Nuridə Atəşi: «Yazıçılar Birliyi və Elmlər Akademiyası saxta rəylərini ləğv etməlidir»
«Məhəmməd Əsəd Bəy Azərbaycanın dahi şəxsiyyətlərindən biridir. Amma onu Vətənində hələ də tanımırlar, ən pisi odur ki, qəbul etmək, onu Azərbaycana buraxmaq istəmirlər».
Bu sözləri Atatürk Mərkəzində Azərbaycanın mühacirət ədəbiyyatının tanınmış simalarından biri olan Məhəmməd Əsəd Bəyin tədqiqatçısı Nuridə Atəşi dedi. Almaniyada Nizami Gəncəvi adına Azərbaycan Mədəniyyət İnstitutunun direktoru, şairə, araşdırmaçı Nuridə Atəşi bidirdi ki, Məhəmməd Əsəd Bəyə qarşı dövlətin və Azərbaycan cəmiyyətinin münasibəti dəyişməlidir. O, Məhəmməd Əsəd Bəyin Bakıda – İçərişəhərdə doğulub böyüdüyünü, bolşevik inqilabı zamanı xaricə mühacirət etdiyini bildirdi.
Nuridə Atəşi bildirdi ki, Berlində Məhəmməd Əsəd Bəyin yaşamış olduğu evin üzərinə onun xatirə lövhəsinin vurulması qərara alınıb: «Mən bununla bağlı Bundesdaqda, Berlin bələdiyyəsində olan dostlarımızdan yardım istədim. Sağ olsunlar, bu yardımı göstərdilər. Amma istərdim ki, Bakıda da, İçərişəhərdə onun doğulub böyüdüyü evin üzərinə belə bir lövhə vurulsun». Nuridə Atəşi təəssüflə bildirdi ki, Azərbaycan Yazıçılar Birliyi və Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutu saxta rəy verərək «Əli və Nino» əsərinin guya Məhəmməd Əsəd Bəyə deyil, Yusif Vəzir Çəməezəminliyə məxsus olduğunu yazıblar: «Halbuki bu əsəri Məhəmməd Əsəd Bəy yazıb». Nuridə Atəşi Azərbaycan ziyalılarına, ictimaiyyətinə və dövlətinə müraciət etdi. Müraciətində o belə dedi: «Dövrünün bütun alman yazarlarından daha məşhur olan, kitabları daha çox satılan dünya şöhrətli bir yazar məhz Azərbaycanın oğlu idi. Yazıçılar Birliyi, Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutu tərəfindən verilmiş saxta arayışlar ləğv edilməlidir. Qurban Səid təxəllüsünün Yusif Vəzir Çəməezəminliyə deyil, Əsəd Bəyə aid olması rəsmən qəbul edilməlidir. Çox yaxşı olardı ki, Bakıda hər hansı bir küçəyə, meydana və yaxud məktəbə Əsəd Bəyin adı verilsin».
«Məhəmməd Əsəd Bəy dünyanın 100 ən çox oxunan yazıçısı arasındadır. Onun «Stalin» romanı 1 milyon nüsxə tirajla çap olunmuş, qısa müddətdə satılıb qurtarmışdı». Bu sözləri dünən Atatürk Mərkəzində keçirilən tədbirdə tanınmış alim, Məhəmməd Əsəd Bəyin tədqiqatçısı professor Çərkəz Qurbanlı dedi. Məhəmməd Əsəd Bəyin «Şərqdə neft və qan», «Əli və Nino», «Altunsaçlı», «Sialin» və başqa əsərlərini təhlil edən tədqiqatçı onun alman dilində yazmasına baxmayaraq yaradıcılığında Şərq, Azərbaycan ruhunu qoruyub saxladığını bildirdi. «Əli və Nino» romanı ilə bağlı mübahisəli məqamlara toxunan professor Qurbanlı bildirdi ki, əslində Almaniyada Məhəmməd Əsəd Bəy adı ilə yazmaq o zaman qadağan edildiyindən o, Qurban Səid təxəllüsünü götürmüş və bunu Almaniya qanunlarının tələb etdiyi kimi, rəsmən qeydiyyatdan keçirmişdi». Çərkəz Qurbanlı türklərin (o cümlədən, azərbaycanlıların) oxuyan xalqlar arasında sondan ikinci olduğunu təəssüflə bildirdi: «Mənim ziyalılardan bircə xahişim var: Məhəmməd Əsəd Bəyin əsərlərini oxuyun. Onda özünüzə bütün həqiqətlər aydın olacaq. Görəcəksiniz ki, o, Azərbaycanın görkəmli yazıçılarından, böyük şəxsiyyətlərindən biridir». Professor Qurbanlı Məhəmməd Əsəd Bəyin vunderkind ömrü yaşadığını, qısa müddətdə böyük işlər görə bildiyini dedi: «Təkcə onu demək kifayətdir ki, o, rus, alman, ingilis, italyan, ərəb və fars dillərini ana dili kimi mükəməl bilirdi. O, əsərlərini almanca yazmışdı. Əsərlərindən birinin italyan dilinə tərcüməsi də özünə aiddir».
Tədbirdə Ədəbiyyat Tarixi Muzeyinin direktoru Maarif Teymurov, «Ayna-Zerkalo» qəzetlərinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, məşhur şair, mühacir ədəbiyyatının tanınmış simalarından olan Almas Yıldırımın oğlu Azər bəy çıxış edərək Məhəmməd Əsəd Bəy haqda fikirlərini söylədilər.
Gülnarə Əmirqızı
P.S. Nuridə Atəşinin verdiyi məlumata görə, Almaniya Azərbaycanla bağlı bir layihəyə 670 min avro maliyyə ayırıb. Həmin maliyyə vəsaitindən istifadə etməklə Azərbaycan haqqında araşdırmalar aparılacaq və bir kitab hazırlanacaq. Onun sözlərinə görə, gələcəkdə də belə layihələr olacaq.
P.P.S. Tədbirdə Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı məlumat verdi ki, Berlində yaşayan Nuridə Atəşi Almaniyada, Los-Angelesdə yaşayan Gülbəniz Arifqızı isə Amerika Birləşmiş Ştatlarında AJB-nin koordinatorları təyin edilib.


