Avropa İnsan Hüquqları Məhkəməsi və Azərbaycan (IV)
Müəllifi: Ataxan Əbilov
Qeyd edilən mənəvi və peşəkarlıq şərtlərilə yanaşı, hakimliyə namizədlər bir sıra digər tələblərə də cavab verməlidirlər:
1) Onlar Avropa Şurasının, o cümlədən, Məhkəmənin rəsmi dilləri hesab edilən ingilis və fransız dillərindən birini sərbəst bilməlidirlər.
2) Onlar hakim seçildikləri dövr ərzində 70 yaş həddini aşmamalıdırlar. Məhkəməyə hakimlər Avropa Şurasının Parlament Assambleyasında seçilirlər. Konvensiyanın 22-ci maddəsinə görə: "Hər bir razılığa gələn Yuksək Tərəf üzrə hakim, razılığa gələn Yuksək Tərəfin təqdim etdiyi üç namizəd siyahısından, Parlament Assambleyasının səs çoxluğu ilə seçilir". Parlament Assambleyasında formalaşan təcrübəyə görə, sessiyada iştirak edən deputatların nisbi səs çoxluğunu deyil, yalnız mütləq səs çoxluğunu (50%+1) qazanan namizəd hakim seçilmiş hesab olunur.
Məhkəmədə hakimlik səlahiyyəti müddəti altı ildir. Onlar yeni müddətə seçilə bilərlər. Yeni seçilmiş Hakimin Məhkəmənin Plenar İclası (Məhkəmənin tam tərkibdə iclası) qarşısında təntənəli surətdə andiçmə mərasimi keçirilir. Hakimin səlahiyyət müddəti onun seçildiyi tarixdən sayılır. Lakin səlahiyyət müddəti bitməmiş hakimi əvəz etmək üçün hakim seçilirsə, onda o, bu vəzifəni öz sələfinin səlahiyyət müddətinin qalan hissəsi qədər tutur. Bəzi hallarda 6 illik müddət bir qədər uzun çəkir. Hakim onun yerini tutacaq varisin andiçmə mərasiminə qədər səlahiyyətlərini davam etdirir və hətta, o bundan sonra da icraatında olan işlərə yekun vurmaq üçün işə çıxa bilər.
Hakimlərin səlahiyyət müddətinə onlar istefaya getdikdə və ya vəzifələrindən azad edildikdə vaxtından əvvəl xitam verilə bilər. Məhkəmənin hazırda qüvvədə olan Reqlamentinin 7-ci maddəsinə görə Məhkəmənin Plenar İclası üçdə iki səs çoxluğu ilə konkret hakim barəsində onun artıq hakimlik üçün nəzərdə tutulan tələblərə cavab vermədiyi haqqında qərar qəbul edə bilər. Bu zaman belə hakimin mövqeyi qabaqcadan dinlənilməlidir. Eyni zamanda, nəzərdə tutulub ki, vəzifədən azad etmə proseduru hər bir hakim tərəfindən başlanıla bilər. Hakimin vəzifədən vaxtından əvvəl azad olunması proseduru Konvensiyanın 21-ci maddəsinin 3-cü hissəsində nəzərdə tutulan tələblərdən irəli gəlir. Orada deyilir ki: "Vəzifədə olduqları bütün müddət ərzində hakimlər onların müstəqilliyi, qərəzsizliyi və ya tam iş gününün xarakterindən irəli gələn tələblərlə bir araya sığmayan heç bir fəaliyyətlə məşqul olmamalıdırlar".
Hakimin istefasına gəldikdə isə, bu, hakim tərəfindən Məhkəmənin Sədrinə ərizə yazılmaqla könüllü edilir.
Hakimlər Məhkəmənin işində təmsil edildikləri dövlətin adından deyil, şəxsi simada iştirak edirlər. Onlar hakim işlədiyi müddət ərzində təmsil olunduqları dövlət tərəfindən geri çağırıla bilməzlər.
Struktur baxımından Məhkəmə Plenar İclasdan (bəzən bunu Azərbaycan dilinə "Plenum" kimi tərcümə edirlər), Seksiyalardan, Böyük Palatadan ("palata" sözü də bəzi hallarda "kamera" kimi tərcümə edilir), Palatalardan, Komitələrdən və Dəftərxanadan ibarətdir.
PLENAR İCLAS Məhkəmə hakimlərinin tam tərkibdə ümumi iclasıdır. Məhkəmənin fəaliyyətdə olan hakimlərinin ən azı üçdə ikisi iştirak etdikdə Plenar İclas səlahiyyətli hesab edilir. Plenar İclas yalnız Məhkəmənin mühüm fəaliyyəti ilə əlaqədar təşkilati məsələləri həll edir. O, hər hansı bir işlə bağlı Məhkəmə funksiyasını həyata keçirə bilməz. Bir qayda olaraq Məhkəmə Sədri tərəfindən ildə ən azı bir dəfə olmaqla çağırılır. Lakin, hakimlərin üçdə birinin təşəbbüsü ilə də Plenar İclas çağırıla bilər.
Plenar İclaslar aşağıdakı təşkilati məsələləri həll edir;
1) Məhkəmənin Sədrini, onun müavinlərini, habelə Seksiya və Palataların sədrlərini seçir;
2) Seksiya və Palatalar yaradır;
3) Məhkəmənin Reqlamentini (iş qaydası) təsdiq edir;
4) Yuxarıda qeyd edildiyi kimi, kifayət qədər əsaslar olduqda hakimləri qeri çağırır;
5) Məhkəmə aparatının (Dəftərxana) rəhbərini (Qrefye və ya qeydiyyatçı) və onun müavinlərini seçir;
6) Sədr və ya hakimlər tərəfindən Plenar İclasda baxılması üçün təklif edilən digər məsələləri həll edir.
SEKSİYA Konvensiyanın 26-cı maddəsinin "b" bəndinə əsasən Plenar İclasda yaradılır. Düzdür, Konvensiya "Seksiya" anlayışını tanımır, lakin Məhkəmənin Reqlamenti Seksiyaya palatanın bir forması kimi anlayış verir. Bu mənada Reqlamentlə Konvensiya arasında müəyyən uyğunsuzluq axtarmaq məntiqə uyğun deyil. Qeyd edilən normada da göstərilir ki, Plenar İclas Palatalar təsis edir. Palataları bir-birindən fərqləndirmək məqsədilə də Reqlamentdə "Seksiya" anlayışından istifadə edilmişdir.
Reqlamentin 25-ci maddəsinə görə, Məhkəmə ən azı dörd seksiyadan ibərət olmalıdır. Hər bir hakim seksiyalardan birinin üzvü olmalıdır. Seksiyalar hakimlərin coğrafi ərazi və cinsi mənsubiyyəti, o cümlədən, iştirakçı dövlətlərin hüquq sistemlərinin müxtəlifliyi meyarları nəzərə alınmaqla təşkil edilir. Seksiya tam tərkibdə heç bir funksional səlahiyyət həyata keçirmir. Onun tərkibindən konkret işlərə baxmaq üçün Palatalar yaradılır.
BÖYÜK PALATA 17 hakimdən və üç ehtiyat hakimdən ibarətdir. Bu qurum Məhkəmənin tərkibində işlərə baxılmasının yüksək instansiyası hesab edilir. Böyük Palatanın tərkibinə Məhkəmənin Sədri, Sədrin müavinləri və seksiyaların sədrləri ex-officio olaraq daxil edilir. Konvensiyanın 43-cü maddəsinə müvafiq olaraq işin Böyük Palataya verildiyi hallarda onun iclasında işə ilkin baxan Palatanın sədri və işdə tərəf olan müvafiq dövlətin hakimi istisna olmaqla, həmin Palatanın hakimlərindən heç biri iştirak etməməlidir.
Böyük Palata konkret hallardan asılı olaraq mühüm əhəmiyyətli və mürəkkəb işlərə baxır. Məhkəmənin ilkin instansiyası hesab edilən Adi Palata əgər müəyyən etsə ki, onun icraatında olan iş Konvensiyanın və ya onun Protokollarının şərhinə dair ciddi məsələlərə toxunur, yaxud məsələnin həlli Məhkəmənin əvvəllər çıxardığı qərara zidd ola bilər, onda o, tərəflərdən heç biri buna etiraz etmədikdə, öz qərarını çıxarana qədər istənilən vaxt Böyük Palatanın xeyrinə yurisdiksiyadan imtina edə bilər. Bu zaman Böyük Palatanın xeyrinə yurisdiksiya güzəşti haqqında qərarın əsaslandırılması tələb olunmur.
Bundan başqa, Konvensiyanın 43-cü maddəsinə görə: "Palata qərar çıxdıqdan sonrakı üç ay ərzində, iş üzrə istənilən tərəf müstəsna hallarda işin Böyük Palataya verilməsini tələb edə bilər". Belə halda Böyük Palata Məhkəmənin ikinci instansiyası kimi çıxış edir. Reqlamentin 73-cü maddəsində Konvensiyanın qeyd edilən normasının ardı olaraq göstərilir ki, bu zaman tərəflər Böyük Palata tərəfindən işin baxılmasına əsas ola biləcək Konvensiyanın və ona əlavə edilən Protokolların təfsiri və ya tətbiqinə toxunan, və ya mühüm əhəmiyyət kəsb edən digər ümumi xarakterli ciddi məsələni göstərməlidirlər. Tərəflərin belə müraciətlərinin tələb olunan meyarlara cavab verilməsini yoxlamaqdan ötrü Böyük Palatanın nəzdində beş hakimdən ibarət KOMİTƏ fəaliyyət göstərir. Komitənin tərkibinə Məhkəmənin Sədri və işə baxan Palatanın daxil olduğu seksiya istisna olmaqla seksiyaların sədrləri və ya onların müavinləri daxildir. Onlardan başqa bura növbə ilə Palatada işin baxılmasında iştirak etməyən bir əlavə hakim də daxil edilir. Mübahisədə tərəf olan dövlətdən seçilən və ya onun vətəndaşı olan hakim göstərilən Komitənin üzvü ola bilməz.
PALATALAR Məhkəmənin konkret işə baxan və mahiyyəti üzrə qərar çıxaran strukturudur. Palatalar hər biri yeddi hakimdən ibərət olaraq seksiyalarda təşkil edilir. Hər bir iş üzrə Palatanın tərkibinə Seksiyanın sədri və həmin işdə tərəf olan dövlətdən seçilən hakim daxil edilir. Əgər iş üzrə tərəf olan dövlətdən seçilən hakim həmin Seksiyanın üzvü deyilsə, onda o, ex-officio olaraq başqa Seksiyadan dəvət edilir. Əgər həmin hakim işdə iştirak edə bilməzsə və ya bundan imtina edərsə, onda Reqlamentin 29-cu maddəsinə müvafiq olaraq tərəf olan dövlətə bir hal üçün ("ad hoc" hakim) ya Məhkəmə hakimlərinin içərisindən, ya da hakim olmaqla bağlı irəli sürülən tələblərə cavab verən hər hansı bir şəxsi təyin etmək təklif olunur. Müvafiq dövlət belə təklifə 30 gün ərzində cavab verməkdən imtina edərsə, onda onun hakim təyin etmək hüququ itirilmiş hesab edilir.
Palatanın digər üzvləri Seksiyanın Sədri tərəfindən müvafiq Seksiyanın üzvləri arasından növbəlilik qaydasında seçirilir. Seksiyanın digər üzvləri Palatanın iclasında ehtiyat hakim qismində iştirak edirlər.
Palatada işlərə növbə ilə baxılır. İşlərin baxılma ardıcıllığını müəyyən etmək Palatanın müstəsna səlahiyyətinə daxildir.
KOMİTƏLƏR hər biri üç hakimdən ibərət olmaqla Konvensiyanın 21-ci maddəsinin birinci bəndinə əsasən yaradılır. Komitələrin sayı seksiyaların Sədrlərilə məsləhətləşdikdən sonra Məhkəmənin Sədri tərəfindən müəyyən edilir.
Komitənin əsas və yeganə vəzifəsi şikayətin qəbul olunma məsələsini həll etməkdir. Komitə şikayətə mahiyyəti üzrə baxmır. O, sadəcə şikayətin qəbul edilməsi üçün onun Konvensiya ilə müəyyən edilən meyarlara cavab verib - vermədiyini yoxlayır. Şikayətin qəbul edilməz olması haqqında qərarı Komitə yekdilliklə qəbul etməlidir. Hətta, bir hakimin şübhəsi belə şikayətçinin xeyrinə həll olunur. Belə halda şikayət onun qəbul olunması məsələsinin həlli üçün Palataya ötürülür.
DƏFTƏRXANANIN təşkili və vəzifələri Məhkəmənin Reqlamenti ilə müəyyən edilir. Dəftərxana seksiyaların dəftərxanalarını özündə birləşdirir. Dəftərxanaya Qrefye (katib) (ingilis dili variantında "Reqistrar") rəhbərlik edir. O, Plenar İclasda seçilir. Qrefye yüksək əxlaqi keyfiyyətlərlə yanaşı, müəyyən peşəkar tələblərə də (hüquqi, inzibati, linqvistik bilik və təcrübə və s.) cavab verməlidir.
3.3. Məhkəmənin yurisdiksiyası
Bu bölməyə başlıq kimi Konvensiyanın 32-ci maddəsinin adını seçməyimiz heç də təsadüfi deyildir. Əslində Məhkəmənin tərkibi, quruluşu, fəaliyyət mexanizmi və digər bu kimi məsələlər onun yurisdiksiyasına aid edilənlərin səmərəli həlli üçün düşünülmüşdür.
Məhkəmə mütləq səlahiyyətə malik deyildir. Onun səlahiyyət çərçivəsi Konvensiyanın 32-ci maddəsində göstərilənlərlə məhdudlaşır. Orada deyilir ki, "Məhkəmənin yurisdiksiyası Konvensiyanın 33, 34, 47-ci maddələrində nəzərdə tutulmuş şərtlərlə Konvensiyanın və onun Protokollarının şərhi və tətbiqinə dair göstərilən bütün məsələlərə şamil edilir". Bu normada Məhkəmənin iki növ səlahiyyətindən söhbət gedir;
1. Konvensiyanın və onun Protokollarının təfsiri ;
2. Konvensiyanın və onun Protokollarının tətbiqi.
3.3.1. Məsləhətçi rəylər
Konvensiyanın mətnində ilk qeyd etdiyimiz səlahiyyət "məsləhətçi rəylər" vermək səlahiyyəti adlanır və bu prosedur Konvensiyanın 47, 48 və 49-cu maddələrilə tənzimlənir. Əvvəla, Məhkəmə məsləhətçi rəyi yalnız AŞ Nazirlər Komitəsinin müraciətinə əsasən verə bilər. AŞ-ın üzvü olan dövlətlərin və AŞ-ın digər orqanlarının Məhkəməyə belə rəy almaqdan ötrü müraciət etmək hüququ Konvensiya ilə nəzərdə tutulmamışdır.
Məhkəmənin məsləhətçi rəy verməsi üçün Nazirlər Komitəsinin müraciəti isə Komitənin iştirak etmək hüququ olan nümayəndələrinin səs çoxluqu ilə qəbul edilir.
İkincisi, Məhkəmənin məsləhətçi rəyinin predmetinin yalnız Konvensiyanın və onun Protokollarının müddəalarının şərhinə dair hüquqi məsələlər təşkil etməlidir. Məhkəmənin AŞ-ın hər hansı digər hüquqi aktına təfsir vermək səlahiyyəti yoxdur.
Üçüncüsü, belə rəylər Konvensiyada və onun Protokollarında nəzərdə tutulan hüquq və azadlıqların məzmun və həcminə dair hər hansı məsələyə, yaxud Məhkəmənin və ya Nazirlər Komitəsinin Konvensiyaya müvafiq olaraq hər hansı müraciətə baxarkən toxunmalı olduğu digər məsələlərə aid olmamalıdır.
Dördüncüsü, məsləhətçi rəy vermək haqqında Nazirlər Komitəsi tərəfindən edilən müraciətin Məhkəmənin səlahiyyətinə aid olub-olmamasını Məhkəmə özü həll edir.
Məsləhətçi rəylər vermək səlahiyyətini ədəbiyyatda "istifadə olunmamış" səlahiyyət adlandırırlar4. Məsələ burasındadır ki, Konvensiyaya 1963-cü il tarixli 2 saylı əlavə Protokolla müəyyən edilən və 11 saylı Protokolla Konvensiyanın mətninə daxil edilən məsləhətçi rəylər vermək səlahiyyətini nəzərdə tutan normalar indiyə qədər Məhkəmənin fəaliyyətində tətbiq edilməmişdir.
3.3.2. Dövlətlərarası işlər
Konvensiyanın və onun Protokollarının tətbiqi ilə bağlı Məhkəmənin səlahiyyəti isə onun fəaliyyətinin mahiyyətini üzə çıxarır. Məhkəmə Konvensiyada və onun Protokollarında nəzərdə tutulan hüquq və azadlıqların pozulması ilə əlaqədar konkret işlərə baxmaq səlahiyyətinə malikdir. Konvensiya həmin işləri Məhkəməyə müraciət edən subyektin statusuna görə iki qrupa bölür;
1. Dövlətlərarası işlər;
2. Fərdi şikayətlər.
Hər iki kateqoriyaya aid olan işlərin predmetini eyni məsələlər təşkil etsə də, onları bir-birindən fərqləndirən ciddi məqamlar vardır. Konvensiyanın "Dövlətlərarası işlər" adlandırılan 33-cü maddəsinə görə "Razılığa gələn hər hansı Yüksək Tərəf digər Razılığa gələn Yüksək Tərəfin Konvensiya və onun Protokollarının müddəalarını istənilən şəkildə pozması ehtimalı ilə bağlı Məhkəməyə müraciət edə bilər".
Müasir beynəlxalq hüququn əsas normalarından biri kimi qiymətləndirilən suveren bərabərlik prinsipinə görə hər bir dövlət suverenliyə malikdir və dövlət suverenliyi digər dövlətlərin suverenliyinə və maraqlarına hörmət etməklə beynəlxalq hüquq çərçivəsində həyata keçirilir. Beynəlxalq hüququn subyekti olaraq bir dövlət digər dövlətə qarşı öz hakimiyyətini həyata keçirə bilməz (par in parem non habet imperium - bərabərin bərabər üzərində hakimiyyəti yoxdur). Dövlətin hərəkətləri onun qanunları və tərəfdar çıxdığı beynəlxalq hüquq normaları ilə müəyyən edilir5. Dövlət immuniteti adlandırılan bu məsələ həm də dövlətin onun razılığı olmadan digər məhkəmələrə verilməsini inkar edir6.
Nəzərə alınmalıdır ki, Avropa Məhkəməsində dövlətin məhkəməyə çəkilməsi məhz yuxarıda qeyd edilənlərin çərçivəsində baş verir. Belə ki, AŞ-a üzv olan dövlət Konvensiya və ona aid olan Protokolları ratifikisiya etməklə, artıq konkret bir iş üzrə deyil, hətta Konvensiyada və onun Protokollarında nəzərdə tutulan hüquq və azadlıqların gələcəkdə baş verə biləcək hər hansı pozuntusuna görə Məhkəmə qarşısında dayanmağa razılıq verir. Belə olan halda dövlətin Məhkəməyə çəkilməsi onun suverenliyinin məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.
Məhkəmənin "dövlətlərarası iş" kimi baxdığı mübahisə aşağıdakı şərtlərə cavab verməlidir:
Birincisi, mübahisə üzrə çıxış edən tərəflər AŞ-ın üzvü olan və Konvensiyanı ratifikasiya edən dövlətlər olmalıdır.
İkincisi, mübahisənin predmetini yalnız Konvensiya və ona aid olan Protokollarda nəzərdə tutulan hüquq və azadlıqların pozulması təşkil etməlidir.
Üçüncüsü, bu zaman yuxarıda qeyd edilən hüquq pozuntusuna vətəndaşlıqdan asılı olaraq kimin məruz qalması əhəmiyyət kəsb etmir.
Məhkəmənin fəaliyyətində bu kateqoriyadan olan işlərə nadir hallarda rast gəlinir. İndiyə qədər baxılan işləri barmaqla saymaq olar. Qaldırılan belə işlərin əksər hissəsi isə 1999-cu ilə qədər fəaliyyət göstərən Komissiyanın icraatında bu və ya digər formada başa çatmış Məhkəmənin icraatına gəlib çıxmamışdır.
Bu kateqoriyadan olan işlərin Məhkəmə icraatında nadir hallarda olmasına baxmayaraq, həmin işlər Məhkəmənin tarixində müəyyən iz buraxmışdır. Məhkəmə 1978-ci ildə İrlandiya Böyük Britaniyaya qarşı işə baxmış və Böyük Britaniyanın konkret faktlarla bağlı Konvensiya ilə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi qənaətinə gəlmişdir.
Yeri gəlmişkən, Azərbaycan Respublikası Ermənistan Respublikasının AŞ-na üzv olduğunu, Konvensiyanı və ona aid Protokolları ratifikasiya etməsini nəzərə alaraq, onun hərəkətlərindən - respublika əhalisinin bir millyona yaxın hissəsini qaçqın saldığına, ərazisinin 20 faizini işğal etdiyinə görə Avropa Məhkəməsinə müraciət edə bilər. Əlbəttə, məsələnin belə qoyuluşu Konvensiyanın zaman baxımından hüquqi qüvvəsi əsas gətirməklə bəzi müşahidəci və ekspertlərdə etiraz doğura bilər. Lakin bircə faktı qeyd etmək kifayətdir ki, Azərbaycanda Avropa məkanında bu gün üçün analoqu olmayan qaçqın düşərgələri mövcuddur və bu halın əsas səbəbkarı Avropa Şurasının üzvü olan dövlətlərdən biridir.
3.3.3 Fərdi şikayətlər
Avropa Məhkəməsinin icraatında olan işlərin mütləq əksəriyyəti fərdi şikayətlərlə bağlıdır. Fərdi şikayət hüququ Konvensiyanı ratifikasiya edən dövlətin ərazisində yaşayan hər bir şəxsin subyektiv hüququdur. Həmin hüququn aid olduğu Konvensiyanın 34-cü maddəsində işlədilən "fərd" anlayışını geniş mənada başa düşmək lazımdır. Burada söhbət yalnız fərdlərdən (konkret insanlardan) deyil, həm də digər şəxslərdən gedir. Konvensiyanın 34-cü maddəsində deyilir: "Məhkəmə istənilən hüquqi şəxslərdən, qeyri-hökumət təşkilatlarından və ayrı-ayrı şəxslər qrupundan, razılığa gələn Yüksək Tərəflərdən birinin onun bu Konvensiya və ya onun Protokolları ilə tanınmış hüquqlarını pozmasının qurbanı olduğunu iddia edən şikayətləri qəbul edə bilər".
Göründüyü kimi, Konvensiya ilə fərdi şikayət hüququna malik subyektlərin geniş dairəsi müəyyən edilmişdir. Bura aşağıdakılar aiddir;
1. istənilən fiziki şəxs;
2. qeyri-hökumət təşkilatları;
3. ayrı-ayrı şəxslər qrupu.
Məhkəmə təcrübəsində bu anlayışlara genişləndirici təfsir verilmişdir.
Fiziki şəxsin fəaliyyət qabiliyyəti ilə bağlı olan məsələlər (məsələn, yetkinlik yaşına çatıb-çatmaması, ruhi xəstə olması, məhkumluğu) və onun hüquqi statusu ilə bağlı digər məsələlər (məsələn, vətandaşlığı, hərbçi olması, təhsili və s.) onun fərdi şikayət hüququnu məhdudlaşdıra bilməz.
"Qeyri-hökumət təşkilatları" anlayışına da Məhkəmə təcrübəsində özünəməxsus yanaşma mövcuddur. Bura hər hansı içtimai təşkilat, siyasi partiyalar və xüsusi hüquq nəzər - nöqtəsindən hər hansı hüquqi şəxs aid edilir. Məhkəməyə ayrı-ayrı vaxtlarda həmkarlar ittifaqları, kütləvi informasiya vasitələri, siyasi partiyalar, dini qurumlar və hətta, kommersiya qurumları fərdi şikayət formasında müraciət ediblər. Nəzərə almaq lazımdır ki, belə müraciət zamanı qeyri-hökumət təşkilatları öz üzvlərinin subyektiv hüquqlarını deyil, özlərini və öz hüquqlarını müdafiə etməlidirlər.
"Ayrı-ayrı şəxslər qrupu" anlayışı altında isə, fikrimizcə, həm fiziki şəxslərin, həm də qeyri-hökumət təşkilatlarının qrupu başa düşülə bilər. Lakin onların hər biri bu zaman Konvensiya və ona aid olan Protokollarda nəzərdə tutulan hüquqların pozulmasının qurbanı olduğunu əsaslandırmalıdırlar.
Konvensiyanın 34-cü maddəsinə görə yalnız özlərini "qurban" hesab edənlər fərdi şikayət hüququna malikdirlər. Məhkəmə təcrübəsində "qurban" anlayışının geniş təfsiri nəticəsində, ona bərabər tutulan "potensial qurban" və "yanakı qurban" anlayışlarından da istifadə edilir.
"Potensial qurban" məsələsi, bir qayda olaraq, qüvvədə olan qanunvericiliyin Avropa standartlarına uyğun gəlməsilə əlaqədar edilən fərdi şikayətlər zamanı meydana gəlir. Məsələn, Klass və başqaları AFR-ə qarşı (1978-ci il) işdə ərizəçilər göstərirdilər ki, AFR-də 10 il əvvəl qəbul edilən yazışmanın və telefon danışıqlarının gizliliyini məhdudlaşdıran qanun bu istiqamətdə geniş imkanlar nəzərdə tutur və müvafiq Avropa standartlarına uyğun deyildir. AFR hökuməti ərizəçilərin Konvensiya baxımından birbaşa qurban olmadığını, göstərilən qanunun onların hüquq və mənafelərinə faktiki ziyan vurmadığını əsas gətirərək fərdi şikayətə baxmamağı Məhkəmədən təkid etmişdir. Lakin Məhkəmə sözü gedən tədbirlərin gizli olması və bunun qanunvericilikdə nəzərdə tutulması ilə əlaqədar şəxsin müəyyən şəraitdə qurban ola biləcəyini təsdiqləmişdir7.
Məhkəmə təcrübəsində "potensial qurban"la müqayisədə "yanakı qurbana" daha çox rast gəlinir. "Yanakı qurban" qismində bir qayda olaraq, şəxsin ölümü ilə əlaqədar onun yaxın qohumları çıxış edir. Əgər şəxs Konvensiyanın 2-ci maddəsində nəzərdə tutulan yaşamaq hüququndan məhrum edilibsə, bu zaman onun qohumlarının təşəbbüsü ilə iş məhkəmə baxışının predmeti ola bilər. Və yaxud Məhkəməyə fərdi şikayətlə müraciət edən şəxs vəfat etdikdə, fərdi şikayətçi qismində işi onun qohumları davam etdirə bilər. Məsələn, Dolban Rumıniyaya qarşı (1999-cu il) işin Məhkəmə baxışına az qalmış ərizəçi vəfat etmişdir. Onun dul qalmış həyat yoldaşı işi davam etdirmiş və Məhkəmə onun üçün "qurban" statusunu tanımışdır.
Ümumiyyətlə, ərizəçinin Konvensiyanın 34-cü maddəsinin tələbləri baxımından "qurban" olması məsələsi fərdi şikayətin Məhkəmə tərəfindən qəbul edilməsinin əsas şərtlərindən biri hesab edilir və Məhkəmə təcrübəsində bu "ratione personae" adlanır. Bu qəbildən olan "ratione materiae" (fərdi şikayət yalnız Konvensiya ilə qorunan hüquqların pozulması haqqında olmalıdır) şərti haqqında biz artıq məlumat vermişik (bax: 2-ci fəsil, 1-ci paraqraf).
Yeri gəlmişkən, bu sıradan olan digər şərtləri də fərdi şikayət edilən zaman nəzərə almaq lazımdır. Konvensiyanın məkan baxımından qüvvəsinə görə, Məhkəmə təcrübəsində "ratione loci" anlayışı işlədilir. Konvensiya yalnız onu ratifikisiya edən dövlətin ərazisində quvvədədir və Konvensiyanın konkret normasının iddia edilən pozuntusu məhz belə dövlətin yurisdiksiyası daxilində baş verməlidir. Bura Konvensiyanın 56-ci maddəsinə müvafiq olaraq beynəlxalq əlaqələrə görə dövlətin cavabdehlik daşıdığı bütün ərazilər daxil ola bilər.
Konvensiyanın zamana görə qüvvəsini isə "ratione temporis" anlayışı ilə ifadə edirlər. Konvensiya ratifikasiya edilənə qədər baş verən hüquq pozuntusu ilə əlaqədar dövlətə qarşı yönələn şikayətlər bu şərtə görə qəbul olunmamış elan edilir. Əgər istinad edilən hüquq pozuntusu Konvensiyanın konkret dövlətə münasibətdə qüvvəyə minməsindən əvvəl baş veribsə və ondan sonra da davam edibsə, belə halda yalnız sonrakı hadisələr fərdi şikayətin predmeti ola bilər. Bu zaman Məhkəmə Konvensiyanın qüvvəyə minməsindən əvvəl baş verən faktları nəzərə ala bilər.
Qeyd olunanlar Konvensiyanın müddəalarından irəli gəlir və fərdi şikayət həmin tələblərə cavab verməlidir. Fərdi şikayətlərin Konvensiyanın müdəalarına zidd olmaması onun məhkəmə tərəfindən icraata qəbul edilməsinin şərtlərindən yalnız biridir. Həmin şərtlərın tam siyahısı isə Konvensiyanın 35-ci maddəsində sadalanmışdır.
Beləliklə, fərdi şikayət aşağıdakı meyarlara cavab verməlidir;
1. Fərdi şikayətin bütün daxili hüquq müdafiə vasitələrinin tükənməsindən sonra verilməsi;
2. Fərdi şikayətin dövlətdaxili hakimiyyət orqanlarının müvafiq hüquq pozuntusu ilə bağlı sonuncu qərarının çıxarıldığı tarixdən 6 ay müddətində verilməsi;
3. Fərdi şikayətin anonim olmaması;
4. Fərdi şikayətin mahiyyətcə məhkəmənin artıq baxdığı məsələ ilə eyni olmaması;
5. Fərdi şikayətin digər beynəlxalq instansiyada baxılmaması;
6. Fərdi şikayətin (Yuxarıda qeyd edildiyi kimi) Konvensiya və onun Protokollarının müddəalarına zidd olmaması;
7. Şikayətin aydın əsaslandırılması;
8. Şikayət vermək hüququndan sui-istifadə edilməməsi.
İndi isə bu şərtlərin hər biri üzərində qısa dayanaq8.
Dövlətdaxili hüquq müdafiə vasitələrinin tükənməsi Məhkəməyə müraciət etmənin vacib şərtlərindən biridir. Belə bir şərtin nəzərdə tutulması hər şeydən əvvəl müasir beynəlxaq hüquqda mövcud olan ənənələrdən irəli gəlir. Demək olar ki, insan hüquqlarının müdafiəsi ilə bağlı bütün beynəlxalq mexanizmlərə münasibətdə həmin şərt nəzərdə tutulmuşdur. Bu, insan hüquqlarının müdafiəsi üzrə beynəlxalq mexanizmlərin, o cümlədən, Məhkəmənin subsidiar olmasına dəlalət edir. Ümumiyyətlə, insan hüquqlarını müdafiə etmək, qorumaq hər bir dövlətin mühüm məqsədlərindən biridir. Qeyd etdiyimiz kimi, Azərbaycan Respublikasının Konstitusiyası da bunu dövlətin ali məqsədi kimi qələmə verir. Konvensiya da dövlətləri könüllü olaraq insan hüquqlarını təmin etməyə çağırır. Bu mənada məhkəmənin subsidiar rol oynadığı qeyd edilir. "Subsidiarlıq" - ikinci dərəcəlilik kimi başa düşülməməlidir. Məhkəmə dövlət daxilində həllini tapa bilməyən hüquq və azadlıqların pozulması haqqında konkret işə baxmaq üçün əlavə (subsidiar) mexanizmdir.
Dövlətin hüquq müdafiə vasitələri milli qanunvericiliklə müəyyən edilir və onların geniş spektri (məhkəmə, inzibati, siyasi və s.) nəzərdə tutula bilər.
Daxili vasitələr praktiki olaraq səmərəli və müyəssər olmalıdır. Ərizəçi səmərəsiz, təminatı və prespektivi olmayan müdafiə vasitəsindən istifadə etməyə borclu deyil. Əgər dövlətdaxili müdafiə mexanizmində formalaşan inzibati təcrübə açıq-aydın Konvensiyanın müddəaları ilə bir araya sığmayan pozuntularla müşayiət olunursa, onda daxili hüquq müdafiə vasitələrindən istifadə etmədən Məhkəməyə müraciət etməyə yol verilir. Belə halda sübut etmə vəzifəsi ilkin olaraq cavabdeh dövlətin üzərinə düşür. Əgər dövlət kifayət qədər tutarlı arqumentlər gətirə bilsə, ərizəçiyə onları təkzib etmə imkanı verilir. Ərizəçi həmin vasitənin istifadə olunmamasının səbəbini və ya səmərəli vasitə olmadığını əsaslandırmalıdır.
Ərizəçini daxili vasitələrin tükənməsi şərtindən azad edən xüsusi şərait mövcud ola bilər. Məsələn, qanunsuz işğal, etnik təmizləmə, deportasiya və s. hallarda ərizəçinin öz hüquqlarının müdafiəsi üçün daxili vasitələrdən istifadə hüququnun praktiki olaraq qeyri-mümkün olması. Lakin, ərizəçinin Konvensiya haqqında hüquqi biliyinin olmaması, hüquqşünasın etinasız məsləhəti, ərizəçinin depressiya halında olması belə xüsusi şərait kimi qiymətləndirilə bilməz.
Konvensiyanı ratifikasiya edən dövlətlərin daxili hüquq müdafiə vasitələri bir-birini təkrarlamadığından Məhkəmə təcrübəsində konkret dövlətə münasibətdə onun daxili hüquq müdafiə vasitələrinin nə vaxt tükənməsi fərdən müəyyən edilir. Məsələn, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə görə, təkcə Məhkəmə yolu ilə üç hüquq müdafiə (birinci instansiya; apellyasiya; kassasiya və əlavə kassasiya) pilləsi nəzərdə tutulub. Bundan başqa, hələ Azərbaycan Respublikasının vətəndaşlarının Konstitusiya Məhkəməsinə şikayətlə bilavasitə müraciət etmək hüququnu nəzərdə tutulan respublika qanunvericiliyində müvafiq dəyişikliklərin edilməsi gözlənilir. Belə olan təqdirdə sual olunur: Respublikamıza münasibətdə dövlətdaxili hüquq müdafiə vasitələri nə vaxt tükənmiş hesab olunur? Bu suala yaxın gələcəkdə Məhkəmə Azərbaycan Respublikasına qarşı yönələn bu və ya digər fərdi şikayətə baxarkən özü aydınlıq gətirəcəkdir.
Fərdi şikayət formasında Məhkəməyə müraciət etmənin altı aylıq vaxt məhdudiyyəti bir sıra səbəblərlə əlaqələndirilir. Bura hüquqi müəyyənliyə yardım, işlərin ağlasığan müddət ərzində baxılmasının təminatı, hökumət orqanlarının qeyri-müəyyənlikdən qorunması, yox ola biləcək dəlillərin müyəssərliyinin artırılması və s. aid edilir.
Altı aylıq müddət daxili hüquq müdafiə vasitələri istifadə edilib tükənməsi zamanı hakimiyyət orqanları tərəfindən çıxarılmış son qərardan etibarən hesablanır. Bu zaman ərizəçinin belə qərardan nə vaxt xəbər tutması anı nəzərə alınır.
Ölkə qanunvericiliyi ilə daxili müdafiə vasitələri nəzərdə tutulmayan işlər üzrə isə şikayət edilən hadisənin baş verməsindən altı ay ərzində Məhkəməyə müraciət edilməlidir.
Məhkəmə anonim (imzalanmayan və ya düzgün imzalanmayan) ərizələri qəbul etmir. Müraciət ərizəçini tanıtmalıdır. Bununla yanaşı, ərizəçinin xahişilə onun adı məxvi saxlanıla bilər. Belə halda ərizəçinin adı Məhkəmə hesabatlarında onun adı və soyadının baş hərflərilə göstərilir.
Məhkəmə icraatında mahiyyət etibarı ilə eyni şikayətə ikinci dəfə baxılması yolverilməz hesab edilir. Lakin, ərizə daxili hüquq müdafiə vasitələrinin tükənməməsi əsasında qəbulolunmaz elan edilibsə, onda ərizəçi həmin vasitələrin tükənməsindən sonra yenidən Məhkəməyə öz ərizəsini təqdim edə bilər.
Şikayətin digər beynəlxalq instansiyada baxılması və ya həmin instansiyaların icraatında olması onun Məhkəmədə baxılmasına maneədir. Bu qayda Məhkəmə tərəfindən ciddi şəkildə tətbiq edilir. Məhkəmə Reqlamentinin 47-ci maddəsinin 2-ci hissəsində göstərilir ki, məhkəməyə təqdim edilən ərizədə şikayətin digər beynəlxalq instansiyaya təqdim edilib-edilməməsi haqqında mütləq qeyd olmalıdır. Əks təqdirdə, ərizə heç qeydiyyata alınmayacaqdır. Əgər belə müraciət etmə faktı icraatın sonrakı mərhələlərində müəyyən edilərsə, icraata dərhal xitam verilir. Deməli, vətəndaş BMT-nin İnsan Hüquqları Komitəsinə müraciət edibsə, analoji şikayətlə Məhkəməyə müraciət etmək hüququnu itirir.
Fərdi şikayət aydın əsaslandırılmalı, kifayət qədər sübutları özündə ehtiva etməlidir. Şikayətin predmeti Konvensiyanın müddəalarının pozulması ilə bağlı olmalıdır.
Şikayət ərizəsində xoşagəlməz və ya təhqiredici ifadələr işlədilməməlidir. Əks təqdirdə, belə hal ərizə vermək hüququndan sui-istifadə etmək kimi qiymətləndirilərək, ərizənin qəbul edilməməsinə səbəb olur. Eyni zamanda, fərdi şikayətdən siyasi təbliğat vasitəsi və ya reklam məqsədi ilə istifadə etmək kimi hallar da yol verilməz hesab edilir.
Konvensiyanın 35-ci maddəsinə görə yalnız yuxarıda sadalanan meyarlara cavab verən fərdi şikayət Məhkəmə tərəfindən baxılmağa qəbul edilir.
Ümumiyyətlə, ərizənin Məhkəməyə təqdim edilməsindən sonra işin məhkəmədə gedişatını 2 mərhələyə bölmək olar:
1) ərizənin baxılmağa qəbul edilməsi.
2) işə mahiyyətcə baxılması.
Fərdi şikayətlə bağlı Məhkəməyə yazılan ilk məktub ərizəçini tanıtmalı və məktubda aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
a) Şikayətin qısa xülasəsi;
b) Konvensiya və ya protokollarla təmin edilən və pozulmuş hesab edilən hüquq və yaxud hüquqların göstərilməsi;
c) Ərizəçinin istifadə etdiyi daxili hüquq müdafiə vasitələri;
ç) Rəsmi dövlət orqanları tərəfindən həmin şikayətlə bağlı çıxarılan qərarların siyahısı.
Bu zaman qərarın çıxarıldığı dəqiq tarix, onun qısa məzmunu və onu qəbul edən instansiya göstərilməlidir. Məktuba göstərilən sənədlərin əslinin deyil, sürətlərinin əlavə edilməsi məsləhət görülür, çünki bu sənədlər geri qaytarılmır.
Ərizə məhkəmənin Dəftərxanasında qeydiyyata alınır və onun tələb olunan meyarlara cavab verib-verməməsinin yoxlanılması üçün Seksiyaların birinə ötürülür. Məhkəmə Reqlamentinin 49-cü maddəsinə görə, Seksiyanın Sədri ərizənin öyrənilməsi üçün məruzəçi- hakimi təyin edir. Məruzəçi - hakim Qrefye (Dəftərxana müdiri) vasitəsilə iş üzrə tərəflərə əlavə sənəd, məlumat və ya izahat təqdim etməsini təklif edə bilər. Bu zaman Məruzəçi-hakimin kimliyi gizli saxlanılır.
Ərizə ilə ilkin tanış olan hakim onun qəbul edilib - edilməməsilə bağlı hesabatı Komitəyə təqdim edir. Komitə yalnız yekdil səslə ərizəni rədd edə bilər. Bu halda onun qərarı qətidir. Əgər Komitənin qərarı yekdil səs ala bilmirsə, onda ərizə öyrənilmə üçün Palataya göndərilir. Palata ərizəni dərhal qəbuledilməz hesab edə bilər və ya iş üzrə tərəflərə əlavə məlumatlar, faktlar, izahatlar verilməsini təklif edə bilər. Ərizənin qəbul edilməsi haqqında qərarı Palata çıxarır.
Statistik məlumatlara görə, Məhkəməyə daxil olan fərdi şikayətlərin üçdə iki hissəsindən çoxu Komitə və Palatadan keçə bilməyərək qəbuledilməz hesab edilir.
Ərizənin qəbul edilməsi haqında məlumatı fərdi şikayətçi aldıqdan sonra Məhkəmə Dəftərxanasından ona göndərilən şikayət ərizəsinin anket nümunəsini (formulyar və onun doldurulma qaydaları haqqında Təlimatla kitabın əlavə hissəsində tanış ola bilərsiniz) doldurub Məhkəməyə təqdim etməlidir. Anket nümunəsinin məzmunu və onun doldurulma qaydaları adı çəkilən Təlimatda ətraflı şərh edilir.
Məhkəmə tərəfindən fərdi şikayət qəbul olunmuş elan edildikdən sonra işin mahiyyətcə baxılması mərhələsi başlanır. Bu zaman fərdi şikayət cavabdehə təqdim olunur. Qeyd edildiyi kimi, Məhkəmədə cavabdeh qismində hər bir halda Avropa Şurasının üzvü olan və Konvensiyanı və ona aid Protokolları ratifikasiya edən dövlətlər çıxış edir.
Cavabdeh Məhkəmə tərəfindən müəyyən edilən müddət ərzində fərdi şikayətlə bağlı öz mövqeyini yazılı şəkildə təqdim etməlidir. Konvensiyanın 38-ci maddəsinə görə, Məhkəmə işin gedişatının bu dövründə tərəfləri məsələnin dostcasına həllinə çağırır. Eyni zamanda, Məhkəmə öz təhqiqatını keçirir və sübutlar toplayır. Məhkəmə Reqlamentinin 42-ci maddəsinə görə, Məhkəmə işin halları ilə əlaqəli olan hər hansı bir sübutu toplaya bilər, şahid dəvət edə bilər, ekspert təyin edə bilər və s. İşin hallarını yerində yoxlanılması məqsədi ilə Məhkəmənin hakimləri, hətta, yerlərə ezam oluna bilər. Məhkəmə təhqiqatının səmərəli keçirilməsi üçün müvafiq dövlətlər zəruri köməklik göstərməlidirlər.
Məhkəmənin tərəflərə təklif etdiyi "dostcasına tənzimləmə proseduru" səmərə verdikdə, Məhkəmə faktların qısa xulasəsini və nəticəsini əks etdirən qərar qəbul etməklə işi siyahıdan çıxarır. Məsələnin dostcasına həllinin Konvensiyanın ruhuna uyğun olması Məhkəmənin maraq dairəsindədir. Əgər işin belə həllinin ayrı-ayrı elementləri Konvensiyanın məqsəd və prinsiplərinə ziddirsə, onda bu, Məhkəmə tərəfindən qəbul edilmir.
İş üzrə sübutların toplanması və işə mahiyyətcə baxılması Palata çərçivəsində həyata keçirilir. İşlərə onların hazırlıq səviyyəsindən asılı olaraq növbəlik qaydasında baxılır. Lakin, konkrekt şikayətin növbədən kənar baxılması haqqında da qərarın qəbul edilməsinə yol verilir (Məhkəmə Reqlamentinin 41-ci maddəsi).
Məhkəmə dinləmələri, əgər istisna hal kimi digər qərar qəbul edilməyibsə, açıq keçirilir. Məhkəmə iclasına Palatanın Sədri və ya onun müavini sədrlik edir. Dinləmələr tərəflərin bərabərliyi və çəkişmə prinsipi əsasında həyata keçirilir. Bir qayda olaraq hər bir tərəf iki dəfə çıxış edir:
1. şikayətin əsaslandırılması və qarşı tərəfin etirazı;
2. eşidilənlər haqqında mülahizələrin mübadiləsi.
Məhkəmə Reqlamentinin 65-ci maddəsinə görə dinləmələrdə şahid, ekspert və digər şəxslər iştirak edə bilərlər.
Palatanın qərarı dinləmələrdən sonra bağlı qapı arxasında qəbul edilir. İş üzrə son qərarın qəbulu zamanı hakim bitərəf qala bilməz. Lehinə və əleyhinə verilən səslər bərabər olduqda isə, ikinci dəfə səsvermə keçirilir. Yenidən eyni nəticə alındıqda Sədrlik edənin səsi həlledici hesab olunur.
Konvensiya və ya onun Protokollarının normalarının pozulduğunu müəyyən edən Məhkəmə yalnız bir sanksiya tətbiq edə bilər. O da cavabdehin üzərinə qoyulan, maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı olan, Məhkəmənin qərarı ilə müəyyən edilən pul məbləğidir. Hüquq pozuntusunu müəyyən edən məhkəmə bir qayda olaraq Konvensiyanın 41-ci maddəsinə istinad edir. "Əvəzin ədalətli ödənilməsi" adlandırılan həmin maddədə deyilir ki, iştirakçı dövlətin daxili hüququ hüquqi pozuntunun nəticələrini yalnız qismən aradan qaldırılmasına imkan verirsə, "Məhkəmə zəruri halda zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir".
Yeri gəlmişkən, Məhkəmənin dövlətdaxili qanunvericilik aktını və ya hüquq normasını dəyişdirmək və ya belə dəyişikliyi tələb etmək, habelə işin halları ilə bağlı hər hansı digər hakimiyyət tədbirlərinin həyata keçirilməsini tələb etmək hüququ yoxdur. Məhkəmənin ərizəçinin tələbilə milli məhkəmələr tərəfindən çıxarılan hər hansı hökmü və ya qərarı ləvğ etmək səlahiyyəti də yoxdur. Eyni zamanda, Məhkəmə qərarının üzv-dövlətlər üçün məcburi presedent qüvvəsinə malik olması haqqında da söhbət gedə bilməz. Lakin dövlətə gələcəkdə tətbiq edilə biləcək maddi sanksiyalar baxımından Məhkəmə qərarının nəzərə alınması, milli qanunvericiliklərin onların təsiri nəticəsində təkmilləşdirilməsi təbii hesab edilməlidir.
Palatanın qərarından narazı qalan istənilən tərəf üç ay müddət ərzində iş üzrə ciddi səbəblər olarsa, işin Böyük Palataya verilməsini tələb edə bilər. Böyük Palatanın beş hakimdən ibarət Komitəsi ( bəzən bunu Kollegiya da adlandırırlar ) tələbi qəbul edərsə, onda Böyük Palata qərar çıxarmaqla işi həll edir. Böyük Palatanın qərarı qətidir. Eyni zamanda, işin Böyük Palataya verilməsi tələbi ilə müşaiyət olunmayan və ya belə tələbin əsassız olması ilə müşaiyət olunan Palatanın qərarları da qətidir.
Məhkəmənin qəti qərarları məcburi qüvvəyə malikdir: "Razılığa gələn Yüksək Tərəflər onların tərəf olduqları işlər üzrə Məhkəmənin yekun qərarına riayət etməyi öhdələrinə götürürlər" (Konvensiyanın 46-cı maddəsinin birinci hissəsi).
Məhkəmənin qəti qərarları onların icrasına nəzarətin həyata keçirilməsi üçün Avropa Şurasının Nazirlər Komitəsinə göndərilir.
* * *
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT
I. AZƏRBAYCAN RESPUBLİKASI AVROPA ŞURASININ TAM VƏ BƏRABƏRHÜQUQLU ÜZVÜDÜR.
1. Bu fəslin hazırlanmasında müəllifin "Avropa Şurası və Azərbaycan" kitabından (Bakı, "QARR-Poliqraf". 2001.səh.30-39) istifadə olunmuşdur.
2. Sovet Evropı. Deətelğnostğ i rezulğtatı. İzdanie Sovet Evropı. 1998.s.6
3. Ələsgərov M. Avropa Şurasının 50 illiyi və Azərbaycan. "Azərbaycan" qəzeti. 1999,11dekabr.
4. "Zerkalo" qəzeti. 2000, 07 aprel.
5. Səlimov H. İnsan hüquqlarının qorunması üçün Avropa mexanizmləri. Bakı, "İnam" Pluralizm Mərkəzi.2000.səh.16-22
6. Zeynalov S. Əbilov A. Millətlərin öz müqəddəratını təyinetmə prinsipinin müasir aspektləri.//Qanun.1997, N4, s.22-24
7. "İmpuls" qəzeti. 2000, 02 iyun.
8. "Zerkalo" qəzeti. 2000, 28 iyun.
9. "Zerkalo" qəzeti. 2000, 29 iyun.
10. "Zerkalo" qəzeti. 2000, 10 noyabr.
II. İNSAN HÜQUQLARI SAHƏSİNDƏ AVROPA STANDARTLARI VƏ AZƏRBAYCAN RESPUBLİKASININ QANUNVERİCİLİYİ.
1. Quseynov L.Q. Konstituüiə Azerbaydjanskoy Respubliki, prava çeloveka, i mejdunarodnoe pravo. /Beynəlxalq hüquq. / 1998 ?1. s.32
2. Pereterskiy İ.S. Tolkovanie mejdunarodnıx doqovorov. M.,1959. s.165-166
3. Tumanov V.A. Evropeyskiy Sud po Pravam Çeloveka. M.2001. s.47
4. Tumanov V.A. Göstərilən əsəri. s.18
5. Alekseeva L.B., Juykov V.M., Lukaşuk İ.İ. Mejdunarodnıe normı o pravax çeloveka i primenenie ix sudami Rossiyskoy Federaüii (praktiçeskoe posobie). M. ,1996.s.16
6. Quseynov L.Q. Qeyd edilən məqaləsi. Beynəlxalq hüquq jurnalı. ?1. səh.21
7. Movçan A.P. Prava çeloveka i mejdunarodnıe otnoşeniə. M., 1982.s.103
8. Donna Qomien. Kommentariy k "Evropeyskoy konvenüii o zahite prav çeloveka". Sovet Evropı.1995.s.83
9. Risdal R. Problemı zahitı prav çeloveka v obcedinennoy Evrope / Zahita prav çeloveka v sovremennom mire/. M., 1993. s.122
10. Ətraflı, bax: Evropeyskiy Sud po Pravam Çeloveka. İzbrannıe reşeniə. M.,t.2.s.525
11. Daha ətraflı, bax: Ənnağı Hacıyev. Azərbaycanda assosasiyalar və sərbəst toplaşmaq azadlıqının konstitusion və hüquqi əsasları. /Azadlığın düsturu. Bakı.2001.səh.123-126
12. Mark Djenis, Riçard Kgy, Gntoni Brgdli. Evropeyskoe pravo v oblasti prav çeloveka. Praktika i kommentarii. M.1997.s.256
13. Daha ətrafl, bax: A.Əbilov, F.Əhmədov. Azərbaycan Respublikasında xaricilərin hüquqi vəziyyətinin əsasları /Beynəlxalq hüquq/. Bakı.1998.?1.səh.87-91
14. Donna Qomien. Kommentariy k "Evropeyskoy Konvenüii o zahite prav çeloveka". Sovet Evropı.1995.s.21
15. Alekseeva L.B. Juykov V.M. Lukaşuk İ.İ. Mejdunarodnıe normı o pravax çeloveka i primenenie ix sudami Rossiyskoy Federaüii (praktiçeskoe posobie). M.1996.s.140
16. Bax: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin XVII fəsli
17. Dj. L. Mgrdok. Statğə 5 Evropeyskoy Konvenüii po Pravam Çeloveka. Soveta Evropı.1994.s.13
18. Dj. L. Mgrdok. Göstərilən əsəri. səh.15
19. Avropa Şurası və məhkum. Bakı, 2001-ci il. səh. 13.
20. Ataxan Əbilov. Avropa Şurası və Azərbaycan. Bakı, 2001. səh.72-73.
21. Azadlığın düsturu. Bakı, 2001. səh 43.
22. Evropeyskiy Sud po Pravam Çeloveka. İzbrannıe reşeniə. M. 2000. T.1 s.151.
23. Daha ətraflı, bax: Alekseeva L.B., Juykov V.M., Lukaşuk İ.İ. Mejdunarodnıe normı o pravax çeloveka i primenenie ix sudami Rossiyskoy Federaüii (praktiçeskoe posobie). M.1996. s.133-134 .
24. Gndrö Qrotrayan. Statğə 6 Evropeyskoy Konvenüii po Pravam Çeloveka. Sovet Evropı. 1994.s.12.
25. Avropa İnsan Hüquqları Məhkəməsinin Pullar Birləşmiş Krallığa qarşı 10.06.1996-cı il tarixli qərarı.//Reports. 1996-III. P. 792.
26. Evropeyskiy Sud po Pravam Çeloveka. İzbrannıe reşeniə. M. 2000.t.2 s.432
27. Evropeyskiy Sud po Pravam Çeloveka. İzbrannıe reşeniə. M. 2000.t.2 s.470
28. Donna Qomien. Göstərilən əsəri. səh.37
29. G.Qrotrayan. Statğə 6 Evropeyskoy Konvenüii po Pravam Çeloveka. İzdatelğstvo Soveta Evropı. 1994.s. 31
30. Alekseeva L.B., Juykov V.M., Lukahuk İ.İ. Göstərilən əsəri. səh.189
31. Donna Qomien. Göstərilən əsəri. səh.41
32. Adı çəkilən Konvensiyanın mətni, bax: İnsan hüquqları-Beynəlxalq müqavilələr toplusu. Bakı.1998.səh.164-175.
33. Bax: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi
III. AVROPA İNSAN HUQUQLARI MƏHKƏMƏSİ İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA KONVENSİYASININ MÜDAFİƏ MEXANİZMİDİR.
1. 9 saylı Protokolun mətni, bax: Mejdunarodnıe aktı o pravax çeloveka. Sbornik dokumentov. M.1998. s.559
2. Sovet Evropı. Deətelğnostğ i rezulğtatı. İzdanie Slujbı Obhestvennıx Otnoşeniy Sovet Evropı. 1998.s.71
3. Tumanov V.A. Göstərilən əsəri. səh.136
4. Tumanov V.A.Göstərilən əsəri.s.65
5. Mejdunarodnoe pravo. Uçebnik dlə vuzov. Otv. red. Q.V.İqnatenko i O.İ. Tiunov. M.2001.s.51
6. Boquslavskiy M.M. Mejdunarodnoe çastnoe pravo. M.2001.s.166
7. Evropeyskiy Sud po Pravam Çeloveka. İzbrannıe reşeniə. T.1.s.168
8. E.Məmmədov, X.Məmmədov. Avropa Məhkəməsinə fərdi şikayət hüququ. "Azərbaycan" qəzeti. 29 iyun 2001-ci il.
