Məmməd Süleymanov. "Çe. Gerilyanın son həftəsi"
"Çe. Gerilyanın son həftəsi" dedikdə Boliviya epopeyasının 1967-ci il oktyabrın 1-dən 8-nə qədər olan dövrünü nəzərdə tuturam. Gerilyerosların sayının vur-tut 17 nəfər olduğu bu dövrdə belə Çe özünəinamını saxlayır, uğurlu inqilaba inanırdı. Halbuki, artıq yaydan bəri partizanlar Boliviya kəşfiyyatının və ordusunun ovcunun içində idi.
Sentyabrın 1-də içlərində Tanya da daxil olmaqla, Xoakinin dəstəsi həlak oldu. Sentyabr döyüşlərində Çe silahdaşları Migel, Koko və Xulionu itirdi. Bir tərəfdən də Kamba və Leon əsir düşdülər və tezliklə Çe haqqında izahatlar verməyə başladılar.
Çe "Boliviya gündəliyi"ndə sentyabr ayının analizini verərək yazırdı: "Bu ay bizim qüvvələrimizin bərpası ayı olmalıydı və demək olar ki, oldu da". İfrat optimizm? Reallıq hissinin itirilməsi? Nə bilim.
Çe ilə qalan 16 döyüşçüdən "Doktor" (Çenin həmfamili Gevara) naxoşdur, Çino isə əsl yükdür. Bu eynəkli intellektual Perudan Boliviyaya heç də qalmaq üçün yox, Çedən silah almağa pul götürüb geriyə dönmək üçün gəlmişdi. Ancaq Tanya kimi o da şəraitin və təsadüflərin nəticəsində partizanlarla qalmalı oldu. Özünü Peru gerilyasının gələcək lideri kimi görən Çino ilə gecələr yol getmək ümumiyyətlə, mümkün deyil - ən yaxın məsafəni də görmür, tez-tez eynəyini itirir. Və 8 oktyabr - son döyüş də haradasa Çinonun ucbatından baş verdi. Yəni gerilya həmin gün süqut etməyə bilərdi.
Bununla belə, Çe sonuncu döyüşçülərə inamla yanaşır. "Mənimlə qalanların əksəriyyətinin mənəvi ruhu yüksəkdir. Bir balaca şübhəm yalnız Villi barədədir. İstisna etmirəm ki, ordu ilə ilk toqquşmadaca gizlənməyə çalışacaq. Gərək onunla danışım".
Ancaq bu cür olmadı. Son anadək yaralı Çenin yanında məhz o qaldı və Komandante ilə birlikdə əsir götürüldü. Sonra da işgəncələr və edam…
Onun nikbinliyinin bir səbəbi də oydu ki, Xoakinin dəstəsinin həlak olmadığına inanırdı. Baxmayaraq ki, radiodan bu barədə xəbərləri dinləyirdi, yalnız oktyabrın 1-də Çe gündəliyində "Digər dəstənin ləğvi xəbəri deyəsən, doğrudur" yazır və oradaca əlavə edir: "İstisna deyil ki, haradasa partizanların kiçik qrupu qalıb və ordu ilə qarşılaşmamaq üçün meşədə hərlənir". Ancaq tezliklə ölənlərin adları sadalanır, Tanyanın cəsədinin hadisə yerindən xeyli aralıda sudan çıxarılıb La-Pasa aparıldığı, bunun üçün hadisə yerinə hətta prezident Barryentosun gəlməsi bəlli olur. Çe birdəfəlik anlayır ki, ona qalan yalnız bu 16 döyüşçüdür və ətraf aləmdən tam izolyasiyadadır.
Bundan sonra əsl sərgərdan həyat başlayır. Oriyentirləri itirib, 4 yandan mühasirədə, onları satmağa hazır kəndlilərlə kontakta girmədən gerilyeroslar hər gün çətin şəraitdə hərəkət edərək sıx meşəlik axtarırlar. Valye-Qrande dağlarına çatmaq və nə vaxtsa Syerra-Maestrodakı kimi burada toparlanmaq - budur maksimum proqram. Aclığa susuzluq da qoşulur. "Yolu azdıq, bütün gecəni yatmadıq, şam yeməyi hazırlamağa imkan olmadı, susuzluqdan əziyyət çəkirik", oktyabrın 2-də Çe yazır.
Əsir düşmüş Leon və Kambanın dil ağıza qoymadan izahatlar verməsi Fernando (Çenin təxəllüsü), onun xəstə və zəif olması barədə danışdıqlarını radio ilə eşidən Çe oktyabrın 3-də yazır: "İki qəhrəman partizanın acınacaqlı bitən tarixçəsi". Həm də bilir ki, radio əsirlərin heç də bütün söylədiklərini açıqlamır. Artıq o vaxt tamamilə bəlli olur ki, nicata ümid qalmayıb və tələ tezliklə qapanacaq.
"Radio elan etdi ki, əgər məni 4-cü diviziyanın əsgərləri əsir alsa, məhkəməm Kamiridə olacaq, yox əgər 8-ci diviziyanın əlinə keçsəm, Santa-Krusda mühakimə edəcəklər", - Komandante oktyabrın 4-də yazır.
Bəli, o güllələnəcəyinə, edam olunacağına inanmırdı. Eyni vaxtda da uduzduğunu və əsir alınacağını anlayırdı. Şəxsi ölümünü isə qətiyyətlə istisna edirdi. Fərz edirdi ki, Monkadaya hücumdan sonra Batista Fideli mühakimə etdiyi kimi, onu da Barryentos mühakimə edəcək. Yaxud "Danton" ləqəbli Reji Debre kimi. Ancaq fransız üzərində qurduğu proses Barryentosa çox baha başa gəlmişdi və çətin ki, "Yetim" ləqəbli Boliviya prezidenti ikinci dəfə bu cür səhv buraxardı. Çe isə bu variantı hesablayıb qəbul edə bilmirdi…
Get-gedə artan yorğunluq və ümidsizliyə susuzluq da qoşulur. Oktyabrın 5-də Çe gündəliyinə yazır: "Beninyo və Paço su tapmaq üçün kəşfiyyata yollandılar və əliboş qayıtdılar. Su içmədən axşam yola çıxdıq. Adamlar susuzluqdan çox yorulub. Eustakio isə biabırçı səhnə düzəltdi. O, ağladı, çünki içmək istəyirdi".
O ki qaldı döyüşçülərin fiziki sağlamlığına, vəziyyət yenə ürəkaçan deyil. "Beninyonu müalicə etdim, onun yarası irinləyib. "Doktor"a (boliviyalı həkim Gevara) iynə vurdum. Gecə Beninyo yarasındakı ağrılardan şikayətləndi", - Çe həmin güncə yazır. Bununla belə, Eustakionun ani zəifliyini çıxmaq şərtilə, heç kəsdə ruh düşkünlüyü yoxdur. Komandantedə həmçinin.
Onun son 3 gününün qeydlərində narahatlıq notları sezilsə də, ümumi əhval inamsızlıqdan uzaqdır. Çe əsir düşmüş gerilyeroslar barədə məlumatlara da ironiya qarışıq sakitliklə yanaşır: "Radio xəbər verdi ki, bizim kambalar (Kamba və Leon nəzərdə tutulur) Kamiriyə aparılıb, orada Debrenin məhkəməsində şahidlik edəcəklər".
Səhəri gün - aprelin 6-da nəhayət ki, su tapırlar. İri bir ağacın çətiri altında yerləşib günorta yemək hazırlayırlar. Son döyüşə saatlar qalırdı. "Bütün günü özümü həyəcanlı hiss etdim, çünki işıqlı vaxtlarda adamlar olan yerlərdə çox göründük", - Çe 6 oktyabrda yazır. Elə həmin gün radiodan eşidirlər ki, onların axtarışına 1800 əsgər cəlb edilib.
Və nəhayət - 7 oktyabr, Çenin son qeydləri. Həmin gün onun Boliviyaya gəlişinin 11 ayı tamam olur. 1966-cı ilin 7 noyabr günü (əlbət, gün simvolik seçilmişdi, Oktyabr inqilabının ildönümü günü) o, Uruqvay biznesmeni Ramon adı ilə Boliviyaya ayaq basmışdı. Gəlmişdi ki, 7 noyabrda özünün Oktyabr inqilabını başlasın. İndisə onun öz planlarını sərt reallıqla tutuşdurmaq imkanı var. Müqayisə kədərə yol açır - heç nə alınmadı, yerli əhali onu nəinki müdafiə etmədi və nəinki neytral qalmadı, əksinə - hökumətə kömək edərək gerilyaya qarşı işlədi. Yerli kommunist partiyası analoji mövqedə dayandı. Kubadan yardım yoxdur, La-Pasdakı adamlar həbs olunub, köhnə qvardiyanın üzvləri və Tanya həlak olub. Cəmisi 17 nəfərlik yorğun və ümidsiz bir dəstə qalıb. Bütün arqumentlər ondan xəbər verir ki, Çe mübarizəni uduzub. Həm də birdəfəlik.
Ancaq o, bu cür düşünmür. Oktyabrın 7-sində Komandante yazır: "Gün çətinliksiz keçdi, hətta deyərdim ki, idillik". Sonra isə günorta partizanların olduğu dərəyə keçilərini otaran qarı yaxınlaşır. Onu tutub saxlayırlar, suallara heç bir cavab ala bilmirlər. Axşam 6-nın yarısında İnti, Aniseto və Pablito qarının daxmasına yollanır. Qarının 2 qızı var - biri psixi xəstədir, digəri cırtdandır.
"Ona 50 peso verdik ki, bizi gördüyünü heç kəsə deməsin. Ancaq çətin ki, vədinə əməl edəcək", - Çe peşmançılıq hissi ilə yazır.
Həmin gecə zəif Ay işığında yola çıxırlar. "Keçid çox çətindi, arxamızda çoxlu izlər qoyduq. Gecə 2-də dincəlmək üçün dayandıq. Sonra yolu davam etdirməyin mənasızlığı nəticəsinə gəldik. Gecə keçidlərində Çino əsl yükə çevrilir".
Bəli, Çinoya görə partizanlar bu dərədə qalmalı olurlar. Perulunu atıb getmək onların heç ağlına da gəlmir. Nəticədə isə tələyə düşürlər.
Çenin "Boliviya gündəliyi"nin son cümlələri: "Ordu qəribə bir məlumat yaydı: Serranoda 250 əsgər 37 partizanın yolunu kəsib. Guya biz Asero və Oro çaylarının arasında dayanmışıq. Məlumat mənə əyləncəli göründü".
Çenin gündəliyi bu sözlərlə də bitir. Məğlubluğuna bir neçə saat qalmış bu adama əyləncəli gələn isə çayların adlarıydı. İspanca "Asero" - polad, "Oro" isə qızıl deməkdir. Poladla qızıl arasında.
Bu ironiya həm də Çenin azacıq panikadan belə uzaqlığını göstərir. O, sakit və güclüdür.
Son döyüş yuxarıdakı kəlmələr yazılandan bir neçə saat keçmiş - oktyabrın 8-ində günorta başlayır və 2 saata qədər çəkir. Gerilyeroslar kartof əkilmiş dərənin dibində, ordu isə 4 yandan yüksək təpəlikdə qərar tutmuşdu. O savaşdan sağ çıxa bilən Beninyo döyüşdə 14 əsgəri vurduğunu söyləyir, əks-tərəfə başçılıq etmiş kapital Prado isə həmin gün cəmi 2 əsgər itirdiyini deyir. Ancaq bunların son nəticəyə təsiri yoxdu - Çe Villi ilə birlikdə əsir düşür. Oktyabrın 8-də isə La-İgera kəndində güllələnir…
Onların yerini bəlkə də o qarı satmışdı. Əgər belədirsə, o və qızları ölkələri Boliviyanın o illərinin ən uğurlu simvollarıdır…
10 may, 2008.
