"M-İndustriya" hazırda Sankt-Peterburqda 5 ən böyük tikinti şirkətindən biridir
"Bəlkə də analoqu olmayan layihələrdən birini reallaşdırmağa çalışırıq. Olduqca çətin, mürəkkəb və böyük investisiyalar tələb edən işdir. Amma əminəm ki, süni adanı salıb inşaat işini necə bacardığımızı göstərəcək, tikintiyə yeni standartlar gətirəcəyik".
Rusiyanın Sankt-Peterburq şəhərindəki ən böyük inşaat şirkətlərindən biri olan "M-İndustriya"nın sahibi Məhərrəm Behbudov 2014-cü ildə Soçi şəhərində keçiriləcək Qış Olimpiya Oyunları ilə bağlı ən böyük podrat layihəsi almış iş adamlarından biridir. Şəhərdə "azərbaycanlı milyarder" adıyla tanınan və rəqiblərinin
"İsveçrə saatı kimi işləyən beyni var" söylədiyi azərbaycanlı biznesmen soydaşlarımız arasında yeganə şəxsdir ki, Rusiyada federal miqyaslı layihənin reallaşdırılmasında ən aktiv şəkildə iştirak edir.
Sankt-Peterburqun Furştatskaya, 19 ünvanında yerləşən ofisində görünəndə isə işçiləri maksimum dərəcədə diqqətli olmağa çalışırlar.
"Bizim şef ən cüzi diqqətsizlik və ya səhlənkarlığı sevmir. Buranı çoxdan tərk edib başqa yerdə işləyərdim. Lakin həm yaxşı maaş verirlər, həm də təminatı pis deyil. Ona görə də çox sərt Behbudovun rəhbərliyi altında işləyirəm", - şirkətin əməkdaşlarından biri deyir.
Digərləri isə şikayətlənmir, işlərindən razı olduğunu söyləyirlər.
Qara dənizin Rusiya sahilində, Krasnodar diyarında həyata keçiriləcək "Federasiya adası" layihəsi gerçəkdən də, kiçik deyil. "mumi sahəsi 330 hektar olacaq süni adanın sahil xətləri Rusiyanın dövlət sərhədlərini xatırladır. Bu arxipelaqda yaşayış binaları, hotellər, ofislər, restoranlar, spa-kurortlar, stadionlar və marketlər inşa etmək nəzərdə tutulub. Soçinin "Malıy Axun" rayonunun qarşısında salınacaq süni arxipelaq $6 milyarda başa gələcək. Layihə ilə bağlı smetanı isə Birləşmiş Ərəb Əmirliklərinin "Allied Business Consultants LLC" maliyyə-investisiya qrupu ödəyəcək. Tikinti işləri başa çatandan sonra "Federasiya adası"nın 30%-i Məhərrəm Behbudovun olacaq.
Layihə ilə bağlı işlər artıq başlanıb: onların 2013-cü ildə tamamlanması planlaşdırılır.
M.Behbudovun təşəbbüsü ilə hazırlanmış "Federasiya adası" layihəsi Fransanın Kann şəhərində keçirilən beynəlxalq MİPİM-2008 sərgisində də nümayiş etdirilib.
"M-İndustriya"nın kütləvi kommunikasiyalar üzrə direktoru Aleksey Busaylonun dediyinə görə, layihənin hazırlanmasında Hollandiyanın "Vittevein+Bos" şirkəti də iştirak edib.
Behbudov kimdir?
48 yaşlı azərbaycanlı milyonçu texnika və iqtisad elmləri namizədi, fəlsəfə elmləri doktoru, "Rusiyanın şöhrəti" ordeninə layiş görülmüş yeganə azərbaycanlı iş adamıdır.
Peşəkar inşaatçı olan Behbudovun ilk iş yeri şəhərdəki "Vodokanalstroy" tikinti-quraşdırma idarəsi olub. Burada betonçu fəhləlikdən sahə rəisliyinə qədər karyera inkişafını keçən Behbudov sonradan Sergey Zaqudalinlə birlikdə inşaat materialları ticarətinə başlayaraq "Valnex" şirkəti yaradır, sonra isə "M-İndustriya"nın qurur.
"M-İndustriya" hazırda Sankt-Peterburqda 5 ən böyük tikinti şirkətindən biridir. Qurumun baş direktoru Denis Tixonovun dediyinə görə, Soçi Olimpiadası ilə bağlı zəruri infrastruktur və obyektlərin tikintisinə minium $12,3 milyardın xərclənməsi nəzərdə tutulur. Bu "böyük piroq"da təbii ki, "M-İndustriya"ya da yaxşı pay düşəsidir.
Şirkətin digər vitse-prezidenti isə Nailə Behbudovadır.
Bu, azərbaycanlı milyonçu, daha doğrusu faktiki milyarder Məhərrəm Behbudovun fəaliyyəti barədə "parlaq" statistikadır.
Onun rəqibləri isə tam fərqli mövqe tutublar.
Sankt-Peterburqun iri tikinti şirkətlərinin menecerlərinin dediklərinə görə, Rusiya bir yana - şəhərin özündə belə, çox adamın tanımadığı "M-İndustriya" şirkətinə birdən-birə milyardlarla dollarlıq layihənin tapşırılmasına təəccüblənməyə dəyməz.
Sankt-Peterburqun inşaat bazarında hələ 1993-cü ildə peyda olmuş "M-İndustriya" uzun illər boyu kiçik sifarişləri yerinə yetirir, önəmli olmayan layihələrdə müxtəlif işləri görürdü.
Şirkət yaşayış binalarının tikilməsi ilə bağlı ilk podratını 1995-ci ildə alıb. Özü də binalar Sankt-Peterburqun özündə yox, həndəvərində tikilməliydi.
Sonrakı il ərzində "M-İndustriya" 4 bina tikdi.
Şirkətin sürətli dirçəlişi isə çox sonra başlayıb və Sankt-Peterburqlu məmurların kütləvi şəkildə Moskvaya "köçməyə" başladığı dövrə təsadüf edib.
2002-ci ildə M.Behbudovun şirkəti Leninqrad vilayətinin ən böyük dəmir-beton məmulatları istehsalçısı olan "Stroydetal" zavodunu satın alır, iki il sonra isə ümumi sahəsi 235645 kvadrat metr olan 14 yaşayış binasını tikib istifadəyə verir.
Ən başlıcası isə "M-İndustriya" Rusiyanın sabiq prezidenti Vladimir Putinin Soçidə sevimli istirahət yeri olan "Qırmızı Tala"nı ("Krasnaya Polyana") "lüks səviyyə"yə çatdırmaqla məşğul olur.
Məhərrəm Behbudovun rəqibləri onu da deyirlər ki, Soçidəki layihənin ona tapşırılmasında Rusiya biznesində yazılmamış qanuna dönmüş "inzibati resurs" böyük rol oynayıb.
İddialara görə, Sankt-Peterburqun hakimiyyət dairələri ilə yanaşı, Kreml kuluarlarından gələn dəstək olmasaydı M.Behbudov milyardlarla dollarlıq layihənin icraçısı ola bilməzdi.
"M-İndustriya" isə belə iddiaları qətiyyətlə təkzib edir, deyilənləri qərəzli uydurma və böhtan adlandırır. //Ekspress


