Ustada məktublardan
Çox dəyərli ustad Rəsul ağa bəyim, sayğı və sevgilərimlə sizə sağlıq və mutluluq dilərək, hörmətlə əlinizi öpürəm. Sizin yazılarınızı hər zaman izlər, sizinlə tanışlığı çox arzularam. Siz Kərkükə təşrif buyurduqda sizinlə görüşmədiyim üçün həyatda az ələ keçən fürsətlərdən birini itirmiş sayıram kəndimi.
“Uzaq ellərin yaxın töhfələri” başlıqlı yazınızı oxurkən az qalsın yazılanlara baxmadan əzbər söyləyəcəkdim yazını. Bu sırada “Bir dərdlinin dərmanın o dərdə düşəndən sor” xoyratını xatırladım. Biz soydaşlarınıza qarşı göstərdiyiniz iyi duyğularınız üçün sizə bilməm nasıl minnətdarlığımı bildirəm. Yeri gəlmişkən, rus hərfləri ilə türkcə oxumağı bu dəyərli yazınız sayəsində ögrəndiyimi bildirməliyəm.
Dəyərli ağa bəyim, qardaşımız Qəzənfər bəy mənə yazdığı məktubunda sizə məktub yazmam istəyinizi bildirdi. Bu lütfünüzə, təvazölərə qarşı nə qədər məmnun qaldığımı anlatmağa kəndimi aciz buluram, — desəm, nəzakət icabı söz olaraq qəbul etməniz bu minnətdarlığım könlümün ta dərinlərindəndir.
Ağa bəyim, mənə ərmağan göndərdiyiniz “Vaxt var ikən” şeir kitabınıza görə sizə ayrıca təşəkkür edirəm.
Əlimdə bir sözlük bulunmadığından, üstəlik canlı və interesan başlıqlar daşıyan “Üçüncü göz” və “Şeir dili” kimi parçalar kitabın altmışıncı ilə yüzüncüyə qədər səhifələri əskik olması üzündən ancaq bir kaç şeriniz üzərində dura bildim. Düşüncə və görüşlərimi lütfünüzə dayanaraq bəlirtmək istərəm.
“İnsan” başlıqlı şerinizi oxurkən ölən kişinin mən olduğumu sandım. Çox dərin duyğunuz insanın içinə işləyir. Türkcə, ərəbcə və bu dillərə tərcümə edilən şeirlərdən olduqca okumuşam. Amma insanların tasasını bu qədər canlı bir şəkildə təsvir edənə pək az rastlaşmışam.
“Dəlidən doğru xəbər” çox canlıdır. Nə yaparsan; bu gördüyün qədər çarpaşıq həyatda tək çıxar yol dəli olmaqdır.
“Gələcəyə səyahət” şerinizi daha öncə “Səslər” dərgisində oxumuşdum, ip iyi duyğulandırmışdı bəni. Kitabdakı mətn dərgidəkindən fərqlidir. Bən daha hüdudlu bir çərçivədə seyr etmişəm, tozan, akan və damarları atan tablonuzu.
Ustad ağa bəyim! Şeirlərinizin Azərbaycan eşində bulunan türklər tərəfindən okunmaması, məncə, çox üzücüdür. Könül dilər ki, daha böyük fayda vermək üçün onları yeni türk hərfləri ilə basdırasız.
Əfəndim, yuxarıdakı sözlərimi qiymət biçmək yolunu almayınız, çünki bən sizin uca əsərləriniz haqqında söz söyləyəcək iqtidarında deyiləm.
İlk məktubumda bu qədər uzun qonuşduğum üçün üzrlər dilərəm.
Son acizkaranə hörmətlərimi sunar, sizi gözəl Allaha ismarlaram, əfəndim.
Kərküklü qardaşınız
Mövlud Taha Qayaçı
Kərkük, Televiziyon dairəsi
3 mart 1971
farscadan tərcümə
Dost və əziz həmkarım Rəsul Rza, şərafətli məktubunuz gəlib çatdı. Bir qədər sonra göndərdiyiniz kitablar da gəlib çatdı. Cavabın yubanmasında səbəb bu idi ki, “Qobustan” məcmuəsinin gəlməsini gözləyirdim. Bu vaxta kimi gəlib çatmayıb. Sizin şeirlər dəftərindən birini həmkarlarım mənə oxuyub tərcümə elədilər, çox ləzzət aldım. Bundan əvvəl Sovet Azərbaycanının müasir şairlərinin əsərlərindən bəziləri “Soxən” məcəlləsində çap olunmuşdu və bundan sonra da başqa nümunələr də fars dilinə tərcümə edilib çap ediləcəkdir. Ümidvaram ki, dost və əziz həmkarlar ilə görüşmək fürsəti ələ düşəcək.
Pərviz Xanlari
İran mədəniyyəti fondu
N-318
Tarix: 10.03.1392 h.
Çox hörmətli Rəsul Rza yoldaş!
Əlbəttə, mən bilirəm ki, siz mənsiz də “Bakı” qəzetini oxuyursunuz, ancaq ki, mən hər halda özümə borc bilirəm ki, Nəsimi haqqında nə yerdə nə yazsam, sizə ondan bir nüsxə təqdim edim. “Ədəbiyyat və incəsənət” qəzetinə də bir şey vermək istəyirəm. Elmi məzuniyyətdən qayıtdım, Nəsimi haqqında Qərbi Avropa dillərində XVI əsrdə çap olunmuş üç kitab mənə məlum idi. Məzuniyyətdə daha üç kitab tapmışam, onlardan ikisi yenə də XVI əsrdə Qərbi Avropa dillərində çap olunmuşdur (hamısında qəbir məsələsi var). Üçüncüsü isə rus dünya səyyahı fedoseyevindir. Bu müəllifdə qəbir məsələsi ayrıca qeyd edilməyir, lakin rəssam çəkən şəkildə “qələ” vardır və qəbirlər də göstərilmişdir. Odur ki, indi mən hər halda XVI əsrdən 1880-ci ilədək siz tapan qəbrin bütün biblioqrafik tarixini verə bilərəm.
“Mirzə Şəfi” (rusca) kitabını göndərirəm. Kitab cildxanadan az qalmışdı itsin, geri aldım və cildsiz təqdim edirəm.
Beləliklə, bizim danışdığımız məsələlər hamısı ya yerinə yetirilib, ya yerinə yetirilməyə başlanıbdır: 1) Kitabın tirajı; 2) Qonorarım (19. III-də aldım: 115 m.); 3) Yazıçılar İttifaqı məsələsi. Ərizəni verməyin vaxtı yaxınlaşanda tövsiyənizi xahiş edəcəyəm; 4) Yalnız bir məsələ qalır ki, onu siz özünüz qaldırmışdınız. Siz dediniz ki, mənim Nəsimi kitabımın (rusca) yubiley komissiyası vasitəsilə çap olunmasına yardım göstərərsiniz və hətta əlavə etdiniz ki, sizə qonorar dəxi verilər (mən qonorar tərəfindən heç bir vaxt “arxavud” olmamışam və əgər elə bir şey olsaydı, çox yaxşı olardı). Mən o məqalələri çapa hazırlamağa başlamışam, amma bir “arxayınlıq” yaratmamağa yenə də bir qədər ehtiyac var. Ən səmimi ehtiram ilə.
Əliəjdər Səidzadə
P.S. Alimin 21.03.1969 və 24.09.1969-cu il tarixli iki məktubunu birgə təqdim etdik.
Rəsul Rzaya
Əziz dostum! Ötürdün gənc
ömürdən altmış il sən də.
Qələm çaldın gəlib vəcdə
məhəbbətlə bu gülşəndə.
Vururkən nəbzimizdə bir saat
tək əsrin ahəngi,
Alır min bir çəməndən hər döyüşkən
şerimiz rəngi.
Sənin qəlbin cavandır
çox yorulmaq bilməyib, bilməz,
Həqiqi şairə hörmət vətəndə
artar, əskilməz.
Qələm çal, qoy bu torpaqda həyat
gülsün, bahar gülsün,
Çiçəklənsin könüllərdə nəcib,
xoş arzular gülsün.
Xəzandan solmayıb şerin,
Baharsız olmayıb şerin.
Gözəlliklər diyarında həyatdan
olmayır doymaq.
Əziz dostum! Bu şad gündə
mənim arzum budur ancaq:
Bahar bayraqlı hər mahnı vətən
mülkündə yüksəlsin,
Şer, sənət bağından qoy uzun illər
səsin gəlsin!
Rəsul Rza anıldı
“Mən xoşbəxt olardım Tabutumu özüm apara bilsəydim” —deyə son mənzilə, əbədiyyətə qovuşduğu ən ağır, ağrılı günündə belə bir kimsəyə zərrə qədər yük olmağı belə qıymırdı ustad şairimiz Rəsul Rza. “Mən öləndə ağlamayın, gülməyin — deyirdi. — Nəyə lazım, mən sağlığımda həm ağlamışam, həm gülmüşəm...” Dünyanın bir yalan günündə dünyasını dəyişdi. Böyük bir məktəb olan yaradıcılığını və bir də əbədi olaraq anılmaq, yad edilmək haqqını qoyub getdi. Şeirlərinin birində yazırdı ki, hansı bir möcüzəyləsə yenidən dünyaya qayıda bilsəm onda mütləq bu pəncərənin önünə, bu otağa gələrdim. Qayıtmaq, əbədi var olmaq duyğusu, inamı dipdiriydi düşüncələrində. Necə ki, ölməz sənətini sevənlər, xeyirxahlığını görənlər onun əbədi var olacağına böyük inam hissiylə yad edirlər xatirəsini.
Aprelin 1-də — dünyasını dəyişdiyi gündə hər il olduğu kimi, yenə də Rəsulsevərlər fəxri xiyabana gələrək ustad şairin qəbri üstünə tər çiçəklər qoyub, xatirəsini yad etdilər. Xalq şairi, Yazıçılar Birliyinin birinci katibi fikrət Qoca ədəbi xeyirxahı R.Rza haqqında olan minnətdarlıq duyğularını bir daha dilə gətirdi: “Rəsul Rza böyük sənətkar olmaqla yanaşı kişilik, mərdlik simvolu idi, dünyaya yaxşılıq etmək üçün gəlmişdi. Onun zəhməti hədər getməyib. Oxucuları dünyaya gəlib, gəlir, gələcək və o da hər dəfə yenidən doğulacaq. Şair üçün bundan böyük xoşbəxtlik yoxdu...”
Sonra şair Firuzə Məmmədli ustad sənətkar haqqında xatirələrini danışdı. Şairlərdən Ramiz Məmmədzadə, Qəşəm Nəcəfzadə, Kəmalə Nəsrin Rəsul Rzaya həsr etdikləri şeirləri oxudular. “Ədəbiyyat qəzeti”nin şöbə müdiri, şair Adil Cəmil öz nəslinin ədəbi aləmə gəlişində Rəsul Rzanın danılmaz rolu olduğunu vurğuladı, ustad sənətkarın rəhbərliyi altında keçirilən “Gənclər günü”nün əhəmiyyətindən danışdı. Qeyd etdi ki, Rəsul Rza çağdaş Azərbaycan poeziyasına yeni nəfəs, yeni məzmun, yeni ifadə tərzi gətirdi. Sonra o, səhhətiylə bağlı olaraq R.Rzanın anım mərasimində iştirak edə bilməyən qələm dostu, şair Yusif Həsənbəyin ustadına onun adından rəhmət diləməyi xahiş etdiyini diqqətə çatdırdı.
Şair-dramaturq Ramiq Muxtar ədəbi uğurlarında Rəsul Rzanın böyük haqq-sayı olduğundan söz açdı: “Mənim ilk pyesimin təsdiq olunmasında Ənvər Məmmədxanlıyla birgə Rəsul müəllimin də böyük rolu, zəhməti oldu. Nə qədər ömrüm var onun anım günündə — ölümsüzlük günündə iştirak edəcəm, xatirəsini yaşadacam.
Sənətə gəlişində R.Rzanın xeyir-duasını almış şair Rəhman Babaxanlı da olanları yada saldı: “Gəncliyə qayğı onun həyat devizi idi. Yadımdadı, mənə yazdığı “Uğurlu yol”dan sonra ustad sənətkarla görüşüb ona minnətdarlıq etmək istəyirdim, ancaq utanırdım. Rəhmətlik İsa İsmayılzadə olmasaydı özümdə cəsarət tapa bilməyəcəkdim. Çünki o, bizimçün əlçatmaz idi. Rəsul müəllimin bütün ömrü qəhrəmanlıq nümunəsidi”.
“Ədəbiyyat qəzeti”nin baş redaktoru Ayaz Vəfalı mərasimdə ustad haqqında səmimi ürək sözlərini vurğuladı: “Burada müxtəlif nəsillərin nümayəndələri çıxış etdi və mən gördüm ki, Rəsul Rza bütün nəsillərin, bütün dövrlərin şairidi. Rəsul Rza hər sözün, hər kəlmənin üstündə əsən bir insan idi. O, dilimizin təmizlənməsi üçün var gücüylə çalışırdı. Ustad şairin “Qızılgül olmayaydı” poemasının “Ədəbiyyat qəzeti”ndə çap edildiyi gün indiki kimi yadımdadı. O dövr üçün bu, böyük qəhrəmanlıq idi. Rəsul Rza yaradıcılığı düşündürücüdü və daha çox düşündürücü olduğuna görə yadda qalır...”
Filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev öz çıxışında R.Rzanın poeziyaya gətirdiyi yenilikdən, vətəndaşlıq qayəsindən söz açdı. Vurğuladı ki, o, Azərbaycan Ensiklopediyasının yaradıcısı, gənclərin hamisi, İraq ellərində yaşayan kərküklülərin Azərbaycanla etibarlı bağı idi. “O, Kərkükü Azərbaycanla qovuşdurdu. Bayatı janrına vaxtı keçmiş ədəbi janr kimi baxıldığı bir vaxtda —1961-ci ildə Rəsul Rza ilk dəfə olaraq Kərkük xoyratlarını nəşr etdirdi. Bununla da Azərbaycan folklorşünaslığında yeni dövr başlandı. folklorşünaslar bundan sonra özlərində cəsarət tapdılar ki, Kərkük bayatılarını tədqiq etsinlər. Mən bunu Rəsul Rzanın böyük xidmətlərindən biri hesab edirəm”.
Mərasimdə çıxış edən “Ədəbiyyat qəzeti”nin şöbə müdiri Aydın Xan R.Rza yaradıcılığının gənc ədəbi qüvvələrin yetişməsində böyük rol oynadığından danışdı: “Rəsul Rza böyük şəxsiyyət, böyük vətəndaş şair idi. Onun gənc nəslə qayğısı danılmazdı. Rəsul Rza şəxsiyyəti, Rəsul Rza yaradıcılığı bizim düşüncə tariximizdə böyük rol oynayır. Sağlığında da, ölümündən sonra da Rəsul Rzaya çox nadan daşı tuşlanıb. Daş isə ancaq barlı ağaclara atılır”.
Xalq yazıçısı, AYB-nin sədri Anar tədbirin sonunda çıxış edərək atasının xatirəsini əziz tutanlara öz dərin təşəkkürünü bildirdi.
E-mənbə: http://edebiyyatqazeti.com/cgi-bin/edebiyyat/index.cgi?id=1879


