İyun 18, 2008 11:39
Kamran Nəzirli: ""Yaxşı yazıçı yaxşı da yaşamalıdı...""
E-mənbə: http://www.525.az/new/2008/06/14/read=30587
Onun üçün bir əlcə ağ kağız ən məhrəm sirrlərini açdığı nəhəng ərazi deməkdi. Yəqin elə bu səbəbdəndi ki, ədəbiyyatı da özünə həyat qədər doğma bilir.
Beləliklə, Yaşar Əliyevin şənbə qonağı yazıçı-tərcüməçi Kamran Nəzirlidi. Kamran Nəzirli 1958-ci ilin 19 iyununda anadan olub. 1980-ci ildə Azərbaycan Dillər Universitetini (ingilis dili fakültəsini), 1993-cü ildə Bakı Sosial İdarəetmə və Politologiya institutunun politologiya fakültəsini, 2002-ci ildə isə Azərbaycan İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsini bitirib.
Müxtəlif illərdə - "Sovet kəndi" qəzetində, Azərbaycan Dövlət Teleqraf Agentliyində-"Azərinform"da, Azərbaycan KP MK aparatında, Mətbuat və İnformasiya Nazirliyində məsul vəzifələrdə, Pakistan İslam Respublikasında tərcüməçi, habelə müxtəlif dövrlərdə bir sıra müstəqil qəzetlərdə redaktor kimi çalışıb.
Beynəlxalq layihələrdə - Dünya Bankının, Beynəlxalq Valyuta Fondunun, Birləşmiş Millətlər Təşkilatının, habelə beynəlxalq Humanitar təşkilatların Azərbaycandakı layihələrində məsləhətçi və tərcüməçi kimi fəaliyyət göstərib.
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. "Sevgi nağılı" (1991), "Doğmalar arasında" (1995), "Cəmiyyət siyasətin güzgüsüdür" (1999), "Şeytan işığı" (2004), "Komada olan adam" (2007) və s. kitabların müəllifidir.
Filologiya elmləri namizədidir. Bir sıra nüfuzlu mükafatlara layiq görülüb.
- Əgər insan ömrünün zaman mərhələlərini məkana çevirsək, heç şübhəsiz, vətən uşaqlıqdı. Bir məşhur ifadədə deyildiyi kimi, biz hamımız uşaqlıqdan gəlirik. Uşaqlıqdan çox tez ayrılsa da qəribədi ki, insan bütün ömrü boyu həmin o uşaqlığında qazandıqlarını xərcləyir və son nəfəsində də o balaca uşağa hesabat verir. Bəlkə də insan ömrü elə uşaqlıqdan ibarətmiş, qalanları, sadəcə, illüziyadı. Uşaqlıq kədəri, sevinci, məhəbbəti, nifrəti... O məhrəm hisslərin rəngi, qoxusu haralara qeyb oldu? O uzaq ada Kamranın necə, tez-tezmi yuxularına gəlir?
"YALAN DANIŞMA, ÇOX ŞEY İSTƏMƏ VƏ QORXMA"
- Yaşar, əlavə edim ki, o ada mənim sadəcə yuxum yox, ən şirin yuxumdu. Anam Rəfiqə xanım Abiyeva Astarada ilk ali təhsilli astaralı qadın olub. O, Fətəli xanın nəslindəndir . Anamgilin şəcərə taleyi ilə bağlı hazırda bir roman yazıram, uzun əhvalatdır, bu, ayrı bir söhbətin mövzusu olacaq... sağlıq olsun! Anam fizika-riyaziyyat müəllimi idi, mənə də dərs deyirdi. Bizim 1 saylı şəhər məktəbində kimya müəllimi İbrahimbəy Musabəyovun qızı Zemfira xanım Musabəyova idi. Çox zabitəli və müdrik qadın kimi bu gün də yadımda qalıb. Məni də, anamı da çox sevərdi. Günlərin bir günü dərsə hazırlıqsız gəldiyim üçün Zemfira müəllimə mənə "1" yazdı, "2" yox, "1", özü də yekəsindən. Bu mənə çox pis təsir elədi, hətta bir neçə gün özümə gələ bilmədim. Anam Zemfira müəllimədən xahiş elədi ki, jurnalda qiymətimi düzəltsin. "Uşağa pis təsir edir", dedi. Kimya müəllimimiz razılaşmadı və anama dedi:
"Sənin kimi əsilli-nəcabətli bir qadın-ananın oğlu gərək hər gün dərsə hazır gəlsin!" Bu söz məni o qədər tutdu ki, həmin hadisədən bir il sonra məktəblilər arasında Ümumrespublika Kimya Olimpiadasında qalib gəldim...
O vaxtdan gör nə qədər illər ötüb, lap su kimi axıb; cəmi 43 il yaşamış anamdan bu gün 7 il böyüyəm, Zemfira müəllimə də haqq dünyasındadı, amma hələ də o hadisəni yaddan çıxarmamışam. Hərdən yaşımın müəyyən mərhələlərində arxaya boylanıram; orda nə qalıb - ən əsası bol mənəvi sərvət, zəhmət və alın təri. Əlbəttə, üzüntü, əzab və sarsıntı, məhrumiyyətlər və qayğılar, təəssüf, xatirələr də çoxdu... Bütün bunlardan o nəticəyə gəlmişəm ki, adam gərək hər gün hər şeyə-dərsə, imtahana, hesabata, hətta xoşbəxtlik və bədbəxtliyə də hazır olsun... Bunu övladlarıma, auditoriyada tələbələrimə də deyirəm.
Mənim üçün həyat mürəkkəb deyil. O şeyin ki, sonu var, ölümlə qurtarır, o çox sadədir. Əsas məsələ doğumla ölümün arasındakı məsafədir ki, ona da yaşamaq deyilir. Yaşamağın ən sadə formulu isə mənimçün belədir: yalan danışma, çox şey istəmə və qorxma.
- Lap İncildəki ehkamlar kimi. Əslində, səmavi kitablar hamısı insanları birliyə çağırsa da bəni-adəm fərdilik aşiqidi. Və bu əbədi mübarizə-müharibəsi üçün insan irqi, milli, dini zəmində maneələr yaradıb ki, öz dəhşətli fantaziyalarını gerçəkləşdirə bilsin.
- Yeri gəlmişkən, Almaniyanın Frankfurt şəhərinin mərkəzi küçələrindən birində qədim kilsə var. Günlərin birində alman dostum Yurgen Şterlepper məni o kilsəyə apardı. Biz adama bir şam yandırdıq, Allaha dua etdik. Bizimlə yanaşı duran çoxsaylı adamlar da üzlərini göyə tutub nəsə pıçıldayırdılar. Mən astadan onların nə dediyini soruşdum: Yurgen cavab verdi ki, Tanrıdan günahlarının bağışlanmasını diləyirlər. Təəccüb etdim ki, yəni bu qədər adam hər gün bu qədər günah işlədir? Yurgen çox təmkinlə, - bəli, - dedi. - Hər gün də günahlarının bağışlanmasını istəyirlər...
Mərasimdən sonra bir keşiş bizə içki təklif etdi. Bu, almanların ən çox sevdiyi almadan düzəldilmiş spirtli içki idi. Bayıra çıxanda başımız dumanlı, hava isə ətrafdakı küçə və xiyabanlar kimi tərtəmiz idi. Həyat gündəlik səliqə-sahmanıyla, saat dəqiqliyi ilə döyünürdü... Bura Avropanın göbəyi idi.
Nədənsə bu mərasim, bu ovqat uşaqlığımı mənə qaytardı. O vaxt anam məni məscidə aparmışdı. Orada çoxlu arvad vardı; hamı ağlayırdı, sinəsinə, dizinə döyüb ah-vay edirdi. Arvadlardan biri başda oturmuşdu, gildir-gildir göz yaşı tökürdü. Aşura mərasimiydi. Anam da ağladı, mən də özümü saxlaya bilməyib ağladım. Mərasim qurtarandan sonra arvadlar durub bayıra çıxdılar. Basabas düşdü. Biz və bir neçə qonşumuz axıra qalmışdıq. Anam və qonşularımız kandarda ayaqqabılarını xeyli axtardılar, tapmadılar. Onların ayaqqabılarını geyinib getmişdilər. Anam və qonşularımız ayaqqabısız palçıqlı, lehməli gölməçələrin qırağıyla evə döndülər. Yaxşı ki, mənim ayaqqabılarım yerindəydi. Buna ürəyimdə sevindim. Amma indiyədək hələ də anlaya bilmirəm ki, anam və qonşu arvadlar nə üçün ağlayırdılar... Bu da Şərqin göbəyi...
- Həm də axı, günəş Şərqdən doğub Qərbdə batır, Bu hesabla, istinin də çox hissəsi bizə düşür. Yəqin təbiətin bu pay bölgüsündəndi ki, asiyalılar çılğın, istiqanlı, avropalılar təmkinli, soyuq düşüncəli, rasional olurlar. Bu, həmin qitələri təmsil edən xalqların mədəniyyətinə də sirayət edir. Amma son vaxtlar bizim musiqidə nəsə bir kökdən uzaqlaşmaq, necə deyərlər, bir yiyəsizlik hökm sürür.
- Mənim dünən də, bu gün də ən çox sevdiyim və sevə-sevə dinlədiyim mahnı qələm dostum, tanınmış şairimiz Zakir Fəxrinin sözlərinə Rauf Məmmədovun bəstələdiyi və canlı korifeyimiz, indiki müğənnilərin əksəriyyəti üçün əsl sənət məktəbi olan Zeynəb xanım Xanlarovanın oxuduğu "Qalmaz belə, qalmaz dünya" mahnısıdı. Başı SMS-lərə və çox bəsit, bir az ərəb, bir az fars, bir az türk, bir az ispan ladı ilə qatışıq yazılan musiqilərə, səviyyəsiz şou-proqramlara "əyilən" məktəbliləri, yeniyetmələri, tələbə-gəncləri görəndə təəssüflənirəm. Metroda, avtobusda, məktəbdə, hər yerdə... bir nəfəri kitab-qəzet oxuyan görmürəm. Hamı SMS-lə məşğuldu. Tele və radiokanallara acığım tutur ilk növbədə. Bu irad yalnız İctimai kanala aid deyil. Hər şeyi prezident deməlidi məgər? İndi elə bir zamandı ki, yalnız yüksək intellekt, maarif və mədəniyyətlə qalib gəlmək olar.
- Bəs ədəbiyyat? Paralel dünyalar adlı bir anlayış var. Mən ədəbiyyatı da bu sıraya aid edərdim. Əgər kino, televiziya zamanın şəkli, cismidisə, ədəbiyyat zamanın anatomiyası, ruhudu. Maraqlıdı, bəs, ədib üçün ədəbiyyat nədi?
- Mənim ədəbiyyat haqqında orta məktəb bilgilərim var, vəssalam... Əslində, ədəbiyyat mən özüməm: Mən hər gün, hər saat, hər dəqiqə özümlə, yəni ədəbi həyatımla intim münasibətdəyəm. Və ondan həzz alıram. Kaş o da məndən beləcə həzz alaydı. Gec yatıram, tezdən dururam. Elə vaxtlar olur ki, günlərlə, aylarla yazı yaza bilmirəm. Amma düşünürəm, qeydlər edirəm. Ədəbiyyat insani hisslərin qarşılıqlı həzzi və iztirabıdır. Həyat bu iki şeydən ibarət deyilmi? Bizim zamanda istedadlı adamın yaşayıb yaratması çox çətindir. Adamlar daha çox onlara gündəlik stimul gətirən parlaq və gurultulu reklamlara meyllidirlər. Onlar üçün istedad, yaxud əsl sənət meyarları maraqlı deyil. Maraqlı odur ki, istedadsız və cılız simalar göz önündədir; bu gün meydan onların fərasəti və cibi ilə formalaşır.
- Əslində, bütün zamanlarda belə olub, sadəcə, bizlər bu günün şahidləriyik. Elə özümüzü götürək. Füzuli, Nəsimi, Sabir... Hansı biri sağlığında öz halal haqqını ala bilib?
- Bax, yenə mentalitet məsələsinə qayıdırıq. Belə ki, qərbli mentalitetində istedada münasibət həmişə fərqli olub. Məsələn, eyni dövrdə yaşayıb yaradan, dost olan Çarlz Dikkens və Uilki Kollinz klassik sənətkarlar kimi ingilis ədəbiyyatında qalıb. Amma ədəbiyyat tarixində fiqur kimi onların hərəsi bir çəkidədir. Müdrik ingilislər belə hallar üçün ədəbiyyat aləminə "kiçik klassiklər" ("minor classics") anlayışını gətiriblər. Bu, o yazıçılar üçün düşünülüb ki, həmin sənətkarlar ədəbiyyatda epoxa yaratmayıb, amma ədəbi prosesə əhəmiyyətli töhfələr verib; onların kitabları geniş oxucu kütləsi üçün hədsiz maraq doğurub və doğurmaqdadır.
Məsələn, ingilis ədəbiyyatının "kiçik klassiki" titulunu hələ sağlığında qazanmış Somerset Moyem son dərəcə çətin və əzablı yazıçılıq peşəsinin əxlaqi və texniki məqamları barədə tutarlı və maraqlı fikirlər söyləyib.
Cəmi beşcə il ağ xalat geyib həkimliklə məşğul olan və sonradan bütün ömrünü yazıçılığa həsr edən Moyem "yazıçı ona görə yazır ki, yazmaya bilmir" kimi klassik yanaşma tərzini heç vaxt qəbul etməyib. Əvəzində o, yazıçılıqla məşğul olan və özünü tamamilə bədii yaradıcılığa həsr edən bütün sənət adamlarına gərəkli ola biləcək özünəməxsus dəyərlər sistemi yaradıb, yazıçılığın "sirləri"nin nədən ibarət olmasını həyati misallar əsasında açmağa çalışıb.
Moyem üçün mürəkkəb, anlaşılmaz və ifrat çərçivəyə salınmış "ədəbi protokol dili" yox idi; o, hər kəslə bərabər hüquqda, eyni "tonda" danışmaq, öz fikir və düşüncələrini sadə, aydın, mübaliğəsiz ifadə etmək mədəniyyətinə malik bir sənətkar idi. Moyemə görə, yazıçı düşündüyünü, demək istədiyini birbaşa, sadə və aydın dillə ifadə etməlidir. Moyemə görə, ən yaxşı hakim tənqidçi yox, oxucudu. Və o, bütün ömrü boyu yalnız oxucu üçün yazmalı prinsipinə sadiq qaldı!
- Amma nəsə son illər "iddialı yazıçı"ların sayı artdıqca iddialı oxucuların sayı azalır. Bir tərəfdən oxucularda da tamaşaçı zövqü formalaşıb. Teleseriallar tammetrajlı filmlərin qəbrini qazdığı kimi, roman da hekayələrə qənim kəsilib. Qəribə də olsa hekayə yazmağı və hekayə oxumağı artıq bilərəkdən yadırğayan yazıçı-oxucu zümrəsi peyda olub.
"İNSAN ÖZ İSTEDADININ SƏRHƏDLƏRİNİ VƏ
İMKANLARINI HAMIDAN YAXŞI GÖRÜR"
- ... Yaşar, biz hekayəçiyik... Ədəbiyyatda başqa rol oynamağa da iddiam yoxdur və olmayacaq... Əlbəttə ki, bu qənaət nə mənim, nə də mənim kimi düşünən qələm dostlarımın istedadını heç də artırıb, əskiltmir. İnsan öz istedadının sərhədlərini və imkanlarını hamıdan yaxşı görür. Dünya ədəbiyyatı lap ibtidaidən hekayə üstündə qurulub, daha doğrusu, Moyemin dediyi kimi, hekayəçi öz nəqlini ta qədimdən ibtidai insanın tonqal ətrafındakı söhbətlərindən başlayıb. Bəlkə elə buna görə də Moyem ədəbiyyatda yerindən, göstərdiyi xidmətlərindən asılı olmayaraq hesab edirdi ki, insan dühasının yaratdığı ən böyük əsərlərdən biri Servantesin "Don Kixot"udur. Bundan başqa o, Dostoyevskini, Çexovu, Kiplinqi, Fildinqi, Prustu, Floberi də o sıradan hesab edirdi. Yazıçının əsəri hər şeydən öncə, maraqlı olmalıdı, yoxsa onu sadəcə, heç kəs oxumaz, müəllifin bütün əziyyəti hədər gedər. Məqsəd oxucunu razı salmaq, zövqünü oxşamaqdır...
- Kişi yazıçı qadın dünyasının ən dərin qatlarına enə bilərmi? Doğrudu, Balzak, Tolstoy, Folkner və başqa korifeylərin yaradıcılığı demək olar ki, bütünlüklə buna cəhddi, amma hər halda, qadın kişi üçün əbədi sirrli və müəmmalı məxluq olaraq qalır. Kamran Nəzirli yaradıcılığında da qadın obrazları çoxdu.
- Düşünürəm ki, Nazim Hikmətin "dünyanı verək uşaqlara, şar kimi oynatsınlar" fikrini bir qədər dəyişib dünyanı qadınlara versək, daha yaxşı olar, qoy bir ömürlük idarə etsinlər. Çünki bütün külli-aləmin nizamını pozan kişilərdi. Qadınlar bizim nizamsız dünyamızda səliqə-sahman yaratmağa qadirdilər; qadınlar "Laçın" restoranı, ya məsələn, "Şuşa" ticarət mərkəzi tikməzlər, qadınlar Nəsimi adına bazar yaratmazdılar. Şair hara, bazar hara? Bu bir Azərbaycan reallığı... Qlobal götürdükdə isə qadınlar hər şeydən öncə anadırlar, ana öz övladının xətrinə qan tökməz, müharibələr, bu qədər insan müsibətləri törətməz. Onlar uşaq kimi təmiz, daha ədalətli və mərhəmətlidilər. Bu gün dünyanı idarə edə biləcək kifayət qədər ziyalı, bilikli, dünyagörüşü, ağlı, təfəkkürü yerində olan güclü qadınlar var. Azərbaycanda da var. Sözün bütün mənalarında dünyada bir ruhi nizam-intizam yaratmağa qabil olan qadın-analar çoxdu.
Söhbət kişilərin hüququndan getmir, onların haqqına hörmət etməklə, qadın haqqına da önəm verməkdən gedir. Dünyada iki şey daha qorxuludu: bıçaq uşaq əlində, söz səlahiyyəti nadan-cahil əlində olanda. Dünyanın hansı bölgəsinə baxırsan, qaynar nöqtələr, fəlakətlər, qan, didərgin insanlar... Dünya ölkələrində cəmiyyətin mənəvi deqradasiyası, aşılanması sürətli templə gedir. Bu da o deməkdir ki, sözün, ədəbiyyatın, incəsənətin təsiri azalıb. İnsanlar ucuz, bəsit, kortəbii, əxlaqsızlıq yayan, lakin bir qrup adama külli miqdarda var-dövlət gətirən ucuz şouların təsiri altına düşüblər. Dünyanın nizamını pozan belə şeylər deyilmi?
- Yəqin elə bu səbəblərdən də daha qələmi yazıçıya çörək çıxarmır.
- Amma əslində, yazıçının əsəri həm də bir əmtəədir. Məsələn, İngiltərədə, ya da götürək elə Türkiyə və Rusiyada, yazıçı qələmi sahibinə çörəkdən savayı gəlir də gətirir. Yazıçı öz əsərləri ilə, nəşr etdirdiyi kitablarla dolanmalıdır. Və burada heç bir pis şey yoxdur. Yazıçı tək yaxşı yazmağı yox, yaxşı yaşamağı da bacarmalıdı. Daha doğrusu, yaxşı yazıçı yaxşı da yaşamalıdı. O ki qaldı mövzuya, deyim ki, dünyada ən dəyərli və köhnəlməyən predmet insandı. Onun haqqında ömrün boyu nə qədər yazsan da, yenə azdır. Yazıçı həyatı olduğu kimi köçürmür. Bu, mümkün də deyil. Hər bir yazıçının öz həyatı, öz dünyası var və o, həmin təcrübədən çıxış edərək yazır. Axı, həyatın üzünü köçürmək sənət deyil. Bu zaman həyatın üzünü köçürən hekayəçi olmur, o, sadəcə, reportyora dönür.
- Belə bir ifadə var ki, Adəmdən sonra bu dünyada təzə nəsə yoxdu. Deməli, bütün sözlər də artıq deyilib. Qəribədi, bu məlum həqiqəti bilə-bilə yenə yazırıq.
"ƏNƏNƏYƏ HÖRMƏT VƏ EHTİRAM PLAGİATLIQ DEYİL"
- Ədəbiyyatda ənənə olimpiya oyunlarındakı estafet məşəli kimi bir şeydi. Hər gələn yeni nəsil onu alıb aparmalıdı- zaman və hadisələr fonunda aparmalıdı.
Ənənəyə hörmət və ehtiram plagiatlıq deyil. Bu axtarışdı, orijinal və məsuliyyətli axtarış. Məsələn, mənə elə gəlir ki, hər yeni yaradılmış əsər, yaxud ədəbiyyat həmin o bayaq dediyim olimpiya məşəlinin bir çınqılıdı, bir közüdü. Yeni heç nə deyə bilmərəm. Əslində, dünən, bu gün nə yaradılıbsa, hamısı həmin ənənənin qığılcımları üzərində yaradılıb və yaradılır. Gələcəkdə də belə olacaq.
Ədəbi ənənəni davam etdirmək, yaxud qoruyub saxlamaq üçün əvvəlcə gərək onunla tanış olasan, öyrənəsən. Məsələn, bizim nəsil hələ orta məktəbdə Ordubadini, Cəlil Məmmədquluzadəni, Mirzə İbrahimovu, İsmayıl Şıxlını və başqalarını öyrənirdi. Biz Azərbaycan ədəbi ənənələri ruhunda böyümüşük. Anarı, Elçini, Əkrəmi, Bəxtiyar Vahabzadəni, Şəhriyarı, Əli Kərimi, Məmməd Arazı, Ramiz Rövşəni, Sabir Rüstəmxanlını, Musa Yaqubu... oxumuşuq, öyrənmişik. Bir qədər fərqli misal deyim. Uzağa getməyək, götürək rus ədəbiyyatını. Puşkin və Lermontov fransız ədəbi ənənələri ruhunda inkişaf etmiş şairlər olub, amma onların yaradıcılığında bu fransız ənənəsinin təsiri fərqli izlər qoyub: Puşkin üçün bu ənənə yaradıcılıq "oyunu" formalarından biri idi. Fransız modeli, rolu və ədəbi janrlarını öyrənə-öyrənə o gözəl əsərlərini müxtəlif janrlarda yaratdı: elegiya, dosta məktublar, ədəbi portretlər və sairə.
Lermontov isə əsərlərində tez-tez fransız mətnləri, pritçaları, deyimləri işlədirdi. Lakin son nəticədə onların hər biri öz yolunu tapdı, rus ədəbiyyatını daha da zənginləşdirdilər....
- Amma bu gün belə demək olarsa, ədəbiyyatın yolu dalana dirənib. Özü də bu proses bütün dünyada gedir. Çünki bu sürət əsrində müasir insan mənəviyyat yox, maddiyyat barədə düşünməyə və buna köklənməyə, sadəcə, məhkumdu.
- Bəli, bu, acı da olsa həqiqətdi. Amma səbəbləri araşdırarkən müəyyənləşdirək görək, ötən əsrin sonlarında dünyada baş verən tektonik dəyişikliklər nələrə təsir etdi: Oxu funksiyası və məzmunu dəyişdi, bədii ədəbiyyata maraq azaldı, sonradan bu maraq özü də bölündü: arzu olunan ədəbiyyat, real ədəbiyyat yarandı, adambaşına düşən kitab azaldı, tirajlar azaldı, nəşriyyatların qayğıları artdı və onlar artıq məqsədli auditoriya, yaxud ünvanlar axtarmaq zorunda qaldılar, mərkəzləşdirilmiş kitab satışı mərkəzləri itib getdi...
Ardınca müxtəlif tip auditoriya əmələ gəldi: yeniyetmələr erotik ədəbiyyata üstünlük verdi; orta yaşlı qadınlar- məhəbbət serialları və qalmaqallı əsərlərə meylləndilər; yaşlı adamlar-yeni yazılmış, lakin klassik üslub və tarixi mövzuda yazılmış əsərlərə üstünlük verdilər və sairə.
İlk növbədə ciddi bədii ədəbiyyat ziyan çəkdi. Detektiv və fantastik ədəbiyyat nümunələri irəli çıxdı.
Nəşriyyatların çoxalması və naşirlərin müxtəlif sosial qrupların maraqları ilə "oynaması" ədəbi ənənələr deyilən dəyərləri də ucuzlaşdırır. Yaxşı ki, son illər Azərbaycan Yazıçılar Birliyi ilə Mədəniyyət və Turizm Nazirliyi bu sahədə bir sıra mühüm layihələr həyata keçirir, klassik və müasir Azərbaycan ədəbiyyatının, mədəniyyətinin tanıdılmasında əhəmiyyətli addımlar atırlar. Amma bu işə elliklə qoşulmaq lazımdı.
Az-çox filoloji araşdırmalarla məşğul olan bir adam kimi deyərdim ki, Azərbaycanda ədəbi prosesin mənfi əlamətlərindən biri də ideya qıtlığıdır.
Son illərin ədəbi məhsulları məncə eksperiment xarakteri daşıyır, özünü təsdiq etmək kimi patoloji cəhdlərdən başqa bir şey deyil. Təəssüf ki, bu eksperimentlər ironik yumor doğurur. Müəlliflərin emosional qışqırtılarından başqa bir şey deyil. Bunlar ötüb gedəcək, vaxt lazımdır. Amma əsl ədəbiyyat tarixdi, tarixi yaradanlar haqqında, tarixi yaradan qəhrəmanlar haqqında, insan haqqında hekayətdi. Əslində, süjet deyil, habelə əbədiyyətdi və ədəbiyyat da həmişə bu əbədiyyətə xidmət edib. İnsan və insan haqqında həqiqət; əbədi mövzu bu olub, bu da olacaq. Kədərli, fərəhli, acı-şirin insan həyatı. Bundan böyük mövzu var? İnsan həyatının təhlükəsizliyi ilə bağlı qlobal mövzular bizi hər an müşayiət edir. Bunları sadəcə görmək və duymaq lazımdı.
Müəyyən dövrlərdə ədəbi dünyagörüşlər, duyğu və hisslər əl-ələ verib gedir, ya da biri-birindən doğulur. Məsələn, din, ədəbiyyat, sevgi, fəlsəfə, dövlət, ailə-bütün bunlar bu hakim xarakterin xüsusiyyətlərini daşıyır və mənəvi simanı formalaşdırır, yaddaşımızda izlər buraxır. Lakin bunlar üst qatlardır, gedəcək. Dərin qatlara heç kəsin gücü çatmaz. Xalq uzunömürlüdü və min illər ərzində formasını, üst qatını dəyişir, nəsillərini dəyişir, lakin əzəli qatlarını - ruhunu,nəcibliyini, xeyirxahlığını, qəhrəmanlığını, nəzakətini, mədəniyyətini dəyişmir.
- Deməli, bədbinliyə əsas yoxdu, zaman özü hər şeyi nizama salacaq.
- Mən də bu qənaətdəyəm. Hər xalqın dahisi, mütəfəkkiri olur, hər millətdən filosof-alim, görkəmli şəxsiyyət çıxır. Bütövlükdə həmin seçilmiş adamların milli mənsubiyyətləri olmur, onlar dünyanı xilas etmək naminə yaşayıb yaradırlar. Təəssüf ki, onları mənsub olduqları xalqlar və millətlər vaxtında dəyərləndirə bilmirlər. Ən dəhşətlisi budur ki, bu seçilmiş şəxsiyyətlərə seçilmişlər kimi baxmırlar, əksinə onlara həqarətlə və paxıllıqla yanaşırlar. Bizim xalqın ruhi mədəniyyətini isə dəyişdirən və formalaşdıran həmişə ədəbiyyat olub.
