Noyabr 4, 2007 11:00
"Alatoran" Jurnalının təqdimatında. ruscadan çevirən: Balaxan Nəzərov
Birinci hissə
1 ________________________________
Avqust günlərindən birində bir nəfər qeyb oldu. O, məzuniyyətini burdan qatarla yarım günlük məsafədə yerləşən dəniz kənarına səyahətə həsr etmək istəyirdi və o gündən onun izi-sorağı itdi. Nə polisin axtarışı, nə də qəzetlərdə verilən elanlar heç bir nəticə vermədi.
Ümumiyyətlə, adam itkisi elə də nadir hadisə deyil. Statistikaya görə, hər il qəzetlərdə bir neçə yüz itkin düşmüş adam haqqında məlumat çap edilir. Və nə qədər qəribə olsa da, tapılanların faiz göstəricisi elə də böyük deyil.
Qətl və bədbəxt hadisələr zamanı müəyyən izlər qalır; adam oğurluğu zamanı da hadisənin səbəbini təyin etmək çətinlik törətmir. Lakin itki tamam başqa səbəbdəndirsə, itənin izinə düşmək çox çətin olur. Düzü, itkindüşməni kimdənsə, nədənsə qaçma adlandıran kimi, bu hadisələrin bir çoxunu elə adi qaçışlar silsiləsinə aid etməkdən başqa çarə qalmır.
Haqqında danışılan hadisə zamanı da ortada dəlil-sübutun olmamasında qeyri-adi bir şey yox idi. Bu adamın yola düşdüyü yer təxmini məlum idi, lakin oradan naməlum meyit tapılması barədə məlumat gəlmədi. Sənəti də məxfiyyatla bağlı deyildi ki, ondan ötrü bu adamı oğurlasınlar. Hərəkət və davranışlarında isə qaçmaq haqqında düşündüyünə işarə belə yox idi.
Əvvəlcə hamı, təbii ki, məsələdə hər hansı bir qadının əli olduğunu güman etdi. Lakin polis məmurları və iş yoldaşları arvadından öyrənəndə ki, itkin düşən öz kolleksiyası üçün həşərat yığmağa gedib, deyim ki, bir qədər məyus da oldular. Həqiqətən də, hansısa qadına qoşulub qaçmağını gizlətmək üçün bir sürü ləvazimatı – zəhər dolu şüşə qabı, həşərat tutmaq üçün əl torunu özünlə sürüyəsən, - bu, çox böyük hiyləgərlik olardı. Ən əsası isə, stansiya işçisi xəbər verdi ki, həmin gün qatardan düşən alpinist görkəmli kişinin çiynində rəssamların istifadə etdiyinə oxşar çarpaz asılmış taxta yeşik və su qabı vardı: onun dəqiq yadında idi ki, bu adam tamamilə tək idi. Beləliklə, bu gümanlar da öz-özünə qüvvədən düşdü.
Mizantropiya zəminində özünəqəsd haqqında versiya üzə çıxdı. Bu şayiəni psixoanalizin böyük həvəskarı olan iş yoldaşlarından biri buraxdı. Yetkin bir adamın həşərat kolleksiyası toplamaq kimi mənasız bir işə aludə olması faktının özü, artıq psixi yarıtmazlığın göstəricisidir. Hətta uşağın da həşərat kolleksiyası toplamağa həddən ziyadə meylli olması adətən Edip kompleksi əlaməti sayılır.
Yerinə yetməmiş arzularını hər nə cürsə kompensə etmək məqsədilə o, ləzzətlə sancağı artıq ölmüş, onsuz da heç yerə qaça bilməyəcək həşərata sancır. Və əgər, yetkinlik yaşına çatdıqdan sonra da şakərindən əl çəkmirsə, deməli vəziyyəti daha da ağırlaşıb. Axı entomoloqlar tez – tez nəyisə əldə edib, toplamaq maniyası ilə alışıb yanır, son dərəcə adamayovuşmaz olmaqla, kleptomaniya (oğurluğameyllilik) və pederastiyadan (uşaqbazlıq) əziyyət çəkirlər. Bütün bunlardan mizantropiya zəminində intihara isə cəmi bir addım qalır. Bu azmış kimi, kolleksiyaçılar arasında elələri var ki, nəinki təkcə kolleksiyanın özünə, ondan da çox şüşədəki zəhərə meyl göstərir və bu səbəbdən də öz məşğuliyyətlərindən əl çəkə bilmirlər… Bir dəfə də olsun maraq göstərdiyi sahə barədə açıq danışmağa meyli olmamasının özü də, ayıblı bir işlə məşğul olduğunu dərk etdiyinə sübut idi.
Lakin meyidi tapılmadığından ilk baxışda məntiqli görünən bütün bu mülahizələr öz gücünü itirmiş oldu.
İtkindüşmənin əsl səbəbini isə axıra qədər heç kəs bilmədi. Və Mülki kodeksin 30 - cu maddəsinə əsasən hadisənin üstündən yeddi il keçdiyi üçün itkin düşmüş adam ölmüş hesab edildi.
2 ___________________________________
Bir dəfə avqustda günortadan xeyli keçmiş stansiyanın platformasında boz pike panamalı kişi peyda oldu. Çiyinlərində çalın - çarpaz asılmış iri taxta yeşik və su qabı vardı, şalvarının ətəkləri corabının içinə salınmışdı, elə bil dağa çıxmağa hazırlaşırdı. Lakin yaxınlıqda zirvəsinə çıxası bir dənə də olsun dağ yox idi. Və çıxışda biletləri yoxlayan stansiya işçisi onun ardınca bir xeyli şübhəli-şübhəli baxdı. Həmin adam tərəddüd etmədən stansiyanın yanında dayanmış avtobusa mindi və arxa cərgədə yer tutdu. Avtobus dağlara tam əks istiqamətdə hərəkət edirdi.
Bu adam avtobusla axırıncı dayanacağadək getdi. Avtobusdan düşəndə buraların intəhasız enişli-yoxuşlu bir yer olduğunu gördü. Düzənlikləri başdan-başa ensiz zolaqlara bölünmüş düyü sahələri zəbt etmiş, aralarında isə sanki adaymış kimi seyrək xurma ağaclığı ucalırdı. Kişi kəndi keçdi və irəliyə – dəniz sahilinə doğru addımladı. Ayaq basdığı yerin rəngi get-gedə daha da açılır və quruyurdu.
Tezliklə evlər gözdən itdi, yalnız hərdən bir-birinə yaxın bitən şam ağacları gözə dəyirdi. Tədricən bərk torpaq dənəvari və ayağa yapışan quma keçdi. Adda-budda quru ot adacıqları qaralırdı və dəqiqliklə deyə bilərik ki, səhvən bura düşmüş quru badımcan sahələri görünürdü. Lakin ətrafda heç kəs yox idi. Görünür, ona tərəf istiqamət götürdüyü dəniz irəli idi.
Nəhayət, adam dayandı, ətrafına baxıb, gödəkçəsinin qolu ilə sifətinin tərini sildi. Tələsmədən taxta yeşiyin qapağını açdı və oradan çubuq dəsti çıxardı. Çubuqları bir – birinə birləşdirib, həşəratları tutmaq üçün əl toru düzəltdi. Qarşısına çıxan seyrək ot kolcuqlarını ağacla aralaya – aralaya yenidən irəliyə doğru addımladı. Qumdan dəniz iyi gəlirdi.
Amma vaxt keçir, dəniz isə görünmək bilmirdi. Ola bilsin, dərə- təpəli yer qarşıda nə baş verdiyini görməyə imkan vermirdi, lakin göz gördükcə landşaftın dəyişmədiyi aşkar idi. Birdən qarşısına kənd çıxdı. Bu, adi kasıb bir kənd idi: yanğınsöndürmə qülləsinin ətrafında üstü daşla basılmış nazik taxtalardan düzəldilmə damlar böyür-böyürə sıxlaşmışdı. Bir neçə evin üstü qara kirəmitlə, bəziləri isə hətta qırmızı boyanmış dəmirlə örtülmüşdü. Kəndin yeganə dördyolunun ayrıcındakı dəmir damlı ev, çox güman ki, balıqovlama artelinin idarəsi idi.
Dəniz və qum təpələri hökmən kəndin arxasında olmalıdır. Lakin kənd nədənsə həddən artıq geniş əraziyə yayılmışdı. Ətrafı bir neçə münbit torpaq sahəsi, qalan yerlər isə başdan-başa ağappaq qumluq idi. Çox da böyük olmayan yerfındığı və kartof sahələri görünürdü; dəniz iyi mal-heyvan iyinə qarışmışdı. Elə bil qum və gillə sementlənmiş sərt yolun kənarında doğranmış ağ balıqqulağı təpəcikləri ucalırdı. Kişi yolla getdiyi müddətdə artel idarəsinin qarşısındakı açıqlıqda oynayan uşaqlar da, tor toxuyan qoca da, kənddə yeganə olan xırdavat dükanının qabağına toplaşan pərişan görkəmli qadınlar da, - hamı bir anlığa donuxub, təəccüblə onun arxasınca baxırdı. Amma bu adam onlara heç diqqət ayırmırdı. Onu yalnız qum təpələri və həşəratlar maraqlandırırdı.
Lakin qəribə olan təkcə kəndin ölçüləri deyildi. Yol birdən dikə qalxdı. Elə bu özü də tam gözlənilməz bir şey idi. Axı, bu yol dənizə aparırdısa, onda təbii ki, aşağıya enməli idi. Bəlkə o, xəritəyə baxanda səhv edib? İstədi ki, elə indicə qarşısına çıxan qızı sorğu – suala tutsun. Amma qız gözlərini yerə zilləyib, yan keçdi, özünü elə apardı ki, guya sualı eşitmir. Olsun, yolumuza davam edək. Nə deyirsən de, qumun rəngi də, balıqçı torları da, balıqqulağı yığını da – hər şey dənizin lap yaxınlıqda olduğuna dəlalət edirdi. Axır ki, narahatlıq üçün əsas yoxdur.
Yol daha da dikəlir və artıq ətrafda qumdan başqa heç nə görünmürdü.
Amma qəribədir, evlər olan tərəf heç yarım metr də qalxmırdı. Təkcə yol özü yuxarı qalxırdı, kənd isə bu vaxt elə bil alçaqda qalırdı. Bununla belə, yuxarı qalxan yalnız yol deyildi. Yolla birgə evlərin arasındakı məsafə də artırdı. Buna görə də adama elə gəlirdi ki, bütün kənd dağa qalxır, təkcə evlər bir səviyyədə qalır. Qum təpəsinin yuxarısına doğru irəlilədikcə bu təəssürat daha da güclənirdi və tezliklə ona elə gəldi ki, evlər qumda qazılmış iri çalalarda tikilib. Nəhayət, onun irəlilədiyi yol və evlər arasındakı məsafə damlardan da hündür oldu.
Qəfildən yamac demək olar ki, şaquli vəziyyət aldı. İndi onun yanından damların üstünədək hardasa iyirmi metr olardı ki, az olmazdı. «Nə həyat ola bilər ey, orda?» - deyə ürpəşərək dərin çalaya baxıb fikirləşdi. Birdən sifətinə vuran küləyin ani şiddəti kişinin nəfəsini boğdu və o, çalanın kənarından çəkilməyə tələsdi. Qəfildən çox-çox aşağıda, bulanıq köpüklənən, sahilboyu qumu yalayan dənizi gördü. Adam məhz can atdığı yerdə – qum təpəsinin lap yuxarısında dayanmışdı.
Təpənin, mussonlar əsən tərəfindən dənizə baxan yamacı həmişə olduğu kimi şaquli və keçəl idi. Lakin bir qədər əydəmli yerlərdə ensiz yarpaqlı ot kolcuqları göyərmişdi. Ətrafa göz gəzdirəndə, təpənin lap uc hissəsinə yaxınlaşdıqca daha da dərinləşən nəhəng çuxurların eninə kəsilmiş arı şanısı kimi qat-qat kəndin mərkəzinə meylləndiyini gördü. Elə bil ki, kənd təpəyə dırmaşırdı. Bəlkə də, əksinə. Hər halda, kəndin görkəmi adamı qıcıqlandırır, darıxdırırdı.
Nə isə, arzuladığı təpələrə çatıb və hər şey qaydasındadır. O, su qabından iri bir qurtum vurdu, dərindən nəfəs aldı, lakin ilk baxışda çox təmiz görünən hava boğazını sumbata kimi yandırdı.
Adam, kolleksiyasını qumda yaşayan həşəratlarla zənginləşdirmək istəyirdi.
Qum həşəratlarının rəngi tutqun, özləri isə çox iri olmur, lakin kolleksiya toplamaq maniyası ilə alışıb yanan adamı nə parlaq qanadlı kəpənəklər, nə də ki, iynəcə maraqlandırır. O, öz kolleksiyasını ekzotik nümunələrlə bəzəmək istəmir, sistemliliyə xüsüsi maraq göstərmir, çin təbabətində istifadə olunan dərmanlar üçün xammal axtarışı ilə məşğul olmur. Entomoloqun sadə, ürəkdən gələn bir sevinci var – yeni növün tapılıb üzə çıxarılması. Nail oldunmu? O dəqiqə entomoloci atlasda, yenicə tapılmış həşəratın latınca yazılmış uzun elmi adının yanında sənin də adın peyda olacaq və istisna deyil ki, bu ad orada əsrlərlə qalacaq. Sənin adın, lap tutaq ki, həşəratın sayəsində də olsa, insanların yaddaşında uzun müddətə qalırsa, bu o deməkdir ki, əziyyətin hədər getməyib.
Gözlə görünməyən sonsuz sayda həşərat növləri yeni kəşflər üçün geniş imkanlar açır. Elə özü də uzun müddət ikiqanadlı və insanların zəhləsini tökən adi ev milçəklərini toplamağa vaxt sərf etdi. Milçəyin növləri nə qədər qəribə olsa da, həddən ziyadədir. Lakin bütün entomoloqların məqsədi bir istiqamətdə inkişaf etdiyindən, onlar demək olar ki, çox az rast gəlinən, Yaponiyada tapılmış səkkizinci mutant da daxil olmaqla bu növlərin bir çoxunu öyrənib qurtarıblar. Ola bilsin bu, insanların həyatı ilə milçəklərin həyatının sıx bağlı olduğundan irəli gəlir. İlk növbədə diqqəti mühitə yönəltmək məqsədəuyğundur. Milçək növlərinin çoxsaylı olması onların böyük uyğunlaşma qabiliyyəti ilə izah olunur. O, bu kəşfi edəndə sevincindən göyə tullandı. Mənim fikrim heç də axmaq fikir deyil. Milçəklərin başqa həşəratların yaşaya bilmədiyi ən əlverişsiz mühitdə belə yaşaya bilməsi faktı onların böyük uyğunlaşma qabiliyyəti ilə izah edilir. Onlar, məsələn, hətta bütün canlıların məhv olduğu səhrada yaşamağa da uyğunlaşa biliblər…
Bu qənaətə gəlincə, o, qumluqlara xüsusi diqqət ayırmağa başladı. Nəticə özünü çox gözlətmədi. Bir dəfə o, evinin yaxınlığında yerləşən
qurumuş çay yatağında sərtqanadlılar fəsiləsinə aid olan qabarböcəyini xatırladan lap xırdaca sarımtıl həşərat gördü (Cicindela Japonica, Motshulsky). Məlumdur ki, qabarböcəklər müxtəlif rənglərdə və ölçülərdə olurlar. Lakin onların qabaq pəncələri bir – birindən çox da fərqlənmir.Elə bu da onların təsnifatı üçün əsas amillərdən biridir, belə ki, qabaq pəncələrin fərqi növ fərqini təyin edir. Gözünə dəyən həşəratın qabaq pəncəsinin ikinci buğumu həqiqətən də, diqqətçəkən xüsusiyyətə malik idi.
Qabarböcəkkimilərə aid olan həşəratların qabaq pəncələri adətən, nazik, qara və olduqca hərəkətli olur; bu milçəkdə isə yumru, kök, elə bil möhkəm çanaqla örtülü olmaqla rəngi sapsarı idi. Ola bilsin ki, pəncələrə tozcuqlar yapışmışdı. Ola da bilsin, tozcuqları yığmaq üçün həşəratda tükcük kimi xüsusi bir şey vardı. Əgər həşərata baxış zamanı ciddi bir səhv buraxmayıbsa, onda çox güman ki, vacib bir kəşf edib.
Amma təəssüf, bu həşəratı tutmaq ona nəsib olmadı. Həddən artıq həyəcanlı idi, sözün açığı milçək özü də bir ayrı cür uçurdu. O, uçub getdi. Sonra isə qayıdaraq onun yaxınlaşmasını gözləməyə başladı, sanki: «Tut görüm, necə tutursan» - demək istəyirdi. O, inanaraq yaxınlaşanda, milçək yenə uçdu, qayıtdı və yenə gözləməyə başladı. Elə bil ki, onu ələ salırdı, sonra isə birdəfəlik otluqda gizləndi.
Bax beləcə o, sarı qabaq pəncəli bu qabarböcəyinin əsirinə çevrildi.
Qumluq yerə diqqət yetirərkən öz gümanlarına daha da əmin oldu. Axı qabarböcəyi tipik səhra həşəratı idi. Nəzəriyyələrdən birinə görə, bu böcəklərin qeyri – adi uçuşu, xırda heyvanları öz yuvalarından aldadıb çıxarmaq üçün tələdən başqa bir şey deyil. Böcəklərin bu yolla cəlb etdikləri siçanlar, kərtənkələlər öz yuvalarından səhranın içinə doğru uzaqlaşır və orda aclıqdan, yorğunluqdan məhv olurlar. Böcəklər də elə bunu gözləyirmişlər kimi, onların üstünə düşüb yeyirlər. Bu böcəklərin «məktubpaylayan» kimi zərif yapon ayaması var və baxmayaraq ki, onlar ilk nəzərdə cazibədar görünürlər, əslində çox iti çənələri var, elə qaniçəndirlər ki, hətta biri – birilərini yeməkdən belə çəkinmirlər. O, bu nəzəriyyənin doğru olub olmadığını bilməsə də, heç şübhəsiz, qabarböcəyinin sirli uçuşunun əsiri oldu.
Təbii ki, onun qabarböcəyinin yaşaması üçün münbit şərait yaradan qumluqlara da marağı artdı. O, qum haqqında ədəbiyyat oxumağa başladı və nə qədər çox oxuyurdusa, bir o qədər də qumun çox maraqlı bir hadisə, təzahür olduğuna əmin olurdu. Məsələn, ensiklopediyada qum haqqındakı məqalədə bunları oxumaq olar:
«Qum - dağılmış dağ suxurlarının bir yerə yığılmasıdır. Tərkibcə özündə maqnetit, kasiterit, bəzi hallarda isə qızıl tozu və qumu birləşdirir. Diametri on altıda bir millimetrdən on altıda iki millimetrədək olur».
Necə də aydın tərifdir! Qısası, qum dağılmış dağ suxurlarından yaranır və hardasa kiçik daşla gil arasında olan bir nəsnədir. Lakin qumu aralıq məhsul adlandırmaq hələ tam izah vermək demək deyil. Nə üçün torpağı təşkil edən bu üç elementdən - daş, qum, gilin mürəkkəb birləşməsindən, yalnız qum təcrid olunmuş vəziyyətdə qala, səhra və qumluq ərazilər yarada bilir? Əgər bu, yalnız aralıq məhsul olsaydı, onda daz qayalarla gil sahələri arasındakı erroziya nəticəsində onların qarşılıqlı təmasından əmələ gələn saysız aralıq məhsullara rast gəlinərdi. Axı əslində aydın şəkildə seçilən cəmi üç suxur növü məlumdur: qaya, qum və gil. Bu da maraqlıdır ki, qum dənələrinin ölçüsü demək olar həmişə eynidir: istər Enosima adaları sahillərindəki qum olsun, istərsə də Qobi səhrasındakı – bu, orta hesabla millimetrin səkkizdə birinə bərabərdir.
Bir elmi əsərdə torpağın erroziya nəticəsində dağılmasına son dərəcə sadə bir izah verilmişdi: yüngül elementlər çox böyük məsafələrə yayılır. Lakin burada millimetrin səkkizdə birinə bərabər olan qum dənəsinin ölçü xüsusiyyəti tamamilə izahsız qalırdı. Geologiya üzrə başqa bir elmi əsərdə isə bunun tamam əksi izah olunurdu.
«Su və hava axını burulğan yaradır. Burulğan dalğasının ən qısa uzunluğu səhradakı qum dənəsinin diametrinə ekvivalentdir. Məhz bu xüsusiyyətinə görə, burulğan zamanı torpaqdan ancaq qum xaric olur, özü də burulğana nəzərən düz bucaq altında. Əgər torpağın ayrı-ayrı komponentləri arasında bağlılıq gücü zəifdirsə, onda qum daş və gili qaldıra bilməyən hətta çox zəif küləkdə də havaya qalxa bilər. Sonra isə qum küləyin əsmə istiqamətində bir qədər irəlilədikdən sonra yenidən yerə enir. Görünür, qumun xüsusiyyətləri aerodinamika nəzərindən öyrənilməlidir».
Yuxarıdakı tərifi davam etdirək:
«… yəni, onları daha da fəal edən belə ölçülü dağılmış dağ suxurlarının hissəcikləri».
Yerdə həmişə külək və su axınları mövcud olduğundan, qumların yaranması qaçılmazdır. Və nə qədər ki, küləklər əsəcək, çaylar axacaq, dənizlər öz dalğalarını diyirlədəcək, yerdən hər dəfə yeni – yeni qum kütləsi çıxacaq və canlı orqanizm kimi hər yana yayılacaq. Qum dincəlmək nədir, bilmir. Hiss olunmadan, lakin israrla hər yeri zəbt edib, dağıdır…
Əbədi hərəkət edən bu qum mənzərəsi onu sözlə ifadə edilə bilməyən bir şəkildə həyəcanlandırır və sanki qamçılayırdı. Qumun faydasız olması, adətən təsəvvür edildiyi kimi təkcə onun susuzluğu ilə deyil, heç bir canlının dözə bilməyəcəyi fasiləsiz hərəkətilə izah edilir. Bu necə də günü-gündən bir-birindən yapışan insanların kədərli həyatına bənzəyir.
Bəli, qum həyat üçün elə də yararlı deyil. Lakin sarsılmazlıq həyat üçün beləmi mütləq vacib şərtdir? Məgər iyrənc rəqabətçilik möhkəmliyini, sarsılmazlığını təsdiq elətdirməyə çalışmaq uğrunda mübarizədən doğmurmu? Əgər möhkəmliyini bir kənara atıb, özünü qumun hərəkətinə tabe etsən, onda rəqabət də qurtarar. Axı səhrada da güllər bitir, həşəratlar və heyvanlar yaşayır. Bütün bu canlı orqanizmlər uyğunlaşmanın gücünün sayəsində rəqabət çərçivəsindən canını qurtarmışlardır. Elə bu qabarböcəklərinin özləri kimi…
O, xəyalında qumun hərəkətini çəkdi və artıq onda hallüsinasiyalar başladı – özünü də bu sonsuz axında hiss etdi.
3 ____________________________
Kişi başını aşağı salıb, qala səddi kimi kəndi aypara şəklində dolanan qum təpəsinin diki ilə yenidən irəli addımladı. O, demək olar ki, irəlidə nə baş verdiyinə fikir vermirdi. Entomoloq üçün vacib şərt odur ki, bütün diqqətini ancaq öz ayağından üç metrlik məsafədəki radiusda cəmləsin. Və daha bir vacib şərt – kürəyi günəşə dayanmamaq. Əgər günəş səndən arxada qalsa, onda öz kölgənlə həşəratı hürküdə bilərsən. Buna görə də, günəş həşərat ovçularının alın və burnunu eyni vaxtda yandırıb qaraldır.
Kişi aram və səlis addımlarla irəliyə addımlayırdı. Hər bir addımı atdıqca, qum çəkmələrinə səpələnirdi. Ətrafda, orda-burda kökünü çox da dərinə buraxmayan, bir balaca artıq rütubət olarsa, elə bu dəqiqə gül açmağa hazır olan ot kolcuqlarından başqa, bir dənə də olsun canlı yox idi. Uçan bir şey gözə dəyirdisə də, o da insan tərinin iyinə gəlmiş tısbağa çanağı rəngində böcəklər idi. Bax, elə arzular da çox vaxt belə yerlərdə çin olur. Düzdü, qabarböcəklər sürü ilə yaşamağa meylli deyillər və elə hallar olur ki, bir böcək ətrafda özü üçün kilometrlərlə ərazi zəbt edir. Nə edəsən – axtarışları israrla davam etdirmək lazım gəlir.
O, birdən dayandı. Otluqda nəsə tərpənirdi. Bu, hörümçək idi. Hörümçək onun nəyinə lazım? Siqaret çəkmək üçün aşağı oturdu. Dənizdən fasiləsiz külək əsir, aşağıda isə parça – parça ağ dalğalar qum təpəsinin ətəklərini gəmirirdi. Orda--qum təpəsinin qərb sonucu qurtaran yerdə, dənizdə çox da iri olmayan qayalıq seçilirdi. Qayalığın üstünə günəş şüaları iti iynə kimi səpələnmişdi.
Kibrit heç cür yanmaq istəmirdi. Onunu yandırdı – hamısı da hədərə. Qum dalğası yerə atılmış kibrit çöpləri boyunca demək olar ki, saniyəölçən sürətilə hərəkət edirdi. O, çox da iri olmayan qum dalğası gördü və bu dalğa çəkmələrinin dabanına çatınca ayağa qalxdı. Şalvarının qırışlarından yerə qum töküldü. O, tüpürdü – elə bil ağzına sürtkəc sürtdülər.
Burda həşəratlar gözlənildiyindən az deyilmi? Bəlkə qumun hərəkət sürəti həddən artıqdır? Yox, məyus olmaq hələ tezdir. Axı nəzəri cəhətdən burada həşəratlar olmaya bilməz.
Qum təpəsinin üstü bir qədər hamarlandı, bəzi yerlərdə isə o, dənizdən uzaqlaşırdı. Şikar tutmaq arzusuyla maili enişlə enməyə başladı. Orda – burda qumun hərəkətini əngəlləmək üçün istifadə olunmuş bambuk sipər qalıqları vız dururdu və bir qədər aşağıda terras görünürdü. Kişi küləyin maşın dəqiqliyi ilə çəkdiyi qum naxışlarını yarıb keçərək irəliyə addımladı. Qəfildən onun görüş dairəsindən hər şey yox oldu və dərin bir dərənin kənarında dayandığını gördü.
Dərənin eni iyirmi metrdən çox olmaqla, kələ-kötür dairə formasında idi. Qarşı divarı nisbətən maili, onun dayandığı yer isə demək olar ki, dikinə kəsilmişdi. Dərənin çini fincan kimi hamar olan qabarıq tərəfi çox sürüşkən idi. Ayağını ehtiyatla dirəyib, aşağı baxdı. Ancaq bu vaxt başa düşdü ki, ətraf aydın olsa da, axşam düşür. Dərənin lap dibində, zülmət dərinliyin içində sükuta qərq olmuş bir daxma vardı. Damının bir tərəfi maili qum divara girmişdi. «Əsl ilbiz qabığıdır, - deyə fikirləşdi – Burda nə edirsən et, qumun qoyduğu qayda – qanunun əksinə gedə bilməzsən…»
Elə fotoaparatını sazlayırdı ki, qum ayağı altından xışıldayaraq aşağı sürüşdü. Qorxub ayağını çəkdi, qum isə bir müddət axmaqda davam etdi. Qumun müvazinəti necə də səbatsızdır! Həyəcandan tövşüyüb, nəmlənmiş ovuclarını şalvarına sildi.
Kimsə arxada öskürdü. Demək olar ki, lap yanında, az qala çiyinlərinə toxunacaq qədər yaxın məsafədə hardan peyda olduğu naməlum olan bir qoca dayanmışdı, görünür yerli balıqçılardan idi. Fotoaparata, sonra isə dərənin dibinə baxıb, gülümsəyərək aşılanmış sifətini qırışdırdı. Qan qoymuş gözlərinin qıraqlarında nəsə yapışqan kimi bir şey yığılmışdı.
- Nədi, yoxlamadı?
Səsini külək aparır, əl radiosundan çıxırmış kimi küt, şəffaf gəlirdi. Amma tələffüzü aydın idi, başa düşülürdü.
- Yoxlama? – Adam özünü itirmiş halda ovcu ilə obyektivin gözünü qapadı və qocanın diqqətini çəksin deyə əli ilə əl torunun ora – burasını düzəltdi. – Siz nə demək istəyirsiniz? Mən nəsə sizi anlaya bilmirəm… Mən, belə demək mümkünsə, həşərat kolleksiyası toplamaqla məşğulam. Peşəm – bu qumluqlarda dolaşan həşəratlardır.
- Nə? – Qoca elə bil heç nə başa düşmədi.
- Hə – şə – rat – la – rın kol – lek – si – ya – sı – nı! – qışqıraraq təkrar etdi. – Hə – şə – rat – la – rın, başa düşürsüz, hə – şə – rat – la – rın! Mən onları tuturam!
- Həşəratları? – qoca heç şübhəsiz inanmayaraq, üzünü çevirib tüpürdü. Ya da, belə demək olarsa, dodağından tüpürcək sallandı. Külək tüpürcəyi qapıb, uzun sap kimi uzatdı. Əslinə baxanda, onu belə nə narahat edir?
- Bu ərazidə nəsə yoxlama gedir?
- Yox, əgər siz yoxlayıcılardan deyilsinizsə, nə istəyirsiz edin, mənə dəxli yoxdur.
- Yox, yox, mən təftişçilərdən deyiləm.
Qoca hətta sağollaşmadan ona arxa çevirdi və həsir səndəlinin burnu ilə yeri qaza – qaza, qum təpəsinin diki ilə ağır – ağır getməyə başladı.
Əlli metr aralıda, görünür qocanı gözləyən eyni geyimli üç kişi çömbələrək oturmuşdu. Bunlar nə vaxt peyda oldu? Deyəsən onlardan birində, aramsız olaraq dizinin üstündə hərlədiyi durbin vardı. Qoca onlara yaxınlaşdı və dördü də bir – birinin ayağı altından qumu qaza – qaza nə barədəsə müzakirəyə başladılar; deyəsən mübahisə edirdilər.
Artıq axtardığının – öz milçəyinin dalınca getməyə hazırlaşırdı ki, qoca tövşüyə – tövşüyə onun yanına qaçdı.
- Dayanın, siz doğrudanmı prefekturadan deyilsiniz?
- Prefekturadan?.. Yox əşşi, siz yanılırsız.
«Həvəsdir, bəsdir» - fikirləşdi və vizit kartını zəhlətökən qocaya tərəf uzatdı. O, isə dodaqlarını əsdirə – əsdirə bir xeyli kartı oxudu.
- H – ə – ə, siz müəllimsiniz…
- Görürsüz, mənim prefektura ilə heç bir bağlılığım yoxdur.
- Aha, demək siz müəllimsiniz…
Deyəsən, axır ki, başa düşdü; qoca gözlərini qıyıb, vizit kartı da əlində o birilərinin yanına qayıtdı. Elə bil, vizit kartı onları bir qədər sakitləşdiridi. Qalxdılar, çıxıb getdilər.
Lakin qoca yenidən qayıtdı.
- Yaxşı, bəs indi nə etmək fikrindəsiz?
- Həşərat axtarmağa gedəcəm..
- Axı siz axırıncı avtobusa gecikdiniz.
- Burda gecələməyə bir yer tapa bilmərəmmi?
- Gecələmək? Bu kənddə? – qoca səksəndi.
- Əgər burda olmasa, qonşu kəndə gedərəm.
- Gedərsiz?..
- Ümumiyyətlə, mən heç hara elə də tələsmirəm…
- Yox, yox, niyə özünüzü əziyyətə salırsız… - Qoca birdən – birə lütfükar oldu və söhbətcil adamlar kimi davam etdi: - Özünüz görürsünüz, kasıb kənddir, bir dənə də münasib ev yoxdur, amma etiraz etmirsizsə, sizə kömək edərəm, kiməsə ağız açaram.
Pisniyyətə oxşamırdı. Görünür, onlar nədənsə ehtiyat edirlər, - ola bilsin prefekturadan yoxlama üçün göndərilən məmur gözləyirlər. İndi, onların qorxu – hürküsü çəkilib gedəndən sonra, yenə əvvəlkitək sadə, üzügülər balıqçıldardı.
- Hədsiz minnətdar olaram… Əlbəttə, sizə də xəcalətli qalmaram. Ümumiyyətlə, mən belə kənd evlərində gecələməyi xoşlayıram.
4 ________________________________
Gün əyildi, külək bir az sakitləşdi. Kişi, qumda küləyin çəkdiyi naxışlar gözlə seçilənədək təpənin üstündə ora – bura gəzdi.
Sözün düzü, ov çox da uğurlu alınmadı.
Sisəy və düzqanadlılar dəstəsindən olan ağbığ qulağagirən.
Atlı qarışqalar və bir dənə də başqa həşərat,- o, atlı qarışqaların bir növü olan bu həşəratın adını dəqiq bilmirdi.
Axtardığı sərtqanadlılardan isə təkcə taxılbitləri və uzunayaqlı «məktubpaylayan».
Əslinə baxanda səfərinin əsas məqsədi olan milçəklər ailəsindən isə bir dənə də olsun nümunə ələ keçməmişdi. Ola bilsin, sabahkı qənimətlər ürəkaçan oldu…
Yorğunluqdan gözlərinin qabağında sönük işıq zolağı uçuşurdu. Birdən qeyri – iradi dayandı və artıq tündləşən qum təpəsinin səthinə diqqətlə baxmağa başladı. Artıq ondan asılı deyildi: hərəkət edən nə görürdüsə, qabarböcəyi bilirdi.
Qoca söz verdiyi kimi, onu artel idarəsinin qarşısında gözləyirdi.
- Sizə əziyyət verdim…
- Yox canım, təki sizin xoşunuza gəlsin…
Görünür, idarədə nə barədəsə müzakirə gedirdi. Dörd və ya beş kişi dövrə vurub oturmuşdu, gülüş səsləri eşidilirdi. Artırmanın üzərinə üstünə «Vətənə sevgi hissinə sadiq ol» sözləri yazılmış böyük bir parça asılmışdı. Qoca nəsə donquldandı – gülüş o dəqiqə kəsildi. Elə bil bir qədər həvəssiz irəli addımladı, kişi də onun arxasınca. Balıqqulağı ilə örtülmüş yol qürübda ağappaq ağarırdı.
Nəhayət, qum təpəsinin lap dikində yerləşən çuxurlardan birinə yaxınlaşdılar. Kənd burda qurtarırdı.
Onlar sağa, dikdən aşağı aparan cığıra tərəf döndülər, bir qədər keçmiş qoca qaranlıqda itdi, əlini əlinə vurub, bərkdən çağırdı:
- Ay nənə, hardasan?
Aşağıda, az qala ayaqlarının altındakı qaranlıqda fənər işığı göründü.
- Burda, burda… Nərdivan çuvalların yanındadır.
Doğrudan da, bu dərədən pilləkənsiz çıxa bilməzsən. Aşağıdakı bu ev kimi daha üç evi bir-birinin üstünə qoymaq olar; hətta nərdivanla da ora çıxmaq müşküldür. Yamac demək olar ki, şaqulidir, amma gündüz, dəqiq yadındadır, ona elə gəlmişdi ki, mailidir. Nərdivana güman yox, özü də ki, cürbəcür kəndirlərlə bağlanıb və əgər müvazinətini itirsən, hardasa ortadan dolaşacaq. Lap təbii qalada yaşamağa oxşayır.
- Heç nədən narahat olmayın, dincəlin…
Qoca aşağı düşmədi, bir az dayanıb getdi.
Kişi başdan – ayağa qum içində idi və bir anlıq uşaqlığına qayıtdığını düşündü. Onu fənərlə qarşılayan qadını nənə deyə çağırırdılar və o, bu qadını qoca arvad bilmişdi, sən demə, xoşsifət, çox cavan, otuz yaşlarında, bəstəboy bir qadın imiş. Görünür o, sifətini pudralamışdı! – dəniz kənarında yaşayan qadın üçün sifəti həddən artıq ağ idi. Qısası, onu gülər üzlə, süni olmayan sevinclə qarşıladığı üçün o, qadına minnətdar idi.
Açığı, qonaqpərvərliklə qarşılanmasaydı, bu daxmanın kandarından içəri girməyə özünü məcbur edə bilməzdi. Yəqin ki, ələ salındığını fikirləşib, o dəqiqə burdan qaçardı. Divarlar qopub tökülmüşdü; qapı əvəzinə həsir sallanırdı; damı saxlayan dirəklər əyilmişdi; pəncərələrə taxta vurulmuşdu; döşəməyə sərilmiş saman döşəklər dağılmağa hazır vəziyyətdəydi və üstünə ayaq basanda yaş məsaməli rezin hopduran kimi fırçıldayırdı. Və bütün bunlardan əlavə – iyrənc, yetişmiş qumun çürümüş iyi.
Lakin axı hər şey ovqatdan asılıdır. O, qadının qonaqpərvərliyi qarşısında mat qalmışdı. Eybi yox, deyə özünü sakitləşdirirdi, belə şeylər ildə, ayda bir dəfə olur. Bəlkə bəxtim gətirdi, maraqlı bir həşərata rast gəldim. Hər halda belə yerlərdə həşəratlar at oynadır.
Zənni onu aldatmamışdı. Düz torpaq döşəmədə qazılmış ocağın kənarında, təklif edilən yerdə oturmağa macal tapmamış, yağış yağırmış kimi xışıltı eşidildi. Bu, birə yığını idi. Amma onu belə şeylərlə qorxutmaq olmaz. Entomoloq belə gözlənilməzliklərə həmişə hazırdır. Sadəcə, paltarının astarına xüsusi dərman səpmək, yuxudan qabaqsa bədənin açıq yerlərinə həşərat əleyhinə maz çəkmək lazımdır.
- Mən yemək hazırlayıram, ona görə də hələlik… - qadın əyilib, lampanı götürdü, - bir qədər qaranlıqda oturmalı olacaqsınız.
- Sizdə lampa cəmi bir dənədir?
- Hə, təəssüf ki…
Qadın günahkarcasına gülümsədi, - sol yanağında çuxur əmələ gəldi. Bu qadının çox cazibədar sifəti var, deyə fikirləşdi.
Lakin gözlərinin qəribə ifadəsi vardı. Ola bilsin, bu, xəstəliklə əlaqədardır. İltihablamış göz qapaqlarını hətta pudra da gizlədə bilmirdi. Yuxudan qabaq gözlərinə damcı dərmanı töksə, pis olmaz…
- Yemək yeməmişdən qabaq çimmək istəyərdim.
- Çimmək?
- Nədi ki, mümkün deyil?
- Çox təəssüf, birisi günə qədər gözləməli olacaqsınız.
- Birisi günə qədər? Axı birisi gün mən artıq burda olmayacam, - özündən asılı olmayaraq bərkdən güldü.
- Doğrudan?..
Qadın üzünü çevirdi, çiyinləri əsdi. Yəqin dilxor oldu. Bu kənd camaatı hisslərini gizlətməyə heç çalışmır da. Pərt olub, utandığından dodaqlarını gəmirirdi.
- Yaxşı, əgər çimməyə yer yoxdursa, yetər ki, sadəcə başımdan su axıdım. Yoxsa, başdan ayağa qumun içindəyəm…
- Üzürlü hesab edin, su cəmi bir vedrə qalıb… Axı quyu çox uzaqdadır…
Nəsə məzlum qadındır. Yaxşı, daha heç bir söz deməyəcəm. Tezliklə özü də əmin oldu ki, burda çimmək tamamilə mənasız bir işdi.
Qadın qaynadılmış balıq və molyusk şorbası gətirdi. Qısası dənizkənarı qida və bu, heç də pis deyildi. O, yeməyə girişmişdi ki, qadın onun başı üzərində böyük bir kağız çətir açdı.
- Bu nə üçündür? («Yəqin, nəsə yerli adətdir».)
- Yoxsa qum yeməyin içinə düşər.
- Niyə? – O, tavana baxdı və nə qədər təəccüblü olsa da, bir dənə də olsun çat – filan görmədi.
- Bilirsiz, qum… - Qadın da tavana baxdı. – Hər yerdə uçuşur… Bir gün süpürməyəndə, üç barmaq qalınlığında yığılır.
- Bəlkə dam köhnəlib?
- Yox, fərqi yoxdur, dam lap təzə olan vaxtlarda da qum bura düşürdü… Doğrudan da, qumdan dəhşətli heç nə ola bilməz. Ağacovandan da pisdi.
- Ağacovan?
- Belə böcəklərdi, ağac ovurlar.
- Yəqin termitlərdi.
- Yox, bilirsiz, bərkdilər.
- A – a, onda odunböcəyidir.
- Odunböcəyi?
- Qırmızımtıl, uzunbığlı. Onlardı?
- Yox, yox, bunlar düyü boydadılar, rəngləri də qəhvəyi.
- Hə, belə de. Onda bu, yarpaqyeyəndi.
- Əhəmiyyət verməsən, bax o boyda taxta dirəyi bir dəqiqədə çürüdər.
- Nə, yarpaqyeyən?
- Yox, qum.
- Niyə?
- Bütüm dəlmə-deşiklərdən özünə yol tapır. Külək pis tərəfdən
əsəndə isə, qum çardağa yığılır, əgər yığışdırmasan, o qədər toplanacaq ki, tavandakı taxtalar dözməyəcək.
- Hə, qumun çardaqda yığılmasına yol vermək olmaz… Amma
dirəkləri çürüdəcək demək sizə bir qədər qəribə gəlmirmi?
- Niyə ki, çürüdəcək.
- Məgər qum özü çox quru olması ilə seçilmirmi?
- Baxmayın, çürüdəcək… Bax, sizə deyirəm, təptəzə getanın (1) qumunu təmizləmədən qoyun – yarım aydan sonra ondan bir şey qalmayacaq.
- Başa düşmürəm niyə.
___________________________________________________________
(1) Geta – taxta ayaqqabı
- Ağac çürüyür, onunla birgə qum da çürüyür… Üstünü qum basmış tavan taxtalarını qazıb çıxarmağa çalışın, - piylənmiş torpaq görəcəksiz, lap götür xiyar yetişdir.
- Boş söhbətdi! – kişi həqarətlə üz – gözünü turşutdu. Ona elə gəldi ki, qum haqqında təsəvvürləri qadının avamlığıyla təhqir edilir. – Axı mən özüm də qum haqqında bir şey bilirəm… Bilirsiz, bax bu qum var ha, il boyu beləcə hərəkət edir… Onun canı hərəkətdədir… O, heç yerdə ləngimir – nə suda, nə havada, - özü – özü üçün hərəkətdədir… Elə buna görə də qumluqda hər canlı yaşaya bilmir… Bu, çürüməni doğuran bakteriyalara da aiddir… Əgər bilmək istəyirsinizsə, qum təmizlik rəmzidir, o, daha çox çürüməni dəf edir və onun özünün çürüdüyünü demək ağılsızlıqdır… Siz hələ deyirsiniz ki, qum çürüyür… Elə ondan başlayaq ki, qum çox nəcib mineraldır.
Qadın özünü itirmiş halda susurdu. Kişi qadının hələ də onun başı üzərində tutduğu çətirin altında, daha heç bir söz demədən naharını tez-tələsik yekunlaşdırırdı. Çətirin üstü qumla elə örtülmüşdü ki, barmaqla yazı yazmaq olardı.
Dözülməz rütubət vardı. Yox, qum nəm deyildi, sadəcə bədənin özünə rütubət hopmuşdu. Damın üstündə külək vıyıldayırdı. Siqaret üçün əlini cibinə saldı – cibi qumla doluydu. Kişi hələ siqaretini yandırmamışdan, ağzında tütünün acısını hiss etdi.
Yaxşı olar ki, içində zəhər olan bankadan həşəratları çıxarım. Nə qədər ki, qupquru olmayıblar, sancaqlayıb, heç olmasa pəncələrini hamarlayım. Qadının evin yanındakı talvarın altında qab-qaşıq yuduğu eşidilirdi. Görünür, ondan başqa burda heç kəs yaşamır.
Qadın qayıtdı və sakitcə evin küncündəki yatağı döşəməyə başladı. Əgər mən burda uzansam, bəs onda o özü harda gecələyəcək? Hə, əlbəttə, həsirin arxasındakı o dal otaqda. Deyəsən heç başqa otaq yoxdur. Amma bir az qəribədir – qonağı qapısı küçəyə açılan aralıq otaqda yatızdırırsan, özün isə arxa otaqda. Bəlkə, ola bilsin, orda tərpənə bilməyən ağır xəstə yatır… Hə, görünür bu, ağlabatan fərziyyədir. Hər halda, məhz belə düşünmək ən düzgünü olar. Çətin ki, tənha bir qadın hər yoldan ötənin qayğısına qalsın.
- Burda bizdən başqa kimsə var?..
- Kimsə?..
- Ailə üzvlərindən…
- Heç kəs, mən tək-tənhayam. – Qadın deyəsən onun fikirlərini oxudu və gözlənilmədən utana-utana güldü. – Bu qumun üzündən hər şey nəm çəkib, hətta yorğan da…
- Bəs sizin əriniz hardadır?
- Keçən ilki qasırğada… - Qadın yorğan-döşəyi təkrar-təkrar əli ilə saylayıb çırpırdı, bir sözlə lazımsız bir işlə məşğul idi. – Buralarda qasırğalar dəhşətli olur axı… Qum bura şəlalədən tökülən kimi, gurultu ilə tökülür. Gözünü açıb yumunca bir dze, bir də gördün, iki-üç dze silib süpürdü.
- Axı, iki dze altı metrdi…
- Belə olanda qumu nə qədər təmizləsən də, çatdırmaq olmur. Hə, onu deyirdim axı, ərim qışqırdı ki, toyuq damı təhlükədədir. Və qızımla birgə, onda qızım artıq məktəbə gedirdi, evdən bayıra atıldı… Mənsə çıxa bilmirdim – çalışırdım ki, heç olmasa evə xətər toxunmasın… Nəhayət, səhər açıldı, külək ara verdi və mən çıxdım. Hinin izi – tozu da qalmamışdı. Onları da tapa bilmədim…
- Qum örtmüşdü?
- Hə, tərtəmiz.
- Dəhşətdir… Qorxulu hadisədir. Qum və belə bir iş… Dəhşətdir…
Gözlənilmədən lampa avazımağa başladı.
- Yenə də qum.
Qadın dizləri üstə dikəlib, əllərini uzatdı və gülə-gülə barmaqlarıyla fitildən yapışdı. Lampanın işığı o dəqiqə artdı. Elə dizləri üstə dayanıb, diqqətlə alova baxırdı, sifətində isə əzbərlənmiş bir təbəssüm donmuşdu. Yəqin yanağındakı çuxuru gözə soxmaq üçün bilə – bilə edirdi. Kişinin bədəni qeyri – iradi gərildi. Bu, həyasızlığın son həddi idi, axı elə bu dəqiqələrdə qadın öz yaxınlarının tələf olması barədə danışırdı.
5______________________________________
- Ey, orda kim var? Biz bir nəfər üçün də bel və bidon gətirmişik.
Uzaqdan gələn səs aydın eşidilirdi, - yəqin səsgücləndirici boruya qışqırırdılar, - və bu səs onların arasında yaranmış pərtliyi aradan götürdü. Sonra isə yerə tökülən dəmir-dümürün səsi gəldi. Qadın hay vermək üçün yerindən qalxdı.
Kişi acıqlanmışdı: ona məlum olmayan nəsə baş verirdi.
- Nə baş verib? Demək, burda daha kimsə var!
- Lazım deyil, xahiş edirəm… - Qadının bədəni ayışırmış kimi yığıldı.
- Axı bu dəqiqə kimsə: «Bir nəfər üçün də» - dedi.
- A – a – a. Onlar sizi nəzərdə tutublar.
- Məni?.. Belin mənə nə dəxli var?..
- Heç, heç, fikir verməyin… Həmişə burunların hara gəldi soxurlar…
- Yəqin, səhv salıblar.
Lakin qadın heç nə demədən, elə dizləri üstə dönərək ayaqlarını torpaq döşəməyə salladı.
- Sizə lampa lazım olacaq?
- Yox, keçinərəm… Sizə necə, orda lazım olmayacaq?
- Yox, öyrəncəliyəm.
Qadın, adətən əkin sahələrində işləyənlərin geyindiyi böyük həsir şlyapanı başına keçirib, qaranlıqda itdi.
Kişi bir dənə də siqaret yandırdı. Ətrafda nəsə anlaşılmaz işlər baş verirdi. Ayağa qalxıb, həsirin arxasına boylandı. Orda həqiqətən də otaq var idi, lakin içəridə yorğan-döşək əvəzinə divarlardakı dəlmə – deşikdən içəriyə dolan qum təpəciyi ucalırdı. O, zərbə yemiş kimi yerində donub qaldı… Bu ev də demək olar ki, ölü idi… Onun içərisini caynaqları ilə hər tərəfdən soxulan, əbədi axan qum yarıya qədər həzm etmişdi… Öz məxsusi forması olmayan, millimetrin səkkizdə biri qədər orta diametrdən başqa heç nəyə malik olmayan qum… Lakin heç nə bu formasız, dağıdıcı gücün qarşısını ala bilmir… Bəlkə də, elə formasızlıq özü gücün ən ali nümayişidir.
Lakin kişi çox tez də reallığa qayıtdı. Yaxşı, əgər bu otaq istifadəyə yaramırsa, onda qadın harda yatacaq? Bax, indi taxtadan qayrılmış divarın o tərəfində ora – bura gəzişir. Qol saatının əqrəbləri doqquza iki dəqiqə işlədiyini göstərirdi. Bu vaxtı ona orda nə lazımdır?
Kişi su axtarmaq üçün torpaq döşəməyə düşdü. Su çənin lap dibində qalmışdı, içində pas üzürdü. Hər halda bu, ağzını dolduran qumdan yaxşı olar. Su qalığını üzünə çırpdı, boynuna çəkdi və o dəqiqə gümrahlaşdı.
Torpaq döşəmə ilə sərin külək çəkirdi. Yəqin ki, bayırda ona dözmək asan olardı. Qabağını qum kəsmiş qapını çətinliklə açıb, bir-təhər çölə çıxdı. Yol tərəfdən əsən külək doğrudan da bir xeyli sərinləşmişdi. Külək pikapın - kiçik yük maşınının səsini ona tərəf gətirirdi. Diqqətlə qulaq asanda adam səslərini də ayırmaq olurdu. Ola bilsin ona elə gəlir,amma orda indi gündüzdəkindən daha qələbəlikdir. Bəlkə bu, dənizin səsidir? İndi səma ulduzlarla doludur.
Lampanın işığını görüb, qadın ona tərəf döndü. O, bellə ustalıqla davranaraq, qumu böyük kerosin bidonlarına doldururdu. Arxasında başının üstünü alan tünd qum dağı ucalırdı. Bu, onun gündüz həşərat tutduğu yerin təxminən altı idi. Qadın bidonları doldurub, hər ikisini birdən qaldırdı və divara tərəf apardı. Yanından keçəndə gözlərini qaldırıb, boğuq səslə dedi: «Qumdu…» Qadın kəndir nərdivanın asıldığı yerdə bidonları boşaltdı, yuxarıda isə bu dərəyə aparan cığır vardı. Əlinin arxası ilə sifətinin tərini sildi. Qadının bura daşıdığı qum yepyekə dağ olmuşdu.
- Qumu kürəyirsiniz?
- Nə qədər kürəyirsənsə kürə, dalı gəlir.
Boş bidonlarla yanından keçəndə qadın bekar əliylə qıdıqlayırmış kimi onun böyründən itələdi. Gözlənilməz hərəkətdən kişi az qala lampanı əlindən salacaqdı, kənara tullandı. Bəlkə lampanı yerə qoyub, qadına qarşılıq verim? Tərəddüd edir, özünü necə aparmaq lazım olduğunu bilmirdi. Axırda kişi qərara gəldi ki, onun düşdüyü vəziyyət ən sərfəli vəziyyətdir. Sifətində mənasını özü də bilmədiyi təbəssüməbənzər qrimas düzəldib, əlində lampa, utancaq yerişlə, yenidən əlinə beli götürmüş qadına yaxınlaşmağa başladı.
Yaxınlaşanda qadının kölgəsi bütünlüklə qum divarı örtmüşdü.
- Lazım deyil, - qadın geriyə dönmədən, ağır-ağır nəfəs alaraq dedi. – Qum üçün yuxarıdan səbət sallayanadək daha altı bidon daşımaq lazımdır.
Kişi mısmırığını salladı. Düzü, özündə süni yaratdığı gümrah əhval – ruhiyyədən bu şəkildə, sanki qəsdən vurub salındığı xoşuna gəlmədi. Amma iradəsindən asılı olmayaraq damarlarına nəsə doldu. Elə bil dərisinə yapışan qum damarlarına soxuldu və ehtirasını daxildən söndürdü.
- Bəlkə, mən sizə bir az kömək edim?
- Eybi yox… Elə birinci gündən sizi azca da olsa, işləməyə məcbur etmək yaramaz.
- Elə birinci gündən?.. Yenə o barədə… Mən burda cəmi bir gecə qalacam!
- Doğrudan?
- Əlbəttə, axı mən iş adamıyam… Verin, verin beli!
- Sizin beliniz bax ordadır; bəlkə lazım deyil…
Həqiqətən də, içəri girən kimi talvarın altında ayrıca bel və dəstəyi bir-birinə sarınmış iki kerosin bidonu qoyulmuşdu. Yəqin bunlar bir az əvvəl yuxarıdan «Bir nəfər üçün də» qışqıranların atdığı idi. Hər şey həddən ziyadə incə hazırlanmışdı və onda belə təəssürat yarandı ki, onlar bu kişinin niyyətini əvvəlcədən duyublar. Amma axı onda özü də hələ bilmirdi ki, işləməyə həvəsi olacaq. Hər halda özünü təhqir olunmuş hiss etdi və əhvalı korlandı. Belin dəstəyi qalın, oduncaq kimiydi, çox işləndiyindən isə rəngi qaralmışdı – heç cür əlinə götürmək istəmədi.
- Nə yaxşı, səbət artıq qonşulardadır! – elə bil onun tərəddüdünü hiss etməyən qadın qışqırdı. Səsi əvvəlkindən fərqlənir, fərəh və inamla dolu idi. Bu vaxt bayaqdan uzaqdan eşidilən adamların səs-küyü lap yaxınlaşdı. Dalbadal hərdən sakit pıçıltılar, qarışıq boğuq gülüşlə arası kəsilən ritmik çığırtılar eşidildi. Əməyin ritmi gözlənilmədən onu da həvəsə saldı. Çox güman ki, bu sadə dünyacıqda bir günlük gecələməyə qalmış adamın əlinə bel götürüb işləməsində qəbahətli heç nə görmürlər. Əksinə, burda onun tərəddüdünə qəribə baxardılar. Lampa yıxılmasın deyə, dabanıyla qumda onun üçün oyuq açdı.
- Yəqin haranı gəldi qazmaq olar, təki qazmaq olsun, düzdü?
- Yox, haranı gəldi olmaz…
- Tutaq ki, buranı, olar?
- Buranı olar, ancaq çalışın divarın dibini boşaltmayasınız.
- Bu vaxtlar bütün kənddə qum kürənir?
- Əlbəttə. Gecə qum nəm olur və işləmək asanlaşır… Qum quru olanda isə… - qadın yuxarı baxdı, - hardan və nə vaxt üstünə aşacağını heç vaxt bilmirsən.
Həqiqətən də, yarğanın kənarında qar yığınına bənzər, dolub partlamağa gələn, bir qədər irəli çıxmış qum günlük gözə dəyirdi.
- Axı bu, təhlükəlidir!
- Eybi yox, - qadın bir az şıltaqcasına güldü. – Bir baxın, duman qalxır.
- Duman?
Onlar danışana qədər göydəki ulduzlar seyrəldi və yavaş – yavaş yayğınlaşdı. Göylə qum divarı arasındakı sərhəddə nəsə bulanıq bir pərdə nizamsız, topa – topa burulub qalxırdı.
- Bu ona görə belə olur ki, qum dumanı özünə çəkir… Duzlu qum dumanla doyanda isə, nişasta kimi gərilir…
- Belə de…
- Elədi, elədi. Üstündən elə indicə dalğa keçib yumuş dəniz sahili kimi, - üzərindən lap tank da olsa, sakitcənə keçib gedər.
- Sən bir işə bax!..
- Həqiqi sözümdür… Bax elə buna görə də bir gecənin içində o gördüyünüz çıxıntı əmələ gəlir… Külək pis tərəfdən əsən günlərdə isə, vallah düz sözümdü, göbələyin papağı kimi bax beləcənə sallanır…Gündüz qum quruyur və bütün bu talvar aşağı gəlməyə başlayır. Və əgər uğursuz düşsə, - tutaq ki, bax o damı saxlayan nazik və ya başqa dirəklərin üstünə, - onda axırımızdır.
Bu qadının maraqları çox məhduddur. Lakin elə ki, öz həyatı sferasına daxil olur, tanınmaz bir şəkildə canlanır. Yəqin ki, onun ürəyinə də yol elə burdan keçir. Baxmayaraq ki, bu yol onu elə də cəlb etmirdi, qadının intonasiyasında onun kobud iş paltarında gizlənmiş bədənini hiss etmək həvəsi oyadan nəsə bir gərginlik vardı.
Kişi var gücü ilə diş – diş beli bir – birinin ardınca quma vurub, çıxarmağa başladı.
6______________________________________
O, ikinci dəfə kerosin bidonlarını doldurub kənara çəkəndə səslər eşidildi və yuxarıdakı yolda fənər yelləndi.
Qadın kəskin görünəcək tonla dedi:
- Səbətlər! Burda bəs edər, mənə orda kömək edin!
Yuxarıda - nərdivanın yanındakı qumla dolu kisələrin nə üçün nəzərdə tutulduğunu kişi ancaq indi başa düşdü. Səbətləri qaldırıb-salanda onların üstü ilə kəndir gedib gəlirdi. Hər səbətlə dörd nəfər məşğul olur və belə qrupların sayı iki, ya üç idi. Ona elə gəldi ki, bunlar əsasən bir-birinin bəhsinə cəld işləyən gənclərdir. Bir qrupun səbəti dolunca, artıq ikinci səbət öz növbəsini gözləyirdi. Altı cəhdə dərədəki qum yığınından əsər-əlamət qalmadı.
- Maşallah,od-alovdular!
Köynəyinin qoluyla tərini silirdi, səsinin tonu saflıqla dolu idi. Kişi bütünlüklə öz işinə qapılan və onun qadına kömək etməsinə rəğmən bir dənə də olsun şit söz atmayan bu gənclərə simpatiya bəsləyirdi.
- Hə, bizdə «Vətənə sevgi hissinə sadiq ol» şüarına ciddi əməl edirlər.
- Bu nə hisdir ki?
- Yaşadığın yerə olan sevgi hissi.
- Bu çox gözəldir!
Kişi güldü. Onun ardınca qadın da güldü. Amma o, özü də düz – əməlli bilmirdi ki, nəyə gülmək lazımdır.
Bir qədər uzaqdan səs-küy salıb uzaqlaşan pikapın səsi eşidildi.
- Hə, bir az dincələk?
- Olmaz, hamıya baş çəkəndən sonra, səbətlərilə geri qayıdacaqlar…
- Eybi yox, qalanını sabaha da saxlamaq olar…
O, əlini yelləyib qalxdı və evə tərəf getdi, qadının isə onun arxasınca getmək fikri yox idi.
- Belə yaramaz. Heç olmasa, bir dəfə bellə evin həndəvərin dolanmaq lazımdır.
- Evin həndəvərində?
- Əlbəttə. Məgər imkan vermək olarmı ki, ev uçsun?.. Axı qum hər tərəfdən axır…
- Onda biz gərək səhərədək burda əlləşək.
Qadın meydan oxuyurmuş kimi cəld çevrildi və qaçdı. Görünür, yarğana qayıdıb işinə davam etməyə hazırlaşırdı. Hazır qabarböcəyidi ki, durub, deyə kişi fikirləşdi. Hər şey aydındı, məni belə şeylərlə yoldan çıxarmaq olmaz.
- Dəhşətdir! Hər gecə də belə, hə?
- Qum dincəlmir və dincəlməyə də qoymur… Səbətlər də, maşın da bütün gecəni hərəkətdədirlər.
- Hə, görünür ki, belədir…
Hə, sözsüz ki, belədir. Qum heç vaxt dincəlmir, heç vaxt da dincəlməyə qoymur. Kişi özünü itirdi. Onda belə bir təəssürat yarandı: elə bil birdən müəyyən etdi ki, balaca və ziyansız hesab etdiyi, quyruğunu düşünmədən tapdaladığı ilanın gözlənilmədən nəhəng olduğu aşkarlanıb və zəhərli başı ona arxadan təhlükə törədir.
- Bu nə deməkdir? Siz ancaq qum kürəmək üçün yaşayırsınız!
- Belə də olmaz axı, gecəynən şələ – küləni yığışdır, qaç.
Kişi sarsılmışdı. O, belə bir həyata cəlb olunmaq üçün heç bir arzu və istəkdə bulunmurdu.
- Yox, olar!.. Məgər bu, belə çətindir?.. Əgər istəsəniz, hər şey edərsiniz!
- Yox, belə olmaz… - Qadın belin zərbəsi ilə həmahəng nəfəs alaraq, etinasız tonla davam etdi: - Kənd ancaq ona görə mövcuddur ki, biz yorulmadan qumu kürəyirik və bununla da onu yaşadırıq… Əgər qazmağa ara versək, qum heç onca gün də çəkməz ki, onu süpürüb aparar – və kənddən heç nə qalmaz… Sonra isə… Oy, deyəsən növbə artıq qonşulara çatıb…
- Maraqlı söhbətçün sizə minnətdaram… Səbətdaşıyanların belə ürəklə işləməsinə səbəb budur?
- Hə, amma onlar, düzü, kənd idarəsindən günəmuzd nəsə alırlar…
- Əgər kəndin belə pulu varsa, onda nə üçün qumdan qorunmaq üçün planlı surətdə meşə zolağları salınmır?
- Yəqin hesablayanda bizim üsulumuzun bir neçə dəfə ucuz başa gəldiyi üzə çıxır…
- Üsul?.. Məgər bu, üsuldur? – Kişini cin vurdu. Qadını bu yerlərə bənd edənlərə də, özünü bənd etməyə imkan verən qadına da hirsləndi. - Əgər belədirsə, bu kənddən ikiəlli yapışmaq nəyə lazım? Mən heç cür səbəbi başa düşə bilmirəm… Qum heç də xırda məsələ deyil! Sizin çalışmalarınızın qumun qarşısını alacağını fikirləşmək böyük səhv olardı. Mənasızlıqdır!.. Bu cəfəngiyyatla qurtarmaq lazımdır… birdəfəlik qurtarmaq lazımdır. Mən hətta sizə acıya da bilmirəm!
Beli bir az kənarda atılıb qalmış bidonların yanına tullayıb, qadının sifətinin ifadəsinə fikir də vermədən evə qayıtdı.
Yata bilmirdi. Kişi qadının nə etdiyinə qulaq verirdi. Bir az da utanırdı: axı onun özünü belə aparması son nəticədə qadını burda saxlayan nə varsa, hamısına qısqanclıq hissi və qadını işini atıb, gizlində onun yatağına girməyə məcbur etmək idi. Doğrudan da, son dərəcə kəskin hiss etdiyi nə idisə, təkcə qadının sadəlövhlüyünə olan etiraz hissi deyildi. Məsələ çox dərin idi. Yorğan-döşək get-gedə nəmləşir, qum bədənə daha da möhkəm yapışırdı. Nə böyük ədalətsizlik, nə böyük biabırçılıqdır! Və buna görə də beli bir kənara tullayıb, evə qayıtdığı üçün özünü həlak etməyə dəyməz. O, belə bir məsuliyyəti öz üzərinə götürə bilməz. Bunsuz da onun öhdəlikləri lazım olandan artıqdır. Qum və həşəratların onu cəlb etməsi, son nəticədə bir neçə günlüyə də olsa, mənasız həyatın zəhlətökən öhdəliklərindən can qurtarmaq cəhdindən başqa bir şey deyildi…
Heç cür gözünə yuxu getmirdi.
Qadın dincəlmədən ora-bura gedirdi. Bin neçə dəfə aşağı salınan səbətlərin səsi yaxınlaşdı, sonra isə yenə uzaqlaşdı. Əgər belə davam etsə, sabah işləyə bilməyəcək. Axı dan yeri sökülən kimi ayaqda olmaq və günü boş keçirməmək, ovdan əlidolu qayıtmaq lazımdır. Yuxuya getməyə nə qədər çox səy göstərirdisə, bir o qədər də yuxusu qaçırdı. Gözləri sancdı – onlar yaşarır, qırpılır, lakin fasiləsiz tökülən qumla bacara bilmirdilər. Dəsmalı açıb onunla sifətini örtdü.
Nəfəs almaq çətinləşdi. Amma hər halda belə daha yaxşıdır.
Nəsə başqa bir şey haqqında fikirləşmək lazımdır. Gözlərini yumursan və nəsə uzun, sap kimi şeylər yellənə-yellənə gözlərinin qabağında üzürlər. Bu, təpəylə üzən qum naxışlarıdır. Yəqin bütün günü gözlərimi çəkmədən onlara baxmışam deyə, tor qişasında həkk olublar. Bax elə belə qum axınları da çiçəklənən şəhərləri və böyük imperiyaları basıb, udublar. Bunu belə adlandırırlar, hə, dəqiq bilirəm - Roma imperiyasının sabulyasiyası. Şəninə Ömər Xəyyamın şerlər qoşduğu şəhərlər isə… Bu şəhərlərdə dərzi emalatxanaları, qəssab dükanları, bazarlar vardı. Onları heç nəyin yerindən tərpədə bilməyəcəyi düşünülən, sıx – sıx çəkilib bir – birinə dolaşan yollar qucurdu. Yollardan heç olmasa birinin istiqamətini dəyişmək üçün, kim bilir, hakimiyyə