Noyabr 4, 2007 11:06
"Alatoran" Jurnalının təqdimatında. Ruscadan çevirən: Balaxan Nəzərov
İkinci hissə 11______________
Dzyab, dzyab, dzyab, dzyab.
Bu nə cingiltidir?
Zınqırov cingiltisi.
Dzyab, dzyab, dzyab, dzyab.
Bu nə səsdir?
İblisin səsi.
Qadın xəfif səslə nəsə zümzümə edirdi. O, su bakının dibindəki çöküntünü yığa-yığa, yorulmadan eyni ibarəni təkrar edirdi.
Nəğmə kəsildi. Sonra isə qadının düyünü necə əzməsi eşidildi. Kişi yüngülcə ah çəkir, yerində qurcalanır və hövsələsizliklə gərilib, gözləyir… indi yəqin onun bədənini silmək üçün qadın bir ləyən su ilə içəri girəcək. Qum və tərdən dərisi elə qıcıqlanıb ki, indilərdə iltihablanacaq. Təkcə soyuq nəm əski haqda fikirdən artıq bütün bədəni sıxılır.
Qum onu əzəndən və huşunu itirəndən bəri yataqdadır. İlk iki gün onu bərk – demək olar ki, otuz doqquza yaxın qızdırma və qarşısıalınmaz ögümə üzdü. Sonra temperaturu düşdü, iştahası qayıtmağa başladı. Görünür, o, qum uçqununun vurduğu zərbədən çox, yandırıcı gün şüalarının altında adət etmədiyi uzunmüddətli işdən xəstələnib. Nə isə, ciddi bir şey yoxdur.
Ola bilsin elə bu səbəbdən də çox tez sağalırdı. Xəstəliyinin dördüncü günü ayaqlarındakı, belindəki ağrılar demək olar ki, keçdi. Beşinci gün isə, bir qədər zəifliyini nəzərə almasaq, xəstəliyinin heç bir əlamətini hiss etmədi. Lakin yataqdan qalxmır, özünü ağır xəstə kimi göstərməkdə davam edirdi. Əlbəttə, bunun üçün səbəb vardı. O, qaçmaq haqda fikirlərdən heç də əl çəkməmişdi.
- Siz artıq oyanmısınız?
Qadının səsi ürkək çıxdı. O, altdan-altdan qadının şalvardan bilinən dizlərinin yumrularına baxdı və anlaşılmaz iniltiylə cavab verdi. Qadın aramla dəsmalı əzik mis ləyənin üstündə sıxıb, soruşdu:
- Özünüzü necə hiss edirsiniz?
- Belə də…
- Kürəyinizi sürtüm?..
O, itaətkarlıqla özünü qadının əllərinə təslim etdi, təkcə xəstə olduğuna görə yox, həm də ona görə ki, bu, ona xoş gəlirdi. Qızdırma xəstəliyinə tutulmuş bir oğlan haqqında oxuduğu şer yadına düşdü. Şerdəki oğlan yuxusunda onu sərin gümüşü kağıza bükdüklərini görmüşdü. Tər və qum qatı altında boğulan dəri yavaş-yavaş soyuyur, nəfəs almağa başlayırdı. Qadın bədəninin ətri dirilmiş dərisindən daxilinə keçir, onu yüngülcə həyəcanlandırırdı.
Amma nə olursa olsun, o, qadını heç cür bağışlaya bilmirdi. O – bir şeydir, bu – başqa şey, ayrı-ayrı şeylərdir və onları qarışdırmağa dəyməz. Üç günlük məzuniyyət çoxdan bitib. İndi tələsməyə dəyməz. Onun qum divarının altını qazıb, maili etmək haqda ilk planı nəinki pozuldu, həm də kifayət qədər yaxşı hazırlanmamışdı. Əgər qabaqcadan nəzərdə tutulmayan hadisələr mane olmasaydı – elə götürək gün vurmasını, - hər şey yaxşı alınardı. Düzdü, qum qazmağın onun gözlədiyindən qat - qat çətin bir iş olduğu üzə çıxdı, sən demə bu, cəhənnəm əzabıymış və indi hər şey onun özü üçün daha məqbul bir üsul tapıb, tapmayacağından asılıdır. Elə bu an da onun ağlına özünü yalandan xəstəliyə vurmaq gəldi.
Özünə gəlib, hələ də orda – qadının evində uzandığını görəndə dəhşətli dərəcədə hirsləndi. Kənddən olan bu tiplər heç bu işdə iştirak etmək belə istəmirlər. Bu, ona gün kimi aydın oldu və o dəqiqə həll yolu tapdı. Onun xəstəliyinin qorxulu olmadığını başa düşüb, həkim çağırmamışdılar. İndi isə, o, bundan istifadə edib, üstəlik onları tövbə etməyə məcbur edəcək. Gecə, qadın işləyəndə o, yatacaq. Əvəzində, gündüz, yəni qadın istirahət edəndə, ona mane olacaq, dözülməz ağrılardan şikayətlənib, onu yatmağa qoymayacaq.
- Ağrıyır?
- Əlbəttə, ağrıyır… Yəqin onurğa sütunum hardansa zədələnib…
- Bəlkə ovxalayaq?
- Qətiyyən! Məgər bunu mütəxəssis olmayan bir adama etibar etmək olar? Adam bir anda zədələnər. Axı onurğa beyni həyat kanalıdır. Birdən öldüm? Axı sizin hamınız üçün pis olacaq. Həkim çağırın, həkim! Ağrıdır… Dözmək olmur… Əgər tələsməsəz, gec olacaq!
Qadın buna çox dözə bilməyəcək və gücdən düşəcək. Onun işgüzarlıq qabiliyyəti zəifləyəcək və ev uçmaq təhlükəsi qarşısında qalacaq. Bu isə, kəndin özü üçün də kiçik problem deyil. Öz axmaqlıqlarından, əlavə fəhlə qüvvəsi cəlb etmək əvəzinə, boyunlarına artıq yük götürüblər. Və əgər elə bu dəqiqə ondan can qurtarmasalar, sonra gec olacaq.
Lakin bu plan da onun düşündüyündən fərqli olaraq, yağ kimi getmirdi. Burda gecə gündüzdən qat - qat gediş - gəlişlidir. Divarın o tərəfindən belin cınqıltısı… qadının ağır-ağır nəfəs alması… qum dolu səbətləri dartan kişilərin qışqırtı və nırçıltısı eşidilirdi… Üstəlik külək də uzaqdan yük maşınının səsini, itlərin hürüşməsini gətirir… Nə qədər istəsə də yata bilmirdi – əsəbləri həddən artıq gərilmişdi və gözlərinə yuxu girmirdi.
Gecə pis yatdı və buna görə də gözünün acısını gündüz almalı oldu. Ən pisi də o idi ki, getdikcə daha çox səbirsiz olurdu: özünü inandırmağa çalışırdı ki, hətta bu plan da uğursuzluğa düçar olsa, nə yolla olursa olsun, qaçmaq üçün nə qədər istəsən üsul tapmaq olar. Həmin gündən artıq bir həftə keçmişdi. Axtarış üçün ərizə vermək vaxtı gəlib çatmışdı. Birinci üç gün onun qanuni məzuniyyəti idi. Sonrası isə – xəbərdarlıq etmədən yerində olmama. Hətta çox vaxt heç bir səbəb olmadan yoldaşlarının nə etdiyini qısqanclıqla izləyən iş yoldaşları çətin ki, bu faktın üstündən sükutla keçsinlər. Çox güman ki, bu günlərdə xeyirxahlardan biri onun evinə baş çəkib. Bürkülü, günortadan sonrakı gündən qızmış otaqda viranəlik hökm sürür – aydındır ki, yiyəsizlikdir. Qonaq çox güman ki, bu dəlikdən can qurtarmış xoşbəxtə instiktiv olaraq paxıllıq da edir. Səhəri gün isə – xoşagəlməz qaşqabaqla və ikimənalı cestlərlə müşaiyyət olunan təhqiredici qeybət, iyrənc pıçahapıç. Və kifayət qədər məntiqli olaraq… Qəlbinin dərinliklərində hələ onda hiss edirdi ki, bu qeyri-adi məzuniyyət iş yoldaşları arasında məhz belə münasibət doğuracaq. Və təəccüblü də deyil, axı müəllimlər paxıllıqla zəhərlənən özünəməxsus həyat tərzi keçirirlər… İlbəil onların gözü qarşısından çay suları kimi şagirdlər axır və uzaqlaşırlar, müəllimlər isə daşlar kimi bu axının dibində qalmağa məhkumdurlar. Onlar başqalarına arzular barədə danışa bilirlər, lakin özləri, hətta yuxuda belə heç nəyə ümid bəsləyə bilmirlər. Onlar özlərini dəyərsiz şey hesab edir və mazoxist yalqızlığa düçar olur, ya da purist olur, başqalarına şübhə ilə yanaşır, onları oricinallıq etməkdə günahlandırırlar. Onlar azadlıq üçün elə darıxıblar ki, azadlığa nifrət etməyə bilmirlər.
… Bədbəxt hadisə, yəqin ki?.. Yox, bədbəxt hadisə olsaydı, onda çox güman ki, hər hansı bir yolla xəbər verərdilər… Bəlkə özünəqəsddir?.. Lakin bu barədə heç olmasa, polis bir şey bilərdi!.. Bu ağıldankəm oğlanı həddən artıq şişirtmək olmaz!.. Bəli, bəli o, öz istəyi ilə itkin düşüb və başqasının işinə burun soxmağa dəyməz… Lakin axı bir həftəyə yaxın vaxt keçib… Bu necə adamdır, mütləq gərək camaatı narahat edəydi, indi hardan biləsən, ağlına nə girib…
Çətin ki, ondan ötrü narahatlıqları səmimi olsun. Sadəcə onların tükənməyən hər şeyi bilmək həvəsi vaxtında dərilməyən xurma kimi dəyib. Sonra isə hadisələr bu məcrada inkişaf edir. Baş müəllim axtarış üçün verilən ərizəni necə tərtib etməyi öyrənmək məqsədilə polisə müraciət edir. Riyakar sifətinin arxasında necə məmnun olduğu görünür… «Adı və soyadı: Niki Dzyümpey. Yaşı: 31. Boyu: 1 m 58 sm. Çəkisi: 54 kq. Saçları: seyrək, arxaya daranmış, briolindən istifadə etmir. Görmə qabiliyyəti: sağ – 0,8, sol – 1,0. Bir qədər çəpliyi var. Dərisi əsmər. Əlamətləri: sifəti uzunsov. Burnu balaca. Çənəsi dördbucaq, sol qulağının altında xal var, başqa xüsusi əlamətləri yoxdur. Qan qrupu: AB. Xırıltılı səslə danışır, bir qədər də kəkələyir. Diqqətlidir, inadcıl, lakin adamlarla münasibətdə sadədir. Paltarı: çox güman ki, əynində entomoloci işlərdə istifadə olunan paltar var. Yuxarıdakı - öndən çəkilmiş şəkli iki ay əvvəlindir».
Əlbəttə, kənd camaatının belə qətiyyətlə bu mənasız avantüranı davam etdirməyindən görünürdü ki, onlar lazımi ehtiyat tədbirləri görüblər. Bir-iki kənd polisini barmağa dolamaq elə də çətin məsələ deyil. Onlar sözsüz ki, polislərin vacib bir iş olmasa kəndə ayaq basmamalarının qayğısına qalıblar. Lakin gözdən pərdə asmaq yalnız o, sağ-salamat və qumu qazmağa qadir olanadək məqsədəuyğun və vacibdir. Və artıq bir həftədir yataqda çabalayan ağır xəstəni risk edib gizlətmək axmaqlıqdır. Əgər onlar bu adamın lazımsız olduğu qərarına gəlsələr, ən ağıllısı – nə qədər ki, məsələ mürəkkəbləşməyib, tezliklə ondan can qurtarmaqdır. İndi həqiqətəoxşar bir versiya fikirləşib tapmağa hələ vaxt var. Məsələn. Belə demək olar ki, bu adam özü dərəyə yıxılıb və zərbənin gücündən onda nəsə qarabasmalar başlayıb. Sözsüz ki, bu izah daha tez qəbul ediləcək, nəinki guya bilə-bilə onu dərədə gizlətmələri haqda başdan-ayağa fantastik görünən iddıa.
İnək böyürdü – elə bil boğazına mis boru qoymuşdular. Hardasa xoruz banladı. Qum dərədə nə məsafə var, nə də istiqamət. Ancaq orda, bayırda, - yol qırağında uşaqların sinif-sinif oynadığı, səhərlərin vaxtlı-vaxtında açıldığı adi, normal dünya var və bu səhərin rəngləri bişmiş düyü ətrinə qarışır.
Qadın onun bədənini ciddi-cəhdlə silirdi, hətta deyərdim ki, həddən artıq cidi-cəhdlə. Sürtəndən sonra yaş əskini quruyanədək elə burub sıxırdı ki, o, taxta kimi bərkiyir və artıq qurumuş əskiylə elə sürtürdü ki, elə bil tərli şüşəni parıldadır. Oyanan səhərin səsləri və bu ritmik təkanlar onu yuxuya verirdi.
- Hə, yeri gəlmişkən… - o, içindən elə bil kəlbətinlə çıxarılan əsnəməsini basdı. – Necə deyim… Artıq çoxdandır ki, qəzet oxumaq istəyirəm. Təşkil etmək olar?
- Yaxşı, mən soruşaram, sonra.
O saat başa düşdü: qadın öz səmimiyyətini göstərmək istəyir. Onun utancaq, ürkək səsində açıq-aydın kişinin qəlbini sındırmamağa çalışdığı hiss olunurdu. Lakin bu, onu daha da əsəbiləşdirdi. Soruşaram?! Deməli, belə çıxır ki, mən icazəsiz qəzet də oxuya bilmərəm?.. Donquldanaraq, qadının əlini kənara itələdi. O, ləyəni içindəkilərlə birlikdə aşırmaq həvəsilə alışıb yanırdı.
Lakin onun vəziyyətində çox da əsib - coşmaq lazım deyil – bu, bütün planları poza bilər. Axı ağır xəst bir adam çətin ki, vecsiz qəzet üstündə narahat olsun. O, əlbəttə ki, qəzetlərə baxmaq istəyirdi. Əgər peyzac yoxdursa, heç olmasa şəklə baxaq – axı rəssamlıq daha çox təbiəti kasıb olan yerlərdə tərəqqi edib, qəzetçilik isə ən çox insanlar arasında əlaqənin zəiflədiyi sənaye rayonlarında. Bu öz yerində, bəlkə birdən orda adam itməsi barədə elana rast gəldi. Hələ bəxti gətirsə, istisna deyil ki, sosial məsələlərə həsr edilmiş səhifənin küncündə onun itməsi barədə məqalə yerləşdiriləcək. Əlbəttə, çətin ki, bu kəndçilər belə məqalə çıxan qəzeti ona versinlər. Lakin indi ən əsası – səbirdir.
Özünü yalandan xəstəliyə vurmaq elə də asan iş deyil. Bu, elə çıxıb qaçmağa hazır olan kip sıxılmış yayı əlində tutmaq kimi bir şeydir. Belə bir şeyə çox dözə bilməzsən. Lakin bununla barışmaq da olmaz. O, nəyin bahasına olursa olsun, bu tipləri burda qalmasının onlar üçün nə qədər məşəqqətli olduğunu özlərinin başa düşməsinə məcbur etmək istəyirdi. Bax elə bu gün, nəyin bahasına olursa olsun, qadına bir dəqiqəliyə də olsa, göz yummağa macal vermək olmaz!
(Yatma… Yatmaq olmaz!)
Kişi yerində qovrulub, yalandan inildədi.
12___________________________________________
Qadının asdığı çətirin altında ağzı yana-yana dəniz yosunları əlavə edilmiş tərəvəz və düyüdən hazırlanmış qatı şorbanı içirdi. Qabın dibinə qum çökdü.
Elə burdaca yaddaşı qırılır və hər şey nəsə sonsuz əzici bir qarabasmada əriyib yox olur. Yuxuda o, köhnə, çatlamış yemək çöplərinin üstündə oturub, qəribə, tanımadığı küçələrlə uçurdu. O, bu çöplərin üstündə skuterlə gedirmiş kimi az qala uçurdu və bu, pis də deyildi, lakin azacıq diqqətini yayındıran kimi, o dəqiqə nəsə onu yerə tərəf çəkirdi. Küçə yaxından küçə kərpic rənginə çalırdı, lakin uzaqlaşdıqca yaşıl dumanda əriyirdi. Bu rəng qammasında nəsə narahatlıq doğuran bir şey vardı. Nəhayət o, kazarmaya oxşar uzun taxta binanın yanına uçub gəldi. Ucuz sabun iyi gəlirdi. Belindən düşən şalvarını çəkə-çəkə pilləkənlərlə qalxdı və içərisində uzun bir masa olan boş otağa daxil oldu. Masanın ətrafında hansısa oyuna başı qarışmış on nəfər kişi və qadın oturmuşdu. Ortada, onunla üzbəüz əyləşən adam kart paylayırdı. Paylayandan sonra, birdən axırıncı kartı ona uzatdı və nəsə bərkdən qışqırdı. Kartı qeyri-iradi götürüb, onun kart yox, məktub olduğunu gördü. Əli ilə bu məktubun qəribə şəkildə yumşaq olduğunu hiss etdi və barmaqları ilə onu bir qədər sıxanda, ordan qan fışqırdı. O, qışqırıb oyandı.
Nəsə çirkli bir örtük görməyə mane olurdu. Tərpəndi, quru kağızın xışıltısı eşidildi. Sifəti ikiyə açılmış qəzetlə örtülmüşdü. Lənət şeytana, yenə yuxulamışam!.. Qəzeti kənara atdı. Onun üstündən qum şırnağı axdı. Qumun çoxluğundan az vaxt keçmədiyi məlum idi. Divarın dəlmə – deşiyindən düşən gün şüalarının istiqaməti artıq günorta olduğuna işarə edirdi. Eybi yox, amma bu nə iydir? Təzə mətbəə rəngi iyi?.. Ola bilməz, deyə fikirləşdi və ayın tarixi yazılmış yerə baxdı. On altısı, çərşənbə… Bu ki, bu günkü qəzetdir! İnanmağı gəlmirdi, amma fakt faktlığında qalırdı.
Kişi dibinəcən tərlə islanmış döşəyə dirsəkləri ilə dayaq verib, yerindən qalxdı. O dəqiqə də başında burulğan kimi cürbəcür fikirlər dolaşmağa başladı və o, hərdən yayınsa da, çox çətinliklə əldə edilmiş qəzetə göz gəzdirməyə başladı.
«Yaponiya – amerikan birləşmiş komitəsinin gündəliyinə əlavələr edilmişdir…»
… Görəsən bu qadına qəzeti əldə etmək necə müyəssər olub?.. Bəlkə bu tiplər onun qarşısında bəzi öhdəliklərinin olmasını anlayıblar?.. Bəli, amma indiyə qədər olan vəziyyətə görə, səhər yeməyi bitən kimi ətraf aləmlə hər hansı əlaqə də bitirdi. Şübhəsiz ikisindən biridir: Ya qadın ona məlum olmayan hansısa yolla ətraf aləmlə əlaqə qura bilir, ya da ki, özü buradan çıxıb və qəzet alıb.
«Nəqliyyatdakı boşdayanmalara qarşı tutarlı ölçü!»
Yaxşı… Tutaq ki, qadın burdan çıxıb… Bu, kəndir nərdivansız mümkün deyil. Bilmirəm bu ona necə müyəssər olub, amma bir şey tam aydındır – o, kəndir nərdivandan istifadə edib… Yaxşı, əgər bu belədirsə… - ağlı güllə kimi işləməyə başladı. Ancaq və ancaq qaçmaq haqqında düşünən əsir, - bu ayrı məsələ. Lakin, axı qadın bu kəndin sakinidir və o, bu dərədən istədiyi vaxt çıxmaq imkanının əlindən alınmasına dözə bilməz… nərdivanı götürlmələri, - məni burda saxlamaqdan ötrü müvəqqəti ehtiyyat tədbirindən başqa bir şey deyil… Deməli, onların sayıqlığını zəiflətmək üçün əlimdən gələni etsəm, əvvəl-axır belə bir imkan mənim üçün də düşə bilər.
«Baş soğanında atom radiasiyasına qarşı müalicədə effektli ola biləcək maddə tapılmışdır».
Görünür, özümü yalandan xəstəliyə vurmaq planım gözlənilməz hadisələrlə bir qədər pozulub. Hələ köhnə kişilər çox düz buyurublar: bəxtin yatıbsa, səbr eylə… Amma nədənsə ürəyi buna heç yatmırdı. Nəsə narahat idi. Bu qorxulu, bir qədər də narahat qəribə yuxunun təsirindən deyildi ki?.. Ona qorxulu – niyə qorxulu olduğunu özü də başa düşmürdü – məktub haqqında fikirlər rahatlıq vermirdi. Görəsən, bu yuxunun mənası nə imiş?
Bu iş deyil ki, – adi bir yuxunu belə ürəyinə salasan. Nə olursa olsun, başladığı işi axıra satdırmalıdır. Qadın yavaşca fısıldayır, adəti üzrə əllərilə dizlərini qucaqlayıb, başdan ayağa təzə yuduğu kimanoya bürünərək, yumağa dönüb, ocağın yanında, döşəmədə yatmışdı. O gündən etibarən bir dəfə də olsun, qadın onun gözünə çılpaq dəyməmişdi, lakin kimanonun altından çox güman ki, heç nə geyinməmişdi.
Kişi cəld sosial məsələlərə həsr edilmiş səhifəyə, daxili həyata aid sütuna göz gəzdirdi. O, əlbəttə ki, nə özünün itməsi barədə yazıya, nə də bir adamın itkin düşməsi haqda elana rast gəlmədi. Belə də gözləyirdi və buna görə çox da pərişan olmadı. Astaca qalxıb, torpaq döşəmənin üstünə düşdü. Əynində süni ipəkdən tikilmiş ətəyi uzun alt paltarından başqa heç nə yox idi. Belə hamısından yaxşıydı. Qum, rezin qaytanın bədəni sıxdığı yerdə yığılır və elə məhz burda qızartı, qaşınma əmələ gəlirdi. Qapının ağzında dayanıb, yuxarı – qum divara baxır. Gün işığı gözünü qamaşdırdı və ətrafda hər şey sanki sarı alova büründü. Heç kəs yox idi. Əlbəttə ki, nərdivan da. Təəccüblü heç nə yoxdur. Sadəcə əmin olmaq üçün baxırdı. Nərdivanı bura salladıqlarını göstərən heç bir nişanə yox idi. Düzdü, belə küləkli havada hər hansı bir izin itməsi üçün heç beşcə dəqiqə də keçməz. Üstəlik, lap qapının ağzında qumun üst qatı dayanmadan axır – elə bil qumun dərisini soyurdular.
O, evə qayıtdı və uzandı. Milçək uçurdu. Balaca qəhvəyi drozofil. Yəqin, hardasa nəsə çürüyür. Baş tərəfdə qoyulmuş polietilenə bükülü qazançadakı su ilə boğazını yaxalayıb, qadını çağırdı:
- Qulaq asın, bəlkə qalxasız…
Qadın diksinib, yerindən dik atıldı. Bir qədər sallanan, lakin hələ bərk, mavi damarcıqları üzə çıxan döşünü çılpaq qoyan kimano sürüşüb düşdü. Qadın tələsik, inamsız hərəkətlərlə kimanonu üstünə çəkdi, onun baxışları çaşqın idi və adama elə gəlirdi ki, tam ayılmayıb.
Kişi tərəddüd edirdi. O, qadınla nərdivan barədə hirsli, eyhamsız danışmalıydımı… Ya bəlkə, yaxşı olar ki, qəzetə görə təşəkkür edib, o dəqiqə də sakit, xeyirxah tonla soruşsun? Əgər o, qadını məhz yuxusuna haram qatmaq üçün oyadıbsa, onda ən düzgünü – aqressiv olmaqdır. İlişmək üçün səbəb isə nə qədər istəsəndir. Lakin bu, əsas məqsəddən – özünü ağır xəstəliyə vurmaqdan yayındıra bilər. Belə davranış onurğa sutunu zədələnmiş adamın davranışına çox oxşayır demək, düzgün olmazdı. Bu dəqiqə vacibi odur ki, işçi qüvvəsi kimi istifadə üçün onun tam yararsız olduğuna onları inanmağa məcbur etsin və hər vasitə ilə sayıqlıqlarını zəiflətsin; baxın, ürəkləri elə yumşalıb ki, hətta ona qəzet də gətiriblər, indi isə onları müqavimət üçün yararsız etmək lazımdır.
Lakin onun bütün ümidləri bir anda məhv oldu.
- Yox əşşi, mən heç yerə çıxmamışam. Bizim arteldən bir nəfər mənə çoxdan söz verilən, taxta çürüməsinə qarşı vasitə gətirmişdi… Mən elə ondan da xahiş etdim… Bu kənddə cəmi dörd-beş evdə qəzet alırlar… Qəzeti almaq üçün o, məxsusi olaraq şəhərə getməli olub…
Belə təsadüf tam mümkündür. Lakin bu ona dəlalət etmirmi ki, o, qıfılına açar tapılmayan qəfəsdə qıfıllanıb? Hətta əgər yerli camaat belə dustaq həyatıyla barışmağa məcburdursa da, bu qum divarların sıldırımlığı zarafat məsələ deyil. Kişini məyusluq bürüdü, amma özünü ələ ala bildi.
- Demək belə?.. Qulaq asın… Axı siz buranın sahibisiniz, düzdü?.. Yoldan keçən it - pişik deyilsiniz ki… Ola bilməz ki, siz istədiyiniz vaxt burdan çıxa və qayıda bilməyəsiniz! Yoxsa elə iş tutmusuz ki, həmkəndlilərinizin gözünün içinə baxa bilmirsiniz?
Qadının yuxulu gözləri təəccübdən bərəldi.
Gözləri közərmiş kimi qanla doldu, hətta ona elə gəldi ki, otaq işıqlandı.
- Siz nə danışırsınız? Gözlərinizə baxa bilmirəm. Boş söhbətdir!
- Yaxşı, onda sizin belə ağciyər olmağınız yersizdir!
- Hətta mən burdan çıxsam belə, orda mənlik elə bir iş yoxdur…
- Gəzmək olar!
- Gəzmək?
- Hə də, gəzmək… Ora-bura gedərsiz, məgər bu azdır ki?.. Mən deyirəm ki, bax siz, mən bura gələnə kimi istədiyiniz vaxt azadə çıxa bilirdiz?
- Amma axı işsiz-gücsüz ora-bura getmək boş yerə yorulmaq deməkdir…
- Düz sözümdür! Yaxşı fikirləşin. Siz bunu anlamalısınız!.. Axı hətta iti də uzun müddət qəfəsdə bağlı saxlasaz, o dəli olar!
- Əşşi mən də gəzmişəm də! – qadın özünün küt usandırıcı səsilə qışqırdı. – Düz deyirəm, mənə istədiyim qədər gəzməyə imkan verirdilər… Nə qədər ki, bura düşməmişdim… Qucağımda uşaq saatlarla gəzirdim… Hətta bu gəzintilərdən bezmişqdim də…
Kişi bunu gözləmirdi. Nəsə qəribə bir danışıq tərzi idi. Qadın ona belə baxanda cavab verməyə də halı olmur.
Hə, düzdü… on il əvvəl, hər tərəf dağıntı altında olanda, hamının bircə istəyi vardı ki, evdən çölə çıxmasın. Onlar azadlığı bu cür təsəvvür edirdlilər. Lakin indi demək olarmı ki, onlar bu azadlıqdan doyub beziblər?.. Bəlkə, sən bu qumluq diyara da elə xəyali azadlıq dalınca qaçmaqdan usandığından gəlib çıxmısan… Qum… Millimetrin səkkizdə birinin intəhasız hərəkəti. Neqativ plyonkasında astarı üzünə çevrilmiş, heç yana çıxmadan azad həyat sürməkdən bəhs edən bu avtoportret. Axı hətta bütün günü gəzməyə can atan uşaq da azanda ağlamağa başlayır.
Birdən qadın danışıq tərzini tam dəyişdi:
- Özünüzü necə hiss edirsiz ey? Hər şey qaydasındadır?
Nə qoyun kimi gözünü döyürsən! Kişi əsəbləşdi. Sənə zülm edəcəm, ancaq bütün günahların səndə olduğunu boynuna almağa məcbur edəcəm! Təkcə bu fikirdən bütün bədəni ürpəşdi və hətta ona elə gəldi ki, dərisindən qurumuş yapışqanı soyurmuşlar kimi bərk çəkdilər. Elə bil dərisi «zülm» sözüylə bağlı olan assosasiyanı hiss etdi. Birdən qadın fondan çəkilən siluetə çevrildi. İyirmi yaşlı kişini xəyalları ehtirasa gətirir… qırx yaşlını – dəri. Otuz yaşlı kişi üçün ən qorxulusu – qadının siluetə çevrilməsidir… O, qadını özünü qucaqladığı kimi asanca qucaqlaya bilər… Lakin qadının arxasınca saysız-hesabsız göz baxır… O, yəni qadın sadəcə bu baxışların iplərlə idarə etdiyi marionetdir… Bircə dəfə ağuşuna alsan, artıq sənin özünü bu iplərlə idarə edəcəklər… Onda onurğa sütununun zədələnməsi barədə uydurduğu bu yalan da tezcənə üzə çıxacaq. Məgər o, belə bir yerdə bütün keçmiş həyatının üstündən xətt çəkə bilərmi!
Qadın yandan lap yaxına gəldi. Onun yumru dizləri kişinin buduna dirəndi. Qadının ağzından, burnundan, qulaqlarından, qoltuqlarının altından, bütün bədənindən ətrafa qalıb iylənmiş suyun qatı qoxusu yayıldı. Onun od kimi isti barmaqları bir qədər cəsarətsiz, qətiyyətsiz şəkildə onurğasının üstü ilə yuxarı – aşağı sürüşdü. Kişinin bütün bədəni gərildi.
Birdən barmaqlar onun böyrünə toxundu. Kişi çığırdı:
- Qıdığım gəlir!
Qadın güldü. O, yüngülcə şıltaqlıq edir, bir az da cəsarətsiz idi. Bütün baş verənlər olduqca gözlənilməz idi və o, özünü necə aparmaq lazım olduğunu hələ bilmirdi. Bu qadın nə istəyir?.. Bunları bilə-biləmi edir, ya sadəcə barmaqlarımı sürüşüb?.. Elə indicə bütün gücünü toplayıb oyanmaq üçün gözlərini döymürdümü?.. Lakin axı elə o birinci axşam da, yanından keçərkən böyrünə toxunub, beləcə qəribə bir gülüşlə gülmüşdü… Bəlkə qadın öz hərəkətlərinə nəsə xüsusi bir məna vermək istəyir? Ola da bilsin, qəlbinin dərinliklərində qadın onun xəstəliyinə inanmır və bütün bunları öz şübhələrini yoxlamaq üçün edir… istisna deyil… Yatmaq olmaz. Onun cazibədarlığı – ən adi tələdir, lap elə həşəratlarla qidalanan yırtıcı bitkilərdəki şirin bal ətri kimi. Əvvəlcə o, kişini zor tətbiq etməyə təhrik edəcək və bununla da qalmaqal salacaq, sonra da onun əl-qolu şantac zənciriylə zəncirlənəcək.
13__________________________________________
Kişi tərdən islandı və mum kimi əriməyə başladı. Dərisindəki məsamələr tər saçırdı. Saatı dayanmışdı və o, dəqiq vaxtı bilmirdi. Orda – yuxarıda ola bilsin ki, günün qızğın vaxtı idi. Lakin iyirmi metrlik dərənin dibində artıq qürub çağıydı.
Hələ ki, qadın bərk yatmışdı. Hərdən diksinib ayaqları və qollarını əsəbiliklə atırdı -- yuxusunda nəsə görürdü. İstədi ki, qadının yuxusuna haram qatsın, lakin fikrindən daşındı. Onsuz da qadın artıq yuxudan doymuşdu.
Kişi bədənini küləyə verərək yerindən qalxdı. Görünür, yuxuda çevrilərkən, yaylıq sifətindən sürüşüb düşmüşdü və indi qulaqlarının arxasına, burnunun ətrafına, ağzının kənarlarına o qədər qum yapışmışdı ki, götürüb qaşıyan gərəkdi. Gözünə damcı töküb, onları dəsmalın ucu ilə örtdü. Bunu yalnız bir neçə dəfə təkrar etdikdən sonra gözünü əməlli-başlı aça bildi. Bir neçə gün də belə keçsə, artıq göz damcıları qurtaracaq. Hətta təkcə buna görə də olsa, tezliklə hər şeyin istənilən sonluqla bitməyini istədi. Bədəni elə ağır idı ki, elə bil dəmir yaraq-əsləhə ilə maqnitin üstünə uzanmışdı. O, var gücü ilə gözünü gərdi, qapıdan düşən sönük işıqda qəzetdəki ieroqliflər ölü milçəklərin donmuş pəncələrinə oxşayırdılar.
Əlbəttə ki, əslində hələ gündüz qadından qəzeti onun üçün oxumasını xahiş etmək lazım idi. Bu, həm də onun yatmağına mane olardı. Bir güllə ilə iki dovşan vura bilərdi. Lakin təəssüf ki, özü qadından əvvəl yuxulamışdı. Nə qədər çalışsa da, hər şeyi korlamışdı.
Və indi yenə də bu dözülməz yuxusuzluq ondan əl çəkməyəcəkdi. O, tənəffüsünün ritmilə yüzdən geriyə doğru saymağa çalışdı. Xəyalən addımbaaddım evdən işə uzanan adət etdiyi yolu getməyə çalışdı. Müəyyən sıra ilə ona məlum olan həşəratların növ və fəsilələr üzrə qruplaşdıraraq adlarını çəkməyə çalışdı. Lakin bütün çalışmalarının əbəs olduğuna əmin olub, daha da hirslənməyə başladı. Dərənin kənarı ilə şütüyən küləyin küt donqultusu… Nəm qumu laylara ayıran bellərin səsi… Uzaqdan gələn it hürüşməsi… Şam alovu kimi əsən, güclə eşidilən səslər… Sumbata kimi sinirlərinin ucunu yonan aramsız səpilən qum… Və o, bütün bunlara dözməlidir.
Eybi yox, bir təhər dözər. Lakin bu an, tərtəzə mavi şüalar dərənin kənarından aşağı sürüşəndə, hər şey əksinə oldu – hopduran kağız suyu özünə çəkən kimi, onun da canına hopan yuxu ilə mübarizəsi başladı.
Və əgər bu məntiqsizlik çevrəsi hardasa qırılmasa, qum dənələri nəinki saatı, nə bilmək olar, bəlkə də zamanın özünü də dayandırarlar.
Qəzetdə elə həmişəki yazılar idi. Burda hətta bir həftəlik əlaqəsizliyin belə hər halda mövcud olmasını göstərən bircə əlamət belə tapmaq olmazdı. Əgər qəzeti ətraf mühitə pəncərə adlandırsaq, onda görünür, şüşələri tutqundur.
«Vergilərlə əlaqədar rüşvətxorluq özəl şirkətlərdən şəhər hakimiyyətinə keçib…» «Universitet şəhərciklərini sənayenin Məkkəsinə çevirək…» «Müəssisələr bir-birinin ardınca işini dayandırır. Həmkarlar ittifaqı baş şurasının iclası yaxınlaşır; bu barədə nəzər nöqtəsi dərc ediləcək…» «Ana iki uşağını öldürüb və özünü zəhərləyib…» «Tez-tez baş verən avtomobil oğurluğu – yeni həyat tərzi və ya yeni cinayətkarlıq növü…» «Naməlum qız artıq üç ildir ki, polis budkasına gül gətirib qoyur…» «Tokionun olimpiya büdcəsində çətinliklər…» «Bu gün kabus daha iki qızı doğrayıb…» «Tələbələr sağlamlıqlarını narkotiklərlə zəhərləyirlər…» «Səhmlərin məzənnələrinə payız küləyi dəyib…» «Məşhur tenor Blu Cekson Yaponiyaya gəlir…» «Cənubi Afrika ittifaqında yeni təlatüm; 280 öldürülən və yaralanan var» «Pulsuz oğru məktəbi; bu işdə qadınların da əli var; imtahanlardan müvəffəqiyyətlə çıxanlara kamal attestatı verilir».
Bir dənə də olsun oxumadığına peşiman olası yazı yoxdur. Xəyali kərpiclərdən hörülmüş bacaları olan xəyali qüllə. Bununla belə, əgər dünyada ancaq əldən çıxardığına görə heyfsiləndiyin şeylər mövcud olsaydı, gerçəklik toxunmağa belə qorxduğun kövrək, şüşədən hazırlanmış xırdavata çevrilərdi. Lakin həyat – elə həmin qəzet məqalələridir. Buna görə də hər bir kəs bunun mənasızlığını anlasa da, kompasın mərkəzini öz evində yerləşdirir.
Və birdən gözünə qeyri-adi bir məqalə sataşdı.
«Ayın on dördü, təxminən səhər saat səkkiz radələrində, Yekokava küçəsi 30-dakı yaşayış evinin tikinti meydançasında, Xinoxara şirkətində işləyən 28 yaşlı ekskavatorçu Tosiro Sutomu qum uçqunu altında qalıb, ağır bədən xəsarətləri almışdır. O, yaxınlıqdakı xəstəxanaya çatdırılsa da, tezliklə vəfat etmişdir. Yekokava polis idarəsinin apardığı təhqiqatdan məlum olub ki, bədbəxt hadisəyə səbəb, çox güman ki, on metrlik təpəni dağıtmaq istəyən ekskavatorçunun aşağı hissədən həddən artıq çox qum götürməsi olub».
Aydındı… Onlar bu yazını mənə bilə-bilə soxuşdurublar. Yoxsa mənim xahişimi elə – belə yerinə yetirməzdilər. Yaxşı ki, altından qırmızı qələmlə xətt çəkməyiblər. Demək istəyirlər ki, həddən artıq qalmaqallı tiplər üçün ehtiyat variantlarımız var… Dəri kisəni qumla dolduracaqlar – belə şeylə dəmir və ya qurğuşun dəyənəklə vurulan zərbədən heç də pis olmayan zərbə vurmaq olar… Nə qədər desələrdə ki, qum axır, hər halda o, sudan fərqlidir… Suyun üzü ilə üzmək olar, qumun ağırlığından isə adam batır…
Vəziyyətim həddən artıq ümidverici görünürdü.
14___________________________________________
Lakin taktikanın dəyişdirilməsi ciddi tərəddüdlərlə bağlı idi və kifayət qədər vaxt tələb edirdi. Qadının qum belləməyə getməsindən hardasa dörd saat vaxt keçmişdi. Bu qədər vaxta, qum dolu səbətlər artıq ikinci dəfə dolub, qaldırılmalı, qum daşıyanlar isə işlərini bitirib, maşına tərəf getməliydilər. Kişi qulaq verib, onların qayıtmayacağına əmin olandan sonra yavaşca qalxıb geyindi. Qadın lampanı götürüb getmişdi, ona görə də hər şeyi qarasına etməli oldu. Çəkmələri ağzınadək qumla dolu idi. O, şalvarının balaqlarını corablarının içinə saldı, getrlərini çıxarıb, cibinə qoydu. Həşərat ovlamaq üçün lazım olan ləvazimat və başqa əşyalarını qapının ağzına yığdı ki, sonra tapmaq asan olsun. Ayaq qoyduğu torpaq döşəmə qum xalçasıyla örtülmüşdü və o, səssiz yaxınlaşmaya bilməzdi – bir də ki, ayaq səsləri onsuz da eşidilmirdi.
Qadının başı işə qarışıb. Quma soxub-çıxardığı bellə asanca davranır… Dərindən, rəvan nəfəs alır… Ayaqlarının yanına qoyduğu lampanın işığında uzun kölgəsi oynaşır… Kişi nəfəsini içinə çəkib, evin tinində gizləndi. Dəsmalın uclarını əlində yığıb, çəkib uzatdı. Onacan sayacam və yerimdən sıçrayacam… Əyilib qumla dolu beli qaldıran an imkan tapıb, üstünə atılmaq lazımdır.
Əlbəttə, heç bir təhlükə yoxdur demək düz olmaz. Onu da deyək ki, onların kişiyə olan münasibəti cəmi yarımca saatın ərzində kəskin dəyişə bilər. Axı prefekturadan olan məmur hər halda mövcuddur. Üstəlik, qocanın onu əvvəlcə bu məmurla səhv salıb ehtiyatlanması elə-belə məsələ deyil. Çox güman ki, bu gün sabah gəlib onları yoxlayacaqlarını gözləyirlər. Və əgər belədirsə, istisna deyil ki, yoxlama zamanı kənddə fikir ayrılığı yaranacaq, onun mövcudluğunu gizlətmək mümkün olmayacaq və əvvəl-axır onu ağzı bağlı saxlamaq fikrindən əl götürəcəklər. Doğrudur, bu yarım saatın yarım il, bir il, bəlkə də daha çox uzanacağına heç bir təminat yoxdur. Yarım saat və ya bir il – şanslar bərabərdir. O, mərc gəlməyə ürək etməzdi.
Lakin fərz etsək ki, ona kömək əllərini uzada bilərlər, onda ən yaxşısı özünü xəstəliyə vurmaqda davam etməkdir. Məhz bu məsələyə o, fikrən dönə-dönə qayıdırdı. İndi ki, o, qayda-qanunları olan ölkədə yaşayır, onda hardansa kömək gözləməyi də təbiidir. Müəmma dumanında gizlənən və sağ-salamat olmaları barədə heç bir işarə vermədən itkin düşənlər sırasına qoşulan adamlar çox vaxt özləri bunda maraqlı olanlardır. Bundan əlavə, əgər hadisədə cinayətə dəlalət edən bir şey yoxdursa, itkindüşməyə cinayət işi kimi yox, mülki iş kimi baxılırdı və polis bu işdə çox da dərinə baş soxmurdu. Lakin onunla bağlı vəziyyət tamam başqa cürdür. O, həsrətlə kömək gözləyir, bu haqda hamıya müraciət edir, bu kömək hardan gələcək - onun üçün fərqi yoxdur. Hətta onu heç vaxt görməmiş, səsini eşitməmiş adamın üçün, sahibsiz qalmış evinə heç olmazsa bir dəfə, ani də olsa, baxması kifayətdir ki, ona hər şey o saat aydın olsun. Oxuduğu yerdə saxlayıb, açıq qoyduğu yarımçıq kitab… İşə geyindiyi kostyumun cibindəki xırda pul… Lap qoy cüzi məbləğdə də olsa, son vaxtlar hesabından pul çıxarılmayan çek kitabçası… Yarımçıq qurudulub, hələ səliqəyə salınmamış həşəratlarla dolu yeşik… Yola salınmağa hazır, üstünə marka yapışdırılmış həşəratlar üçün təzə şüşə qablar sifarişi kağızı… Hər şey yarımçıq atılıb və sahibinin qayıtmaq fikrində olduğuna işarə edir. Baş çəkməyə gələn adam, istəsə də İstəməsə də, bu otaqların az qala hər nöqtəsindən eşidilən yalvarışları eşitməyə bilməz.
Bəli… Əgər həmin məktub olmasaydı… Əgər həmin sarsaq məktub olmasaydı… Amma o var idi… Bu yuxu öncəgörmə oldu, indi isə o, yenidən özü - özünü nəyəsə inandırmağa çalışır. Nə üçün? Hiylə yetər. İtirdiyini qaytara bilməzsən. O, öz əlləri ilə artıq çoxdan özünü məhv edib.
Bu məzuniyyətə aid nə varsa, hamısını sirr saxlayırdı və həmkarlarının heç birinə hara gedəcəyi barədə bilərəkdən heç nə demirdi. Susmağı azmış kimi, bu gedişini düşünülmüş şəkildə sirrə bələmişdi. Bu, öz yekrəng boz həyatlarında özləri də başdan-ayağa bozarmış həmin adamları ələ salmaq üçün(bundan yaxşısını düşünə bilməzsən) çox gözəl vasitə idi. İndi o, özünüməhvlə məşğul idi; bütün bu bozluq içərisində əlbəttə onun yox, başqalarının tamam ayrı rəngdə də ola biləcəklərini fikirləşməyə dəyərdi: qırmızı, mavi, yaşıl…
Axı gözqamaşdırıcı günəşlə dopdolu yay ancaq roman və kinofilmlərdə olur. Həyatda isə – bu, elə orda da həmən acı tüstü iyinin hakim olduğu şəhər kənarına getmiş balaca, təvazökar adamın istirahət günləridir və siyasətə həsr olunmuş səhifələri açıb, qəzeti yerə sərərək uzanıb… Maqnit stəkanlı termos və konservləşdirilmiş şirə… uzun müddət növbədə dayanandan sonra kirayəyə götürülmüş qayıq – saatı on beş iyen… Qurğuşun rəngli köpüklərin diyirləndiyi, ölü balıqlarla qaynam-qaynam qaynaşan sahil… Sonra isə ölü kimi yorulub düşmüş adamlarla ağzınadək dolu elktrik qatarı… Hamı hər şeyi çox gözəl başa düşür, lakin özü-özünü aldadan axmaq görkəmində görünməmək üçün boz kətanda bütün bacarıqlarını səfərbər edib, nəsə bayrama bənzər bir şey çəkirlər. Bədbəxt, üzütüklü atalar öz narazı balalarını bazar gününün necə əla keçdiyini söyləməyə məcbur edərək zinhara gətirirlər… Hər bir adamın heç olmasa, bircə dəfə də olsa elektrik qatarının bir küncündə görə biləcəyi səhnələr… Az qala riqqətə gətirəcək başqasının günəşinə olan paxıllıq hissi.
Lakin iş təkcə bunda olsaydı, bütün bunları belə ciddi qəbul edib, ürəyinə salmağa dəyməzdi. Əgər həmin adam bütün baş verənlərə başqa həmkarları kimi reaksiya verməsəydi, o, çətin ki, belə tərslik edərdi.
Ancaq ona xüsusi inam bəsləyirdilər. Bu, düz danışan, aydın gözlü, həmişə təzə yuyulmuş kimi görünən sifəti olan bir adam idi. Bu adam həmkarlar hərəkatında fəal iştirak edirdi. Bir dəfə isə onunla hətta başqalarından gizlətdiyi məhrəm fikirlərilə ciddi və səmimi şəkildə bölüşməyə səy göstərdilər.
- Sən belə fikirləşirsən?.. Məni sadəcə bax bu həyatla zənginləşdirilən təhsil problemi rahat buraxmır…
- «Zənginləşdirilən»i necə başa düşək?
- Belə deyək də, illüziyalara əsaslanan və mövcud olmayanı mövcud olan kimi qavramağa məcbur edən təhsil. Götürək elə qumu – o, bərk cisimdir, lakin eyni zamanda kifayət qədər hidrodinamik xüsusiyyətlərə malikdir. Elə ona belə diqqət ayırmağımın əsas səbəbi də budur…
Adam çaşdı. Pişik kimi çiyinləri çıxmış bu adamın çiyinləri daha da çox çıxdı. Lakin sifətinin ifadəsi, həmişəki kimi açıq qalmaqda davam edirdi. O, ideyanın ona yad olduğunu heç nə ilə bildirmirdi. Bir dəfə kimsə dedi ki, o, mebiusun lentini xatırladır. Mebiusun lenti – bu, bir dəfə burulub, ucları birləşdirilmiş və beləliklə də üz və astarını itirərək müstəviyə çevrilmiş kağız zolağıdır. Ola bilsin ki, bu ləqəbə onun Mebiusun lenti kimi özünün həmkarlar ittifaqındakı fəaliyyəti ilə şəxsi həyatın bir araya cəmləyə bilməsi fikri yerləşdirilmişdi?
Bu ləqəbdə yüngülvari bir rişxəndlə yanaşı təqdir də vardı.
- Bəlkə sən realistik təhsili nəzərdə tutursan?
- Yox, mənim qumla bağlı misalımı götür… məgər dünya son nəticədə quma oxşamır?.. Bax həmin bu qum, hərəkətsiz, sakit vəziyyətdə öz varlığını büruzə vermir… Əslində qum hərəkət etmir, hərəkət özü qumdur… Yaxşı olar ki, izahat verməyim…
- Mən onsuz da anladım. Axı tədris təcrübəsində relyativizmin vacib elementləri cəmləşib.
- Yox elə deyil. Mən özüm quma çevriləcəm… Hər şeyi qumun gözü ilə görəcəm… Bir dəfə ölmüsənsə, yenidən öləcəyindən narahat olmağa dəyməz…
- Sən idealist deyilsən ki, hə?.. Sən yəqin ki, öz şagirdlərindən qorxursan, düzdü?
- Çünki mən şagirdlərimin də nəyləsə quma bənzədiklərini düşünürəm…
Onda o, dişlərini ağardıb, axır məqamda onsuz da ümumi bir nəticəyə gələ bilməyəcəyimiz bu söhbətin, onun ürəyindən olmadığını heç nə ilə hiss etdirmədən cingiltili gülüşlə güldü. Onsuz da kiçik olan gözləri üzünün qırışlırında tamam itdi. Mən, yadımdadı ki, onun gülüşünə gülüşlə cavab verməyə bilmədim. Bu adam həqiqətən də Mebiusun lenti idi. Həm yaxşı, həm də pis mənada. Heç olmasa yaxşı olan tərəfinə görə, hörmət etməyə dəyərdi.
Lakin hətta bu Mebiusun lenti də, başqa həmkarları kimi məzuniyyətə çıxdığına görə ona açıq-aydın paxıllıq edirdi. Bu isə Mebiusun lentinə qəti surətdə oxşamırdı. Paxıllıq etməklə yanaşı, o həm də sevinirdi. Comərd adamlar adətən adamı qıcıqlandırır. Buna görə də onu əsəbləşdirməkdən hədsiz zövq almaq olurdu.
Və bu zəhrimar məktub… Geri qaytarılması mümkün orlmayan paylanmış kart. Dünənki yuxunu səbəbsiz hesab etmək olmaz.
Onunla o qadın arasında, yəni bu yox, başqa qadın arasında sevgi yox idi demək, yalan olardı. Onların arasında nəsə sönük və bəlkə də qeyri-müəyyən münasibətlər mövcud idi və o, heç vaxt bilmirdi ki, bu qadından nə gözləmək olar. Məsələn ona deyəndə ki, nikah mahiyyət etibarilə xam torpağın şumlanması kimi bir şeydir, o dəqiqə qəti və əsəbi şəkildə etiraz edirək, nikahı darısqallaşmış ev-eşiyin genişlənməsi kimi başa düşmək lazım olduğunu bildirirdi. Əksini desəydim, sözsüz ki, buna da etirazını bildirərdi. Bu, fasiləsiz olaraq iki il və dörd ay davam etmiş oyun idi – kim-kimə üstün gələcək. Ola bilsin, onlar sevgi hissini itirmişdilər demək əvəzinə, axır - axırda lap dondurmuşdular demək daha düzgün olardı, çünki onu, yəni sevgini həddən artıq idellaşdırmışdılar.
Və elə onda da gözlənilmədən məktub yazıb qoymaq və orda bir müddətə yerini demədən, tək harasa gedəcəyəi barədə xəbər vermək qərarına gəldi. Məzuniyyəti ətrafında qurduğu, həmkarlarına əngəlsiz təsir edən müəmma toru bu qadına təsir etməyə bilməzdi. Lakin lap son anda – artıq ünvanı yazıb, markasını yapışdırdıqdan sonra, belə qərara gəldi ki, bu, axmaqlıqdır və məktubu stolun üstündə saxladı.
Ziyansız bir zarafat yalnız seyf sahibinin aça biləcəyi, sekreti olan avtomatik qıfıl rolunu oynadı. Məktub mütləq kiminsə gözünə dəyməli idi. Burda əlbəttə ki, bilərəkdən, onun öz arzusuyla itməsinə işarə vuran sübut vardı. O, küt bir tərsliklə, onu cinayət yerində gördüklərinə baxmayaraq barmaq izlərini məhv edən ağılsız cinayətkara bənzəyirdi.
Əsirlikdən qaçmaq imkanları azalırdı. Və indi, baxmayaraq ki, hələ də ümidini itirməmişdi, bu ümid özünün qatdığı zəhərdən boğulurdu. İndi onun bir yolu vardı – kiminsə bu qapıları onun üzünə açmasını gözləmədən, özü o qapıları açsın və güclə də olsa, buradan canını qurtarsın. Bu saat tərəddüd etmək olmaz.
Bədəninin bütün ağırlığını ağrıyanadək quma batırdığı ayaq barmaqlarına salıb, qərar verdi: onacan sayıb, yerimdən sıçrayacam… Lakin on üçədək saydı – heç nə alınmadı. Nəhayət, dörd dəfə köks ötürüb, o, gizləndiyi yerdən çıxdı.
15______________________________
Hərəkətləri düşündüyünü həyata keçirməyə rəğmən, həddən artıq ləng idi. Qum bütün gücünü udurdu. Bu ərəfədə qadın çevrildi və belin dəstəyinə söykənərək, təəccüblə gözlərini ona zillədi.
Əgər qadın müqavimət göstərsəydi, nəticə tamam başqa cür olardı. Lakin onun gözlənilməzliyə hesablanmış planı özünü doğrultdu. Düzdü, hərəkətləri həddən artıq əsəbi idi, lakin qadın da elə bil iflic vurmuş kimi sarsılmışdı. Qadının ağlına belə gəlmədi ki, əlindəki bellə onu qovsun.
- Səs-küy salma!.. Sənə heç nə etməyəcəm… Sakit!.. – o, dəsmalı
qadının ağzına necə gəldi dürtə-dürtə, boğuq səslə pıçıldayırdı. Lakin qadın bu bacarıqsız, kor-koranə hərəkətlərə müqavimət göstərməyə səy belə etmirdi.
Kişi onun passivliyini hiss edib, özünü ələ aldı. O, qadının ağzından dəsmalın bir ucunu çıxarıb, başını sıx-sıx bağladı və arxadan kip çəkib, düyün vurdu. Sonra isə əvvəlcədən hazırladığı getr ilə qadının əllərini arxadan bərk – bərk bağladı.
- İndi isə, haydı, tez evə!
Qadın tamamilə yerində donmuş kimi, nəinki onun hərəkətlərinə, həm də sözlərinə itaətkarcasına tabe olurdu. Düşmənçilik nədi – qadın heç kölgəyə də müqavimət göstərmirdi. Görünür, gipnoza oxşar vəziyyətə düşmüşdü. Kişi nə etdiyini fikirləşmirdi və bilmirdi ki,düz edir, yoxsa yox, lakin görünür, kobud rəftar qadının müqavimət göstərmək bacarığını əlindən almışdı. O, qadını torpaq döşəmədən ayağa qalxmağa məcbur etdi. İkinci getr ilə ayaqlarını topuqlarının yanından sarıdı. Bütün bunları qaranlıq şəraitdə, kor-koranə edirdi və getrdən qalan bir parça ilə tam arxayınlıq üçün ayaqlarının ətrafında bir dəfə də dolayıb, bağladı.
- Bax belə, sakit otur, aydındı?.. Özünü yaxşı aparsan, sənə heç nə etməyəcəm… Amma bax ha, mənimlə zarafat etməyin sonu pis olur…
Qadının nəfəsi gələn tərəfə diqqətlə baxıb, dal-dalı qapıya tərəf getdi, sonra isə cəld bayıra çıxıb, bellə lampanı götürdü və o dəqiqə evə qayıtdı. Qadın bir böyrü üstə çevrilmişdi. O, tez-tez və ağır nəfəs alır, buna uyğun olaraq da, başını qaldırıb, salırdı. Nəfəsini çəkəndə qadın çənəsini uzadırdı – yəqin, həsirdən nəfəsinə qum getməsin deyə. Nəfəsini buraxanda isə – hava burnunun deşiklərindən böyük təzyiqlə çıxıb, sifətindəki qumu üfürsün deyə, əksinə.
- Eybi yox, bir qədər dözərsən. Səbətlilər qayıdana qədər gözləməli olacaqsan. Mənim çəkdiyim bütün bu əzablardan sonra, sənin susmağın məsləhətdir. Bundan əlavə, axı mən burda keçirdiyim vaxta görə sizə pul ödəyəcəm… Qalan bütün əlavə xərcləri isə, nə isə, özün hesablayarsan… Etiraz etmirsən?.. Etiraz edirsən?! Düzünə qalsa, mənim pul ödəməyim yersizdir, sadəcə, xoşlayıram ki, hər şey doğru-düzgün olsun. Buna görə də, istəsən də, istəməsən də, nə olursa olsun, bu pulları sənə qaytaracam.
Kişi əlləri ilə boğazından tutub, sanki rahat nəfəs almaq üçün özü – özünə kömək edirmiş kimi, narahatlıqla bayırdan gələn, aydın olmayan bir səsə qulaq asmağa başladı. Hə, yaxşı olar ki, lampanı söndürüm. O, şüşəni qaldırdı və alovu söndürməyə hazırlaşırdı ki… Yox, bir də baxım, görüm qadın neyləyir. Ayaqları kifayət qədər bərk bağlanıb – barmağını belə sala bilməzsən. Əlləri ilə də bağlı hər şey qaydasındadır – biləngləri gömgöy göyərib, mayasınadək qırxılmış dırnaqları köhnəlib qatılaşmış mürəkkəb rəngindədir.
Əla tıxacdır. Qadının onsuz da rəngi qaçmış dodaqları elə dartılmışdı ki, üstündə qan deyilən şey qalmamışdı – elə bil əsl kabusdur. Ağzının suyu axıb, həsirin üstündə, elə yanağının altındaca qara ləkə əmələ gətirmişdi. Lampanın titrək işığında ordan – qadın olan yerdən, elə bil ki, sakit inilti səsi gəlirdi.
- Nə etmək olar? Poxu özün qaynatmısan… - Onun tələsik atılmış sözlərində əsəbilik hiss olunurdu. – Sən məni aldatmağa cəhd göstərdin, mən səni. Haq-hesabı çürütdük? Axı mən hər halda insanam, adamı it kimi götürüb, zəncirləmək olmaz axı… Kimi dindirsən, bunun doğru, qanuni özünümüdafiə olduğunu deyər.
Qəfildən qadın başını döndərib, yarıörtülü gözünün qırağı ilə onun baxışını tutmağa çalışdı.
- Hə, nədi?.. Nəsə demək istəyirsən?
Qadın başını bir qədər qeyri-təbii yellədi. Elə bil həm təsdiq edir, həm də inkar edirdi. O, qadının heç olmasa gözlərindən bir şey oxumaq üçün lampanı onun sifətinə yaxınlaşdırdı. Əvvəlcə o, hətta inanmadı. Qadının gözlərində nə kin, nə də ədavət vardı, yalnız sonsuz qəm və elə bil nə üçünsə yalvardığı hiss olunurdu.
Ola bilməz… Yəqin, mənə elə gəlir… «Gözlərin ifadəsi» - bu, olsa-olsa, gözəl deyimdən başqa bir şey deyildir… Əgər göz alması hər hansı bir əzələdən xalidirsə, onda məgər gözdə nəsə ifadə ola bilərmi? Lakin kişi hər halda tərəddüd edirdi və qadının ağzına bağladığı yaylığı boşaltmaq üçün əlini uzatmağa hazırlaşırdı.
Və o an da əlini çəkdi. Tələsik lampanı söndürdü. Qum səbəti
daşıyanların səsi yaxınlaşırdı. Söndürülmüş lampanı asan tapmaq üçün onu döşəmənin lap kənarına qoydu və əl – üz yuyanın altından su qazançasını çıxarıb, dodaqlarına dirəyərək acgözlüklə içməyə başladı. Sonra isə beli götürərək, qapının yanında gizləndi. Başdan ayağa su içində idi. Bax indi… Beş-on dəqiqə də səbr… Həşərat kolleksiyası ilə dolu yeşiyi qətiyyətlə özünə tərəf çəkdi.
16_________________________________________
-- Ey! – xırıltılı səs eşidildi.
-- Orda nə edirsiniz? – hələ də gənclik təravətini saxlayan başqa bir səs əks-səda kimi eşidildi. Dərəyə elə qatı zülmət çökmüşdü ki, göz-gözü görmürdü, bayırda isə, çox güman ki, artıq ay çıxmışdı, çünki qumla səma arasındakı sərhəddə yayğın ləkə kimi bir-birinə qarışmış bir qrup adamın kölgəsi qaralırdı. Kişi sağ əlində bel, dərənin dibi ilə süründü. Yuxarıda həyasız gülüşmə eşidildi. Səbətləri qaldırmaq üçün aşağıya qarmaqlı kəndir salladılar.
-- Xalacan, tez elə!
Elə bu an kişi gərilib, dalınca qum tozanağı qaldıraraq kəndirə tərəf tullandı.
-- Ey, qaldır! – deyə qışqırdı. Kələkötür kəndirdən elə yapışmışdı ki, daş da olsaydı, fərqi yoxdur, barmaqları axıradək içinə girəcəkdi. – Qaldır! Qaldır! Nə qədər ki, qaldırmamısınız, buraxmayacam… Qadın əli-ayağı bağlı evdə uzanıb qalıb. Ona kömək etmək istəyirsinizsə cəld kəndiri çəkin! O vaxta qədər isə heç kəsi ona yaxın buraxmayacam!.. Əgər kimsə bura burun soxmağa cəhd göstərsə, bellə başını yaracam… Məhkəmə olsa – mən udacam! Mərhəmət gözləməyin!.. Hə, niyə ləngiyirsiniz? Əgər elə bu saat məni yuxarı qaldırsanız, məhkəməyə vermərəm, hər şey barəsində susaram… Qanunsuz saxlama – heç də balaca cinayət deyil!.. Hə, nə oldu? Çəkin görək!
Yuxarıdan tökülən qum sifətinə vurur. Köynəyinin altından, boynundan aşağıya doğru nəsə xoşagəlməz, yapışqan kimi bir şey sürünür. İsti nəfəs dodaqları yandırır.
Yuxarıda deyəsən məsləhətləşirdilər. Və birdən – güclü bir dartınma və kəndir yuxarıya doğru sürünməyə başladı. Havada yellənən, düşündüyündən də qat-qat çox olan bədəninin ağırlığından az qala kəndir əlindən çıxır. Kişi kəndirdən ikiqat bərk yapışdı. Yəqin ki, gülməyini saxladığı səbəbindən yaranan spazma qarnını əzirdi və ağzından damcılar yelpik kimi sıçrayırdı… Bir həftə davam edən pis yuxu dağılır və harasa uçur… Yaxşı… yaxşı… Artıq xilas olub!
O, qəflətən çəkisizlik hiss etdi və fəzada üzdü… Hissləri dəniz xəstəliyində olduğu kimi bütün bədəninə yayıldı; buna qədər az qala əlinin dərisini aparan kəndir, indi gücsüz vəziyyətdə ovuclarında qalmışdı.
Bu əclaflar kəndiri buraxmışdılar!.. Kəllə-mayallaq aşıb, yöndəmsiz şəkildə qumun üstünə yıxıldı. Həşəratlar üçün olan yeşik altında qalıb, iyrənc bir çartıltı saldı, sonra isə nəsə yanağını yalayıb bir qəldər kənara uçdu. Güman ki, kəndirin ucuna bağlanmış qarmaq idi. Gör yaramazlar nə edirlər! Yaxşı ki, heç olmasa, üzümə bərk dəymədi. Yeşiyin üstünə düşən tərəfini əllədi, -- deyəsən, elə bir ağrıyan yeri yoxdur. Dik atılıb kəndiri axtarmağa başladı. Onu artıq yuxarı qaldırmışdılar.
-- Axmaqlar!
Kişi yad bir səslə qışqırdı:
-- Axmaqlar! Axı peşman olacaqsız!
Sıfır reaksiya. Ancaq tüstü kimi yayılan sakit pıçhapıç – nə dediklərini ayırd etmək olmur. Bu pıçıldaşmada nə çoxdur – düşmənçilik, ya istehza, - ayırd edə bilməzsən. Və bu, dözülməzdir.
Qəzəb və həqarət polad halqalar kimi bədənini sıxırdı. O, yumruqlarını dırnağı tərli ovuclarına batanadək sıxıb, qışıqırmaqda davam edirdi.
- Hələ başa düşməmisiniz?! Düzdü, siz söz başa düşmürsünüz, amma mən elə şey etmişəm ki, hətta sizin kimi kütlər də başa düşməlidir? Qadının əl-qolu bağlıdır! Eşidirsiz?.. Nə qədər ki, məni yuxarı qaldırmamısınız və ya nərdivanı aşağı salmamısınız, o, elə də qalacaq!.. Burda qumu kürəməyə adam olmayacaq… Hə, necədi, xoşunuza gəlir?.. Yaxşı-yaxşı fikirləşin… Əgər bura qum altında qalsa, axı sizin üçün də pis olacaq, düzdü?.. Qum dərəni doldurub, kəndə tərəf hərəkət edəcək!.. Onda nə edəcəksiniz?.. Niyə cavab vermirsiniz?!
Cavab vermək əvəzinə onlar sadəcə çıxıb getdilər, ancaq qumun üstü ilə
sürüdükləri səbətin xışıltısı eşidilirdi.
- Niyə?.. Niyə heç bir söz demədən çıxıb gedirsiz?
Artıq özündən başqa heç kəsin eşitmədiyi aciz bir yalvarış. Kişi başdan ayağa əsə-əsə, əyilib həşərat kolleksiyası yeşiyinin içindəkiləri qarasına yığmağa başladı. Görünür, spirt butulkası sınmışdı: ona toxunanda barmaqlarının arasından xoş bir sərinlik axdı. O, səssiz – səmirsiz ağlamağa başladı. Çox da kədərlənmirdi. Hələ üstəlik, ona elə gəlirdi ki, ağlayan da özü yox, kimsə başqasıdır.
Qum onun ardınca hiyləgər yırtıcı tək sürünürdü, qatı zülmətdə çaşa-çaşa, ayqlarını sürüyərək çətinliklə özünü qapıya çatdırdı. Qapağı sınmış yeşiyi ehtiyatla, qarasına ocağın yanına qoydu. Küləyin uğultusu havanı yardı. Ocağın yanındakı boş bankadan polietilen paketə bükülmüş kibriti çıxarıb, lampanı yandırdı. Qadın döşəməyə çox əyilmiş, ammaəvvəlki vəziyyətdə uzanıb qalmışdı. O, görünür, bayırda nə baş verdiyini ayırd etmək üçün başını yüngülcə qapıya tərəf çevirdi. Gün gözünü qamaşdırdı və o dəqiqə yenidən gözünü bərk-bərk qapadı. Kişinin bir qədər əvvəl öz üzərində hiss etdiyi qəddar
sag olun
Dekabr 15, 2007 22:57