
İran İslam Cümhuriyyətinin dini rəhbərinə ünvanladığım, diqqəti millətimizin taleyinə yönəltmək istəyimdən doğan xoş niyyətli məktubumun qonşu ölkədə düzgün anlaşılmayaçagını bilirdim. Bilirdim ki, sübuta ehtiyacı olmayan mülahizələrimin
qarşısında söz tapa bilməyənlər xeyirxah niyyətimi bir kənara qoyub hər cür şər-böhtana əl atacaqlar. Bununla belə, cavabların daha ağrılı olacağını, heç olmasa zərrə qədər reallığa yaxın mövqedən yazılacağını gözləyirdim.
Amma əlimə çatan cavablar elə kor təəssübkeşlik, yalan, antiislam düşüncə nümunələridir ki, ciddi təhlilə və ya cavablandırmağa belə dəyməz. Ən çox heyrət doğuran budur ki, bu cızma-qaralar İranın rəsmi saytlarında, özü də aydın, ziyalı, universitet müəllimləri adından yazılıb. Aydındır ki, bu adlar şərtidir, yazanlar ayrı adamlardır. Ancaq özünü "Böyük İranın ziyalısı" sayan müəlliflərin bu qədər məhdudluğunu, məntiqsiz və ağ yalan danışdığını, özünü bu qədər uşaq yerinə qoyduğunu görəndə "Heyvanına şükür, İlahi!" deməkdən başqa söz tapmırsan. Görünür, bu adamların anladığı bir dil var, o da təhqir, böhtan və yalan dilidir. Mən bu dildə danışmağı bacarmıram və istəmirəm. Mən onlara öz dilimdə, yəni adam dilində cavab verəcəm.
Bu yazımın vətəndaşlıq qüruru, türk heysiyyəti olmayan adamların psixologiyasını dəyişməyəcəyini bilirəm. Ancaq belə dialoqlar zəruridir. Davam etməlidir ki, bəlkə bir gün Allah rəhm eləyə, onların bəsirət gözləri açıla, bütün dünyanın açıq-aşkar gördüyü həqiqətləri onlar da görə, vicdanları oyana və ağa ağ, qaraya qara deməyə cəsarətləri çata. Şükür, türk dili çox zəngindir və o qədər gözəl atalar sözlərimiz var ki, bir-ikisini yan-yana qoysam, bütün cəhalət bayquşlarına cavab olar. Xalq özünü anlamazlığa vurub hamının bildiyi həqiqətləri də inkar edənlər haqqında gözəl deyib: "Necəsən, qanmayım, atan yansın!" Təəssüf ki, cavab verən "müəllimlər" bu yolu tuturlar.
Gələk mətləbə. Mənə etirazları əsasən aşağıdakı kimi qruplaşdırmaq olar: guya mən İranın daxili işlərinə qarışıram; DAK şübhəli bir təşkilatdır; İran türklərinin ana dili məsələsindən danışmaq olmaz, çünki onlar könüllü şəkildə "İranlıların milli dili" olan fars dilində oxuyurlar; mənim İran haqqında məlumatlarım azdır; bütün Quzey Azərbaycan xalqı çoxdan İranın cənnət qucağına can atır; dövlətçiliyin İran modelindən başqa bütün modellər yalandır və nəhayət, İrana qarşı söz deyənlərin hamısı - istər səmimi olsun, istər qeyri-səmimi - sionizmə bağlıdırlar...
Bu iradların bəzisinə münasibət bildirməyi özümə borc sayıram.
1. İranda yaşayan və əhalinin az qala yarısını təşkil edən türklərin insan haqları barədə danışmaq bu ölkənin daxili işlərinə qarışmaq demək deyil. Əvvəla, oradakı 35 milyon insan bizim doğma bacı-qardaşlarımızdır və biz onların taleyinə biganə qala bilmərik. İkincisi, insan haqları beynəlxalq hüququn təməl prinsiplərindəndir və heç bir ölkənin daxili işi sayıla bilməz.
2. Hörmətli opponentlərim "Dünya Azərbaycanlıları Konqresi" ifadəsinə çox narahatlıqla və istehza ilə yanaşırlar. Başa düşmürlər ki, bu yolla on ildən artıq fəaliyyət göstərən böyük bir beynəlxalq təşkilatı gözdən sala bilməzlər. Azərbaycan türklərinin milli idealları uğrunda mübarizə eşqi durduqca DAK yaşayacaq və mən belə bir təşkilatın həmsədri olmaqla qürur duyuram. Dünyanın az qala bütün xalqlarının buna bənzər diaspor təşkilatları var. DAK taleyin hökmü ilə dünya ölkələrinə səpələnmiş bacı-qardaşlarımızın bir sıra problemlərinin həllinə kömək etmək istəyir və onu yalnız İrana yönəlik bir təşkilat sayanlar yanılırlar. Digər İran xalqlarının da belə təşkilatları var. Maraqlıdır, onların fəaliyyəti də İranda DAK-ın doğurduğu qədər narahatçılıq doğururmu?
3. Məktubumu təhqir sayanlar nəzərə alsınlar ki, onu millətimin İran mətbuatında dəfələrlə müsəlmana və insana yaraşmayan bir şəkildə təhqir edilməsinə cavab olaraq yazmışam. Niyə belə düşünürlər ki, İran mətbuatı türkü necə istəsə təhqir edə bilər, bizsə bunu canımıza sinirməli, həqiqəti ortaya qoymamalıyıq. Türk tarix boyu öz düzlüyü, mərdliyi, dosta dost, düşmənə düşmən olmağıyla seçilib. Heç bir rejim millətimizin bu böyük mənəvi keyfiyyətlərini əlindən ala bilməz.
4 .Cavablar yalandan azərilər və təbrizlilər adından, "Ərdəbilin səsi" və "Təbrizin səsi" kimi verilir. Şübhəsiz, belə deyil. Mən Təbriz tarixini kifayət qədər öyrənmiş və bu barədə yazmışam. Bura Azərbaycanın tarixi paytaxtı, böyük təbrizlilərin vətəni, inqilablar beşiyi, Səttərxanın, Şeyx Məhəmməd Xiyabaninin, Pişəvərinin, dünya tarixi ilə yaşıd olan böyük bir türklük ənənəsinin mərkəzidir. Türklüyə qarşı çıxan, türk olmağa aşağılanmaq kimi baxan cahil və satqınlar təbrizli və azəri ola bilməz. Olsa da, ETTELAT-ın qulbeçəsi olar. Sovetlər dövründə adı azəri, özü rusdan artıq rus olan KQB ajanlarını çox görmüşük. Moskvanın xoşuna gəlmək üçün dədəsini də satmağa hazır olanlar o vaxtlar da var idi, amma tarix rüzgarı onları yer üzündən silib atdı.
5. Cavablardakı müraciət də maraqlıdır: "Cənab Sabir Rüstəmxanlı və ortaqları" yazırlar. (Nəzərinizə çatdırım ki, fars dilindən tərcüməni qeyri-peşəkarlar etməyib, amma yenə də, səhv ola bilər). Mənim ortağım Azərbaycanın azadlıq və bütövlüyünü istəyən bütün 50 milyonluq millətimdir. Sevinirəm ki, öz əməlim və həyatımla bu millətin az-az adamlara nəsib olan böyük sevgisini qazanmışam və ən böyük sərvətim də budur.
6. "Böyük İran" güneyli qardaşımı bu qədər xoşbəxt edibsə, niyə məqaləsini öz ana dilində yaza bilmir? Əgər cavablar mənədirsə, mənim dilim türk dilidir. Yox, əgər bunu öz dövlətlərinə sədaqətlərini nümayiş elətdirmək üçün yazırlarsa, onda onu mənə yox, İran hökumətinə ünvanlamalıydılar.
7. Məni tarixi məlumata malik olmamaqda və elmi əsaslara söykənməməkdə ittiham edənlərə bildirməliyəm ki, düzdür, mən diplomlu tarix professoru deyiləm. Şairəm. Tarixi romanlar müəllifiyəm. Amma özümü bu məktub müəlliflərinə bənzər tarixçilərdən 100 dəfə artıq bilim adamı sayıram. Çünki bütün Şərqin onlarla xalqının tarixini talayıb, oğurlayıb İranın adına çıxan saxta cızma-qaraçıların dizlərini yerə gətirəcək dərəcədə məlumatlıyam.
İranda xalqların "dil, kültür, ədəbiyyat, siyasi sistem, sosial həyat hüquqları baxımından eyni olduğunu" iddia edən alimlərin bütün tarix və həyat bilgisi tək bü cümləyə görə sıfıra bərabərdir və bu cümləni yazanların "elminin" bir quruşluq qiyməti qalmır. Elmin məzlum quzusunu siyasət canavarına yedizdirən bu cür tarix çobanlarının olmasından olmaması yaxşıdır.
Cavabların birində yazılır: "İran azəriləri sair iranlı etniklər kimi fars dilini özlərinin birlik gətirən milli və elmi dili hesab edirlər və öz ana dilləri kimi müqəddəs sayırlar, danışırlar, yazırlar, qoşurlar və bu dili özlərinin milli kimlik və birlik dili sayırlar." Ola bilər İranda belələri tapılsın. Amma iki il öncə Cənubi Azərbaycan şəhərlərinin küçələrinə tökülmüş 100 minlərlə insan "haray-haray, biz türküz" deyirdi və öz ana dillərində məktəb tələb edirdilər. "Haray-haray, biz farsız" demirdilər.
8. Tarixdən xəbərsizlər Azərbaycanı "İrani bozorgun" tərkib hissəsi sayır, Arazın quzeyindəki torpaqları Azərbaycan yox, Alban-Aran bölgəsi hesab edirlər. İstəyir alban de, istəyir aran, bu torpaqlar neçə min ildir türk torpaqlarıdır. İranda da türklərin hansı coğrafiyada yaşadıqları hər kəsə bəllidir. Ad oyunbazlığı nəyi dəyişəcək ki? Nəzərinizə çatdırıram ki, Azərbaycan deyəndə həm də Turan düşünülür. Firdovsi min il öncə İran və Turandan danışırdı. Biz o Turanın, Alp Ər Tonqanın nəsilləriyik. Az ərlər şərq tarixinin elə qədim qatlarından gəlirlər ki, onda hələ bu bölgədə fars-təzik tanıyan yox idi. Az sözünün yayılma arealına baxsanız yetərlidir.
Mən öz kitablarımı və araşdırmalarımı bir kənara qoyub özünü islam alimi sayanlara islam ensiklopediyasının dili ilə cavab vermək istəyirəm. 1979-cu ildə İstanbulda nəşr edilmiş islam ensiklopediyasının Azərbaycan bölümündə yazılır ki, Azərbaycan ismi böyük İsgəndər zamanından gəlir: "Cənub hüdudu Sisər bölgəsi daxil olmaqla Qızılüzən çayı, Şimal hüdudu isə Dərbənddir. Bu sürətlə bütün Aran Azərbaycana daxil olub, Bərdə şəhəri "Yuxarı Azərbaycan" adlandırılmışdır.
...Məsələn, Nuşirəvan zamanında Dərbənd qalalarını bina edən Barzius pəhləvi kitabəsində "Azərbaycan maliyyə müdiri" ünvanı ilə anılmışdır. Ərəblər də Azərbaycan ilə Ərməniyyə, Şirvan və Aran idarəçiliyini birləşdirib bu ölkənin heyyəti-ümmuyəsinə Ermənistan, yaxud Azərbaycan adını vermişdilər. Bu zamanlarda Azərbaycan cənubda Həmədan məntəqəsindən başlayıb şimalda Dərbəndə qədər uzanan böyük bir ölkə olmuşdur. İstəhri isə Erməniyyə ilə Aran və Azərbaycanın toplu bir xəritəsini vicuda gətirərək buna "Azərbaycan xəritəsi" demişdir.
Bu zat Xəzər dənizi xəritəsini çəkərkən də Dərbəndə qədər uzanan bütün sahəni Azərbaycan olaraq göstərmişdi. İlhanlılardan sonra Azərbaycanın tamamilə türkləşməsi və hər yerdə eyni ləhcədə danışması səbəbindən Aran və Şirvan tərəfdəki türklərə Azərbaycan türkləri, yaxud Azəri türkləri deyilməyə başlamışdır. Evliyyə Çələbi Qarabağa "kiçik Azərbaycan" dediyi kimi, Qafqaz tarixçisi P.Butkov Şəki, Gəncə, Şuşa, Şamaxı, Bakı, Quba xanlıqlarını Azərbaycan xanlıqları adlandırmışdı.
...Turklər, görünür, miladdan öncə yeddinci əsrdə sakların səfəri əsnasında buraya gəlib hakim zümrəni təşkil etmişdilər. ...Müaviyyənin "Azərbaycan harasıdır?" sualına Übeyt b. Sariya ismində biri "Bu, əskidən türklərə aid bir məmləkət idi" cavabını vermişdir... "
Bunlar İslam ensiklopediyasının fikridir. Bəziləri sonralar daha da dəqiqləşdirilmiş, həqiqətə yaxın olan fikirləridir. Buna bənzər yüzlərlə misal çəkmək olar. İndi neyləməliyik? Qədim mənbələrə və islam ensiklopediyasına inanaq, yoxsa XXI əsrdə Azərbaycan adını unutdurmağa çalışan fars nökərlərinə, kəsrəvilərin, mahmudilərin, İnayətulla Rzaların davamçılarına?
9. Müəlliflər bilmirlər ki, Türkmənçay müqaviləsi nəticəsində Azərbaycan xanlıqlarının təxminən yarısı quzeydə rusların işğalı altına düşəndə İran dedikləri ərazidə hakimiyyət Qacarların əlində idi. Ölkədə daxili çəkişmələr (bu işdə fars separatçıları ciddi rol oynayırdılar) nəticəsində mərkəzi hakimiyyət zəifləmişdi. Buna görə də Azərbaycan türkləri iyirmi müstəqil xanlığa parçalanmışdı. Onların hər biri özünü ayrıca dövlət sayırdı. Rusiya ilə müstəqil danışıqlar aparır, müqavilələr bağlayırdılar və Rusiya tərkibinə də Azərbaycan xanlıqları adı altında qatılmışdılar.
Cavablarda Azərbaycan xanlıqlarının bu iki yüz illik parçalanmadan sonra birləşmək arzusunu Arazdan şimaldakı türklərin "böyük İran vətənlərinə" məhəbbəti kimi yozurlar. Bəli, Azərbaycan türklərinin qonşu kimi İrana da məhəbbətləri var. Amma iki yüz il sonra fikirləşirsən ki, nə yaxşı Azərbaycanın quzeyi Rusiya tərkibinə keçdi. Çar Rusiyasının ağır şərtləri altında olsa da, anadilli məktəblər aça bildilər. Milli ziyalılarını yetişdirdilər və məhz onların fəaliyyəti nəticəsində bugünkü müstəqil dövlətimizin, yəni Şərqdə ilk demokratik cümhuriyyətin təməli qoyuldu.
Quzey Azərbaycan da İranın tərkibində qalsa, yəqin ki, indi "Böyük İran"dakı müsəlman-şiə qardaşlarımızın mərhəməti sayəsində biz də bəziləri kimi fars dilini "milli dilimiz" sayaraq, kimliyimizi unuda-unuda "Böyük Farsistan" nəğmələri oxuyacaqdıq. Bəli, Arazın güneyində və quzeyində qardaş həsrəti "köz altında alov" kimi yatmaqdadır, sönməyib, lakin bu, bütöv İran istəyinin alovları deyil. Bütöv və böyük Azərbaycan eşqinin və həsrətinin alovlarıdır.
10. Müəlliflər mənim ali dini rəhbərə hörmətlə etdiyim müraciətin müqabilində Azərbaycan Respublikası iqtidarı haqqında həqiqətə uyğun olmayan və tənqidi ifadələr işlədiblər. Quzey Azərbaycan cəmi 17 ildir müstəqilliyini bərpa edib, müharibə şəraitində yaşayır. Lakin biz islam dünyasına üzağlığı gətiririk, müsəlmanların çağdaş demokratik tələblərə uyğun idarəçilik sistemi qura bildiklərini nümayiş etdiririk. Bunu bütün dünya etiraf edir.
Quzey Azərbaycan türkləri öz talelərinin sahibləri olmaqla ana dilində misilsiz sənət abidələri yaratmış, mədəniyyətin bir çox sahələrində bölgə dövlətləri üçün əsl örnək olmuşdular. Yetişdirdiyi böyük sənətkarların dünyaca şöhrəti var və bu iş ildən-ilə sürətlənir.
İqtidar-müxalifət münasibətləri bizim daxili işimizdir, demokratiyanın inkişafına kömək edir və bizi bir dövlət olaraq ildən-ilə möhkəmləndirir. Buna görə də qardaşlarımız bizim qısa müddətdə keçdiyimiz yolla fəxr etməlidirlər. Çünki biz dünyada yaşayan Azərbaycan türklərinin tək bir dövlətiyik!
Azərbaycan Respubliukası dünyəvi dövlətdir, hər bir Azərbaycan türkü vicdan azadlığına malikdir, bizdə din azadlığı və başqa dinlərə dözümlülük vardır, hər il onlarla, yüzlərlə məscid, ibadətxana tikilir. Lap bugünlərdə Bakıda vaxtilə Stalin rejiminin dağıtdığı Bibi Heybət məscidi ən yüksək səviyyədə yenidən tikilib xalqın istifadəsinə verildi. Təzə Pir məscidi və Qafqaz Müsəlmanları İdarəsinin yenidən qurulmasına dövlət külli miqdarda vəsait ayırdı. Buna görə Azərbaycanı "dinə qarşı olan" bir dövlət saymaq ən azı vicdansızlıqdır və bu sözlərlə İslamın İrandakı acı durumunu, yəni fars şovinizminin alətinə çevrilməsini, antiislam prosesini pərdələmək mümkün deyil.
Biz dinin siyasiləşməsinə qarşıyıq, İrana dost kimi yanaşırıq, təəssüf ki, İran din pərdəsi altında Azərbaycan Respublikasında çox vaxt öz gizli siyasi təbliğatlarını aparmağa çalışır. Atalarımızın başqa bir gözəl sözü də var: "Özünə umac ova bilmir, başqasına əriştə kəsir".
Opponentlərimin iddiasına görə, Azərbaycan Respublikasının tək bir yolu var ki, o da öz təhsil, mədəniyyət, təhlükəsizlik və iqtisadiyyat sistemlərini İran İslam Respublikası sisteminə uyğunlaşdırmaqdır. Sanki 35 milyonumuz bu yolla xoşbəxt günə çıxıb, biz qalmışıq!
Bir müəllif isə başından böyük belə bir iddiada bulunur ki, guya keçmişdə heç Azərbaycan adında ölkə olmayıb və Azərbaycan adından danışmaq yalançılıq və boşboğazlılıqdır, biz məktəblərimizdə öz tariximizi öyrətməklə şionizmə, küfrə xidmət edirik. Ona məsləhət görərdim ki, Təbriz məscidlərindən birinə gedib özünə bir ağıl duası yazdırsın, bəlkə köməyi oldu.
Biz belə nağılları rus işğalı altında olanda çox eşitmişik. Güneydə fars, Quzeydə rus hegemonluğu bizi məhv etmək, milli kimliyimizi unutdurmaq üçün məhz bu primitiv üsuldan istifadə edirdi. Vətən tarixi deyəndə SSRİ-də rus, İranda fars tarixini öyrətməklə bizi əridəcəklərini düşünürdülər. Şükürlər olsun, müstəqillik bizə o imkanı verib ki, tarix güzgüsünü belə yalanlardan təmizləyək, özümüzü olduğumuz kimi görək və tariximizlə qürur duyaq! Biz başqalarından oğurlayıb özümüzə qondarma tarixlər yazmırıq. Nəyimiz var, özümüzə yetər! Farsın heç nəyini Azərbaycan adına çıxarmırıq, amma hörmətli opponentim diqqətlə baxsa görər ki, ümumiran adına dünyaya sunulan böyük mədəniyyət incilərinin çoxu məhz Azərbaycan türklərinə məxsusdur. Bunu yalnız səfeh adamlar görməz!
İranda ana dilimizdə məktəbin olmaması, dilimizin sıxışdırılması barədə dediklərim mənim tərəf müqabillərimə dardüşüncəlik və etnik xəstəliyə yoluxmağım kimi görünür. Yəni quru oturub yaşın gününə ağlayır! Özü ana dilində iki cümləni yan-yana yaza bilməyən hansı geniş düşüncədən danışır, görəsən? Niyə sənin fars dilini "milli dil" sayıb müdafiə etməyin normal bir işdir, ancaq mənim ana dilimi müdafiə etməyim dardüşüncəlik sayılır? Bəlkə Allah bu hegemonluğu farsın alnına yazıb? Allah ona hansı xüsusi istedad verib ki, bizdən üstün olsun? Əgər belələri türk olmağı qəbahət hesab edirlərsə, deməli, dədələrindən xəbərləri yoxdur, gedib ilk növbədə kimin belindən gəldiklərini aydınlaşdırsınlar.
Bizim farslarla heç bir düşmənçiliyimiz yoxdur. Yaxın qonşularımızdır. Bir çox məqamlarda tale və tarix ortağı olmuşuq. Mədəniyyətimizdə, yaşayış tərzimizdə də ümumi cəhətlər kifayət qədərdir. Firdovsinin qələmə aldığı İran-Turan qarşıdurması, orta əsrlərin İran-Osmanlı müharibələri, bu gün İranda türkləri öz haqlarından məhrum etməklə ölkə daxilində ikitirəlik salmaq, əslində hər iki xalqı zəiflədib bölgəyə hakimlik etmək istəyənlərin yüz illərlə apardıqları gizli oyunların nəticəsidir. Bu işləri törədənlər düşmən məfkurələrinə xidmət ediblər.
Mənə cavab verənlər də türkün aşağılanmasına göz yummaqla bu işi davam etdirirlər. Sadə fars əməkçisi də elə türk kimi bir tikə çörəyin peşindədir, zülüm çəkir. Onunla bizim aramızda heç bir ayrı-seçkilik yoxdur. Bunu başa düşürük və fars qardaşlarımızı köksümüzə sıxmağa hazırıq. Ancaq bu qardaşlıq şüarları altında aşağılanmağımıza, ikinci sinif millətə çevrilməyimizə, dilimizin qəsdən fars kəlmələri ilə doldurulmasına, tariximizin və böyük mədəniyyətimizin danılmasına yol verə bilmərik. Qardaşlıq səmimi olmalıdır.
Sayğı görməliyik ki, sayğı da göstərək. Məktublarda təkidlə Nizami Gəncəvi, Xaqani Şirvani, Şəhriyar kimi dahi şairlərimizin türk olduqlarını dilə gətirməmələri vurğulanır. Nəzərə almırlar ki, həmin dövrlərdə millət anlayışı bugünkü mənada gəlişməmişdi. Müxtəlif xalqların nümayəndələri özlərini islam ümməti sayır və kimin hansı xalqdan olduğunu nəzərə almadan ümumi islam mədəniyyətinə xidmət edirdilər. Bölücülük məhz İran tərəfdən başlanıb və onlar fars dilində yazanların hamısını özlərininki hesab etməklə başqa xalqların mənəvi sərvətlərinə əl qoymağa çalışıblar.
Eyni zamanda nəzərə almalıdırlar ki, islam ədəbiyyatı, Avropa ədəbiyyatı, sovet ədəbiyyatı kimi İran ədəbiyyatı da şərti bir anlayışdır. Sovet ədəbiyyatı anlayışı altında rus, Ukrayna, Litva, qırğız, azəri və s. ədəbiyyatlar mövcud olduğu kimi, İran ədəbiyyatı deyiləndə də İranda yaşayan ayrı-ayrı xalqların ədəbiyyatlarının məcmuu başa düşülür. Nizami və ya Şəhriyarın türk olduğunu göstərmək üçün vaxt sərf etməyə heyfim gəlir. Sadəcə Nizamini yenidən oxumalısınız.
Nəzərə almalısınız ki, 12-ci əsr Gəncəsində fars yaşamırdı. Şəhriyarın "Türk divanı"ndan isə danışmıram. Çünki onu oxusanız da, anlamazsınız. Opponentlərim dönə-dönə İranda etnik problemin olmadığına, farsla türkün hüquq bərabərliyinə inandırmağa çalışırlar.
Təbii ki, belə düşünənlər var. Qədimdə, quldarlıq dövründə azadlıq verilən qulların bu azadlıqdan imtina etmələri haqqında çoxlu misallar var. Çünki onlar azadlığı dadmamışdılar və onun nə olduğunu bilmirdilər. Elə bilirdilər qarınları doyursa, yatmağa yerləri varsa, xoşbəxtdirlər. Bunun yaşamaq yox, gün keçirmək olduğunu dərk etmirdilər. Hər kəs öz azadlığını bir şeydə görə bilər. Ancaq türk milləti qul olmayıb və ola bilməz.
Mənim xalqımın bu qeyri-insani münasibətlə barışacağını düşünənlər Allahın ən cahil bəndələridir və gec-tez öz səhvlərini anlayacaqlar. İddia edirlər ki, İran Azarbaycanla Ermənistanın hər ikisinə dostdur. Onlara bir gözlə baxır. Görəsən, islam xeyirlə-şərə, işğalçıyla zülm altında olana bir gözlə baxmağı qəbul edirmi?
Nəhayət, məktubuma cavab verənlər məsləhət görürlər ki, mən İranın cari məsələlərini və sivilizasiyasını bilmək üçün İran universitetlərinin müəllimlərindən elm öyrənməliyəm. Yəqin özlərini nəzərdə tuturlar. Mən bütün ömrüm boyu öyrənmişəm, bundan sonra da öyrənməyə hazıram, ağıllı insan hətta cahildən də nə isə öyrənməyi bacarandır. Bu məsləhəti verənlərdən də nəyi isə öyrənməyi özümə əskiklik saymıram.
Və doğurdan da bu yazışmalardan mükəmməl bir dərs aldım. Biz - gəncliyini sovet hakimiyyəti illərində keçirənlər tariximizə, dilimizə, milli kimliyimizə məhəbbəti bizi assimilyasiyaya uğratmağa çalışanların tənqidi əsərlərindən öyrənirdik. Allahsızlıq çağırışları bizi daha çox öz dinimizə bağlayırdı. Azərbaycan xalqının qürur duyduğu tarixi hadisələr və şəxsiyyətlər tənqid olunduqda biz əsil həqiqətin harda olduğunu duyur və daha çox özümüzə sahib çıxmağa çalışırdıq.
İndiki yazışmalardan aldığım dərslərdən biri də bu oldu ki, İranda türklər sıxışdırıldıqca böyüyəcəklər! Bir də aydın oldu ki, artıq mənim hər bəsit yazıya cavab verməyimə ehtiyac yoxdur. Sağ olsunlar cavanlarımız. Yetişirlər və belə cızma-qaraların layiqli cavablarını verirlər.
Məktubların birində məni aşağılamaq üçün bir şeir parçası da verilib. Mən həmin "dostuma" uzun illər bundan öncə yazdığım "Vətənsiz" poemamdan kiçik bir parça ilə cavab vermək istəyirəm: Bəs sənin heysiyyətin? Bəs özunə hörmətin? Bəs halal ana südü? Damarından axan qan? Səni ayaq altına atan bir qaniçənin Nə iştahla yenə də öpürsən ayağından? Niyə öz çırağını öz əlinlə söndürüb, Millətinin ruhuna doldurursan zülməti? Biz ki, öz dilimizdə kəlmə kəsə bilmirik, Bəs onda başqasından necə umaq hörməti? Özün öz külümüzü sovurub verdin yelə, Satdın öz mənliyini! Burda talan neyləsin? Gəl daha siyasəti gətirməyək araya! Daha burda istibdad, qanun, filan neyləsin? Kim nə deyə biləcək İran cəlladlarına Günahkarı axtarma! Yana baxmasın gözün. Özün öz tərbiyənlə övladını yad edib Damarını kəsirsən - ən böyük cəllad özün!
SABİR RÜSTƏMXANLI İRANIN DİNİ LİDERİNƏ MƏKTUB YAZIB: «BU MİLLƏTDƏN və ALLAHDAN QORXUN!»Xalq şairi, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı İran İslam Respublikasının dini rəhbəri ayətulla Seyid Əli Xamneyiyə açıq məktub yazıb. Parçalanmış Dünya Azərbaycanlıları Konqresinin bir bölümününün DAK sədri kimi tanıdığı S.Rüstəmxanlının məktubu «525-ci qəzet»də dərc olunub. Məktubu «Media forum» oxucularının da diqqətinə çatdırırıq. |
Hörmətli cənab Xamneyi!
Ömrün elə yaşı gəlir ki, insan özündən vəzifəcə yuxarıdakıların, ona hökm edənin heç birini görmür, başının üstündə tac-taxtlar, prezident mövqeləri olsa da, nə hökmdar qəzəbinin, nə cəllad qılıncının heç bir mənası qalmır, dünyanın bir-birindən o qədər də çox fərqlənməyən varıyla yoxunun, ağalıqla qulluğun fövqündə olan Böyük Yaradanla üz-üzə olduğunu görür, ona qovuşmağa hazırlaşır.
Bir dəfə gənc jurnalistlər məndən soruşmuşdular: «Sizcə, insan öləndə niyə ağlamır?» Cavab vermişdim ki, «yəqin anlayır ki, Allah göz yaşlarına inanmır. Onu da görürlər ki, itirdikləri tapdıqlarının yanında heç bir şeydir».
Bizim belə bir yaşımızdır! Bu dünyadan çox, Allah qarşısında verəcəyimiz hesabatı düşünməliyik. Ancaq o hesabatın yalnız şəxsi əməllərilə bağlı olduğunu düşünənlər yanılırlar. Hər bir insan fərd olmaqla yanaşı həm də cəmiyyətin bir parçasıdır; özüylə yanaşı yaşadığı dünyanı, keçib getdiyi yolu və o yolun ətraflarını da fikirləşməlidir; «mən orucumdan, namazımdan qalmamışam» deməklə aradan çıxmaq olmaz: pis deyilsən, ancaq pisliklərə dözmüsən, qaniçən deyilsən, ancaq qaniçənlər mühitinin iştirakçısı olmusan... - bunların da hesabatının aparılacağını Siz məndən yaxşı bilirsiniz.
Mən din xadimi deyiləm, ancaq Allah adamıyam. Saysız-hesabsız Allah, Quran, Peyğəmbər adından danışan, amma əslində cəhalət məddahları var ki, Allahlarından xəbərləri yoxdur, şeytana xidmət edirlər.
Əslim-nəslim kimi, özüm də halallığı və imanlı olmağı insanlığın əsas keyfiyyətlərindən biri hesab etmişəm, millətimə və insanlara xidmətdən başqa bir yol tanımıram. Uşaqkən yaylaqda böyüklərim mənə tikanlı məftillərin arasından «o üzdəki», yəni «sizing» tərəfdəki müqəddəs Savalanı, onun ətəyindəki Ərdəbili göstərir və o şəhərin içindəki, iti gözlə aydın seçilən Şeyx Səfi məqbərəsindən danışardılar. Buna görə də elə o yaşlarımda damarlarımda Xətainin qanının dolaşdığına inanmışam. Allahıma yalvarmışam ki, mənə Babəkin, Nəsiminin, gəncəli Cavad xanın, Səttar xanın, Şeyx Məhəmməd Xiyabaninin, Firudin İbrahiminin taleyini qismət eləsin, məni onların məktəbinin şagirdi kimi yetişdirsin.
Buna görə də 1988-ci ildə Quzey Azərbaycan irticaya və işğala qarşı qalxanda, «azadlıq» və «bütövlük» sözləri milyonlarla insanı ayağa qaldıranda mən onların ön sırasında, kürsüdəydim və sevinirdim ki, xalq mənə inanır.
Ancaq bu gün bunların heç biri təsəlli ola bilməz. Həm bu dünyada, həm də o dünyada verəcəyimiz hesabatın əsası bu deyil!
Bu gün Dağlıq Qarabağın 6 və onun ətrafındakı 7 rayonun müsəlman və türk dünyasına düşmən olan terrorçu erməni qaniçənlərinin əlində olduğunu düşünəndə, çadırlarda, vaqonlarda, zirzəmilərdə yaşayan, 20 ildən bəri ev-eşiyindən qovulmuş 1 milyon qaçqınımızı, bir tikə çörək dalınca yurdundan didərgin düşüb avropalıların qapılarında nökərçilik edən bacı-qardaşlarımızı, şəhid ərlərinin yadigarlarını dolandırmaq üçün qürbət yollarına səpələnmiş qadınlarımızın cavankən külə dönmüş sifətlərini görəndə özümü də günahkar sayıram.
İranın şimalında zəlzələ olanda Ərdəbilə getmiş, indiki cümhurbaşqanınız, o vaxtkı Ərdəbil ostandarı ağaye Əhmədi Necatdan dağılmış kəndlərə baş çəkmək icazəsi alaraq, dağətəyi kəndləri gəzmişdim. Dağılan evlərin yerinə qırmızı kərpiclə iki otaqlı balaca evciklər tikilirdi. Dağılanın yanında şükürlüydü. Çünki XX yüzilin sonunda ancaq qazmalardan ibarət kəndləri necə təsəvvür etmək olar, buna yaşamaq demək mümkündürmü? Bu qədər sərvəti olan İranın kəndləri bu kökdə olmalıdırmı?
Ürəyimdə dedim: «Şükür sənə, İlahi! Sən bu zəlzələni eləmisən ki, millətə utanc yeri olan bu qazmalar dağılsın, adamlar gün işığına çıxsın». Allah dözür, dözür, insanın ürəyinin daşa döndüyünü görəndə qərarını verir...
İşğalçı və terrorçu Ermənistana Amerika, Rusiya, Fransayla yanaşı İrandan da yardım, neft, qaz, ərzaq göndərildiyini ilk dəfə eşidəndə də ürəyimdən belə bir haray qopmuşdu. Əsir düşmüş şiə-türk qardaşlarınızın bədən hissələriylə alver edən erməni dəllallarıyla əl verib anlaşan, maşın bağışlayan, himayədarlıq edən, Qarabağda qanımız çilənmiş evlərimizi ermənilərlə bərabər talayan, paylaşan, ağır günlərimizdə torba-torba pulla sərhəd rayonlarımızda çörəksiz, çarəsiz qalan ailələrdən bütün ziqiymət əşyaları su qiymətinə alıb yadelli dəllallara satan, onların mədəniyyətinin malı edən İran alverçilərinə baxanda yenə o zəlzələni xatırlayıram.
Hər şeyi, hətta millətinin namusunu, dinini də paraya qurban verən ölü ruhları, mağara şüurluları xilas edən başqa bir zəlzələ olacaq yəqin! Hər düşkünlüyün bir sonu var!
Məncə, sizlər o tayda, bizlər bu tayda bütün bunlara görə Allah qarşısında nə cavab verəcəyimizi düşünməliyik. Çünki müsəlmanın haqsızlıqlara dözməsi onun məsuliyyətini daha da artırır.
Mən Azərbaycan Respublikasının mətbuat və informasiya naziri olanda gənc dövlətimizin ilk rəsmi nümayəndələrindən biri kimi böyük Şəhriyarın yubileyi və Tehran Beynəlxalq Kitab Sərgisinə gəlişimdə Sizinlə üç dəfə görüşmüş, Bakıda azəri türkcəsində buraxdığımız dəyərli «Hünər» kitabınıza ön söz yazmışam. Aradan xeyli vaxt keçib, bunlar yadınızda qalmaz.
Şəhriyarın yubileyində iqamətgahınızda bizi qəbul edərkən «mən də türkəm, istəyirsiniz türkcə danışaq, istəyirsiniz farsca» - söyləmiş, sonra Şəhriyarın «Heydərbabaya salam»ından əzbər parçalar demişdiniz. Ana dilimizdə dediyiniz bir neçə cümlə və söylədiyiniz şeir bəndləri qonaqlarınıza böyük hədiyyəniz idi. Şükür, Tehranda, Təbrizdə, Urmiyada, Həmədanda türkcənin həsrətini çəkmirik, ancaq yüksək rəsmi dairədə dinlədiyimiz bu sözlər ölkə haqqında təsəvvürlərimizi dəyişirdi.
Kitab sərgisində də bizə demişdilər ki, Sizin vaxtınız azdır, Azərbaycan köşkünə yarım, ya bir dəqiqə vaxt ayıra bilərsiniz. Ancaq Siz bizim yanımızda 20 dəqiqəyə yaxın vaxt keçirdiniz, ayrı-ayrı kitablarla maraqlandınız. Ayrılarkən isə Sizə köşkümüzün hədiyyəsini verdim və dedim: «Sizə üç kitab bağışlayıram. Birincisi, yanlış olaraq «İran ədəbiyyatı» adlandırılan ədəbiyyatın 800 il öncə ən uca zirvəsini yaradan türk oğlu Nizami Gəncəvinin «Xəmsə»sinə çəkilmiş miniatürlər, ikincisi Sizin də «ustad» dediyiniz və 800 il sonra yenə «İran ədəbiyyatı» deyilən söz sənətinin ədəbiyyatın ikinci zirvəsini yaratmış başqa bir türk oğlu Şəhriyarın kitabı, bir də bu zirvələrin ətəyində çalışan bəndeyi-həqiriniz, yəni mənim Azərbaycanda çox oxunan bir əsəri – «Ömür kitabı».
Siz «Əcəb qonşuluqdur» - deyərək Şəhriyarın balaca kitabını öpdünüz, mənim kitabımla maraqlandınız. Dedim, Azərbaycanı tanıtmaq məqsədilə yazmışam, tariximizə, bu günümüzə, bir hissəsi də şah rejiminin Güney Azərbaycan siyasətinə həsr olunub. Siz, «kaş ərəb əlifbasıyla olaydı, biz də oxuyaydıq» - deyib ayrıldınız.
Başqa bir kitabımda bu görüşümüz haqqında səmimiyyətlə yazılmış səhifələr var.
İndiyədək yaddaşımda o cür, rəsmiyyətdən kənar, işıqlı, xeyirxah və milli kimliyinin fərqində olan bir adam kimi qalmısınız.
Mən də o böyük zirvələrin böyür-başında məzlum millətimin sarsılmaz ruhundan və ədalətsiz dünyanın bizi qarşılaşdırdığı faciələrindən yazıram. Azərbaycanın xalq şairi, Milli Məclisin deputatıyam. Bir milli vəzifəm də var ki, dövlətə, parlamentə aidiyyatı yoxdur, əziyyətdən başqa adama heç nə vermir, ancaq mən onu şərəfli bir iş kimi, vətəndaşlıq borcu kimi qəbul etmişəm - o da Dünya Azərbaycanlıları Konqresinin başçılarından biri, indi sədri olmağımdır.
Bu məktubumu da məhz Dünya Azərbaycanlıları Konqresinin yönətiçilərindən birinin - bir türk, Azərbaycan ziyalısının ürək sözləri kimi qəbul etməyinizi xahiş edirəm.
Bilirəm ki, bu məktub heç nəyi dəyişməyəcək, ancaq özünü İslam cümhuriyyəti sayan İranda aparılan və məncə, mahiyyətinə görə antitürk və antiinsani olan siyasətin bir-iki məqamına işıq salmaqla bir az yüngülləşəcəyəm. Zülmü və ya haqsızlığı görüb susmaq da o zülmü eləyənə şərik olmaqdır!
Hörmətli cənab Xamneyi!
Əgər desəm ki, hər gün televizorda gördükləri minlərlə insanın ömrünü qayçılayır, çoxlarının fikrini ifadə etmiş olaram. Hər gün eyni görüntü: Avropa genişlənməkdə, sərhədləri götürməkdə, əylənməkdə, insanların daha yaxşı yaşaması üçün imkanlar aramada, təbiətin, ekologiyanın, yer kürəsinin qayğısını çəkməkdə, texnologiyanı inkişaf etdirməkdə, özləri üçün düzlük, nizam, ədalət gəzməkdə, bütün münaqişələri masa arxasında çözmək yolunun alternativsizliyini dərk etməkdə (100-150 milyon insanı qurban verən İkinci Dünya savaşından sonra olsa da), mədəniyyət və sənət fəzilətlərinin peşində və sair. Şərq, xüsusən müsəlman dünyasında isə savaş, daxili çəkişmələr, terror, hakimiyyətdən onəlli yapışmış, balaca «yer allahları» (Allah məni bağışlasın), savadsızlıq, cəhalət, aclıq, xəstəlik, insanı həşərata çevirən despotik rejimlər, tanrının verdiyi sərvətləri xalqdan gizlədib Avropa banklarına axıdan və orada da əyyaşlıqdan, qumardan başları açılmayan nazirlər, oliqarxlar, şeyxlər, şahzadələr, evlərində cəllad, ancaq xaricdə əl quzuları olanlar, din pərdəsi altında şovinizm, məzhəb pərdəsi altında müstəmləkəçilik və sair...
Dünya mədəniyyətinin beşiyi olan Şərq - bizim yurd-yuvalarımız bu gündə, çox şeyi bizdən öyrənən Avropa isə o səviyyədə! Təxminən yüz əlli ildir İranın, Azərbaycanın, Türkiyənin, Orta Asiya və Rusiya müsəlmanlarının görkəmli filosofları, alimləri bu normal olmayan, müsəlmana utanc gətirən vəziyyəti müzakirə eləyərək çıxış yolları axtarırlar. Ancaq vəziyyət dəyişilmir, fərq davam edir.
Tehranın inkişafını, İranda gördüyüm texnoloji dəyişmələri, Türkiyə demokratiyasını, Pakistanda atom silahının mövcudluğunu, raketləri, zavod və fabriklərimizi misal gətirib mənə etiraz edən tapılacaq.
Bu sözləri mən, sizin «Səhər» TV-nin deyildiyi kimi, «İran düşməni» olaraq yox, İslam aləminin təəssübünü çəkən, öz millətini sevən, düşmənindən başqa heç kimə düşmən olmayan bir insan kimi deyirəm.
Həqiqət acıdır!
Avropa ilə müsəlman Şərqi arasında fərq o qədər böyüyüb ki, onu aradan qaldırmaq üçün yüzillər lazım gələcək. O da ayılmaq, özümüzü toplayıb köhnəlmiş vərdiş və münasibətlər sistemindən əl çəkməklə ola bilər.
100-120 il öncə yaşamış babalarımız bizdən daha cəsarətliydilər. Onlar Qərbin birdən-birə irəli çıxmasını İslam dininin bəzi xüsusiyyətləri, mövhumat və savadsızlıqla bağlayırdılar. Bəri başdan deyim ki, onların heç biri dinindən üz döndərməmişdi, hər biri İslamın daha mütərəqqi din olduğunu deyir və təbliğ edirdi, hər biri «Qurani-Kərim»i indiki dindarlardan daha yaxşı bilirdi. Ancaq məhz sakit ağılla, təəssübkeşliklə, öz xalqlarının gələcəyini düşünərək, saxtakarlıq etmədən, ürəklərindəkini dilə gətirirdilər.
Əsas dəlilləri də bu idi ki, Avropa çox çətin müharibələrdən, inkivizasiyalardan keçib sonda dinin səlahiyyətlərini müəyyənləşdirə bildi: din insanla Allah arasında bir körpü olaraq qaldı, müqəddəsliyini, ilahi cazibəni qorudu, imtiyazlarını aşmadı, cəmiyyətin başqa işlərinə - dünyəvi işlərə qarışmadı, bu günün həyat tərzini 1400-2000 il bundan öncənin prinsipləriylə qurmağa çalışmadı; gündə dəyişilən qanunların, elmdən, siyasətdən, mal-mülk məsələlərindən tutmuş, imkan bölgüsünə qədər - hər şeydə özlərini müasir dünyanın məmurlarının səviyyəsinə endirmədi.
Həzrəti-Peyğəmbər «bir əmrdə şübhə olursa, ağlınızla həll edin» deyə müsəlmanın qarşısında elmdən qanuna, dövlətçilikdən kosmosa uçuşa qədər sonsuz imkanlar açıb, ancaq dünya işlərinə az qarışıb; ərəbləri birləşdirmək marağı olmasa, qılınca da əl atmayacaqdı. Ancaq indiki «üləmalar» bəşəriyyətin 1400 ilə keçdiyi yolu yox sayıb, yenə uşaqlarımıza «yeddinci yüzilin qaydasına, həm də ərəb qaydasına uyğun geyinib-keçinin, yaşayın» - deyirlər.
Allahın insana verdiyi fikir və vicdan azadlığına bu kor müdaxiləni görməmək İslama sədaqət əlaməti deyil. Əksinə, bu da siyasətdir, ancaq din siyasəti yox! Rəyasət dəllallarının, para və maddiyyat düşkünlərinin, başqa millətləri qul etmək istəyən ərəb, fars şovinistlərinin siyasətidir... Osmanlı demirəm! Çünki İslamın bayrağı min il türkün əlində olanda nə ərəbin ərəbliyini əlindən aldı, nə farsın dilinə, mədəniyyətinə, ruhuna toxundu.
Bütün bunları 150 il öncə Xamnəli Mirzə Fətəli Axundzadədən başlayaraq, Həsən bəy Zərdabilər, Şeyx Cəmaləddin Əfqanilər, İsmayıl Qaspıralılar, Əli bəy Hüseynzadələr, Əhməd Ağaoğlular, Əlimərdan bəy Topçubaşilər, Məmməd Əmin Rəsulzadələr, Sabirlər, Cəlil Məmmədquluzadələr, Möcüzlər yazıblar. Dönə-dönə və güzəştə getmədən! Ancaq indi biz deyə bilmirik. Haqqı söyləyəni dinin və İslamın düşməni elan edirlər. Deməli, 150 ildə özünü İslam mücahidləri sayanlar irəli getməkdənsə geri gediblər.
Dinimizin cəmiyyətlə əlaqələri, təəssüf ki, acınacaqlı haldadır. Bir-iki misal çəkim: bir məclisdə onlarla elm, sənət xadimlərinin, dünya dillərini bilən, bütün sivilizasiyalardan xəbərdar adamlardan yuxarıda oturan axund, imam, qazi, - fərqi yoxdur,- məqsədi bəlli olmadan yəhudi mifologiyasından və ya Tövratdan eşitdiyi hədisləri uc-uca calayıb danışır: Yaqub peyğəmbər, Yusif peyğəmbər, İbrahim peyğəmbər, nəhayət, Musa peyğəmbər... Hər kəsin dəfələrlə eşitdiyi hədisləri savadsız bir şəkildə təkrarlayır. Ona qulaq asan olmadığını görəndə isə məclisə irad tutur. Məclis din xadimi olduğuna görə dözüb durur, amma bu yerdə dözmür. Kimsə: «Hörmətli qardaşımız, sən hələ fironlar dövründən, yəhudi peyğəmbərlərindən danışırsan, gəlib İslama çıxmamısan ki, qulaq asaq. Həm də nəzərə al, biz də millətik, bizim də bu gün danışılası min bir dərdimiz var» - deyir.
İkinci məclis. Xaricdə, bəlkə də Qumda təhsil almış dilli-dilavər bir axund, başında çalma, əynində əba, İslam dininin fəzilətlərindən danışır. Yenə çoxlu tanınmış elm, sənət adamları oturub. Axund məclisə xoş gəlsin deyə «Quran»da elmdən, təbiət hadisələrinin dəqiq ifadəsindən, hətta atomdan bəhs edildiyindən danışır. Oturanlar hamısı alimdir - Quranda gizli, simvolik deyilənlərin üstündə olan elmi kəşflərlə məşğul olan adamlardır. Oturanlar başqa şeyin qayğısını çəkir: niyə belə oldu? Quran bütün kəşfləri, elm yollarını göstərdi. İslamın türk, fars, ərəb ayrıseçkiliyi qoymadığı çağlarda Yəsəvilər, Birunilər, Fərabilər, İbn Sinalar, Uluqbəylər, Nəsrəddin Tusilər çağdaş elmlərin açarını buldular, amma sonra bu açar müsəlman hakimlərin eyş-işrət, hərəmxana və tayfa maraqlarının ağuşunda məhv edildi. Amma Qərb onlara sahib çıxdı, mənimsədi və bu gün öz malı kimi bizə qaytarır.
Onlarla başqa misal çəkə bilərəm ki, İslamın cəmiyyətlə ilişgilərinin bu şəkildə mənasız, təsirsiz bir şeyə çevrildiyini təsdiq etsin.
Amma ağır günlərimizdə küçələrə axan minlərlə gəncin var səslə dedikləri təkbir hamını yerindən oynatdı. Bəli, Allah böyükdür. Biz onsuz da ona bağlıyıq. Ancaq onunla aramıza zavalı, ələbaxan, oğru, yalançı, natəmiz, geyim-kecimi eybəcər, dili söz tutmayan, ərəbi də, türkü də bilməyən və ya öz millətiylə pozuq fars ibarələriylə danışan din şarlatanları girəndə insanlar çaşıb qalır.
Bu, nə vaxta qədər davam edəcək, bu yol İslamı hara apara bilər?
Böyük rus yazıçısı və filosofu Lev Tolstoyun İslam haqqında düşüncələrini və İslama olan böyük bağlılığı haqqında yazılarını vaxtilə baş redaktoru olduğum «Azərbaycan» qəzetində çap eləmişdim. Sonra balaca bir kitabça halında yayılıb.
Avropada, dünyanın hər yerində başqa din xadimləri arasında İslamın dəyərini bilən, sonuncu və ən mütərəqqi din kimi onu sevən və hətta onu seçib müsəlman olan insanlar çoxdur. Amma onlar Quranın fəlsəfəsini, Allahın birliyi və Allahla insan arasında sadə, birbaşa rabitənin gözəlliyini seçib bu yola gəlirlər. Təəssüf ki, sonra bunun dalınca İslam dünyasındakı ehkamçılığı, cəhaləti, parçalanmaları, məzhəb davalarını, dinin siyasətə qulluq etdiyini; geriliyi, bir dəstənin allahsızcasına varlandığı halda əhalinin böyük hissəsinin ac və dilənçi vəziyyətində olduğunu, yoxsulluğu, haramı, ictimai və mənəvi əxlaqsızlıqları da görürlər.
Bir vaxt İslam dünyasının üstünə vəhşi, dağınıq Avropanın parabeyin rıtsarları, at üstündə və qılıncla gəlmişdilər; bu gün yerə və göyə hakimlik edən xristian dünyası demokratiyanı və insan haqlarını yaymaq, milli azlıqları müdafiə etmək və terrorla mübarizə adı altında gəlir və evlərimizin içini də görən texnologiyası var. Niyə biz bu gündəyik və bunun günahkarları kimlərdir?
Din insanın o dünyasından çox, bu dünyasına lazımdır. Qədim dinlərdən başlayaraq ta İslama qədər - dinlər tarixinin ümumi kamilləşmək, təkmilləşmək və insana yaxınlaşmaq meyli də məhz bu amillə bağlıdır. Allahımız bir ola-ola, dəyişilməz və əbədi ola-ola dinlər kamilləşirsə, deməli Allahla ünsiyyətin tarixə və zamana uyğun yeniləşmək imkanı tükənməyib. Deməli, dinə ehkam kimi baxıb, onun zamanın tələblərinə uyğun şərh və tətbiqinin sadələşdirilməsinə mane olmaq da, əslində, Allaha aparan yolları, məcazi mənada desək, təyyarə və raket əsrində, karvan yolu səviyyəsində saxlamaqdır.
Bütün bunlardan sonra mən əsas mətləbin üstünə gəlirəm. Yox, mən Qərb düşməni də deyiləm. Qərb mədəniyyətini, demokratiyasını, insana və xalqlara yaradılmış hörmət mühitini, xalq seçiminə əsaslanan dövlətçilik prinsiplərini sevirəm. Özləri üçün cənnət yaradıblar, tolerantlıq, azadlıq, avropalı olmasıyla qazandığı imtiyazlar dəyərli işlərdir. Vaxtilə buna bənzər bir hava, elm, mədəniyyət, mənəviyyat intibahı bütöv İslam aləmində də vardı. Ancaq bir-birini əvəz edən despotik rejimlər İslam dünyasını param-parça etdi. Bu gün həmin rejimlərdən biri də İrandadır.
İran İslam Respublikası türklərin 6-7 min illik vətənidir. Torpaqları qanımızla yoğrulmuş bir yurddur. Ancaq bu gün İran onun bir küncündən baş qaldırmış farsların vətəninə çevrilib, xəritələrdə «Persiya» sözünü bütün İran boyu yazırlar. Halbuki fars vilayətinin sərhədi məlumdur. Azərbaycan ərazilərindən tapılmış misilsiz mədəniyyət nümunələrini dünyaya farsın malı kimi təqdim edirlər.
İran mətbuatında gedən və bütün İran türklərini qəzəbləndirən şəkillərin birini də mən görmüşəm - Siz də görmüş olarsınız. Nə qədər ağır olsa da, yada salmalıyam: Ərdəbil uzunqulağı Tehrana yaxınlaşdıqca dal ayaqları üstündə qalxır, qəddi düzəlir və Tehranda adam olur. İran mətbuatının dövlət tərəfindən dəstəklənən və ya dəstəklənməyən yanaşması belədir. Bütün ərdəbillilər və onlara qonşu olan bizlər, İran türkləri bu şəkli sakit qəbul edə bilərlərmi?
Mən millətimin söz əsgəriyəm və bu mənada yazdıqlarımı dahi söz generallarının yüz illər boyu bizim beynimizə zorla yeridilmiş «Gülüstan»larından öz xalqım üçün daha dəyərli sayıram. Çünki mənim millətimin bu gün o «şəkər dilə» ehtiyacı yoxdur. O əsərlər yüz illərlə beynimizə zəhər doldurub; o fəlsəfə və dünyagörüşü bu gün mənə muzey əşyası təsiri bağışlayır. Qiyməti milyardlarla ölçülsə belə, mənim millətimin yarasına əlac eləmir. Ancaq mən xalqımın dərdinə dərman axtarıram.
İslam dünyasının bu günə qalmasında günahkar olanlardan bir qismi də elə monarxiyanı, hökmdarları öyən, onlara itaətkarlığı bir xoşbəxtlik sayan, hətta lazım gələndə onun yolunda namusundan keçməyi təlqin edən, dünyanın padşahlara qulluq göstərməklə düzələcəyinə inanan və inandıran, Qurana zidd olaraq zülmlə barışmağı təbliğ edən, susmaq və boyun əymək əxlaqını tərənnüm edən bu kimi əsərlər yüz illər boyu Şərq ictimai fikrinin özəyinə çevrilmiş, məktəblərimizin əlifbası olmuşdur. Bu baxımdan o kitabları yazanlar da, təbliğ edənlər də axirət günündə Allah qarşısında cavab verməli olacaq.
Hörmətli cənab Xamneyi!
İslamı dərindən bilən Sizin kimi şəxsiyyətə müqəddəs kitabımızda Allahın yaratdığı hər bir insana, cəmiyyətə və xalqa hansı münasibətlə yanaşıldığını, hansı haqlar tanındığını və bu haqların pozulmasının Allah tərəfindən necə cəzalandırıldığını xatırlatmağa ehtiyac görmürəm.
İslam - yer üzündə əzilən, haqqı əlindən alınan, zülmə, ədalətsizliyə düçar olan məzlum insanların dini və ümid yeridir.
Təəssüf ki, getdikcə daha çox siyasiləşən İslamı ilk növbədə ona sığınan məzlumların qəniminə çevirirlər. Təbii ki, mən burda İslam deyəndə onu əldə əsas tutub, onun gücündən istifadə edib öz hakimiyyətlərini və mənsəbpərəst niyyətlərini həyata keçirən şovinist, despotik hökmdarları və din dəllallarını nəzərdə tuturam. Quranda insanların və millətlərin haqlarını incələyən onlarla şərh, araşdırma mövcuddur. Saysız-hesabsız təsvirlərin əksəriyyətində müqəddəs kitabımızda insan haqlarının nə dərəcədə yüksək tutulduğu, Müqəddəs kitabımızda Allahın öz yaratdığına verdiyi dəyər dəfələrlə qeyd edilmişdir.
Quranın əvvəlindən axırına qədər İnsanın Allah qarşısında məsuliyyəti xatırladılır, ondan öz yerini bilməsi, Allahına bağlı olması tələb edilir. Bu, dolayı yolla insan ləyaqətinin uca tutulmasına çağırışdır. Çünki ləyaqəti olmayan Allahına layiq ola bilməz. Təəssüf ki, bir sıra İslam ölkələrində insanı Allaha yaxınlaşdırmaq, onun böyüməsinə yardım etmək əvəzinə, onu əzmək və kiçiltmək yolu tutulur. Anlamırlar ki, bu yolla iman əhlini öz Yaradanından uzaqlaşdırırlar. Allaha xidmət etmirlər, əksinə onun hökmündən çıxırlar. Səksən ildir «İran» deyilən ölkədə zorakılıq, istibdad maşını məzlum xalqları əzə-əzə, öz ləyaqətini qorumaq istəyən insanları zindanlarda çürüdə-çürüdə, bilərəkdən ya bilməyərəkdən antiislam xətti yürüdürlər. İslam insana öz quruluculuğunda, əməlində, xüsusən də düşüncəsində azadlıq verən bir dindir. Bu, cəmiyyətdəki durğunluqla, ehkamçılıqla, ənənə adına yaşadılan mənasız itaətkarlıqla bir araya sığmır. Bunu Quranın ən məşhur təfsirçilərindən misirli Əl-Kurtubi, suriyalı İbn-Qasir, məşhur Azərbaycan-türk alimi Cəmaləddin Əfqaninin şagirdi Muhəmməd Əbdu, hindistanlı Yusif Əli, pakistanlı Əl-Maydudi, İslamı qəbul etmiş avropalı Muhəmməd Asad (Lepold Vays), misirli Said Kutb və sair onlarla alimin əsərləri də təsdiq edir.
İslamda ən yüksək dəyərlərdən biri azadlıqdır. Onun məhdudlaşdırılması günahdır. Buna görə də Quranın 43-cü surəsində köhnə ərəb ənənələrini qorumaq istəyənlərin insanın ruh və mənəviyyat azadlığını müxtəlif siyasi və ictimai sistemlərin quluna çevirmək təhlükəsinə qarşı yalnız Allahın hikmətinə yaraşan bir uzaqgörənliklə deyilmiş kamil bir ayə var. Dünən Ərəbistandaydı, bu gün İranda və ya Azərbaycanda - nə fərqi?
Allah insanın azadlığının boğulmasına, onun müxtəlif ictimai-siyasi sistemlərin quluna çevrilməsinə qarşıdır. Yenə həmin surədə açıq deyilir: İnsanlar cəmiyyətdə bir-birinə bağlı olsalar da, bir-birindən asılı olmamalıdırlar. İnsanların ictimai məsuliyyətinin, dövlət qarşısında borcunun - onun şəxsi azadlığına əngəl olmamasını, bəşər bərabərliyini bundan gözəl necə demək olar?
Qurana görə, Allah bir xalqı seçib ona peyğəmbər göndərirsə və o xalq bundan ağıllı istifadə edə bilmirsə, onu da fironun aqibəti gözləyir. Məncə, bu həm də hakimiyyətlərə aiddir. Allahın fürsət verib ucaltdığı bir hakimiyyət hökmünə bağlı olan xalqlarla, insanlarla ağıllı, ədalətli rəftar etməyəcəksə, Allah onu rəzil günə qoyacaq. Yüz illərdir tarix bunu dönə-dönə təsdiq edib. Məncə, İrandakı məzlum millətin haqqını tapdalayan fars şovinist idarəçiliyini də belə bir aqibət gözləyir.
Qurana görə, tiranlar, hökmdarlar çox xalqları aldadıblar, onların gözlərini bağlayıb, elmə aparan yollarını kəsiblər (Bu gün İran hakimiyyətinin türkləri elmdən, təhsildən, ana dilindən kənarda saxlamaq cəhdini Cənab Allah görün necə dəqiq ifadə etmişdir!) Lakin bu yolla, ruhsuz, iradəsiz, doğru yoldan azmış xalqları əzmək olar, özünü dərk edənləri yox! Şəxsən mən fars rejiminin bütün cidd-cəhdinə baxmayaraq, öz xalqımı ruhsuz və iradəsiz saymıram. İki yüz illik rus assimilyasiyasının nəticəsizliyi göz qabağındadır.
Qurana görə, insan Allahın ona verdiyi torpağı, suyu, təbiəti, maddi və mənəvi nemətləri, o cümlədən öz dilini qorumağa borcludur. Buna qarşı çıxanlar Allahın iradəsinə qarşı çıxırlar. Deməli, bizi bütün bu deyilən dəyərlərimizdən, o cümlədən dilimizdən qoparıb farslaşdırmağa çalışan İslam Cümhuriyyəti böyükləri Qurandan və Allahdan qorxmur, Allaha yox, şovinist, fars şeytanlarına xidmət edirlər.
İslamın materializm, marksizm, sosializm kimi dünyagir fəlsəfələrdən çoxlu üstünlüklərindən biri də insana maddi nemətlər istehsalçısı kimi yox, İlahi sərvət kimi baxmasıdır. Mənəviyyat, əxlaq, inam və dürüstlük!.. İnsanı insan edən bunlardır. Öz milli kökündən qoparılmış xalqın hansı mənəviyyatından, əxlaq və dürüstlüyündən danışmaq olar? Əxlaqın birinci əlaməti döşündən süd əmdiyin Allah bəndəsinə onun layla söylədiyi dillə, öz adıyla «ana» deyə müraciət edə bilməkdir.
Bunu çox g&ou


