
Azərbaycan siyasətinin seçki palitrası bir günə müəyyənləşdi
Bu gün (02.08.2008) Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı palitra əsasən müəyyənləşib. Bu şənbəni digərlərindən siyasi xəbərin çoxluğu və anbaan dəyişən gəlişmələr fərqləndirib. Günün siyasi hərəkətliliyinə rəğmən, sonda ortaya o qədər də aktiv olmayan mənzərə çıxıb.
Gün Yeni Azərbaycan Partiyasının IV qurultayı ilə başlayıb. Hakim partiya Azərbaycan prezidenti və sədri İlham Əliyevin namizədliyini irəli sürüb. Namizədlik yekdilliklə dəstəklənib.
Ana Vətən Partiyası, ATA bloku, Sosial Rifah Partiyası da YAP-ın namizədini dəstəkləmək barədə qərar veriblər.
Müsavat Partiyası seçkidə iştirak etməmək barədə qərar çıxarıb.
Azərbaycan Demokrat Partiyası da eyni qərarla özünü siyasətin ən mühüm anından kənarda qoyub.
Böyük Quruluş və Klassik Xalq Cəbhəsi partiyaları da cümlə cümləsinə təkrar qərarı verməyə hazırlaşır.
Azərbaycan Yaşıllar Partiyası isə sədri Mais Güləliyevin namizədliyini irəli sürüb.
Ümid Partiyası artıq İqbal Ağazadənin, Müasir Müsavat Partiyası isə Hafiz Hacıyevin namizədliyini təsdiqləyərək, sənədləri ali seçki qurumuna təqdim edir.
BAXCP-nin Ali Məclisi isə sabah partiya sədri Qüdrət Həsənquliyevin prezidentliyə namizədliyini təsdiqləyəcək.
Azərbaycan Naminə İctimai Forumun sədri Eldar Namazov ümumilikdə seçkiyə getməyin tərəfdarı olsa da, son gəlişmələrdən sonra hələ fikirləşir.
AMİP lideri Etibar Məmmədov seçkiyə qatılmır və heç kimin namizədliyini də müdafiə etmir.
Eyni qərar Demokratik İslahatlar Partiyası tərəfindən də verilib.
Açıq Cəmiyyət Partiyası da seçkiyə getmir və bu qərarını gələn həftə keçirəcəyi Ali Məclisin sessiyasında təsdiqləyəcək.
“Azadlıq” blokuna daxil olan AXCP, Milli Birlik Hərəkatı, Vətəndaş və İnkişaf Partiyası seçkiləri boykot etmək barədə qərar verib.
Beləliklə, bu günə olan mənzərəyə görə, Azərbaycanda seçkiyə qatılacaq beş namizədin adı bəllidir: İlham Əliyev, Qüdrət Həsənquliyev, İqbal Ağazadə, Mais Güləliyev, Hafiz Hacıyev.
E-mənbə: www.LENT.AZ



