Beynəlxalq Valyuta Fondunun Azərbaycan iqtisadiyyatının artım tempi ilə bağlı son açıqlamaları bəzi yerli və xarici kütləvi informasiya vasitələrində yanlış şərh edilir, proqnozlar saxtalaşdırılır və bununla da ölkəmizin uğurları üzərinə kölgə salmağa cəhd göstərilir. Bəs, əslində real vəziyyət necədir?
Milli Məclisin deputatı, İqtisadi İslahatlar Fondunun prezidenti Azər ƏMİRASLANOV AzərTAc-a müsahibəsində məsələyə aydınlıq gətirir.
-Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycanda iqtisadi artım tempi ilə bağlı son proqnozlarına münasibətinizi bilmək istərdik.
-Əvvəla, çox təəssüf edirik ki, BVF-nin sonuncu hesabatında əksini tapan proqnozlar bəzi yerli mətbuat səhifələrində yanlış olaraq iqtisadi böhran və ya tənəzzül kimi şərh edilir. Əslində buna qədər də, belə fikirləri eşitmişdik. Məsələn, bəzi həmkarlarımız da büdcənin müzakirəsi və hökumətin hesabatı ilə bağlı iclaslarda “böhran perspektivi” barədə açıqlamalar vermişdilər. İqtisadi artım tempinin azalmasının böhran və ya tənəzzül olmadığı barədə fikirlərimizi elə o vaxt da - Milli Məclisin Nazirlər Kabinetinin hesabatına dair 2008-ci il 14 mart tarixli iclasında bildirmişdik.
Biz digər beynəlxalq iqtisadi təşkilatlar kimi, BVF-nin də bütün hesabatlarını diqqətlə izləyir və onları ciddi şəkildə öyrənib təhlil edirik. Bu hesabatlarda BVF ənənəvi olaraq dövlət xərclərinin artırılmaması, inflyasiyanın cilovlanması ilə bağlı tövsiyələrini bildirir. Konkret olaraq Azərbaycana dair sonuncu hesabat isə BVF-nin mart ayında Bakıya səfər etmiş missiyası tərəfindən hazırlanmışdır. Hesabatda ölkəmizin ümumi iqtisadi vəziyyəti təhlil olunur və perspektiv dövr üçün makroiqtisadi göstəricilərin proqnozları açıqlanır. Bu proqnozlara görə iqtisadi artım tempi 2011-ci ildə ən aşagı həddə, yəni 1,6 faizə enəcəkdir. 2012-ci və 2013-cü illərdə isə ÜDM-in həcminin müvafiq olaraq 1,7 faiz və 2,6 faiz azalacağı proqnozlaşdırılır. ÜDM-in azalmasını əks etdirən sonuncu göstəricilərin həddən artıq pessimist ssenari əsasında hazırlandığını hesab etsək də, iqtisadi artım tempinin tədricən azalacağına dair proqnozlar bizim üçün heç də yenilik deyil və bu, təbiidir. Çünki BVF-dən də əvvəl buna yaxın proqnozları Azərbaycan hökuməti hazırlamış və 2008-ci ilin büdcə paketinə daxil etmişdir. Dünya Bankı da rəsmi məlumatlara istinad etməklə, cari ilin əvvəllərində oxşar proqnozlarla çıxış etmişdir. Belə olan halda BVF-nin son hesabatı ilə bağlı bəzi mətbuat səhifələrində ajiotaj yaradılması təəccüb və təəssüf doğurur.
-BVF doğrudanmı ortamüddətli perspektivdə Azərbaycan iqtisadiyyatı üçün böhran proqnozlaşdırır?
-Təbii ki, heç bir böhran, tənəzzül gözlənilmir. Əslində heç BVF də öz hesabatında Azərbaycanın qeyd olunan dövrlərdə böhranla üzləşəcəyindən bəhs etmir. Nə BVF-nin Vaşinqtondakı ofisi, nə də onun Azərbaycandakı nümayəndəliyi ölkəmizdə böhran təhlükəsi barədə bir kəlmə də yazmayıb. Biz verilən şərhlərlə bağlı BVF-nin Bakı ofisinin münasibətini öyrəndikdə məlum oldu ki, mətbuatda gedən informasiyalar yerli nümayəndəlik tərəfindən də narazılıqla qarşılanmışdır. BVF-nin Bakı ofisi iyulun 29-da xüsusi açıqlama ilə çıxış edərək proqnozların mətbuat səhifələrində yanlış şərh edildiyini bildirmişdir. Açıqlamada qeyd olunur ki, ÜDM-in real ifadədə azalmasına dair proqnozlar sadəcə olaraq neft hasilatının ortamüddətli dövr üçün gözlənilən dinamikasını əks etdirir. Fondun bütün hesabatlarında yalnız iqtisadi artım tempinin aşağı düşəcəyi və 2012-ci ildən ÜDM-də azalmanın baş verəcəyi qeyd edilir. Həmçinin, çox haqlı olaraq, BVF bu azalmanı 2004-cü ildən bəri davam edən yüksək iqtisadi artımın fonunda təbii hesab edir.
Beynəlxalq maliyyə institutlarının daha çox pessimist ssenari üzrə hazırladıqları proqnozlarla manipulyasiya etmək, iqtisadiyyatımızın guya zəifləməsi, hətta maliyyə böhranına səbəb olacağı ilə bağlı yanlış təsəvvürlər formalaşdırmaq tamamilə əsassızdır. Biz bunu Azərbaycanın bugünkü və gələcək perspektivlərinə kölgə salmaq cəhdləri kimi qiymətləndiririk. Ən təəccüblüsü odur ki, Ermənistanın təbliğat vasitəsi kimi fəaliyyət göstərən “Reqnum” və onun kimi digər informasiya agentlikləri bir az da uzağa gedərək özündə BVF-nin adından danışmaq cəsarətini də tapmışdır. Həmin agentliklər görün nə yazır?: “BVF Azəri-Çıraq-Günəşli yataqlarından başqa digər ehtiyatı olan yataqların mövcudluğuna, eyni zamanda qaz hasilatının neft hasilatındakı azalmanı kompensasiya edə biləcəyinə, qeyri-neft sektorunun milli iqtisadiyyatın lokomotivinə çevriləcəyinə inanmır”. Bunlar hamısı cəfəngiyatdır. Görünür, Azərbaycanda yeni neft yataqlarının açılması istiqamətində görülən intensiv işlər, qaz hasilatının artması meyilləri, neft və qaz ehtiyatlarının istismar müddətinin uzanması imkanları, qeyri-neft sektorunun inkişafı perspektivləri kimlərisə narahat etməyə başlayıb...
-Azər müəllim, ümumiyyətlə, iqtisadi böhran hansı əlamətlərə malikdir? Qarşıdakı 5 il ərzində Azərbaycan iqtisadiyyatının böhranla üzləşmək təhlükəsi varmı?
-Qətiyyətlə deyirəm ki, belə bir təhlükə yoxdur. Birincisi, böhran bir qayda olaraq, iqtisadiyyatda müflisləşmə prosesinin geniş miqyas alması, iş yerlərinin itirilməsi, gəlirlərin və istehlak tələbinin azalması ilə xarakterizə olunur. Azərbaycanda isə bu əlamətlərin tamamilə əksi müşahidə edilir. Əslində, orta və uzunmüddətli perspektivdə ölkəmizdə iqtisadi inkişaf meyillərinin daha da dərinləşəcəyi gözlənilir.
İkincisi, iqtisadi böhranı heç vaxt 4-5 il əvvəlcədən proqnozlaşdırmaq mümkün olmur. Təcrübə göstərir ki, böhran ani olaraq, çox qısa bir müddətdə baş verir. Məsələn, 1997-1998-ci illərdə Cənub-Şərqi Asiyada, 1998-ci ildə Rusiyada, 2000-ci ildə Braziliya və Argentinada, 2001-ci ildə Türkiyədə baş verən böhranlar heç də BVF və ya Dünya Bankı tərəfindən proqnozlaşdırılmamışdır. Böhranı səciyyələndirən cəhət onun proqnozlaşdırıla bilməməsidir. Belə olan halda, 5 il sonrakı dövr üçün “böhran öncəgörmələri” qeyri-ciddi məşğuliyyətdən başqa bir şey deyildir.
Üçüncüsü, təcrübə göstərir ki, iqtisadi böhran bir qayda olaraq, maliyyə böhranının nəticəsi kimi çıxış edir. Ölkəmizdə isə 2012-ci-2013-cü illərdə nəinki maliyyə böhranı görünmür, əksinə həmin illər Azərbaycanın maliyyə dayaqlarının daha da möhkəmlənməsi, tədiyyə qabiliyyətinin artması ilə səciyyələnəcəkdir.
Nəhayət, onu da nəzərdən qaçırmayaq ki, hər hansı bir ölkədə böhran simptomu heç də yalnız bir göstərici ilə - iqtisadi artım tempinin aşağı düşməsi ilə müəyyən olunmur. Böhran və ya tənəzzül bir-biri ilə sıx bağlı olan və mənfi istiqamətdə dəyişən bir çox amillərin təsiri ilə baş verir. Böhranı şərtləndirən amillər mövcud deyilsə, hansı böhrandan söhbət gedə bilər? Bütün bu dediklərimiz, iqtisadi böhran barədə fikirlərin əsassız olduğunu təsdiq edir. Qətiyyətlə deyə bilərik ki, daxili amillər səbəbindən ölkəmizi böhran təhlükəsi gözləmir. Qlobal iqtisadi proseslərin və regional iqtisadi və maliyyə böhranlarının mənfi təsirindən isə Azərbaycan iqtisadiyyatı indiyə kimi özünü qoruya bilib.
Neft hasilatında artım tempinin aşağı düşməsinin defolt və tənəzzülə, işsizlik və yoxsulluğa gətirib çıxaracağını söyləmək reallıqdan tamamilə uzaqdır. Nəzərə almaq lazımdır ki, neft sektorunun məşğulluğun strukturunda payı 2 faizdən aşağıdır. Belə olan halda, işsizliyin və yoxsulluğun artacağı ilə bağlı bəzi ekspertlərin “proqnozları” qeyri-ciddi səslənir. O da nəzərdən qaçırılmamalıdır ki, Dövlət Neft Şirkəti artıq öz fəaliyyətini genişləndirdiyinə görə işçilərinin də sayını artırmağa başlayıb. Ümumiyyətlə, bəzi ekspertlərin iqtisadi inkişafla bağlı səsləndirdikləri fikirlər olduqca ziddiyyətlidir. Necə olur ki, indiyədək neft hasilatının, neft gəlirlərinin artmasının həyat səviyyəsinə heç bir təsir göstərmədiyini iddia edənlər, hasilatın azalması ilə yoxsulluğun artacağını proqnozlaşdırırlar?..
-Siz ÜDM-in artım tempinin perspektiv dövrdə aşağı düşməsini təbii qiymətləndirirsiniz. Elə isə bu prosesi şərtləndirən amillər hansılardır?
-İqtisadi artım tempinin aşağı düşməsi ilə ÜDM-in həcminin azalmasını bir-birindən fərqləndirməli və hər iki halı ayrı-ayrılıqda nəzərdən keçirməliyik. Bəli, Azərbaycanda ÜDM-in artım tempinin gələcək illərdə aşağı düşməsi təbii haldır. Bu patoloji bir hadisə olmadığına görə, bunu dramatikləşdirməyə dəyməz. İqtisadi artım tempinin qarşıdakı illərdə tədricən azalmasını şərtləndirən amillər isə aşağıdakılardan ibarətdir:
Birincisi, biz nəzərə almalıyıq ki, iqtisadiyyatın özünün qanunauyğunluqları vardır. Sosialist iqtisadiyyatından fərqli olaraq, bazar iqtisadiyyatı tsiklik inkişaf xüsusiyyətlərinə malikdir. İqtisadçılar yaxşı bilirlər ki, heç bir sahədə uzunmüddətli sıçrayışlı inkişaf, yüksək rəqəmlərlə xarakterizə olunan yüksəliş mümkün deyildir. Əgər kimsə hesab edirsə ki, qarşıdakı illərdə də ÜDM hər il 25-35 faiz, neft hasilatı isə 50-60 faiz artmalıdır, tamamilə səhv edir. Doğrudur, Azərbaycanda iqtisadi yüksəliş və artım dövrü uzunmüddətli olsa da, onun perspektivdə 2005-2009-cu illərdəki kimi çox yüksək ikirəqəmli göstəricilərlə ifadə olunması qeyri-mümkündür.
İkincisi, baza dövründə hər hansı bir statistik göstəricinin həcmi nə qədər böyük olarsa müqayisə edilən dövrdə onun artım tempi də bir o qədər aşağı olur. ÜDM-in həcmi 2007-ci ildə 25,2 milyard manat təşkil etdiyi halda, BVF-nin konservativ proqnozlarına əsasən, bu göstərici 2012-ci ildə 65,9 milyard manata, 2013-cü ildə isə 73,1 milyard manata çatacaqdır.
Üçüncüsü, Azərbaycanda iqtisadi artımın zəifləməsi əsasən, neft hasilatında artım tempinin illər üzrə aşağı düşməsi ilə izah olunur. Burada söhbət hasilatın deyil, onun artım tempinin azalmasından gedir. Məsələn, ölkə üzrə neft hasilatı 2007-ci ildə 42,6 milyon ton təşkil etdiyi halda, Dövlət Neft Şirkətinin proqnozlarına əsasən, onun həcmi 2008-ci ildə 52 milyon ton, 2009-cu ildə 63 milyon tona çatacaq, 2010-cu-2015-ci illərdə isə 66-67 milyon ton səviyyəsində qərarlaşacaqdır. Göründüyü kimi, illər üzrə neft hasilatında yüksək artımlar müşahidə edilmədiyinə görə, bu, ÜDM-in artım tempinin azalmasında da özünü istər-istəməz göstərməlidir. Yəni iqtisadi artım tempinin azalması neft hasilatı dinamikasında müşahidə ediləcək azalmalarla bağlıdır.
Dördüncü amil olaraq 2010-cu ildən Azərbaycanın xalis xarici investor kimi çıxış etməsi perspektivlərini nəzərə almalıyıq. Belə ki, həmin dövrdə ölkəmizin xaricə yatırdığı investisiyalar artacaqdır. Bu həm də ümumi milli məhsulun (ÜMM) həcminin artmasına xidmət edəcəkdir. Mahiyyət etibarilə ÜDM-dən fərqli olaraq ÜMM milli iqtisadiyyatın sərhədlərinin digər ölkələrin ərazisinədək genişlənməsi deməkdir. Bu meyil ÜDM və ÜMM arasında fərqin tədricən azalmasına şərait yaradacaqdır. Odur ki, Dövlət Neft Şirkətinin fəaliyyətinin ölkə hüdudlarını aşması strateji baxımdan xüsusi olaraq təqdir edilməlidir.
-Bəs, ÜDM-in 2012-2013-cü illərdə 1,7 və 2,6 faiz azalması nə dərəcədə əsaslıdır?
Əvvəla, qeyd edək ki, bu proqnozlar daha çox pessimist ssenari əsasında hazırlanıb. Bir çox rəqəmlər, neftin bir barrelinin qiyməti 70 dollar olmaqla hesablanıb. Sözsüz ki, bu ssenari ölkənin gələcək iqtisadi mənzərəsini xeyli təhrif edir.
İkincisi, biz iqtisadi artım tempini təhlil edərkən milli iqtisadiyyatımızın, sənayenin formalaşmış olan mövcud strukturunu və onun tədricən dəyişməsini də nəzərə almalıyıq. Bəli! Neft strategiyasının uğurla həyata keçirilməsinin nəticəsidir ki, neft sənayesi hazırda ölkəmizdə iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilib. Lakin ÜDM-in strukturunda bəzi sahələr üzrə inkişaf meyilləri müşahidə edilir. Təkcə xidmət, kənd təsərrüfatı məhsullarının emalı, turizm, nəqliyyat və rabitə sektorunun inkişafı hesabına qeyri-neft sektorunun iqtisadiyyatda payı artacaq və bu, iqtisadi artım tempinə müsbət təsir göstərəcək. İqtisadiyyatımızdakı rolu baxımından Azərbaycanın tranzit potensialı da yetərincə dəyərləndirilməlidir. Necə ola bilər ki, Gürcüstan ÜDM-in 40-50 faizini tranzit potensialı hesabına formalaşdırmağa ümid edir, lakin ölkəmizin bu imkanları iqtisadi artım perspektivlərində nəzərə alınmır?
Ücüncüsü, ÜDM-i formalaşdıran əsas komponentlərdən biri investisiyaların həcmidir. The Economist İntelligence Unit tərəfindən hazırlanan «Dünyanın investisiya perspektivləri» adlı hesabatda Azərbaycan iqtisadiyyatına 2007-2011-ci illərdə hər il orta hesabla 1,6 milyard dollar məbləğində birbaşa xarici investisiyanın yatırılacağı proqnozlaşdırılır. BVF isə bu göstərici üzrə 2008-2010-cu illər üçün azalma, 2011-2013-cü illər üçün cüzi artım proqnozlaşdırıb. Dövlət investisiyalarının və xalis ixracın dinamik artımının da ÜDM-in həcminə müsbət təsir göstərməsini nəzərə almalıyıq.
Dördüncüsü, əhalinin istehlak xərclərinin, dövlət sektorunun ümumi xərcləmələrinin dinamik artdığı bir şəraitdə ÜDM-in həcmində böyük azalmanın baş verəcəyi gözlənilmir. Ərzaq və qeyri-ərzaq məhsulları, pullu xidmətlər üzrə xərclərin əhəmiyyətli artımı ÜDM-in də həcminin artmasına öz təsirini göstərir. Bir sözlə, ÜDM-in təkcə xərclər üsulu ilə hesablanması metodologiyası əsas xərc komponentlərinin ÜDM həcminin uzunmüddətli azalmasına imkan verməyəcəyini göstərir.
Beşincisi, Azəri-Çıraq-Günəşli yataqlarının tam miqyasda işlənilməsi, yeni neft-kondensat yataqlarının açılması mümkünlüyü, qaz hasilatının artması imkanları, neftin qiymətinin yüksəlməsi, qeyri-neft sektorunun inkişafı meyilləri artım tempinin kiçik rəqəmlərlə də olsa davam edəcəyinə təminat verməklə yanaşı, həm də bütün bunlar təkcə beynəlxalq iqtisadi təşkilatları deyil, ölkəmizin iqtisadi strukturlarını da öz proqnozlarına yenidən baxmağa məcbur edəcəkdir. Məsələn, 2008-ci il üçün ÜDM-in artım tempi 16-18 faiz proqnozlaşdırılırdı. Halbuki, təkcə cari ilin birinci yarısında bu göstərici 16,5 faizə çatıb. Bu isə artıq Azərbaycan iqtisadiyyatının bu ili daha yüksək artım tempi ilə başa vuracagı deməkdir. Hesab edirik ki, proqnozlaşdırılan göstəricilərdən müsbət kənarlaşmalar orta və uzunmüddətli dövrü əhatə edən illərdə də baş verəcək və bu bütün proqnozların korrektəsini şərtləndirəcəkdir.
-Siz ÜDM-in artım tempinin aşağı düşməsi ilə iqtisadi artımda keyfiyyət dəyişikliklərinin sürətlənəcəyini qeyd etdiniz. Bunu açıqlamanızı xahiş edirəm.
-İqtisadi artımda keyfiyyət dəyişikliklərinin baş verəcəyini həm hökumətin, həm də BVF-nin proqnozlarından görmək olar. Əvvəlcə, rəsmi proqnozlara nəzər yetirək. Məsələn, 2006-cı ildə neft ÜDM-i (63,1 faiz) qeyri-neft ÜDM-nin artım tempini (11,9 faiz) 5,3 dəfə qabaqladığı halda, 2010-cu ildə tamamilə fərqli mənzərə müşahidə ediləcəkdir. Belə ki, bu dəfə qeyri-neft sektorunun artım tempi (8,5 faiz) neft sektorunun artımını (4,1 faiz) 2 dəfə ötəcəkdir. Növbəti illərdə bu meylın qeyri-neft sektorunun xeyrinə daha da dərinləşəcəyi gözlənilir. BVF-nin proqnozlarına gorə, 2013-cü ildə neft ÜDM-nin 8,8 faiz azalması fonunda qeyri-neft ÜDM-i 4,5 faiz artacaqdır. Müqayisəli təhlildən göründüyü kimi, həmin dövrlərdə iqtisadi artım tempinın və ya ÜDM-in həcminin azalması qeyri-neft sektorunda artım səviyyəsinin sabit və yüksək həddə qalması ilə müşayiət olunacaq. Əslində hökumətin iqtisadi siyasətinin əsas məqsədi də bundan ibarətdir. Belə ki, 2010-cu ildən başlayaraq Azərbaycan iqtisadiyyatının neft amilindən asılılığı tədricən azalmağa başlayacaqdır. Beləliklə, ÜDM-də digər sahələrin payı getdikcə artacaq, neft sektorunun payı isə məhdudlaşacaqdır. Məsələn, 2007-ci ildə ÜDM-in 59 faizini təşkil edən neft sektorunun payı 2011-ci ildə 47 faizə enəcəkdir. Beləliklə, 2011-ci ildən başlayaraq iqtisadi inkişafın əsas yükü neft sənayesinin deyil, məhz qeyri-neft sektorunun üzərinə düşəcəkdir. Bu isə qeyd etdiyimiz kimi, iqtisadi artımda kəmiyyət dəyişikliklərindən keyfiyyət dəyişikliklərinə keçid prosesinin sürətlənməsini şərtləndirir.
-Yəqin ki, BVF öz hesabatlarında perspektiv dövrü proqnozlaşdırmaqla bərabər, iqtisadiyyatımızdakı müsbət meyilləri də qeyd etmişdir.
-Heç şübhəsiz! Nəyə görəsə bəziləri beynəlxalq təşkilatların ölkəmizlə bağlı tənqid və iradlarını xüsusi olaraq qabartdıqları halda, müsbət rəylərin, məqamların üstündən sükutla keçirlər. Bəzi mətbuat orqanları BVF-nin verilmiş proqnozlara aydınlıq gətirən son açıqlamasını belə dərc etmədilər. Yenə də minbir təəssüf!.. BVF-nin cari ilin mart ayında olkəmizə səfər etmiş missiyasının 2007-ci ilin iqtisadi nəticələrinə dair hazırladığı hesabatında bildirilir ki, Azərbaycanda müşahidə edilən yüksək iqtisadi artım əhalinin adambaşına düşən gəlirlərinin artmasına, yeni iş yerlərinin açılmasına şərait yaradıb. BVF strateji valyuta ehtiyatlarımızın 7,3 milyard dollar təşkil etdiyini və bunun xarici borcun həcmindən 3 dəfə çox olmasını, cari hesablar balansında müsbət saldonun ÜDM-in 29 faizinə çatmasını, qeyri-neft sektorunda 11 faizlik artımı xüsusi olaraq qeyd edir. Fond hesab edir ki, Azərbaycanda dövlət xərclərinin əhəmiyyətli artımı neft gəlirlərinin böyük artımı və qeyri-neft gəlirlərinin müsbət dinamikası ilə müşayiət olunur. Dövlət xərcləri əsas etibarilə, əhalinin həyat səviyyəsinin yüksəldilməsinə, mühüm infrastruktur obyektlərinin modernləşməsinə yönəldilir. Struktur islahatları, o cümlədən biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar da Fond tərəfindən müsbət qiymətləndirilir. Perspektivə gəldikdə isə, BVF 2008-ci ildə qeyri-neft sektorunun 9 faiz artacağını, cari hesablar balansının ÜDM-in 39 faizinə çatacağını, strateji ehtiyatlarımızın 25 milyard dollar təşkil edəcəyini proqnozlaşdırır. BVF-nin inflyasiyaya dair narahatlığı ilə bağlı onu deyə bilərik ki, hər halda bu, ölkə rəhbərliyinin narahatlığından çox deyildir. Prezident İlham Əliyev də inkişaf edən iqtisadiyyatımızda inflyasiya təhlükəsini öz çıxışlarında qeyd edib və bu problemin aradan qaldırılmasını hökumət qarşısında əsas vəzifə kimi müəyyən edib. Sadəcə olaraq, biz nəzərə almalıyıq ki, iqtisadiyyatda mövcud olan bütün problemləri eyni vaxtda həll etmək mümkün olmur. Bu reallıqla barışmalıyıq.
-Azər müəllim, bəs, iqtisadi artım tempinin azalacağı dövrlərdə Azərbaycan iqtisadiyyatında hansı meyillər müşahidə ediləcəkdir?
-2012-2013-cü illər üzrə BVF-nin proqnoz göstəricilərinin təhlilini davam etdirsək, Azərbaycanın həmin illərdə inkişaf etmiş iqtisadiyyata, güclü maliyyə dayaqlarına malik ölkə olacağına bir daha əmin ola bilərik.
Qarşıdakı illərdə iqtisadi artım tempinın azalmasına baxmayaraq, ÜDM-in həcmi mütləq rəqəmlərlə xeyli artacaqdır. Kiçik faizli artımlar ÜDM-i yüz milyonlarla dollar artırmağa imkan verəcəkdir. Məsələn, 2005-ci ildə ÜDM-in 25 faiz artımı 330 milyon manat əlavə dəyər istehsalına şərait yaratmışdısa, 2011-ci ildə minimal hesab edilən 1,6 faiz artım ÜDM istehsalını təxminən 1 milyard manat həcmində artıracaqdır.
2006-cı ildəki 34,5 faiz artım şəraitində adambaşına ÜDM 2469 dollar təşkil edirdisə də, BVF-nin 2,6 faiz azalma proqnozlaşdırdığı 2013-cü ildə bu rəqəm 12915 dollara çatacaqdır. Məlum olduğu kimi, ÜDM-in adambaşına düşən həcmi həm də həyat səviyyəsini və iqtisadi inkişafı xarakterizə edən göstəricilərdən biridir. Azərbaycan 2002-ci ildə ÜDM-in adambaşına düşən həcminə görə 756 dollarla orta gəlirli, 2007-ci ildə 3663 dollar olmaqla orta səviyyədən yuxarı gəlirliliyə malik ölkələr sırasına daxil idi. 2013-cü ildən isə Azərbaycan 12915 dollarla yüksək gəlirli ölkələr qrupunda təmsil olunacaqdır. Xatırladaq ki, Dünya Bankının müəyyən etdiyi meyarlara əsasən istehsal edilmiş ÜDM-in adambaşına düşən həcmi 755 dollardan az olarsa, həmin ölkə aşağı gəlirli, 756-2995 dollar arasında olarsa orta gəlirli, 2996-9265 dollar arasında olarsa orta səviyyədən yuxarı gəlirli, 9266 dollardan yuxarı olarsa yüksək gəlirli ölkə hesab olunur.
BVF-nin proqnozuna əsasən 2013-cü ildə Azərbaycanda qeyri-neft sektoru üzrə ÜDM-in adambaşına həcmi 7500 dollar təşkil edəcək ki, bu da həmin dövrdə Ermənistanın bütün ölkə üzrə ÜDM-in adambaşına həcmindən xeyli yüksəkdir. Təkcə onu qeyd etmək kifayətdir ki, işğalçı ölkənin özünün rəsmi proqnozlarına görə adambaşına ÜDM-in həcmi yalnız 2015-ci ildə 6400 dollara çata bilər. İqtisadçılar yaxşı bilir ki, əhalisinin sayı az olan və ya Ermənistan kimi ciddi demoqrafik problemi olan ölkələrdə ÜDM-in adambaşına həcmini artımaq çox “rahat” başa gəlir...
Bu rəqəmlər onu göstərir ki, iqtisadi inkişaf və iqtisadi artım perspektiv dövrdə sadəcə olaraq tədricən azalan templə davam edəcək, mütləq rəqəmlərlə artım göstəriciləri öz dinamikasını saxlaya biləcəkdir. Azərbaycan BVF-nin proqnozlaşdırdığı 2008-2013-cü illərdə regionun ən inkişaf etmiş ölkəsi olacaqdır.
-Bu gün ölkəmizdə davamli və dayanıqlı iqtisadi inkişafın təmin edilməsi istiqamətində hansı işlər görülür?
-İndiyədək həyata keçirilmiş tədbirlər məhz davamlı inkişafın təmin edilməsinə yönəldilmişdir. Bu inkişafın əsas təməli isə “Əsrin müqaviləsi”nin imzalanması və ümummilli lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının reallaşması ilə qoyulmuşdur. Davamlı inkişaf neft gəlirlərinin prioritet istiqamətlər üzrə səmərəli istifadə edilməsindən asılıdır. Bu baxımdan neft gəlirlərindən uzunmüddətli istifadəyə dair strategiyanın qəbulu, Neft Fondunun uğurlu və şəffaf fəaliyyəti xüsusi olaraq qeyd edilməlidir. Hazırda infrastruktur obyektlərimiz modernləşdirilir. Regionlarımız inkişaf etdirilir və bu da əyalətlərdə iqtisadi fəallığın yüksəlməsi ilə müşayiət olunur. Dövlət investisiyaları vasitəsilə qeyri-neft sektorunun inkişafına dəstək verilir. Servis, tikinti, rabitə və informasiya texnologiyaları, nəqliyyat, turizm, emal sektoru qeyri-neft sektorunun potensial sahələri kimi inkişaf etməkdədir. Artıq kənd təsərrüfatının dövlət tərəfindən dəstəklənməsi siyasəti öz nəticələrini bu sahədə artım tempinin yüksəlməsində göstərir. Sahibkarlıq mühitini daha da yaxşılaşdırmaq məqsədi ilə biznesin təşkili proseduru əhəmiyyətli dərəcədə sadələşdirilir. Özəl sektorda investisiya fəallığını artırmaq üçün Dövlət İnvestisiya Şirkəti yaradılıb. Milli iqtisadiyyatın rəqabətqabiliyyətini təmin etmək üçün liberallaşdırma tədbirləri, struktur islahatları davam etdirilir. Ən əsası isə, ölkəmizin uzunmüddətli perspektiv inkişafına, milli və iqtisadi təhlükəsizliyimizə təminat verən strateji layihələr həyata keçirilir. Hər halda davamlı və dayanıqlı inkişaf iqtisadi artım tempinin azalması ilə deyil, məhz bu istiqamətdə görülən geniş profilli işlərlə müəyyənləşir.
Heç şübhəsiz, Azərbaycan iqtisadiyyatının tamamilə yeni inkişaf mərhələsinə daxil olması, maliyyə resurslarının artması, iqtisadiyyatın yüksək templə artımı nəticəsində “hərarətlənməsi”, makroiqtisadi sabitliyin həssas xarakter alması daha diqqətli iqtisadi siyasətin həyata keçirilməsini tələb edir. Təsadüfi deyildir ki, ölkəmizin başçısı hökumət üzvlərinə əldə etdiyimiz böyük iqtisadi uğurlardan arxayınlaşmamağı tövsiyə edir. Bu baxımdan hesab edirik ki, davamlı inkişafa həm də iqtisadiyyatımızın problemlərinə bu cür məsuliyyətli yanaşma, həyata keçirilən proqramlı idarəetmə, konkret hədəflərə istiqamətlənmiş sistemli və ardıcıl fəaliyyət təminat verir.



