YAZIÇILAR BİRLİYİNİN KATİBİ QAŞĞARİ ADINA MÜSABİQƏNİN NƏTİCƏLƏRİNİN LƏĞV EDİLMƏYƏCƏYİNİ DEYİR
QULU AĞSƏS: «MƏNƏ HEÇ BİR TƏZYİQ OLMAYIB»
«Ulduz» jurnalının baş redaktoru Elçin Hüseynbəyli APA-ya açıqlamasında
Azərbaycanın Mahmud Qaşğari adına beynəlxalq hekayə müsabiqəsindən uzaqlaşdırıla biləcəyi barədə açıqlama ilə çıxış edib. O bunu Azərbaycanın müsabiqənin şərtlərini pozması ilə əlaqələndirib.
Açıqlamaya görə, Mahmud Qaşğarinin 1000 illiyinə həsr edilən bu müsabiqənin birinci mərhələsinin qalibi ikinci mərhələdə iştirak etmək hüququ qazanacaq. E.Hüseynbəyli deyib ki,
müsabiqənin şərtinə əsasən, iştirakçı və münsiflərin adları açıqlanmamalı, hekayələr şərti imza ilə təqdim edilməlidir: «Təəssüf ki, Azərbaycanda münsiflər heyətinə müxtəlif təsirlər var. Təzyiq göstərən belə iştirakçı və münsifin adları da son anda açıqlanacaq». Qeyd edək ki, Yazıçılar Birliyinin katibi, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid «Media forum» saytına açıqlamasında müsabiqənin normal keçdiyini, yalnız bir yazı ilə bağlı münsiflər heyətinin üzvləri arasında fikir ayrılığı olduğunu söyləmişdi.
«Media forum» saytı türk dünyasının yazarları arasında keçirilən hekayə müsabiqəsinin Azərbaycanda təşkilatçısı olan «Ulduz» jurnalının baş redaktor müavini Qulu Ağsəsin məsələyə münasibətini öyrənmək üçün ona müraciət edib. Q.Ağsəs bildirib ki, iyulun 30-da mətbuat konfransı keçiriləcək və o, münsiflər heyətinin üzvü kimi öz mövqeyini həmin tədbirdə açıqlayacaq: «O vaxta qədər isə münsiflər heyətinin üzvləri bir daha toplaşıb mövzu ətrafında müzakirə aparacaqlar».
Münsiflərə təzyiq edilib-edilməməsi məsələsinə gəlincə, Q.Ağsəs E.Hüseynbəylinin münsiflər heyətinin sədri olduğunu və bir sədr kimi artıq öz münasibətini açıqladığını vurğulayıb: «Gəlin hadisələri qabaqlamayaq. Müsabiqənin şərtlərinə görə, münsiflərin kimlərdən ibarət olması sonda, yəni mətbuat konfransında açıqlanmalıdır. Mən başa düşə bilmirəm ki, «Media forum» saytı Rəşad Məcidin münsiflər heyətinin üzvü olduğu haqda məlumatı necə əldə edib».
Xatırladaq ki, «Media forum» saytı R.Məciddən Yazıçılar Birliyinin katibi kimi münasibət öyrənib və onun açıqlaması olan xəbərdə nə R.Məcid münsiflər heyətinin üzvü kimi təqdim edilib, nə də R.Məcidin özü münsiflərdən biri olduğunu söyləyib. Bununla belə, Q.Ağsəs deyib ki, o, R.Məcidin açıqlamasını «münsiflər heyəti üzvünün açıqlaması» sayır.
Q.Ağsəs bir münsif kimi hər hansı bir təzyiqə məruz qalmadığını söyləyib: «Mənə heç bir təzyiq olmayıb. Bundan artıq açıqlama vermək müsabiqə şərtlərinin pozulması demək olardı. Mən şərti pozmaq istəmirəm».
YAZIÇILAR BİRLİYİNİN KATİBİ QAŞĞARİ ADINA MÜSABİQƏNİN NƏTİCƏLƏRİNİN LƏĞV EDİLMƏYƏCƏYİNİ DEYİR
![]() |
Rəşad Məcid |
Azərbaycan Yazıçılar Birliyinin katibi, «525-ci qəzet»in baş redaktoru Rəşad Məcid Mahmud Qaşğari adına beynəlxalq hekayə müsabiqəsinin nəticələrinin ləğv edilməyəcəyini, bunun üçün hər hansı bir əsasın olmadığını bildirib.
«Media forum» saytına açıqlamasında R.Məcid qeyd edib ki, müsabiqəyə 50-yə yaxın hekayə təqdim olunub: «Münsiflər də onları oxuyaraq dəyərləndirib. Sadəcə, bir hekayə – ikinci yerə layiq görülən bir hekayə müsabiqənin şərtlərində qeyd edilən həcmdən xeyli böyük idi. Onun ətrafında mübahisə vardı. Ola bilər, həmin hekayə müsabiqədən kənarlaşdırılsın».
R.Məcid müsabiqənin normal keçdiyini, münsiflər heyətində 5 nəfərin olduğunu söyləyib. R.Məcidin sözlərinə görə, münsiflərin adları iyulun 30-da müsabiqənin qalibləri elan olunan zaman açıqlanacaq: «Ən çox bal toplayan hekayə müəyyənləşdirilib, bəzi yüngül problemlər var və onunla bağlı ümumi razılığa gəlinəcək».
«Ulduz» jurnalının baş redaktoru Elçin Hüseynbəylinin münsiflər heyəti üzvlərindən birinin iştirakçılara lobbiçilik etməsi barədə dediklərinə münasibətini bildirərkən R.Məcid hekayələrin münsiflərə şərti imzalar altında təqdim olunduğunu xatırladıb: «Hekayələri oxuyanda tanınmış yazıçıları üslubundan müəyyən etmək mümkündür. Amma əsas məsələ birinci yerlə bağlıdır. Çünki bizdə birinci yerə çıxan hekayə sonra türkdilli respublikalarda qalib gələn hekayələr arasında keçiriləcək müsabiqədə iştirak edəcək. Ona görə də elə hekayə seçilməlidir ki, onun digər mərhələdə də yer tutmağa şansı olsun».
E.Hüseynbəyli «Media forum»a açıqlamasında Mahmud Qaşğari adına beynəlxalq hekayə müsabiqəsinin hələ elan olunmamış nəticələrinin ləğv edilə biləcəyini demişdi. O, Münsiflər Heyətində olan bəzi şəxsləri kənara informasiya çıxarmaqda günahlandırmışdı.
Azərbaycanda «Ulduz» jurnalının keçirdiyi beynəlxalq hekayə müsabiqəsini Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresi, Avrasiya Yazarlar Birliyi düzənləyir. Yarışma Azərbaycan, Balkanlar (Qərbi Trakya, Bolqarıstan, Kosovo, Makedoniya, Ruminiya), Başqırdıstan, Qaqauz, İraq, İran, Qazaxıstan, Krım, Qırğızıstan, Özbəkistan, Tatarıstan, Türkiyə, Türkmənistan, Uyğurlar, Çuvaşıstan, Hakasya, Yakutstan, Altay, Tuva, Şimali Kipr Cümhuriyyəti daxil olmaqla 24 ölkə və diyarda keçirilir.
Müsabiqə 2 turdan ibarətdir. Birinci tur ayrı-ayrı ölkələrdə (yerlərdə) keçirilir. Ölkələr üzrə mükafatlandırma 3 əsas və bir həvəsləndirmə yerlərdən ibarətdir. Ölkələrdə birinci yeri tutanların yazıları Türkiyə türkcəsinə çevrilərək ayrı-ayrı türkdilli ölkə yazarlarından təşkil edilmiş münsiflər heyətinə təqdim edilməlidir.
Ölkələrdə əsərlər 30 iyun 2008-ci il tarixinə kimi təqdim edilib və qaliblərin adları iyulun 30-da açıqlanmalıdır. Ölkələr üzrə mükafatlar belədir: birinci yer - 500 avro, ikinci yer - 300 avro, üçüncü yer - 200 avro, həvəsləndirici mükafat -100 avro.
Beynəlxalq mükafatların məbləği isə belədir: birinci yer - 6 000 Avro, ikinci yer - 4 000 avro, üçüncü yer 2 000 avro, həvəsləndirici mükafat -1 000 avro.
Beynəlxalq mükafatlar Ankarada veriləcək.
«Media forum»



