Xomeyni
İran bu gün bölgənin ən böyük uluslararası enerjiyə sahib olan ölkələrindən biridir. Ayrıca ərazi və nüfuz baxımından da böyük ölkədir. Son zamanlar petrol qiymətinin artımı ilə İranın xəzinəsinə durub-durduğu yerdə milyardlarca dollar axmaqdadır. Bu üzdən terrora meyilli bir dövlət olan İran, bölgədə özəlliklə şiə geopolitikasından faydalanaraq uzun vədəli hədəflər üzərinə sərmayə yatırmaqdadır.
İran İslam İnqilabının şüarları artıq əskimiş və bu gün İran rejiminin təhdid və fürsət anlayışları Soyuq Savaş dönəmindəkindən tamamı ilə fərqli istiqamətə yönəlmişdir. Bu gün İran üçün ən böyük təhdid olaraq görünən Şimali Azərbaycan dövlətidir. İran bütün imkanlarından faydalanaraq Şimali Azərbaycanı çıxılmaza soxmaq və beləliklə də Şimali Azərbaycandan Cənubi Azərbaycana keçəcək milli bilgi və duyğu dalğalarını əngəlləmək istəyir. Bu istiqamətdə İranın həm iqtidarı, həm də daxildə və xaricdə olan
müxalifəti eyni mövqedən çıxış edirlər. Örnək olaraq, Rəfsəncani dönəmində xarici işlər naziri olan Əliəkbər Vilayətinin açıqlamasına diqqət edək: “Biz qulağımızın dibində Azərbaycan adında bir dövlət istəmirik”.
İlk öncə iqtidarın terror təşkilatlarında böyük vəzifələrdə çalışan, 90-cı illərdə Ankarada İran səfirliyinin hüquq müşaviri olan, daha sonra zahirən müxalifətə keçdiyi üçün həbs olunan və zindanda aclıq aksiyası keçirdiyi üçün dünya tərəfindən tanınan, bu günlərdə isə Qərb ölkələrində peyda olan Əkbər, Gənc Azərbaycan dövlətini tarixdən silmək üçün İran dövlətinə təkliflərdə bulunmuş və açıqca yazmışdır ki, Bakı mərkəzli Azərbaycan dövlətinin davam etməsi İran üçün atom bombasından da təhlükəlidir. Onun məşhur “qonşuluğumuzda bir qarış olsa belə, Azərbaycan adında dövlət istəmirik”- deməsi bu gün Güney Azərbaycan milli fəalları tərəfindən təkrar-təkrar məqalələrin, strateji dəyərləndirmələrin konusu olmaqdadır.
2006-ci ildə Güney Azərbaycanın müxtəlif şəhərlərində böyük milli yürüşlərin ortaya çıxması İranı dərindən əndişələndirməyə başlamışdı. Bir çox milli gəncləri yaxalayıb zindana soxdular, çoxlarını yurdumuzdan didərgin saldılar. Bu əndişənin nəticəsi olaraq Azərbaycanın torpaqlarını işğal etmiş qəsbkar ermənilərlə strateji ittifaq projelərini gəlişdirməkdədir. Ancaq bunlar bütün dünyanın gözü önündə gerçəkləşən olaylardır. Bu gün zahirən görünməyən, ancaq 10-20 ildən sonra görünəcək olayların üzərinə də İran şiə rejimi ideoloji sərmayə yatırmaqdadır. Yəni İran rejimi şiə geopolitikasından ən çox Quzey Azərbaycanın başını dərdə soxmaq üçün faydalanmaqdadır. Bu üzdən də bu mövzu üzərinə daha geniş araşdırma aparmağa, bilgi planında bu mövzunu eninə-uzununa ələ almağa dəyər. Çünük bu dəfə İran şiə fanatizmi Quzey Azərbaycanı öz içindən vurmaq istəyir. Bu doğrultuda İran həm Azərbaycan Respublikasının cənub bölgələrində, həm də elə Bakının özündə bəzi nailiyyətlər əldə etmiş kimi görünür. Şiə məzhəbi zamanla fars millətçi mərkəzli bir ideologiyaya dönüşdüyü üçün irançılığın və fars dövlətçilik anlayışının qoruyucusuna çevrilmişdir. Azərbaycan dövləti bu təhlükəni öz nütfəsində boğmasa, daha sonra başı böyük dərdə girəcək və İran şiəsindən qaynaqlanan terror silsiləsi əməllərlə qarşılaşacaqdır.
İran şiə terrorizminin təhlükəsini əngəlləmək üçün İranın xüsusən yaxın tarixini yaxşıca bilməmiz gərəkir.
İran İslam İnqilabının gerçəkləşməsi üçün iqtisadi, ictimai, qlobal olaraq çoxsaylı səbəblər mövcud idi. İstər Pəhləvi rejiminin nəzarəti itirməsi, hədsiz istibdadın baş qaldırması, istərsə də Sovetlərdən gələn yardım səbəbi ilə İranda islam inqilabı gerçəkləşdi. Ancaq bütün bu amillərlə yanaşı, İranın içində inqilabın gerçəkləşməsi üçün kommunistlər və dinçilər tərəfindən ideoloji sərmayə yatırılır, çoxsaylı kitablar yazılırdı. Bu gün Quzey Azərbaycanda o dönəmin islamçı ideoloqlarına simpatiya oyandığı üçün o zamanın və inqilabdan sonrakı dönəmin ideoloqlarının fikirlərinin araşdırılmasında fayda var. Bu səbəbdən Əli Şəriəti, Mürtəza Mütəhhəri, Əbdülkərim Suruş, Yədulla Səhabi kimi bəzi islam ideoloqları üzərində durulacaq, onların dünyagörüşləri anladılacaqdır. Olayı tarixi dərinliyi ilə anlaya bilməmiz üçün bir az daha gerilərə, 1960-lara dönməliyik.
1960-cı illərdə Ayətulla Bürucerdi adında bir tək dini lider mövcud idi. Bütün din xadimləri onu qəbul edir, onun fətvasına uyurdular. Mərcəi mütləq (mütləq qaynaq) olaraq qəbul edilən Bürucerdi dövlətlə də ahəngdarlıq içində idi. Onun heç bir radikal fətvaları yox idi. 1963-cü ildə Ayətulla Bürucerdi öldü və din xadimlərinin üzərində anlaşacaqları bir lider olmadığı üçün, ayətullahların birlikləri dağıldı və üç istiqamətdə bölünmə ortaya çıxdı:
1. Başında soyca azərbaycanlı olan Şəriətmədarinin durduğu mühafizəkar din xadimləri. Şəriətmədarinin Pəhləvi sülaləsi ilə heç bir problemi yox idi. Hətta 1946-ci ildə şahın ordusu Pişəvəri hökumətini devirmək üçün Təbrizə girib qırğın törətdiyində Şəriətmədarı bu ordunun qarşısında qurban kəsmiş və beləliklə də Pəhləvilərə öz sədaqətini bildirmişdi. Şəriətmədari Bürucerdidən sonra ən böyük din xadimi idi və rejim onunla hesablaşır, onun birinci olmasını istəyirdi. Demək olar ki, bütün azərbaycanlılar dini mövzularda onun əmri ilə hesablaşır, onu təqlid edirdilər.
2. Reformist-islahatçı dəstə. Reformist islahatçı dəstənin ən bariz nümayəndələri Ayətulla Taliqani, Ayətulla Müntəziri və digərləri idi. İnqilabdan sonra Ayətulla Taliqani müəmmalı şəkildə öldürüldü. Müntəziri isə ilk öncə Xomeyni ilə əməkdaşlıq etdi, ancaq daha sonra onu da evinə sürgün edib, siyasətə qatılmasını yasaqladılar. Bu gün də Müntəziri öz evində dustaq olaraq yaşayır. Bunlar çox yumşaq şəkildə rejimi tənqid edir və sürətli qərbləşmə qarşısında islam dini əmrlərini unutmamağı məsləhət görürdülər. Lakin Pəhləvi diktatorluğu heç bir məsləhəti və tənqidi qəbul etmədiyi üçün islahatçı- reformist dəstə ilə çox sərt davranır, onları həbs edirdi. Rejimin bu sərt davranışları onların bir çoxunu radikalizmə doğru yuvarladı. İslam inqilabından sonra bu dəstənin bir çoxu iqtidara gəldi.
3. Radikal-inqilabçı dəstə. Bu dəstə Pəhləvi rejimini Əməvi sülaləsinə bənzədir və şahı da Yəzidə oxşadırdı. Şah Yəzid olduğu üçün onu “tağut”, yəni islama qarşı tüğyan edən kimi təqdim edib və xalqı mübarizəyə çağırır, Hz.Hüseyn mübarizə formasını əsas tuturdular. Radikal dəstənin başında Xomeyni dururdu. Xomeyni o zaman ayətulla deyildi. Xomeynini radikal çıxışlarına görə edama məhkum etdilər. Lakin o zaman “Xalq Mücahidləri”nin də təsiri ilə, Ayətulla Şəriətmədari öz səlahiyyətindən istifadə edərək, onu ayətulla elan etdi. Pəhləvi anayasasına görə, ayətullalara ölüm hökmü vermək olmaz. Bu üzdən də Xomeyni ölkədən sürgün edildi. İnqilabdan sonra azərbaycanlılar Şəriətmədarinin tərəfində idi. Bu üzdən də Xomeyni onun ayağına gedərək azərbaycanlıları sakitliyə dəvət etməsini rica etdi. Şəriətmədari də Xomeyninin bu oyununa gəldi. Daha sonra azərbaycanlıları sakitləşdirdikdən sonra Şəriətmədarini öz evində dustaq edib öldürdülər. O zaman bir çoxları belə hesab edirdi ki, əgər Şəriətmədaridə Şeyx Məhəmməd Xiyabani qətiyyəti olsaydı, Azərbaycan məsələsi həll olunardı. Lakin Şəriətmədarinin bu qətiyyətsizliyi həm özünə, həm də Azərbaycana ziyan verdi.
İnqilabın ilk illərində nisbətən demokratiyaya bənzər ab-hava var idi. O zaman kürd axundlar da Xomeyni ilə görüşür və kürdlərin ana dillərində oxuması məsələsində Xomeyninin razılaşmasını istəyirdilər. Daha sonra dağlarda partizanlara qatılaraq kürdlərin azadlığı yolunda silahlı mübarizə aparan kürdlərin baş mollası İzzəddin Hüseyni o dönəmlərə aid xatirələrini fars dilində olan bəzi kürd sitələrində yayınladı. İzzəddin Hüseyni yazır ki, mən Şəriətmədariyə dedim: “Bunlar özlərinə yer etdikdən sonra səni də, məni də öldürəcəklər. Azərbaycan xalqı sənin, kürdlər də mənim arxamdadır. Gəlin birləşib federal İran quraq. Lakin Şəriətmədaridə Azərbaycan xalqının tələblərinə diqqət edəcək istək yox idi.”
Xomeyni hamını aldadıb, öz diktatorluğunu qura bildi. Bu diktatorluq qurulduqdan sonra on minlərlə insan edam edildi. Elə vəziyyət yarandı ki, sosial bir xəstəlik oluşdurdu Xomeyni. Hər kəs digərini öz qatili kimi görməyə başladı.
Bu inqilabın gerçəkləşməsində fikri baxımdan kimlərin təsiri oldu?
Daha sonrakı yazımda bu mövzu davam edəcək.
E-mənbə: http://almaqezeti.com


