Noyabr 4, 2007 11:10
"Alatoran" Jurnalının təqdimatında. Ruscadan çevirən: Balaxan Nəzərov
21______________________________________
Görünür, o, başdan ayağa tər və acılaşmış balıq yağını xatırladan selik içində, yerində narahat-narahat qurcalanıb, bir müddət mürgüləmişdi. Yuxu görürüdü. Yuxusunda sınmış stəkan, döşəməsi işlənməkdən dağılmış dəhliz, unitazı ağzınadək nəcislə dolu ayaqyolu, bütün yuxusu boyu su səsi eşitsə də, heç cür tapa bilmədiyi vanna otağı görürdü. Tanımadığı bir kişi əlində su qabı harasa qaçdı. O, kişidən bir qurtum su istədi, əvəzində kişi ona acıqla baxıb, çəyirtkə kimi çapa - çapa getdi.
Kişi oyandı. Nəsə isti və yapışqanlı bir şey dilini yandırırdı. Susuzluq yaman qayıtdı... Su!..
Parıldayan büllur su... Stəkanın dibindən qalxan gümüşü hava qovuqcuqları... O özü isə - yarıuçuq, boş qalmış evin hörümçək toru basmış su borusu, sudan sahilə atılmış boğulan balıq...
Ayağa qalxdı. Qolları və ayaqları içi su ilə dolu rezin yastıq kimi ağır idi... Torpaq döşəmədə atılıb qalmış qazançanı götürüb, arxaya qatlayaraq dodaqlarına yaxınlaşdırdı. Hardasa otuz saniyədən sonra dilinin ucuna iki-üç damcı düşdü. Amma dili basma kimi suyu özünə çəkdi. Bu damcıları həsrətlə gözləyən boğazı isə, səmərəsiz olaraq suyu udmağa çalışaraq, konvulsiv surətdə yığıldı.
Su tapmaq məqsədilə kişi əl-üzyuyanın yanında əlinə nə keçdisə, hamısını alt - üst etdi. Bütün kimyəvi birləşmələr içərisində su, ən sadəsidir. Stolun yeşiyində atılıb qalmış on iyenlik sikkəni görə bilməmək kimi, suyu da görməmək mümkün deyil. Aha, su iyi gəldi. Dəqiqdi, su iyidi. Kişi tələsik çənin dibindəki nəm qumu qaşıyıb, ağzına doldurdu. Ögüməyi gəldi. Əyildi, qarnını spazma sıxdı. Ödü ağzına gəldi, gözləri yaşardı.
Başağrısı qurğuşun təbəqə kimi gözlərini sıxıb əzirdi... Fiziki yaxınlıq, son nəticədə məhvə aparan yolu ancaq qısaltdı. Birdən kişi it kimi iki əl - ayağı üstə dayanıb, torpaq döşəmədə qumu qazmağa başladı. Dirsəyə qədər qazandan sonra qumun tünd və nəm olduğunu gördü. Başını ora salaraq, isti alnını çuxura dirəyib, qumun qoxusunu dərindən sinəsinə çəkdi. Əgər bu cür, qaydaya uyğun nəfəs alsan, mədəndə mütləq oksigenlə hidrogen birləşəcək.
-- Lənət şeytana, gör əllərim çirkdən necə qapqaradı! - O, dırnaqlarıyla ovcunu qaşıyıb, qadına tərəf döndü. - Yaxşı indi biz nə edək?! Doğrudan heç yerdə su yoxdur?!
Qadın kimanonu ayağına keçirib, qıvrılaraq pıçıldadı:
-- Yoxdu, bir damcı da yoxdu...
-- Yoxdu? Yaxşı, sən indi bu "yoxdu" kəlməsilə durub qalacaqsan? Axı burda adam dözməz, ölə bilər... İt balası! Tez elə, hardan istəyirsən tap!.. Xahiş edirəm... Eşidirsən? Hələlik xahiş edirəm.
-- Axı biz işə başlayan kimi...
-- Yaxşı, təslim oluram!.. Əlimdən nə gəlir ki, təslim oluram!.. Qurudulmuş siyənəyə dönmək istəmirəm... Belə ölməyi heç vəchlə arzulamıram. Bu təslimçilik heç ürəyimcə deyil. Suya görə meymun rəqsi də oynamaq olar - qoy baxsınlar. Düz sözümdür, təslim oluram... Amma durub gözləyim ki, nə vaxt su gətiriləcək, - məni bağışlayın... Əvvəla, belə qurumuş halda biz işləyə bilmərik. Düzdür? Nə yolla olur - olsun, təcili onlarla əlaqə qur... Yəqin sənin də boğazın quruyub, hə?
-- Əgər işləməyə başlasaq, onlar o saat biləcəklər... Yanğınsöndürmə qülləsindən həmişə kimsə durbinlə baxır.
-- Yanğınsöndürmə qülləsi?
İnsana əsarətdə olduğunu ona dəmir qapılar, lay divarlar yox, ən çox kameranın qapısındakı kiçik gözlük xatırladır. Kişi yerində yığılıb, fikrən ətrfaı nəzərdən keçirməyə başladı. Üfüqdə - qum və səma, başqa heç nə... Orda heç bir yanğınsöndürmə qülləsi - filan yoxdur. Və əgər bu qüllə burdan görünmürsə, çətin ki, ordan bizi görürlər...
-- Yarğanın o biri divarı tərəfdən baxsaz, o saat hər şeyi başa düşəcəksiz...
Kişi cəld əyilib, beli yerdən götürdü. İndi durub şəxsi ləyaqət haqda düşünmək - çirkin içində üzən köynəyi səliqə ilə ütüləmək kimi bir şeydir. O, bayıra elə atıldı ki, sanki arxasınca qaçırdılar.
Qum ocağın üstündəki boş tava kimi yanırdı. İstidən nəfəsi kəsilirdi. Havadan sabun iyi gəlirdi. Lakin irəli getmək lazımdır. Ancaq bu halda suya yaxınlaşmaq olar. O, yarğana dənizə baxan tərəfdən yaxınlaşıb, göyə baxanda, həqiqətən də qara qüllənin çeçələ barmağın lap ucu boyda görünənən yuxarı nöqtəsini seçə bildi. Yuxarıdakı lap xırdaca çıxıntı isə, görünür, müşahidəçi idi. Yəqin, artıq fikir verib. O, yəqin ki, bu anı səbirsizliklə gözləyib.
Kişi qara çıxıntıya tərəf dönüb, beli yuxarı qaldırdı və bərkdən silkələməyə başladı. O, beli elə bucaq altında tutmağa çalışırdı ki, müşahidəçi onun itilənmiş kənarlarının parıltısını görə bilsin. Gözlərinə isti civə yayılırdı. Bu qadın orda neyləyir? Gəlib kömək edə bilərdi...
Qəfildən nəm yaylıq kimi kölgə düşdü: səmanın bir küncündə küləyin qovduğu yarpaqdan çox da böyük olmayan bulud. Lənət şeytana, yağış yağsaydı, bütün bunları etməyə ehtiyac qalmazdı... Eh, hər iki əlini irəli uzadıb, yağışın altına tutardı, onlar isə suyla dolardı... Pəncərə şüşəsində su seli... Navalçadan axan su şırnağı... Asfaltda buğlanan su damcıları...
Yuxudamı görürdü - ya xəyalı gerçəkliyə keçmişdi, - birdən onun ətrafında səs- küy və hərəkət əmələ gəldi. Özünə gələndə qum uçqununun ortasında dayandığını gördü. Talvarın altına qaçıb, divara sıxıldı. Sümükləri konservləşdirilmiş balığınkı kimi yumyumşaq olmuşdu. Yanğısı artıq hardasa gicgahlarında vururdu. Və onun xırda hissəcikləri qara ləkələrlə şüurunun üstünə səpələnmişdi. Əlini qarnının üstünə qoyub, çənəsini irəli uzadaraq, qusmaqla mübarizə aparırdı.
Qadının səsi eşidildi. Üzünü yarğana tərəf tutulub nəsə qışqırırdı. Kişi ağırlaşmış göz qapaqlarını çətinliklə qaldırıb, həmin tərəfə baxdı. Onu bura gətirən qoca kişi kəndirə bağlanmış vedrəni ehtiyatla aşağı salırdı. Su!.. Axır ki, gətirdilər!.. Vedrə əyildi və qumlu yamacda yaş ləkə əmələ gəldi. Təmiz, tərtəmiz su!.. Kişi qışqırıb, vedrənin üstünə düşdü.
Vedrə əli çatan qədər aşağı düşəndə, qadını itələyib, ayaqlarını yerə rahat dirəyərək ehtiyatla, iki əllə onu tutmağa başladı. O, kəndiri açıb, - dözümsüz şəkildə - o saat vedrəni sifətinə yaxınlaşdırdı və onun bütün bədəni nasosa çevrildi. O, başını qaldırır, nəfəsini dərib, yenidən vedrənin üstünə düşürdü. Üçüncü dəfə vedrədən qopanda burnundan, dodaqlarından su axır, boğulurdu. Onun dizləri qatlandı, gözləri yumuldu. İndi növbə qadınınkı idi. Qadın ondan heç də geri qalmırdı: bir cür səs çıxara-çıxarda, bədəni rezin porşen imiş kimi bir anda vedrənin yarısını boşaltdı. Qadın vedrəni götürüb, evə qayıtdı, qoca isə kəndiri çəkməyə başladı. Lakin bu vaxt kişi kəndirdən yapışıb, yazıq - yazıq başladı:
-- Dayanın! Mən istəyirəm ki, siz mənə qulaq asasınız. Ancaq qulaq asasınız. Xahiş edirəm, dayanın!
Qoca onun xahişinin əksinə getməyib dayandı. Özünü itirib, gözlərini döyməyə başlasa da, sifətinin ifadəsi demək olar ki, dəyişmədi.
-- Siz su gətirdiyinizə görə, mən nə etməliyəmsə, onu da edəcəm. Mən buna söz verirəm və istədiyim təkcə odur ki, mənə qulaq asasınız. Siz böyük səhv edirsiniz... Mən orta məktəb müəllimiyəm... Mənim dostlarım, həmkarlar ittifaqı, pedoqoji şura, Valideynlər və Müəllimlər Assosiasiyası var və onlar hamısı məni gözləyir... Siz nə fikirdəsiz, ictimaiyyət mənim yoxa çıxmam faktına susub, biganə qalacaq?
Qoca dilinin ucuyla üst dodağını yaladı və laqeydcə gülümsədi. Yox, bəlkə də, buna heç gülümsəmək demək olmazdı - sadəcə küləylə gələn qum içinə düşməsin deyə, gözlərini qıydı. Lakin həyəcanlı kişinin gözündən hətta xırda bir qırış da yayına bilməzdi.
-- Nədi? Nə baş verir?.. Məgər sizə aydın deyilmi ki, cinayətin bir addımlığındasınız?
-- Cinayətin? O gündən bəri artıq on gün keçib, polis isə susur... - Qoca aramla danışır, sözləri bir-bir ağzından çıxarırdı. - Əgər artıq on gün susursa, onda nə deyim...
-- On gün yox, bir həftə!
Lakin qoca cavab vermədi. Doğrudan da, bu cür söhbətlərin indi heç bir mənası yoxdur... Kişi həyəcanını boğub, sakit ton verməyə çalışdığı səslə davam etməyə başladı.
-- Yaxşı, bu elə də əhəmiyyətli məsələ deyil... Bəlkə yaxşı olar ki, siz bura düşəsiniz və biz sizinlə əyləşib sakitcə söhbət edək? Mən sizə heç nə etmərəm. Hətta nəsə etmək istəsəydim belə, heç nə alınmazdı. Mən sizə qarşı gücsüzəm... Söz verirəm.
Qoca əvvəlkitək susub qalmışdı. Kişi tez - tez nəfəs almağa başladı.
-- Axı mən, qumu kürəməyin kənd üçün necə vacib bir iş olduğunu başa düşürəm... Nə deyirsənsə de - həyati vacib məsələsidir. Çox ciddi məsələdir... Gözəl başa düşürəm... Əgər məni güclə məcbur etməsəydilər, bəlkə də mən öz xoşumlə burda qalmaq istərdim... Sizi əmin edirəm! Burda həyatın necə olduğunu bircə dəfə görmək kifayətdir ki,- hər bir adam sadəcə insanpərvərlikdən çıxış edərək sizə kömək etməyə çalışacaq. Məgər mənim elədiyimi əsl kömək adlandırmaq olarmı?.. Şübhə edirəm... Nəyə görə siz, nəsə ayrı, daha uyğun gələ bilən əməkdaşlıq üsulları haqda fikirləşmirsiniz?.. Adamları ağıllı qaydada düzmək olar... Əgər bir adam üçün düzgün yer seçilməyibsə, ən xoş niyyətə söykənən kömək etmək arzusu belə sına bilər... Düzdü?.. Məgər məndən istifadə etmək üçün belə ümidsiz riskli təşəbbüsə əl atmadan, daha ağlabatan üsuldan istifadə etmək olmazdımı?
Qoca qulaq asıb - asmadığı bilinməyən görkəmlə başını çevirdi və başı oyuna qızışmış pişik balasını qovurmuş kimi bir hərəkət etdi. Bəlkə qüllədəki müşahidəçiyə görə narahat olurdu? Ya bəlkə, onun gözü qarşısında burda söhbət etməkdən qorxurdu?
-- Razılaşın... Qumu kürəmək, həqiqətən də önəmli bir işdir. Lakin bu vasitədir, məqsəd deyil... Məqsəd - müdhiş təhlükənin qarşısını almaqdır... Düz demirəm? Xoşbəxtlikdən, mən qumu uzun müddət öyrənmişəm. Mən bu məsələ ilə dərindən maraqlanmışam. Elə buna görə də mən belə bir yerə gəlmişəm. Bəli, nə deyirsən de, indiki zamanda qum insnları cəlb edir... Bundan məharətlə istifadə etmək olar... Bu yerləri yeni turist zonasına çevirmək olar... Quma qarşı yox, ardınca gedib, ondan istifadə etmək olar. Qısası, başqa cür fikirləşməyə cəhd edin.
Qoca gözlərini qaldırıb, laqeyd görkəmlə dedi:
-- Əgər burda müalicəvi isti su mənbələri yoxdursa, hansı turist zonasından söhbət gedə bilər... Belə baxanda, turizmdən ən çox ticarətçilərlə gəlmələrin qazandığı hamıya məlumdur.
Kişi onun sözlərində istehza tutdu, o dəqiqə qadının həmin taleni yaşayan açıqcaçı və onun xəstələnib ölməsi haqqında söhbətini xatırladı.
-- Hə... Əlbəttə, mənim dediklərim, ancaq misal üçündür. Siz qumun xassələrinə uyğun gələn xüsusi kənd təsərrüfatı bitkiləri haqqında düşünmüsünüzmü?.. Açığı, nəyin bahasına olursa olsun, köhnə həyat tərzindən dördəlli yapışıb qalmaq zəruri deyil.
-- Biz burda çox şey əkib yoxlamışıq. Yerfındığı da, soğanköklü bitkilər də... Baxıb görəydiz burda tülpan necə çıxır.
-- Bəs qumdan qorunmaq üçün aparılan işlər nə yerdədir?.. Qumdan qorunmaq üçün aparılan əsl işlər. Dostlarımdan biri müxbir işləyir. Qəzetin köməyilə ictimai rəyi öyrənə bilərik. Bu işdə mümkün olmayan heç nə yoxdur.
-- Sizin bu ictimai rəyinizin bizə nə qədər yazığı gəlirsə gəlsin, əgər pul yardımı almasaq, onun bir qəpik də qiyməti yoxdur.
-- Elə mən də onu təklif edirəm ki, belə maliyyə yardımları almaq üçün kompaniyaya başlayaq.
-- Hakimiyyətdəkilər küləyin qovub gətirdiyi qumu təbii fəlakət kimi qiymətləndirmir və ziyanı ödəməkdən imtina edirlər.
-- Onları məcbur etmək lazımdır!
-- Məgər dilənçi bir prefekturada nəyəsə nail olmaq olar? İnamımızı itirmişik. Bizim indi etdiklərimiz, - ən ucuz başa gələndir... Amma hakimiyyətədəkilərə ümid olsan, onlar orda haqq - hesab aparanadək bizi də burda qum süpürüb aparar.
-- Lakin axı mənim, mənim özümün cəmiyyətdə tamamilə aydın bir mövqeyim var! - deyə kişi ciyərlərini tam səfərbər edib qışqırdı. - Bax, elə sizi götürək, məgər siz öz övladlarınızın valideyni deyilsinizmi? Siz müəllimlik borcu nədir, bilməyə bilməzsiniz!
Elə bu vaxt qoca kəndiri yuxarı çəkdi. Kişi qəfildən yaxalanmış kimi onu əlindən buraxdı. Nə baş verir?.. Yəni doğrudanmı qoca ona özünü yalandan qulaq asırmış kimi göstərib, onun əlindən kəndiri çəkmək üçün fürsət arayırmış?.. Özünü itirib, irəli uzatdığı əllərini havada yelləyirdi.
-- Siz dəlisiniz... Siz anormalsınız... Axı hətta meymunu da əhilləşdirsən, qumu kürəyə bilər... Mənsə daha çox şeyə qadirəm... İnsan öz imkanlarından istifadə etməyə borcludur...
-- Ihı... - deyə qoca bu boşboğazlıqdan yorulduğunu göstərən saymazyana görkəmlə söz atdı. - Yaxşı, mümkünsə məni bağışlayın. Əlimizdən nə gəlirsə, sizinçün edəcəyik...
-- Dayanın! Axı mən ciddi deyirəm! Ey, dayanın, xahiş edirəm!.. Peşman olacaqsınız! Axı siz hələ heç nə başa düşmədiniz!.. Yalvarıram... Bir dayanın!..
Qoca isə heç bir dəfə də olsun çevrilib, arxaya baxmadı. Çiyinlərində ağır yük aparırmış kimi belini büküb, ayağa qalxdı, getdi. Üç addımdan sonra çiyinləri görünmədi, dördüncü addımdan sonra isə özü də tamamilə gözdən itdi.
Kişi əldən düşmüş halda divara söykəndi. Əlləri və başını quma soxdu və qum boynundan köynəyinin içinə dolmağa başladı, şalvarının belini sıxdığı yerdə yastıq kimi köpdü. Birdən boynunda, üzündə, ayaqlarının arasında tər su kimi axmağa başladı. Bir qədər əvvəl içdiyi su bütünlüklə bədənindən çıxdı. Tər və qum birləşib, dəriyə kip yapışan xardala oxşar bir şey əmələ gətirdi. Dərisi şişib, sürüşkən rezin bürüncəyə oxşadı.
Qadın artıq işə başlamışdı. Birdən kişinin ağlına gəldi ki, qadın suyun qalanını içib. O, təlaş içərisində evə atıldı.
Suyu necə qoymuşdularsa, elə də qalmışdı. Birnəfəsə üç - dörd qurtum vurdu və bu şəffaf mineralın dadına yenə valeh oldu. O, narahatlığını gizlədə bilmirdi. Bu qədər su ilə axşama kimi dözmək olmazdı. Xörək hazırlamaq üçün isə, sözsüz ki, çatmayacaqdı. Bu tiplər dəqiq hesablayıblar. Susuzluq qarşısında qorxu - məni necə istəyirlərsə elə də hərləmək üçün onların əlindəki cilovdur.
İri həsir şlyapanı gözünün üstünə basıb, dalınca qovurmuşlar kimi bayıra atıldı. Onun fikir və mülahizələri susuzluq qarşısında isti alnına düşən aciz qar dənəciklərinə dönmüşdü. Əgər on stəkan - ürəyi vuracaq qədər çoxdursa, onda bir stəkan - qamçıdır desək, daha doğru olar.
Hə, hardadı bu bel?..
Qadın talvarın altını göstərdi və yorğun halda gülümsəyib, köynəyinin qoluyla alnının tərini sildi. Əldən düşsə də, bir an olsun, alətlərin harda qoyulduğunu unutmurdu. Bu, qumluqlarda yaşayan insanın təbii yolla əldə etdiyi ənənəvi düşüncə tərzidir.
Beli əlinə alan kimi yorğun sümükləri qatlanan sacayağın ayaqları kimi qısaldı. Yəqin ona görə ki, keçən gecə demək olar ki, gözünü yummamışdı. Görünür, istənilən vəziyyətdə hər şeydən öncə, görüləsi vacib olan minimal iş həcmi barədə qadınla razılığa gəlmək lazımdır.
Lakin onun üçün hətta danışmaq belə çətin idi. Ola bilsin ki, qoca ilə danışmağa çox güc sərf etdiyindən, səs telləri çürümüş toqqa tək parça - parça olmuşdu. Qadının yanında dayanıb, bellə avtomat kimi işləməyə başladı. Onlar bir - birinə bağlıymış kimi həmahəng qaza - qaza evlə yarğan arasında irəliləyirdilər. Evin taxtadan qayrılmış çiy düyü kökəsi kimi yumşaq divarları, göbələk şitilliyinə çevrilirdi. Nəhayət onlar qumu bir yerə topladılar. Sonra isə bidonlara doldurub, təmizlənmiş yerə sürüdülər. Bütün bidonları çəkib aparandan sonra, yenidən işə başladılar. Qayğısız, az qala avtomatlaşmış hərəkətlər. Ağzı çiy yumurta ağı dadı verən köpüklü tüpürcəklə doludur... Tüpürcəyi buxağıyla üzüaşağı sürüşüb, sinəsinə damır, lakin o, buna fikir vermirdi.
-- Bilirsiz, sol əlinizlə bax belə tutun, bir az aşağıdan... - deyə qadın sakitcə işarə vurdu. - Onda bellə az hərəkət etməli olarsan, sağ əlinizdən ling kimi istifadə edin, onda bundan qat-qat az yorularsınız.
Qarğa qarıldadı. Sarı işıq birdənbirə maviyə çevrildi. Ağrı iri planda çəkilmiş kimi ətraf aləmdə əridi. Dörd dənə qarğa sahil boyu lap aşağıdan uçub getdi. Onların qanadlarının ucları tünd yaşıl rəngə çalırdı və nədənsə kişinin yadına həşəratlar üçün nəzərdə tutulmuş bankadakı zəhər düşdü. Hə, nə qədər ki, yadından çıxmayıb, onları başqa yeşiyə köçürmək və polietilenə bükmək lazımdır. Yoxsa istinin təsirindən bir anda parçalanıb töküləcəklər...
-- Bu günlük məncə bəs edər...
Qadın bu sözləri deyib, yarğanın yuxarısına baxdı. Onun sifəti tamam qurumuşdu və nazik qum örtüyü ilə örtülməsinə baxmayaraq, kişi qadının üzünün tamam qansız olduğunu başa düşdü. Dolaşıq fikir tunelinin içiylə axtara-axtara gəlib, nəhayət kirli yatağını tapdı. Qadın nə vaxt qayıtmışdı - o, artıq eşitmədi.
22_______________________________________________
Əgər əzələlərinin arasına gips töksən, yəqin ki, əhvalın təxminən belə olar. Səhv etmirəmsə gözlərim açıqdır, bəs onda ətraf niyə belə qaranlıqdır? Hardasa siçan öz yuvasına nəsə dartıb aparır... Boğazım yanır, elə bil yeyə sürtüblər... Ağzımdan zibil quyusunun iyi gəlir... Siqaret çəkmək istəyirəm... Yox, əvvəlcə içsəm yaxşıdır... Su!.. O, həmin anda gerçəkliyə qayıtdı... Belə de... Bu siçan deyilmiş - qadın işə başlamışdı. Görəsən yatdığı nə qədər vaxt olar?.. Qalxmağa cəhd göstərdi, lakin nəsə dəhşətli bir qüvvə onu yenidən döşəyin üstünə tulladı... Birdən nəsə ağlına batdı və üzündəki yaylığı çəkib atdı. Taybatay açılmış qapının arasından jelatindən süzülübmüş kimi təzətər Ay işığı daxil olurdu. Hiss olunmadan gecə düşdü.
Yatağının yanında qazança, lampa və araq şüşəsi qoyulmuşdu. O, cəld dirsəklənib, ağzını yaxaladı. Ağzındakı suyu bir qədər uzağa, ocağa tərəf tüpürdü. Aramla bir neçə ləzzətli qurtum vurdu. Əli ilə lampanın ətrafını yoxladı, barmaqları yumşaq bir bağlamaya toxundu - kibrit və siqaret. Lampanı yandırdı, alovu siqaretinə yaxınlaşdırdı. Bir az da araqdan içdi. Parçalanmış şüuru yavaş - yavaş nəsə bütöv bir şeyə çevrilməyə başladı.
Bağlamada yemək də vardı. Hələ də isti olan düyü və undan hazırlanmış üç kökə, iki dənə qurudulmuş siyənək, turşuya qoyulmuş, quruyub büzüşmüş turp və bir qədər də acı dadan, - deyəsən, elə həmin turpun qurudulmuş yarpaqlarından ibarət bişmiş tərəvəz. Bircə dənə siyənək və kökə bəs edərdi. Mədəsi yığılıb, rezin əlcək boyda olmuşdu.
Ayağa qalxanda güclü küləkdən titrəyən dəmir örtük kimi oynaqları cırıldadı. Kişi ehtiyatla su çəninin içinə boylandı. Çən yenidən ağzınadək doldurulmuşdu. Kişi yaylığı isladıb, üzünə sərdi. Titrətmə bütün bədənini dəlib keçdi - gündüz işığı lampasını dəlib keçən qığılcım kimi. O, boynunu, böyürlərini yaylıqla sürtdü, barmaqlarının arasındakı qumu təmizlədi. Bəlkə də, elə belə anlarla həyatın mənasını təyin etmək lazımdır.
– Bəlkə çay içəsiniz? - qadın qapının ağzında dayanmışdı.
– Lazım deyil... Qarnım nağara kimidir - suyla dolub.
– Yaxşı yatdınız?
– Qalxanda gərək məni də oyadaydın...
Qadın başını aşağı salıb, sanki onu qıdıqlayırmışlar kimi bir qədər gülməli səslə dedi:
– Gecə üç dəfə qalxıb, üzünüzdəki yaylığı səliqəyə salmışam.
Bu, nəhayət ki, böyüklərin gülüşünü təqlid etməyi çətinliklə öyrənib başa çıxan üç yaşlı uşağın şıltaqlığına bənzəyirdi. Qadının aşıb - daşan sevinc hissini daha yaxşı necə ifadə etməyin sadəcə yolunu bilmədiyi çaşqın görkəmindən aydın görünürdü. Kişi qaşqabaqla cavab verdi.
– Sənə qazmaqda kömək edim?.. Yoxsa, bidonları daşısam daha yaxşı olar?
– Axı... artıq vaxtdır. İndilərdə səbətləri aşağı sallamalıdırlar...
İşə başlayanda öz bədənindən gözlədiyi müqaviməti hiss etmədiyindən təəccübləndi. Görəsən bu dəyişikliyin səbəbi nədir? Bəlkə səbəb susuz və ya qadının qarşısında borclu qalmaq qorxusudur, ya da ola bilsin ki, bu, əməyin öz xarakterindən gələn bir şeydir. Həqiqətən də, əmək sürətlə uçan vaxtla barışmaqda insana kömək edir, hətta o, mənasız yerə itirilsə belə.
Bir dəfə "Mebiusun Lenti" onu hansısa bir mühazirəyə dartıb apardı. Mühazirənin keçirildiyi yer alçaq, paslı dəmir barmaqlıqla çəpərlənmişdi və onun arxasında o qədər kağız qırıntısı, boş banka, nə üçün nəzərdə tutulduğu bilinməyən əski parçaları səpələnmişdi ki, torpaq heç görünmürdü. Buranı hasarlamaq fikri layihəçinin ağlına hardan gəlib? Və elə bil onun bu təəccüb doğuran sualına cavab verirmiş kimi nimdaş pencəkli bir nəfər peyda oldu, dəmir çəpərin üstündən əyilib, ciddi - cəhdlə barmaqlarını onun üstünə sürtdü. "Mebiusun Lenti" pıçıldadı ki, bu adam paltarını dəyişmiş polis işçisidir. Tavanda yağış damcılarının qəhvəyi rəngli izi yayılmışdı - belə iri iz o heç vaxt görməmişdi. Və belə bir şəraitdə mühazirəçi danışırdı: "Əməyin üzərində ucalmaqdan ötrü əməyin özündən yaxşı vasitə ola bilməz. Əmək öz - özlüyündə qiymət kəsb eləmir, əməyin öhdəsindən əməklə gəlmək qiymət kəsb edir... əməyin həqiqi qiyməti onun özü - özünü inkar etmək gücündədir"
Bərkdən fit səsi eşidildi. Kimsə barmaqlarını ağzına qoyub, şərti siqnal verdi. Qumla dolu səbətlərin qaldırılmasını müşayiət edən qayğısız səs-küy, qışqırıq onların yerləşdiyi dərəyə yaxınlaşdıqca get - gedə sakitləşirdi. Səbətləri aşağı buraxanda isə artıq tam sakitlik çökürdü. O, kənardan müşahidə edildiyini hiss edirdi, lakin divara müraciətlə qışqırmaq əvvəlkindən daha mənasız idi. Lazım olan qədər qumun müvəffəqiyyətlə yuxarı qaldırılmasından sonra elə bil ki, gərginlik azalıb, yox oldu. Heç kim heç nə deməsə də, artıq belə bir təəssürat yaranmışdı ki, hava və su kimi lazım olan qarşılıqlı anlaşma baş tutub.
Qadının davranışlarında da gözə çarpan dəyişikliklər baş vermişdi.
- Dincələk... Mən indi çay gətirərəm...
Səsində və hərəkətlərində gümrahlıq hiss olunurdu. Qadın gizlətməyə belə çalışmadığı şuxluq, oynaqlıqla aşıb daşırdı. Kişi həddən artıq qənd yeyibmiş kimi çiyrinmişdi. Buna baxmayaraq, qadın onun yanından gəlib keçəndə kişi yüngülcə onun yançalarına şappıldatdı. Əgər gərginlik gəlib son həddə çatıbsa, qoruyucu mütləq yanır. Nə olursa olsun, qadını belə aldatmaq olmaz. Bir gün gələr o, xəyali qalanı müdafiə edən keşikçi haqqında rəvayəti qadına danışar.
Bir qala vardı... Yox, qala olmasa da olar - zavod, bank, kazino olsun - bu, elə də vacib şərt deyil. Keşikçi əvəzinə elə qarovulçu, ya da sadəcə mühafizəçi ola bilər. Beləliklə, daim düşmənin hücumunu gözləyən keşikçi hər an ayıq - sayıq idi. Nəhayət, yolunu uzun müddət gözlədiyi düşmən gəlib çıxdı. Keşikçi vaxt itirmədən həyəcan şeypuru çaldı. Lakin nə qədər qəribə olsa da, əsas qüvvələrdən səs - səmir çıxmadı. Aydın məsələdir ki, düşmən çətinlik çəkmədən, bir zərbəsilə keşikçini süpürüb atdı. O, son nəfəsində dumanlı da olsa, düşmənin heç bir müqavimətə rast gəlmədən, hava kimi divarları, darvazaları, evləri yarıb keçdiyini gördü. Əslində isə hava kimi olan düşmən yox, qalanın özü idi. Sən demə, tənha keşikçi ömrü boyu vəhşi çöllükdə bitən qurumuş ağac kimi xəyali bir qalanı qoruyub...
Kişi belin üstündə oturub, siqaretini yandırmağa çalışdı. Lakin bu, ona yalnız üçüncü dəfədən sonra müyəssər oldu. Yorğunluğu suya tökülmüş mürəkkəb kimi çevrələr cızır, meduza kimi yeriyir, atom nüvəsi sxeminin qəribə ornamentinə çevrilir və nəhayət əriyib gedirdi. Gecəquşu çöl siçanını görən kimi öz iyrənc səsiylə rəfiqəsini səsləyir. Nədənsə narahat olan it kal səslə hürür. Göyün dərinliklərində toqquşan hava kütlələri vıyıldayır. Yerdə isə şiddətli külək qumun tünük dərisini bıçaq kimi qatbaqat soyur.
Kişi tərini, barmaqları ilə burnunu silib, başından qumu çırpıb təmizlədi. Ayağının altındakı qum naxışları qəfil donmuş dəniz ləpələrinə oxşayırdı. Əgər bu səs dalğaları olsaydı, gör indi buralarda nə melodiya səslənərdi! İnsanın burnunu kömür maşası ilə sıxsan, qulaqlarını qan laxtası ilə doldursan, çəkiclə bir - bir dişlərini vurub sındırsan, onda, çox güman ki, o da bu melodiyanı zümzümə edə bilər. Lakin bu çox qəddar hərəkət olardı və düzünə qalsa, melodiyanın özü də artıq sən deyən kimi alınmaz... Birdən ona elə gəldi ki, gözləri quş kimi göyün yeddinci qatına qalxdı və ordan onun özünə diqqətlə baxmağa başladı. Heç kim yox, elə onun özü bütün baş verənlərin qəribəlikləri barədə düşünə - düşünə, çox qəribə həyat tərzi keçirir.
23___________________________________________
Got a one way tijket to the blues, woo, woo...
(Mən göylərə gedən qatara - bir tərəflik bilet almışam, vuu, vuu...) Oxumaq istəyirsən - buyur, oxu. Əslində isə kiminsə yalnız bir tərəfə bilet sırıdığı adam heç vaxt belə oxumaz. Yalnız bir tərəfə bileti olan adamların ayaqlarının alt dərisi çox nazik olur və onlar hətta kiçicik bir daş üstünə çıxanda da ağrıdan çığırırlar. Sonra - bir addım da olsun atmırlar. Onlar göylərə aldıqları biletin hər iki başa olması haqqında oxumaq istərdilər. Bir tərəfə olan bilet - dünənlə bu gün, bu günlə sabah arasında əlaqəsi olmayan hissələrə parçalanmış həyatdır. Və yalnız ovcunda geriyə bileti olan adam bir tərəfə bilet haqqında azca qəmli mahnı oxuya bilər. Bu, dəqiqdir. Elə bu səbəbdəndir ki, o, daim səksəkədədir - qorxur ki, biletin yarısını itirər və geri qayıda bilməz, yaxud onu oğurlayarlar; səhmlər alır, həyatını sığortalayır, həmkarlar və müdiriyyətlə ikiüzlülük edir. O, qazılmış dərələrdən və çirkab suları axan xəndəklərdən eşidilən fəryad səslərini, - ancaq bir tərəfə bilet əldə etmişlərin qışqırıqlarını eşitməmək üçün qulaqlarını tıxayır. Bu barədə fikirləşməmək üçün televizorun səsini lap ucaldır və var qüvvəsilə bir tərəfə alınan bilet haqqında blüz oxumağa güc verir.
İndi əlinə girəvə düşən kimi kişi gizlincə kəndir düzəldirdi. O, köynəyini zolaq - zolaq kəsib, bir - birinə bağladı, ucuna isə qadının rəhmətə getmiş ərinin kimanosunun bel ipini sarıdı - təxminən beş metr uzunluğunda bir şey alındı. Vaxt gələcək və o, kəndirin o biri başına ağzı açıq şəkildə qalması üçün arasına taxta parçası qoyub bərkitdiyi köhnə paslı qayçını bağlayacaq. Hələlik isə kəndir çox qısa alınıb. Lazım olan uzunluğu almaq üçün üstündə buğda və balıq qurudulan torpaq döşəməyə tarım çəkilmiş həsir kəndiri, paltar zivəsini də bağlamaq lazım gələcək.
Bu ideya ağlına tamamilə gözlənilmədən gəldi. Axı heç də vacib deyil ki, yalnız çoxdan fikrində dolaşan planlar həyata keçsin. Planlarını işləyib hazırlayarkən fikrinin hansı yollardan keçib getdiyini anlamaq mümkünsüz olduğundan, belə gözlənilməz dərketmənin təməli özü özündədir. Gözlənilməz verilən qərarların müvəffəqiyyət qazanma şansı daha çoxdur, nəinki sonsuz olaraq düşünülüb daşınılmış qərarların.
İndi isə cəmi bir məsələ qalırdı - planının həyata keçirilməsi vaxtını təyin etmək. Dərədən çıxmaq üçün ən rahat vaxt gündüzdür - bu vaxt qadın yatır. Bu, artıq həll olunub. Lakin işıq ikən kəndin içi ilə getmək yaramaz. Yəqin ən yaxşısı budur: qadın oyanmamışdan bir qədər əvvəl yuxarı çıxmaq, etibarlı yerdə gizlənmək və günün batmasını gözləyib, kənddən uzaqlaşmaq. Ay çıxana qədər qaranlıqdan istifadə edib, kifayət qədər asan yolla avtobusların hərəkət etdiyi şosseyə çıxmaq olar.
Bütün bu vaxt ərzində kişi qadından ərazinin relyefi və kəndin tutduğu mövqe barədə söz almağa çalışırdı. Dənizin kənarında yerləşsə də, bir dənə olsun balıqçı gəmisi olmayan kənd necə dolanır?.. Nə vaxtdan qadın belə vəziyyətə düşüb?.. Kənddə ümumiyyətlə nə qədər adam yaşayır?.. Kim və harada zanbaq əkib becərir?.. Uşaqlar məktəbə hansı yolla gedirlər?.. Kənd haqqında bu yolla əldə etdiyi məlumatları, kəndi öz gözlərilə gördüyü və yayğın yadında saxladığı o yeganə günün xatirələrini fikrən də olsa cəmləyib, ərazinin təxmini planını cıza bildi.
Əlbəttə, qaçışını kəndin içi ilə deyil, onu yandan ötərək həyata keçirə bilsəydi, ideal olardı. Lakin qərb tərəfdən yolu sıldırımlı burun kəsirdi, bura çox da hündür olmasa da, min illər boyu sinəsini gəmirən dalğalar onu üst - üstə qalanmış dik qayalara çevirmişdi. Düzdü, orada kənd əhlinin çırpı yığmağa gedəndə dırmaşdığı cığırlar var, amma həmin cığırlar kol - kosun arasında itib batıb və onları axtarıb tapmaq elə də asan deyil. Həddən artıq zəhlətökən sorğu - suallar isə qadını şübhələndirə bilərdi. Kəndin şərqində isə təxminən on kilormetr uzunluğunda ins - cinsin yaşamadığı, qum təpələri ilə haşiyələnmiş körfəz quruya daxil olmuşdu. Həmin körfəz kəskin dönüş edib demək olar ki, lap kəndə bitişirdi. Beləliklə, kənd sanki boğazı dik qayalar və körfəzlə sıxılmış qum kisəsinin içində yerləşir. Buna görə də sərsəri kimi gəzib vaxt itirmək və bu tiplərin səni təqib etməsinə şərait yaratmaqdansa, mərkəzdən cəsarətlə yarıb keçməyi həyata keçirmək daha təhlükəsiz olardı.
Lakin bütün bunlar hələ o demək deyil ki, məsələ tam həll olunub. Elə götürək bu başıbəlalı yanğınsöndürmə qülləsindəki gözətçini. Bundan əlavə, qadının onun qaçdığını görüb, səs-küy qaldıracağından və kənddən çıxış yollarının o, oranı tərk etməmiş qapadılacağından ehtiyatlanmaq lazımdır. Ola bilsin son nəticədə bu iki məsələni birində cəmləmək oldu. İlk qumdaşıyanlar dəstəsi su və qalan vacib şeyləri gün batandan sonra gətirirlər. Və əgər qadın qumdaşıyanlar gələnə kimi onun itməsi barədə xəbər vermək istəsə, bunu yalnız yanğınsöndürmə qülləsindəki gözətçinin vasitəsilə edə bilər. Buna görə də məsələ ora gəlib çıxırdı ki, gözətçinin işi necə olsun.
Xoşbəxtlikdən bu yerlərdə, görünür temperaturun kəskin dəyişməsi səbəbindən, gün batmazdan qabaq təxminən yarım saat, bəzən də düz bir saat müddətində yeri yüngül duman örtür. Bu ona görə baş verir ki, qumun tərkibindəki çox zəif istilik tutumu olan silisium turşusu gün ərzində canına çəkdiyi istiliyi çox tez buraxır. Qüllədən baxanda bütün bu ərazi ona, yəni qülləyə nəzərən işığın əks olunma bucağı altında yerləşir və ən zəif duman belə gözətçi üçün arasından heç nə görünməyən qalın ağ örtüyə çevrilir. Srağagün buna bir daha əmin oldu. Dənizə baxan tərəfdən yarğanın altında bir müddət nə barədəsə işarə verirmş kimi dəsmal yellədi, lakin güman etdiyi kimi buna heç bir reaksiya verilmədi.
Planını bu barədə ağlına gələn ilk gündən dörd gün sonra həyata keçirməyə qərar verdi: əl-üz yumaq üçün su gətirildiyi şənbə axşamını seçdi. Qaçışdan əvvəlki gecəni özünü xəstəliyə vurdu ki, doyunca yata bilsin. Hətta ehtiyat tədbiri kimi necə etdisə, onu aspirin içməyə belə məcbur etdilər. Görünür, dərman həbləri uzun müddət xırdavat dükanının uzaq künc-bucağında atılıb qalmışdı - rəngini tamam itirmişdi. O, üstündən araq içməklə iki həb qəbul etdi və nəticə özünü çox gözlətmədi. Qadın işini bitirib qayıtmayınca heç bir səs-küy eşitmədi - yalnız bir dəfə qum dolu səbətin necə qaldırıldığını eşitdi.
Uzun fasilədən sonra qadın yenə tək işləməli oldu və o, yorğunluqdan ayaq üstə güclə dayanırdı. Qadın onsuz da gecikmiş xörəyi hazırlayana kimi kişi tənbəl-tənbəl ordan-burdan çərənləyirdi - məsələn deyirdi ki, çoxdan sıradan çıxmış əl-üzyuyanı təmir etmək pis olmazdı. Qadın onun sağlamlığına zərər vurar deyə pərtliyini üzə vurmurdu və yəqin ki, onun eqoizminin artıq buralarda kök atması sübutu kimi qəbul edirdi. Bir iş görəndən sonra hər adam yuyunmaq istəyir. Xüsusən də adamı yuxudaykən tərləmiş dərisinə yapışan qum qıcıqlandırır... Bu gunsə xoşbəxtlikdən yuyunmaq üçün su gətirilən gündür və elə qadının özü üçün də onu çimizdirməkdən ləzzətli heç nə ola bilməz, yəqin bu gün o, üzüyola olacaq.
Qadın onu yuyundurmaqdaykən qəflətən həvəsə gəldi və qadının kimanosunu dartıb, əynindən çıxardı. O da qadını yuyundurmaq istəyirdi. Qadın çaşqınlıq və intizar içində yerində donub qalmışdı. Sonra isə etiraz edirmiş kimi əlini qaldırsa da, əslində konkret nəyə etiraz etdiyi qaranlıq idi. Kişi tələsik onun üstünə bir parç isti su axıtdı və kisəsiz, sabunlu əlləri ilə qadının bədənini sürtməyə başladı. Əlləri onun boynundan çənəsinə, çiyinlərinə sürüşürdü və biri tezliklə qadının döşünə çatdı. Qadın astadan qışqıraraq ona sıxıldı. Qadın gözləyirdi. Lakin kişi ləngiyirdi. Onun əlləri hələ də qadının bədənində dolaşırdı.
Nəhayət, qadının ehtirası ona da keçdi. Lakin birdən onu nəsə anlaşılmaz bir kədər hissi bürüdü. Qadın daxildən gələn işıqla büsbütün işıldayırdı - sanki içində işıldaquşlar yanırdı. İndi ona xəyanət etmək - ölümə məhkum edilmişin qaçmağına şərait yaradıb, elə o anda da arxadan güllə ilə vurmaq kimi bir şey olardı. O, yenidən oyanmış ehtirasını qamçılayaraq, coşmuş halda qadının üstünə atıldı. Lakin hər bir ehtirasın sərhədi var. Belə səbirsizliklə nəvaziş gözləyən qadın əvvəlcə kişinin coşmasından qorxdu və o, həvəsini artıq ödəyibmiş kimi halsız düşdü. Sonra isə xəyalını müxtəlif riskli situasiyalarla həyəcanlandıra-həyəcanlandıra, qadının döşlərini öpə-öpə, sabundan, tərdən və qumdan az qala maşın yağıyla dəmir ovuntuları qarışıq bir şeylə örtülən bədəninə əzab verə-verə yenidən özünü qızışdırmağa başladı. O, beləcə lap iki saat da davam etməyə hazır idi. Nəhayət qadın ağrıdan hətta dişlərini qıcırdaraq çömbəldi. Kişi qadının üstünə atıldı... Bir anda hər şey bitdi. Kişi qadının sabunlu bədənini yumaq üçün üstünə su tökməyə başladı, sonra isə güclə də olsa içində üç dənə aspirin həbi həll edilmiş araq içməyə məcbur etdi. İndi qadın lap gün batanadək, hələ bəxti gətirsə, qum daşıyanların qışqırığı onu oyadanədək bərk yuxuya gedəcək.
Qadın burnuna kağız tıxac tıxayıbmışlar kimi yuxuda fısıldayırdı... O, rahat nəfəs alırdı. Kişi yüngülcə onun pəncəsinə toxundu, lakin qadın heç tərpənmədi də... İçərisindən hissiyatı sıxılıb çıxarılmış boş tübik. O, qadının üzünü örtən yaylığı düzəltdi və kəndir kimi burulub, yuxarı çəkilmiş kimanonu aşağı, dizlərinə tərəf çəkdi. Xoşbəxtlikdən başı son hazırlıq işlərinə qarışmışdı və yersiz həssaslıq göstərməyə vaxtı yox idi. Köhnə qayçının üstündə cadugərliyini bitirdikdən sonra, lazımi an gəlib yetdi. Axırıncı dəfə qadına baxanda, gözlədiyi kimi, ürəyinin sıxıldığını hiss etdi.
Dərənin divarlarına, yuxarıdan təxminən bir metr aşağıya zəif işıq düşürdü. Hesabnan yeddinin yarısı olardı - yeddyə iyirmi dəqiqə qalardı. Əsl vaxtdır. O, qurumuş kürəyini düzəltmək məqsədilə var gücü ilə qollarını arxaya atdı və bir neçə dəfə boynu ilə idman hərəkəti etdi.
Əvvəlcə dama qalxmaq lazımdır. Ən yaxşısı əşyanı qırx beş dərəcəyə yaxın bucaq altında tullamaqdır. O, kəndirlə dama çıxmağı yoxlamaq istədi, amma ürək etmədi - dama dəyən qayçının səsi qadını oyada bilərdi. Buna görə də yaxşı olar ki, bu eksperimentdən imtina etsin və evin başına dolanıb, haçansa altında pal-paltar qurudulan yarıuçuq talvarın köməyi ilə dama çıxsın. Nazik dördkünc tirlər demək olar ki, çürümüşdü və bu onu qorxudurdu. Lakin ən qorxulusu hələ qabaqda idi. Havada uçuşan qumla pardaxlanmış dam örtüyünün ağ taxtaları təptəzəymiş kimi parıldayırdı. Lakin ora çıxan kimi damın biskivit kimi yumşaq olduğu üzə çıxdı. Uçulsa, həngaməyə bax da. Yerə sərilərək, ehtiyatla üzüyuxarı sürünməyə başladı. Nəhayət lap hündürə çatıb, dizi üstə qalxdı. Artıq damın yuxarısna da kölgə düşürdü və qərb tərəfdən dərənin qırağındakı, xarlanmış bal rəngində olan qum dənələrinin apaydın görünməsi dumanın enməsinə işarə edirdi. İndi qüllədəki keşikçidən qorxmamaq da olardı.
Sağ əli ilə kəndirin qayçı bağladığı yerindən təxminən bir metr aşağı hissəsindən tutaraq, səbətləri qaldırmaq üçün blok kimi istifadə edilən kisələrə tərəf tuşlayıb,başı üstündən fırlamağa başladı. Əgər onlar kəndir nərdivana dözürlərsə - deməli, kifayət qədər möhkəm basdırılıblar. O, get-gedə kəndiri daha bərk fırlatmağa başladı, sonra isə nişan alıb atdı. Lakin kəndir əks istiqamətə uçdu. Düzgün hesablamamışdı. Qayçı çevrəyə toxunan xətt üzrə uçmalıdır; buna görə də kəndiri əlindən, o, hədəfə nəzərən düz bucaq altında olanda və ya buna bir an qalmış buraxmaq lazımdır. Hə, dübbələndüz!.. Heyf, bu dəfə qayçı yarğanın ortasına dəyib, aşağı düşdü. Görünür, fırlanmanın sürəti və qalxma bucağı kifayət etmədi.
Bir neçə cəhddən sonra o, nəhayət ki, məsafə və istiqaməti dəqiq təyin etdi. Düzdü, müvəffəqiyyətə hələ çox vardı. O, hətta ən kiçik ümidverici əlamət belə olsaydı, sevinərdi. Lakin hələlik onun müvəffəqiyyətə yaxınlaşdığına oxşamırdı, - əksinə, yorğunluq və əsəbilik uğurdan uzaqlaşdırır, uzaqlaşdırırdı. Bəli, bütün bunlar əvvəlcə ona çox sadə görünürdü. O əsəbiləşir, acıqlanır və ağlmağa belə hazır idi, baxmayaraq ki, heç kim onu ümidvar etməmişdi.
Axı deyəsən, imkanın cəhd sayına düz mütənasib olduğunu deyən ehtimal nəzəriyyəsi heç də boşuna danışmır. Və o, allah bilir, artıq neçənci dəfə elə belə, heç bir ümidi olmadan kəndiri atanda, o, yəni kəndir gözlənilmədən düz kisələrin üstünə düşdü. Kişinin ağzı açıq qaldı, yerində dondu. Ağzını dolduran su axmağa başladı. Lakin sevinmək hələ tez idi... onun əlində hələlik ancaq lotoreya bileti almaq üçün pul var idi... Bilet udacaq, ya udmayacaq - gələcək göstərər. Elə bil onun hər bir siniri kəndirə bağlanmışdı. Ehtiyatla, sanki hörümçək sapı ilə ulduzu çəkirmiş kimi kəndiri özünə tərəf çəkdi.
Müqavimət hiss etdi. Əvvəlcə buna inanmağı gəlmədi, lakin kəndir həqiqətən də yerindən tərpənmədi. Daha da bərk çəkdi... Gərilərək gözləyirdi - indilərdə qırılacaq... Lakin artıq heç bir şübhə yeri yox idi. Qarmağa çevrilmiş qayçı kisələrə möhkəm ilişmişdi. Bəxti gətirdi!.. İlahi, necə də gətirdi!.. Elə bu dəqiqələrdən hər şey yaxşı getməyə başlayacaq! Hökmən!
Kişi cəld damdan düşüb, indi rahat-rahat aşağı sallanıb, qum divarını kəsən kəndirin yanına qaçdı. Bax orda, orda yerin üstüdür... İnanılmaz dərəcədə yaxında... Sifəti gərilmiş, dodaqları əsirdi. Heç şübhəsiz Kolumb yumurtası bişmiş olub. Lakin yumurtanı həddən artıq bişirsən, hər şeyi korlayarsan.
Kəndirdən yapışıb, bütün ağırlığıyla ondan sallandı. Və o dəqiqə kəndir rezin kimi uzanmağa başladı. Qorxudan büsbütün tərlədi. Xoşbəxtlikdən kəndir təxminən otuz santimetr gərildikdən sonra, daha uzanmadı. O, yenidən kəndirdən sallandı. Bu dəfə narahatlıq üçün əsas yox idi. Ovuclarına tüpürüb, kəndiri ayaqları ilə tutdu və yuxarı dırmaşmağa başladı. O, oyuncaq meymun oyuncaq palmaya dırmaşan kimi dırmaşırdı. Ola bilsin ki, həyəcandan - alnının təri soyuq idi. Kişi qum üstünə töküliəsin deyə, divara toxunmadan, yalnız kəndirin köməyi ilə yuxarı dırmaşırdı deyə, bədəni fırlanırdı. Hər şey onun gözlədiyindən qat-qat ləng gedirdi. Yerin cazibə qüvvəsi həqiqətən də çox dəhşətli şeydi. Bəs bu titrətmə hardan çıxdı? Qolları onun iradəsindən asılı olmayaraq hərəkət edirdi, elə bil özü-özünü yuxarı atırdı. Əgər zəhərlə dolu qırx altı günü xatırlasaq, burda qəribə heç nə yox idi. O, bir metr qalxanda, dərənin dibi yüz metr dərinə getdi, iki metr qalxanda isə - ən azı iki yüz metr uzaqlaşdı. Dərinlik artırdı, nəhayət başgicəlləndirici uzaqlıqda oldu... Yorulub əldən düşmüşdü... Aşağı baxmaq lazım deyil!.. Lakin budur, artıq yerin üstü... Üstündə azadə hara istəsən, lap dünyanın axırına da gedə biləcəyin yollarla dolanmış yer... O, yerin üstünə çatanda burda nə baş vermişdisə, hər şey cib dəftərçəsinin səhifələri arasında qurudularaq xatirə kimi saxlanan kiçik gül ləçəklərinə çevriləcək... Zəhərliləri də, yırtıcıları da - bütün bunlar nazik, yarımşəffaf, rəngbərəng kağız qırıntılarına çevriləcək, sən də onları işığa tutub, rahatca evində çay iç - o, bunlarla bağlı olan hər şey haqqında danışmaqdan zövq alacaq.
Elə bu səbəbdən də onda qadını nədəsə günahlandırmaq həvəsi tamam itdi. Zəmanət vermək olar ki, qadın ləyaqətliliyi ilə seçilmirdi, lakin fahişə də deyildi. Qadına zəmanət məktubları tələb olunarsa o, bunu sevinə-sevinə edər - neçəsini istəsən, lap on dənəsini. Lakin məndən ancaq və ancaq hər iki istiqamətə alınan o bircə biletlə yapışan bu qadın necə də sadəlövhdür. Axı hətta bilet elə həmin biletdirsə də, yola düşmə nöqtəsi müxtəlifdirsə, təbiidir ki, çatma nöqtəsi də müxtəlif olacaq. Onun geriyə biletinin qadın üçün əks istiqamətdə olacağında təəccüblü heç nə yoxdur.
Tutaq ki, qadın hər hansı bir səhvə yol verib... Amma axı səhv - elə səhvdir, başqa bir şey deyil.
...Aşağı baxma! Aşağı baxmaq olmaz!
Alpinist, pəncərətəmizləyən, televiziya qülləsindəki montyor, sirk gimnastı, elektrik stansiyasının hündür bacasındakı bacatəmizləyən - onlardan hər hansı birinin aşağı baxması kifayət edər ki, yerə yıxılsın.
24_______________________________________________
Hər şey yaxşıdır!
Dırnaqlarıyla kisələrdən yapışıb, əllərinin qanı axa-axa dərədən çıxmağa çalışırdı. Budur, o yuxarıdadır! İndi barmaqlarını boşaltsan yerə yıxılacağından qorxmaya bilərsən. Lakin hələlik barmaqlarının açılmağa gücü qalmamış, hələ də kisələrdən bərk-bərk yapışıb, qalmaqda davam edirdi.
Qırx altıncı gün əldə edilmiş Azadlıq onu güclü, sərt küləklə qarşıladı. O sürünməyə başlayanda, qum dənələri ağrıdacaq dərəcədə boynuna, sifətinə vurmağa başladı. O, bu dəhşətli küləyi nəzərə almamışdı!.. Dərənin içində dənizin səsi adət etdiyindən çox-çox bərk gəlir. Bir şey də var ki, axı indi dənizdə hər axşam olduğu kimi sakit hava hökm sürməlidir. Yoxsa duman olacağına heç bir ümid yeri qalmır. Ya bəlkə göy üzünün dumanla örtülməsi onun gözünə səmaya dərədən baxanda görünüb? Ya bəlkə havada bulud-bulud uçuşan bu qumu duman bilib? Hər nə cür baxsan, bütün bunlar yaxşı heç nə vəd eləmir.
Başını qaldırmadan həyəcanla ətrafa baxmağa başladı... Zəif işıqda yanğınsöndürmə qülləsi bir qədər əyri görünürdü. Yazıq görkəmli qülləyə bir xeyli məsafə vardı. Lakin ordan durbinlə baxırdılar deyə, məsafənin uzaqlığına ümid etmək olmazdı. Maraqlıdır, görəsən artıq onu görüblər, yoxsa yox?.. Yəqin ki, yox. Yoxsa o dəqiqə aləmə car çəkərdilər.
Bir dəfə necə oldusa qadın ona yarım il əvvəl, gecə tufan qopmasından, kəndin qərb tərəfindəki dərələrdən birinin divarının uçmasından və oradakı evin yarıyadək qum altında qalmasından danışdı. Sonra başlayan yağışdan onsuz da yaş olan qum daha da ağırlaşıb. Ev kibrit qutusu tək uçub dağılıb. Xoşbəxtlikdən tələfat olmayıb və səhər açılan kimi sakinlər dərədən çıxmağa çalışıblar. O saat həyəcan zəngi çalınıb və heç beş dəqiqə keçməmiş oradan dartıb çıxardıqları qarının ağlamağı eşidilib... "Deyilənlərə görə, bu ailənin beynində nəsə irsi xəstəlik var", - deyə bic-bic əlavə etdi...
Yaxşı, gözləməyə dəyməz. O, cəsarətlə başını qaldırdı. Qırmızıya çalan qum dalğaları boyunca uzun kölgələr uzanırdı. Küləyin bir kölgənin üstündən qaldırdığı qum örtüyü digərinin, sonra isə tamam ayrısının üstünə uzanırdı. Bəlkə onu kiminsə görməyinə bu uçan qum örtüyü mane olur?.. İşığın gözünü qamaşdırıb - qamaşdırmadığını yoxlamaq üçün ətrafına boylananda kişi az qaldı təəccübdən yerində donsun. Deməli, qürub edən günəşin rəngli qələmlərlə rənglənibmiş kimi görünməsində, ətrafda hər şeyin süd rəngli dumana bürünməsində təkcə havada uçuşan qum dənəcikləri səbəb deyildi. Orda - burda yerdən çəngə-çəngə duman parçaları qalxırdı. Bir yerdən dağılanda başqa bir yerdə peyda olur, ordan qovulanda isə, yenidən bu yanda toplaşırdılar... Dərədə olduğu müddətdə qumun rütubəti özünə çəkdiyinə şəxsən əmin olmuşdu, amma bu dərəcədə olduğunu təsəvvür belə etmirdi... Bütün bunlar yanğınsöndürənlərin tərk etdiyi küllüyü xatırladırdı... Düzdü, işıq arxadan düşdüyündən duman bir qədər seyrək və az sezilən idi, amma hər halda müşahidəçinin gözündən yayınmaq üçün kifayət qədər etibarlı sığınacaq idi.
O, belinə asdığı çəkmələrini geyindi, kəndiri büküb cibində gizlətdi. Bir şey olarsa qayçıdan silah kimi də istifadə etmək olardı. Qərbə tərəf qaçmaq lazımdır - müşahidəçinin gözünə düşən işıq onu qoruyacaq. Bir yer tapıb gizlənmək və günəş batanadək orda oturub gözləmək lazımdır.
Di cəld ol!.. Əyil və ovalıqla qaç!.. İndi özünü itirmə... Tələs, lakin gözünü dörd elə... Bax o çuxura uzanacam!.. Bu nə şübhəli səsdir gəlir?.. Pis əlamət deyil ki?.. Bəlkə, yox... Qalxacam və irəli... Çox da sağa getmə!.. Sağ yamac çox alçaqdır və artıq yolun ortasında onu sezə bilərlər...
Gündəlik qum dolu səbət daşımaları nəticəsində dərələr arasında dərin düz cığırlar tapdanmışdı. Bəzi yerlərdə həmin cığırların sağ tərəfi uçmuş və maili olmuşdu. Bir qədər aşağıda, dərədə gizlənmiş ikinci sıra evlərin damları görünürdü. Onların qarşısını dənizə bir qədər yaxın olan üçüncü sıra tutmuşdu. Bu səbəbdən də dərələr kifayət qədər kiçik idi və qumdan qorunmaq üçün nəzərdə tutulmuş çəpər buralarda hələ xidmətini davam etdirə bilirdi. Dərələrin kəndə tərəf olan yerindən asudə çıxmaq olardı. Bir qədər yerindən qalxmağı kifayət etdi ki, az qala bütün kənd əlinin içi kimi görünsün. Dalğavari qum təpələrinin ətəklərində yelpik kimi açılmış kirəmitli, sinklənmiş, nazik taxtalardan qayrılmış damlar üst-üstə qalaqlanmışdı... Düzdü, bir qədər seyrək də olsa şam meşəliyi və nəsə gölməçəyə oxşar bir şey də görünürdü. Və beləliklə, bu bir tikə bədbəxt torpaq sahəsi ucbatından, sahildə yerləşən onlarla ev qul həyatına məhkum olub.
Qulların yaşadığı bu dərələr indi yolun solu ilə uzanıb gedirdi... Ara - sıra yerlə sürüdülən səbətlərin açdığı cığırların şaxələndiyi gözə dəyirdi, yolun sonunda isə dərənin haradan başlandığına işarə edən qum dolu kisələri görmək olardı... Onlara hətta sadəcə baxmaq belə ağrılı idi. Bəzi yerlərdə kisələrə kəndir nərdivan bağlanmamışdı, lakin dərələrin çoxunda belə nərdivanlar var idi. Görünür, bu dərələrin bir çox sakini ümumiyyətlə qaçmaq fikrindən vaz keçmişdi.
İndi o, belə bir həyat tərzinin də mümkün olduğunu özü üçün asanca təsəvvür edirdi. Mətbəxlər, içində od qalanan sobalar, yazı masası əvəzinə işlədilən içi dərsliklərlə dolu alma səbətləri; mətbəxlər, döşəmədə qazılan ocaqlar, lampalar, içində od qalanan sobalar, sıyırma sınıq - salxaq arakəsmələr, mətbəxlərin his basmış tavanları, işləyən saatlar və dayanan saatlar, qışqırışan radioqəbuledicilər və işləməyən radioqəbuledicilər; mətbəxlər və içində od qalanan sobalar... Və bütün bunlara çərçivəyə salınıbmış kimi mal-qara, uşaqlar, fiziki yaxınlıq, qarşılıqlı öhdəçiliklər, ucuz bər-bəzək, xəyanətlər, yaltaqlıqlar, xatirə şəkilləri pərçim edilib... Eyni bir şeyin adamı dəhşətə salacaq qədər yeknəsəq təkrarı...Baxmayaraq ki, bu təkrar həyatda qaçılmaz olan - ürək döyüntüsü kimidir, amma hər halda həyat özü də təkcə ürək döyüntüsündən ibarət deyil axı.
Yerə uzan!.. Yox, hər şey yaxşıdır. Adicə qarğadı...Hələlik qarğa tutub, ondan müqəvva düzəltmək ona qismət olmayıb, lakin indi bunun elə də əhəmiyyəti yoxdur. Döymə şəkil, medal, ordenlər haqqında arzular ağlasığmaz yuxulardan sonra ağıla gəlir.
Deyəsən, kəndin qırağına gəlib çatıb. Yol qum təpəsinin üstünə çıxdı, soldan dəniz göründü. Külək ləpədöyənin acı havasını gətirdi, fırfıralar fırlanıbmış kimi qulağı və burun pərələri cingildədi. Başına bağladığı dəsmalın ucları küləkdə yellənir, yanaqlarına çırpılırdı. Burda artıq duman da gücünü itirir, qalxa bilmirdi. Dənizin üzü qaynanmış südün köpüyü kimi xırda qırçınlarla bükülmüş qalın qurğuşun laylarla örtülmüşdü. Buludların sıxdığı qurbağa kürüsünü xatırladan günəş batmaq istəmədiyindən yerində donub qalmışdı. Üfüqdə qara nöqtə kimi donmuş gəmiyə qədər olan məsafəni və onun ölçülərini təyin etmək imkansız idi.
Qarşısında maili qum təpələri intəhasız dalğalartək düz burunun axırınadək uzanıb gedirdi. Doğrusu, yolu belə davam etdirmək heç də təhlükəsiz deyildi. Qətiyyətsiz halda ətrafına boylandı. Xoşbəxtlikdən yanğınsöndürmə qülləsinin qarşısını çox da hündlür olmayan təpə tuturdu və oradan onu görə bilməzdilər. Ehmalca pəncələri üstə qalxıb özündən sağ tərəfdə, qum yarğanının kölgəsində əyilmiş, demək olar ki, damına qədər quma girmiş, ancaq o dayanan yerdən görünə bilən daxma gördü. Külək döyən yerdə dərin çökək vardı, elə bil çömçə ilə qazmışdılar.
Əla sığınacaqdı... Qumun üstü balıqqulağı içi kimi hamardır, heç yerdə insan ləpiri gözə dəymir... Amma bəs özünün qoyduğu izlər necə olsun?.. O, ayaqlarının izilə geri qayıtdı, lakin heç otuz metr getməmişdi ki, onların yerli-dibli silindiyini gördü... Hətta ayağının yanındaca izlər çöküb, formasını dəyişirdi... Sən demə, külək də nəyəsə yarayarmış.
Artıq daxmanın yanından ötüb keçməyə hazırlaşırdı ki, birdən oradan nəsə qara bir şey çıxmağa başladı. Donuz kimi piyli kürən bir itmiş. Qorxmağa dəyməz. Get burdan! Ancaq gözünü naməlum adama dikmiş it getməyə hazırlaşmırdlı. Qulağının biri parçalanmış, proporsional olmayan xırda gözləri bəd-bəd baxırdı. İt onu iyləməyə başladı. Görəsən, hürməyə hazırlaşmır ki? Kişisən hür... O. əlini cibinə salıb, qayçını ovcunda sıxdı... Əgər hürsə, başını qayçıyla deşəcəm! Lakin it səsini çıxarmadan ona tərəf acıqlı-acıqlı baxmaqda davam edirdi. Bəlkə vəhşi itdir?.. Pırtlaşıq tükləri çəngə-çəngə sallanmışdı... Bəlkə nəsə xəstəliyi-zadı var - bütün sir-sifəti qasnaqdır... Deyirlər, hürməyən it qorxulu olur... lənət şeytana! Gərək özümlə nəsə yeməkdən-zaddan götürəydim... Hə, yemək götürmək lazım idi, ay səni, zəhər şüşəsini götürmək yadımdan çıxdı... Eybi yox, zəhəri elə gizlətmişdi ki, çətin qadın onu tapa bilsin... Kişi yavaşca fit çalıb, itlə dostlaşmağa cəhd edərək əlini uzatdı...İt buna cavab olaraq, nazik dodlaqlarını uzadıb üstünə qum yapışmış sarı dişlərini ağartdı... Yox, çətin ki, bu it ona tamah salsın... Necə də iyrənc qarınqulu görkəmi var... Elə vurasan ki, bircə zərbədən gəbərə...
Gözlənilmədən it başını aşağı salıb çevrildi və heç nə olmayıbmış kimi tənbəl-tənbəl uzaqlaşdı. Görünür, kişinin hədəli görkəmindən qorxmuşdu. Əgər o, vəhşi iti belə qorxuda bilibsə, deməli ruhən hələ güclüdür. Qumluqla düzən yerə sürüşüb, enişdə uzanıb qaldı. İndi küləyin ona əli çatmırdı və bəlkə də buna görə özündə yüngüllük hiss etdi. Küləkdən səndələyən it havada uçuşan qum pərdəsinin arxasında gözdən itdti. Görünür, adamlar bura yaxın da durmurlar, yoxsa bu komada vəhşi it məskunlaşmazdı...Və nə qədər ki, it gedib artel idarəsinə ondan xəbərçilik etməyib, hər şey yaxşıdır. Bədənindən tər su kimi axsa da, o bundan ancaq ləzzət alırdı. Necə də sakitlikdi!.. Elə bil onu qabın dibinə atıb, üstünə jelatin çəkiblər... İndi onun əlində saat mexanizmli bomba var, partlayışın vaxtı isə naməlumdur, lakin bu, zəngli saatın çıqqıltısından heç