Reklam verin!

Virtual Hiper e-Kitabxana

"Elektron TURAN" - "Virtual AZƏRBAYCAN" - Sadələşdirilmiş Milli e-Axtarış Sistemi

Noyabr 4, 2007 13:17

  Dr. Baba Kamal: "MASONLUQ. Əfsanələr və Həqiqətlər"

Məlum olduğu kimi masonluq müasir dövrdə bir çox ziyalının, jurnalistlərin, ədiblərin, tarixçilərin, yazıçı-publisistlərin ən çox maraq göstərdiyi, haqqında yazılar qələmə aldıqları mövzulardan biridir. Haqqında ən çox yazılan mövzulardan biri olmaqla yanaşı masonluq həm də haqqında ən müxtəlif fikir və qənaətlərin səsləndiyi mövzulardan biridir. Bəzilərinə görə masonluq gizli bir təşkilat, bəzilərinə görə bəşər tarixinə öz töhfələrini vermiş bir düşüncə tərzi, bəzilərinə görə isə təhlükəli bir şəbəkədir. Elə isə həqiqət nədir? Nədir masonluq?
Burada siz masonluğun tarixi, masonluğun yəhudiliklə əlaqəsi, orta əsrlərdə səlib yürüşlərindən başlayan məbəd cəngavərliyi, Avrapada masonluğun təqibi, mason təşkilatının gizlilik dövrü, inqilablar, dünyanın siyasi, iqtisadi və ictimai həyatına istiqamət verən masonik təşikalatlar, dünyada, Türkiyə və Rusiya kimi yaxın qonşu dövlətlərdə masonların fəaliyyəti və nəhayət Azərbaycan masonları haqqında bilmədiklərinizi oxuyacaqsınız.
Присоединённое изображение


Hiram Usta, Əfsanənin Qəhrəmanı

Hiram usta hekayəsi yəhudilərin müqəddəs və mistik iudaizmin kitabı olan Kabalada nəql edilən hekayələrdən biridir. Süleyman peyğəmbər (e.ə. 965-926) yəhudi dini ədəbiyyatında, eləcə də tarixində mühüm yer tutan bir şəxsdir. Bunun səbəbi onun peyğəmbər olmaqla yanaşı həm də yəhudilərin krallarından biri olmasıdır. Süleyman peyğəmbərin yəhudi tarixində mühüm yer tutmasının bir səbəbi də bu gün yəhudilərin müqəddəs hesab etdikləri yerlərdən biri olan və Qüdsdə yerləşən “Ağlama Divarı” ilə olan əlaqəsidir. Yəhudi dini təliminə görə “Ağlama Divarı” əfsanəvi “Süleyman Məbədi”-nin müasir dövrə qədər gəlib çatmış yeganə qalığıdır. Süleyman Məbədi e.ə. 587-ci ildə, Yahuda dövlətinin işğalı vaxtı, Babil kralı Nabukodonosorun əmri ilə yerlə yeksan edilmişdi. Süleyman Məbədinin inşa edilməsi hekayəsi mistik iudaizmin kitabı olan Kabalada, “Krallar, 7-ci Bab”-da ətraflı izah edilir. Bu məbədin baş memarı, dul bir qadının oğlu olan, Hiram Abif adlı bir usta idi. Məbədin inşasında 20 min fəhlə işləmişdi. Hiram Abif işçiləri üç qrupa, usta, köməkçi və şagirdlərə ayırmışdı. Hiram usta Süleyman məbədinin girişində üç tunc sütun inşa etmişdi. Məbəd inşa edilərkən ustalar, köməkçilər və şagirdlər inşaat işinin sirlərini Hiram ustadan öyrənmək istədilər, lakin Hiram Abif onlara “bunu işləyərək öyrənməlisiniz” deyərək bildiyi sirləri onlara öyrətmədi. Buna görə də ustalar, köməkçilər və şagirdlərdən bəzilər onu gizlicə öldürüb dəfn etdilər. Yeri bilinməsin deyə qəbrinin üstünü akasiya ağacının budaqları ilə örtdülər.
Yuxarıdakı Tövrat hekayəsindəki bəzi əşyalar və adlar bu gün spekulyativ masoluğun simvollarına çevrilib. Məsələn masonlar bir-birlərinin qardaşıdırlar və onlar özlərini “dul qadının uşaqları” adlandırırlar. İnşaat ustalarının istifadə etdikləri pərgar, üçbucaq, mala, şaqul kimi alətlər masonluğun simvollarıdır. İnaşaat ustalarının geyindikləri əlcək, önlük və.s geyim əşyalarıda masonların ayin və toplantılarında geydikləri geyimlərdəndir. Hiram ustanın düzəltdiyi üç tunc sütun da masonik simvollardandır. Akasiya ağacının da masonluqda xüsusi yeri var. Bundan başqa masonluqda mühüm simvollardan biri sayılan üç bucaq içində təsvir olunmuş göz də yəhudi mənşəli bir simvoldur. Həmin bu simvolu siz 1 ABŞ dollarının arxa üzündə də görə bilərsiniz. Bunları burada sadalamağımızın bir səbəbi də budur ki, masonlar öz rəsmi mətuat organlarında masonluğun iudaizmlə, xüsusən də Kabalistik yəhudiliklə heç bir əlaqəsinin olmadığını iddia edirlər.

Səlib Yürüşləri və Mədəd Cəngavərləri

Tarixdəki Səlib yürüşlərinin təməli Roma papası II Urbanın 1095-ci ilin noyabr ayında 300 xristiyan din adamı ilə birgə keçirdiyi Klermont kilsə qurultayında qoyuldu. II Urban Avropadakı kralları, əsilzadələri və ümumiyyətlə bütün xristayan xalqı başda Qüds şəhərini olmaqla “Müqəddəs Torpaqları Müsəlmanlardan Təmizləmək” üçün “müqəddəs müharibəyə” çağırdı. Bəhanə isə güya müsəlmanların xaçpərəstlər tərəfindən müqəddəs hesab edilən yerlərə, ziyarətgahlara hörmətsizlik etmələri, xaçpərəst zəvvarlara zülm eləmələri idi. Bu əlbəttə ki, yalan idi. Çünki səlib yürüşlərinə qədər Qüds 500 ilə yaxın bir müddət müsəlman hökmdarlar tərəfindən idarə olunmuşdu. Bu müddət ərzində istər xristiyan, istərsə də yəhudilərin dini etiqadlarına və məbədlərinə toxunulmamışdı. Bu şəhərdə müsəlman, yəhudi və xristiyanlar dinc yanaşı yaşamışdılar. Beləcə səlib yürüşləri başladı. Qraf Reymond, Qraf Bohemond, Qodfrey of Bullion, Vermond kralı Huq, Normandiya kralı Robertin başçılığı altındakı xaçlı ordusu 1099-cu ildə Qüds şəhərini mühasirəyə aldılar. Xaçlı ordusunun ruhani rəhbəri II Urbanın mötəbər nümayəndəsi yepiskop Adhemar of Le Puy idi. Bir aydan çox davam edən mühasirə nəticəsində, Peros adlı, əvvəllər Qüdsdə yaşamış bir erməninin köməyi ilə, Qüds xaçlı ordusu tərəfindən işğal edildi. Şəhərdəki dinc müsəlman əhaliyə əslində toxunmaya da bilərdilər. Lakin belə olmadı. Tarixdə misli görülməmiş qətliamlardan biri baş verdi. Axı bu papanın xeyir-duası ilə başlamış “müqəddəs” müharibə idi. Bir neçə gün ərzində xaçlı əsgərləri 40 mindən çox müsəlmanı qadın, uşaq, yaşlı fərqinə varmadan qılıncdan keçirdilər.
Məbəd cəngavərləri adı ilə tanınan xristiyan təriqəti Qüdsün işğalından 20 il sonra 1119-ci ildə yaranmışdı. “Məbəd Cəngavərləri” (Knights Templar) adı isə onların özlərini “İsanın və Süleyman Məbədinin Yoxsul Cəngavərləri” (Pauperes Commilitones Christi Templique Salomonis) adlandırmalarından irəli gəlirdi. Bu təriqətin əsası Huqo de Payen, Qodfrey Rossal, Qundemar, Qodfrey Bisol, Payen de Montdidyer, Arçibald de Santaman, Endryu de Montbard və Qraf de Provins adlı 9 səlib cəngavəri tərəfindən qoyulmuşdu. Tezliklə bu təriqət özünə xeyli sayda tərəfdar topladı. Onların mərkəzi Qüdsdə “məbəd təpəsi” kimi tanınan və bir vaxtlar Süleyman peyğəmbərin saray-məbədi olmuş təpə idi. İlk böyük ustadları Huqo de Payen idi. Məbəd cəngavərləri digər səlibçilirdən geyimləri ilə fərqlənirdilər. Onlar üzərində qırmızı xaç olan ağ rəngli paltar geyirdilər.Lakin onlar digər səlibçilərdən sadəcə geyimləri fərqlənmirdilər. Qüdsdə qaldıqları 88 ilə ərzində Məbəd Cəngavərlərinin özlərinə məxsus dini etiqadları da formalaşmışdı. Onların etiqadı kilsənin rəsmi etiqadından özünün bir sıra cəhətlərinə görə fərqlənirdi. Lakin təriqət üzvləri öz etiqadlarını ciddi-cəhdlə gizlədirdilər. Belə ki, gizlilik bu təriqətin əsas şərtlərindən biri idi. Bu şərtə əməl etməyən təriqət üzvü çox ciddi cəzalandırılırdı. Sirri açan təriqətçi öldürülürdü.Cəzası ölüm olan bu sirr nə idi elə isə? Məbəd cəngavərləri Qüdsdə qədim yəhudi təlimi olan Kabalizmi öyrənmiş və öz etiqadlarını bunun əsasında formalaşdırmışdılar. Kabalizm, Kabala təliminə yiyələnmək deməkdir. Qısaca ifadə etsək belə deyə bilərik ki, Kabalizm mistik yəhudilikdir. Yə’ni yəhudi dininin mistik cərəyanı Kabalizm, bu cərəyanın kitabı Kabala idi. Müqayisə yerində isə, Kabalizm İslamdakı sufizmlə müqayisə edilə bilər. Lakin burada məsələ bir qədər başqadır. Kabala və kabalizmin Tövrat (təhrif olunmuş belə olsa) və Musa peyğəmbərin gətirdiyi din ilə heç bir əlaqəsi yoxdur. Bəni İsrailin (yəhudilərin) Misiri tərk etdikləri tarix, bəşər tarixindəki mühüm dönüş nöqtələrindən biridir. Təxminən 3200 il əvvəl baş vermiş bu hadisə müasir vaxta qədər öz varlığını qorumuş bir çox mistik cərəyanların da başlanğıc tarixidir. Bəni İsrail Musa peyğəmbərin liderliyində Misiri tərk etmişdilər. Musa peyğmbər onlara tövhid dinini və Tövratı öyrətmişdi. Lakin bəzi yəhudilər köhnə dini etiqadlarını və Misirlilərdən öyrəndikləri bəzi mistik təlimləri unutmamışdılar. Hələ Musa peyğmbər həyatda ikən onların büt düzəldərək ona ibadət etmək istəməlirin səbəbi də budur. Yəhudilərin belə bir nostalgiyaya qapılmaları yəhudi dini ədəbiyyatında da öz əksini tapıb. Bu haqda Qur’ani-Kərimin Taha surəsi 83-97-ci ayələrində də danışılır.
Bilindiyi kimi mistik inanclar, magiya, sehirbazlıq qədim Misirdə çox yayılmışdı. Misirli kahin-sehirbazlar cəmiyyətdə mötəbər mövqe tuturdular. Hətta misir Fironları bu kahin-sehirbazların təlqin və məsləhətləri ilə hərəkət edir, mühüm qərarları onlarla məsləhətləşmədən vermirdilər. Bəni İsrailin bəzi alimləri Misiri tərk edib Fələstində məskunlaşandan sonra qədim Misirin ezoterik təlimlərini öyrənərək həyatda tətbiq etməyə başlamışdılar. Kabalizmlə əlaqəli yazılı mənbə tapmaq demək olar ki, mümkün deyil. Çünki kabalizm şifahi olaraq ötürülən bir təlimdir. Kabalizm uzun əsrlər boyu şifahi olaraq ötürülmüş, ilk dəfə XIII əsrdə qələmə alınmış „Zorah“ adlı kitabla işıq üzü görmüşdür. Zoraha görə bütün kainat və içindəkilər „Sefirot“ adlanan şəcərəyə görə yaradılmışdır. Yəhudi Kabala alimlərinə görə isə kabalizm bir növ ruhi kamilliyə aparan təlimdir. Kabalist təlimlə insan özünü kamilləşdirə və bir çox sirlərdən agah ola bilər. Əslində isə kabalizm qədim Misirir paqan dini təlimindən ilham alan mistik magiyadan başqa bir şey deyil.
Səlahəddin Əyyubinin mücahidlərinin qılıncından canını qurtara bilən az sayıda səlib cəngavəri Qüds qalasına pənah apardı. Lakin tezliklə Qüds də Səlahəddin Əyyubinin əlinə keçdi. Səlibçilərin Yaxın Şərqdəki 88 illik hegemoniyasına son qoyuldu. Səlibçilər Qüdsü və bütünlükdə Yaxın Şərqi tərk edərək Avropaya getməli oldular. Yaxın Şərqdən Avropaya üz tutan səlibçilərin arasında “Məbəd Cəngavərləri” də var idi.



Xuttin döyüşünü təsvir edən bir tablo
Təriqət tezliklə Avropada möhkəmlənərək fəaliyyət sahəsini genişləndirdi. Təriqət üzvlərinin Qüdsdə yəhudilərdən öyrəndikləri bir digər iş də sələmçilikdi. “Məbəd Cəngavərləri” orta əsrlər Avropasının ən böyük və ən mütəşəkkil bankçılıq sistemini təşkil etmişdilər. 60% qədər artan məbləğlərlə borc pul verən təriqət bankirləri tezliklə Avropa iqtisadi həyatında böyük nüfuz sahibinə çevrildilər. Onlar artıq katolik kilsəsiylə, papanın yerlərdəki nümayəndələriylə də hesablaşmamağa başlamışdılar. XIV əsrdə isə Avropada hətta bir çox krallar belə borclar və faizləri səbəbiylə təriqət bankirlərindən aslı vəziyyətə düşmüşdülər. Təriqətin bütün Avropada əldə etdiyi iqtisadi güc və nüfuz tezliklə Roma papasını və monarxları qorxuya saldı. Tezliklə Fransız kralı IV Filip Roma papası V Klimentin dəstəyi ilə “Məbəd Cəngavərləri”-nə qarşı böyük təmizləmə kampaniyası başlatdı.
Tezliklə təriqətin liderləri, o cümlədən “böyük ustad” Jak de Moley həbs edildi. İşkəncələrə məruz qalan təriqətçilər qəribə etiraflar etmişdilər. Kilsənin rəsmi mənbələrinin verdiyi məlumatlara görə istintaq əsnasında yepiskopları heyrətə salan etiraflar edilmişdi. Məsələn “Məbəd Cəngavərləri”-nin təriqətə qəbul mərasimində İsa peyğəmbərə söymək, xaça tüpürmək, magiya və sehirbazlıq, digər təriqət mənsublarının qasığından və arxasından öpmək kimi (latınca Oscolum Infame, yəni “xəcalət öpüşü” adlanan) qəribə ritualları, ayinlər vaxtı Bafomet adlı keçi başlı, insan bədənli və qanadları olan təsvirə ibadət etmək kimi sapğın ənələri olduğu meydana çıxmışdı. Bu inanılmaz etiraflardan sonra papa V Kliment həbs olunmuş təriqətçilərdən 72-sini öz hüzurunda dindirmişdi. Həbs olunanlar eyni etirafları edərək ağlamış və papadan əvf diləmişdilər. 1312-ci ildə papa V Klimentin 22 mart 1312-ci il tarixli fərmanı ilə “Məbəd Cəngavərləri” təriqəti bütün Avropada qadağan olunmuş, bir çox təriqət liderləri edam olunmuşdu. Bütün Avropada təqib olunan təriqətçilər İsaya söymək, xaça tüpürmək və homoseksualizmlə ittiham olunur və qətlə yetirilrdilər. Təriqətçilərin kəsdikləri pulların üzərində eyni ata minmiş iki cəngavər təsvirini də onların əleyhində homoseksuallıq ittihamını dəstəkləmək məqsədi ilə dəlil kimi göstərilirdi. “Böyük ustad” Jak de Moley 1314-cü ildə kilsənin qərarı ilə diri-diri yandırılaraq öldürüldü. Əsrlər sonra Fransız inqilabı vaxtı həbs olunan kral XVI Lui 1793-cü il yanvarın 21-də, gilyotinlə başı kəsilərək, edam olunduğu vaxt edama tamaşa edən kütlənin arasından “Jak de Moley! Qisasın alındı” nidası ucalmışdı.

Eyni ata minmiş iki süvari Təriqətçilərin ibadət etdikləri iddia olunan Bafomet adlı büt

Lakin mövzu ilə bağlı tədqiqat aparmış bəzi tədqiqatçılar homoseksuallıq və bütə sitayiş kimi iddiaların papalıq və Fransız kralı tərəfindən təriqəti və təriqətçiləri gözdən və nüfuzdan salmaq məqsədiylə əl atılmış qara piar olduğu fikrindədirlər.
Fransada, eləcə də Avropanın digər ölkələrində təriqət üzvlərini təqib etmək və onların mərkəzlərini məhv etməkdə monarxlar və papa bir o qədər çətinlik çəkməmişdilər. Lakin təriqəti tamamiylə aradan qaldırmaq o qədər də asan deyildi. Bəzi iddialara görə təqibə məruz qaldıqları dövrdə bütün Avropa və yaxın şərqdə 160 minə yaxın “Məbəd Cəngavəri” mövcud idi. Buna baxmayaraq təriqətçilər zahirən də olsa Avropada yoxa çıxdılar. Çünki bu təriqətə mənsub olmaq artıq ölümə bərabər idi. Təriqətçilərin müəyyən bir qismi İsveçrənin dağlıq bölgələrində gizləndilər. Daha sonralar İsveçrə dövlətinin və bankçılığının təməlini atdılar. Onların böyük bir qismi isə həmin dövrdə Roma papalarının hegemonluğunu tanımayan yeganə Avropa ölkəsinə, Şotlandiyaya getdilər. Şotland kralı Robert Bryus onları himayə etdi. Burada təhlükəsiz olsalar da təriqətçilər açıq fəaliyyətdən çəkindilər. Həmin dövrdə bütün İngiltərədə eyni peşə sahibləri gildiyalarda, belə demək mümkünsə həmkarlar ittifaqlarında birləşirdilər. Belə təşkilatlardan biri də şotland bənnaların qurduqları ittifaq, yə’ni “Mason” təşkilatı idi. (mason, stonemaster, stonemason-daş ustası, inşaat ustası, bənna). Masonluq tarixində bu dövr “operativ masonluq”-dan “spekulyativ masonluq”-a keçid dövrü adlanır. Bu dövr eyni zamanda müasir masonluğun təməli olan “Şotland Riti”-nin (Scotland Rite-Şotland Mərasimi) təməllərinin atıldığı dövrdür. Şotland Riti müasir masonluqdakı 33 dərəcənin qısa adıdır. Bu dərəcələrin ən üstünlərinin adları orta əsrlərdə “Məbəd Cəngavərləri”-nə verilən rütbələrlə eynidir. Bu 33 dərəcə haqqında irəlidə ətraflı məlumat veriləcək.
Masonik Fəlsəfə, Şüarlar və Məqsədlər
XIV-XVIII əsrlər spekulyativ masonluğun tərəqqi dövrüdür. Burada “spekulyativ” sözüylə abtrakt, mücərrəd, fərziyyəvi masonik fəlsəfə nəzərdə tutulur. Özlərinin həqiqi düşüncələrini, məqsədlərini gizlətmək məqsədiylə dini, siyasi, vicdan, düşüncə azadlığı, liberal iqtisadiyyat kimi cəlbedici şüarlarla çıxış edən masonlar əslində tamamiylə başqa məqsədlərə can atırlar. Məşhur mason, 33-cü dərəcəli böyük ustad Albert Pike (1809-1891) “Morals and Dogma” (Əxlaq və Ehkamlar) adlı kitabında masonluğun nəzəri əsaslarını işləyib hazırlamış, “Məbəd Cəngavərləri”-nin, eyni zamanda masonların əsas məqsədini belə açıqlamışdı: “Məbədçilər (Templars) daima Roma papası və kralların hegemonluğunun əleyhinə olmuşdular. Əsas məqsədləri varlanaraq siyasi və iqtisadi güc qazanmaq, nəhayət vuruşaraq, silah gücü ilə Kabalist düşüncəni hakim qılmaq idi”.

Albert Pike və “Morals and Dogma”
Bəzi məsələlərə aydınlıq gətirmək məqsədiylə müəyyən mövzuları burada nəzərdən keçirməyə ehtiyac var. Məsələn mason locasına üzv olmaq üçün namizədlərdə idealist olmaq, ad-san, şöhrət sahibi olmaq, maddi vəziyyətinin yüksək olması kimi şəxsi keyfiyyətlərin axtarılması artıq nədənsə xəbər verir.
Masonik fəlsəfənin təməl nöqtəsini təşkil edən “sirlərdən agah olmaq, hikmət sahibi olmaq” kimi anlayışlar masonluğa namizədin istənilən dini etiqadı tərk edərək materialist dünyagörüşünü mənimsəməsini ifadə edir. Masonik düşüncənin bələdçisi ağıl və hikmətdir. Masonik düşüncəyə görə xurafə, mövhumat və xəyallardan, yəni dini inanclardan xilas olmağın yeganə yolu ağılın rəhbərliyinə inanmaqdır. Ağlı ilə dini inanclardan qurtulan şəxs hikmətlilik dərəcəsinə çatır. Həqiqi masonun bununla vəsf olunur. Masonlara görə dinlər də insan ağlının məhsuludur. Fəqət din ağıl kimi dinamik (inkişafa doğru hərəkətli) deyil, statikdir (durğundur) buna görə də dini inancı tərk edib ağılın rəhbərliyinə inanmaq lazımdır. Hər bir insan ölümə məhkum olmuş tanrıdır. Tanrılar isə özümsüz insanlardır. Bunun mahiyyətini qavrayan həqiqi xoşbəxtlik və bəxtiyarlığı əldə edər və.s. Bu kimi masonik fikirlərin mənbəyi Talmud və Kabala kimi yəhudi dini ədəbiyyatıdır. Talmud, Məzmurlar, 82-ci bab, 6-8, “Mən dedim: Siz tanrılarsınız. Və hamınız Uca olanın oğullarısınız. Lakin insan kimi öləcəksiniz”.
Yenə masonik fəlsəfəyə görə “məhdud zəka, pis ruh həqiqətləri görməyə dözə bilməz. Elə isə sirri qəlbində gizlət və əhlinə aç. Deməli bilmək, inanmaq və susmaq lazımdır. Elə isə məbədimizi tərk edib “Kainatın Ulu Memarına” üz tutarıq, görərik ki, Kainatın Ulu Memarı bizim öz daxilimizdədir”. Kainatın Ulu Memarı adı ilə belə düşünmək olar ki, masonik fəlsəfə Allah, yaradan inancına sahibdirlər. Lakin belə deyildir. Çünki bir çox yazılarında masonu ustadlar qeyd edirlər ki, Kainatın Ulu Memarı insanın özüdür. Bu dialektik materialist dünya görüşlərini gizlətmək üçün isə “Kainatın ulu memarı” kimi bir adı ortaya atıblar. Mason mütəfəkkirlər qeyd edirlər ki, “Kainatın Ulu Memarını” istəyən Allah, təbiət, enerji, üstün güc və ya necə istəyirsə elə adlandıra bilər. Masonların “Ulu Memarı” peyğəmbər göndərmir, kitab endirmir, din gününə sahib deyil, qanun və qayda qoymaz, mükafat və ya cəza verməz. (Mövzu ilə bağlı Türkiyədə nəşr olunmuş Səlami Işındağın, “Masonluq bir əxlaq məktəbidir” və “Otuzuncu Dərəcə Ritualının Tədqiqi” adlı kitabları, Böyük Şərq jurnalı, № sentyabr 1923, Nöqtə jurnalı, № 40, Türk Mason jurnalı, № aprel 1960, kimi mənbələrə baxmaq olar).
Mason mütəfəkkirlərin tənqid etdiyi mövzulardan biri də, əsasən dini təlimlər tərəfindən aşılanan, əxlaq və ailə kimi məfhumlardır. Mason ustadlar bunu “doqmatizmin (ehkamçılığın) rəddi” şüarı altında edirlər. Yə’ni cəmiyyətlərin və ya ayrı-ayrılıqda hər bir insanın, əsrlərdən bəri mənimsədiyi ailə və əxlaq kimi məfhumların hər biri doqmadır, dinamik deyil, statikdir, azad düşüncəyə ziddir, Elə isə rədd edilməlidir. Masonik təfəkkürün bu iddiasınıa nümunə vermək lazımdırsa ilk azərbaycanlı mason olan M. F. Axundovun “Yek Kəlmə Haqqında” adlı məqaləsinə nəzər salmaq yerinə düşəcəkdir. M. F. Axundov İslam dininin zina (nikah xaricindəki cinsi əlaqə) barəsindəki cəza hökmünü tənqid edərək yazır ki, evli insanların, yəni ər və arvadın hüquqlarını qorumaq baxımından bu hökm bəlkə də yerinə düşər. Lakin subay insanlar üçün bu azadlıq və hürriyətin məhdudlaşdırılmasıdır. Yəni subay insanlar istədikləri kimi, istədikləri şəxslə cinsi əlaqədə ola bilərlər. Lakin o, subay ikən zinaya vərdiş etmiş insanın ailə qurduqdan sonra bu vərdişini neəcə tərk edəcəyinin sirrini açıqlamır. Görünür mason dramaturqumuz “alışmış qudurmuşdan betərdir” atalar sözünü eşitməyibmiş.
Başqa bir mason, alman yəhudisi Sigmund Freud (Ziqmund Freyd) “Totem və Tabu” adlı əsərində, eləcə də digər əsərlərində, ensestin, yəni ailə daxili seksin, qadağan olunmasını ibtidai icma dövründən qalma dini inamlarla bağlılığını bəyan edərək tənqid edir. Freydin nəzəriyyəsinə görə bütün insan əlaqələrinin təməlində, məsələn atanın öz qızına, oğulun anasına, bacının qardaşa olan sevgisinin təməlində əslində cinsi hisslər və həvəslər durur.
Masonik Dərəcələr və Şotland Riti
Ənənəvi böyük mason locaları şagird, köməkçi və ustad olmaqla masonluğun üç rəmzi dərəcəsi ilə fəaliyyət göstərirlər. Bu üç dərəcədən sonrakı dərəcələr rit (rite-[rayt]-ayin, mərasim) adlanan masonik təlimlə dərəcələndirilir. Bu mərasimlərdə iştirak etmək məcburi deyil, ustad dərəcəsinə çatmış masonların öz istəklərinə bağlıdır. Masonluqda məlum üç rit vardır fransız riti, York riti və Şotland riti. Ən populyar olanı Şotland ritidir. Dördüncü dərəcədən sonrakı dərəcələrə yüksələ bilmək üçün Böyük Locaya bağlı olan locada 3-cü, yəni ustad dərəcəsinə çatmaq, locada aktiv olmaq, əlaqəni kəsməmək, vəzifə və mükəlləfiyyətlərini yerinə yetirmək tələbə olunur. Şotland riti fransız mason Ramsey (1686-1743) tərəfindən icad olunmuşdur. O, 3-cü dərəcənin üstünə üç dərəcə də əlavə etmişdi. Daha sonra 1785-ci ildə Parisdəsi Müqəddəs Con Locası bu 6 dərəcəni 25-ə, bir müddət sonra isə ABŞ masonlarının da köməyi ilə 33 dərəcəyə çatdırıldı.
İlk üç dərəcə hesaba alınmadan Şotland ritindəki masonik xidmət 4 əsas qrupda icra olunur. 4-14-cü dərəcələr “Kamilləşmə Qrupu”, 15-18-ci dərəcələr “Şapitr Qrupu”, 19-30-cu dərəcələr “Areopaj Qrupu”, 31, 32 və 33-cü dərəcələr isə “Konsistuar” adlanır və idari-fəlsəfi dərəcələrdir. 33-cü dərəcəli masonlar “Ali Şura”-da fəaliyyət göstərirlər. Ali Şura “Hakim Böyük Amir” tərəfindən idarə olunur və bu masonik-fəlsəfi dərəcələrin ən yüksəyidir. Lakin “Hakim Böyük Amir”-in sıravi localar üzərində heç bir səlahiyyəti yoxdur. O, sadəcə Ali Şuranı idarə edir. Ölkə çapındakı localar “Böyük Locanın Böyük Ustadı” tərəfindən idarə olunur.
Şotland Ritindəki Dərəcələr
4. Sirr ustadı
5. Mükəmməl ustad
6. Gizli katib
7. Nazir və Hakim
8. Bina mühafizi
9. Doqquzların seçilmiş ustadı
10. Onbeşlərin seçilmiş hakimi
11. Uca cəngavər
12. Böyük Memar ustad
13. Royal Arç cəngavəri
14. Uca ustad
15. Şərq cəngavəri
16. Qüds şahzadəsi
17. Şərq və Qərb cəngavəri
18. Rose-Craix (qızılgül və xaç) cəngavəri
19. Uca Şotland
20. Möhtərəm böyük ustad
21. Prussiya cəngavəri
22. Livan şahzadəsi
23. Tabernakl şefi
24. Tebernakl şahzadəsi
25. Tunc ilan cəngavəri
26. Triniter Şotland
27. Qüds məbədinin hakim amiri
28. Günəş cəngavəri
29. Müqəddəs Endryunun böyük şotlandı
30. Kadoş cəngavəri
31. Böyük müfəttiş
32. Gizli sirrin uca şahzadəsi
33. Hakim böyük ümum müfəttişi


Masonlar Siyasi Səhnədə
Masonlar öz mətbuat orqanlarında siyasətlə məşğul olmadıqlarını desələr də faktlar onu göstərir ki, onlar nəinki siyasətlə məşğul olur, hətta siyasi hadisələrin, müharibələrin, inqilabların, münaqişələrin, seçkilərin, sui-qəsdlərin, qiyamların, siyasi-iqtisadi böhranları və.s tam mərkəzində yer tuturlar. Belə demək mümkünsə dəyirman daşının oxun ətrafında döndüyü kimi siyasi proseslər masonların və masonluğun ətrafında dönür. Məşhur masonların bəzilərinin adlarını qeyd etməklə masonlarluğun qeyri-siyasi təşəkkül olması iddiasının əsassız olduğunu sübut edəcəkdir. Alman imperatoru I Vilhelm (1797-1888), Hannover kralı Ernest Avqust, Prussiya kralı Böyük Fridrix, Prussiya kralı II Vilhelm Fridrix, Əfqanstan kralı Həbibullah xan, Belçika kralı I Leopold, Braziliya kralı I Don Pedro, Bolqarstan kralı Aleksandr Battenberq, Danimarka kralı VI Kristian Fridrix, Fransa imperatorları I Napoleon Bonapart, X Çarlz, XVIII Lui, İngiltərə kralları IV Corc, VII Eduard, IV Vilhelm, VIII Eduard, İngilis baş nazir Vinston Çörçil, ingilis xarici işlər naziri Lord Balfur (1917-ci il Balfour bəyannaməsinin müəllifi, L. Balfur Yaxın Şərqdə İsrail dövlətinin qurulması üçün böyük səy göstərmişdi), Rusiya imp.ları I Pyotr, I Pavel, İsveç kralı XIV Çarlz. Osmanlı imp.ru V Murad, şahzadə Kamaləddin əfəndi, şahzadə Nurəddin əfəndi. ABŞ prezidentləri Corc Vaşinqton, Monro, Cekson, Polk, Buçanan, A. Conson, Qarfild, Makkinley, T. Ruzvelt, Hardinq, F. Ruzvelt, Truman, Nikson, L. Conson, Ford, Argentina prezidendi Miranda Al Vear (1886-1942), Lopez Urquiza, Samienti, Çin: Sun Yat Sen, Çanq Kay Sek, Braziliya: Foneska. Fransa: Karnot Sadi, Faure, P. Doumer. ABŞ İstiqlal Bəyannaməsini hazırlayan 56 nəfərin 53-ü, ilk 13 ştatın bütün qubernatorları, Fransız inqilabçıları Robespyer, Maksmilian, Rusiyada dekabrist üsyanının baş ideoloqları, Benjamin Franklin (1706-1790), Johann Gottlieb (1762-1814), Martin Henrix (1743-1817), Henrix Şliman, François Araqo (1786-1853), Marquis De Antoine Caritat (1743-1794), Denis Diderot (1713-1784), Adrien Claude (1715- 1771), Charles Mayo (1865-1939), Edward Cenner (1749-1823), Mark Tven (1835-1910)Almanya:, Volfqanq Göte (1749-1832), Johann Gottfried Von Herder (1744-1803), August Wilhelm Iffland (1759-1814), Henrix Von Kleist ( 1777-1811 ), Wilhelm Schlegel (1767-1845), Edmond About (1828-1885), Andre Chenier ( 1762-1794), Theophile Gautier (1811-1872), Arthur Conan Doyle (1859-1930), Rusyard Kipling (1865-1936), Walter Scott (1771-1832), Jonathan Swift (1667-1745), Charles Dickens (1812-1870), Vittorio Alfieri (1749-1803), Alessandro Manzoni (1785-1873), Aleksandr Puşkin (1799-1837), Lev Tolstoy (1828-1910), Papa II İohan Pavel, Papa XVII Corcius, Kardinal Ancelo Ronkali, Kardinal Pol Poapad, Kardinal Con Okonor.

Məşhur Osmanlı Masonları: Osmanlı imp.sında baş nazirlər: Mustafa Rəşid paşa, Əli paşa, Keçəcizadə Fuad paşa, Tunisli Ədhəm paşa, Xeyrəddin paşa, Midhət paşa, Əhməd Vəfiq paşa, Haqqı paşa, Mehmed Tələt paşa. Osmanlı dövlət adamları: Ənvər paşa, Dənizçilik naziri Camal paşa, maliyyə naziri Cavid bəy, maliyyə naziri Toviq bəy, xarici işlər naziri Əhməd Nəsimi, poçt naziri Krikor Aqaton (etnik erməni), şahzadə Əbdulhəlim paşa, şahzadə Əziz Həsən, Faiq Süleyman paşa, Qazi Osman paşa, “islamçı” ziyalı kimi tanınan Məhəmməd Əbduh, Cəmaləddin Əfqani,.

Məşhur Türkiyə Masonları: Dövlət və siyast xadimləri: Böyük Millət Məclisi başqanı Kazım Özalp, başnazir Həsən Saka, başnazir Xeyri Ürgüplü, ədliyyə nazirləri Həsən Menemencioğlu, Mümtaz Ökmən, baş nazirin müavini Akif İyidoğan, xarici işlər nazirləri Bəkir Sami Daça, Toviq Rüşdü Aras, Mehmed Əmin Yalman, daxili işlər nazirləri Mehmed Cəmil Uybadin, Şükrü Qaya, təhsil nazirləri Vaif Çinar, Həsən Əli Yücəl, milli müdafiə nazirləri Xülusi Köymən, Munir Birsən, Atatürkün şəxsi mühafizə alayının rəisi Cavad Abbas Gürər. Alimlər-professorlar: Mustafa İnhan, Nəşət Ömər İrdelp, Faiq Səbri Duran, Mustafa Tunc, Mustafa İnan, Mim Kamal Öke, Ənvər Ziya Karal, Xeyrullah Örs, Vəsfi Raşid Sevig, Bəsim Ömər Akalın, Niyazi İsmət Gözcü, Hüseyn Hamid, Mustafa Xulqi Erem, Sübhi Kamil, Burhanəddin Toker, Saleh Murad Uzdilek, Fəxri Arel, Müzəffər Şevki, Kərim Erim, Kamil İsmayıl Gürkan, Mehmed Əli Özeken. Yazı, şair və jurnalistlər: Ziya paşa, Şinasi, Güllü Aqop (etnik erməni), Diran Kelekyan (etnik erməni), Teodor Kasap (etnik erməni), Agah Sirri Ləvənd, Rəşad Nuri Güntəkin, Camal Kuntay, Rza Tevfik, H. Cahid Yalçın, Ziya Gökalp, Əhməd Rasim, Namiq Kamal, Mehmed Emin bəy. Din xadimləri: Şeyxülislam Musa Kazım Əfəndi, şeyxülislam İzzəddin əfəndi, şeyxülislam Xeyri əfəndi, dini işlər üzrə müşavir Haşim Vəli, Mahmud Əsəd əfəndi, Mustafa Hafiz Şükrü.

Yuxarıda adları çəkilən şəxslər bu gün artıq həyatda yoxdurlar. Hal hazırda həyatda olan, yaşayan masonlar və ya masonik təşkilatlara üzv olan şəxslər haqqında irəlidə geniş məlumat veriləcəkdir.


Türkiyədə Masonluq

Türkiyədə masonluğun tarixi 1720-ci illərə qədər uzanır. İlk Osmanlı-türk masonları Humbaracı Əhməd paşa, osmanlıda “mariflənmənin” təşəbbüsçüsü kimi tanınan İbrahim Mütəfərriqa və vəzir Mehmed Səid paşadır. 1730-cu illərdə Avropadakı Osmanlı səfirlərinin və xarici işlər məmurlarının demək olar ki, yarıya yaxını mason localarına üzv olmuşdular. Sultan I Mahmud (1730-1754) 1748-ci ildə və sultan II Mahmud (1808-1839) 1826-cı ildə verdikləri fərmanlarla masonların Osmanlı dövləti ərazisində fəaliyyətini qadağan etmişdilər. Sultan Əbdüləziz (1861-1876) də masonların fəaliyyətlərinə qarşı ciddi tədbirlər görmüşdü. Masonların fəaliyyətinə mane olan bu Osmanlı imperatorlarından I Mahmud və Əbdüləziz suiqəsd nəticəsində ölmüşdülər. I Mahmud zəhərlənmiş, Əbdüləzizi isə mason nazir Midhət paşa öldürtmüşdü. Üstəlik bu sui-qəsd intihar kimi göstərilməyə çalışılmışdı. Lakin istintaq həqiqəti üzə çıxarmışdı. Masonların fəaliyyətini qadağan edən sutan II Mahmuda qarşı isə mason və ingilislərin sadiq nökəri olan Misir canişini Mehmed Əli paşa Kavalalı, oğlu İbrahim paşa ilə birgə üsyan etmişdi. Osmanlı dövlətində ilk mason locası 1857-ci ildə açılmışdı. Öz mason baş naziri Mustafa Rəşid paşanın təsirində qalan sultan Əbdülməcidin (1839-1861) hakimiyyəti dövründə baş nazirin təşəbbüsü ilə məşhur Tinzimat (Gülxanə xətti-humayunu) fərmanı elan edilmişdi. Bu fərman Osmanlı dövlətinin siyasi, iqtisadi və ictimai həyatına ağır zərbə vurmuşdu. 1870-ci ildə Osmanlı dövləti ərazisində artıq 49 mason locası fəaliyyət göstərirdi. Sultan II Əbdülhəmid (1876-1908) Osmanlı masonlarının can düşməni idi. Onun hakimiyyəti dövründə döləti aparatı əhəmiyyətli dərəcədə masonlardan təmizlənmişdi. Lakin II Əbdülhəmid də qərb dövlətlərinin və “İttihad və Tərəqqi Cəmiyyəti”-ndəki masonların təşviqi ilə başlamış qiyam nəticəsində hakimiyyətdən uzaqlaşdırılmışdı. Osmanlı dövlətini dağılmağa doğru aparan II Məşrutiyyət (konstitusiyalı monarxiya) elan olunmuş və “böyük mason ustadı” Mehmed Tələt paşanın baş nazir olduğu “İttihad və Tərəqqi” hakimiyyəti başlamışdı.
XIX əsrin birinci yarısında masonlar Türkiyədə artıq kifayət qədər möhkəmlənmişdilər. Lakin masonlar Osmanlı dövləti ərazisində heç vaxt özlərini rahat hiss etməmişdilər. Çünki müsəlman xalq arasında mason sözü kafir sözü ilə sinonim kimi işlədilirdi. Bu ada qarşı sıravi insanlar düşüncəsində ciddi anitpatiya var idi. Buna görə də bir çox Osmanlı siyasi xadimi mason olsalar da bunu açıq-aşkar dilə gətirə bilmirdilər. Buna baxmayaraq 1909-cu ildə İstanbulda “Hürr və Qəbul Edilmiş Masonlar Böyük Locası” açılmışdı. Bu locanın bir sıra üzvləri “İttihad və Tərəqqi” kimi bir sıra cəmiyyətlərdə və QHT-larında fəaliyyət göstərmişdilər. 1926-cı ildə eyni zamanda mason olan keçmiş “ittihadçılar”-ın Atatürkə sui-qəsd təşkil etmələri Türkiyədə masonların fəaliyyətinin şübhə altına alınmasına səbəb oldu. 10 avqust 1935-ci ildə Atatürk Türkiyədəki mason localarını bağlanması haqqında qərar qəbul etdi. Beləcə Türkiyədə masonluq zahirən də olsa qadağan olundu. 1950-ci illərin ortalarında masonluğa qoyulan rəsmi qadağa aradan qaldırıldı. 1956-cı ildə Türkiyənin baş nazirinin müşavirlərindən biri olan Əhməd Saleh Korurun böyük ustad olmas ilə “Hürr və Qəbul Edilmiş Masonlar Böyük Locası” yenidən fəaliyyətə başlamışdı. Bu gün İstanbul, Ankara, İzmir, Bursa, Adana, Eskişehir, Dənizli, Bodrum, Marmaris, Antaliya, Fəthiyə kimi şəhərlər başda olmaqla Türkiyədə 14 min üzvü olan 200-dən çox mason locası fəaliyyət göstərir.
Burada yaxın və müasir tarixə qısa səyahət burada yerinə düşəcəkdir. Türkiyənin yaxın tarixində, hətta Osmanlı imp.sının yıxılmasında mühüm rol oynamış masonik təşkilatlardan biri də “İttihad və Tərəqqi” təşkilatıdır. XX əsrin əvvəllərində Osmanlı dövləti ərazisində bir çox gizli təşkilatlar qurulmuşdu. “İttihad və Tərəqqi” bunlardan sadəcə biridir. “İttihadi-Osmani” adı ilə 21 may 1889-cu ildə qurulan bu cəmiyyət daha sonra “İttihad və Tərəqqi” adlanmışdı. İtalyan Karbonari mason təşkilatı nümunə götürülərək qurulan bu cəmiyyətin qurucuları və üzvlərinin böyük əksəriyyəti mason idi və Parisdəki “Gənc Türklər” cəmiyyəti ilə əlaqəli halda fəaliyyət göstərirdi. Təşkilatın qurulmasında əsas məqsəd Osmanlı dövlətini yıxmaq idi. Mətbuatın dəstəyi ilə qısa müddətdə populyarlaşan təşkilat getdikcə gücləndi. Nəhayət hakimiyyətə gələn “İttihad və Tərəqqi” Almaniya ilə müttəfiq olaraq Osmanlı dövlətini I Dünya müharibəsinə apardı. Halbuki bu müharibənin Osmanlı dövlətinə heç bir aidiyyəti yox idi. Bu təşkilatı quran və idarə edən 7 nəfərin adı heç vaxt açıqlanmadı. Etnik yəhudi Emanuel Karaso və etnik erməni Hallcyan kimilərinin idarə etdikləri bu təşkilatın on illik hakimiyyəti dövründə Osmanlı dövlətinin iqtisadiyyatı məhv edildi, ölkə müharibədə 2 milyondan çox vətəndaşını itirdi. Bir milyon km2 ərazisi olan dövlət müharibə nəticəsində kiçilərək cəmi bir neçə yüz km2 ərazi ilə kifayətlənməli oldu. Nəhayət müharibədən məğlub çıxandan sonra hakimiyyəti qoyub Avropaya qaçdılar. Baş nazir Mehmed Tələt paşa, dənizçilik naziri Camal, hərbi nazir Ənvər paşa “İttihad və Tərəqqi” hökumətinin məşhur simalarından idilər.
I Dünya müharibəsindən sonra “İttihad və Tərəqqi” cəmiyyətinin özü olmasa da üzvləri Türkiyə respublikasında mövcud idilər. Bir qrup ittahdçı Atatürkün hakimiyyətdə olmasını heç cürə qəbul edə bilmir, Ənvər paşanı yenidən Türkiyəyə gətirərək iqtidarı ələ almaq istəyirdilər. Onların bu müxalifəti 1926-cı ilin iyun ayına qədər davam etmişdi. 15 iyun 1926-cı ildə Atatürk İzmirə gəlməli idi. Lakin bir gün əvvəl İzmirdə ona sui-qəsd planlandığı xəbəri verildi və Atatürk Balıkəsirdə qalaraq İzmirə getmədi. Sui-qəsdi planlayan 50-yə yaxın köhnə “ittihadçı” həbs edildi. Həbs edilənlərin arasında məşhur azərbaycanlı siyasi xadim Əli bəy Hüseynzadə də var idi. Əli bəy Hüseynzadə “İttihad və Tərəqqi” cəmiyyətinin fəallarından olmuşdu. 18 iyun 1926-cı ildə “Qara Çətə”-nin məhkəməsi başladı. Sui-qəsdçilərdən bəziləri məhkəmənin qərarı ilə edam edildi, digərləri ilsə həbs olunmuşdu. Burada İranda masonluğun tarixçəsi haqqında da yazmaq istərdik lakin mövzunun uzanmaması üçün bununla kifayətlənirik.


Rusiyada Masonluq

Masonlar Rusiya tarixindəki bir sıra məşhur hadisələrdə əhəmiyyətli rol oynamışdılar. Rusiyanın ilk masonlarından biri olan çar I Pyotr 1699-cu ildə Londondakı Böyük Locada, Frans Lefortla birlikdə, böyük ustad Kristofer Ren tərəfindən masonluğa mərasimlə üzv qəbul edilmişdi. İlk rus böyük locası 1731-ci ildə qurulmuş və onun böyük ustadlığına ingilis hərbiçisi kapitan Con Filips təyin olunmuşdu. Qraf Qolovin, qraf Zaxar Çernışev, İvan Çernışev, knyaz Roman Vorontsov, Qolitsin, Trubetskoy, Şerbatov, Sumarkov, Boltin kimi tanınmış zadəganlar və siyasi xadimlər ilk rus masonlarıdır.
1750-ci ildə mason locasına daxil olan İvan Perfilyeviç Elaqin 1772-ci ildə böyük ustad vəzifəsinə təyin olundu. O, Rusiya Böyük Locasının milliyətcə rus olan ilk böyük ustadı idi. Məşhur rus mason ustadlarından biri də N. Novikovdur. Onun böyük ustadlığı dövründə masonluq Rusiyada xeyli genişlənmişdi. Çariça II Yekatrinanın hakimiyyəti dövründə masonlarla saray arasındakı əlaqələrdə gərginlik müşahidə olunmuşdu. II Yekatrina başda Novikov olmaqla Kurakin, knyaz Repnin, Bejanov, Lopuxin kimi bir sıra mason dövlət xatimlərini həbs etdirmişdi. Lakin özü də mason olan I Pavel hakimiyyətə gələn kimi Şisselburq qalasında həbsdə olan Novikovu və silahdaşlarını azad etmişdi.
1822-ci ildə Rusiyada masonluq yenidən qadağan olundu. Lakin masonlar da bu dəfə dövlətə əks zərbə ilə cavab vermək qərarına gəldilər. 1825-ci ilin dekabrın 14-də ayında Senat meydanına toplaşmış hərbiçilər I Nikolaya qarşı qiyam qaldırdılar. Lakin I Nikolay bu qiyamı yatıra bildi. Bundan sonra masonlar Rusiyada ciddi şəkildə təqib olunmağa başladılar. Bu təqib və qadağa dövrü 1905-ci il manifestinə qədər davam etdi. 1906-cı ildə müşhur rus alimi Maksim Kovalevsiy “Fransa Böyük Şərq Locası”-nın icazəsi ilə Moskvada “Vozrojdeniye” locasını açdı. 1908-ci ildə isə Sankt Peterburqda “Severnaya Zvezda” locası açıldı. 1917-ci il oktyabr inqilabında masonlar mühüm rol oynadılar. Kerenskiy və onun hökumət üzvləri mason idilər. Eyni zamanda V. Leninin bir sıra silahdaşları da mason və ya masonik təşkilat üzvü idilər. Alman mason locaları ilə bolşeviklərin sıx əlaqələri artıq sirr deyil. Leninin bir sıra silahdaşlarının rus soyadını qəbul etmiş etnik yəhudilər olması da hər halda təsadüf deyildi. Məsələn Trotskiy (Bronşteyn), Zinovyev (Apfelbaum), Kamenyev (Rozenfeld), Boqdanov (Silberşteyn), Larin (Lurie), Meşkovskiy (Qoldberq), Ryazanov (Qoldenbax), Martınov (Zibar), Sverdlov və.s. Bu soyad dəyişmə ənənəsi hər halda bolşeviklərə etnik alman yəhudisi Mordaxay Levidən (Karl Marks) miras qalmışdı.
Stalin hakimiyyətə gəldikdən sonra Sovet Rusiyasında anti-semitizm başladı. Bu dövrdə bir rus masonların böyük əksəriyyəti mühacirətə gedərək orada fəaliyyətlərini davam etdirməyə başladılar. Mühacirətdəki rus masonları haqqanda Nina Berberova “Lyudi i Loji” adlı əsərində ətraflı məlumat vermişdir. SSRİ-nin dağılmasından qısa müddət sonra 1991-ci ildə masonlar Rusiyadakı fəaliyyətlərini bərpa etdilər. Bu gün Moskva, Peterburq, Voronej və Arxangelskdə mason locaları fəaliyyət göstərirlər.
Masonik Təşkilatlar – Gizli Dünya Dövləti
Demokratiya XX əsrdə bəşəriyyətə söylənmiş ən böyük yalandır.
Müəllif
Dünyanın siyasi xəritəsinə baxın. Orada onlarla dövlət görəcəksiniz. Bu dövlətlərin hər biri müstəqil, suveren dövlətdir. Lakin nə qədər qəribədir ki, bu dövlətlər öz ölkələrinin, xalqlarının mənafei ilə birbaşa bağlı olan, bəzən ən bəsit məsələlərdə belə, müstəqil qərarlar ala bilmirlər. Buna baxmayaraq onların heç biri müstəqilliklərinin sadəcə bir formallıqdan ibarət olduğunu da etiraf etməzlər. Bunu etiraf etmək bir yana, hətta suverenliyin ülviliyəndən, qanunların aliliyindən, demokratiyanın necə də böyük bir nemət olduğundan dəm vururlar. “Siyasi din” halına gətirilmiş demokratiyanın nə olduğu, onun mahiyyəti haqqında mühakimə yürütək isə insanların ağıllarına belə gəlmir. Bunu edə bilməzlər. Çünki, qeyd etdiyimiz kimi, demokratiya “siyasi dindir”. O QƏRB İMPERYALİZMİNİN dinidir. O tabudur, toxunulmazdır. Çünki onu sorğulamaq, mühakimə etmək qərb imperyalizminin can damarını kəsməyə çalışmaqla eyni şeydir. Çünki məhz onun vasitəsi ilə qərb imperyalizmi səssiz-səmirsiz, astaca və ustaca ölkələr, məmləkətlər işğal edir, müstəmləkələr əldə edir, minlər-milyonlarla qul, kölə sahibi olur. Bütün bunları edərkən o bir güllə belə atmaz çox vaxt. Çünki o hiyləgərdir, məkrlidir. Bu işdə onun topu-tüfəngi “coca-colalar”, “McDonaldslar”, “ulduz, kumir” və.s adlarla kütlələrə “örnək insan, etalon” kimi təqdim edilən fahişələr və homoseksuallardır. Onlar qərb imperyalizminin könüllü əskərləridirlər. Sadəcə onlarmı? Xeyr jurnalistlər, ədiblər, yazıçılar, siyasi xaimlər, ictimaiyyət nümayəndələri, QHT-lər qərb imperyalizminə xidmət üçün canfəşanlıq edənlərdəndirlər. Qərb imperyalizmi mahiyyətcə mürtəcedir. Bəli o irticaçıdır. O, müstəmləkəçidir. O, istismarçıdır. O, cinayətkardır. Amma buna baxmayaraq o, mühakimə edilə bilməz. O, buna dözümsüzdür. Çünki o, demokratdır.
Siz ONU, mürtəce, müstəmləkəçi, istismarçı, demokrat QƏRB İMPERYALİZMİNİ hər gün hər yerdə görə bilərsiniz. O küçədə, meydanlarda, reklam lövhələrində, parklarda, bağlarda, restoranlarda, gecə barlarında, otellərdə, mətbuatda, banklarda, idarələrdə, təhsil ocaqlarında, hətta evlərinizdədir. Bir sözlə o, siyasi-ictimai-iqtisadi həyatın hər yerindədir. Qapı və pəncərələrinizi onun üzünə bərk-bərk bağlamağa cəhd etsəniz belə o, sizin evinizə həyasızca soxulacaq...

Mənbə: http://forum.islam.az/index.php?showtopic=437


1
Cavid_Oguz yazıb:

Azerbaycan masonlari haqqinda yazsaniz ela olardi.

Noyabr 30, 2007 14:27

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha


© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com