Reklam verin!

Virtual Hiper e-Kitabxana

"Elektron TURAN" - "Virtual AZƏRBAYCAN" - Sadələşdirilmiş Milli e-Axtarış Sistemi

İyul 4, 2008 1:13

  Yeni Güney Azərbaycan poeziyası: Rüqiyyə Səfərli, Məlihə Əzizpür, Məhəmməd Rza Ləvahi

Kult.az saytınını təqdimatında

1“Güney Azərbaycan ədəbiyyatı” həftəsi

Rüqiyyə Səfərli 

1

Duyğularım körpə kəpənək,
Qanad çalır
Həyatımın xəzan vurmuş bağçasında
Payızım küləyində
Al-əlvanlı qanadları


Naxış salır
Qızarılmış yarpaqların üzərində.
Qanadsız duyğular
Körpə kəpənək
Basdırır xəzana
Amansız külək.
2
Anlarla döyüşüb
ona yenilib
yıxılıb
bir daha durmaqdır
yaşamaq!
zülmə
zəlalətə kələfcələnmədən
özgür yaşamaqdır
yaşamaq!
anda ölməkdir yaşamaq!

3

Ürəyimizi torpağımıza gömürdük
Cəsarəti düşüncəmizdə yaşadırdıq
Və ölümü
Nəfəs kimi içimizə çəkirdik
Acılıq süfrəmizin yeməyi olmuşdu
Ahımızsa vulkan püskürdürdü susan dağlarımıza
Və xaça çəkilmiş dilimiz
Fəlakəti haqsızlğı illər boyu tüpürəmədi
Udamadı
Bir ağız dolusu yaşadı
Və susdu!

4
Hanı!

Hanı!
Hanı uçacaqdıq
Ucalacaqdıq
Sevda qanadıyla.
Qanadın yoxdursa
Qanadlanıb
səninlə bilə
uçacayıq demişdin də
hala…
hala sınmış qanadım dikəlir də
bax
sən yoxsan
qanadım da qalxmır.
Sevgilim, söylə də
Bir gün göylərdə quşlanarkən
Məni sürünməkdə görsən
Utanacaqmısın?!

5

Gözlərimdən çəkildikcə
Həsrətin ürəyimə damırdı damcı-damcı
Və ölüm çalqısını calırdı dizlərimə.
Gedəndə çantanda götürdün sevdalı ruhumu
Və məndə qalan
Yol boyu uzanan kölgəm
Yeyilirdi dilim-dilim.
Və bir tək qalacaq
Qurumuş ağaca bənzəyəndir
Şıdırqı yağış altında
Boynu bükük görünürdü.
Bu mən idim
Heç yerdə yonulmayan
Sevgi abidəsi

6

ətləri ətimdən idi onların
qanlarımız tutmurdu.
gözləri düyünlənmiş kipriklərdən baxırdı
halalları da harama yoğrulmuşdu.

yollarımız bir idi sanki
ama ayaqları
ayaqlarım kimi qabarlı deyildi heç.
əl-ələ verdik biz
tüm ulduzları evlərinə dərmək idi amacımız
və bir gecə qonaqlığında
dost gülüşlülərinə pay verəcəkmişdilər.

7

Yaz yağışlarında səpildin şəhərimizə
Gözlərim səni həsrət bağırdı hər kəsə
O yağışlı gün ortada
Qorxurdum
Tapılanda yox olacaqdın
Bəlkə
Yuxularımdakılar kimi.

8

illərcə yaşadığım şəhər
indi qurbət gəlir mənə
o da unutdu Eynalısındakı yediyimiz duz-çörəyi
gözünə dursun demirəm
təki
daracıq küçələrindəki itmiş uşaqlığımı
bir də dağlarında içdiyim andı
tapa bilsəm
əl üzüb köçərəm diyar-diyar
özgənin Təbrizinə.

9

Sözüm dilimdə qurudulandan bəri
Canımı ovcuma yığıb
Özümü ürəyimin fırtınasına vurdum.
Önümdə duran uzun yol
Ölüm qalxanlıydı
Up-uca dağlar boyu uzanmışdı
Və arxamca səpilən anamın göz yaşlarıydı
Məzarımın ətirli suyuna dönüşdü.

10

Gözlərinə baxacaqlar
Ürəyini yoxlayacaqlar
Cibinə belə, əl atacaqlar
Kimliyin ürəklərindən deyilsə…

Ağzın qanlıdırsa tüpürmə, canım
Burada torpağın da gözü var
Alnın fəlakətin aynasıdır
Gülüşlərin gizlətməyəcək onları kəsin
Sus ancaq sus,
Burada yalan yol tutub gedir.

11

Gəncliyim saçlarıma bənzəyir nədən
Zamanla boyasın uduzur
Ömür saniyələr qovrasında yonulur
Sən varlığım!
Zamanla nə olacaqsan?!

12

Oy əsən yel!
külümü savuracaqsan
barı ölkəmə doğru əs
bir gəldiyimə varayım.
qoy sağ əlim ötükənə pay olsun
sol əlimsə sibiryamı tutsun
Araz laylamı sızlasın beşiyində
özləmli baxışlarıma.
qoy torpağım olsun məzarım
kimliyimsə baş daşım
bu anılmayan çağda
oy əsən yel…

1Məlihə Əzizpür

Gəl tanrını yarı bölək
İsti bir əl çörəyi tək
Bir parçası səndə qalsın
parçasın da öksüz uşaqlara verək
gəl dünyanı iki bölək
halal dədə malımız tək
gözəlliklər sənin olsun
pislikləri paxıllara pay göndərək
sevgini gəl bölüşdürək
bir qırmızı alma kimi
gülə-gülə bir diş sən vur
bir diş də mən

yox… yox…
səni bölənmərəm
tanrı ilə də…
dünya ilə də…
sevgi ilə də…
səninlə də…
“SƏN”
Bütövlülklə mənimkisən
Bir tək mənim.

2

Dəli günlərimdi sevgili!
Nə sıqara yarar mənə, nədə çaxır
Gör həsrətin varlığımı necə yaxır!
Şənliyim küflənib sevgi!
O yalançıq gülüşüm də çürüyüb
Gözlərimi qəm dumanı bürüyüb!
Haydı bir azcıq da sən sev!
Mən sevginə yasaqlandım
Olmazlara tutsaqlandım
Haydı …
Yoxsa öləcəyəm.

3

Evlərinə çəkilən yol
Qıl körpüsünə bənzəyir
Suç işləmiş birisinə!
Aman…
Açılmasın qapı!
Yoxluğunun soyuğunu duyuram
içəriyə girərsəm
Donaram cəhənnəmdə.

4

Yoxluqların
ağır yükünü daşımaqdan
çiyinlərim əyiliblər.
Bilmirəm bu nəfəs kəsən fəhləliyin ücrətini
Hansı əllər ödəyəcək!

5

Mor dağlardan dumanları
Ürəklərdən gümanları
Yalançılıq imanları-inamları…
Bir uşağın çantasından
Silgisini çala bilsəm
Siləcəyəm…

6

Mahnıların süd qoxuyur
əllərin su.
Olmayamı sən anamsan?!
Yox…
Anam ki ərkək deyildi
“ləçək”li idi.
Anam üzümə gülərdi
Sən gözümü güldürürsən
anam boyumu oxşardı
sən ruhumu oxşayırsan
anam məni çox istərdi
bilmirəm sən…?!

7

Bu gecə pəncərəni açıq qoy nə olar!
Yaman darıxıram.
Bəlkə boylandım gözəlliyinə
Təkliyimin arxasından.
Bir də
Gözlərini qapatma olursa
Yaman darıxıram
Bilmirsən ki…

8

Bir oynaqcıl dəli şair
Payız ilə adaxlıdı
Bütün yağmurlu günlərdə
Başmaqlarında toy tutar.

9

Varlığımın çərçivəsi
Dörd mismarla bərkinibdi
Biri tanrı
Biri anam
Biri umud
Birisi də…

Yoxluğunun uçurumundan asılmışam
Son mismarım,
Qurtar məni
Bu uçuşdan!

10

Baxışını məndən alma, yaz nəfəslim!
Qoy
Barışan ulduzumuzu
Gözlərində parlaq görüm.
Ay tanınmaz əski tanış!
İnan susmaqdan yorulmuşam
Gəl məni
Bostan qorxularının qaranlıq şəhərindən al
Nağıldakı bəbəklərin yurduna götür.
Gəlişinə tələs
Addımların üçün
Bir qucaq qızıl gül nəzirim var.

11

Dəli-dəli gülüb demə uşaqsan!
Bir baxsana
Başarıram saymağı
BİR…
İKİ…
Sonradan ÜÇ…
iyirmi iki yaşım var
Başarıram sevməyi.
Başarıram səni şeirə qatıb içəm
Gözlərindən əynimə bir donluq biçəm
Düşlərinə cığır salıb oradan keçəm.
Başarıram səni səndən alıb qaçam
Ürəyindən ürəyimə bir yol açam
Ay ulduzlu tünlərinə sevinc saçam.
Başarıram baxışından balıq tutam
Başarıram gülüşündən alma dərəm
Başarıram…
Ancaq bir an sənsiz yaşamağı
Başarmıram…
Başarmıram…
Başarmıram.

12

Sən ayrıldın ürəyimdən
Ölkəmdən ayrılan
QARABAĞ
Kimi…

13

Tərbiyəsiz uşaq kimidir yaşam!
“nə dil qanır, nə də tanrı”
Şımarıq-saymaz.
Birisinin ağzını əyir
Birisinə söyüş verir
Birisinə boğma basır
Birisini yıxıb qaçır
Birisinə tikə tutub
Birisindən acıq açır.
Tərbiyəsiz uşaq kimidir yaşam!
Təmkinsiz-şıltaq.
Zəhləsini qaçırdır adamın
Bu
Anası babası bəlli olmayan sırtıq.

14

Dörd duvar arasında doğuldum
Dörd duvar arasında ovundum
Dörd duvar arasında düşündüm
Dörd duvar arasında boğuldum.

İndisə
Mənimlə özümün ortasına
Polad pərdələr çəkirlər
Dörd duvar arasında.

15

Köynəyinin yaxasını aç
Köksünü görüm

Offfffffff
Buradakı dost izi var, anam
- necə də mehriban əlləri varmış-
Pambıqla kəsib döşlərini
Heç incitməyib, gözlərindən bəllidi

Qoy kürəyinə də baxım
Yaralarına toxunmaram, qadan alım
Yalnız söylə
Bu, qamçı-qamçı qan yolların sonunu
Kimdən xəbər alım

Olursa yaşmağını da aç
Gülümsəməni görüm, lütfən
Ağlamaram söz vermişəm
- türk kimi-

Ama,
Yaylığını götürmə kəsin
Götürmə yaylığını

Sənə gələrkən gördüm
Saçlarından
Çatı hörmüşdülər dar ağaclarına

Dur yola sal məni anam
Saçlarını geri almağa gedirəm
NAMƏHRƏM ƏLLƏRDƏN
Dua et mənə
Maralım
Yaralım…

Məhəmməd Rza Ləvahi

 

Hey bə ziyalılar, hey

Məni bir otaqca da dözəmmədiniz
Kölgəm
azadlığı yapdı duvarlara!
qaşlarım qartallandılar özgürlük havasında
kipriklərim durnalandılar qurtuluşa
dodaqlarımdan öyrəndiniz dalğalanmağı
gözlərimə sataşıb aydınlaşdınız
aydın oldunuz!

ilim alovlandı gecələrinizdə
ürəyim nar kimi əlinizdə partladı!
Quzu tək yalnızlığımı tikələdiniz
Hey, quduz yoldaşlarım mənim!
Tanrının qaraltısıyam bu gecə
göyü, ulduzlar qədər iynələyirəm
boylar biçilmiş torpaq əyninə
saat qayçılayır yumru taleləri
həyat tikişə gəlməyir, hayıf!

aşağımda bir budaq
şallaq çəkir boşluğa
küçə yalnızlığımı bağışlamış polislərə
şəhər bir kefli mənzərə

bir dəhşət oyağıyam
asılmış qələm ucundan
yaratdığım sətirlər qazilərim
yaratmadığım sətirlər şahidlərim
otuz ildir bu şəhərdə
mən boyda bir cinayət üz vermiş
hamı xəbərsiz.
otuz il, otuz qətl
illər cənazəsini namaza duracaq insan
illər cənazəsi, illənmiş indidən
illərimə daraşdınız
pendirə düşən qurdlar kimi.
İllərinizi sərdiniz yellər şəritinə
tarixə qurd düşdünüz yaman
gözlərimizi oğurlayıb ziyalandınız
gözəlliklərimizə bəyləndiniz…

Hey! Bəylər, ziyalılar, hey!
o qədər aydın yaşadınız ki…
kölgənizə həsrət yaşadınız
bağırtı çağında ağızlar
bir öpüşlə
yumuldu
və yumruqlar
paraya açıldı…!

Məni bir şimşəkcə də
dözəmmədiniz
qaranlığınızda…

Azadlığı sümsünmə xiyabanlarda

Giley yeri yoxdur
uçurum özümdən başlandı
Batını özüm qan qusdum kağıza
atamın əkdiyi röya
deyiləm ya?!

Giley yeri yoxdur
asfalt yolların sonu
bir fıt ilə düyümlənir
alovlu şəkillər bitmədə
Baqqallar gündüzü çeynəyirlər!
Qəssablar saatları şaqqalayırlar!
Çörəkçilər həyatı kündələyirlər!

partiyaçılar, kağızlarla savaşmada
qızcığazlar, telefonlarla sevişmədə
gözlər üzüm kimi dənələnmədə
sürücüləri ovuşduran yorğunluq
süzülür hamıya, hər şeyə.
Öpüşlər dənizlərdən iraq düşən balığı yamsılamaqda
məktəblərdə, beyinlər
girdəkan kimi çalınır
xəstəxanalarda qadınlar doğmayırlar
ərik kimi çərdəklənirlər!

Giley yeri yoxdur
burası Təbriz
səninləyəm, hey!
Azadlığı sümsünmə xiyabanlarda, insan oğlu!
Azadlığı tüfəng edib əkmə bağçalarda
Azadlığı öl bir axşamüstü
Öl!
Giley yeri yoxdur…

TƏBRİZ 2006


1
nazilegultac yazıb:

əzizim məlihə əzizpur şerlərini oxudum.dyğulandım.əgər istəsən mənim e-mailimə məktub yaz mən də şairəm

İyul 12, 2008 17:32

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha


© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com