Reklam verin!
Yuma Ailə Jurnalı

ALMAZ ÜLVİ. "MİR CƏLAL. BİR YARPAQ SÖZ"

“YUNESKO-nun 2008-2009-cu illərdə görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin qeyd edilməsi proqramına Azərbaycanla bağlı daxil olmuş yubileylərin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 31 yanvar tarixli Sərəncamına əsasən, 2008-2009-cu illərdə “Leyli və Məcnun” operasının ilk tamaşasının, xalq rəssamı Səttar Bəhlulzadənin, yazıçı Mir Cəlal Paşayevin və akademik Musa Əliyevin 100 illik yubileyləri respublikamızda dövlət səviyyəsində keçiriləcəkdir.
Mir Cəlal. Heç bir fəxri ad, titul adı sadalamadan bu iki kəlmə daha dolğun, daha möhtəşəm, daha nəhəng səslənir. İnsan qəlbini ilıq duyğu çulğalayır. Bu məhəbbəti, ehtiramı Mir Cəlal sağlığında özü qazanmışdır. Çox güman ki, Mir Cəlalın ikinci, üçüncü, ...yeddinci... yüzillik bayramları daha çox onun ölməz əsərlərinin işığında, bəşəri dəyəri fonunda Azərbaycan xalqının, ədəbi ictimaiyyətin diqqətində dayanacaq, qeyd olunacaqdır. 


Bu yüzillikdə isə onun birbaşa ünsiyyətdə olduğu, dərs dediyi, elmi işlərinə rəhbərlik etdiyi ziyalıların, həmkarlarının, yetirmələrinin xatirələri dinlənir və bu, yubiley tədbirlərinə bir ayrı ovqat gətirir.
Yazıçı, alim və müəllim. Bu üç müqəddəs sənəti – yaradıcı dünyanı, peşəni öz müdrik şəxsiyyətində cəmləşdirən Mir Cəlalın XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafındakı xidmətləri misilsizdir.
Yazışı kimi Mir Cəlal ədəbiyyat aləminə 1928-ci ildə gəlmişdir.
Ədəbiyyatşünas kimi Mir Cəlal 1928-ci ildə ilk tədqiqat əsərini yazmışdır.
Mir Cəlal müəllimlik fəaliyyətinə 1928-ci ildə başlamışdır.
Bu üç sahəni eyni zaman çərçivəsində öz parlaq istedadında, yorulmaz zəhmətində-əməyində və ardıcıl fəaliyyətində birləşdirən Mir Cəlal barədə ən səmimi duyğuları yarım əsr bundan əvvəl Süleyman Rüstəm daha gözəl ifadə etmişdir:


Sadə ürəklərdə yandırıb çıraq,
Qazandın ellərin məhəbbətini.

Mir Cəlal müəllim bu üç sahənin hər birində ayrıca zirvə fəth etmişdir. Bütün könüllərə yanğı salmış “Bir gəncin manifesti”, zamanın güzgüsü olan kiçik hekayələri klassik bədii nümunə kimi ədəbiyyat tariximizin səhifələrində yaşayacaqdır.
“Füzuli sənətkarlığı”, “XX əsr Azərbaycan ədəbiyyatı”, “Azərbaycanda ədəbi məktəblər (1905-1917)”, “Ədəbiyyatşünaslığın əsasları” ədəbiyyatşünaslıq fondumuzun qızıl nüsxələridir.
Ali təhsilimizin beşiyi sayılan Bakı Dövlət Universitetinin sadə müəllimi, nüfuzlu professoru kimi xatirələrdə hələ çox-çox illər yaşayacaqdır.
Mir Cəlal müəllim həqiqət, düzlük, səmimiyyət aşiqi olub. İnsanlıq üçün lazım olan ən saf xüsusiyyətlər qəlbinin nurundan qorlanıb.
Mir Cəlal müəllim ailəsini, övladlarını sevən, qoruyan şəxs olub. “Həyatımda yaratdığım ən böyük əsər ailəmdir”. Oğlu professor Hafiz Paşayev qeyd edir ki, cəmiyyətin sağlamlığını ailənin möhkəmliyində görən Mir Cəlal bu sözləri gözəl ifadə xatirinə deyil, həqiqətən belə düşündüyünə görə deyərdi. Bəlkə də, özü uşaqlıq çağlarından ailə məhəbbətindən uzaq düşdüyünə görə idi ki, ailə dəyərlərinə, ailə ünsiyyətinə xüsusi məhəbbət bəsləyirdi. Gəlini, şərqşünas alim Rəna xanım Paşayeva söhbətlərimizin birində duyğularını ürək dolu məhəbbətlə bildirərək dedi: ”O, çox gözəl, səmimi bir insan, ata, çox diqqətcil, məhəbbətli şəxsiyyət idi. Mir Cəlal müəllim haqqında günlərlə danışsam, söhbətim qurtarmaz”.
Böyük şəxsiyyətlər həm də tarix fonunda yetişirlər. Allahın bir çınqı nurundan yaranan insan böyük hikmətlər dəryasına, bəşəriyyətin sevimlisinə çevrilə bilər. Mayasında halallıq, sevgi, paklıq, istedad olan yerdə Allah sənin istəyinə, arzularına köməkçi olur. Elə bu istəklə də 1908-ci ilin bir yaz günündə - aprelin 26-da Cənubi Azərbaycanın Əndəlib kəndində dünyaya göz açmış Mir Cəlalın ömrünə - ədəbi, elmi, ictimai fəaliyyətinə nəzər salaq.

Yazıçı Mir Cəlal

XX əsrin 20-30-cu illərində ədəbi aləmdə əvvəlcə şeir, sonra isə oçerk və hekayələri ilə görünən Mir Cəlal az sonra istedadlı və orijinal yaradıcılıq üslubu olan yazıçı kimi tanındı. Əlli illik yaradıcılıq fəaliyyəti dövründə o, görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı tarixində öz layiqli və şərəfli yerini tutmuşdur. Qəti əminliklə deyə bilərik ki, təkcə “Bir gəncin manifesti” əsərinə görə də Mir Cəlal klassik sənətkarlar sırasında dayanmaq haqqını qazanmışdır. Bu əsər çapdan çıxanda isə onun heç 30 yaşı yox idi. 1928-ci ildə mətbuatda ilk şeirləri (“Dənizin cinayəti”, “Ananın vəsiyyəti”, “Müxbir”) çap olunmuşdur. Lakin o, bundan sonra, daha doğrusu, 1930–cu ildən etibarən hekayələr yazmışdır. “Şərq qadını”, “Gənc işçi”, ”İnqilab və mədəniyyət", “Ədəbiyyat qəzeti” kimi nüfuzlu nəşrlərdə “Doktor Cinayətov”, “İfşa”, “Matışgə”, “Mərkəz adamı”, “Naxələf”, “Bostan oğrusu”, “Qüdrət nümayişi”, “İstifadə”, “Taza toy”, “Dəzgah qızı”, “Heyrət” ... hekayələrini çap etdirmişdir. 1932-ci ildə “Sağlam yollarda”, 1935-ci ildə “Boy”adlı ilk oçerklər və novellalar kitablar çap olunmuşdur. Mir Cəlalın bütövlükdə yaradıcılıq dünyası ilə tanışlıqdan sonra belə qənaətə gəlmək olur ki, onu düşündürən həyati məsələləri, milli folklorun, xalq təfəkkürünün işığını, milli-mənəvi dəyərlərin klassik ənənələrə uyğun inkişafını və bu istiqamətdə yaranan problemləri, xalq həyatının real görüntüsünü nəsr dilində aydın, qabarıq şəkildə vermək mümkündür. Necə ki, böyük Cabiri oxuyanda şeirin, Mirzə Cəlili oxuyanda satira və yumorun gücünü duyursan, Mir Cəlal nəsrində - hekayələrini oxuyanda da eyni hissləri keçirirsən.
Mir Cəlalın ilk irihəcmli əsəri - “Dirilən adam” romanı 1935-ci ildə ayrıca kitab kimi nəşr olunmuşdur. Hələ yarım əsr bundan əvvəl akademik Məmməd Arif yazmışdı ki, “Mir Cəlal “Dirilən adam”la diqqətli bir realist yazıçı olduğunu göstərmişdir”.
İlk dəfə 1937-39-cu illərdə hissə-hissə “Revolyusiya və kultura” jurnalında nəşr olunan “Bir gəncin manifesti” əsəri isə yazıçının həyatında, mən deyərdim ki, böyük bir dönüş yaratmış, ədəbi zirvəyə aparan yoluna cığır açmış və yazıçı kimi müəllifə böyük oxucu auditoriyası qazandırmışdır. 1940-cı ildə “Uşaqgəncnəşr”də kitab halında kütləvi tirajla buraxılan bu əsər oxucu tələbatına görə sonrakı illərdə də dəfələrlə çap edilmişdi. Vaxtilə elə bir Azərbaycan oxucusu yox idi ki, bu əsərlə tanışlığı olmasın. Əsərdən müəyyən hissə orta məktəb dərsliklərinə də daxil edilmişdi. Bununla tanış olan hər bir yeniyetmə hökmən əsəri tam oxumağa can atırdı. Hətta 1970-ci illərdə də onu kitabxanalardan almaq üçün növbəyə yazılar, kitabın tökülmüş vərəqlərini hər kəs ehmalca səliqəyə salardı ki, hamı oxuya bilsin. Kitablara olan həmin marağı indi isti bir duyğutək xatırlayırıq.
“Bir gəncin manifesti”indəki hadisələrin inkişafı, xarakterik obrazlar, xüsusən, Baharın acı taleyi uzun müddət adamın fikrindən qopa bilmirdi. Yazıçı fikri, yozumu elə ustalıqla, sətiraltı ifadələrlə işlənmişdir ki, əsər hər zaman aktuallığını qoruya bilmişdir. Sona ananın zərb-məsələ çevrilmiş “İtə ataram, yada satmaram” kəlamı, üsyanı, etirazı obrazın xarakterini açmışdır. Onun milli mənliyi, mərdliyi insan qəlbində qürur doğurmuş, sanki əyilməz dağların gücünü, əzəmətini içində hiss etmisən. Bu, Azərbaycan qadınının daha bir yeni, mübariz, yenilməz obrazı idi. Burada maddi səfalət içində əriyən insan şəxsi ləyaqətini nəfsinə qurban vermir. Bütün bu və ya digər nəticələrə söykənib demək mümkündür ki, Mir Cəlal ziyalı mənəviyyatı, düşüncəsi, sadə qəlbi ilə filosof yazıçı kimi qəlblərdə, milli ədəbiyyatımızda əbədiləşmişdir. Əsərdəki ideoloji məqamları nəzərə almasaq, “Bir gəncin manifesti”i bu gün də bədii əsər numunəsitək qəlbləri riqqətə gətirir. 1940, 1949, 1953, 1964, 1967, 1970, 1980, 1986, 2005-ci illərdə ayrıca kitab halında nəşr olunmuş “Bir gəncin manifesti” Azərbaycanın hüdudlarından çox-çox uzaqlarda da sevilmişdir. Daim oxucu məktubu alan yazıçıya günlərin birində Baltikyanıdan IX sinifdə oxuyan məktəblidən də məktub gəlir. Həmin məktəbli yazıçıdan xahiş edir ki, “Bir gəncin manifesti”ndə Baharı öldürməsin”. Əsərin təcir gücü özünü göstərmişdi. Təbii ki, yazıçının sənətkarlığı elə buradan başlayır.
Mir Cəlalın nəşr olunmuş altı romanı oxuculara məlumdur. “Dirilən adam”, “Bir gəncin manifesti”, “Yolumuz hayanadır” romanlarında keçmiş, “Açıq kitab”, ”Yaşıdlarım”, ”Təzə şəhər” romanlarında isə müasir həyat lövhələrinin bədii təsviri ustalıqla qələmə alınmışdır. “İnsanlıq fəlsəfəsi” (1961) kitabında toplanmış hekayələri böyük tərbiyəvi-əxlaqi əhəmiyyətə malikdir. “İnsanlıq fəlsəfəsi”, “Subaylıq fəlsəfəsi”, “Təzə toyun nəzakət qaydaları”, “Vicdan mühakiməsi”, “Vicdan əzabı”, “Hesab dostları”, “Təsadüf, ya zərurət”, “Qocaların uşaq söhbəti” və digər hekayələrində real həyat lövhələri, fəlsəfi düşüncələr əks olunmuşdur. Mir Cəlalın yaradıcılığına bir oxucu kimi də yanaşan professor Hafiz Paşayev söhbətində bildirdi ki, “müstəqilliyimiz yolunda, dövlət quruculuğumuz sahəsindəki çətinlikləri görəndə, Mir Cəlalın “Səviyyə” adlı son hekayəsi yadıma düşür. O, bu hekayəni ölümündən bir neçə gün əvvəl yazmışdı. Müəllif cəmiyyətimizdə çatışmayan, qıtlığa düşən ən vacib şey nədir? - sualına özünəməxsus yığcam üslubda cavab axtararaq deyir ki, müxtəlif vəzifə, iş, rütbə sahiblərində məhz səviyyə çatmır. Zənnimcə, bu hekayə hər zaman aktual görünür”. Mir Cəlal müəllimin hekayələrindəki ən mühüm xüsusiyyətlərdən biri də onun toxunduğu problemə, məsələyə yığcam tərzdə yanaşması, fikrini konkret ifadələrlə oxucuya aydın çatdırmasıdır.
Mir Cəlalın bədii yaradıcılıq nümunələri dəfələrlə nəşr olunmuşdur: “Seçilmiş əsərləri” (2 cilddə, 1956-57), “Seçilmiş əsərləri” (4 cilddə, 1967-68), “Seçilmiş əsərləri” (2 cilddə, 1986-87), hekayə və povestlərdən ibarət “Şəfəqdən qalxanlar” (1972), “Dağlar dilə gəldi” (1978), “Ləyaqət”, hekayələrdən ibarət “Bostan oğrusu” (1937), ”Gözün aydın” (1939), “Vətən” (1944), “Həyat hekayələri” (1945), “Sadə hekayələr” (1955), “Xatirə hekayələri” (1962),” “Gülbəsləyən qız” (1965), “Silah qardaşları” (1974) və sair. Ümumiyyətlə, indiyədək yazıçının 70-dən çox kitabı nəşr olunmuşdur. Şübhəsiz ki, yazıçının ədəbi irsinə ehtiram kimi, gələn illərdə bunların sayı daha da artacaqdır.

Ədəbiyyatşünas Mir Cəlal

Mir Cəlalı orta məktəb illərində biz yazıçı kimi tanıyırıqsa, sonrakı illər o, böyük ədəbiyyatşünas alim, nüfuzlu pedaqoq kimi nəzərlərimizdə böyüyür.
XX əsrin ədəbi-elmi fikrinin korifeylərindən sayılan Mir Cəlal ədəbiyyatşünas-nəzəriyyəçi alim kimi də müstəsna və özünəməxsus yer tutmuşdur. Filologiya təhsili alan tələbələrin I kursda istifadə etdikləri “Ədəbiyyatşünaslığın əsasları” dərsliyi sonralar da mütəxəssislərin stolüstü kitabı olmuşdur. Mir Cəlal müəllim 1936–cı ildən ömrünün sonunadək dərs dediyi Bakı Dövlət Universitetinin auditoriyalarında bu fənndən mühazirələr oxumuşdur. Tanınmış ədəbiyyatşünas alim, professor Şamil Salmanov yazır ki, “Ədəbiyyatşünaslığın əsasları” fənninə dair dərslik olmadığından tələbələr çətinlik çəkirdilər. Bunu başa düşən Mir Cəlal müəllim mövzuları konkret izah edir, ədəbiyyat elminin anlayışları, problemləri barədə ətraflı bilik və məlumat verirdi. O, məlum həqiqətləri, müddəaları sadəcə təkrar etmirdi, mühazirələri quru, sxematik planda qurmurdu. Bu məsələlərə yazıçı kimi yanaşırdı, sənətkarlıq vərdişlərindən, şəxsi qənaətlərindən çıxış edirdi ki, bu da onun mühazirələrini maraqlı və canlı edirdi. Mühazirələrində əyani, bəzən gözlənilməz sübutlar, dəlillər gətirirdi, təhlil prinsiplərini bizə aşılayırdı”. Belə bir zəruri ehtiyacdan doğan, klassik ənənələrə, dərin elmi məntiqi əsaslara söykənən dərslik sonralar dəfələrlə çap olunmuşdur və indi, XXI əsrdə də istifadə edilir. Professor Pənah Xəlilovla birgə işlənmiş bu kitabda “Ədəbiyyat haqqında ümumi məlumat”, “Ədəbi əsərlər haqqında”, “Ədəbi növlər və janrlar haqqında” kimi fəsillərdə ümumi ədəbi-nəzəri məsələlər əksini tapmışdır.
Mir Cəlalın hələ 20 yaşında yazdığı və 1928-29-cu illərdə “Maarif yolu” jurnalının bir neçə nömrəsində ardıcıl olaraq dərc etdirdiyi “Ədəbiyyatda romantizm” adlı irihəcmli ədəbi-tənqidi məqaləsi onun ədəbiyyatşünas kimi böyük gələcəyindən, parlaq istedadından xəbər verirdi. Çox gənc yaşlarında belə bir məzmunda, dünya ədəbiyyatı nümunələrinə istinad edərək məqalə yazması, heç şübhəsiz, ədəbiyyatşünaslıq tariximiz üçün böyük hadisə sayıla bilər. Mir Cəlalın bu məqaləni dərc etdirdiyi illər onun Gəncədə çalışdığı dövrə təsadüf edir. İki il sonra, Kazan Pedaqoji İnstitutunun dil-ədəbiyyat fakültəsində oxuduğu illərdə isə “Hücum” adlı məqalə ilə “Kommunist” qəzetində (16 oktyabr, 1931-ci il) çıxış etmişdir. Bu məqalə “Hücum” jurnalının 1931-ci il 8-ci nömrəsi haqqındadır. 1932-ci ildən Bakıda fəaliyyət göstərən Mir Cəlal publisistik məqalələri ilə yanaşı, “Azad qadın bədii ədəbiyyatda”, “Gəncliyin səsi”, “Şeirin gəncliyi”, “Bir poema haqqında”, “Böyük problemlər romanı”, “Gənc qələmlər”, “İlk addım” adlı ədəbi-tənqidi məqalələri ilə də mətbuatda tez-tez görünməyə başladı. 1935-ci ildən isə daha ciddi və məsuliyyətli mövzulara üz tutdu. Böyük şairimiz Abbas Səhhətin “Əsərləri”nə müqəddimə, “Əbülqasım Nəbati” kitabına müqəddimə (Həmid Araslı ilə birgə), Əbdürrəhim bəy Haqverdiyevin “Seçilmiş əsərləri”nə müqəddimə, “Nəriman Nərimanovun əsərləri haqqında” və sair kimi sanballı ədəbiyyatşünaslıq məqalələri elmi dəyərinə görə müəllifinə böyük uğur gətirmişdir.
1932-ci ildə Bakı Dövlət Elmi Tədqiqat İnstitutunun aspiranturasına daxil olmuş gənc tədqiqatçı 1935-ci ildə təhsilini bitirir. Elə bu illərdə yenicə yaradılmağa başlayan Nizami adına Ədəbiyyat İnstitutunun formalaşmasında yaxından iştirak edir və institutun “XX əsr Azərbaycan ədəbiyyatı” şöbəsinin müdiri vəzifəsinə seçilir. 1938-ci ildə Həmid Araslı ilə birgə natamam orta və orta məktəb şagirdləri üçün “Ədəbiyyat” dərsliyini nəşr etdirirlər.
Elmi fəaliyyətini davam etdirən gənc Mir Cəlal 1940-cı ildə “Füzulinin poetik xüsusiyyətləri” adlı əsərinə görə filologiya elmləri namizədi, 1947-ci ildə isə “Azərbaycanda ədəbi məktəblər” əsərinə görə filologiya elmləri doktoru alimlik dərəcələrini almışdır. Füzuli poeziyasının qüdrətinə heyran olan, ümumiyyətlə, klassik ədəbiyyata qəlbən bağlı Mir Cəlal 1958-ci ildə bu mövzuya yenidən müraciət edərək və əvvəlki əsərini təkmilləşdirərək “Füzuli sənətkarlığı” adlı monoqrafiyasını nəşr etdirir. Professor Qara Namazov deyir ki, Mir Cəlalın “Füzuli sənətkarlığı” monoqrafiyası Füzuli ədəbi irsini öyrənmək, mənimsəmək və dərk etmək üçün elmi açardır. Əsər 1994-cü ildə təkrar nəşr olunmuşdur.
“Azərbaycanda ədəbi məktəblər (1905-1917)” əsərində isə Mir Cəlal XX əsrin əvvəllərində inqilabi-demokratik meyillərlə əlaqədar baş verən ictimai-siyasi hadisələr kontekstində Azərbaycanda realizm, romantizm ədəbi məktəbləri, maarifçi-didaktik yazıçılar və xırda məişət dramları haqqında müfəssəl tədqiqatlar aparmış, əhatəli elmi nəticələr əldə etmişdir. 1905-1917-ci illərin mədəni həyatının Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Mirzə Ələkbər Sabir, Əli Nəzmi, Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Mirzə Əli Möcüz, Firudin bəy Köçərli, Məhəmməd Hadi, Abbas Səhhət, Əbdülxaliq Cənnəti, Abdulla bəy Divanbəyoğlu, Səid Səlmasi, Səməd Mənsur Kazımov, Süleyman Sani Axundov, Abdulla Şaiq, İbrahim bəy Musabəyov, Məhəmməd Qarayev kimi ədəbi simaların yaradıcılıqları müstəvisində araşdırıldığı bu əsərin doktorluq işi kimi müdafiəsi Bakı Dövlət Universitetinin akt salonunda olmuşdu. Altı saatdan çox çəkən müdafiə açıq, qızğın müzakirə, mübahisə şəraitində keçir. Görkəmli ədəbiyyatşünas alimlər öz fikirlərini deyir və əsərə yüksək qiymət verirlər. Böyük şairimiz Səməd Vurğun da çıxış edərək bildirir ki, əsəri oxuyub və əsər Elmi şuranın üzvi olsaydı, o da səs verərdi.
Mir Cəlal müəllim vaxtilə bu əsərini nəşr etdirmək fikrində olsa da, sağlığında bunu edə bilməmişdi. Tanınmış ədəbiyyatşünas, professor Təhsin Mütəllimov üstadın 390 səhifəlik “Azərbaycanda ədəbi məktəblər” monoqrafiyasını elmi redaktor kimi nəzərdən keçirmiş və 2004-cü ildə nəşr etdirmişdir. O deyir ki, “əsəri nəşrə hazırlayarkən Mir Cəlal müəllimin xarakteri və diqqəti daim fikrimdə dolanıb, bu səbəbdən də işə zərgər dəqiqliyi ilə yanaşmışam”.
Mir Cəlalın tanınmış tədqiqatçı Firudin Hüseynovla birgə yazdığı “XX əsr Azərbaycan ədəbiyyatı” əsəri 40 ilə yaxındır ki, ali məktəblərin dərs vəsaitidir. Bu dərslikdə XX əsrin böyük ədəbi şəxsiyyətləri, onların yaradıcılığı, ədəbi mühitə gətirdiyi yeniliklər haqqında əhatəli elmi fikirlər əks olunmuşdur. Mir Cəlal böyük şəxsiyyətlərin həyat və yaradıcılqlarını, dövrün ictimai-siyasi, ədəbi-mədəni mühitini öyrənməklə, tədqiq etməklə özü də mənən uca zirvələr fəth etmiş, şəxsiyyət kimi müdrikləşmişdi.
Ədəbiyyatşünas alim kimi Mir Cəlalın nüfuzu bir də o mənada möhtəşəmdir ki, Azərbaycanın istedadlı ədəbiyyatşünas alimlərini (Firudin Hüseynov, Kamal Talıbzadə, Bəxtiyar Vahabzadə, Vaqif Vəliyev, Əziz Mirəhmədov, İnayət Bəktaşi, Abuzər İsmayılov, Qara Namazov, Nəriman Həsənzadə, Cəlal Abdullayev, Yasif Nəsirov, Təhsin Mütəllimov, Asif Hacıyev, Sadıq Şükürov, Xalid Əlimirzəyev, Elçin) elmimizə məhz o, təqdim etmişdir. Elmi rəhbəri kimi Mir Cəlal onların yetişməsində böyük rol oynamışdır. Ümumiyyətlə o, 40-a yaxın dissertasiyanın elmi rəhbəri olmuşdur.
Əməkdar elm xadimi Mir Cəlal XX əsr ədəbiyyat, ədəbiy­yat­şünaslıq tarixində elə bir iz açmışdır ki, bu, XXI əsrin də ədəbi-elmi zirvəsində görünəcəkdir. Müdriklik, saflıq, vicdan, ləyaqət tarix boyu mənəviyyat zirvəsində dayandığı kimi.


Müəllim Mir Cəlal


Mir Cəlal 1928-ci ildə Gəncə Darülmüəllimini bitirdikdən sonra Gədəbəy səkkizillik məktəbində direktor vəzifəsində çalışmışdır. Onun haqqındakı xatirələrdən öyrənirik ki, rayonun Söyüdlü, Axırdam kəndlərində də dərs demişdir. Müəllim kimi ilk dəfə sadə kənd uşaqları ilə işləmək, bəlkə də, onun həyatında böyük izlər qoymuşdur. Yazıçı Nahid Hacızadənin xatirələrində oxuyuruq ki, Mir Cəlal müəllim ömrünün həmin səhifəsini məhəbbətlə anırmış: “Dağ adamları düz olur, halal olur. Mərd-mərdanə camaatı var Gədəbəyin. Orada çox hörmət–izzət görmüşəm. Ömrüm boyu o yerləri, o insanları unutmaram.” Firudin Hüseynov isə yazırdı: “Uşaqlıq illərini keçirdiyi Gəncə, ilk dəfə müəllimlik etdiyi Gədəbəy söhbətinin, sözünün mayası, dilinin əzbəri idi”.
Bir il sonra Mir Cəlal Gəncə şəhərindəki 1 nömrəli məktəbə direktor təyin olunmuşdur. 1932-ci ildə Kazan Universitetini bitirdikdən sonra da pedaqoji fəaliyyətini davam etdirmişdir. Azərbaycan Pedaqoji İnstitutunda və ömrünün axırına qədər Bakı Dövlət Universitetində dərs demişdir. Bakı Dövlət Universitetinin auditoriyalarında əziz tələbələri qarşısında oxuduğu mühazirələr Mir Cəlal müəllimin unudulmaz əsərləri, həyatının isə ən xoş çağları olub. Universitetin Azərbaycan ədəbiyyatı kafedrasının dosenti, 1948-ci ildən ən nüfuzlu, sevimli professorlarından biri idi. 1961-ci ildən Azərbaycan ədəbiyyatı kafedrasının müdiri vəzifəsində çalışmışdır. Hətta dərs demədiyi tələbələrin də xatirində o, olduqca sadə, səmimi, mehriban bir müəllim kimi yaşayır.

Mir Cəlal şəxsiyyəti və tədqiqatlar dünyası

Mir Cəlal müəllim haqqında onlarca, yüzlərlə xatirələr danışılır, yazılır. Onun ədəbi irsi neçə onilliklərdir ki, elmi araşdırmaların mövzusuna çevrilibdir.
Mən Azərbaycan-özbək (cığatay) ədəbiyyatları kontekstində araşdırmalar apararkən 1975-ci ildə yazılmış bir qeydə rast gəldim. Ədəbiyyatşünas, özbəkşünas alim Qulamhüseyn Əliyev yazır ki, “1963-65-ci illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsinin aspirantı olduğum zaman Azərbaycan ədəbiyyatı tarixi kafedrasında dissertasiya mövzumun təsdiqi haqqında çox mübahisə oldu. Kafedranın müdiri, professor Mir Cəlal Paşayev və professor Pənah Xəlilov israr etdilər ki, Azərbaycan-özbək xalqlarının ta qədimdən başlanıb gələn ədəbi əlaqələr tarixinin tədqiqinə ciddi ehtiyacı var. Bir gün tez, bir gün gec, axır ki, bir nəfər bu işə girişməli, sovet ədəbiyyatşünaslığının ədəbi əlaqələr xəritəsində “işğal edilmiş zonaya” səyahət etməlidir. Mən də razılaşdım”.
Azərbaycan-özbək (cığatay) ədəbiyyatları mövzusunda monoqrafiya üzərində işlərkən bu qeydlər daim fikrimdə dolanıb. İndi böyük ədəbiyyatşünas alimin 100 illiyində həmin işi tamamlayıb təqdim etmək qərarındayam. Bu ağır zəhmətli işimi böyük şəxsiyyət, yazıçı, alim və pedaqoq Mir Cəlalın yubileyinə hədiyyəm hesab edirəm.
Mir Cəlal yaradıcılığı bir çox xalqlar kimi, özbək oxucularına, ədəbiyyatşünaslarına da tanış və doğmadır. Öz­bək ədə­biy­yat­şü­nas­lı­ğın­da, xü­su­sən, Lüt­fi, Nə­vai, Ba­bur, Məş­rəb, Aga­hi ki­mi öz­bək klas­sik­lə­ri­nin yaradı­cı­lı­ğı ilə bağ­lı təd­qi­qat­lar­da klas­sik Şərq po­eti­ka­sı­na aid is­ti­lah­la­rın ön pla­na çə­kil­mə­si, qə­zə­lin po­etik xü­su­siy­yət­lə­ri­nin təh­li­lin­də or­ta əsr Şərq ədə­biy­yat­şü­nas­lı­ğı­na məx­sus bə­dii təs­vir va­si­tə­lə­ri­nə (təş­beh, is­ti­arə, müba­li­ğə, tə­zad və s.) üs­tün­lük ve­ril­mə­si özün­dən son­ra­kı tədqiqatçı­la­ra Maq­sud Şeyxza­də­nin təsiri, Maq­sud Şeyxza­də­nin özü­nə isə pro­fes­sor Mir Cə­lal Pa­şa­ye­vin tə­si­ri ki­mi diq­qə­ti cəlb edir. Be­lə ki, Şərqdə qə­dim­dən xüsu­si po­eti­ka el­mi­nin möv­cud­lu­ğu­na və klas­sik şe­iriy­yə­ti bu el­min prin­sip və qay­da­la­rı ilə təd­qiq et­mə­yin va­cib­li­yi­nə diqqəti ilk də­fə Mir Cə­lal Pa­şa­yev "Fü­zu­li sə­nət­kar­lı­ğı" mo­noq­ra­fi­ya­sın­da yö­nəltmiş, Maq­sud Şeyxza­də isə Əlişir Nə­vai haq­qın­da mə­qa­lə­lə­rin­də, o cüm­lə­dən, "Us­ta­dın icad­xa­na­sın­da", "Qə­zəl mül­kü­nün sul­ta­nı" ad­lı təd­qi­qat­la­rın­da Mir Cə­lal Pa­şa­yev­dən sitatlar, iq­ti­bas­lar gə­ti­rə­rək, bu ye­ni el­mi-nə­zə­ri ya­naş­ma üsu­lu­nu öz­bək ədə­biy­yat­şü­nas­la­rı­nın diq­qə­ti­ni cəlb et­miş­dir. Son­ra­lar Öz­bə­kis­ta­nda “poetik sə­nət­lə­rə” ma­raq bir­dən-bi­rə güc­lə­nib, hət­ta Azər­bay­can­dan fərqli ola­raq, ilk farsdil­li or­ta əsr mən­bə­lə­ri öz­bək­cə­yə tər­cü­mə edilmişdir. Bu sa­hə­də cid­di uğur qa­za­nan öz­bək ədə­biy­yat­şü­nas­la­rı (Ə.Həyitmətov, Ə.Qəyyumov, Y. İshaqov, B.Rəhmanov, Ə.Əbdülqafurov, S.Qəniyeva və başqaları) bu və ya di­gər şə­kil­də Mir Cə­lal Pa­şa­ye­vin “Fü­zu­li sənətkarlığı”n­dan bəh­rə­lən­miş­lər. Belə faktlar xa­lq­la­rı­mız ara­sın­da ədə­bi əla­qələrin və ədə­bi tə­si­rin ye­ni, özü­nə­məx­sus bir tə­za­hür forması­nı üzə çı­xar­ma­ğa im­kan ve­rir. Bu faktlar, ey­ni za­man­da, Mir Cəlal Pa­şa­ye­vin XX əsr Azər­bay­can-öz­bək ədə­bi əla­qə­lə­ri­nin tə­şək­kü­lü və in­ki­şa­fın­da­kı özü­nə­məx­sus ye­ri­ni mü­əy­yən­ləş­di­rir. Bu baxımdan Özbəkistan EA Nəvai adına Dil-Ədəbiyyat İnstitutunun nəzəriyyə şöbəsinin baş elmi işçisi, iki dildə yazıb-yaradan tanınmış şair Akif Azalpın məşhur “Azərbaycan” şeirindən bir bəndi xatırlatmaq yerinə düşər:

... Hər xalçanın ərzi gəzən sədasında
Alqışlayıb sonaların kamalını,
Sən diriltdin Mir Cəlalın nidasında
“İtə atar, yada satmaz!” amalını.
Tüğyanların ümman-ümman, Azərbaycan!
Dünya bir yan, sən bir yansan, Azərbaycan!


1978-ci il sentyabrın 28-də əbədiyyətə qovuşan, böyük şəxsiyyət kimi tarixləşmiş, əziz müəllim, görkəmli yazıçı, istedadlı ədəbiyyatşünas Mir Cəlalın xatirəsi daim qəlblərdə yaşayacaq, ədəbiyyatımızın, ədəbiyyatşünaslığımızın əbədi mövzusu olacaqdır.
 
Filologiya elmləri namizədi ALMAZ ÜLVİNİN AzərTAc-ın xahişi ilə yazdığı növbəti, görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlal haqqında məqaləni oxuculara təqdim edirik.

Baxış sayı: 100
Açar sözlər:
Bookmark and Share


Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


artyazar

Tezliklə burda görüşəcəyik:

www.Kitabxana.Net

Rəsmi tərəfdaşlarımız:

Azərbaycan Yazıçılar Birliyi
(sədri Anar)

www.azyb.net

Solita.NET
"Hosting & Internet service Company"
Baku, AZ1118 Azerbaijan
Tel:(+994) 50 522 22 08
E-mail:billing@solita.net

DİQQƏT!

Sayğılı Virtual Kitabxanamızın istifadəçiləri, Yeni Yazarlar və Sənətçilər Qurumu tərəfindən daxili imkanlar hesabına gerçəkləşdirilən "ELEKTRON TURAN" - VİRTUAL AZƏRBAYCAN Milli-Kulturoloji layihəsinin bir hissəsi olan və 400 000 nəfərin e-istifadə etdiyi, İnternetdə anadilli resursların arasında xüsusi seçilən bu Elektron Kitabxananın inkişaf etdirilməsinə ehtiyac duyulur. Qlobal dünyada informasiya təhlükəsizliyi problemini nəzərə alıb, bu e-kitabxananı Azərbaycan dövlətinə ərməğan etmək təklifini irəli sürürük: birgə şərtlə, layihənin fəlsəfəsinə xələl gətirilməməlidir.
Başqa qurumlar, dövlət və QHT-lər, eləcə də xeyriyyəçilər, bir sözlə istənilən şəxs bizə dayaq durmaq istəyindədirsə, əlaqə telefonlarımızı, bank rekvizitlərimizi veririk:
Yeni Yazarlar və Sənətçilər Qurumunun “Texnikabank” ASC-ndəki hesab nömrəsi:
38030066470001
VÖEN: 1700430481
“Texnikabank” ASC Kodu: 506872
VÖEN: 9900000681
Müxbir Hesab: 0137010031944
S.W.I.F.T.BIK: TECİAZ22

Tel.: (+99412) 418 93 58; 438 03 17;
(0-50) 213 40 43; (070) 317 80 01

e-mail: artyazar@yahoo.com

Portalımızın başqa saytları:

www.yysq.azeriblog.com
www.xariciedebiyyat.azeriblog.com
www.artyazar.azeriblog.com
www.azeriedebiyyati.azeriblog.com

YYSQ-nin "ELEKTRON TURAN" - Virtual Azərbaycan Milli-Kulturoloji layihəsi əsasında Virtual Milli Elektron Kitabxana (e-Axtarış Sistemli) 1300-ə yaxın özəl İnternet səhifəsi olan saytın istifadəçisi 1-5 saniyə ərzində müxtəlif kitabların elektron variantını əldə edə bilər. Azərbaycan, türk, rus, ingilis və başqa dillərdə olan elmi, tarixi, bədii, dini, ictimai-siyasi kitablardan istifadə etmək mümkündür. Saytda, eləcə də dünya ədəbiyyatının ana dilimizə çevrilmiş müxtəlif tərcümələri də yer alıb: istifadə etmək pulsuzdur.
Hiper Virtual Kitabxanada dünya ədəbiyyatının - ədəbi-bədii, elmi-filoloji, fəlsəfi-kulturoloji düşüncəsinin maraqlı, bir sözlə bəşəriyyətin indiyə qədər yaratdığı dəyərli nümunələrindən ibarət intellektual e-resurs həm də Türk Dünyasının qlobal mədəni birləşməsinə, eləcə də mədəniyyətlərarası dialoqa, sivilizasiyaların yaxınlaşmasına xidmət edir...

Redaksiya-Ekspert Şurası:

ANAR,
Azərbaycan Yazıçılar Birliyi sədri

Nizami Cəfərov,
Milli Məclisin Mədəniyyət Məsələləri daimi Komissiyasının sədri, akademik

Orxan Pamuk,
Türkiyə Cümhuriyyəti, Beynəlxalq Nobel mükafatı laureatı

Oljas Süleymenov,
Qazaxıstanın xalq şairi

Hamlet İsaxanlı,
Xəzər Universitəsinin rektoru

Bəhruz Axundov,
"Təhsil" Nəşriyyatı-Poliqrafiya Birliyinin direktoru

Çingiz Abdullayev,
MDB Yazıçılar Konfederasiyasının İH üzvü

Çingiz Əlioğlu,
AR Mədəniyyət və Turizm Nazirliyi

Rizvan Əbilov,
Rusiya Federasiyası nümayəndəliyi

Şəmsəddin Küzəçi,
Türkiyə və İraq-Türkman nümayəndəliyi

Aydın Xan (Əbilov),
YYSQ sədri, Layihənin baş əlaqələndiricisi

Səlim Babullaoğlu,
"Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru,

Səxavət Sahil,
"Gənc Azərbaycan" qəzetinin baş redaktoru, əlaqələndirici

Xüsusi qeydlər:

Bu saytdakı materiallar - mətnlər və e-kitablar müəlliflərin icazəsi olmadan kommersiya məqsədi ilə çoxaldıla, eləcə də başqa formada istifadə oluna bilməz!
Azərbaycan Respublikasının milli qanunvericiliyi və ölkəmizin qoşulduğu beynəlxalq sənədlərdəki bəndlərə uyğun olaraq yazarların müəlliflik hüquqları tanınır, onlara siz də sayğı göstərin...

Данный тексты не может быть использован в коммерческих целях...

Yeni Yazarlar və Sənətçilər Qurumu

Axtarış

Açar sözlər

  azərbaycan  məhəmməd  əmin  rəsulzadə.  "stalinlə  avropa  ixtilal  qumluqdakı  энциклопедия  roman  abe  türk  hüquqları  davası"  kobo  xatirələri"  insan  qadın  məhkəməsi  fəthullah  "milli  зарубежная  cəlaləddin  mircəfər  (i)  литература  mövlanə  məmmədov.  dirilik.  adıgözəl  rumi  xx  bağirov  cənubi  balzak.  культурология  arvadı"  şey  nino”,  hərəkatı  fukuyama.  мишель  vladimir  "bəhaullah  kino  səfəvi  illər  xorxe  м.в.  şərqşünasliq  milli  ədəbiyyatinda  massonluq  "xristian"  mənim  илья.  dayanir?"  erməni  fərid  rəhbərliyinə  terror,  лич.  эпох,  (iii)  yeni  iran  dövləti)  sokrat  idarə  "...həzrət  məhəmmədin  gəncəyi.  uimz.  a.s.puşkin  блинов  iv  adı  əfsanələr  gülən.  de  rumi.  əladı  liderlərinin  mədəniyyətin  текст)  con  sənəti  turxan  mir  yaddaşı  философия  "ermənistanı  rəsmi  azərbaycanda  neolibirelaizm  gizlinləri"  olanda  постмодернизм"  iddianin  ədəbiyyatı  yaponiya  min-bir  sirus  afrikasayaği  э.  "мифологии"  (iv)  delerm  problemi  tarixi  (полный  vahe  babın  ömür  isfahandaki  "1905-1906-cı  borxes.  в.а.,  elmi  cümhuriyyəti»:  gülən  hiss  dəri  "постструктурализм.  «məsnəvi».  “əli  milli-demokratik  üstünlüyu  фуко,  возрождения  ebenezer  ale-əhməd.  möhsün  brut  avetyan:  tahirzadə:  drami  ölkənin  peter  постмодернизма  marşallek.  baba  sirri"  ssri  aparteid  барт.  xatirələri  filip  folkner  ziyalisi  türkiyə  «слова  литературно-библиографическая  "geoloqlar"  zühuru..."  sultan  mövqeyi  luis  ладов  kazimbəy  dövlətimizin  dramaturgiya  kоllektiv  еtmək"  onore  деконструктивизм.  "amerikansayaği  ermənişünaslığı  mədədi.  demokratiya  коммуникация.  древних  era"  xalqlari  cəlal  nəvvab  mark  cinayətkarlar  «azərbaycan  h.ibsen  samuel  turrini.  а.к.,    qərb  kamal:  ələkbərli.  "zamanı  faşizm  век  ролан  "zahidin  hər  viliam  güney  frensis  вещи»  века  sorokin.  zərəndi.  səhifələr  sarayinda  erməni-müsəlman  şekspir  лебедев  mirzə  ilk  mühacirət  şüur  "ermənistan:  üzlük  ильин  arxasinda  "şərqin  məktubu  islam  культура  средневековья  (ii)  esslemont.  postmodernizm  dili  (osmanli  yuni  edir"  ədalət  kitabından  terrorçu  vaxtım  аналитическая  ralf  şərq  masonluq  dilinin 

Sayqaç

İndi blogda: 24
Keçən ayın hiti: 51586
Dünənki hit: 1311
Bugünki hit: 424
Ümumi hit: 414324

AddThis Feed Button
Add to Technorati Favorites