Reklam verin!

Virtual Hiper e-Kitabxana

"Elektron TURAN" - "Virtual AZƏRBAYCAN" - Sadələşdirilmiş Milli e-Axtarış Sistemi

Oktyabr 26, 2007 16:05

  Adıgözəl Məmmədov. "MİRCƏFƏR BAĞIROV VƏ CƏNUBİ AZƏRBAYCAN"

Üçüncü hissə

Ordu generalı, Sovet İttifaqı Qəhrəmanı İ.İ.Maslennikov 1939-cu ildə Beriya tərəfindən sərhəd qoşunları komandanı və daxili işlər xalq komissarının müavini vəzifəsinə təqdim edilmiş, 1942-1943-cü illərdə isə Zaqafqaziya cəbhəsi və Şimali Qafqaz cəbhəsinin Şimal qoşun qrupunun komandanı olmuşdu. 1952-ci ildə “Voyennaya mısl” jurnalının avqust nömrəsində Zavyalov və Kalyadinin “Qafqaz uğrunda döyüş” başlıqlı məqaləsi çıxmışdı. Bu məqalə ilə bağlı Maslennikov Baş qərargahın Hərbi-elmi idarəsinin rəisinə məktub göndərərək yazmışdı:


“56-cı səhifədə müəlliflər SSRİ Ali Baş Komandanlığı Qərargahının gördüyü tədbirləri xarakterizə edərkən 1942-ci ilin avqustunda Qafqaz cəbhəsində yaranmış olduqca çətin şəraitə baxmayaraq, bütün vəziyyəti dəyişmiş və köklü dönüş yaratmış Lavrentiy Pavloviç Beriya yoldaşın həyata keçirdiyi böyük yaradıcılıq işini və prinsipial siyasi-təşkilati tədbirləri ötəri və olduqca səthi xatırladırlar. L.P.Beriya yoldaşın fəaliyyətinin belə xarakteristikası onun şəxsi və bilavasitə rəhbərliyi altında həyata keçirilmiş bütün tədbirlərin tam mənzərəsini əks etdirmir».

F № 1, siy. № 89, iş № 112

STALİN yoldaşa

Martın 28-də Sovet Culfasında biz İran Azərbaycanı Milli hökumətinin rəhbərləri Pişəvəri, Şəbüstəri və doktor Cavidlə görüşdük.
Sizin göstərişinizə müvafiq olaraq biz yaranmış şəraiti onlara izah etdik və bu gün İran Azərbaycanında mövcud olan vəziyyətin saxlanmasında təkid etməməyi məsləhət gördük. Onlara Tehran hökuməti ilə bağlanacaq sazişdə bizim səfirin Qəvama ünvanlanmış 24 mart tarixli məktubunda irəli sürülən təklifləri əsas götürməyi tövsiyə etdik.
14 mart tarixində mən (M.C.Bağırov – A.M.) onlarla ilkin söhbət aparsam da, bizim son təkliflərimiz onlara çox ağır təsir bağışladı. Hər üçü bildirdi ki, onlar bizim məsləhətimizi qeyd-şərtsiz icraya qəbul edirlər, amma eyni zamanda aşağıdakıları bizim diqqətimizə çatdırmağı zəruri sayırlar:
İran Azərbaycanı Demokrat Partiyası və Milli hökuməti mövcud olduqları dövr ərzində xalqa çoxlu vədlər vermişlər ki, onların da bir hissəsi artıq həyata keçirilib və indi elan olunmuş tədbirlərdən əl çəkilməsi onlara çox ağır gəlir.
Onlar Qəvama inanmır, gözəl bilirlər ki, o, Azərbaycan xalqının hüquqları haqqında bütün vədləri və hətta yazılı sazişləri İran Konstitusiyasına istinadla tədricən ləğv edəcək, İran Konstitusiyası isə mahiyyətcə xalqın hüquqlarını deyil, mürtəce rejimi müdafiə edən sənəddir.
Onlar İran silahlı qüvvələrindən qorxmurlar, amma əmindirlər ki, Qəvam, irticaçı tacirləri, mülkədarları və ruhaniləri ələ almaqla, Azərbaycanda vətəndaş müharibəsi törədəcək, kürdlər və azərbaycanlıları millətlərarası qırğına sürükləyəcək. Bu işdə isə ona ilk növbədə ingilislər kömək edəcəklər.
Qəvam həqiqətən də İranda islahatlar keçirmək istəyirsə, onun üçün silahlı qüvvələri ilə birlikdə Milli hökumətdən etibarlı dayaq ola bilməz. Amma Qəvam çətin ki, bunu istəsin.
Deyilənlərə əsasən, Pişəvəri, Şəbüstəri və Cavid xahiş edirlər ki, bizim qoşunlar geri çəkildikcə onlara Şimali İranın digər vilayətlərindəki mütərəqqi demokratik elementlərlə əlaqəyə girmək və birgə səylərlə Tehran irticasına qarşı mübarizəyə başlamaq icazəsi verilsin.
Onlar Sovet İttifaqının vasitəçiliyini Azərbaycan xalqının heç olmasa minimal hüquqlarının qorunub saxlanmasının yeganə real zəmanəti hesab edirlər.
Yaranmış ağır maliyyə vəziyyəti və öz silahlı qüvvələrinin formalaşdırılmasını tezliklə başa çatdırmaq zərurəti ilə əlaqədar olaraq onlar:
1. Azı 5 milyon tümən məbləğində pul yardımı etməyi;
2. 100 yük avtomaşını ayırmağı;
3. Sərhəd xidmətinin təşkil olunması və daxili qoşunların yaradılması üçün İran Azərbaycanına bir ay müddətinə Azərbaycan SSR Daxili İşlər Nazirliyi qoşunlarından 20 azərbaycanlı təlimatçı göndərməyi;
4. Milli ordunun ehtiyacları üçün müəyyən həcmdə dərman və tibb ləvazimatı ayırmağı xahiş edirlər.
Onların xahişinin təmin olunmasını zəruri hesab edərdik.
Sizin göstərişlərinizi gözləyirik.

M.C.Bağırov İ.İ.Maslennikov
29 mart 1946-cı il

1946-cı il aprelin 4-də Tehranda SSRİ ilə İran arasında birgə Sovet-İran neft şirkətinin yaradılması haqqında saziş imzalandı və müqavilə bağlandı. Bu müqavilə İran Məclisi tərəfindən yeddi ay ərzində təsdiq edilməli idi.
Sovet qoşunları İrandan çıxarılandan sonra Cənubi Azərbaycanda və Şimali Kürdüstanda demokratik hərəkatı Moskvanın nəzarəti altında saxlamaq üçün M.C.Bağırov və İ.Maslennikov ABŞ-ın diplomatik “örtüyü” altında fəaliyyət göstərən xüsusi xidmətlərin köməyi ilə İran Kürdüstanının lideri Qazi Məhəmmədin söhbətinin yazısını tapıb Stalinə göndərə bildilər.

F № 1, siy. № 89, iş № 112

STALİN yoldaşa

İran Kürdüstanının rəhbəri Qazi Məhəmmədin ABŞ konsulu vəzifələrinin müvəqqəti icraçısı ilə 25 aprel 1946-cı il tarixdə Təbriz şəhərində olmuş söhbətinin qısa yazısını Sizə göndəririk.
KONSUL: Rezaiyyədə 5 ABŞ vətəndaşı yaşayır. Mən Rezaiyyədə hər hansı bir çaxnaşma və ya qiyamın baş verdiyi halda onların qorunması üçün tədbirlər görməyi xahiş edirəm.
QAZİ MƏHƏMMƏD: Nə ABŞ vətəndaşları, nə də Rezaiyyə əhalisi üçün heç bir təhlükə yoxdur. Məni hətta Sizin hansısa xəyali təhlükə və ya bandalar haqqında sualınız təəccübləndirir. Rezaiyyədə azərbaycanlılar, aysorlar, ermənilər və kürdlər vahid mehriban ailə kimi yaşayır və onların öz aralarında bölə bilməyəcəyi bir şey yoxdur. Mən sizi əmin edə bilərəm ki, bizim sakitliyimizi, dostluğumuzu heç kəs poza bilməz və biz buna yol vermərik.
KONSUL: Əvvəllər, müharibədən qabaq İran, Türkiyə və İraq kürdləri yaranan problemlərlə bağlı öz nümayəndələrini seçir və ABŞ-a göndərirdilər. Bəs nə üçün kürdlərin nümayəndələri indi ABŞ-a müraciət etmirlər?
QAZİ MƏHƏMMƏD: Biz, İran Kürdüstanının nümayəndələri yalnız öz əhalimiz haqqında düşünürük və Türkiyə, İraq və ya digər ölkələrdəki kürdlərlə işimiz yoxdur. Əgər Siz, ABŞ nümayəndəsi kimi, bizim ABŞ-a öz adamlarımızı göndərməyimizi istəyirsinizsə, biz bu dəvəti minnətdarlıqla qəbul edirik.
KONSUL: Siz əlbəttə, öz adamlarınızı ABŞ-a göndərə bilərsiniz, amma xüsusi məsələlərlə bağlı yox, çünki Kürdüstan dövlət deyil. Qəvamın nümayəndəsi azərbaycanlıların yanına gəldiyi kimi, Tehran hökuməti Sizinlə, kürdlərlə görüşmək üçün də nümayəndə göndərirmi?
QAZİ MƏHƏMMƏD: Biz Tehrandan heç bir nümayəndə gözləmirik və buna elə bir ehtiyac da yoxdur. Azərbaycanlılar və kürdlər bir xalq, bir ailədir və azərbaycanlılar gələn nümayəndə ilə istər özlərinin, istərsə də bizim məsələlərimiz barəsində danışa bilərlər.
KONSUL: Azərbaycan və Tehran nümayəndələri arasında danışıqların mümkün nəticəsi haqqında nə düşünürsünüz?
QAZİ MƏHƏMMƏD: Mən əminəm ki, danışıqların nəticəsi kifayət qədər uğurlu olacaq. Nə azərbaycanlılar, nə də Azərbaycanda və Şimali Kürdüstanda yaşayan digər xalqlar böyük tələblərlə çıxış etmir və İranın bütövlüyünü pozmağa can atmırlar. Digər İran xalqları kimi, biz, kürdlər də hazırkı rejimdən razı qala bilmərik. Əgər Qəvam üzdə göstərdiyi kimi, həqiqətən də demokratiyanın tərəfdarıdırsa, onda o Azərbaycan xalqının qanuni tələblərinin təmin olunmasına razılıq verəcək.
KONSUL: Mən Sizin Amerika istehsalı olan “Cip” avtomobilində gəzməyinizə etiraz etmirəm. Kürdlər nəyi üstün tuturlar, bu maşınları, yoxsa atları?
QAZİ MƏHƏMMƏD: Kürdlər nəyi daha üstün tuturlar, bu maşınları, yoxsa atları? Düşünürəm ki, bu Sizə də tam aydındır. Amerika texnika baxımdan zəngin ölkədir, amma indiyə kimi bizə bir maşın da olsun bağışlamayıb. Siz əvvəlcə bizə maşın verin, sonra soruşun.
KONSUL: Düşünürdüm ki, Siz maşınları bizim İranı tərk etmiş ordumuzdan alıbsınız.
QAZİ MƏHƏMMƏD: Maşınları biz Tehranda pulla almışıq. Biz kürdlər bilirik ki, Amerika demokratik ölkədir. Özünü demokratiya tərəfdarı və kiçik xalqların müdafiəçisi elan etmiş İngiltərə də özünü demokratik ölkə adlandırır. Amma biz kürdlərə aydın deyil ki, nə üçün ingilislər Londondan yayımlanan verilişlərində bizim dünyada sülh üçün təhlükə törətdiyimizi, idarəetmə orqanlarımızın məhv edilməli, yer üzündən silinməli olduğunu və s. bəyan edirlər. Özünü demokratik adlandıran ölkənin belə bir bəyanatını biz heç cür anlaya bilmirik. Bəlkə bunun səbəbini bizə Siz izah edəsiniz.
KONSUL: Biz amerikalılar xarici dövlətlərin radio verilişləri və bəyanatlarına izahat verə bilmərik. Bundan başqa, biz ümumiyyətlə, digər dövlətlərin işinə qarışa bilmərik.
QAZİ MƏHƏMMƏD: Biz kürdlər Amerika, Sovet İttifaqı, İngiltərə kimi böyük dövlətlərin bizə diqqətini hiss etmirik. Biz Sizdən rəsmi olaraq bizə diqqət yetirməyi və bizə Amerika xalqı kimi azad və demokratik xalq olmaqda kömək göstərməyi xahiş edirik. Biz də amerikalılar kimi əsarətsiz yaşamaq istəyirik, biz öz xalqımızı mədəniyyətə doğru aparmaq və öz geriliyindən yaxa qurtarmış bir çox qabaqcıl xalqlar kimi yaşamaq istəyirik.
KONSUL: Əfsuslar olsun ki, biz amerikalılar kürd xalqının həqiqi həyatı və vəziyyəti haqqında heç nə bilmirik. Etiraz etmirsinizsə, biz üç həftədən – birinci konsul Tehrandan qayıtdıqdan sonra Sizin yanınıza gələrik.
QAZİ MƏHƏMMƏD: Biz heç kimə Kürdüstana gəlməyi qadağan etmirik. Siz orada olmaq istəyirsinizsə, buyurun, gəlin.

M.C.Bağırov İ.İ.Maslennikov
27 aprel 1946-cı il

M.C.Bağırov və İ.İ.Maslenikovun Stalinə göndərdiyi məktub Sovet qoşunlarının İrandan çıxarılmasının nəticələrini əks etdirir. Əslində Stalinin atdığı addıma qarşı çıxan M.C.Bağırov Azərbaycan xalqının İran hökuməti ilə təkbətək qalmasından gizli narazılığını bildirir. Bundan başqa, hədəf kimi Qəvamı seçərək, yazır ki, İranın hakimiyyət dairələrində Cənubi Azərbaycanda baş verən proseslərin qafqazlılar tərəfindən törədildiyi haqqında söhbətlər gəzir. O, bunun Stalin-Beriya-Bağırov üçlüyü olduğuna eyham vurur. O həmçinin, Qəvam və Stalin arasında razılaşmanın yenidən baxılmalı olduğuna da işarə edir.
Bundan başqa, M.C.Bağırov bu məktubda amerikalılar və ingilislərin Cənubi Azərbaycan və Şimali Kürdüstanda baş verən proseslər üzərində nəzarəti ələ almalarını xüsusi olaraq qeyd etməyə çalışıb.

F № 1, siy. № 89, iş № 112

STALİN YOLDAŞA

Bizim qoşunlarımızın İran Azərbaycanından çıxması əhali kütlələri, irticaçı elementlər və ingilispərəst dairələr arasında müxtəlif reaksiyalar doğurdu.
Kəndlilər, fəhlələr, ziyalılar və bütün demokratik elementlər qoşunların İrandan çıxarılması ilə bağlı açıq-aydın təəssüf hissi keçirirdilər. Bu əhali təbəqələri bizim qoşunlarımız getdikdən sonra irticaçı qüvvələrin hücuma keçəcəyini əvvəlcədən görərək, Azərbaycanda demokratik hərəkatın gələcək taleyi ilə bağlı narahatlıq və həyəcan ifadə edirdilər. Amma əhali və demokratların rəhbər dairələri arasında çaşqınlıq və ruh düşkünlüyü müşahidə olunmamışdır.
Azərbaycanın bizim qarnizonlarımızın yerləşdiyi bütün şəhərlərində Qızıl Ordu hissələrinin yola salınması təntənəli ümumxalq nümayişlərinə çevrilmişdir. İran Azərbaycanının Ərdəbil, Marağa, Rezaiyyə, Xoy və Zəncan kimi iri şəhərlərində hələ Qızıl Ordunun çıxması ərəfəsində mağazalar, idarələr və şəxsi evlər ucdantutma xalçalar, sovet və İran bayraqları, Stalin yoldaşın, sovet xalqının rəhbərlərinin, Qızıl Ordu qəhrəmanları və sərkərdələrinin portretləri ilə bəzədilmişdi.
İranın SSRİ ilə Mədəni əlaqələr Cəmiyyətinin yerli şöbələrində əhalinin bütün təbəqələrinin iştirakı ilə Qızıl Ordunun getməsinə həsr olunmuş təntənəli yığıncaqlar keçirilirdi. Bu yığıncaqlarda fəhlələrin, həmkarlar ittifaqları və demokratik təşkilatların, ziyalıların və tacirlərin nümayəndələri coşqun nitqlər söyləyir, əhalinin Qızıl Orduya minnətdarlığını bildirir, ünvan və hədiyyələr verirdilər.
Yolasalma mərasimlərində çoxlu sayda azərbaycanlı qadınların iştirakı diqqəti cəlb etmişdir ki, bu da İran şəraitində heç vaxt görünməmiş bir haldır.
Bizim Təbriz şəhərindəki hissələrimizin 100 min nəfərdən artıq adamın iştirak etdiyi yolasalma mərasimi xüsusilə möhtəşəm və təsirli keçdi.
Təbrizdə qarnizonun getməsinə bir neçə gün qalmış hər axşam İran-SSRİ Mədəni əlaqələr Cəmiyyəti, erməni ictimaiyyəti, şəhər idarəsi və ayrı-ayrı ictimai xadimlər tərəfindən təntənəli yığıncaqlar təşkil olunurdu. Yerli demokratik qəzetlər Qızıl Ordunun xilaskar ordu kimi rolu və əhəmiyyətini, İran Azərbaycanı əhalisinə göstərilən yardımı geniş işıqlandıraraq, Qızıl Ordu nümayəndələrinin əhali ilə mədəni davranışını xüsusi qeyd edirdilər.
Mayın 5-də bizim hərbi maşınlarımız qruplarla Təbrizin mərkəzi küçələri ilə keçən zaman qadınlar və kişilər maşınlara yaxınlaşır, əllərini qaldıraraq, belə sözlərlə vidalaşırdılar: “nə üçün gedirsiniz?”, “nəyə görə bizi tərk edirsiniz?”, “sizə uzun ömür arzulayırıq” və s. Kolonnanın son maşını keçdikdən sonra küçəni hər iki tərəfdən tutan böyük insan kütləsi maşınların arxasınca düşüb qışqırırdı: “yaxşı yol, əziz dostlar”, “bizi unutmayın”, “tezliklə görüşənədək”.
Qızıl Ordu hissələrinin yola salınmasında iştirak etmək üçün kürd xalqının nümayəndələri nüfuzlu rəhbərlərinin başçılığı altında Şimali Kürdüstandan Təbrizə gəlmişdilər.
Tehran nümayəndələri qeyri-rəsmi olaraq indiyədək Azərbaycanda baş verənlərin qafqazlılar tərəfindən törədildiyini, amma Qəvamın heç vaxt Azərbaycan nümayəndə heyətinin tələbləri ilə razılaşmayacağını bəyan edib deyirlər: «Yaxın gələcəkdə Pişəvəri hökuməti yox olacaq”.
İngilislər son vaxtlar Azərbaycan milli hökumətinin bütün fəaliyyətini diqqətlə izləyir və onun çıxardığı qanun və sərəncamları öyrənirlər. Bu yaxınlarda onlar azərbaycanlılar və kürdlər arasında bağlanmış sazişin mətnini tərcümə edib Tehrana yollamışlar. Tehranın tələbi ilə ingilis konsulu UOLL bu günlərdə ŞEYX XİYABANİ (1920-1921-ci illərdə Azərbaycanda demokratik hərəkatın tanınmış rəhbəri, irticaçılar tərəfindən edam olunub) haqqında bioqrafik məlumatlar toplayaraq təyinatı üzrə göndərmişdir.
Amerika, Türkiyə və İran konsulları həftədə bir neçə dəfə ingilis konsulunun yanına gedirlər. Onlar Azərbaycandakı vəziyyətlə bağlı ayrı-ayrı məsələlər üzrə fikirlərini bölüşür, öz hökumətləri üçün eyni xarakterli və məzmunlu informasiyalar tərtib edirlər. Bütün konsullar üçün baş müşavir ingilis konsulu Uolldur.
Konsulluq işçilərinin vasitəsilə UOLL son zamanlar Qızıl Ordu hissələrinin çıxıb getməsi münasibətilə təşkil olunan bütün görüş və ziyafətlərlə maraqlanırdı – kim gəlmişdi, hansı sağlıqlar söylənilib, hansı hədiyyələr gətirilmişdi və s.
Aprelin sonunda Tehrandakı ingilis dairələrinə bağlı olan «Qiyami-İran» qəzetinin redaktorunun qardaşı SƏDRİ və ƏKBƏR RƏZƏVİ adlı birisi Tehrandan Rəşt şəhərinə gələrək Məclis deputatlığına mümkün sovetyönlü namizədlərə qarşı antidemokratik fəaliyyət və təbliğata başlamışlar. Göstərilən şəxslər ingilis bankının Rəşt şöbəsində ingilislərin xeyrinə təbliğat xərclərinin ödənilməsi üçün irticaçı bir tacirin adına xüsusi cari hesab açmışlar.
Amerika hərbi attaşesinin Təbrizdə olan köməkçisi, bəzi məlumatlara görə, rusiyalı ağ qvardiyaçı kapitan QAQARİN hər vəchlə Kürdüstan rayonlarına getmək istəyir. O dəfələrlə yerli hakimiyyət orqanlarına Kürdüstana getməyə buraxılış vərəqəsi üçün müraciət etmiş, amma onun bu müraciətləri nəticəsiz qalmışdır. Təbrizdə o bir neçə yerli nüfuzlu şəxslə görüşərək sovet qoşunlarının çıxıb getməsi ilə bağlı demokratların əhval-ruhiyyəsi ilə maraqlanmış, onların Tehranla ümumi dil tapmaq və İran hökuməti ilə münasibətləri dinc yolla tənzimləmək, yoxsa silahlı qarşıdurmaya getmək və öz muxtariyyətini müdafiə etmək niyyətində olduqlarını aydınlaşdırmağa çalışmışdır.
Mayın 7-də QAQARİN Təbrizdə QAZİ MƏHƏMMƏDLƏ görüşüb ona aşağıdakı sualları vermişdir:
1. QAZİ QAQARİNİN kürdlərin məişət şəraiti ilə tanış olmaq üçün Kürdüstana gəlməyinə etiraz etmir ki?
2. Amerika silahları – kürd zabitlərinin gəzdirdikləri tapançalar ruslardan alınmayıb ki?
3. QAZİ Amerikaya getmək istəməzdimi?
Bu suallara cavab olaraq, QAZİ MƏHƏMMƏD bildirmişdir:
1. Azərbaycan Milli hökuməti razılıq verərsə, o, QAQARİNİN Kürdüstana gəlməyinə etiraz etmir.
2. Kürdlərdə təkcə Amerika istehsalı deyil, həm də alman, ingilis və sair mənşəli silahlar var. Bu silahlar kürdlərdə hələ Rza şahın dövründən qalıb.
3. «Əgər Amerikaya da yol Kürdüstana olduğu kimi açıqdırsa» - deyən QAZİ MƏHƏMMƏDƏ QAQARİN dərhal belə cavab verib: “Amerikaya yol açıqdır. İstənilən vaxt getmək olar”.
Mürtəce dairələrin və ingilis-amerikan agenturasının fitnələrinə və güclü təbliğatına baxmayaraq, geniş demokratik təbəqələrin siyasi və mənəvi vəziyyəti sabit qalmaqda davam edir. İran Azərbaycanının demokratik təbəqələri Azərbaycan Milli hökuməti ilə Qəvam hökuməti arasında aparılan danışıqları diqqətlə izləyərək Tehran və Azərbaycan arasında münasibətlərin sülh yolu ilə tənzimlənməsini istəyir, eyni zamanda Azərbaycan xalqının milli hüquqlarına və demokratik nailiyyətlərinə xələl gətirə biləcək güzəştləri istisna edirlər.
Mayın 8-də Demokrat Partiyasının bütün özəklərində İranda cari vəziyyət haqqında məruzələr edilmişdir. Özəklərin birində məruzəçi Ədliyyə Naziri ƏZIMA idi. O, danışıqlarla bağlı Tehran tərəfindən irəli sürülmüş şərtlərin qəbul edilməsinin zəruriliyi məsələsinə toxunarkən, Demokrat Partiyasının üzvləri öz hiddətlərini bildirərək, ciddi etiraz etməyə başladılar.
Demokrat Partiyasının üzvləri bu cür narazılığı digər bir özəkdə eyni məzmunlu məruzə edən Milli Məclis sədri ŞƏBÜSTƏRİYƏ də bildirmişlər.
Çıxış edən partiya üzvləri qeyd etmişlər ki, Demokrat Partiyası QƏVAMIN çap olunmuş bəyannaməsi çərçivəsində bağlanacaq hər hansı sazişi tanımamalıdır.

M.C.BAĞIROV İ.İ.MASLENNİKOV
13 may 1946-cı il

24 aprel 1946-cı il tarixdə SSRİ ilə İran arasında neft sazişi bağlandıqdan sonra Azərbaycan Demokrat Partiyasının lideri S.C.Pişəvəriyə bildirirlər ki, o daha Tehran hökumətinə qarşı çıxış etməsin. Amma SSRİ-nin İrandakı diplomatik korpusunun nümayəndələri Kremlə xəbər verirlər ki, S.C.Pişəvəri bu göstərişi yerinə yetirmir.
M.C.Bağırov S.C.Pişəvərinin gələcək taleyinə biganə qalmayaraq, Demokrat Partiyasının liderini müdafiə məqsədi ilə Stalinə məktubla müraciət edir.
Sonradan, 1956-cı ildə, Bağırovun məhkəməsində bu məktub Bağırovu S.C.Pişəvərinin ölümündə ittiham edənlərə bir cavab oldu. Əgər M.C.Bağırov Pişəvərini fiziki olaraq aradan götürmək niyyətində olsaydı, hələ Təbrizdə ikən onun ölümünü istəyən Moskva emissarları ilə razılığa gələrdi. Moskvanın özündə Pişəvəriyə münasibət də buna imkan verirdi. Bu məktubda Bağırov Qəvamı da kəskin tənqid etmişdir.

F № 1, siy. № 89, iş № 112

MOSKVA, ÜİK(b)P MK
STALİN YOLDAŞA

Sizin göstərişinizə müvafiq olaraq, biz İran Azərbaycanı Demokrat Partiyası ilə əlaqə saxlamağa çalışırıq. Təbriz radiosunu və qəzetlərini izləyirik. Mühüm məsələlərdə bizimlə məsləhətləşməkdə davam edən Demokrat Partiyasının lideri Pişəvərinin çıxış və bəyanatlarına xüsusi diqqət yetiririk. İran hökuməti ilə saziş imzalandıqdan sonra Pişəvərinin çıxış və bəyanatlarında mərkəzi hökumətin ünvanına heç bir kəskin ifadə və ya ikibaşlı eyhamlar tapmırıq.
Buna baxmayaraq, konsulluq işçiləri, görünür, Azərbaycan və fars dillərini pis bildikləri üçün Pişəvərinin çıxış və bəyanatlarındakı ayrı-ayrı ifadələrə tez-tez irad tutur və SSRİ Xarici İşlər Nazirliyini düzgün məlumatlandırmırlar. Nəticədə Nazirlikdən Pişəvəriyə xəbərdarlıq olunması, ondan çıxış və ya nitqlərindəki bu və ya digər ifadənin mənası ilə bağlı izahat tələb olunması haqqında göstərişlər daxil olur. Bu da istər Pişəvərinin, istərsə də onun yaxın silahdaşlarının əhval-ruhiyyəsinə mənfi təsir göstərir.
Eyni zamanda ingilislər və amerikanlar son vaxtlar İran Azərbaycanında bizə qarşı öz həyasız təxribat fəaliyyətlərini gücləndirərək, Məclisə seçkilərə hazırlaşan bütün irticaçı qrup və təşkilatları açıq-aşkar dəstəkləməyə başlamışlar.
Azərbaycana münasibətdə Qəvamın davranışı da şübhəli görünür: bizim səfirimiz vasitəsilə Qəvam kürdlərin rəhbəri Qazi Məhəmmədi onunla görüşmək üçün Tehrana gəlməyə razı salmağı xahiş etmişdir. Qazi Məhəmməd bizim məsləhətimizlə Tehrana getmişdir. Daxil olan məlumatlara görə, Qəvam hər vasitə ilə kürdləri azərbaycanlılara qarşı çıxmağa təhrik edir. Qazi Məhəmmədə cürbəcür vədlər verməklə, Qəvam çalışır ki, kürdlər Təbrizə tabe olmasınlar.
Bu şəraitdə Demokrat Partiyasının lideri kimi Pişəvəriyə İranın gələcək demokratikləşməsi uğrunda mübarizədə qarşıya çıxacaq çətinliklər haqqında danışmağı qadağan etmək lazım deyil.

M.C.Bağırov
iyul, 1946-cı il

Hətta 1950-ci ildə S.C.Pişəvərinin ölümündən sonra M.İ.İvanov İran kommunist Partiyası haqqında dissertasiya yazanda Pişəvərini öz xalqının düşməni kimi göstərmişdi. Nəzərə almaq lazımdır ki, bu dissertasiya ÜİK(b)P MK-nın nəzdindəki İctimai Elmlər Akademiyasında müdafiə olunmuşdu.
M.C.Bağırov Malenkova məktub göndərərək qeyd edirdi ki, S.C.Pişəvəriyə bu cür münasibət heç bir məntiqə sığmır və tamamilə əsassızdır (C.Həsənli. Soyuq müharibənin başlanğıcı). O yazırdı: “Pişəvəri İran xalqı tərəfindən sevilir və görkəmli bir şəxsiyyətdir. Bu iftira Tudə Partiyası (İran Kommunist Partiyasının sədri, erməni Artaşes Ovanesyan) tərəfindən yayılmışdır. Bu, Tudə Partiyasının əksinqilabi fəaliyyətindən və eyni zamanda Pişəvəri haqqında iftiraların yayılmasından başqa bir şey deyildir. Xalq kütlələri arasında parlaq partiya və hökumət xadimi kimi Pişəvərinin adı üzərinə heç bir kölgə salına bilməz”.
M.C.Bağırov İ.Stalinə yazdığı növbəti məktubda ingilislərin şah rejimi ilə birlikdə “İntellijens-servis” kəşfiyyatçıları vasitəsilə Azərbaycan demokratik hərəkatının neytrallaşdırılması xəttini həyata keçirdiyini vurğulayaraq onları zərərsizləşdirmək təklifini irəli sürmüşdü.
O yeni yaranan Tehran hökumətində İran Azərbaycanının təmsilçisi kimi Padeqanın namizədliyini təklif etmişdi.

F. № 1, siy. № 89, iş № 112

MOSKVA, ÜİK(b)P MK
STALİN YOLDAŞA

Son zamanlar Şimali Kürdüstan rayonunda gərgin vəziyyət yaranmaqdadır. İngilislər kürdlərin devrilməsi üzrə geniş işə başlayıblar, ayrı-ayrı kürd tayfaları arasında silahlı toqquşmalar və kürdlərin azərbaycanlılara hücumlarını təşkil edirlər.
İyulun sonunda tanınmış kürd başçısı Hama Rəşid Xan Benab şəhərində ingilis kəşfiyyatçısı polkovnik Kornellə görüşdən sonra 8 kürd kəndini talan etmişdir. Rezaiyye şəhərində digər kürd başçısı Nuri Bəy azərbaycanlı kəndlilərdən öz xeyrinə vergi yığmağa başlamış, bunun da nəticəsində iyulun 20-də kürdlər və azərbaycanlılar arasında silahlı toqquşma baş vermişdir. Avqustun əvvəllərində Rezaiyye şəhərində Nuri Bəylə Rəşid Bəyin kürd tayfaları arasında silahlı toqquşma olmuşdur.
Eyni zamanda ingilislər İran-İraq sərhədində Uşnu şəhəri ətrafında İran kürdlərindən ibarət silahlı dəstələr cəmləşdirilmişlər ki, onlar da qarışıqlıq və iğtişaşlar törətmək üçün Şimali Kürdüstana hücum etməyə hazırlaşırlar.
Azərbaycanlılarla kürdlər arasında nifaq salınması istiqamətində Qəvam tərəfindən də iş aparılır. Qəvam Şimali Kürdüstan kürdlərinin rəhbəri Qazi Məhəmmədlə Tehranda görüşərkən, onun qarşısında Kürdüstanın Azərbaycandan ayrılması məsələsini qoymuşdur və bu zaman İran hökuməti ilə azərbaycanlılar arasında Şimali Kürdüstanın da daxil olduğu Azərbaycan əyaləti barədə imzalanmış sazişin mövcudluğunu nəzərə almamışdır.
Bu yöndə İran ordusunun Baş Qərargahı da iş aparır.
İngilislər bərzani tayfasından olan İraq kürdlərinin olduqca ağır maddi vəziyyətindən istifadə edərək, onların Şimali Kürdüstandan İraqa qaytarılması üzrə işə başlamışlar. Bərzani tayfasından olan İraq kürdlərinin vəziyyəti həqiqətən də olduqca ağırdır, onlar böyük maddi ehtiyac keçirir, demək olar ki, aclıq çəkirlər. İndiyədək onların Şimali Kürdüstanda məskunlaşması məsələsi həll olunmayıb.
Ümumiyyətlə, biz təkcə onlara deyil, həm də İran kürdlərinə az sayda silah və hərbi sursat verilməsi istisna olmaqla, maddi yardım göstərməmişik. Azərbaycanlılar isə onlara böyük yardım göstərmək iqtidarında deyillər, buna görə də kürdlər hər cür təxribata asanlıqla uyurlar və azərbaycanlılarla böyük silahlı toqquşmaya gedə bilərlər. Biz azərbaycanlılara məsləhət görmüşük ki, kürdlərə qənd, taxıl və digər mallarla maddi yardım imkanları tapıb bu işi gücləndirsinlər.
İraq kürdlərinin irticaçı kürd dəstələri və İran qoşunlarının Şimali Kürdüstan və Azərbaycana hücum edəcəyi təqdirdə istifadə olunacaq real silahlı qüvvə kimi saxlanması məqsədilə azərbaycanlılar düzgün olaraq belə bir məsələ qaldırmışlar ki, ermənilərin Sovet Ermənistanına köçməsindən sonra boşalacaq bir sıra kəndlər bərzani tayfasından olan İran kürdlərinə verilsin. Biz onlara bu məsələni kürd demokratlarının rəhbəri Qazi Məhəmmədlə razılaşdırmağı və ermənilərin boşaltdığı bəzi kəndləri İraq kürdlərinə verməyi tövsiyə etdik, amma Tehran hökumətinin etirazına səbəb olmamaq üçün bunu etmək mümkün deyil.
Bütün etdiklərimiz kifayət deyil. İraq kürdlərinə ilk növbədə ərzaqla kömək etmək lazımdır. Bunu yerindəcə almaq olar.
ÜİK(b)P MK-nın qərarı ilə Azərbaycanla bağlı işlər üçün bizə ayrılmış fonddakı 660 min tüməndən bu günə qədər 240 min tümən xərclənməmiş qalıb, bu vəsaitin 100 min tümənini azərbaycanlılar vasitəsilə kürdlərə ayırmağa icazə vermənizi xahiş edirik.
Sonda bunu bildirməyi zəruri hesab edirəm ki, bizim əlbir işləmək barədə çoxsaylı xəbərdarlıqlarımıza baxmayaraq, Azərbaycan demokratlarının rəhbərliyində, xüsusən Pişəvəri ilə general-qubernator Cavid arasında gərgin münasibətlər müşahidə olunmaqdadır.
Daxil olmuş məlumatlara görə, Qəvam öz hökumətində azərbaycanlılara nazir-müşavir (portfelsiz nazir) vəzifəsini vermək niyyətindədir və Pişəvəri bu vəzifəyə Cavidi tövsiyə edir. Cavidin inkişaf və hazırlıq səviyyəsinə görə bu işə tam uyğun gəlməsinə baxmayaraq, biz qorxuruq ki, onun Qəvam və ingilislərin təsiri altına düşməmək üçün kifayət qədər səbatı çatmasın. Pişəvəri isə Cavidi, görünür, ondan canını qurtarmaq üçün tövsiyə edir. Buna görə də biz nazir-müşavir vəzifəsinə Pişəvərinin Demokrat Partiyası üzrə müavini – kifayət qədər səbatlı və bizə sadiq Padeqanı tövsiyə etmək, Cavidi isə Təbrizdə saxlamaq qərarına gəlmişik.
Sizin göstərişlərinizi gözləyirik.

M.C.Bağırov
15 avqust 1946-cı il

Hadisələrin sonrakı təhlili göstərir ki, ABŞ və Böyük Britaniyanın siyasi dairələri Məhəmmədrza şaha təzyiq göstərmək məqsədi ilə ona Cənubi Azərbaycanın liderləri ilə danışıqlar aparmağı tapşırırlar. Onlar şahın diqqətinə çatdırmaq istəyirlər ki, İranın daxili, xüsusilə də xarici siyasəti ABŞ və İngiltərənin nəzarəti altında həyata keçirilməlidir. İranın neft müqaviləsində SSRİ-yə güzəştlər etməsinə baxmayaraq, SSRİ Cənubi Azərbaycanda hərəkata nəyə görə nəzarət etmək istəmədi? Və ya Stalin bu məsələnin həllindən hansı əsasla yayındı? Bu suallar bir qədər sonra da meydana çıxacaq.
Deməli, M.C.Bağırov İ.Stalinə növbəti məktubunda izah etmək istəyir ki, Moskva Cənubi Azərbaycan və Şimali Kürdüstanda baş verən proseslərə nəzarəti zəiflədərsə, Cənubi Azərbaycan və Şimali Kürdüstanda ABŞ və Böyük Britaniyanın təsir “rıçaqları” işləməyə başlayacaq.

F № 1, siy. № 89, iş № 112

MOSKVA, ÜİK(b)P MK
STALİN YOLDAŞA

Oktyabrın 20-də mən Naxçıvanda Pişəvəri, onun müavini Sadıq Padeqan və fədai (partizan) qoşunlarının generalı Qulam Yəhya Danişyanla görüşdüm.
Onlar İran Azərbaycanındakı vəziyyət barədə məlumat verdilər, onların fikrincə, Tehranın ingilisyönlü hökumətindən daha nələr gözləməyin mümkün olduğu haqqında danışdılar və onlara hərbi hücumun baş verəcəyi halda zəruri yardım göstərilməsini xahiş etdilər.
Onların bəyan etdiyinə görə, Azərbaycanda əhalinin əhval-ruhiyyəsi əsasən müsbətdir. Azərbaycan Demokrat Partiyasının nüfuzu və təsiri möhkəmlənir və güclənir. Torpaqların kəndlilər arasında bölüşdürülməsinin davam etməsi ilə bağlı böyük ruh yüksəkliyi müşahidə olunur. Ordu, xüsusilə də, partizanlar özlərini yaxşı aparır və heç bir şübhə doğurmurlar. Kürdlərlə qarşılıqlı münasibətlər qənaətbəxşdir. İndiyə qədər onlara imkan daxilində maddi yardım göstərilmişdir.
Son zamanlaradək Tehran hökumətinin Azərbaycana heç bir pul və maddi yardım göstərmədiyinə, üstəlik Azərbaycana məxsus 20 milyon tüməni qaytarmadığına baxmayaraq, azərbaycanlılar öz xərclərini birtəhər ödəyirlər, amma artıq kürdlərə, xüsusilə də çox ehtiyacları olan İraq kürdlərinə yardım etmək iqtidarında deyillər.
Bununla bərabər Azərbaycan sərhədində İran ordusunun böyük qüvvələri cəmləşmişdir. İran zabitləri və ingilis kəşfiyyatçılarının rəhbərliyi altında çoxlu iri quldur dəstələri yaradılmışdır. Demək olar ki, hər gün bu və ya digər ərazidə həmin dəstələr silahlı hücumlarla azərbaycanlıların gücünü yoxlayırlar.
Azərbaycan daxilində ingilisyönlü irticaçı elementlər və ingilislər özləri əhalinin parçalanması üzrə fəal iş aparırlar. Çaxnaşma yaratmaq məqsədilə Azərbaycan ərazisində labüd müharibə haqqında şayiələr yayır, əhaliyə vaxtında Azərbaycandan getməyi təklif edirlər. Kürdlərin azərbaycanlılarla qarşılıqlı münasibətlərində ayrı-ayrı anormallıqlardan istifadə edərək, onları bir birinə qarşı qaldırırlar.
Oktyabrın 17-də yenicə Təbrizə gəlmiş İngiltərə baş konsulu Karss qeyri-rəsmi görüş adı altında Pişəvərinin yanına getmişdir. Söhbət əsnasında o, Pişəvəriyə bir sıra suallar vermişdir:
1. Azərbaycan demokratları Təbriz aerodromunu genişləndirmək və yenidən qurmaq istəyirlərmi?
2. Azərbaycanlılar xarici ticarəti təşkil etmək və qaydaya salmaq fikrində deyillər ki?
3. Azərbaycanın hansı rayonlarında indiyə qədər neft yataqları aşkar olunub?
4. Neftdən başqa digər qiymətli yataqlar varmı?
5. Nə üçün azərbaycanlılar digər Avropa dövlətlərinin mədəniyyətindən istifadə etmək üçün onlarla daha sıx əlaqə qurmaq istəmirlər?
6. Azərbaycanlıların kürdlərlə qarşılıqlı münasibətləri necədir? Kürdlər Azərbaycanın şəhər və kəndlərinə hücuma hazırlaşmırlar ki? və s.
Pişəvəri cavab verib ki, kürdlər və azərbaycanlıların öz aralarında vuruşmasına səbəb yoxdur və onun partiyası qabaqcıl xalqların mədəniyyətinin təkcə Azərbaycanda deyil, bütün İranda yayılmasının lehinədir.
Digər məsələlərə gəldikdə isə, Pişəvəri onlar barədə Tehran hökumətinə müraciət etməyi təklif edib, çünki bu məsələlər Demokrat Partiyasının funksiyalarına daxil deyil.
Tehranda son hadisələrlə əlaqədar olaraq, Pişəvəri və onun yoldaşları hesab edirlər ki, Məclisə seçkilər İrandakı demokratik qüvvələr tam iflic vəziyyətinə salınana, Azərbaycan məsələsi aradan qalxana qədər uzadılacaq. Bundan başqa, onların fikrincə, Tehran hökuməti Azərbaycan məsələsini iki yolla: ya açıq silahlı hücumla, ya da qoşunları Azərbaycana yeritmək, qarnizon və jandarmeriyanın rəhbərliyini öz əlinə almaq imkanı qazanmaq üçün saxta saziş imzalamaq yolu ilə aradan qaldıra bilər.
Tehranla sonrakı danışıqlarla bağlı onlar yenidən təsdiq etdilər ki, bizim göstərişimiz olmadan heç bir müstəqil addım atmayacaqlar.
Silahlı hücuma gəldikdə isə, əhali sözsüz ki, müqavimət göstərəcək. Bu halda onlara yalnız silah, avtonəqliyyat və pulla kömək göstərmək lazımdır. Yardımın həcmi haqqında iki gün ərzində məlumat verməyə söz veriblər.

Azərbaycan
K(b)P MK-nın katibi (M.C.Bağırov)
22 oktyabr 1946-cı il
№ 33-34

Artıq 1946-cı ilin dekabrında regionda geosiyasi vəziyyət iki Azərbaycanın rəhbərləri S.C.Pişəvəri və M.C.Bağırovun xeyrinə olmayan şəkildə dəyişdi.
Demokratik respublikanın rəhbərliyi ilə çoxdan görüşmək istəyən ABŞ və İngiltərə emissarları sanki Tehran qoşunlarının Təbrizə doğru hərəkətini görmürdülər. Əslində ABŞ və İngiltərənin mövqelərindəki etinasızlıq bəzi incə məqamlardan irəli gəlirdi.
Hələ İkinci Dünya Müharibəsinin sonlarında, 1945-ci il fevralın 14-də ABŞ prezidenti F.Ruzvelt Səudiyyə Ərəbistanının kralı Əbdül Əziz ibn Əbdül Rəhman əl- Səuddan faşist Almaniyasının qurbanı olan yəhudilərin Fələstin torpağında yerləşdirilməsinə etiraz etməməyini xahiş etmişdi. Kralın bu xahişə münasibəti birmənalı olmuşdu. Kral belə cavan vermişdi: “Yəhudilərə qarşı törədilmiş cinayətlərə görə qoy Almaniya özü cavab versin. Yəhudilər almanlardan zərər çəkiblərsə, qoy onları incidənlərin adlarını çəksinlər. Nə üçün ərəblər başqalarının törətdiyi cinayətlərə görə cavab verməlidirlər?” Bu görüşdə Transərəb neft kəməri haqqında razılıq əldə olunmuşdu. Bundan sonra ərəb lideri digər müsəlman ölkələrinin rəhbərləri, o cümlədən İran şahı ilə görüşmüşdü. Onlarla məsləhətləşmələr apararaq mövqelərini dəqiqləşdirmişdi. İran şahının mövqeyi birmənalı idi: İsrail dövləti olmamalıdır.
Amma İkinci Dünya müharibəsi sona çatdıqdan sonra Yaşın Şərqdə Mussolininin dövründə İtaliya ərazisi sayılan torpaqlar ərəb və müsəlman ölkələrinin birləşməməsi üçün əlindən gələni edən Böyük Britaniyanın ixtiyarına keçdi. Məsələn, 1946-cı ilin əvvəllərində Liviya İtaliyanın nəzarətindən çıxdı və ABŞ, İngiltərə və Fransa arasında bölüşdürüldü. Ərəb ölkələrinin birliyini, müstəqilliyini istəyən ərəb milli-vətənpərvər qüvvələrinin nəticədə nail olduqları onların liderlərinin ölkədən çıxarılmağa başlaması oldu. “Demokratiya daşıyıcıları” – London emissarları hətta ərəb dilində olan qəzetləri də bağlamağa başladılar. Öz protektoratını Ərəb Əmirliklərinə zorla qəbul etdirən Böyük Britaniya Fars körfəzində yerləşən Tombe-Bozorg, Tombe-Kuçek, Əbu Musa adalarının adını dəyişərək, orada öz dəniz donanmasını yerləşdirdi. Tehran tərəfi isə, bu adaları tarixən İran ərazi hesab edərək, onları geri tələb edirdi. Bu adalar keçmiş Vest-Hindistan tranzit yolunda Böyük Britaniyanın hərbi-dəniz qüvvələrinin yerləşdiyi strateji obyektlər sayılırdı. Həmin adalar Böyük Britaniyaya kommunikasiyaların təhlükəsizliyini təmin etmək üçün öz hərbi-dəniz donanmasını saxlamağa imkan verirdi.
Nəzərə alaq ki, Cənubi Azərbaycanın sərhədləri Fars körfəzinə çıxmır, Fars körfəzinin İran sahillərində əsasən ərəblər və bəluclar yaşayır. O zaman ingilislər hətta İran ərəbləri üçün muxtariyyət “layihəsi” hazırlamışdılar. Amma hadisələr elə dəyişdi ki, ABŞ prezidenti Trumen ərəb dövlətlərinin razılığını almadan 100 min yəhudinin Fələstində yerləşdirilməsini bəyan etdi. Bu addım ərəb və müsəlman dünyasında böyük qəzəbə səbəb oldu. Məsələn, Səudiyyə Ərəbistanı kralı Əbdül Əziz Trumenə belə bir məktub göndərdi: “Sizin yəhudilərin mövqeyindən çıxış etməyiniz və onların Fələstin ərazisində yerləşdirilməsi haqqında bəyanatınız məni çox təəccübləndirdi. Bu ümumilikdə bizim ABŞ-la əvvəlki razılaşmamıza ziddir” (Area Handbook, səh. 172).
Tarixi bağlarla ABŞ-a bağlı olan Böyük Britaniya strateji partnyorluqdan çıxış edərək, Fələstin məsələsi ilə əlaqədar Tehran hökuməti ilə danışıqlar aparmağa başladı. Vaşinqton və Londonun təklifləri bundan ibarət idi: əgər İran tərəfi Fələstin məsələsində ABŞ və Böyük Britaniyanın mövqeyində durarsa, Fars körfəzindəki adalardan imtina edərsə, Fars körfəzi yaxınlığındakı neft yataqlarının birgə istismarına razılıq verərsə, London və Vaşinqton Cənubi Azərbaycan və Şimali Kürdüstan məsələsini İran şahının maraqlarına uyğun şəkildə həll edəcək və onu hərbi baxımdan dəstəkləyəcək. Bu isə İran Azərbaycanı və Şimali Kürdüstanın sonu demək idi.
ABŞ və İngiltərənin şərtlərini qəbul edən Məhəmmədrza şah öz ordusunu silahlandırıb Təbrizə yönəltdi. İran qoşunlarının şimala hərəkətindən narahat olan M.C.Bağırov Stalinə məktub yazaraq, hər vəchlə yardım göstərməyi xahiş etdi.
Amma heyhat! Tarixi proseslər Azərbaycanın xeyrinə inkişaf etmirdi.

F № 1, siy. № 89, iş № 112

MOSKVA, ÜİK(b)P MK
STALİN YOLDAŞA

May ayından etibarən Bakı və Kirovabad hərbi məktəblərində İran Azərbaycanından 375 zabit və kursant təhsil alır. İranda vəziyyətin dəyişməsi ilə əlaqədar olaraq, bizdə, Naxçıvan rayonunda bu kontingentdən qabaqcadan iki dəstə – biri qırıcı-tank əleyhinə, digəri isə artilleriya – yaratmağı zəruri sayırıq. Onlar qənimət kimi ələ keçirilmiş alman istehsalı olan tank əleyhinə silahlar, minomyotlar və toplarla silahlandırılacaqlar. Bu dəstələr lazım gəldikdə, Sizin icazəniz əsasında Azərbaycan demokratlarının sərəncamına veriləcəklər.
Sizin göstərişlərinizi gözləyirik.

İ.İ.Maslennikov M.C.Bağırov
2 dekabr 1946-cı il

F № 1, siy. № 89, iş № 112
ÜİK(b)P MK
STALİN YOLDAŞA

Təbrizdən alınmış informasiyanı Sizə təqdim edirəm.
Dekabrın 4-də İran qoşunları Zəncan rayonundan Miyana istiqamətində hərəkət etməyə başlayıblar. Azərbaycan və İran qoşunlarının ön hissələri arasında bir neçə saat davam edən döyüş baş verib. İran qoşunları tanklar, səhra topları və minomyotlardan istifadə edirlər. Döyüş nəticəsində gözətçi xidməti çəkən Azərbaycan partizan dəstələri Rəcəin kəndi və dəmiryol stansiyasını tərk edərək, yeni müdafiə mövqelərinə çəkiliblər
Azərbaycanlıların Miyana qruplarının komandiri Daneşyan Pişəvərinin adına göndərdiyi teleqramda tank pulemyotları və ixtisaslı zabitlərlə yardım göstərməyi xahiş edib. Daneşyanın digər bir teleqramından görünür ki, İran qoşunları həmçinin Xalxala hücum etmək və Ərdəbili ələ keçirmək üçün Tzerom və Ərməğan Xətə kəndləri ətrafında cəmləşir.
Pişəvəri radio vasitəsilə əhalini İran qoşunlarının Azərbaycana hücumu barədə xəbərdar edib.
Təbrizdə hərbi vəziyyət elan olunub.
Azərbaycanın hər yerindən kəndlilər müdafiə olunmaq üçün onları silahlandırmaq xahişi ilə Demokrat Partiyasının Mərkəzi Komitəsinə müraciət edirlər. Amma silah olmadığından rəhbərlik bu xahişləri yerinə yetirə bilmir.
Azərbaycan Demokrat Partiyasının rəhbərliyi bir daha onlara heç olmasa minimal həcmdə yardım göstərməyi: 16 top, 5 min tüfəng, 20 tank əleyhinə silah və müvafiq miqdarda mərmi və patron verməyi xahiş edir.

M.C.Bağırov
5 dekabr 1946-cı il

MOSKVA, ÜİK(b)P MK
STALİN YOLDAŞA

İran Azərbaycanındakı vəziyyətlə bağlı məni qəbul etməyinizi xahiş edirəm.

M.C.Bağırov
5 dekabr 1946-cı il

M.C.Bağırovla Stalinin görüşünün baş tutub-tutmadığı məlum deyil. Amma V.Molotovun rəhbərlik etdiyi məxfi qrup 10 dekabr 1946-cı il tarixində Azərbaycan Demokrat Firqəsi bürosunun iclasında S.C.Pişəvərini vəzifəsindən azad edərək, partiyanın sədri postuna öz adamları olan M.Biriyanı təyin etdi.
V.Molotovun tərtib etdiyi mətn əsasında M.Biriya Azərbaycan Demokrat Firqəsi adından müraciətlə çıxış etdi. Bu müraciətdə deyilirdi: “Şah qoşunları Azərbaycana gəlir və İran Məclisinə seçkilərə nəzarət edəcək. Seçkilər keçirilməli və İran Məclisinə təqdim olunmalıdır”.
Buradan görünürdü ki, artıq Kreml M.C.Bağırovu milli hisslərinə görə Cənubi Azərbaycandakı hadisələrə təsir göstərmək imkanından məhrum edir! M.Biriya Bakıya mühacirət etdikdən sonra M.C.Bağırovun qəzəbindən yaxa qurtara bilmədi: həbs olunub Sibirə sürgün edildi.
Dekabrın 20-də Cənubi Azərbaycanda şah rejimi bərpa olundu. On minlərlə ailə İranın cənubuna sürgün edildi. Sonrakı aylar Azərbaycan şəhərlərinin meydanlarında üsyançıların asıldığı dar ağacları quruldu.
Bakıya mühacirət etməyə məcbur olmuş S.C.Pişəvəri, S.Padeqan, T.İlhami, R.Qazi, digər demokratlar M.C.Bağırovun ətrafına toplaşıb ondan tədbir görməsini xahiş etmişdilər. Bağırov onların yanında İ.Stalinə zəng vurmuşdu. Söhbət zamanı o milli hərəkat xadimlərinə qarşı törətdilən özbaşınalıq və zorakılıqlar haqqında danışıb Cənubi Azərbaycan hökumətinin fəaliyyətini bərpa etməyə köməklik göstərməyi xahiş etmişdi. Buna isə Stalin belə cavab vermişdi: “Beş milyon azərbaycanlıya görə mən üçüncü dünya müharibəsinə başlaya bilmərəm”.
Telefon söhbətindən sonra, şahidlərin dediyinə görə, Bağırov hönkür-hönkür ağlamışdı. Ertəsi gün İ.Stalindən Azərbaycan demokratlarına ünvanlanmış teleqram gəldi; o, demokratları dözümlü, ciddi və möhkəm olmağa çağırırdı.
Cənubi Azərbaycandakı hərəkat iflasa uğrasa da, M.C.Bağırov öz çıxışlarında, kitablarında həmişə Cənubi Azərbaycan məsələsini qoyurdu. O, bu məsələdə hətta Stalinlə də razılaşmırdı.
1950-ci ildə M.C.Bağırovun “Azərbaycan ziyalılarının növbəti vəzifələri haqqında” kitabı çapdan çıxdı. Kitabın 30-cu səhifəsində o yazırdı: “Ümumdünya miqrasiya prosesində Azərbaycan tayfa və xalqların hərəkətinin mərkəzində olub. Azərbaycan dəfələrlə yadellilər tərəfindən təcavüz və işğala məruz qalıb. Azərbaycanı zəbt edənlər qılınc gücünə onun xalqına öz dillərini qəbul etdiriblər. Buna baxmayaraq, Azərbaycan xalqı öz milli mədəniyyətini, incəsənətini və öz dilində ədəbiyyatını yaradıb və inkişaf etdirib.
Amma İranda fəaliyyət göstərən irticaçı qüvvələr Cənubi Azərbaycanda milli dili məhv etmək siyasətini həyata keçirirlər. Azərbaycan dilində oxumaq və təhsil almaq qadağan olunub, Azərbaycan dilində yazılmış kitablar yandırılır, onların müəllifləri isə təqib olunur.Lakin onlar öz çirkin məqsədlərinə nail olmayacaqlar. Azərbaycan dili özünü həmişəlik qoruyub saxlamaq hüququna malikdir, o yaşayır və yaşayacaqdır”.


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha


© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com