonra mən Şukşinin məşhur həmkarlarından bir neçəsinə onun haqqında söz söyləməyi xahiş etdim. Görün nə oldu: Onlar bir neçə kəlmə deməyə vaxt tapmadılar. Təkcə bir gün, bir saat ərzində yox, hətta bir neçə gün ərzində. Bir nəfər məşhur sənət ustası, intellektual bir tərzdə əlimi əlinə alıb: "Əzizim, sən bir saat deyirsən. Axı mən o bir saatı hardan tapım sənin üçün? Başqa bir məşhur kinematoqrafçı üç gündə otuz dəqiqəlik vaxt tapa bilmədi ki, üç kəlmə desin. Tapa bilmədi. Üçüncü... Dördüncü adam isə: "Bəlkə üç-dörd ay sonra görüşək. İndi Şukşinin bu yox vaxtında, onun ölüm ab-havası soyumamış bir zamanda, incəsənətimizin çətin bir anında mənə söz demək çətindir. Mənə bu barədə düşünmək çətindir".
Mənə də çətindir. İndi mən belə adamları günahlandırmıram. Yox, onları günahlandırmıram. Mən şəxsən həmin adamların insanlıqdan, gözəl keyfiyyətlərdən danışan filmlərinə baxmayacağam. Lap həmin filmlər sənət incisi olsa da getməyəcəyəm.
Mənə elə gəlir ki, mənim belə acıqlı, belə hirsli, belə kəskin yaşamağımı düzgün başa düşəcəklər".
Heç kəs qəbiristandan ayrılmaq istəmirdi. Artıq dəfələrlə elan olunmuşdu ki, icazə verin, qohumları son borcunu versinlər. Ancaq heç kəs yerindən tərpənmək istəmirdi. Cavan qızlar əllərində gül dəstələri ağlaya-ağlaya məzara yanaşır, sonra da ağır-ağır uzaqlaşırdılar.
Kimsə mənim çiynimə toxunur. Çevrilirəm. Gözləri ağlamaqdan şişmiş, orta yaşlarında bir adamdır.
-Siz onu çox görmüsünüz. İndi də icazə verin, biz görək.
"Mən onun əmisi oğluyam. Xahiş edirəm, icazə verin vidalaşım".
Güzəştə gedirəm.
Baxıram. Andrey Myaqkov üzünü ağaca dayayıb, gözlərini Şukşinin gül-çiçək arasında itmiş şəklinə zilləyib. Göz yaşlarını gizlətmədən ağlayır.
"ÖLÜM ONUN YAZA BİLƏCƏYİ BÜTÜN ƏSƏRLƏRİ BİZİM ƏLİMİZDƏN ALDI. ÖLÜM BİZDƏN GÜCLÜ OLDU".
Tofiq Abdin
atofig@hotmail.com
www.tofigabdin.ws.tc



