Reklam verin!

Virtual Hiper e-Kitabxana

"Elektron TURAN" - "Virtual AZƏRBAYCAN" - Sadələşdirilmiş Milli e-Axtarış Sistemi

İyun 30, 2008 21:26

  Gülnarə RƏFİQ. "Jül Vern – reallıq onu fantaziyalarının dalıyca çatdıra bilmirdi"

«Düma tarix üçün nə edibsə,  mən də həmən işi coğrafiya üçün edəcəyəm!»

Lonqevil bulvarındakı qüllədəki otağın pəncərəsində sübh açılmazdan xeyli əvvəl işıq yananda hamı bilir ki, metr Vern hamıdan əvvəl oyanıb növbəti kitabı üzərində işə başlayıb.

Amma adəti üzrə şam yandırsa da, artıq ona işıq lazım deyil. Axı gözləri tamam görmür. Çox çətinliklə hərəkət eləyir. Onu artıq ölmüş kimi sayan Etsel nəşriyyatı da onun adından işləyən bir qrup yazıçının yazdığı romanlar seriyasını buraxmaqda davam eləyir. Yox, indi o, qalxacaq və yazmağı rahatlaşdıran qurğunun köməyilə yazacaq. İlahi, bir vaxtlar dənizləri əldən-ayaqdan salmış insan indi ayaqlarını güclə sürüyür. Gözlərini yumub mürgüləməyə başlayan kimi arzularının gəmisi artıq kirpiklərinin üstündən üzməyə başlayır…


Xəyallardakı səyahət

«Korali» adlı şxuna sahildən uzaqlaşdıqca 11 yaşlı Jülün sevincdən ürəyi az qala partlayacaqdı. Kapitana, şkiperə və botsmana öz xidmətlərindən ağızdolusu danışan uşağın üzünə tale gülümsəməyə başlayırdı. Onu gəmiyə yunqa kimi götürmüşdülər. Həm də ki, gəmi onun sevimli kuzinasının adıyla həmahəng idi. O, Karolinaya uzaq ölkələrdən mərcan boyunbağı gətirsəydi, bəlkə balaca Jülə diqqət verərdi. Amma atası vəkil kantorunun sahibi Pyer Vern xəbər tutanda buxar qayığında gəmini haqladı və oğlunu arzularına çathaçatda haqlayaraq geri qaytarır. Evə qayıdan kimi isə onu yaxşıca kötəkləyib uzun müddət çörək və sudan başqa yeməyə heç nə vermirlər. Cinayət başında tutulmuş Jül atasına söz verir ki, bundan sonra yalnız xəyallarında səyahət eləyəcək. Evə qayıtsa da, ürəyini əbədi olaraq gəmi göyərtəsində qoydu…
Doğulduğu Feydo adası da konturuna görə gəmiyə bənzəyirdi. Jül provanslı Pyer və yerli breton olan Sofi Vernin ilk uşağıydı. Sonradan daha dörd bacı və qardaşı da doğulmuşdu. Vern ailəsində vəkillik irsi peşə sayılırdı. Atası öz vəzifəsini o qədər dəqiq yerinə yetirirdi ki, «Vern kimi dürüst və vicdanlı» məsəli adamların dilindən düşmürdü. Jül də Parisdə oxuyub qayıdandan sonra evlənib ailə biznesinin başında dayanmalıydı.

«Qırıq saman çöpü»ndən yapışanda…

Jül Parisdə dostu Eduardla bir otağı bölüşürdü. Onlar çox vaxt nahar yeməməklə qənaət eləyirdilər. Atası düşünürdü ki, ayda cavan oğlana 100 frank göndərmək böyük israfçılıqdır və Paris həyatı onu yoldan çıxarmasa, daha yaxşı olar. İki cavan oğlanın ikisinə bir frakı vardı və onlar kostyumu növbə ilə geyib adam arsına çıxa bilərdilər. Jül Paris cazibəsinin bəlkə də ən tez yoldan çıxaran azarına yoluxmuşdu. Teatra aludəçilik ona cibində bir qəpik pul saxlamağa imkan vermirdi. Bir dəfə Jül Vern sevimli yazıçısı Şekspirin pyeslər məcmuəsinə xərc çəkdiyi üçün 3 gün yeməksiz qalmalı olmuşdu, çünki yemək almağa pulu qalmamışdı.
O, dövrün ən koloritli fiquru sayılan Aleksandr Düma – ata ilə tanış olur. Süni fəvvarələrlə, atəşfəşanlıqla, Qarqantua ruhunda naharlarla məşhur olan «Monto Kristo» qəsrinin sahibi bu cavan oğlana diqqət verir. Heç kim üçün sirr deyildi ki, Düma bu vaxt cavan yazıçıları qoltuğuna çəkib himayədarlıq eləyən yazıçılıq birliyi kimi işləyirdi. O özü romanların planını cızır, ardını cavanlara həvalə edirdi. Onu yalnız şagird kimi gözaltı eləmiş Düma Jül Vernə yazıçılığın dadına baxmağı təklif edir. Həmin qəsrdən çıxanda Jül Vern «Düma tarix üçün nə edibsə, mən də həmən işi coğrafiya üçün edəcəyəm» deyir. Amma coğrafi roman janrını yaradanda paralel olaraq həm də köynək önlüyü almaq barədə düşünmək çox çətin olur. Onsuz da köynəyin arxası deşik-deşikdi, amma bunu heç kim görmür.
Atasının heç xəbəri də yoxdu ki, Jül artıq qanun mantiyasını unudub gecə-gündüz teatr üçün yazmaqla məşğuldur. Yazdığı ilk tarixi əsərləri Düma heç bəyənmir. Amma «Qırıq saman çöpü» adlı vodevili tamaşaya qoyulur. 12 dəfə səhnədə duruş gətirə bilən tamaşa müəllifinə 15 frank gəlir gətirir. Amma aktyorlar onun yazdığı dialoqları səhnədən səsləndirdiyinə görə Jül son dərəcə xoşbəxt idi.

O, öz hava şarından düşmür!

1856-cı ildə dostunun toyuna gedəndə təsadüfən gələcək həyat yoldaşına rast gəlir. Cəlinin bacısı 26 yaşlı Onorine artıq dul qalmış və iki uşağını tək böyüdən bir xanım idi. Parisə qayıdanda Jül evə yazdığı məktublarında anasına vurulduğunu və evlənmək istədiyini bildirirdi. Evlənmək və arvadını iki qızıyla birgə dolandırmaq üçün atanın köməyi lazım idi. Oğlunun evlənəndən sonra düz yola qayıdacağına böyük ümidlər bəsləyən ata birjada yer almaq üçün 50 min frankına da heyfi gəlmir. Evlənəndən sonra onlar kasıbsayağı evdə məskunlaşmışdı. Parisi özüyçün fərəhlə kəşf eləyən Onorina ərinin qəribəliklərindən məyus olurdu. O, səhər beşdə ayağa qalxaraq birjaya getmək vaxtı gələndən qəribə «elmi roman»ın qeydlərini cızırdı. Əlinə imkan düşən kimi də səfərlərdən imtina eləmirdi. Şotlandiyaya səfərdən geri qayıdanda apardığı dəftərçədə qeydlərin əlindən bir qırıq yer də qalmamışdı. Səfər zamanı dünyada ən iri gəmini görəndən sonra Jül Vern özünə söz verir ki, nə vaxtsa həmin gəminin göyərtəsində olacaq.
Gəmiyə aludəçiliyi aeronavtika ilə məşğul olan fotoqraf Nadar ilə söhbətlərlə əvəz olundu. İndi Jül Vern hava balonunda səyahətdən yazmağı sayıqlayırdı. «O, öz hava şarından düşmür» deyən Onorinanın narahatlığı artmağa başlayır. Çünki qələmlə qaralayıb tulladığı kağızlardan masanın sağ dolabı get-gedə ağırlaşırdı.

Tənqidçilər onu quruluqda ittiham edir

Parisin ədəbi dünyası həyəcan içindəydi. Axı məşhur naşir Etsel Fransaya qayıtmışdı. Balzak, Sand, Lamartin onun müəllifləri və dostlarıydı. Etsel «Tərbiyəvi və əyləncə jurnalı» yaratmaq fikrində idi. Jül Vern əlyazmalarını naşirin yanına gətirəndə o, bər-bəzəkli yataqda xəstə yatırdı. Əlyazmanın 20 səhifəsini oxuyandan sonra Etsel anlayır ki, əlindəki əlyazma onun axtardığı romandır. O, özü romandan ayrıla bilmirsə, gör yeniyetmələrə necə maraqlı olar? Naşir özü üçün riskli qərar qəbul eləyir: bu cavan yazıçının nəinki uçan şardan bəhs edən romanını çap eləyəcək, üstəlik, onunla 20 illik müqavilə də bağlayacaq. Bu müqaviləyə əsasən yazıçı hərəsinə 2 min frank dəyərində qonorar almaqla ildə iki roman verməlidir. Ömrünün sonuna kimi Etsel Jül Vernin yecanə naşiri və dostu olaraq qalacaqdı.
İlk roman oxucuya çatandan sonra Parisin bütün nəşriyyatları başını sındırırdı ki, görəsən, əsərin məşhurluğunun səbəbi nədədir? Axı əsərdə bir dənə də sevgi macərası, intriqa yoxdur. Əsərin qəhrəmanı Ferqüsson 5 həftə ərzində Afrika üzərində səfər eləyib sonda Nil çayının mənbəsini kəşf eləyir. Amma əslində Nilin mənbəsi hələ tapılmamışdı. Oxucular hava şarının olmasına da, çayın mənbəsinin tapılmasına da inanmışdılar. Həmən ilin sonunda havaya ilk şar qalxanda camaat «Yaşasın doktor Ferqüsson!» çığırıb alqışlayanda şarın yaradıcıları bir qədər pərt olmuşdular. Nilin mənbəsi isə il yarımdan sonra kəşf edildi. Kəşfiyyatçıların tapdığı şəlalələr eynən yazıçının təsvir elədiyi kimi idi, özü də kitabda göstərilmiş yerdə… İndi Jül Vern açılmamış torpaqlara səfər eləyəndə oxucularını da özüylə aparırdı. Amma naşirlər və tənqidçilər yazıçını insan hisslərindən uzaq, sevgisiz romanlarını da quruluqda ittiham edirdilər.

«Vaxt gələcək, elm fantaziyanı qabaqlayacaq»

Sevimli romanı «20 min lye su altında»nı yazandı Vern gününü kitabxanalarda keçirirdi. Bu dəfə o, sualtı gəmilərin quruluşu ilə maraqlanır. Sualtı gəminin ideyası əlbəttə ki, Vernə məxsus deyil. «Tısbağa» adlı sualtı gəminin yaradıcısı amerikalı mexanik Başnelin və «Nautilius»un (Vern öz gəmisinin adını ondan götürüb) müəllifi Robert Fulton Jul Vernin «20 min lye su altında» əsərini oxusaydı, yəqin ki, paxıllıqdan bağrı çatlayardı. Çünki Jül Vernin sualtı gəmisi öz kapitanı Nemosu ilə daha kamil idi. Jül Vernin fantaziyaları az qala öncəgörməlik səviyyəsində idi. Reallıq isə yazıçını sanki izləyirdi. Roman çıxandan bir il sonra torpedalar da kəşf edildi. Jül Vern bir sıra elmi kəşflərin hələ edilmədiyi bir vaxtda əsərlərində onlar haqqında məlumat vermişdi. Akvalanqların, televiziyanın, kosmik uçuşların olmasını təsvir eləmişdi. Əsərlərində elektrik stulu, sualtı gəmi, təyyarə, vertolyot, kosmosa uçan reaktiv mühərrikli raket haqqında yazmış, Avropanın mərkəzində eynən Eyfel qülləsinə bənzər qüllənin təsvirini vermiş, planetlərarası gəzintilərin haqqında ilk dəfə o yazmışdı. Bəzi yazılarından anlamaq olur ki, o, atom enerjisinin mövcudluğundan da xəbərdar idi.

Dənizlə quru arasında

Arvadı ilə münasibətləri əvvəlki kimi soyuqdur. Onlar bir-birini anlamır və maraqlarını da bölüşmürdülər. Evdən bezən kimi gəmisinə minib səyahətə çıxan Jül Verni naşiri yaxşı yazıçı kimi, arvadı isə yaxşı ər kimi görmək istəyir. Ailə üzvlərindən başqa heç kim bilmir ki, arvadı ilə Jül artıq çoxdandır ki, bir-birinə yaddır. 
Jül Vern Amyendə malikanə alanda hamı razıdır. Jül Vern ikinci mərtəbədəki kabinetinə, arvadı isə iri qonaq otağına görə sevinir. Adəti üzrə yazıçı səhər 5-də yataqdan qalxıb meyvə, pendir və isti şokoladla nahar elədikdən sonra işə başlayır. Axı oxucular kapitan Nemonun kim olduğunu bilmək istəyir. «Sirlər adası» kitabı oxucusuna çatandan sonra heç kim tənqidçilərin dediklərinə qulaq vermir, hamı yazıçının yazdığına inanırdı. Sayca üçüncü gəmisini alanda nə arvadı, nə də naşiri sevinirdi. Onlar hər ikisi yazıçını qorxulu səyahətlərə buraxmaq istəmirdi. Axı qəzetlər gəmi qəzaları haqqınnda elanlarla dolu idi. Yazıçı Aralıq dənizi və Şimal dənizinə səfər elədikdən sonra sevimli gəmisini satmalı olur. Onun saxlanması çox baha başa gəlirdi.
Bir vaxtlar Jül Vern birjada işləmək üçün teatra xəyanət eləmişdi. İndi «80 gün Yer ətrafında» əsərini teatrda tamaşaya qoymaqla günahını yumaq fikrindəydi. Vernin ciddi sərtliyinə artıq öyrəşmiş oxucu üçün Filias Foqqe adlı ingilisin gülməli əhvalatı tam gözlənilməz idi. «Foqqomaniya» öz apogeyinə çatanda romanıın hissə-hissə çap olunduğu jurnalın nömrələri isti pirojki kimi «soyumağa» macal tapmamış satılırdı. Amerikanın gəmi kompaniyaları şirkətin adının romanda çəkilməsi, qəhrəmanın məhz onların gəmisində səyahət eləməsi üçün müəllifə milyonlar verməyə razı idilər. Jül Vern isə heç kimi reklam eləmək fikrində deyildi. Teatrda bu əsər tamaşaya qoyulan günü teatrın arxa qapısında toplaşmış adamlar içəri salınacaq canlı fili görməkçün yığılmışdılar. Teatr xərcə düşməkdən çəkinməmişdi. Zalda tamaşaya baxanlar 19-cu əsrdə mövcud olmuş bütün tryukları və effektləri bir tamaşada görə biləcəkdi. Səhnədə zəhərli ilanlar sürünür, vəhşi qəbillərin aborigenləri qaçışırdı.

Nankor oğulla çarpışmada

Oğlu Mişelin 15 yaşı tamam olanda Jül Vern ona qəribə bir hədiyyə eləmək fikrinə düşmüşdü. O, oğluna «15 yaşlı kapitan» romanının qəhrəmanı Dik Sendi hədiyyə eləmək istəyirdi. Mişel üçün Dik Send nümunə kimi nəzərdə tutulmuşdu. Mişelin isə buna həqiqətən də ehtiyacı böyük idi. Oğlunun tərbiyəsini başlı başına buraxmış Jül Vern uşağın belə ərköyün böyüyəcəyini düşünmürdü. Artıq 16 yaşı olanda Mişel islahedici müəssisəyə yerləşdirildi. Ordan çıxanda daha da artıq qəddarlaşmışdı. Elə bil ki, atasına narahatçılıq yaratmaq məqsədini güdürdü. Fasiləsiz yaratdığı borcları həmişə atası ödəməli olurdu. Axırıncı dəfə türməyə düşəndən sonra yazıçı avara oğlunu uzun sürən dəniz səfərinə lotsman köməkçisi kimi göndərir. Jül Vern daimi mübahisə və pul tələblərindən cəmi 18 ay istirahət eləyə bildi. Oğlan evə qayıdan kimi hər şey yenidən təkrarlandı. Səbri tükənmiş Jül Vern oğlunu evdən qovdu. Atasının acığına aktrisalarla bir neçə dəfə evlənib boşanandan sonra jurnalistliyi, atasının kitabları əsasında film çəkməyi, müxtəlif ticarət fırıldaqlarını təcrübədən keçirdi. Jül Vern əvvəlki kimi oğlunun borclarını ödəməkçün ikiqat, üçqat işləməli olurdu. Sevimli yaxtasını da oğlunu borca görə türmədən xilas etməkçün satmalı olmuşdu.

Axsaq, kor və kar kapitan «Nemo»

1886-cı ilin yazında bütün qəzetlər yazıçı Jül Vernin qardaşı oğlunun onu güllələməsi barədə yazırdı. Sevimli qardaşı oğlu gözlənilmədən havalanaraq əmisindən pul tələb edir. Sonra isə onun ayağına güllə atır. Sonralar istintaq zamanı o, etiraf etmişdi ki, bunu unudulmuş əmisini bir daha yada salmaqçün eləyibmiş. Jül Vernin ayağında ilişib qalmış gülləni çıxarmaq mümkün olmadığına görə yarası sağalmırdı və ayağının ağrıları ömrünün sonuna kimi həyatını dözülməz eləmişdi. Amma Jül Vern əl ağacına dayaqlanaraq həmişəki kimi kitabxanaya gedir, çünki bir neçə romanını bitirməyə tələsir. Axı bütün bunlar azmış kimi, onun gözləri də zəifləməyə başlamışdı. İndi hər səhər sübhdən otağında yandırdığı şamın işığı artıq onun yazdıqlarını deyil, sularda azmış gəmilərin yolunu işıqlandırırdı.
Kapitan Nemo öz «Nautilus»unda dəfn olunmaq istəmişdi. Sualtı gəmi yavaş-yavaş su altına çökürdü ki, bir daha üzə çıxmasın. Amma onun yaradıcısının dəfni qəhrəmanınkından daha maraqsız oldu. Şəkər xəstəliyinin kəskinləşməsindən vəfat edən yazıçı  sevdiyi okean sularında yox, adi insanların yatdığı Amyen qədristanlığında əbədiyyətə qovuşdu.

E-mənbə: http://bizimyol.az/?mod=news&act=view&nid=12464


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha


© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com