Reklam verin!

Virtual Hiper e-Kitabxana

"Elektron TURAN" - "Virtual AZƏRBAYCAN" - Sadələşdirilmiş Milli e-Axtarış Sistemi

Oktyabr 27, 2007 18:41

  Məhəmməd Əmin Rəsulzadə. "MİLLİ DİRİLİK. AZƏRBAYCAN DAVASI" (I)

Məqalələr, Nitqlər 1914-1954

İçindəkilər:

- Dirilik Nədir?
- Milli Dirilik
- Azərbaycan Davası
- Milli Azərbaycan Hərəkatının Xarakteri
- Mirzə Fətəli Axundzadə
- 1953-cü ilin 28 Mayında Azərbaycana xitab
- 1951-ci ilin 26 Avqustunda Azərbaycana xitab
- ADR-nın Qızıl Ordu Tərəfindən İstilaya Uğramasının 32-ci ildönümü Münasibəti ilə 1952-ci ildə yayımlanan xitabı.
- Ə. (Dudənginski)-Fətəlibəylinin qətli münasibətilə nitq.


DİRİLİK NƏDİR? (16 sentyabr 1914)

Dirilik, iştə bir mövzu ki, səhifələr dolusu yazı yazdıra bilər, fəqət biz “dirilik”i anladığımız kimi anlatmaq üçün hal-hazırda dirilik üçün olunan hərblərdən və dirilik naminə icra olunan şəttatlardan daha bəliğ bir bəyаn olamaz zənnindəyiz.
Dünyanın mütəməddin millətləri öz diriliklərini təmin üçün cəhənnəmi silahlarla müsəlləh olub, biri-birilərinin üstünə hücum ediyorlar. Nə əcaib bir tələqqi ki, istədikləri kimi dirilə bilmək üçün ölümü qəbul ediyorlar. Dirilik üçün ölüyorlar.
Dirilik üçün ölmək! Avropa diriliyi bu dərəcədə müəzziz tutuyor və ona bu qədər əhəmiyyət veriyor. Halbuki Şərqdə, ələlxüsus, Şərqi-islamda yalqız olmaq üçün diriliyorlar. Başqalarında məqsəd dirilik isə, bizim məqsədimiz ölümdür. İştə diriliyi və dirilik fikrini avropalılar kimi anlayıb və anlada bilmək diriliyin məqsədini təşkil ediyor.
Avropalılarca dirilik məhz qüvvətli olmaqdan ibarətdir. Bədənən və ruhən qüvvətli olmaq. Gərək bir insan və gərək bir millət elmən və bədənən qüvvətli olmayınca dünyada yaşaya bilmək nemətindən məhrumdur. Yaşaya bilmək üçün icabında yaşamağı belə fəda edə biləcək qədər, rəşid olan millətlərdir ki, dünyada dirilik haqqı qazanıyorlar.
Müdafieyi-nəfs və mübarizeyi-həyat xassəsi zatən bütün mövcudatda qoyulmuşdur. İnsan deyil, heyvanlar dəxi öz nəfslərini müdafiə və öz diriliklərini mühafizə üçün var qüvvələri ilə çalışıyor, çarpışıyorlar.
İnsanlar bilafərq millət və məzhəb düşməni — ümumiləri olan təbiətlə mübarizə etmək məcburiyyətindədirlər. Gördüyümüz mədəniyyət içində bulunduğumuz imran iştə bəşəriyyətin təbiətlə etdiyi davalardan aldığı qənimətlərdir. Hər hankı millət ki, təbiətə qarşı icra olunan müharibədə daha bacarıqlı və daha qüvvətlidir, o millət təbiətdən alınan qənimətdən də daha ziyadə istifadə ediyor. Hələ yalqız bununla qalmayıb dünyanın nemətlərini təqsim edərkən, diri millətlər özlərinə hər kəsdən ziyadə pay çıxarıyorlar. İştə bu xüsus, ümumi diriliyindən başqa insanlar arasında bir də xüsusi bir dirilik vücuda gətiriyor ki, bu xüsusi diriliklərin ən mütəkamil bir şəkli milli diriliklərdir. Millətlər qüvvətli və tərəqqi olmadıqca dirilik mənayi-həqiqi və maddisilə anlamadıqca, təbiətdən alınan qənimətlərdən hissələrinə ancaq bir qutlayəmut düşər. İştə bu qutlayəmutə qənaət edən millətlər kargahi bəşəriyyətdə ən süfla xidəmətlər ifa edən fəsil əmələlərdir. Neft mədənlərində çalışan “çornı raboçilər” kimi.
Məncə, mədəniyyəti-bəşəriyyə millətlərin zəhmətlərindən hasil olan bir yekundur. Hər millət öz iqtidar və öz istiqlalı sayəsində, yəni öz diriliyi ilə özünə xüsusi, xüsusi olduğu qədər də qiymətli bəzi şeylər əlavə ediyor ki, bir millətin ölməsi və yаxud ölgün fikirlərlə yaşaması yalqız özünün bədbəxtliyi deyil, bəşəriyyətin də böyük bir nöqsanını təşkil ediyor. Yuxarıda başqaları dirilik üçün öldükləri halda, bizim ölmək üçün dirildiyimizdən bəhs etmiş idik. İndi təkrar bu bəhsə ovdət edəlim:

Biz, yəni islam aləmi və islam millətləri dinimizin sağlam əmrlərindən çox uzaqlaşaraq dünya diriliyinə qərib bir nəzərlə baxmağa başladığımız zamandan bəri başqalarından ruzəxari və onlardakı tərəqqi və imranın əsir və dəstgiri olduq, bunu etiraf etməliyiz. Bizcə, dünyanın diriliyi bir manqirə dəyməz. Beş gün dünyadan ötrü insan çalışmasa daha məqul bir iş görmüş oluyor. Çünki bu dirilik müvəqqətidir, burası da bir karvansaradan ibarətdir. Doğrudan da islam aləmi ilə Avropa aləminin abadlığı müqayisə edilərsə, birincisinin xaraba bir karvansaradan ibarət olduğu həman anlaşılar.
Fəqət düşünməlidir ki, bu gün dünyanın ən möhkəm səngərlərini xak ilə yeksan edən topların müqabilində köhnə karvansaraların halı nə olar?
Bu kimi karvansaraların insanı yаşada biləcəyindən bəhs etməyəlim. Bunlar ölümü çarçeşm ilə gözləyən bir abidin hüzuri-qəlbilə razi-niyazına da kafi gəlməz.
Belə dünyaya bir qələm çəkib də bütün diriliyi axirət diriliyindən ibarət bilməyi, bir əmri din bilmək səlim düşünülərsə böyük bir xatadır. Çünki bunun nəticəsi maddi və mənəvi bir fəlakətdir ki, dünyanı da, axirəti də bərbad edə bilər. “Əddünya məzrəətul-axirə” Məzrəəni abad etmək lazımdır. Buna da ancaq dirilər yarar. Dirilik isə elmən, ruhən və cismən qüvvətli olmaqdan və diriliyi sevməkdən ibarətdir.
Nəzərə bir az qərib gəlsə də demək istəyirəm ki, dirilik dünyanı sevməkdən ibarətdir. Mənayi xassı isə dünyapərəstlikdir.
Diriliklərin ən qiymətlisi də milli dirilikdir.
“Milli dirilik” mövzuində bir silsilə məqalat yazmağı möhtərəm qarelərimə vəd etməklə bərabər bu pərişan sətirlərdə yetirmək istədiyim fikri xülasə etməklə xətm məqal edəcəyəm. Dirilik nədir?
Filosoflar və sufilər nə deyirlərsə desinlər: dirilik dünyanı sevməkdən və öz hüquq və namusunu mühafizə edə biləcək qədər qüvvətli olmaqdan ibarətdir.
İştə mətbuata yeni çıxan “Dirilik” də öz milləti üçün böylə bir dirilik arzu edir.


“Dirilik” N1,
16 sentyabr 1914


* * *

MİLLİ DİRİLİK

— I —

Qarelərimizə bu xüsusda bir “silsilə məqalat” vəd etmişdik. Bu vədimizə şamil olan məqaləmizin bir qismində demişdik ki, “mədəniyyəti-bəşəriyyə millətlərin zəhmətlərindən hasil olan bir yekundur. Hər millət öz iqtidar və öz istiqlalı sayəsində, yəni öz diriliyi ilə uyğun olan xüsusi, xüsusi olduğu qədər də qiymətli bəzi şeylər əlavə ediyor ki, bir millətin ölməsi və yаxud ölgün fikirlərlə yaşaması yalnız özünün bədbəxtliyini deyil, bəşəriyyətin də böyük bir nöqsanını təşkil ediyor”.
Bu fikrimi indi burda açacağam: sevdiyim, namusu-millətpərvəranəsinə şübhə etmədiyim rüfəqadan birisi, qayət səmimi olaraq bir gün mənə belə bir sual vermişdi:
- İslam millətləri üzərinə təsəllüt icra edən mütəməddin millətlərin təsəllütləri nəticəsində, bəşəriyyət nöqteyi-nəzərindən hasil olan parlaq nəticəni gördüyümüz halda, milliyyətpərvərlik naminə inad edib də islam millətlərinin müstəqil qalmalarını arzu etməkdən nə kimi bir fayda gözlüyoruzuz?
Mən bu suala cavab olaraq , bu faydanı biz deyil, bəşəriyyət və mədəniyyəti-bəşəriyyə dəxi bəkliyor — deyə cavab verincə, müsahibim yalqız dəlil və sübutla qane olacağını bəyаn etmiş idi. Mənim onlarca müsəmmən ədd olunan bəyanatım isə bir vəchiati idi.
Hər millətin yaşadığı mövqe, keçirdiyi tarix, mənsub olduğu irq nəticəsi olaraq bəzi xasiyyətləri vardır ki, o xasiyyətlər onlara məxsusdur. Ondakı bu xüsusiyyətlər aləmi — mədəniyyətdə xüsusi bir taqım ibda və ixtiralar vücudə gətiriyor ki, onların əsillikləri (oriqinalnost) müdəqqiqlər nəzərində fövqəladə qiymətlərə dəyər şeylərdir. Diqqət olunmuşsa hər millətin bir şeydə mahir olduğu görülmüşdür. Almanlar sənaətdə, fransızlar zərafətdə, ingilislər gəmiçilikdə, belçikalılar ictimai təşkilatda, italyanlar musiqidə, başqaları da sair xüsuslarda şöhrət tapmışlardı. Hər millətin özünə məxsus bir saheyi-mədəniyyəti vardır ki, orada onun ibraz elədiyi məharəti digər bir millət göstərə bilmiyor. Bunların bu xüsusiyyətlərindən isə mədəniyyəti-bəşəriyyə bir çox əsli şeylərə və guna-gün asari-sənət və dühaya malik oluyor. Alman milləti, german irqi özünün istiqlalını təmin eləməsə və öz mədəniyyət xassəsini mühafizə etməsə idi bəşəriyyət Şopenhaur, Fixte, Göte, Faust, Qutenberq və Lüter kimi dühaları da görməyəcək idi. Fransa digər bir irq və qövmiyyət içində münhəl olub da öz mənliyini itirsəydi, bəşəriyyət 19-cu əsrin fikirləri üzərinə hökumət edən o fikir qəhrəmanlarını Jan Jak Russo, Didro, Monteskyu, Viktor Hüqo və Volterləri də qayib edəcəkdi. İtaliya milliyyətini anlamasa, özündəki xudadadi qəvvətlərdən xəbərsiz qalsa, yəni başqa bir milliyyət tərəfindən yoğrulub həzmi-rabidən keçilsə idi, indi nə dünyanın birər ammeyi-zərafətini təşkil edən heykəllər vardı nə də Mikelancelo kimi heykəltəraşlar.
Nə uzaqlara gediyoruz. Bir kərə təsəvvür ediniz ki, Rusiyanın istiqlalı olmasa, rusca da məhkum, məğlub bir lisan olsa, başqa bir millət tərəfindən, məsələn: Rusiyanı maddi, mənəvi bu qədər təsir və nüfuz altına almış alman milləti tərəfindən kamilən təmsil (assimlə) edilsəydi, əcəba, biz Puşkin, Lermontov, Dostoyevski, Tolstoy, Şalyapin, Meçnikov və sairəyə malik olacaqmı idik? Məlum ki, yоx!
Millətlərin ümumi şəxsiyyətlərindən keçəndən sonra bu məsələ ilə əlaqədar olan ayrı-ayrı fərdləri alsaq, yеnə təmsil (assimilyasiya) ilə istiqlalın mədəni və ibdai fərqini görəcəyiz. Zənn ediyorum ki, əgər bir statistik tutulsa, görüləcək ki, daima müqtədir sənətkarlar mənsub olduğu milliyyətlə, maddi və mənəvi rabitə və əlaqələrini daha ziyadə saxlamış olanlar arasından çıxıyor. Məsələn, yaxşı bir rus mühərriri olub da öz həyatını kəmalınca təsvir etmək bir rus qəlbinin, rus vicdani-ümmuyyəsinin tərcümanı ola bilmək üçün ruslar kimi düşünmək, onlar kimi hiss edə bilmək lazımdır. Bunun üçün də rus olmaq, rus yaşamaq və rusları olduqca bilmək gərəkdir. Halbuki, ruslaşmış bir müsəlman balası, yаxud təmsil olunmuş bir erməni dığası, yаxud döndərilmiş bir yəhudi övladı nə qədər özlüyündən uzaqlaşmış olsa da yеnə böylə bir rus ola bilməz: əvvəla bilməyincə də ondan yaxşı və müfid bir rus mühərriri çıxmaz.
Binaən əleyh, ondakı ibdai-qüvvətləri əqim qalar, bundan isə yaşadığı mühit zərər çəkər. O mühitdə bu kimilər çox isə əqamət bir nəfərə deyil, bir milliyyət və bir qövmiyyətə sirayət edər. Demək bəşəriyyət ailəsinə daxil olan bir fərdin zatı, əhəmiyyət və qiyməti əksilər. Binaən əleyh, bəşəriyyət bir çox zəkalardan məhrum qalar.
Özlüyündən çıxarılıb da başqa bir milliyyətə təmsil etdirilən şəxs təmsil edən mühitə böyük bir fayda verə bilmədiyi kimi, əslindən mənsub olan mühitə də böyük bir fayda yеtirə bilməz. Çünki aldığı hal və tərbiyəsilə özünkülərdən uzaqlaşmış olar. Onlar bunu, bu da onları anlamaz. Demək ki, “əz anca rande əz inca mande” məyyb və səqti bir şey vücuda gələr.
Bizim mühitimizdəki rusca oxumuşlarımızı tədqiq etsək, görəcəyiz ki, ali diplom almış, böyük təhsil görmüşlərimiz arasında ancaq o qismi az-çox iqtidarlı və mənsub olduğu mühitin işlərilə əlaqədardır ki, az-çox türkcə savadı var və öz milliyyətinin nə olduğunu biliyor. Sırf rusca ilə böyüyüb də özlərindən xəbəri olmayanlar isə əksərən mənsub olduqları mühitin ehtiyaclarına qarşı laqeyddirlər. Bu laqeyd və bu səmərəsizlik əlbəttə ki, böyük bir əqamətdir. Böylə əqim fərdlərə malik olan heyətlər hər nə qədər fəal olsalar da fayda verməzlər, mədəni əqamətə məhkumdurlar. Qatır da fəaldır, eşşək qədər davamlı, at qədər qüvvətlidir. Fəqət əqimdir və tənasüldən məhrumdur. Həyatını həmişə başqalarına mədyundur. Həyatın hambalı olmaq kafi deyildir. Onun müvəllidi olmaq gərək. Qatırdakı qüvvət və davam müvəqqətidir. Artırılıb və tərbiyə edilməsi qeyri-mümkündür. Halbuki atdakı qüvvət, eşşəkdəki davam qanuni- təkamül və təvarüsün bütün hökmlərinə tabe zihəyat birər qüvvət mənbələridir.
Kənardan bir millətin gəlib təsəllüt təriqilə digər millətə qalib gəlməsi, onun bilcümlə şəxsiyyətlərini məhv edərək özünə təmsil etməsi də eynilə qatır hasil etmək kimi bir şeydir. Təmsil təriqilə təməddün etmək hər nə qədər ibtidai — əmrdə nəzərə bəzi parlaq nəticələr göstərsə də, həqiqətdə heyəti-bəşəriyyədə ki, əsli qüvvələri korlamaqdan və onları doğmaq və artırmaq xassəsindən məhrum etməkdən başqa bir şey deyildir.
Bu gün İranı keçirməkdə olduğu bu ən fəalakətli günlərdən “xilas” etmək üçün əlindəki istiqlal kölgəsindən də məhrum edib, başqa mütərəqqi bir millətin idarə və təmsili altına versəniz ehtimal ki, Ənzəli bir neçə ilin zərfində Bakıya meydan oxuyacaq qədər tərəqqi edər. Və bəndər bu şəhər də Bombeydən heç də geri qalmaz. Fəqət bu səri tərəqqinin müqabilində əmin olunuz ki, İran bir daha nə Firdovsi yetirər, nə Sədi, nə Hafiz.
Milli istiqlal, ələlxüsus, millətlərə xüsusiyyətlərinin mühafizəsini təmin edən istiqlal daima bəşəriyyətə saheyi-mədəniyyətdə yeni və əsli bir taqım ibdalar, ixtiralar nəvidindədir ki, mədəniyyəti-bəşəriyyə dediyimiz şey də bu bədaət və ixtiraların məcmuindən ibarət bir yekundur.
Biz qafqasiyalılar bir nöqteyi-nəzərdən tərəqqiyati-madiyyəmizcə iranlılardan da, osmanlılardan da irəlidəyiz. Misirlilər də kəza, Hindistan da böylə. Bununla belə dəftəri ixtiraati-aləmdə cüzicə də olsa da nə bir ismimiz var, nə də bir rəsmimiz. Halbuki, İranın heç olmasa “Mahmudiyyə” namilə bir sitarə kəşf edən Mahmud xanı, Türkiyənin də ismi Avropa qamuslarında bir lisani-təqdirə səbt və zəbt olunan Münir Paşa kimi müxtəre bir doktoru vardır. Tofiq Fikrət, Əbdülhəqq Hamid kimi böyük şairlərə malikiyyəti üçün də Türkiyə öz istiqlali-millisinə borcludur.
Heç şübhə yoxdur ki, dünyanın millətlərə bölünərək qərar tutması mədəniyyəti-bəşəriyyə nöqteyi-nəzərindən bir zaiddir. Millətlərdəki mənliyin ədəmi-istiqlalı və onlardakı zatı xasiyyətlərin başqalarının xasiyyətləri içində münhəll olması bu zaidləri heç şübhə yоx ki, mübəddəl bir naqis ediyor. Naqislərin ədədi çoxaldıqca, müadilənin qiyməti azalmaq elmi-cəbr qaydalarındandır.
Dustana bir söhbətin xatiməsini təşkil edən bu bayağını yuxarıda zikr olunan rəfiqimə qarşı aşağıdakı vəchlə təlxis etmiş idim:
Əcələ bir surətdə maddətən tərəqqi edib mənəviyyatca məhrum qalmaqdansa, maddətən gec tərəqqi edib, mənəviyyatca müstəqil qalmağı təcrih edirəm. Çünki millətin də, bəşəriyyətin də faydası bundadır.
Binaən əleyh, başqalarını təmsil üçün deyil, öz mənliyini mühafizə üçün çalışan millətpərəstlik mədəniyyəti-bəşəriyyə naminə təqdir və təsdiq olunmalı zəruri və faydalı böyük bir fikirdir.

“Dirilik” jur. N2,
2 oktyabr 1914

 

 

 

 

MİLLİ DİRİLİK

— II —


Birinci məqaləmizdə başqalarını təmsil üçün deyil, öz mənliyini mühafizə üçün çalışan millətpərəstliyin mədəniyyəti-bəşəriyyə naminə təqdir və təqdis olunmalı, zəruri və faydalı böyük bir fikir olduğunu söyləmiş və məqaləmizə xitam vermişdik.
Millətpərəstliyin və milli diriliyin nə olduğunu yaxşıca bilmək üçün əvvəlcə millətin nə olduğunu öyrənmək və onu öyrənmək üçün nə kimi vasitələrə rücu etmək lazım olduğunu anlamaq gərəkdir.
Bizdə “millət” kəlməsinin mənası çox yanlış bir surətdə tələqqi edilməkdədir. Nə qədər ali təhsil görmüş, mədəni həyat və mədəni məmləkətlər görmüş adamlarımıza təsadüf edərsiniz ki, hansı millətdənsiniz, deyə verəcəyiniz suala: “müsəlmanam” — deyə cavab verir. Və bu cavabın heç də namüvafiq olduğunu düşünməz. Halbuki, həmən adam özü bir nəfər rusa “tı iz kakoy natsii” - deyə verdiyi suala “xristianin” cavabını alsa, məzkur cavabı olduqca gülünc və cavab verən şəxsin cəhlinə dəlil tutar. Əslində bizdə “ümmət” kəlməsilə “millət” kəlmələrinin fərqi ayrılmamışdır. Bəlkə də qədimdə “ümmət” ilə “millət” arasında fərq olmayıb, qövmiyyət və cinsiyyət caməsini andıran “millət” kəlməsi həmkiş və həm dinlik caməsinə elm olan “ümmət” kəlməsilə qarışmış və “milləti-islam” təbiri məşhur olmuşdur. “Millət”i nasyon (natsiya) mənasına alacaq olursaq, bu heç də həmdinliyi bildirməz. Bu, dindaşlıqdan əlavə bir çox “daşlıqları” da came olduğu kimi, bilxassə dil birliyini lazım gətirər. Mənaye-müasiri ilə “millət” kəlməsi iştə bu dilbirliyindən hasil olan camiyyəti ifadə edir. Fəqət başlıca dil birliyindən ibarət olmaqla bərabər millət məfhumu başqa xüsuslara da şamildir.
Avropa qamusları “millət, nasyon” kəlməsini bu surətlə tərif edərlər: “İnsanların əxlaq əsasları üzərinə qurulmuş ittihadlarının böyük bir şəklinə “millət” deyilir. Millət daxilində olan müxtəlif heyətlərin bir-birlərilə bərabər yaşamasına müttəhid, bir dirilik keçirmələrini arzu etmələri şərt olduğu kimi, o cameəyə daxil olan bəzi heyətlərin digərinə təsəllüt etməməsi də əlzəmdir. Şəraiti-tarixiyyə “millət”in dövlət şəklindəki mövcudiyyətinə mane olsa da, mədəni və ədəbi şəkildəki zühuri hər halda mümkündür. Məsələn, əcnəbilər tərəfindən parçalanmış qitə-qitə olunmuş İtaliya heç bir zaman milləti-vahidə olmaqdan qalmadığı kimi, indiki halda üç dövlət arasında bölünmüş olan lehləri kəmali cəsarətlə bir millət saymaq olar. Öz-özlüyündən məlumdur ki, birliyi dərk eləmək və onu arzu eləmək tarixi bir zəmində və insanların tədricən qövmiyyətdən milliyyət və milliyyətdən də millət dərəcəsinə çıxmaları ilə hasil oluyor”.
Burada işlənilən qövmiyyət, milliyyət və millət sözlərinin fərqini isə qamuslar böylə təyin edirlər: “Qövmiyyət-narodnost” yalnız nəsl və dil birliyi; “Milliyyət-natsyonalnost” dil və mədəniyyət-birliyi və “millət-natsiya” da mədəniyyət və milli diriliyi dərk etməklə hasil olar. Yəni bir ata-babadan yetişmə və bir dildə danışan kiçik bir tayfa və yа qövmə - qövmiyyət sözü itlaq olunar: Şahsevən kimi Şahsevəndən bəhs edərkən bir qövmdən bəhs olunar. Artıq Şahsevən milliyyəti deyilməz. Bir çox bu kimi qövmiyyət və tayfalər cəm olub bir dil ilə bərabər müəyyən bir mədəniyyətə malik olan azərbaycanlılardan bir milliyyət kimi bəhs etmək olar. Şimali türk-tatar, Krım, Türküstan, Azərbaycan və Qərb türkləri osmanlıları cəm və milliyyətlərin bir neçə böyük şəklinə haiz olan cameyyətə isə “millət” kəlməsi verilir.
İştə bu surətlə slavyan, german millətlərinə müqabil vəz oluna biləcək kəlmə türk, fars və ərəb kəlmələri ola bilər. Müsəlman və yаxud islam kəlməsi deyil, bunlar ancaq isaviyyətlə xristianlıq kəlmələrinə müqabil qoyula bilərlər.
”Milliyyət” və ”millət” sözlərinin qəlibi bu surətlə tərif olunduqdan sonra əsl milliyyət və yаxud milləti və onun məfhumunu vücuda gətirən ünsürlərdən bəhs edəlim.
Milli mədəniyyət və yаxud millət, dil birliyi, adət və əxlaq birliyi, ənənati-tarixiyyə və nəhayət etiqadati-diniyyə birliklərinin məcmuundan mütəşəkkil bir məhsuldur.
Əgər millətin haiz olduğu əczalarını biri-birindən ayırıb aralarında bir nisbət təyin edəcək olurlarsa, yüzdə əqəllən səksən dil birliyi olduğunu rəna görürlər. Dil millətin böyük hissəsidir. Onun zahiri və batinidir. Millətləri biri-birindən ayıran ən böyük əlamət, iştə bu dil damğasıdır. Millət təşkilində ənənati-tarixiyyənin də böyük mədxəliyyəti vardır. Fəqət bəzən bu ənənə millətin ittihadına rəxnə yetirəcək bir şəkildə də ola bilər. Halbuki dil ilə dində bu cəhət olamaz. Fəqət din cəhəti yеnə dil qədər mətin və möhkəm hesab oluna bilməz. Çünki dil daimidir, baqidir. Tərəqqi və təkamül edirsə də, əsaslı bir etilaf və təğyirə uğrayamaz. Halon ki, tarixdə bir çox dinlər dəyişmiş olan millətlər mövcuddur. Zatən heç bir millət yoxdur ki, dinin kərratla dəyişmiş olmasın. Məəmafih, əxlaq və adat üzərindəki fövqəladə təsiri nöqteyi-nəzərindən dinin də millətdə böyük iştirakı vardır. Dil ilə bərabər dində də bir olan millətlərin mərifəti-qövmiyyətləri daha tez hasil olub, aralarında milli vicdan daha əvvəl inkişaf ediyor.
Millətlərin həyatı da ancaq bu milli vicdanın inkişafı sayəsində mümkün olub, ancaq bu vicdanın təsirilədir ki, milli ideal hasil oluyor. Milli idealın (imanın) hüsulu ilədir ki, millətlər özlərinə şanlı, şərəfli bir dirilik təmin edə bilərlər.
Sairə yerlərin müsəlmanları kimi, biz Rusiya müsəlmanları milliyyətdən əvvəl din cəhətinə əhəmiyyət verdik. Bütün hərəkati-tərəqqipərvəranəmizdə din naminə dirilik göstərmək istədik. Türkcə qəzetə çıxardıq — adına müsəlman qəzetəsi dedik. Türkcə teatrlar, operalar düzəltdik — ünvanlarını müsəlman teatrosu və müsəlman operası dedik. Məktəb açdıq rus-müsəlman məktəbi namini verdik.
Cəmiyyətlərimizin sifətləri yеnə “müsəlman” kəlməsindən ibarət oldu. Halbuki elədiklərimizin hamısı türkcə olub və türk asari-mədəniyyəsini diriltmək üçün idi. Müsəlmanlığın ibtidai təsirindən gələrək biz özümüzü müsəlman adlandırdığımızdan əsil milliyyətimizin ünvanını təşkil edən türklüyə əhəmiyyət verməmiş, həman “müsəlman” adına qənaət eləmiş idik. Hələ də etməkdəyiz. Hələ bu qənaətlə də qalmamışıq, başqaları bizə “tatar” və “persiyan” demişlər, ona da etiraz etməmişik. Bu tamamilə ondan gəlmiş ki, biz özümüzü necə ki lazımdır tanımamışıq. Özümüzü əməllicə tanımış olsaydıq və milli diriliyin nə kimi əsaslar üzərinə qurulması lazım olacağını kəmayənbəği bilseydik, əlbəttə ki, “müsəlman operası” deməyəcək, bunun “xristyanskaya opera” qədər gülünc bir şey olduğunu dərk edəcək idik. Öylə də türk səhnəsinin opera artisti olmaqla iftixar etdiyimiz halda, nami-müstəar ittixaz edərkən “ski”ədatına ehtiyac göstərməyib Ağdamski, Sarabski əvəzinə Ağdamlı, Sərablı deyəcəydik. Öylə də “müsəlman səhnəsi” deyil “türk səhnəsi” deyəcək və baş faciə oynayanımız Ərəblinski deyil, Ərəbli olacaqdı. Fəqət bu kimi xüsuslar milli ruhun əsaslı bir surətdə inkişaf etməsi ilə, milli vicdan və milli imanın hüsulə gəlməsi nəticəsində bittəb öz-özündən düzələcəyindən böylə bir vicdan və imanın nə surətlə hasil olacağından da bəhs olunmalıdır. Bu xüsusda da gələn nömrədə.

“Dirilik” N 3,
14 oktyabr 1914

 

MİLLİ DİRİLİK

— III —


Milli vicdan ilə imanın nə surətlə hasil olacağından bəhsi bu nömrəyə vəd eləmişdik.
Milli vicdan və yаxud milli iman milli dirilikdəki əməl və arzunun mövcudiyyətindən və onun surəti-hiss və bəyanından hasil oluyor. Hər millət deyil, hətta bir şəxsin özünə görə bir əməli vardır. Buna başqa təbirlə meyl və arzu dəxi demək olar. Bunun firəngcəsi “ideal” gəliyor. Osmanlıcada son zamanlarda bunu “məfkurə” deyə tərcümə edənlər də vardır.
Hər şəxsin arzu və əməli bittəb özünün iqtidar və məsləki ilə mütənasib olur. Məsələn, bir müəllimin məktəb müdirliyinə nail olmaq istəməsi onun üçün bir əməl təşkil edir. Bir mühərririn qəzetə sahibi olmağı arzu eləməsi onun idealıdır. Öylə də bir çobanın böyük bir sürü sahibi olmaq diləməsi onun məfkurəsidir. Demək ki, bir şəxs öz iqtidar və bacarığı dairəsində müntəha nəyə malik olmaq istərsə, o şey onun əməlidir. Əməlsiz kimsə yoxdur. Onsuz yaşamaq naqabildir.
Əməl fəaliyyətə, fəaliyyət də tərəqqiyə mövcib oluyor. Şəxslər əməlsiz yaşaya bilmədikləri kimi, millətlər də əməlsiz yaşaya bilməzlər. İştə millətin ümumən də mövcud olan hakim bir əməl və arzu yolunda bəslənən gizli hisslər milli vicdan ilə imanı tövlid ediyorlar.
Fəqət bu milli əməlləri kimlər zühura çıxarıyor və milli vicdan nə surətlə zahir oluyor? Bunu anlıyalım:
Yuxarıda kimsənin əməlsiz olmadığını iddia etdik, fəqət əməldən əmələ fərq vardır. Şəxsi əməllər hər nə qədər müşkül və istehsalı çətində olsa, böyük ola bilməz. Yəni ona böyük və milli əməl deyilməz və o milli vicdanın tələb elədiyi də olmaz. Məsələn, bir hambal millioner olmaq əməlinə düşər və bu çətin məqsədə nail olsa belə, bu əmələ böyüklük namı verilməz. Fəqət bir fərd öz mühitinin faydasını düşünərək şəxsi üçün deyil, qövmi və yаxud milləti üçün bir əməl bəslərsə, buna böyük əməl demək olar, bu kimi adamlara da böyük əməlpərvərlər, yаxud məfkurəçi ismi verilər.
Məsələn, ruslarda Böyük Pyotr, Lomonosov, firənglərdə Jan Jak Russo, Napoleon; almanlarda Lyuter, Bismark; osmanlılarda Sultan Məhəmməd Fateh, Midhət Paşa; iranlılarda Nadir şah ilə Firdovsi; əfqanda Əmir Əbdürrəhman xan bu kimi böyük əməlpərvərlərdəndir. Böyük milli əməl bəsləyənlər əvvəl nəzərdə görüldüyü kimi o qədər də az deyildirlər. Onlar hər zamanda olmuşlar və vardırlar. Yalnız şöhrətləri, iqtidarları və gördükləri işlərin əndazəsinə görədir. €z şəxsi məqsədi xaricində mühitinin ehtiyacı ilə məşğul, onun səadəti naminə əməl bəsləyən və o əməllərə öz şəxsi əməlləri kimi xidmət edənlər həmən böyük əməlpərvərlərdəndirlər. Bir millət arasında bu kimilər məhdud, yа məfqud olarsa, o, millət müstəqil və sağlam bir vücud üzü görməz və başqalarının ziri-dəsti olub, ayaqları altında əzilər, gedər. Çünki, şəxslərə mümkün olmadığı kimi, millətlərə də əməlsiz yaşamaq qabil deyildir. Fəqət böyük əməlpərvərlər bu böyük əməli haradan alıyorlar?
— Əsil arasında yaşadıqları mühitin özündən.
Bir mühit, daha vazeh bir təbirlə, bir millət əfradının ürəklərində milliyyətləri və mühitləri haqqında bəzi arzular vardır. Fəqət bu arzulara bir şəkil və surət verməkdən özləri acizdirlər. Müştərək bir əməl bəsliyorlar, fəqət bu bəslədiklərinin nədən ibarət olduğunu təyin edə bilmiyorlar. Aralarından bir iqtidarlısı çıxıb da bu hər kəsin mübhəm bir surətdə hiss etdiklərini müəyyən bir şəkil və surətə qoyunca, baxırsan ki, bir çoxları özlərinin də mübhəm bir surətdə hiss etdikləri şeyin məzkur əməlpərvər tərəfindən təyin olunanın eyni olduğunu görüyorlar. Demək ki, əməlpərvər birisinin qələmə və yаxud dilə gətirmək surətilə təsvir etdiyi bu lövheyi-istiqbal bir ayineyi-xəyaldır. Hər kəs özünün istədiyini o aynada inikas etmiş buluyor və dərhal özünün dəxi o fikirdə olduğunu izhar ediyor.
Ayrı-ayrı əməlpərvərlər tərəfindən təsvir və təyin olunan, başqa təbirlə, ehzar olunan milli əməllər layihəsi xalqın əsl düşünüb də hiss və arzu etdiyilə təvafüq edirsə, məzkur əməl səri bir surətdə xalq arasında intişar edər və bollu tərəfdarlar qazanar. Yoxsa məhdud bir dairədə intişar tapıb nəhayət, nisyan bucağına atılıb qalar.
Məsələn, Fransa inqilabi-kəbirindən əvvəl mövcud olan üsuli-həyatdan Avropa xalqı bizar olmuş və əqillərin o vaxta qədər hakimi olan nəzəriyyə və fəlsəfələr köşəmiş hər kəs halın böyləliklə davam edə bilməyəcəyini düşünmüş idi. Cəmaət digər bir tərzi-həyat arıyordu. Və hər kəs özü-özlüyündə də əhvalın nə yolla dəyişməsi lazım gələcəyini mübhəm bir surətdə hiss etməkdə idi ki, Russo o müdhiş qələmi-nəqqadı ilə zühur etdi. Mövcud olan tərzi-həyatı başdan ayağa tənqid edərək, tazə bir həyat əməlinin əndazəsini göstərdi. Bütün Avropa həmən Russonun yazdıqlarını alqışladı, hər yerdə filosof özünə atəşli tərəfdarlar tapdı. “Russoluq” xalqı elə bir həyəcan və ğəlyanə gətirdi ki, xalq onun vəz eyləmiş olduğu əsasların müdafiəsi üçün canını fədaya hazır olub, əməl uğrunda biintiha qalanlar belə töküldü.
Papalıq hədd və əndazədən çıxmış bipayan cinayətkarlıqları və sui-istemallarından bizar olan xristianlıq aləmi Lyuterin zühuru ilə təsis edən protestantlığı dəxi öylə bir hərarət və səmimiyyətlə qarşıladı. Çünki Lyüter mühitinin mübhəm bir surətdə düşündüklərini tədvin eləmiş və müəyyən bir şəklə qoya bilmişdi.
Bolqar milləti bir zaman məhv və nabud olub getmişdi. Hər kəs bir daha bolqar deyə millət vücuda gələcəyindən naümid idi. Hətta zəmanəsinin ən mütəfəkkir bir simasını təşkil edən Volter belə bolqarlar haqqında “münqəriz bir millət” demişdi. Fəqət sonra bolqar böyük əməlpərvərləri Vazovlar və Bayayılar zühur etdilər. Bolqarların təbir edə bilmədikləri əməllərini qələmə gətirib onları şerləndirdilər. Böyük Bolqar tarixi yazılıb burada bolqarların ən nazik hissiyyatlarına təsir edən və onlarda ruhi-milli oyadan vəqələr canlandırıldı. Binaən əleyh “yox”dan bir “var” əmələ gəldi. “Münqəriz” millət dirildi, özünü Avropaya tanıtdı. Yunanıstan da böylə oldu. Əgər vaxtilə təsis edən “Etr” cəmiyyəti millətini başına cəm edib də türkləri vətəndən qovmağa müvəffəq oldu isə, məhz o öz millətinin vicdan və imanını doğru bir surətdə təhlil edərək, xalqın mübhəm bir surətdə, duyduğu milli əməlləri həqiqətilə dərk və təbir edə bilmək sayəsində oldu.
İştə bu xariqələr icad edə bilən böyük əməllərin müvəllidi olan milli vicdanı dərk və milli imanın iqtiza elədiyi böyük əməlləri kəşf və təfsir edə bilmək üçün hər şeydən əvvəl məzkur mühiti və yаxud milləti öyrənmək, onun mazisini bütün təfsilatı ilə tədqiq etmək lazım gəldiyi kimi, bir millətin mənəvi mövcudiyyətindən ibarət olan dilini də tədqiq eləmək, millətin yüzdə doxsan rüknüni təşkil edən bu mövhibeyi-üzmanın bütün dəqayiqini aramaq və sonra da o istiqbal üçün bir çox giranbaha maddələr saxlamış olan mazini, o xariqələr yarada bilən ana dili ilə millətə anlatmalıdır.
Böylə milli bir dərs nəticəsində də heç şübhə yoxdur ki, milli vicdan təsis edər, o dəxi böyük və milli bir əməl tövlid edər.


“Dirilik” N 4,
1 noyabr 1914

 

MİLLİ DİRİLİK

- IV -

Keçən məqaləmizdə böyük milli əməlin nə kimi bir qüvvətə malik olduğu ilə, onun mahiyyətindən və nə surətlə hasil ola biləcəyindən bəhs etmişdik, bu kərə yеnə o mövzu üstündə duracağız.
Milli bir idealın (böyük əməlin) təsisinə nədən lazım görülüyor? Bunu yaxşıca dərk edə bilmək üçün bir az keçilmiş və keçirməkdə olduğumuz milli həyatımız ilə onun təzahürlərinə təhlil və intiqad baxışı ilə baxmalıyız. Nə görüyoruz?
Bizdə bir çox cəmiyyətlər təsis olunuyor. Bir çox kitablar nəşr olunuyor. Böyük-böyük yapılar, binalar tikiliyor. Fəqət bunları nə kimi bir məqsədlə yapıyoruz? — deyə varid olan suala cavabımız çox da səri və müəyyən bir şəkildə deyildir. Yəqinəmki, “millət üçün yapıyoruz” — cavabını verməkdən aciz deyiliz. Fəqət bu qədərlik bəsit bir cavab kafimidir? Həmən xeyrat və maarif ilə iştiğal edənlərə millətinizin əməli və millətinizin təqib elədiyi məqsəd nədir? — deyə sorulsa, labüddən cavabında məəttəl qalarlar. İştə işlərimizdə ümumi böylə bir rabiteyi-həqiqi olmadığından gördüyümüz işlərimizdə arzu olunan ruh və bütün müəssisati — xeyriyyəmizi biri-birinə bağlayan həblülmətinin yoxluğu hər zaman sızılıyor. Qocaman böyük bir cəmiyyəti — xeyriyyə binası yapdırarız. Amma milli bir müəssisə olmaq üzrə yapılan bu binanın hansı tərzi-memaridə yapılacağına heç də əhəmiyyət verməriz. Qabağımıza gələn ilk mühəndisi tutub da “al bizə bir bina yаp” — deyiriz. O da götürür bir az “qotik”dən, bir az “renesans”dan, bilməm nədən, cüziyyətcə də “mavr” (ərəb) tərzi-memarisindən qarışıq bir kompazisiyon yapar. Daşı-daş üstə qalar, müdhiş bir bina, ali bir imarət vücuda gətirir. Bu əzəmət, bu böyüklük əlbəttə ki, bizi fərəhləndirir, qəlblərimizə bir şadlıq gətirir, fəqət bir çox xərclərlə hasil olan təzyinat bizə türklüyün, müsəlmanlığın keçmişdəki əzəmət və ehtişamını andıra bilsəydi, bizim də özümüzə məxsus memarlıqda bir üsula, həm də gözəl, ali təqlidaşayan bir üsula malik olduğumuzu bütün tamaşakaranə bildirsəydi; əlbəttə ki, binanın maddi əzəmətilə mütənasib mənəvi bir böyüklüyü də olardı və həqiqətən də bu böyük əməlin möhtəşəm bir abidəsi kəsilərdi.
Müəyyən milli əməllər bəsləyən millətlərin tacirləri belə kontorlarında apardıqları mühasibat dəftərlərini öz ana dillərində yazırkən bir kərə bizim xeyriyyə və maarif işlərilə məşğul olan cəmiyyətlərimiz mühasibatına da diqqət olunsun. Bütün rusca, hələ mühasibat dəftərləri (bəlkə də böyləliyi təftiş üçün lazımdır, — deyə müdafiə olunur) oyanda, məktubat da ruscadır. Nitqlər dəxi çox kərə rusca irad olunur.
Sənələrdən bəri qiraətxanamız vardır. Fəqət nədir o qiraətxana? Tapılarmı orada istədiyimiz mətbuat? Varmı orada nəşr olunan milli qəzetlərin məcmuləri?
Hərdən bir bu ədibə, o cəmaət işi görənə yubiley yapıyoruz. Fəqət bu gün Mirzə Fətəli Axundovu tədqiq etmək istəyən bir münəqqid mövcud olan kitabxanalarımıza gedib, ona dair bir qədər olsun, məlumat yığa bilərmi? Və yainki Azərbaycan türk tarixi ədəbiyyatı ilə iştiğal etmək istəyən başqa milli bir müəssisə, xüsusi bir məhəll tapa bilərmi ki, oradan istədiyi vəsaiti əldə etsin?
Yоx!
Halbuki, qiraətxanamız da, kitabxanamızda çoxdan bəridir ki, var.
Rusiya məmləkətinin bir cüzini təşkil ediyoruz. Rusiyada yaşıyoruz, onun vətəndaşlarıyız. Bittəb, madam ki, burada diriliyoruz, diriliyimizin bir çox ehtiyacları vardır. Bu ehtiyacların bu vaxta qədər nədən ibarət olduğunu müdəvvər və müəyyən bir şəkilə gətirə bildikmi?
1905 və 1906 sənələrində Rusiyaya tarixi bir zaman gəldi. O zaman hər təbəqə və hər millət özünün çoxdan bəri düşünüb də bir məfkurə (ideal) kimi bəslədiyi şeyləri haman meydana qoydu.
Onu və bunu istiyoruz — dedilər. Yalnız biz bir əmri-vaqe qarşısında bulunduq. Nə istəyəcəyimizi, etiraf edəlim, bilmədik. Bunu bilən tək-tək fərdlərimiz var idisə onların da bildiklərini bizə bildirməyə vaxt yоx idi, Rusiyanın keçirmiş olduğu o məşhur sənələrdə biz bir təlatümə düçar olan gəmiyə bənzəyirdik ki, haraya gedəcəyini və sahili — nicati nə tərəfdə gördüyünü bilmiyordu. Hər halda bir tərəfə olsa da sükan saxlamaq lazım gəliyordu. Biz də bizimlə bərabər təhlükəyə tutulmuş olan digər millətlərin gəmiçilərinə baxdıq, yolumuzu onların getdiyi səmtə düzəltdik. Bittəb, əlimiz sükanda titrəyir və ürəklərimiz məchul bir aqibət qabağında çarpınıyor idi.
Əvət, tufana tutulan bir gəmi üçün hədəfsizlik nə qədər mühlik isə, tarixi saatlarda bulunan bir millət üçün də əməlsizlik o qədər mühlikdir.
O zamandan bu vaxta qədər az ömür keçməmişdir. Müharibələr mütənasibətilə həddi-rüşdə yetişdiyini isbat edən Rusiya təkrar bir əmri-vaqe qarşısında bulunursa, titrəməz bir ələ malikmiyiz ki, milliyyət gəmimizin sükanını bərk-bərk tutub da məqsəd tərəfə yоl aparsın?
Burası cayi-sual.
Məncə gəmiçilikdə məmul olan asimanşünaslığa aşina olmayıb da gedəcəyiz. Yolun yıldızını tanımadığımızca əli titrəməz sükançını da bulamayacağız. Məqsədimizi nişan verən o parlaq yıldızı daha kəşf edə bilmədik. Kəşfini axtaranlar bəlkə də vardır.
Fəqət, daha budur kəşf olundu — deyə meydana çıxanlar görülmədi, yаxud görülmüşsə də gördüklərini ümumiyyətləşdirə bilməmişlərdir.
Bu yıldızı nə cürə kəşf etmək olar? İştə hamımızın üstündə düşünməsi lazım olan bir məsələ!
Bu vaxta qədər elədiyimiz xətadan, artıq ayrılma zamanı gəlmişdir. Nədir o xəta?
Biz bu vaxta qədər bütün ümumi və milli işlərdə ancaq zahirə baxmış və qalibi təqlid etməyə çalışmışıq. Bunda bir dərəcəyə qədər müvəffəq də olmuşuq. Yabançı birisi, məsələn, Bakıya gəlsə və türkcə bilməyib də yalnız zahirimizlə haqqımızda bir fikir edinmək istəsə, onu alıb bir kərə Nikolayevski küçə ilə keçirsəniz: Buradakı milli olmaq üzrə yapılan ali imarətləri göstərərsiniz, sonra kitab mağazalarına aparıb, caməkanları dolduran bir çox əsərləri ona nişan verirsiniz. Şübhəsiz ki, bu qərib səyyah Bakı türklərinin olduqca mütəməddin və əməlpərvər bir millət olduğuna hökm edər, gedər.
Fəqət həqiqətən də böyləmidir? Yuxarıdan bəri söylədiklərimiz iştə böylə olmadığını isbat ediyor. Xətamızı da burada aramalıyız.
Məncə, bunu başqa yanda aramağa lüzum da yоx. Digərlərincə bilmiyorum, məncə bu olduqca vazeh və aşkardır.
Bizdə işlərimizin ruh və mənəviyyatına aid olmaq üzrə böyük bir boşluq var: Əməl (ideal) boşluğu, bu boşluq hər tərəfdən hiss olunuyor. Bunun mürəvvici olmaq məcburiyyətində olan mətbuat demək olar ki, hamıdan ziyadə idealsızdır.
Böylə olunca, nəzərə gəliyor ki, ibtidai-əmrdə mətbuatdan başlamalı, mətbuata bir ideal, bir məslək verməli. Fəqət bunu nə cür etməli?
Bu xüsusda az-çox doğru bir fikir edilə bilmək üçün mətbuat və ədəbiyyatın mahiyyətcə necə bir şey olduğunu bilmək lazım gəlməzmi?
Mətbuat və ədəbiyyatı mühitin, başqa bir təbirlə, millətin həyat və heysiyyətini inikas etdirən bir ayinə təsəvvür edərsək, şübhəsiz böylədir, ondan nöqsanlarını islah üçün əsasi bir vasitəyə müraciət olunmalıdır.
Məlumdur ki, mağazaların caməkanlarını dolduran yazılar əksəriyyətlə cavanlarımızın qələmindən çıxıyor. Cavanlar içlərində bəzi xudpəsəndləri olmaqla bərabər — çox kərə də səmimiyyət və hüsniyyətlə qələmə sarılıyorlar. Arzu olunan nəticəni verə bilmiyorlarsa, qüsur özlərində deyil, mühitimizin əməl nöqteyi-nəzərindən boşluğundadır. Böyük əməllərə malik olmayan yazıçıdan, əmin olunuz ki, fövqəladə və müasir bir əsər gözləmək xatadır. Binaən əleyh böyük əməllər nəşrinə xidmət edəlim ki, bütün nöqsanlarımızı ancaq bu islah edə biləcək. Ancaq budur ki, işlərimizə bir ruh verəcək, diriliyimizə milli bir dirilik bəxş edəcəkdir.
Digər bir nəzərə görə də həqiqi ədəbiyyat ancaq o ədəbiyyatdır ki, mühitin ehtiyacına cavab versin və millətin həyatını və həyatı yaralarını, necə ki, lazımdır, təsvir eləsin.
Şübhəsiz ki, bu nöqteyi-nəzər səhihdir, binaən əleyh istədiyimiz bir ədəbiyyatı vücuda gətirmək, hüsulunu arzu etdiyimiz fikir və məslək cərəyanını doğura bilmək üçün hər şeydən əvvəl milli ehtiyaclarımızı öyrənib də öyrətməliyiz.
Ehtiyaclarımız lüzumu dərəcəsində anlaşıldımı, sonra çarəsini düşünmək və bu düşüncə əsasında da diriliyimizin müncisi ola biləcək böyük əməli tapmaq müşkül bir iş deyildir.

“Dirilik” N5,
16 noyabr 1914


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha


© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com