Reklam verin!

«MASTER və MARQARİTA» ROMANI İLK DƏFƏ OLARAQ AZƏRBAYCANCA ÇAPDAN ÇIXIB



Məşhur rus yazıçısı Mixail Bulqakovun «Master və Marqarita» romanı ilk dəfə olaraq azərbaycanca çapdan çıxıb. Romanı yazıçı Saday Budaqlı tərcümə edib.



Kitab «Şərq-Qərb» nəşriyyatında işıq üzü görüb.

«Master və Marqarita» Mixail Afanasyeviç Bulqakovun sonuncu kitabıdır.

 

Sanki müəllif bu əsərinin sonuncu olduğunu hiss edərək onun hər səhifəsinə tükənməz fantaziyasını, özünün başlıca fikir və ideyalarını, bir sözlə, bütün varlığını hopdurmağa çalışıb. Əsas məna daşıyıcısı mif olan və «romanda roman» prinsipinin gözlənildiyi bu əsərdə mif süjeti müasir zaman fəsilləri ilə paralel inkişaf edir. «Master və Marqarita»da simvolik obrazlardan olan fırtına motivi bütövlüklə romanı əhatə eləyir və getdikcə artaraq qarşıdakı dünya dəhşətindən xəbər verir.

XX əsr ədəbiyyatının təqdirəlayiq hadisəsi olan «Master və Marqarita» rus ədəbiyyatında o zamana kimi görünməmiş misilsiz, qeyri-adi bir hadisə idi. Əsər Qoqol satirası ilə Dante poeziyasının, gülüşlə lirikanın mükəmməl qatışığıdır. Bulqakov «Master və Marqarita»nı yaşadığı dövr və insanlar haqqında tarixi və psixoloji həqiqət kimi qələmə alıb, məhz ona görə də roman dövrün bir növ unikal bədii sənədinə çevrilib. Eyni zamanda gələcəyə xitabla yaranmış bu dərin fəlsəfi hekayət öz yüksək bədiiliyi ilə bütün dövrlərin kitabı ola bilmək səviyyəsinə yüksəldib. Hərçənd belə güman etməyə də tam əsas var ki, müəllif romanının öz müasirləri tərəfindən qəbul ediləcəyinə və başa düşüləcəyinə bir elə də çox ümid bəsləməyib.

İdeya cəhətdən bütün ciddiyyəti ilə yanaşı «Master və Marqarita» əsəri ruhunda azad yaradıcılıq fantaziyasının tam hökm sürdüyü bir romandır. İblis hökmranlıq edir, Bulqakovun müasiri - ilhamlanmış master isə ölməz romanını, bütün həyatının əsərini yaradır. Orada bir yəhudi hökmdarı İsanı edama göndərir, eyni zamanda XX əsrin 20-30-cu illərində «Sadovaya» və «Bronnaya» küçələrində yaşayan insanlar alçaqlıq edir, boş-boşuna vurnuxur, zəmanəyə uyğunlaşır, yaxınlarına belə xəyanət edirlər. Gülüş və qəm, sevinc və ağrı orada elə yüksək səviyyədə bir araya gəlir ki, buna yalnız nağıllarda təsadüf etmək mümkündür. İstedadın məhvindən danışan «Master və Marqarita» işığa və xeyirxahlığa doğru can atmağın meyarı olan sevgi və əxlaqi borc, şərin insaniliyi və yaradıcılığın həqiqiliyi haqqında nəsrlə yazılmış fəlsəfi-lirik poemadır.

...Paytaxtda İblis və onun dəstəsi peyda olur... Müəllifin çox sevdiyi mövzulardan biri olan iblisanəlik burada – «Master və Marqarita»da o qədər realist məzmunludur ki, öz növbəsində romanın personajlarını əhatə edən ziddiyyətli canlı reallığın satirik-qrotesk təsviri üçün çox gözəl nümunə ola bilər. Əsərdə ən müəmmalı obraz və eyni zamanda romanın əsas ideyasının daşıyıcılarından olan Voland alçaqlığı, yalanı, rəzilliyi, acgözlüyü kəskin tənqid edərək Bulqakov Moskvasının üzərindən qəzəblə ötüb keçir. Voland yer üzünə cəza vermək və əfv etmək üçün gəlib və bilir ki, kimi nəyə görə cəzalandırmaq, kimi nəyə görə əfv etmək lazımdır. Romanın strukturunda bu qədər böyük məna yükü daşıyan Voland kimdir? İvanuşkadan ötrü o, xarici ölkə casusudur, tarix professoru Berliozdan ötrü ağlını itirmiş sərsəri yabançıdır, Styopa Lixodeyevdən ötrü cadugərdir, masterdən ötrü isə ədəbi personaj.

Bir çox araşdırıcıya görə, Bibliya mənşəli Volandla İeşua–İsus arasında dərinlərdən gələn gizlin bir bağlılıq var. Bulqakov romanının əsas personajlarından olan Voland XX əsr rus ədəbiyyatında yaradılmış ən parlaq iblis obrazları sırasındadır. Bulqakovun fəlsəfi konsepsiyasında öz yerinə görə o, mahiyyətdəki bütün fərqliliyinə baxmayaraq Dostoyevskinin Raskolnikovuna və ya İvan Karamazovuna yaxındır. Voland ideyası isə hər halda «Faust»dan gəlir... Voland da Mefistofel kimi ayağını çəkir... Ümumən «Master və Marqarita» özü əslidə «Faust»la səsləşir. Əgər Hötenin və Bulqakovun əsərlərindəki iblis obrazları qarşılaşdırılarsa, o zaman Volandın Mefistofellə, eləcə masterin Faustla və Marqaritanın da Qrethenlə büsbütün əks qütblərdə dayandığı gün kimi aydın olar.

Hadisələrə xüsusi həyatilik vermək üçün müəllif romanı qəhrəmanlarının sonrakı həyatından bəhs açan bir epiloqla bitirir... Lakin nədənsə romanın sonuncu səhifəsini çevirəndən sonra oxucunun qəlbinə xəfif bir kədər doğulur...

İnsanın dünya nizamının bir parçası olduğuna zərrəcə şübhə eləməyən Bulqakovun fikrincə, mövcud şəraitdə ədaləti bərpa etmək üçün şərlə məhz şər qüvvələr vasitəsilə mübarizə aparmaq lazımdır. Elə romanın faciəvi qroteski də buradadır. Voland masterə onun qorxu və ümidsiz vəziyyətdə yandırdığı Ponti Pilat haqda romanını qaytarır. Masterin kitabında yenidən canlandırılmış Pilat və İeşua haqqındakı əsatir oxucunu bəşəriyyətin mənəvi sivilizasıyasının başlanğıc dövrünə aparır və bununla təsdiqləyir ki, xeyir və şərin mübarizəsi daimidir; o, həyatın öz şərtləri daxilində, bugünkü günün keçici maraqlarının quluna çevrilən və yüksək ehtiraslara qabil olan insanın qəlbindədir.

Süjetin fantastik dönüşü yazıçıya bütöv personajlar məcmusunu qarşımızda çirkinlikləri ilə canlandırmağa imkan verib. Şər qüvvələrlə qəfil görüş Berlioz, Latunski, Maygel, Nikonor İvanoviç və digərlərinin iç üzlərini ifşa edir. Şəhər varyetesində Volandın öz köməkçiləri ilə birgə keçirdiyi magiya seansı, hərfi və məcazi mənada bəzi tamaşaçıları «soyundurur». Lakin müəllif və onun sevimli qəhrəmanları üçün İblis qorxuludur...

Romanda tamamilə fərqli bir inam – insana və insanlığa, sarsılmaz əxlaq qanunlarına inam var. Bulqakov üçün əxlaq qanunları insan qəlbinin elə bir parçasıdır ki, gözlənilən cəza qarşısında dini qorxudan asılı olmalıdır. Bunun təzahürünü çox böyük bir ədəbi təşkilata başçılıq edən bilikli, lakin vicdansız ateistin şərəfsiz ölümündən asanlıqla sezmək olur.

Bulqakovun kitabının başlıca qəhrəmanı olan, İsa və Pilat haqqında roman yazan master də sözün ilahi mənasında möminlikdən uzaq adamdır. O, güclü psixoloji təsirə malik, tarixi mövzuda kitab yazıb. Bu roman – bütün ziddiyyətləri, gələcək nəsillərin, düşünən və iztirab çəkən hər bir şəxsiyyətin qəbul etdiyi qərarları həll etməyə və düzgünlüyünü təsdiqləməyə məhkum edilənləri bir növ özündə cəmləşdirən romandır.

Master romanda qələbə çala bilmir. Onun qalibiyyəti ilə M.A.Bulqakov bədii həqiqətin qanunlarını pozmuş olar və özünün realizm duyğusuna xəyanət etmiş olardı. Unudulmasın ki, yer üzündə masterin şagirdi qalıb; yer üzündə masterin romanı qalıb.

«Master və Marqarita» mürəkkəb əsərdir. Roman barəsində çox deyilib və hələ çox da deyiləcək.

«Əlyazmalar yanmır» – romanının qəhrəmanlarından biri belə bəyan eləyir. M.A.Bulqakov isə həqiqətən də öz əlyazısını yandırmağa cəhd etmişdi. Amma roman yaşamağa davam edir. Master onu əzbər bilirdi. Əlyazma yenidən bərpa olunur. Yazıçının ölümündən sonra o bizə də gəlib çatıb və tezliklə bütün dünyada geniş oxucu kütləsi qazanıb.

Hazırda Bulqakovun yaradıcılığı layiqli yerini tutub və bütün dünya ədəbiyyatının ayrılmaz hissəsinə çevrilib.

Mixail Afanasyeviç Bulqakov 1891-ci ildə mayın 15-də Kiyevdə Ruhani Akademiyası professorunun ailəsində dünyaya gəlib. 1909-cu ildə Kiyev Universitetinin tibb fakültəsinə daxil olub, 1916-cı ildə universiteti «əlaçı həkim» kimi bitirib. Ömrünün Kiyevlə bağlı bu illəri Bulqakovun dünyagörüşünün formalaşmasında əsaalı rol oynayıb. Məhz həmin dövrdə M.Bulqakovda yazıçılığa meyl yaranıb.

Birinci Dünya müharibəsi illərinə qədər artıq yetkin şəxsiyyət kimi özünü tapan Bulqakov 1916-cı ilin yayında, yəni universiteti bitirəndən sonra cənub-qərb cəbhəsində Qırmızı Xaçın hospitallarında çalışıb. Elə oradan da hərbi xidmətə çağırılaraq Smolensk quberniyasına köçürülüb, əvvəlcə kənd xəstəxanasında, 1917-ci ilin sentyabrından isə Vyazma şəhər xəstəxanasında həkim işləyib. Həmin illər yazıçının «Gənc həkimin qeydləri» silsiləsindən olan səkkiz hekayəsi üçün material verib. Bu hekayələr üzərində işi o, hələ Smolensk quberniyasında xəstələrlə təəssüratlarını mütəmadi olaraq kağıza köçürməklə başlayıb.

1917-ci ilin məlum hadisələri zemstvo həkimi M.Bulqakov üçün hiss olunmadan keçib. Həmin ilin payızında Bulqakovun Moskvaya gəlişi, heç də bir çox bioqrafların onun adına yazmaq istədiyi kimi, inqilabi hadisələrə olan marağıyla deyil, «Morfi» silsiləsindən əsərlərində dəqiqliklə əksini tapmış hərbi xidmətdən və xəstəlikdən azad olunması ilə bağlıdır. Bulqakov inqilabi hadisələrlə və vətəndaş müharibəsiylə 1918-ci ilin martında doğma Kiyev şəhərinə dönərkən üz-üzə gəlmişdi. Həmin illər Ukraynada ard-arda hakimiyyət dəyişmələrinin baş verdiyi şəraitdə siyasi hadisələrdən kənarda qalmaq mümkün deyildi. Sonralar Bulqakov bu haqda belə yazacaqdı ki, «1919-cu ildə Kiyevdə yaşayarkən, demək olar, şəhəri tutmuş bütün hakimiyyətlər tərəfindən həkim kimi qulluğa çağırılmışam».

Kiyevdə olduğu bu ilyarımlıq müddətin M.Bulqakovun yaradıcılığında nə dərəcədə əhəmiyyətli rol oynadığını yazıçının «Ağ qvardiya» romanından, «Turbinlər ailəsinin günləri» pyesi və «Doktorun qeyri-adi sərgüzəştləri» hekayəsindən (1922) açıq-aydın görmək mümkündür. 1919-cu ilin avqustunda Kiyevin general Denikin tərəfindən tutulmasından sonra Bulqakov ağqvardiyaçılar tərəfindən səfərbər edilmiş və Şimali Qafqaza hərbi həkim kimi göndərilmişdi. Burda onun qələminin ilk məhsulu «Yaxın perspektivlər» başlıqlı qəzet məqaləsi oldu (1919). Məqalə xalqı fəlakət girdabına düçar etmiş «böyük sosialist inqilabını» inkar mövqeyindən və gələcəkdə qisasın qaçılmazlığı ruhunda yazılmışdı. Bulqakov inqilabı ona görə qəbul etmirdi ki, monarxiyanın süqutu onunçün həyatında ən müqəddəs və dəyərli olan vətəninin - Rusiyanın özünün dağılması demək idi.

İctimai dağınıqlıq illərində Bulqakov öz mövqeyini qəti olaraq müəyyənləşdirir - həkim peşəsiylə vidalaşaraq həyatını bütünlüklə ədəbiyyata həsr eləyir. 1920-1921-ci illərdə Vladiqafqaz incəsənət şöbəsində çalışarkən Bulqakov beş pyes qələmə alır ki, bunlardan da üçü yerli teatrların birində səhnələşdirilir. Müəllifini qısa müddətdə məşhurlaşdıran bu ilkin dramaturji təcrübələrindən yalnız bircəciyi istisna olmaqla yerdə qalanların hamısı sonralar müəllifin elə öz əliylə də məhv edilib, heç birinin mətni saxlanılmayıb. Gənc Bulqakov burada ilk dəfə olaraq Puşkin, Çexov yaradıcılığıyla əlaqəli mədəni ənənələrə sadiqliyinə görə ona qarşı çıxan «sağ proletkult» cərəyanının tənqidçiləriylə üz-üzə gəlmişdi. Həyatının Vladiqafqaz dövrü ilə bağlı bu və ya digər epizodlar barədə yazıçının sonralar, 1922-1923-cü illərdə qələmə aldığı «Manjetdəki qeydlər»ində söhbət açıb.

Vətəndaş müharibəsinin sonlarına doğru, hələ Qafqazda olarkən Bulqakov vətənini atıb xaricə üz tutmağa belə hazır idi. Ancaq o, 1921-ci ilin payızında Moskvaya gəlir və artıq ömürlük orada qalası olur. Ola bilsin ki, bu addımı atmasına səbəb Bulqakov Qafqazda olduğu son günlərdə O.E.Mandelştamla görüşü olmuşdu.

Moskvada yaşadığı ilk illər M.Bulqakov üçün nəinki məişət, eləcə də yaradıcılıq baxımından çox çətin keçib. Yaşamaq üçün o, istənilən işdən yapışmalı olub... Az sonra populyar Moskva qəzetləri ilə yanaşı Berlində çıxan bir qəzetin müxbiri və felyetonçusu kimi tanınmağa başlayıb, burada «Çiçikovun sərgüzəştləri», «Qırmızı tac», «Həyat piyaləsi» hekayələri işıq üzü görüb. Həmin jurnalistlik dövründə 1924-cü ildə Bulqakovun qələmə aldığı əsərləri sırasında «Xan alovu» öz bədii üslubuyla seçilir. O illər fəaliyyətə başlamış bir çox gənc yazıçının yaradıcılığına müxtəlif müasir cərəyanların açıq təsirinə baxmayaraq Bulqakovun əsələrində buna rast gəlinmir.

Bulqakovun XX əsrin 20-ci illərində yazdığı povestlərin, hekayə və felyetonların əsas mövzusu, onun öz təbirincə deyilərsə, «məişətimizin saysız-hesabsız eybəcərlikləri» idi. Satirikin əsas tənqid hədəfi ictimai parçalanma nəticəsində yaranmış müxtəlif insan naturalarıdır. Bu istiqamətdə müəllif öz fikirlərini «İt ürəyi» satirik povestində daha da inkişaf etdirib.

Sonra gənc Bulqakovu yetkin Bulqakovdan ayıran «Ağ qvardiya» (1925, roman bütünlükdə yalnız 1966-cı ildə SSRİ-də çapdan çıxıb) meydana gəlib... «Ağ qvardiya» yazıçının ən sevimli əsəri idi. Az sonra isə Bulqakov bu romanı əsasında «Turbinlər ailəsinin günləri» (1926) pyesini yazıb. Məhz bu əsəri inanılmaz uğur qazanaraq Bulqakova böyük şöhrət gətirib, onu geniş oxucu kutləsinə tanıdıb. Tənqidçilərin kütləvi həmlələriylə qarşılanaraq 1929-cu ildə repertuardan çıxarılan, lakin 1932-ci ildə yenidən səhnə həyatı yaşamağa başlayan bu «əksinqilabi ruhlu» əsərin tamaşasında İ.Stalinin dəfələrlə iştirakı Moskva Akademik Bədaye Teatrının səhnəsində onun min dəfələrlə oynanmasını mümkün edib.

1926-cı ilin mayında Bulqakovun mənzilində axtarış aparılarkən onun «İt ürəyi» əsərinin əlyazması və gündəliyi müsadirə edilib. Sonralar onun əsərləri müntəzəm olaraq ilbəil dövi nəşrlərdən və teatr səhnələrindən sıxışdırılıb çıxarılıb. Yazıçının 1926-cı ildə Vaxtanqov Teatrında oynanmış satirik komediyası, 1928-ci ildə Moskva Kamera Teatrında oynanmış səhnə pamfleti, 1936-cı ildə səhnələşdirilmiş «Mömin kabbala (Molyer)» əsəri qısamüddətli səhnə həyatı yaşasa da, sonra onlara da qadağa qoyulub. Yazıçının ağ hərəkat və mühacirət müvzusuna həsr olunmuş axırıncı «Qaçış» (1927) satirik komediyası, «Adəm və Həvva» (1931) pyesi, «Xoşbəxtlik» (1934) fantastik komediyası, «İvan Vasilyeviç» qrotesk pyesi (1935), «Batum» tarixi-bioqrafik pyesi (1939) ilkin tamaşayadək belə gəlib çatmayıb.

«Aleksandr Puşkin (son günlər)» (1939) dramı Moskva Akademik Bədaye Teatrında yalnız müəllifin ölümündən üç il sonra tamaşaya qoyulub.

Eyni aqibəti Bulqakovun 1932-ci ildə Moskva Akademik Bədaye Teatrında səhnəyə qoyulan və uzun müddət repertuardan düşməyən «Ölü canlar» əsəri istisna olmaqla səhnələşdirilən digər əsərləri də («Ağılsız Jurden», 1932; «Hərb və sülh»,1932; «Don Kixot», 1938) yaşayıb. Məşhur «Turbinlər ailəsinin günləri» də daxil olmaqla səhnələşdirilən əsərlərindən heç biri Bulqakovun sağlığında çap olunmayıb. Yalnız 1962-ci ildə «İncəsənət» nəşriyyatında Bulqakovun pyeslərindən ibarət toplu işıq üzü görüb.

1920-1930-cu illərdə Bulqakovun pyesləri repertuardan çıxarılırsa da, mətbuatdakı təqiblər zəifləməyib, yazıçının dərc olunmaq imkanını məhdudlaşdırıb. Belə bir şəraitdə yazıçı hökümətə müraciət etmək məcburiyyətində qalıb («Hökumətə məktub», 1930). O, hökumətdən yaşaması üçün işlə təmin olunmasını, yaxud xaricə getməyə icazə verilməsini xahiş edib. Məktuba cavab olaraq Stalinin Bulqakova zəng etməsi (1930) yazıçının həyacanını bir qədər azaldıb. Bulqakov Moskva Akademik Bədaye Teatrında rejissorluğa götürülüb.

1930-cu illərdə yazıçının yaradıcılığında əsas xətti tarixin ən müxtəlif dövrlərində rast gəlinən sənətkar və hakimiyyət münasibətləri mövzusu təşkil edib. Məsələn, Molyer dövrü («Molyer» pyesi, «Cənab de Molyerin həyatı» bioqrafik povesti, 1933), Puşkin dövrü («Son günlər» pyesi), müasir dövr («Master və Marqarita» romanı). Vəziyyəti daha gərgin edən bir də bu idi ki, Bulqakovun yaradıcılığına hətta xeyirxahlıqla yanaşan mədəniyyət xadimləri belə bəzən yazıçını anlamırdılar. Axırda münasibətlər o həddə çatıb ki, Bulqakov 1936-cı ildə «Molyer» əsərinin məşqlərinə hazırlıq zamanı Moskva Akademik Bədaye Teatrıyla əlaqələrinə son qoymaq məcburiyyətində qalıb və həmin vaxtdan belə SSRİ Böyük Teatrında librettoçu kimi çalışıb.

1936-cı ildə qələmə alınan və yazıçıya dünya şöhrəti gətirən «Master və Marqarita» əsəri geniş sovet oxucu kütləsinin ixtiyarına, yazılandan otuz il sonra (üstəlik, ixtisarla yalnız 1966-cı ildə) verilib.

Həyatının son illərində Bulqakov «Qara dəniz» (1937) operasının librettosunu, «Minin və Pojarski» (1937), «Dostluq» (1937-1938), «Raşel» və s. əsərlərini yazsa da, bu ona əsla yaradıcılıq sevinci gətirməyib. Stalinin gəncliyindən bəhs edən «Batum» pyesi ilə Moskva Akademik Bədaye Teatrıyla əlaqəsini yenidən bərpa etməyə çalışsa da, bu cəhdi də uğursuzluqla nəticələnib. Pyesin səhnəyə qoyulması qadağan edilib. Bu isə Bulqakovu çox sarsıdıb, xəstəliyinin kəkinləşməsinə və ölümünə gətirib çıxarıb. Yazıçı 1940-cı il mart ayının 10-da Moskvada dünyasını dəyişib və Novodeviçye qəbiristanlığında torpağa tapşırılıb.



«Media forum»

Baxış sayı: 149
Açar sözlər:
Bookmark and Share


Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


artyazar

Tezliklə burda görüşəcəyik:

www.Kitabxana.Net

Rəsmi tərəfdaşlarımız:

Azərbaycan Yazıçılar Birliyi
(sədri Anar)

www.azyb.net

Solita.NET
"Hosting & Internet service Company"
Baku, AZ1118 Azerbaijan
Tel:(+994) 50 522 22 08
E-mail:billing@solita.net

DİQQƏT!

Sayğılı Virtual Kitabxanamızın istifadəçiləri, Yeni Yazarlar və Sənətçilər Qurumu tərəfindən daxili imkanlar hesabına gerçəkləşdirilən "ELEKTRON TURAN" - VİRTUAL AZƏRBAYCAN Milli-Kulturoloji layihəsinin bir hissəsi olan və 400 000 nəfərin e-istifadə etdiyi, İnternetdə anadilli resursların arasında xüsusi seçilən bu Elektron Kitabxananın inkişaf etdirilməsinə ehtiyac duyulur. Qlobal dünyada informasiya təhlükəsizliyi problemini nəzərə alıb, bu e-kitabxananı Azərbaycan dövlətinə ərməğan etmək təklifini irəli sürürük: birgə şərtlə, layihənin fəlsəfəsinə xələl gətirilməməlidir.
Başqa qurumlar, dövlət və QHT-lər, eləcə də xeyriyyəçilər, bir sözlə istənilən şəxs bizə dayaq durmaq istəyindədirsə, əlaqə telefonlarımızı, bank rekvizitlərimizi veririk:
Yeni Yazarlar və Sənətçilər Qurumunun “Texnikabank” ASC-ndəki hesab nömrəsi:
38030066470001
VÖEN: 1700430481
“Texnikabank” ASC Kodu: 506872
VÖEN: 9900000681
Müxbir Hesab: 0137010031944
S.W.I.F.T.BIK: TECİAZ22

Tel.: (+99412) 418 93 58; 438 03 17;
(0-50) 213 40 43; (070) 317 80 01

e-mail: artyazar@yahoo.com

Portalımızın başqa saytları:

www.yysq.azeriblog.com
www.xariciedebiyyat.azeriblog.com
www.artyazar.azeriblog.com
www.azeriedebiyyati.azeriblog.com

YYSQ-nin "ELEKTRON TURAN" - Virtual Azərbaycan Milli-Kulturoloji layihəsi əsasında Virtual Milli Elektron Kitabxana (e-Axtarış Sistemli) 1300-ə yaxın özəl İnternet səhifəsi olan saytın istifadəçisi 1-5 saniyə ərzində müxtəlif kitabların elektron variantını əldə edə bilər. Azərbaycan, türk, rus, ingilis və başqa dillərdə olan elmi, tarixi, bədii, dini, ictimai-siyasi kitablardan istifadə etmək mümkündür. Saytda, eləcə də dünya ədəbiyyatının ana dilimizə çevrilmiş müxtəlif tərcümələri də yer alıb: istifadə etmək pulsuzdur.
Hiper Virtual Kitabxanada dünya ədəbiyyatının - ədəbi-bədii, elmi-filoloji, fəlsəfi-kulturoloji düşüncəsinin maraqlı, bir sözlə bəşəriyyətin indiyə qədər yaratdığı dəyərli nümunələrindən ibarət intellektual e-resurs həm də Türk Dünyasının qlobal mədəni birləşməsinə, eləcə də mədəniyyətlərarası dialoqa, sivilizasiyaların yaxınlaşmasına xidmət edir...

Redaksiya-Ekspert Şurası:

ANAR,
Azərbaycan Yazıçılar Birliyi sədri

Nizami Cəfərov,
Milli Məclisin Mədəniyyət Məsələləri daimi Komissiyasının sədri, akademik

Orxan Pamuk,
Türkiyə Cümhuriyyəti, Beynəlxalq Nobel mükafatı laureatı

Oljas Süleymenov,
Qazaxıstanın xalq şairi

Hamlet İsaxanlı,
Xəzər Universitəsinin rektoru

Bəhruz Axundov,
"Təhsil" Nəşriyyatı-Poliqrafiya Birliyinin direktoru

Çingiz Abdullayev,
MDB Yazıçılar Konfederasiyasının İH üzvü

Çingiz Əlioğlu,
AR Mədəniyyət və Turizm Nazirliyi

Rizvan Əbilov,
Rusiya Federasiyası nümayəndəliyi

Şəmsəddin Küzəçi,
Türkiyə və İraq-Türkman nümayəndəliyi

Aydın Xan (Əbilov),
YYSQ sədri, Layihənin baş əlaqələndiricisi

Səlim Babullaoğlu,
"Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru,

Səxavət Sahil,
"Gənc Azərbaycan" qəzetinin baş redaktoru, əlaqələndirici

Xüsusi qeydlər:

Bu saytdakı materiallar - mətnlər və e-kitablar müəlliflərin icazəsi olmadan kommersiya məqsədi ilə çoxaldıla, eləcə də başqa formada istifadə oluna bilməz!
Azərbaycan Respublikasının milli qanunvericiliyi və ölkəmizin qoşulduğu beynəlxalq sənədlərdəki bəndlərə uyğun olaraq yazarların müəlliflik hüquqları tanınır, onlara siz də sayğı göstərin...

Данный тексты не может быть использован в коммерческих целях...

Yeni Yazarlar və Sənətçilər Qurumu

Axtarış

Açar sözlər

  azərbaycan  məhəmməd  əmin  rəsulzadə.  "stalinlə  avropa  ixtilal  qumluqdakı  энциклопедия  roman  abe  türk  hüquqları  davası"  kobo  xatirələri"  insan  qadın  məhkəməsi  fəthullah  "milli  зарубежная  cəlaləddin  mircəfər  (i)  литература  mövlanə  məmmədov.  dirilik.  adıgözəl  rumi  xx  bağirov  cənubi  balzak.  культурология  arvadı"  şey  nino”,  hərəkatı  fukuyama.  мишель  vladimir  "bəhaullah  kino  səfəvi  illər  xorxe  м.в.  şərqşünasliq  milli  ədəbiyyatinda  massonluq  "xristian"  mənim  илья.  dayanir?"  erməni  fərid  rəhbərliyinə  terror,  лич.  эпох,  (iii)  yeni  iran  dövləti)  sokrat  idarə  "...həzrət  məhəmmədin  gəncəyi.  uimz.  a.s.puşkin  блинов  iv  adı  əfsanələr  gülən.  de  rumi.  əladı  liderlərinin  mədəniyyətin  текст)  con  sənəti  turxan  mir  yaddaşı  философия  "ermənistanı  rəsmi  azərbaycanda  neolibirelaizm  gizlinləri"  olanda  постмодернизм"  iddianin  ədəbiyyatı  yaponiya  min-bir  sirus  afrikasayaği  э.  "мифологии"  (iv)  delerm  problemi  tarixi  (полный  vahe  babın  ömür  isfahandaki  "1905-1906-cı  borxes.  в.а.,  elmi  cümhuriyyəti»:  gülən  hiss  dəri  "постструктурализм.  «məsnəvi».  “əli  milli-demokratik  üstünlüyu  фуко,  возрождения  ebenezer  ale-əhməd.  möhsün  brut  avetyan:  tahirzadə:  drami  ölkənin  peter  постмодернизма  marşallek.  baba  sirri"  ssri  aparteid  барт.  xatirələri  filip  folkner  ziyalisi  türkiyə  «слова  литературно-библиографическая  "geoloqlar"  zühuru..."  sultan  mövqeyi  luis  ладов  kazimbəy  dövlətimizin  dramaturgiya  kоllektiv  еtmək"  onore  деконструктивизм.  "amerikansayaği  ermənişünaslığı  mədədi.  demokratiya  коммуникация.  древних  era"  xalqlari  cəlal  nəvvab  mark  cinayətkarlar  «azərbaycan  h.ibsen  samuel  turrini.  а.к.,    qərb  kamal:  ələkbərli.  "zamanı  faşizm  век  ролан  "zahidin  hər  viliam  güney  frensis  вещи»  века  sorokin.  zərəndi.  səhifələr  sarayinda  erməni-müsəlman  şekspir  лебедев  mirzə  ilk  mühacirət  şüur  "ermənistan:  üzlük  ильин  arxasinda  "şərqin  məktubu  islam  культура  средневековья  (ii)  esslemont.  postmodernizm  dili  (osmanli  yuni  edir"  ədalət  kitabından  terrorçu  vaxtım  аналитическая  ralf  şərq  masonluq  dilinin 

Sayqaç

İndi blogda: 30
Keçən ayın hiti: 51586
Dünənki hit: 1311
Bugünki hit: 432
Ümumi hit: 414332

AddThis Feed Button
Add to Technorati Favorites