İlkin Əlisoy, QayNar
Pekində keçiriləcək Olimpiya Oyunlarına az vaxt qalır. Onların ətrafında baş verən qalmaqallardan, Londonda, Parisdə, San-Fransiskoda və bir çox başqa yerlərdə keçirilən etiraz aksiyalarından yəqin ki xəbəriniz var. Amma gəlin bu məsələyə daha geniş baxaq. Getdik…
Məncə birbaşa məsələyə keçmək düzgün olmazdı. Olimpiya Oyunları tarixində kifayət qədər boykotlar olub. Bir nəzər salaq.
Boykot termini haradan gəlib?
19-cu əsrdə İrlandiyada Çarlz Boykot adlı malikanə rəhbəri var idi. O dövrün vəzifə sahiblərinin çoxu kimi eqoist birisi olaraq, təsərrüfat işçilərinin əmək haqlarını artırmamağa inadla dirəniş göstərirdi. Bunları görən camaat 1880-ci ildə etiraz əlaməti olaraq kütləvi şəkildə Boykotun yanına işləməkdən imtina etdilər.
Beləcə “boykot” termini ümumi isimə çevrilərək məşhurlaşdı və bütün sahələri əhatə etməklə, Olimpiya Oyunlarında da yaddan çıxmadı.
1908 – 2004. Tarixə baxış
Oyunlar tarixində ilk siyasi etiraz nümayişi 1908-ci il London Olimpiyadasında baş verib. O zaman Böyük Finlyandiya Knyazlığı Peterburqun öz milli bayrağından istifadə etməsinə qadağa qoymasından sonra açılış mərasiminə ümumiyyətlə bayraqsız çıxmağa qərar verildi. ABŞ idmançıları isə öz ulduzlu-zolağlı bayraqlarını VII Eduardın qarşısnda endirməkdən imtina etdilər. Bunu onunla əsaslandırdılar ki “bu bayraq heç bir hökmdarın qarşısında enmir” (Martin Şeridan, yığmanın kapitanı).
1920 Antverpen və 1924 Paris Olimpiya Oyunlarına isə Almaniya və müttəfiqləri dəvət olunmamışdılar.
SSRİ isə ümumiyyətlə 1952-ci ilə qədər Oyunlarda təmsil olunmayıb, səbəb – Beynəlxalq Olimpiya Komitəsinin 1920-ci illərdə Rusiyanın qanuni nümayəndəsi kimi inqilabdanqabaq nümayəndə knyaz Leon Urusovu tanıması idi. Ruslar isə öz amplualarında Olimpiya hərəkatını “burjua”adlandıraraq, ona alternativ – Spartakiada fikirləşdilər.
İrimiqyaslı boykot ilk dəfə 1936 Berlin Olimpiyadasında baş vermişdi. Parisdə keçirilən beynəlxalq konfransın iştirakçıları totalitar-irqçi rejimli dövlətdə Oyunların keçirilməsini yolverilməz saymışlar və onların Barselonaya keçirilməsi uğrunda mübarizə başlanmışdı. Lakin İspaniyada baş qaldıran vətəndaş müharibəsi buna imkan vermədi. Almanlar müvəqqəti olaraq bütün anti-semit tərkibli şüarları küçələrdən yığışdrmış və ölkəyə qocaman Pyer de Kuberteni dəvət etmişdilər. O, almanların “iradə triumflarından” elə bir xoş şok yaşamışdı ki, hətta Hitleri çıxışlarının birində “dövrümüzün yaradıcılığının ən güclü nümayəndələrindən biri” adlandırmışdı.
Qonşu Avstriyanın 3 üzgüçüsü Oyunlarda iştirakdan imtinaya görə diskfalifikasiya olunmuşdular. Amerikalı qılıncoynadan Helen Mayer isə Almaniyanın tərəfində çıxış etməyə razılıq vermişdi və mükafatlandırma mərasimində əlini faşist salamı jestində göyə atmışdı.
Bu Olimpiya Oyunlarından sonra Beynəlxalq Olimpiya Komitəsi onların boykotdan imtina etməyini böyük səhv kimi qiymətləndirmişdi.
1956-cı ildə Hollandiya, İspaniya və İsveçrə, Sovet qoşunları tərəfindən Macarıstandakı nümayişlərin vəhşicəsinə dağıdılmasına etiraz olaraq Melburnda keçiriləcək Yay Olimpiya Oyunlarını boykot ediblər. Kombodja, Misir, İraq və Livan isə elə həmin Oyunları – Suets (?) böhranına görə boykot etmişdilər.
Tarixdə ən böyük boykot, ABŞ, Kanada və Böyük Britaniyanın təşəbbüsü ilə, 1980 Moskva Olimpiya Oyunarı zamanı baş vermişdi. Səbəb SSRİ-nin Əfqanıstana qoşun yeritməsi idi. Bu aksiyaya 65 ölkə - o cümlədən Çin, İran və hətta sosialist düşərgəsinin nümayəndəsi Rumıniya da qoşulmuşdu.
Böyük Britaniyanın boykot təşəbbüskarlarından biri olmasına baxmayaraq o öz idmançılarına qərarı özlərinin verməsinə icazə vermişdi və beləliklə bu ölkə Avropadan iştirak edənlərin arasında ən böyük yığmaya sahib idi – 170 nəfər.
1988 Seul Olimpiyadasında iştirakdan Şimali Koreya, Kuba, Nikaraqua və Efiopiya imtina etmişdi. 2000-ci ildə Sidneydəki Oyunlarda Əfqanıstan yığması yox idi, çünki o dövrdə hakimiyyətdə Taliban hərəkatıydı və ölkədə ümumiyyətlə idman mövcud deyildi. 2004 Afina Olimpiyadasında isə İranlı cüdoçu Araş Mirismayıl İsrailli həmkarı Exud Vaksla görüşdən imtina etdiyinə görə Beynəlxalq Olimpiya Komitəsindən diskfalifikasiya, o zamankı Tehran meri Mahmud Əhmədinejad tərəfindən isə təriflə mükafatlandırılmışdı.
Pekin 2008 Oyunları və Tibet problemi
İndi isə yazının əsas mövzusuna keçək. Dediyim kimi Pekində keçiriləcək Olimpiya Oyunlarına 1 həftə vaxt qalır. Mart ayından bu yana onların üstündə bütün dünyada əməlli başlı qırğın gedir (bəzi hallarda sözün əsl mənasında qırğın). Dünya sanki 2 cəbhəyə bölünüb: leyhdarlar və əleyhdarlar.
Ondan başlayım ki, bu hələ Oyunlardan əvvəlki etiraz aksiyalarına görə tarix ərzində ən fəal Olimpiya Oyunlarıdı. Hər şey ondan başladı ki mart ayının əvvəllərində Tibet rahiblərinin öz torpaqlarına müstəqilliyin verilməsi istəyi ilə başlamış dinc nümaişlər Çin qoşunları tərəfindən qəddarcasna dağıdılmış, yüzlərlə insan həbs olunmuş və naməlum istiqamətə aparılmış, onlara inanılmaz işgəncələr verilmiş, tutulmayanları isə klassik totalitar rejimin “ən yaxşı” ənənələrində hər addımı izlənmiş və nəzarət altında saxlanmış. Elə azad dünyanın bu Olimpiya Oyunlarına olan etirazlarının kökü də budur. Səbəblərdən nisbətən kiçikləri isə Çinin Şimali Koreya, Sudan, Myanma və Zimbabve rejimləri ilə sıx dost əlaqədə olması və onları dəstəkləməsidir.
Mart hadisələri baş verən kimi ABŞ Konqresindən, nüfuzlu Amnesty International və “Sərhədsiz Reportyorlar” təşkilatlarından tutmuş Hollivudun tanınmış simaları Stiven Spilberq və Riçard Girə qədər hamı Oyunların Çində keçirilməsinə etirazdan danışmağa başladı. Bu etirazın özünü tam şəkildə büruzə verməsi isə London, Paris və San-Fransisko küçələrində yaşandı. Nələrin baş verdiyini sizlərə xatırladım.
Böyük etiraz dalğası Londondan başladı. Xatırladım ki Olimpiya Məşəli bura aprelin 5-i gəldi. Və elə gəlib, bir neçə kilometr yol keçəndən sonra nümayişlər start verdi. O, məşhur avarçəkən Stiv Redqreyvin əlinə keçəndən dərhal sonra nümayişçilər ona hücuma başladı, söndürməyə çalışdı. Etirazçıların məqsədlərinə ən yaxın olduğu anlar Məşəlin teleaparıcı Konni Hukun əlində olduğu dəqiqələr idi. Amma yol boyu 2000 polisin və xüsusi hazırlanmış “mobil təhlükəsizlik halqası” adlanan dəstənin müşaiyəti altında olan Məşəli söndürmək mümkün olmadı.
Estafetin London hissəsinin ən çox tənqid olunanlarından biri Britaniya baş naziri Qordon Braun idi, hansı ki Məşəli öz iqamətgahı qarşısında salamlamağı qərarlaşmışdı. Konkret olaraq Liberal-demokrat Partiyasının lideri Nikk Kleqq onun bu mərasimdə iştirakını “yersiz” adlandırmışdı və bunları demişdi – “Əlbəttə, bütün bunlarda siyasi element mövcuddur. Amma onu da unutmamalıyıq ki Çində insan haqqları sistematik olaraq, həm də fövqəladə miqyaslarda pozulur.”
Ümumilikdə həmin gün Londonda 36 insan asayışı pozmaqda günahlandırılaraq saxlanılmışdı.
2 gün sonra Məşəl Fransa paytaxtı Parisə gətirildi. Burdakı etirazçılar da cəld reaksiya verərək onun paytaxt küçələrində rahat hərəkət etməsinə imkan vermədilər. Marşrut boyu Məşəli düz 4 dəfə söndürməyə və xüsusi avtobusa yerləşdirməyə məcbur oldular. Hətta iş o yerə gəlib çatdı ki Paris meri Olimpiya Məşəlinin qarşılanma mərasimini ləğv etməli oldu. Bu ondan sonra baş verdi ki, bəzi boykot tərəfdarları meriya binası üzərindən qandal şəklində təsvir olunmuş Olimpiya halqalarını əks etdirən bayraqlar asmışdı. Etiraz edənlərdən biri də prezident Nikolya Sarkozi idi, amma ciddi bir bəyanat vermədi.
Tutulanlara gəldikdə isə cəmi bir neçə saxlanılan barədə xəbərlər yayıldı.
Bütün bunlardan sonra gözlər ABŞa, San-Fransisko şəhərinə dikildi. Və mənim fikrimcə buradakı hadisələr ən romantik, ən təsiredici oldu. Hələ Məşəl Parisdə olarkan məşhur “Qızıl darvaza” körpüsündən “Tibetə azadlıq!” şüarlı nəhəng transparant asılmışdı. Bunu edən 7 nəfər tapılıb həbs edilmişdi. Sonrakı hadisələr Avropada olanları xatırladırdı. Yenə polislə toqquşmalar, həbslər, Məşəli söndürmək cəhdləri v.s. etiraza qoşulmağı gözlənilən Corc Buş isə bunları dedi – “Mən Çin rəhbərliyinə azadlıq haqqında Olimpiyadadan əvvəl də, onun keçirildiyi vaxtda da, ondan sonra da danışa bilirəm. Mənə öz mövqeyimi çatdırmağa Olimpiya Oyunları gərək deyil.”
San-Fransiskodan sonra Olimpiya Məşəli Pekinə çatana kimi hələ bir çox şəhərlərdən keçdi, lakin bu 3 şəhərdə olan etirazlardan heç yerdə olmadı.
Biz niyə susuruq?
Bütün azad dünyanı etiraz dalğası bürüdüyü vaxtda bizim gənclik, etiraz ruhu daşımalı olan insanlar nədənsə susur. Mən bunu aydınlaşdırmaq üçün bir çox insanlarla danışmışam. Hərə bir sözlə boyun qaçırır. Ən populyarı olan isə bu fikirdi ki “ölkədə insan haqlarının pozulmasında idmançıların heç bir günahı yoxdur. Onlar sadəcə məşq edib, hazırlaşıb, öz dövlətlərini təmsil etməlidirlər.” Maraqlıdır, lakin mənim fikrimcə idmançı ilk növbədə düşünən varlıqdır, insandır və bu cür çirkinliklərə, ədalətsizliyə etiraz etməlidir, necə ki illər boyu Oyunlar zamanı bir çox idmançılar mükafat qazanmaq şanslarından imtina edərək boykot yolunu seçib.
“Çin: Azərbaycan modeli daha böyük məkanda və daha çox adamlar arasında”
Sonda isə sizə Dalğa Gənclər Hərəkatının sədri Vəfa Cəfərovadan aldığım kiçik bir müsahibəni təqdim edirəm.
- Salam, Vəfa xanım. Bu məqaləmin mövzusu avqustda Çində keçiriləcək Olimpiya Oyunları və onların keçirilməsinə qarşı olan etirazlardır. Birinci sualım ümumidir: sizin Oyunların Çində, yəni totalitar rejimli, azadlıqlar olmayan, insanların təqib olunduğu, həbs edildiyi, işgəncələrə məruz qaldığı, internetin belə faktiki qadağa altında olan və Tibet kimi böyük problemi olan ölkədə keçirilməsi nə qədər doğrudur?
- Olimpiya Oyunları ümumiyyətlə sülh oyunlarıdır. Məsələn qədimdə Yunanıstanda onlar keçiriləndə müharibələr dayandırılırdı, qan tökülmürdü və sırf idman, əyləncə kimi xoş işləri daha önəmli edirdi. Olimpiyadanın Çində keçirilməsinin şəxsən mən əleyhinəyəm, çünki, özünüz dediyiniz kimi, bu ölkədə insan hüquqları kobud şəkildə pozulur, Tibet kimi 50-60 illik ciddi problemi var v.s. Lakin digər tərəfdən baxsaq bu, müəyyən mənada Çin məsələlərinin daha da aktuallaşmasına kömək edib. Mənim elə eşitdiyimə görə Olimpiyadanın Çində keçirilmsi elan olunan gündən etirazlar başlayıb, internetdən tutmuş hər yerdə qızğın müzakirələr gedir. Bu da müəyyən mənada yaxşıdır, çünki məsələ qabardılıq, dünya ictimaiyyətinin nəzarətindədir v.s. Amma ümumilikdə qərarın absurd olmasında israr edirəm. Düşünürəm ki bu başqa totalitar, avtoritar ölkələrə də haqq qazandırmaqdı, dəstəkləməkdi bir növ.
- Dediyiniz kimi bu ola bilər ki Çinə kömək eləsin dünyaya açılmasına v.s. Amma bildiyiniz kimi 1980-ci ildə Moskvada keçirilmişdi Olimpiya Oyunları və olduqca qalmaqallı keçmişdi, çünki onları rekord sayda – 65 ölkə boykot eləmişdi. Və nə baş verdi? Olimpiyadaya görə dağılmadı ki SSRİ?
- Yox, bilirsiz, mən “kömək edəcək” o mənada demədim ki Çin durub birdən demokratikləşəcək. Demək istəyirəm problemlər qabarır, dünyanın gözü istər-istəməz bu məsələlərə dikilir. Oyunların SSRİdə keçililməsi isə ümumiyyətlə olduqca məntiqsiz bir şey idi, çünki SSRİnin mahiyəti ümumiyyətlə Olimpiya Ruhuna, onun ideyasına, onun divizlərinə zidd idi. Eləcə də, məsələn, Azərbaycanı götürək. Olduqca gülünc olardı bu. Fikrim belədir ki insan haqları pozulan yerdə dünya ictimaiyyətinin fikri, qərarı qəti olmalıdır.
- Aydındır. Belə başa düşdüm ki, siz daha çox boykot tərəfdarısız…
- Daha çox yox! Qəti boykot tərəfdarıyam. Çünki Çin hal-hazırda totalitar rejimin klassik formasıdır, orada heç bir insan dəyərləri önəmli deyil, sadəcə bir partiyanın hakimiyyətidir və bu partiya orada istədikləri repressiyaları həyata keçirir. Belə deyək, Azərbaycan modeli daha böyük məkanda və daha çox adamlar arasında.
- Bildiyiniz kimi aprel ayından bu yana bütün azad dünya etiraza qalxıb. Və bu etirazların ən müdhişləri London, Paris və San-Fransiskoda baş tutmuşdu. Hətta iş Məşəlin gün ərzində 4 dəfə söndürülməsinə qədər çatmışdı. Sizin bu cür etiraz formatına münasibətinizi öyrənmək istərdim. Nəsə artıq, nəsə əskik var idimi sizcə?
- Aksiyaları çox diqqətlə izləyirdim. O şüarlar, “Tibetə azadlıq!” yazılı transparantlar, insanların fədakarlığı… Bunlar hamısı çox xoşuma gəlir. Mən onları tam olaraq dəstəkləyirəm. Və Məşəlin söndürülməsindən güclü, efektli heç nə ola blməz. Bunu bacarıblarsa, yaxşı mənada sözüm yoxdur. Ayaq üstə alqışlayıram.
- Keçək Azərbaycanımıza. Bildiyimiz kimi ölkədə çirkinliklərə, ədalətsizliyə etiraz edən, öndə gedən bəlkə də yeganə təşkilat Dalğadır. Amma nəyəsə görə bu məsələdə heç bir fəallıq olmadı. Aksiya keçirməyi anlayıram, hər halda bilirik harda yaşayırıq. Bəs KİV vasitəsiylə də nə boykota, nə Tibetə heç bir dəstək nümayiş olunmadı. Hərçənd Dalğaçıların bəlkə də 98%i bu ilki Oyunlara etiraz edir.
- Desək ki, heç nə eləmədik – yalan olacaq, desək ki, çox şey elədik – yenə yalan olacaq. Əsasən internet forumlarda kifayət qədər etirazımızı bildirdik. Press-relizə gəldikdə, yayılmamasının obyektiv və subyektiv səbəbləri çoxdur. Bir şey də var ki, belə deyim, burda hansı daşı qaldırsan altından bir problem çıxır, hər addımda insan haqları pozulur. Biz daha çox lokal problemlərə diqqət ayırırıq. Bu nə dərəcədə doğrudur – deyə bilmərəm. Dediyiniz kimi Parisdən tutmuş bütün dünya Çinə etiraz edir. Amma bir fakt mənə göstərin ki, dünyada kimsə Azərbaycandakı problemlərə etiraz elədi. Mən beynəlxalq təşkilatları nəzərdə tutmuram, onlar bizə kömək edir. Yəni sözüm odur ki Çin kimi qlobal problemlərə kifayət qədər etiraz edirlər dünyada, biz isə yerli probleri həll eləməyə çalışmalıyıq.
qaynar.info



