Reklam verin!

Virtual Hiper e-Kitabxana

"Elektron TURAN" - "Virtual AZƏRBAYCAN" - Sadələşdirilmiş Milli e-Axtarış Sistemi

Sentyabr 30, 2007 18:12

  Günel Mövludun sevgilisi: Sergey Yesenin

Sergey Yesenin

Heç zaman Bosforda olmamışam mən,
   Sən də oralardan heç nə soruşma.
   Mən sənin gözündə dəniz görmüşəm -
   Mavi alovlarla yanan-alışan.

Xınadan, ipəkdən yükümü tutub,
   Bağdada karvanla səfər etmədim.
   Qoy əyilsin sənin gözəl qamətin,
   Mən də dizlərində yatım-dincəlim…

Davamı...
Sentyabr 30, 2007 10:55

  Viktor Pelevin: "Üst dünyanın qavalı"

"Alatoran"ın teqdimatında

Tambura girən polis gözucu Tanya və Maşanı süzüb, baxışlarını küncə yönəltdi və heyrət dolu nəzərləri orada oturmuş qarıya ilişib qaldı.
Qarının həqiqətən də əcayib görünüşü vardı. Yeməkxanalarda satılan üçgünlük yuxa kimi bürüşük, monqolsayağı tabaq sifətinə görə ona hər hansı yaş vermək imkansızdı və bunun səbəbi heç də qadının gözlərinin dəri lentlər, biser düzülü saplar altında gizlənməsindən qaynaqlanmırdı. Havanın istiliyinə rəğmən, qarı başına xəz papaq qoymuşdu, papağın üstü dəridən üç enli zolaqla bəzənmişdi, alnını və boyun qismini örtən, qarının üzünə, çiyinlərinə və sinəsinə qədər düşən bu dəri zolaqların birindən insan fiqurları, qavalcıqlar və toqqalar asılmışdı.

Davamı...
Sentyabr 30, 2007 10:46

  Viktor Pelevin: "Tarzan kanatı"

Ruscadan çevirən: Azad Yaşar

(Hekayə) 

Geniş bulvar və onun cinahları boyu görünən evlər ahıl yaşlarında demokratik baxışlar yolunu seçmiş qoca bolşevikin alt çənəsinə bənzəyirdi.
Buradakı ən köhnə binalar Stalin dönəmindən qalma idi - bunlar uzun illər tənbəki çəkməkdən saralmış ağıl dişləri kimi başqalarından seçilirdilər. Nə qədər nəhəng olsalar da, bu binalar ölgün və amanabənd görünürdülər, sanki içərilərindəki sinirlər çoxdan, hələ keyləşdirici dolğu qoyulanda çıxarılmışdı.
Əski dönəmə aid binaların söküldüyü hissədə isə kobud protezlər, yəni blok tipli səkkizmərtəbələr gözə dəyirdi. Bir sözlə, gözoxşayan heç nə yox idi.
Bütün bu kədərli fonda yeganə şux ləkə - türklərin ucaltdığı biznes mərkəziydi, o da özünün piramidal biçimi və al qırmızı neon işıqlarıyla təptəzə qan damcılarına boyanmış iri, qızılla qaplanmış köpək dişini xatırladırdı. Göydəki ondörd gecəlik Ay isə, bütün işığı pasiyentin ağzına yönəlsin deyə, xüsusi vəziyyətə gətirilmiş güclü stomatoloji lampa kimi şəhərin üstündəki səmada qərar tutmuşdu.

Davamı...
Sentyabr 30, 2007 10:40

  Matsuo Basyo (1644-1694). Haykular

"Alatoran" dərgisi Yapon poeziyasının şah  nümunələrindən təqdim edir

Harda qalmısan, ququ quşu?
Yadına sal, baharın necə nəfəs dərdiyini
Gavalılar çiçək açmağa başlayanda.

***

Söyüd ağacı başını əydi və yuxuya daldı,
Mənə elə gəlir ki, onun ruhudur
Budağındakı bülbül...

Davamı...
Sentyabr 29, 2007 22:18

  Jan KOKTO: "İnsan səsi" (Fransa)

monopyes
(Orijinal adı - "La voix humaine")


Jan KOKTO (Jean COCTEAU) (1889-1963) Keçən yüzildə Fransız mədəniyyətinin yetişdirdiyi universal istedadlardan biridir, eyni zamanda şair, yazar, rəssam, ssenari yazarı, kino və teatr rejissoru, teatr nəzəriyyəçisi kimi fəaliyyət göstərib. "Şerlər" (1920) və "Opera" (1927) adlı şer kitablarında Koktonun o zamanlar Avropa sənətində aparıcı sənət axınları olan dadaizm və sürrealizm üslubunda yaratdığı poetik nümunələr toplanıb. "Əllamə Toma" (1923) və "Ədəbsiz uşaqlar" (1929) romanlarında o, gəncliyin problemlərinə işıq salıb. Antik miflərin yeni səpkidə işlənməsinə həsr olunmuş pyesləri ("Antiqona", "Orfey") dünyanın bir çox teatrlarında özünə səhnə ömrü qazanıb. "Orfey" (1950) və "Orfeyin vəsiyyəti" (1960) adlı filmlərdə isə Kokto rejissor və ssenari müəllifi kimi özünü sınayıb.

Davamı...
Sentyabr 29, 2007 22:13

  Qabriel Qarsia Markes: "İtin mavi gözləri"

 O, diqqətlə mənə baxırdı, mənsə, bu qızı əvvəllər harda gördüyümü yadıma sala bilmirdim. Onun nəm və məyus baxışları kerosin lampasının titrək işığında parıldadı və mən xatırladım ki, bu otaq və bu lampa hər gecə yuxuma girir, hər gecə burda iztirablı gözləri olan bu qızla görüşürəm. Hə-hə, mən hər gecə yuxu ilə gerçəkliyin qeyri-müəyyən sərhəddini aşaraq məhz onu görürəm. Stula söykənib ağırlığımı onun arxa ayaqları üstündə tarazlaşdıraraq siqaret axtarıb yandırdım, acı tüstü halqaları havaya qalxdı. Biz susmuşduq. Mən stulda yırğalanır, o isə ağappaq uzun barmaqlarını lampanın şüşəsində qızdırırdı. Onun göz qapaqlarında kölgələr titrəyirdi. Mənə elə gəldi ki, nəsə deməliyəm, odur ki, fikirləşmədən dilləndim: "Mavi itin gözləri". O da qəmgin-qəmgin cavab verdi: "Hə. Artıq biz bunu heç vaxt unutmarıq". O, lampanın dairəvi işığından kənara çəkildi və təkrar etdi: "Mavi itin gözləri. Mən bunu hər yerdə yazmışdım".

Davamı...
Sentyabr 29, 2007 21:53

  Jan Pol Sartr (1905-1980): "Divar"

"Alatoran" dərgisi təqdim edir 

2004-cü ildə məşhur fransız yazarı, dramaturqu və filosofu Jan Pol Sartrın anadan olmasının 100 illiyi tamam oldu. Bir neçə il öncə «Alatoran» Sartrın klassik əsərlərindən sayılan «Herostrat» hekayəsi ilə öz sadiq oxucularını «Ədalət» qəzetinin səhifələrində tanış etmişdi. Bu çeviri ekzistensializm sənət cərəyanının ən tanınmış nümayəndəsinin bütün dünyada geniş miqyasda qeyd olunacaq yubileyinə həsr olunur.

Hekayə

Bizi divarları ağardılmış geniş otağa itələyib saldılar. Güclü işıq şüası qamaşdırdığından gözlərimi qıymalı oldum. Bir qədər sonra masa, onun arxasında oturub kağızlarla əlləşən dörd mülki geyimli adam qarşımda peyda oldu. Digər dustaqlar bizdən bir az aralı dayanmışdılar. Onlardan çoxusunu tanıyırdım, yerdə qalanlar isə, görünür, gəlmələr idi. Önümdə biri-birinə çox bənzəyən iki nəfər sarısaçlı, dəyirmi başlı adam görəndə onların fransız olduğunu təxmin etdim. Nisbətən alçaqboylunun tez-tez şalvarını yuxarı çəkməsindən onun əsəbiliyini sezmək çətin deyildi.

Davamı...
Sentyabr 29, 2007 21:47

  Eyvaz TAHA: "POSTMODERNİZM VƏ ARXADAN ATİLAN DAŞ"

1- İnsan bimədiklərinin düşmənidir. Biz ara-sıra "postmodernizm" sözcüyünü ağızlardan eşidir, kağızlarda oxuyuruq. Bunda qəbahət yoxdur, buna sevinməliyik. Çağdaş dünyada özünü bütün ədəbiyyat, incəsənət, bilim, və düşüncə sahələrinə sıramış bu terminlə maraqlanmağımız, irələyişimizin yaşıl işığıdır. Amma burda önəmli bir məsələ var: Vaxt olur bilmədiyimiz işə başımızı soxur, anlamadığımız anlayışa qatlaşırıq. Bununla da böyük bir fikri təcrübəni qavramadan onu geyim, yemək və saç modası səviyyəsinə qədər alçaldırıq. Bu turist davranışıdır. Şeir kitablarının ön sözündə, ağız ədəbiyyatı toplularının başlağıcında, adda-budda müsahibələrdə və nəhayət çayxana danışıqlarında söz başına postmodernizmi dimdikləyirik. Sən demə bu sözü vurğulamadan yazıçının avanqard olduğu gerçəkləşmir. Xəstəlik də elə burasındadır. Bizdə postmodernizmə barmaq uzatmaq, çox vaxt onun hərfi anlamından uzağa getmir: postmodern yəni modernizmdən daha sonra, daha yüksək, daha yaxşı və daha avanqard! Biz isə bunların hamısıyıq, köhnə deyilik. Bu iddəa tövlədə yatmış aslanla, inəkdir deyə, cəsarətlə əylənməyə bənzəyir.

Davamı...
Sentyabr 29, 2007 15:15

  Edqar Ponun «Artur Qordon macəraları haqqında hekayət»inin janr xüsusiyyətləri

 Səidə İsmayılova,

Edqar Allan Po (1809-1849) Amerika ədəbiyyatının ən görkəmli nümayəndələrində biridir. Onun qısa və bir çox cəhətlərdən faciəvi həyat yolu Amerika ədəbiyyatının intensiv inkişaf edib özünü müstəqil milli ədəbiyyat kimi təsdiqlədiyi XIX əsrin I yarısına təsadüf edir.

     Edqar Po həm poeziyasında, həm də nəsrində öz dövrünün ən böyük novatorçularındandır. O, özündən əvvəlki ədəbiyyatın ən yaxşı ənənələrini davam etdirsə də, bir çox cəhətlərdən bu ənənələr çərçivəsindən xeyli kənara çıxmış, bir çox ədəbi janr, hətta cərəyanların inkişafına rəvac vermişdi. 
 

Davamı...
Sentyabr 29, 2007 15:11

  Knut Hamsun:«CƏNUB ULDUZU»NUN KAPİTANI – REYERSEN

Qapqara qaralanacan qətranlanmış köhnə balıqçı şxunu1 Vogen buxtasına daxil olur. Şxunyn adı – «Cənub ulduzu», şkiperin2 familiyası – Reyersendi. Gəmini də, şkiperi də Vogendə yaxşı tanıyırlar, gör, bir neçə ildi ki, kapitan Reyersen hər mövsüm Vogenə, həndəvərdə yaşayan ispanlara balıq qurutmaq üçün təşrif gətirir.

     Yaxınlıqdakı təpələrdə ins-cins gözə dəymir, yalnız buxtanın dərinliyində, qayıqların saxlandığı tikililərin yanında bir dəstə uşaq oynayır. Reyersen kədərlə düşünür ki, qabaqlar başqa cür idi. Təxminən iyirmi il əvvəl «Cənub ulduzu» birinci dəfə balıq qurudulan talvarların qarşısında lövbər salanda, ətraf təpələrə yüzlərlə adam toplaşmışdı – Vogenin sakinləri – əsasən, arvad və uşaqlar böyük maraqla gəmiyə tamaşa edirdilər, yerli kişilər – balıqçılar isə bir-birinin arxasınca qayıqlara minir və «Cənub ulduzu»na tərəf üzürdülər ki, şkiperlə görüşüb, hal-əhval tutsunlar. İndi isə…
Davamı...
Sentyabr 29, 2007 15:05

  Oldos Haksli. Bioqrafiyası. Esseləri

Oldos Leonard Haksli Surrey qraflığının Qodalmin şəhərində, orta zümrəyə aid varlı bir ailədə dünyaya gəlib. Ana tərəfdən böyük humanist Metyu Arnolda qohum idi, atası Leonard Haksli isə şeir və bioqrafiyalar yazır, redaktorluq fəaliyyəti ilə məşğul olurdu. Oldos 1908-ci ildən 1913-cü ilədək Berkşir qraflığındakı İton kollecində təhsil alıb. 14 yaşında ikən anası vəfat edib. 16 yaşında keçirdiyi keratit xəstəliyindən gözləri tutulub, ilyarıma qədər görmə qabiliyyətini itirib. Taxdığı xüsusi eynək və bir gözünün açılması sayəsində Oldos oxuya, üstəlik Brayl şriftini mənimsəyə bildi. Görmə qüsuru olsa da, Haksli Oksfordda, Baliol kollecində (1913-1915) təhsilini davam etdirdi və 1916-cı ildə humanitar elmlər bakalavrı dərəcəsini aldı.

     O, 1917-ci ildə Londonda hərbi nazirlikdə işlədi və bir müddət İton və Repton kolleclərində dərs dedi.

     İlk şeirlər kitabı 1916-cı ildə işıq üzü gördü, ardınca, 1920-ci ildə daha iki kitabı nəşr edildi.


     Davamı...
Sentyabr 29, 2007 14:57

  Vasili ŞUKŞİN: "Yaşamağa kənd seçirəm…"

(Hekayə)

Nikolay Qriqoryeviç Kuzovnikov adlı birisi olduqca rahat, hətta firavan gün-güzəran sürmüşdü. Bir vaxt otuzuncu illərin əvvəllərində camaatı yurd-yuvasından eləyən hansısa qüvvə onu da kənddən çəkib şəhərə gətirmişdi. İlk günlər şəhərdə darıxırdı, alışandan sonra isə başa düşdü ki, əgər bir qədər fərasəti və bicliyi olsa, ən əsası isə cızığından çıxmasa sakit-arxayın yaşaya bilər, iynə ilə gor qazmaz. Və beləliklə, anbara işə düzəldi, bütün ömrü boyu, hətta müharibə illərində də anbardar oldu. İndi Nikolay Qriqoryeviç böyük bir şəhərdə ərsəyə çatıb adam arasına çıxan övladlarından ayrıca yaxşı bir mənzildə yaşayırdı. Qocalar təqaüdə çıxmağa hazırlaşırdı. O, anbardan çırpışdırırdımı? Necə izah edim… Ali hüquq təhsilli burnu bulaşıq uşağın nöqteyi-nəzərincə – bəli, Nikolay Qriqoryeviç oğurluq edirdi, sağlam düşüncəli, ağıllı insanın fikrincəsə, bu, oğurluq deyildi… Nikolay Qriqoryeviç ehtiyac içində çabalamamaq üçün özünə lazım olan qədər götürür, acgözlük etmirdi. Nəzərə almaq lazımdır ki, anbarda onun əlinin altından gəlib keçənləri hesaba alsaydın, oğurluq haqqında fikirləşmək adama gülməli gələrdi. Bəyəm heç belə də oğurluq olur?

Davamı...
Sentyabr 29, 2007 14:51

  Vasili ŞUKŞIN. Hekayə

Dan üzü yağan yağış

(Hekayə)

Aprelin axırı idi. Evlərin navalçalarındn iri su damcıları qopub damcılayır, isti küləyin qabağına qatdığı bu damcılar pəncərələrin şüşələrini yüngülcə göyəcləyir, ehmalca aşağı enirdi.

     Yefim Vedarev rayon xəstəxanasında, kiçik palatada, yastı bir çarpayıda xəstə yatırdı. O, ağrı-acıdan qaralmışdı, yorulub əldən düşmüşdü.

     Cavan oğlan olan həkim tez-tez palataya baş çəkirdi.

     – Hə, necəsən?

Davamı...
Sentyabr 29, 2007 14:41

  Vasili ŞUKŞİN. Bioqrafiyası.Esse

Vasili Şukşin 25 iyul 1929-cu ildə Altay əyalətinin Biysk rayonunun Srostki kəndində kəndli ailəsində doğulub. Valideynləri - həmin ərazinin yetirmələri ortabab kəndlilər idilər. 1953-cü ildə kollektivləşmə başlayanda onları kolxoza üzv olmağa məcbur etdilər. Ailənin, kənddə böyük hörmət sahibi olan başçısı – Makar Leonteviç Şukşin taxıldöyən maşında mexanik işləməyə başladı. Lakin bu, onu gələcək repressiyalardan xilas edə bilmədi. 1933-cü ildə Makar Leonteviçi həbs etdilər. İki körpə uşaqla tək qalan, iyirmi iki yaşlı Mariya Sergeyevna Şukşina naümid vəziyyətdə idi. Deyilənə görə, o, ətrafda baş verənləri görməmək üçün uşaqları da, özünü də öldürmək istəyirmiş. Lakin Mariyanın bu halı çox çəkmədi. O başa düşdü ki, özü üçün olmasa da, uşaqları üçün yaşamalıdı. Tezliklə Mariya Sergeyevna ikinci dəfə, həmkəndlisi Pavel Kuksinlə ailə qurdu. Lakin bu nikahın da ömrü uzun olmadı – Kuksin 1942-ci ildə cəbhədə həlak oldu.
Davamı...
Sentyabr 29, 2007 14:32

  Matilde Urrutia: "Pablo Nerudayla yaşanan ömür"

Montevideoda çilili parlamentarilər və başqaları göyərtəyə qalxdılar. Onlar deyib-gülürdülər, qışqırırdılar, Pablonu qucaqlayırdılar. Sonra daha onu görmədim. Məni qüssə bürüdü. Şübhələr düşüncəmə hakim kəsilməyə başladı. Çiliyə gəlməklə səhvə yol verməmişəmmi? Burda yaşaya bilərəmmi?

     Kayuta çox erkən düşdüm. Kitab götürüb oxumaq istədim, amma Antoniya dil-boğaza qoymurdu. O, nə baş verdiyini yaxşı dərk eləyirdi və mənim fikrimi qatmaq istəyirdi. İspaniyadan, Çilinin Vinya-del-Mar şəhərindəki həyatından, bu ölkəni necə sevməsindən danışırdı.

     ("Xəzər" dərgisinin təqdimatında)
Davamı...
Sentyabr 29, 2007 14:22

  İlqar İLKİNİN ŞEİRLƏRİ

 

İlqar İlkin 1972-ci ildə Gürcüstanın Qaraçöp mahalında doğulub. 1995-ci ildə M.Ə.Rəsulzadə adına BDU-nun filologiya fakültəsini bitirib. Dünya Gənc Türk Yazarlar Birliyinin Məclis başqanı, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

 P.S Deyilənlərə görə, hazırda Türkiyədə yaşayıb-yaradır.

 
 

 

Yalqızlıq

Ölüm kameralarında
azadlığı düşündüyüm qədər yadımdasan.

Eşidirsənmi?
Yiyəsiz küçə itlərinin
ulartısını yuyur yağış
zingildəyir aramızdakı
bir parça torpaq.

Davamı...
Sentyabr 29, 2007 14:16

  Uilyam Folkner: "AVQUST İŞIĞİ"

Romanın tam mətni "Xəzər" dərgisinin 2006, 1 və 2 saylarında  

AVQUST İŞIĞİ - THE LİGHT İN AUGUST

(roman)

İngiliscədən tərcümə: TEHRAN VƏLİYEV

12

     

     İknici mərhələ məhz belə başladı. Sanki çirkab kanalına düşmüşdü. Sanki ilk kişilik təsliminə, – canlı qulağın demək olar ki, aydın eşitdiyi şaqqıltı ilə tökülüb dağılan ruhi skelet kimi sarsıdıcı və ağrılı təslimə başqa bir həyatdan boylanırdı. Buna görə də bu təslim aktının özü artıq bir tənəzzül, həlledici döyüşün sabahı günü məğlub generalın sübh o başdan üzünü qırxıb, üst-başını səliqəyə salaraq, döyüş meydanının toz-torpağından silinib təmizlənmiş uzunboğaz çəkmələrdə öz qılıncını qalib tərəfə təhvil verməsi kimi bir şeydi.

    

Davamı...
Sentyabr 29, 2007 14:09

  ORXAN PAMUKUN NOBEL NİTQİ (Anadolu türkcəsində)




Dekabrın 10-da Türkiyə yazıçısı Orxan Pamuk İsveçin paytaxtı Stokholmda Nobel mükafatını aldı. Müakafatı Pamkua İsveç kralı XVI Karl Qustav təqdim edib. Mükafatı almamışdan əvvəl O.Pamuk ənənəvi olaraq nitq söyləyib. Pamuk Nobel nitqini «Babamın bavulu» («Atamın çamadanı») adlandırıb.

 O.Pamukun Nobel nitqinin tam mətni Anadolu türkcəsində təqdim edilir. 

Ölümünden iki yıl önce babam, kendi yazıları, el yazmaları ve defterleriyle dolu küçük bir bavul verdi. Her zamanki şakacı, alaycı havasını takınarak, kendisinden sonra, yani ölümünden sonra onları okumamı istediğini söyleyiverdi. Bir bak bakalım dedi hafifçe utanarak, işe yarar bir şey var mı içlerinde. Belki benden sonra seçer, yayımlarsın. Benim yazıhanemde, kitaplar arasındaydık. Babam acı verici çok özel bir yükten kurtulmak isteyen biri gibi, bavulunu nereye koyacağını bilemeden yazıhanemde bakınarak dolandı.

Davamı...
Sentyabr 29, 2007 14:04

  AVROPAYA ROMAN YAZMAĞI ÖYRƏDƏN YAZIÇI

 
Türk romanının Yaşar Kamal, Orxan Kamal, Rəşad Nuri Güntəkinlə möhkəmlənən nüfuzu artıq arxada qalıb. Bu ədiblərin qələmindən çıxan əsərlər ötən yüzilliyin 70-80-cı illərindən Avropada, eləcə də, keçmiş Sovetlər Birliyində türk ədəbiyyatının durumunu, səviyyəsini ifadə eləyirdi. Amma 90-cı illərdə məmləkət dışına başqa imzalar çıxmağa başladı. Avropa oxucuları türk qadın yazarları Lətifə Təkin və Əminə Özdəmirin əsərlərini böyük maraqla qarşıladılar. Orxan Pamukun romanlarısa «Dünya ədəbiyyatının başlıca kəşfi» kimi qəbul olundu. Ən yeni türk nəsrinin öncül ismi olan Orxan Pamukun əsərləri artıq Avropanı, Amerikanı deyil, Koreyadan İspaniyaya, Norveçdən İtaliyayadək olan nəhəng bir ərazini, o sıradan, postsovet məkanını fəth eləyib.

Davamı...
Sentyabr 29, 2007 14:00

  «YARIMÇIQ ƏLYAZMA» «İNOSTRANNAYA LİTERATURA»nda MÜZAKİRƏSİ



Dünyanın ən məşhur ədəbi nəşrlərindən sayılan «İnostrannaya literatura» jurnalı ilk dəfə olaraq Azərbaycan ədəbiyyatına müraciət edib. Jurnalın builki 4-cü sayında yazıçı Kamal Abdullanın ötən il Vaqif İbrahimoğlunun tərcüməsində Moskvanın «Xroniker» nəşriyyatında çapdan çıxmış «Yarımçıq əlyazma» romanı haqqında müzakirənin materialı dərc olunub.

Davamı...
Sentyabr 29, 2007 13:56

  ORXAN PAMUKUN «MƏNIM ADIM QIRMIZI» ROMANI AZƏRICƏ




Məşhur türk yazıçısı, 2006-cı ilin ədəbiyyat üzrə Nobel mükafatı laureatı Orxan Pamukun «Mənim adım Qırmızı» romanı azərbaycanca çapdan çıxıb.

Romanı Azərbaycan türkcəsinə Nəriman Əbdülrəhmanlı çevirib.

Davamı...
Sentyabr 29, 2007 13:50

  «Sənətin arxeologiyası. Sənətin arxitektonikası»

 (Kitabın tam mətni)



Tanınmış filosof Niyazi Mehdinin «Sənətin arxeologiyası. Sənətin arxitektonikası» kitabı çapdan çıxıb. Toplunun böyük hissəsi müəllifin ötən əsrin 70-80-ci illərində yazdığı məqalələrin işlənmiş variantlarından ibarətdir. Müəllif 1987-ci ildə bitirdiyi kitabı çapdan əvvəl axırıncı dəfə redaktə edib. Bu məqalələrdəki həmin çağda ilk dəfə toxunulmuş məsələləri, ilk dəfə irəli sürülmüş ideyaları, prinsipləri, açımları dönəmin intellektual mühitini yadda saxlamış oxucu asanlıqla görə bilər.

Kitab geniş, ancaq diqqətli oxucu çevrəsi üçün yazılıb, hərçənd incəsənət araşdırıcıları üçün də faydalı ola bilər. «Sənətin arxeologiyası. Sənətin arxitektonikası» Azərbaycan incəsənəti ilə bağlı prinsipial yeni nəzəri modellər qurmaq iddiası ilə yazılmayıb. Niyazi Mehdi sadəcə Qərb elmində XX yüzil boyu yaransa da, həmişə ekstraordinarlığını saxlamış freydizm, yunqiançılıq, semiotika, strukturalizm paradiqmalarından istifadə edib. Onun yeniliyi bəzən bu paradiqmaları necə yozub necə işlətməsində, daha çox isə onların sayəsində Azərbaycanla bağlı əldə etdiyi diskurslardadır.

Davamı...
Sentyabr 29, 2007 13:38

  MÖVLANA CƏLALƏDDİN RUMİ və ONUN «MƏSNƏVİ»si



Yazıçı Fəxri Uğurlunun «Mövlana Cəlaləddin Rumi və onun «Məsnəvi»si» adlı kitabı çapdan çıxıb. Kitabda oxuculara Ruminin həyatı, yaradıcılığı və «Məsnəvi» poeması haqqında Uğurulu Fəxrinin geniş məqaləsi, «Məsnəvi»dən Azərbaycan türkcəsinə çevirdiyi 30 hekayət təqdim olunub.

Kitabda Oğuznamələrin ən qədimi - uyğur Oğuznaməsi, Buddanın nitqlərindən seçmələr, bir neçə xarici ölkə yazıçısının əsərlərindən tərcümələr də yer alıb. Kitabı «Qanun» nəşriyyatı çap edib.

Xatırladaq ki, böyük mütəfəkkirin 800 illik yubileyi ilə əlaqədar 2007-ci il YUNESKO tərəfindən «Rumi ili» elan olunub. «Media forum» bununla bağlı Uğurlu Fəxrinin «Mövlana Cəlaləddin Rumi və onun «Məsnəvi»si» məqaləsini oxucuların diqqətinə çatdırıb.

Davamı...
Sentyabr 29, 2007 13:22

  Marqaret Etvud: "Günəşin doğulması"


İvon kişi ovçusudur. əvvəlcə gizlincə və uzaq məsafədən ov etməyə başlayır. Adətən o, kişiləri metroda oturub sakitcə ətrafını nəzərdən keçirən zaman gözaltı edir, bəzən küçədə rastına çıxanı da olur. Belə olan halda İvon o saat yolunu dəyişib onun arxasınca gedir, gözdən itirməməyə çalışır. Bəzən İvon məhz ov etmək məqsədiylə metroya düşür, yaxud tratuar boyu addımlayır. amma əksər hallarda gələcək şikarı təsadüfən onun qraşısına çıxır. ivon onu sezən kimi tərəddüd etmədən planlarını dəyişir, və tilov atmaqa hazırlaşır. bu hadisə baş verən zaman olunmuş görüşləri təxirə salmaq lazım gəlir ki, bu da İvona çox pis təsir edir, çünki o punktüual adamdır.

     metroda İvon kişiləri çox da diqqətlə nəzərdən keçirməməyə çalışır – şikarını hürkütməyi sevmir. Şikar vaqonu tərk edən kimi isə , İvon da onun ardıyca çıxır, bir neçə yard geridə olmaq şərtiylə ovunu izləməyə başlayır.
Davamı...
Sentyabr 29, 2007 13:13

  Marqaret Etvud. Bioqrafiyası. Müsahibəsi.

"Xəzər" tərcümə dərgisinin təqdimatında 

Kanada yazıçısı və tənqidçisi

      Dünya ədəbiyyatı arenasında aparıcı fiqurlardan biridir.

     Əsərləri iyirmidən çox dilə tərcümə olunub. Etvudun əsas qəhrəmanlarının qadınlar olmasına baxmayaraq, əsərlərinin mövzuları rəngaərəngdir, universaldır: əldən buraxılmış imkanlar, uğursuz münasibətlər, müasirliyin içində keçmişin kabusları, insan məişətini, həyatını çətinləşdirən anlaşılmazlıq və s.

     Marqaret Etvud 18 noyabr 1939-cu ildə Ottavada dünyaya gəlib. 1961-ci ildə Toronto universitetində bakalavr dərəcəsi, 1962-ci ildə Kembricdəki Redkliff kollecində magistr dərəcəsi alıb. Kanadanın müxtəlif universitetlərində təhsil alıb.

     İxtisasca entomoloq olan atasının işi Etvudlar ailəsini Şimali Kanadanın ən ucqar, insan ayağı dəyməyən yerlərinə aparıb çıxarırdı. Bu, şübhəsiz ki, gələcək yazıçının düşüncələrinə, hisslərinə təsirsiz ötüşmədi.

Davamı...
Sentyabr 29, 2007 12:28

  HENRİX BÖLL: "Bir təlxəyin düşüncələri" II

Roman (ardı)

7      

     Bir dəfə Mariyanın otağına girib kişilərin qadınlarla gördükləri işi onunla eləyəndə mənim iyirmi bir, qızınsa on doqquz yaşı vardı. Günorta onu Tsüpfnerlə görmüşdüm. Əl-ələ verib gülə-gülə «Yuqendhaym»dan qayıdırdılar. O dəqiqə ürəyim sancdı. Mariya onun tayı deyildi və belə qol-qola gəzmələri də mənə yaman pis təsir elədi. Tsüpfneri şəhərdə hamı tanıyırdı. Ən çox da nasistlərin vaxtilə təqib etdiyi atasına görə. O, müəllim idi və müharibədən sonra həmin məktəbə direktor göndərmək istəmişdilər, amma getməmişdi. Hətta ona nazir vəzifəsi təklif edən də tapılmışdı. Kişi hirslənib demişdi:

     - Mən müəlliməm və müəllim kimi də qalmaq istəyirəm.

     İri gövdəli, sakit bir adamdı. Mənə elə gəlirdi ki, onun dərsi bir az darıxdırıcı keçir. Bir dəfə bizim alman dili müəllimini əvəz eləyirdi və gənc, gözəl su pərisi haqqında şeir oxudu. 

     Əslində, mənim məktəb haqqındakı mülahizələrimin heç biri inandırıcı deyil. Məni məktəbdə icbari təhsil illərindən artıq saxlamaq, sadəcə, ağılsızlıq idi.

Davamı...
Sentyabr 29, 2007 12:24

  HENRİX BÖLL: "BİR TƏLXƏYİN DÜŞÜNCƏLƏRİ" I

roman

Mən Bonna çatanda qaranlıq düşmüşdü. Özümü məcbur eləyib bu dəfəki gəlişimdə beşillik səfərlər zamanı adət halını almış bəzi qeyri-ixtiyari hərəkətlərin: - perronun pilləkənləri ilə aşağı düşməyin, sonra yuxarı qalxmağın, səfər çantasını yerə qoyub bileti göstərməyin, köşkə yaxınlaşıb axşam qəzetlərini almağın, bayıra çıxıb taksiyə əl eləməyin daşını atdım. Düz beş il demək olar ki, hər gün harayasa getmiş, harayasa çatmış, vağzalın pilləkənlərilə aşağı düşmüş, təzədən yuxarı qalxmış, taksilərə əl eləmiş, sürücünün pulunu vermək üçün pencəyimin ciblərini eşələmiş, köşklərdən axşam qəzetləri götürmüş və özümdən asılı olmayaraq həmin hərəkətləri belə dəqiq, belə biganəliklə yerinə yetirdiyim üçün qəlbimin hansı guşəsindəsə bundan ləzzət almışdım. Bu qeyri-ixtiyarilik Mariya katolik dininə etiqad edən Tsüpfnerlə evlənmək xatirinə məni atıb getdiyi gündən daha da artıb, biganəlik çoxalıb. Mənə görə vağzaldan mehmanxanaya, mehmanxanadan vağzala qədər bircə ölçü vahidi vardır ki, o da taksinin sayğacıdir. Vağzaldan ora gah iki marka, gah üç marka, gah da dörd marka yarım yazırdı… Mariya çıxıb gedəndən sonra tez-tez özümü unudur, vağzalla mehmanxananı dəyişik salır, qapıçının yanında dayanıb əsəbi halda bilet axtarır və ya perronun girəcəyindəki arakəsmədə durmuş məmurdan otağımın nömrəsini soruşurdum. Bəlkə də tale adlanan şey bununla sənətimi, düşdüyüm vəziyyəti mənə bir daha xatırladırdı. Davamı...
Sentyabr 29, 2007 12:08

  HENRİX BÖLL: Həyatı, "Nobel nitqi"

Avtobioqrafiya: 21 dekabr 1917  - 16 iyul 1985

Məşhur alman prozaiki və novellisti Henrix Teodor Böll Reyn vadisinin ən böyük şəhəri olan Kölndə, ağac ustası Viktor Böllün və Mari (Xermanns) Böllün çoxuşaqlı ailəsində dünyaya göz açıb. Böllün ulu babaları XIII Henrixin dövründə İngiltərədən qaçmışdılar. Bütün fanatik katolikllər kimi, onlar da protestant anqlikan kilsəsi tərəfindən təqiblərə məruz qalmışdılar.

     Hələ uşaqlıq dövründən şeirlər və hekayələr yazan Böll orta məktəbi bitirəndən sonra Hitleryuqendə üzv olmayan tək-tük yeniyetmələrdən olur. Buna baxmayaraq, orta təhsilini başa vurandan bir il sonra onu məcburi əmək işlərinə cəlb edirlər. 1939-cu ildə isə Böll hərbi xidmətə çağırılır. O, şərq və qərb cəbhələrində kapral çinində xidmət edir, bir neçə dəfə yaralanır, 1945-ci ildə Amerika hərbi hissələri tərəfindən əsir götürülür və bir neçə ay Fransanın cənubundakı hərbi əsir düşərgələrindən birində saxlanılır.

     Doğma şəhərinə qayıdandan sonra Böll bir neçə müddət Köln universitetində təhsil alır, bir müddət atasının emalatxanasında, sonra isə demoqrafik statistika üzrə şəhər bürosunda işləyir və bütün bu müddət ərzində yaradıcılıqla məşğul olmağına davam edir. 1949-cu ildə onun ilk əsəri olan «Qatar vaxtında gəlib» povesti kitab halında dərc olunur və ədəbi mühitin rəğbətini qazanır. Əsər - müharibədən qayıdıb yenidən ölüm təhlükəsiylə üzləşmək məcburiyyətində qalan bir əsgərdən bəhs edir. «Qatar vaxtında gəldi» əsəri Böllün, mənasız müharibə, müharibədən sonrakı illərin ağrı-acılarından bəhs edən kitablar seriyasından olan ilk əsəridir. Bunların içində ən tanınmışları - «Yolçu, nə vaxt gələcəksən…», «Hardaydın, Adam?», «Erkən illərin çörəyi» əsərləridir. Henrix Böllün müəllif üslubu nasizm pafosundan azad olan sadə, aydın alman dilini bərpa etmək məqsədi güdürdü. Davamı...
Sentyabr 29, 2007 11:53

  Emil Verxarn. Bioqrafiyası, şeirleri

Emil Verxarn (1855-1916) - Belçika şairi.

     Şeirlərini fransız dilində yazırdı. Fransa və onun ədəbiyyatı ilə sıx əlaqələri olmasına baxmayaraq, öz ölkəsinin bir çox spesifik xüsusiyyətləri Verxarnın yaradıcılığında böyük və silinməz izlər buraxmışdı. Belə də demək olar: Verxarnın yaradıcılığı – doğma torpaqlardan doğan təəssüratların və həmin dövrün Avropa, ələlxüsus da, fransız intellegensiyasının əhval-ruhiyyəsinin təsiri altında formalaşmışdı.

     Verxarnın yaradıcılığı simvolist poeziyanın çiiçəkləndiyi bir dövrdə – (yaşamışdı) fransız simvolizminin böyük ustaları - Verlen, Melarme, Rembonun yaşayıb-yaratdıqları vaxta təsadüf etmişdi. Bu şairlər müəyyən mənada, Fransada daha əvvəl yaranmış və həyatdan böyük narazılığı, ictimai əhval-ruhiyyəni, poeziyanın formal kamilliyini, sənət naminə sənət düşüncələrini özündə birləşdirən bir ədəbi cərəyanın davamçılarıydılar.

     Verxarnın dərin və güclü şimal təbiəti, klassikanın əzəli məskəni olan Fransada müəyyən təmkin çərçivələrinə sığışan məqamlara ehtiraslı, kəskin reaksiya verməsinə səbəb olurdu. 

Davamı...
Sentyabr 29, 2007 11:25

  Beynəlxalq konfrans - “İCANAS - 38”

  
 
 — Bəkir müəllim, sizin yenicə ayrıldığınız beynəlxalq konqres KİV-lərdə, o cümlədən də televiziya verilişlərində "İCANAS — 38" adlanır.
— Bəli, "İCANAS — 38" sentyabr ayının 9-dan 15-dək Ankara şəhərində baş tutmuş elmi konqresin adıdır, "Beynəlxalq Asiya və Şimali Afrika araşdırmaları konqresi" sözlərinin ingiliscəsinin baş hərflərindən ibarətdir. Bu altı hərf və iki rəqəm konqresin bütün elan, proqram, dəvətnamə, tezislər kitabı, xatirə diplomları, fərqlənmə nişanları və s. üzərində həkk olunmuşdu. Həmin rəmz altında toplaşmaqla alimlər son dörd ildə dünya elmində Yer kürəsinin iki nəhəng qitəsi ətrafında ictimai-humanitar elmlər sahəsində aparılan vüsətli tədqiqatlara bir növ yekun vurmağa, bu sahədə qarşıda duran yeni vəzifələrin üzərinə işıq salmağa səy göstərmişlər.
Davamı...


Yazılar cəmi: 121    Sonrakı səhifə »


© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com
PageRank