Reklam verin!

Virtual Hiper e-Kitabxana

"Elektron TURAN" - "Virtual AZƏRBAYCAN" - Sadələşdirilmiş Milli e-Axtarış Sistemi

Oktyabr 26, 2007 15:48

  Adıgözəl Məmmədov. "MİRCƏFƏR BAĞIROV VƏ CƏNUBİ AZƏRBAYCAN"

İkinci hissə

F № 1, siy. № 89, iş № 95
Tam məxfi
SSRİ Daxili İşlər Xalq Komissarı
Sovet İttifaqı marşalı
L.P.Beriya yoldaşa

ÜİK(b)P MK-nın İran Azərbaycanı və Şimali Kürdüstan məsələsi ilə bağlı 8 oktyabr 1945-ci il tarixli qətnaməsinin icra olunması məqsədilə tərəfimizdən aşağıdakılar həyata keçirilmişdir:


Azərbaycan SSR DİXK və DTXK-nin İran Azərbaycanında muxtariyyətçilik hərəkatının inkişafına mane olan şəxs və təşkilatların (jandarmlar, polislər, İran ordusunun zabitləri və s.) məhvi üzrə işi təşkil etmək iqtidarında olan 21 təcrübəli əməliyyat işçisi ayrılmışdır. Bu yoldaşlar həmçinin yerli əhalidən silahlı partizan dəstələri təşkil etməlidirlər.
Əməliyyat işçilərinə yardım üçün kənd təsərrüfatı işçiləri və kolxoz aktivi sıralarından uzun müddət DİXK – DTXK orqanları ilə bağlı olmuş və bir sıra konkret döyüş tapşırıqlarının yerinə yetirilməsi ilə əlaqədar olaraq yoxlanılmış 75 döyüşçü seçilmişdiir.
Əməliyyat işçiləri və döyüşçülər qruplarla ilk növbədə Təbriz, Ərdəbil, Miyana, Rizaiyyə və Marağa şəhərlərinə yollanacaqlar, digər rayonlara isə sonralar göndəriləcəklər.
Konspirasiya məqsədilə əməliyyat heyəti yerlərə bizim İran Azərbaycanı şəhərlərindəki hərbi komendantlarımızın müavinləri kimi, döyüşçülər isə həmin o komendaturalarda sıravi kimi yerləşdiriləcəklər.
Yerlərə göndərilməzdən əvvəl ayrılmış işçilər Bakı şəhərində siyasi, hərbi və sosial hazırlıq keçəcəklər.
Azərbaycan SSR DİXK və DTXK-nin göstərilən işçilərinin (siyahı əlavə olunur) nəzərdə tutulmuş tədbirləri həyata keçirmək üçün ezam olunmasına üçün sərəncam vermənizi xahiş edirik. 96 nəfərdən ibarət əməliyyatçı və döyüşçülərin İran Azərbaycanında uzun müddət qalması zərurətini nəzərə alaraq, onların saxlanması üçün ayda 100.000 rial vəsait ayrılması haqqında göstəriş vermənizi xahiş edirik.

Azərbaycan Bakı hərbi K(b)P MK-nın katibi
dairəsinin komandanı
Ordu Generalı
(İ.İ.Maslennikov) (M.C.Bağırov)

21 oktyabr 1945-ci il
№ 273
Bakı şəhəri

Bu müraciət L.P.Beriya tərəfindən müsbət həll olunmuşdu. M.C.Bağırov özünün növbəti addımlarını regionda real vəziyyəti nəzərə almaqla atır, tədbirlər görür və öz strategiyasını formalaşdırırdı. Bundan başqa, M.C.Bağırovun tapşırığı ilə yerli mətbuatda siyasi vəziyyətlə bağlı dərc olunan istənilən məqalə dərhal tərcümə olunurdu. Bütün bunlar vəziyyətə kor-koranə baxmamağa, anatomik düşünərək, vəziyyəti idarə etməyə imkan verirdi.
16 noyabr 1945-ci ildə Təbriz qubernatorunun vəzifələrini icra edən Həsən Dövlətşahi, diviziya komandiri general Darahşahi, jandarmeriya rəisi Humaqon İran Azərbaycanındakı vəziyyəti teleqrafla Tehrana çatdırdılar. Həmin gecə İran hökuməti növbədənkənar iclas çağırdı və hərbi nazir general Riyazi tərəfindən Azərbaycanda baş verən hadisələr haqqında məlumatlar dinlənildi. Hərbi nazir öz çıxışında əhalinin Sovetlər tərəfindən silahlandırılması və hazırlanan üsyan haqqında xəbər verdi.
İranın keçmiş baş naziri Mürtəza Bayat Təbrizə yeni qubernator təyin etdi, İran ordusuna tam hərbi hazırlıq əmri verildi.
Noyabrın 18-də SSRİ-nin İrandakı səfirinin səlahiyyətlərini icra edən Əhəd Yaqubov İranın baş naziri Həkimi ilə görüşdü. Görüş zamanı Həkimi Sovet səfirinin vəzifələrinin icraçısından yeni təyin olunmuş qubernatorla Təbrizdəki Sovet zonasına 2 piyada batalyonu və bir jandarm qrupunun daxil olmasını təmin etməyi və II Dünya müharibəsinin sona çatması ilə əlaqədar olaraq Sovet Ordusu hissələrinin İran Azərbaycanı və İran Kürdüstanı ərazisindən çıxarılmasını xahiş etdi. Həkimi xahişinin yerinə yetirilməyəcəyini başa düşüb, noyabrın 17-də İran xarici işlər nazirliyi vasitəsilə Tehrandakı Sovet səfirliyinə etiraz notası göndərdi. Notada Tehran Sovet hökumətini İranın daxili işlərinə müdaxilədə ittiham edirdi. Xarici işlər xalq komissarı notaya ertəsi gün cavab verdi. Notaya cavabda deyilirdi:
“Sovet hökuməti İranın daxili işlərinə müdaxilə etmir və Azərbaycanda baş verənlər İranın daxili işidir. Sovet qoşunlarının İrandan çıxarılması məsələsi isə gündəlikdə durmur”.
Noyabr ayından başlayaraq, M.C.Bağırov hər gün Moskvaya – Stalinə, Molotova, Beriyaya və Malenkova məlumatlar verirdi. Bu məlumatları Bağırova əsasən İranda səfir vəzifələrinin icraçısı Ə.Yaqubov, DT komissarı S.Yemelyanov və Azərbaycanı Təbrizdə təmsil edən üçlük (M.İbrahimov, H.Həsənov, A.Atakişiyev) ötürürdü.
Noyabrın 18-də Təbrizdə 20 min nəfərlik mitinq keçirildi. Mitinqdə Seyid Cəfər Pişəvəri, Məhəmməd Biriya və İlhami çıxış edərək polislərə, jandarmlara, əsgərlərə müraciət etdilər: “Siz Azərbaycan xalqının oğulları və bizim qardaşlarımızsınız. Satqın adamlara qulaq asmayın, öz xalqınıza əl qaldırmayın”.
Eyni zamanda Təbriz və Azərbaycanın digər şəhərlərində SSRİ-dən gətirilmiş silahla yerli sakinləri silahlandırır və üsyançı dəstələr yaradırdılar. Bakı “üçlüyündən” Bağırova üsyançıların silahlandırılması üçün 10 min vahid hərbi sursat göndərilməsi xahişindən ibarət məktub gəlmişdi.
1945-ci il noyabr ayının ikinci yarısında Xalq yığıncaqları vasitəsilə Azərbaycan Milli Konqresinə 687 nümayəndə seçilir.
1945-ci il noyabr ayının 20-də saat 10-da Şiri-Xurşid teatrında Azərbaycan Milli Konqresi öz işinə başladı. Demokrat Partiyasının sədri Seyid Cəfər Pişəvəri və Səttarxanın qardaşı Hacı Əzimxan Milli Konqresin işini açıq elan etdilər. Konqresdə Azərbaycanın muxtariyyətinin və Milli Məclisə seçkilərin əsası qoyuldu.
Milli Konqres iştirakçıları tərəfindən Müəssislər Məclisi elan olundu. Eyni zamanda Milli heyət təsis edildi və tezliklə Milli hökumətin yaradılması planlaşdırıldı.
Noyabrın 23-də Milli Konqres Məhəmmədrza şaha, İran Məclisinin sədri Təbatəbaiyə və baş nazir İbrahim Həkimiyə müraciət ünvanladı. Müraciət 7 bənddən ibarət idi. I, VI və VII bəndlərdə deyilirdi:
I. Azərbaycan xalqı öz milli xüsusiyyətlərinə malikdir. Bu, xalqın dili, ənənələri, hüquqi və tarixi inkişaf yollarıdır. Bu xüsusiyyətlər bizə İranın tamlığı və ərazi bütövlüyünə xələl yetirmədən “Atlantika xartiyası” əsasında millətin öz müqəddəratını təyin etmə hüququna malik olmağa əsas verir.
VI. Azərbaycan xalqının xüsusiyyətlərindən biri də onun ana dilidir. Milli Konqres Milli Heyətə tapşırır ki, Azərbaycanın bütün dövlət orqanlarında rəsmi dil kimi Azərbaycan dili işlədilsin.
VII. 700 nümayəndənin iştirak etdiyi Milli Konqres daxili işlərin idarə olunması üçün 39 nəfərdən ibarət Milli Heyət təsis etdi. Milli Heyət Azərbaycan Milli Məclisi və İran Məclisinə seçkiləri təşkil edəcəkdir.
Yemelyanovun M.C.Bağırova verdiyi məlumatla tanışlıqdan sonra hamıya aydın olur ki, Təbrizdə baş verən bütün proseslərə M.C.Bağırov rəhbərlik edirmiş.

F № 1, siy. № 89, iş № 97

AZƏRBAYCAN K(b)P MK-nın KATİBİ
BAĞIROV yoldaşa

“İran Azərbaycanı üzrə tədbirlərin həyata keçirilməsinin gedişatı haqqında” məruzənin layihəsini Sizə göndərirəm.
Əlavə: 2 nüsxə

AZƏRB. SSR DÖVLƏT
TƏHLÜKƏSİZLİK XALQ KOMİSSARI
GENERAL-MAYOR
(YEMELYANOV)
20 dekabr 1945-ci il
Bakı şəhəri

Tam məxfi

İran Azərbaycanı üzrə
tədbirlərin həyata keçirilməsinin gedişatı haqqında

Azərbaycan demokratik partiyasının təşkili və noyabr ayının sonuna onun tərkibi
Son illər İran Azərbaycanında demokratik qüvvələrin fəallığı əhəmiyyətli dərəcədə artır və milli azadlıq hərəkatının genişləndirilməsi zərurəti yaranırdı.
Mövcud siyasi vəziyyətdə fəaliyyətdə olan İran Xalq Partiyası “Tudə” qarşısına xalqın milli azadlıq hərəkatının inkişafı vəzifəsini qoymur və hazırkı mərhələdə öz proqramında İran Azərbaycanı əhalisinin geniş demokratik təbəqələrinin maraqlarını tamamilə əks etdirmirdi.
Bundan başqa, Xalq Partiyasının təmənnalı məqsədlər güdən və daha çox özünün şəxsi rifahı haqqında düşünən bir sıra üzvlərinin davranışı, həmçinin Xalq Partiyasının bəzi rəhbər işçilərinin (Artaşes Avenasyan, Əmirxizi və s.) qarət və talanlara rəvac verən fitnəkar çıxışları əhalinin gözündə onun yerli orqanlarının nüfuzunu əhəmiyyətli dərəcədə aşağı saldı.
Beləliklə, milli azadlıq hərəkatına rəhbərlik etmək və bunun üçün İran Azərbaycanının bütün demokratik qüvvələrini birləşdirmək iqtidarında olan yeni siyasi partiyanın yaradılması zərurəti açıq-aydın hiss olunurdu.
Bizim direktiv orqanlarımızın bu məsələ ilə bağlı qərarına uyğun olaraq, bir sıra nüfuzlu şəxslər Azərbaycan Demokrat Partiyasının (ADP) yaradılması üçün İrandan Bakıya çağırıldı. Müvafiq söhbətlərdən sonra yeni yaradılmış Azərbaycan Demokrat Partiyasına rəhbərlik demokratik dairələr arasında nüfuz sahibi olan görkəmli azərbaycanlılardan birinə – Seyid Cəfər Pişəvəriyə tapşırıldı.
Pişəvəri tərəfindən yaradılmış təşkilat bürosu sentyabrın 3-də partiyanın qurulması, onun məqsəd və vəzifələri haqqında İran Azərbaycanı əhalisinə müraciət etdi. Müraciət İran Azərbaycanı əyalətlərinin əksəriyyətini və əhalinin bütün təbəqələrini təmsil edən demokratik ruhlu görkəmli insanlar tərəfindən imzalanmışdı.
ADP-nin proqram tələbləri və milli azadlıq hərəkatı ilə bağlı məqsədləri geniş əhali kütlələri tərəfindən böyük rəğbət və fəal dəstəklə qarşılandı. İran Azərbaycanının bütün bölgə və şəhərlərindən əhalinin nüfuzlu demokratik ruhlu nümayəndələri tərəfindən müraciətə qoşulmaqla bağlı teleqram və qətnamələr daxil oldu.
ADP-nin yaradılması ideyası həmçinin Xalq Partiyası üzvlərinin əsas kütləsi və Təbriz vilayət komitəsi tərəfindən də dəstəkləndi. Bu istiqamətdə həyata keçirilmiş müvafiq iş nəticəsində 6-7.09.45-ci il tarixdə Xalq Partiyasının vilayət konfransında Azərbaycan Demokrat Partiyasının müraciətinin hərtərəfli və fəal müzakirəsindən sonra böyük səs çoxluğu ilə vilayət təşkilatının Xalq Partiyası MK-dan ayrılması və ADP-yə birləşməsi haqqında qərar qəbul olundu.
Digər tərəfdən, təşkilat komitəsi tərəfindən partiya sıralarına üzvlərin cəlb olunması və Azərbaycan Demokrat Partiyasının təsis qurultayına hazırlığın həyata keçirilməsi üzrə ciddi və böyük təşkilati-siyasi iş aparıldı.
1945-ci il oktyabrın 8-də Təbrizdə 237 həlledici və 4 məşvərətçi səs hüququna malik nümayəndənin iştirakı ilə Azərbaycan Demokrat Partiyasının birinci (təsis) qurultayı keçirildi: qurultayda həmçinin 17 qonaq, o cümlədən, vali vəzifələrinin icraçısı, şəhərin başçısı, yerli polisin rəisi, maliyyə-iqtisad idarəsinin müdiri və b. iştirak edirdi.
3 gün ərzində qurultay iki məsələni müzakirə etdi və onlar barəsində qərar qəbul etdi:
1. Partiyanın proqram və nizamnaməsinin təsdiq olunması.
2. Rəhbər orqanların seçilməsi.
Qurultay müəyyən əlavələr etməklə partiyanın proqram və nizamnaməsini yekdilliklə təsdiqlədi, o cümlədən, qurultay proqrama aşağıdakı maddələri əlavə etdi:
a) böyük kapitalla Milli Bankın yaradılması haqqında.
b) gənclərin Gənclər Təşkilatına cəlb olunması və bu təşkilatın ADP-yə tabe olması haqqında.
c) Qadınlar Təşkilatının yaradılması haqqında.
d) bütün partiya kargüzarlığının yerli Azərbaycan dilində aparılmasının zəruriliyi haqqında.
Qurultay 41 nəfərdən ibarət Mərkəzi Komitə (Plenum) və 12 nəfərdən ibarət təftiş komissiyası seçdi. (Adbaad siyahı əlavə olunur. Bax: qoşma № 1).
Sosial mənşəyinə görə, Azərbaycan Demokrat Partiyasının rəhbər orqanlarının tərkibi belədir:
Peşəkar partiya işçiləri.............................................. 10 nəfər.
Fəhlələr ................................................................... 4 nəfər
Qulluqçular ............................................................. 7 nəfər
Sənətkarlar ................................................................ 1 nəfər
Ziyalılar ................................................................... 11 nəfər
Xırda mülkədar və xanlar ........................................ 10 nəfər
Tacirlər..................................................................... 4 nəfər
Xırda fabrik sahibləri ................................................ 2 nəfər

MK (Plenum) öz tərkibindən Rəyasət Heyəti (büro) seçib ki, bura da aşağıdakı şəxslər daxildir:
1. Pişəvəri Seyid Cəfər – sədr
2. Rəfii Nizam Dövlə – müavin
3. Padeqan Sadıq – müavin
4. Şəbüstəri Hacı Mirzə Əli – üzv
5. Salamulla Cavid – üzv
6. Zəfiri Həsən – üzv
7. Maşınçı Əli – üzv
8. Fərşçi Qulam Hüseyn – üzv
9. Cəfər Ədib – üzv
Rəyasət Heyəti (büro) üzvlüyünə namizəd seçilmişlər:
1. Birənq Həsən
2. Cövdət Həsən
Azərbaycan Demokrat Partiyasının birinci (təsis) qurultayı tam həmrəyliklə yüksək siyasi səviyyədə keçdi. Gündəlikdə duran məsələlərin müzakirəsinə başlamazdan əvvəl qurultay ayrı-ayrı əyalət və şəhər nümayəndə heyətləri rəhbərlərinin, həmçinin ermənilər, kürdlər və aysorların nümayəndələrinin çıxışlarını dinlədi. Natiqlər məqsəd və vəzifələri Azərbaycan xalqının köklü milli maraqlarını əks etdirən Azərbaycan Demokrat Partiyasını təbrik etdilər. Ərdəbil nümayəndəsi Cövdət demişdi: “...Azərbaycan xalqının siyasi və iqtisadi hüquqlarının pozulmasına son qoyan çoxdan gözlənilən bir gün gəldi. Biz çoxdan Azərbaycan xalqının təbii hüquqlarını özünə qaytarmaq və öz işlərimizi özümüz idarə etmək arzusunda idik”.
Atakişiyevdən, İbrahimovdan, Həsənovdan teleqraf məlumatları gəlir. Hazırlanmış plana görə, 14-15 dekabr 1945-ci il tarixdə Cənubi Azərbaycanda hakimiyyət Azərbaycan hökumətinin əlinə keçməlidir. Bu informasiya Yemelyanovun M.C.Bağırova göndərdiyi arayışdan məlum olur.

F № 1, siy. № 89, iş № 97

ARAYIŞ

Atakişiyev, İbrahimov və Həsənovun
Təbrizdən teleqraf məlumatı əsasında

Dekabrın12-də səhər Azərbaycan Məclisi açılır. Səhər iclasında Məclisin nizamnaməsi təsdiq olunur, Məclisin Rəyasət Heyəti seçilir və Pişəvəriyə kabinet formalaşdırmaq tapşırılır.
Axşam iclasında Pişəvəri Azərbaycan hökumətinin tərkibini Məclisin təsdiqinə təqdim edir və Məclis tərəfindən təsdiq olunduqdan sonra yeni hökumətin proqramı haqqında məruzə edir.
Dekabrın 13-də səhər iclasında Pişəvərinin məruzəsi üzrə müzakirələr açılır və xalq qoşunları haqqında qanun qəbul edilir.
Axşam yeni hökumət İran hakimiyyət nümayəndələrindən öz səlahiyyətlərini dayandırmalarını tələb edir və dərhal işə başlayır.
Hakimiyyətin çox qan tökmədən yeni Azərbaycan hökumətinin əlinə keçməsi üçün bütün tədbirləri görürük.
Mümkün müqavimətin tezliklə qırılması üçün dekabrın 13-də Mərənd, Marağa, Üskü və Bostanabad rayonlarının “Fədai” dəstələri Təbrizə yaxınlaşaraq, onu hər tərəfdən əhatəyə alacaqlar.
Eyni zamanda dekabrın 13-də Azərbaycan hökumətinin yerli hakimiyyət nümayəndələri ilə öz səlahiyyətlərini dayandırmaq barədə danışıqları zamanı “Fədai” dəstələri şəhərə daxil olaraq, ən mühüm hökumət binalarını, qarnizonu və jandarmeriyanı mühasirəyə alacaqlar.
Plana görə, hakimiyyətin Azərbaycan hökumətinin əlinə keçməsi 14-15 dekabr tarixlərində başa çatmalıdır.

AZƏRB. SSR DÖVLƏT
TƏHLÜKƏSİZLİYİ XALQ KOMİSSARI
GENERAL-MAYOR (YEMELYANOV)
10 dekabr 1945-ci il
№ 2070

1945-ci il dekabrın 12-də Təbriz şəhərində Azərbaycan Milli Məclisi açılır. Məclis elə həmin gün Seyid Cəfər Pişəvərini baş nazir seçir və o da 10 nəfərdən ibarət hökumət yaradır.
Məclisi ən yaşlı deputat Nizamüddövlə Rəfii açıq elan etdi. Daha sonra səlahiyyətlər, vəzifələr, iş qaydaları, həmçinin daxili nizamnamə qəbul olundu. Ali hakimiyyət orqanı olan Milli Məclis qanun yaradıcılığı fəaliyyətini və qanunların icrasına nəzarəti həyata keçirməyə başladı. Artıq deyildiyi kimi, Milli məclis tərəfindən ali icra orqanı – Azərbaycan hökuməti yaradıldı. S.C.Pişəvəri baş nazir, doktor Salamulla Cavid daxili işlər naziri, Cəfər Kaviyan xalq qoşunları naziri, doktor Məhtaş kənd təsərrüfatı naziri, Məhəmməd Biriya maarif naziri, doktor Övrənci səhiyyə naziri, Qulamrza İlhami maliyyə naziri, Yusif Əzimi ədliyyə naziri, Mirzə Rəbi Kəbiri yollar, poçt, telefon və teleqraf naziri, Zeynalabdin Qiyami Ali Məhkəmənin sədri, Firidun İbrahimi Baş Prokuror təyin olundu.
Milli Məclis nümayəndələri Milli hökumətdən və onun ayrı-ayrı orqanlarından hesabat tələb etmək hüququna malik idilər.
Elə birinci iclasda gizli səsvermə ilə Məclisin Rəyasət Heyəti seçildi. İki il müddətinə seçilən Rəyasət Heyəti 9 nəfərdən ibarət idi: Hacı Mirzəli Şəbüstəri – Məclis sədri, Sadıq Padeqan, Rəfii və Həsən Vilayi – sədrin müavinləri, Məhəmməd Əzimi və Muradəli Teymuri – Rəyasət Heyətinin üzvləri. Rəyasət Heyəti Milli Məclisin razılığı ilə dövlət idarəçiliyi üzrə ən mühüm işlərin yerinə yetirilməsini həyata keçirirdi. Azərbaycan Milli Məclisi Azərbaycan xalqının hüquq və azadlıqlarını təmin etmək və onun muxtariyyətini müdafiə etməklə yanaşı, milli azlıqlara da sərbəstlik hüququ verdi.
1946-cı ildə “Azad millət” qəzetinin 18-ci nömrəsində Milli Məclis nümayəndələrinin tərkibi haqqında məqalə dərc olunmuşdu ki, burada da onların əhalinin müxtəlif təbəqələrindən olması aydın görünürdü: 101 deputatdan 12-si kəndli, 16-sı ziyalı, 14-ü sənətkar, 12-si mülkədar, 15-i fəhlə, 10-u qulluqçu, 10-u tacir, 8-i müəllim, 2-si fabrik sahibi, 2-si ruhani idi.
Azərbaycan Milli Məclisi bir illik fəaliyyəti ərzində 100-dək mütərəqqi qanun və qərar qəbul etdi və bu qanunlar ardıcıl şəkildə Milli hökumət tərəfindən icra olundu. Milli Məclis tərəfindən qəbul olunmuş mühüm qanunlardan biri Məclisə qadınların da seçilə bilməsini nəzərdə tutan qanundur. (Yaxın və Orta Şərqdə ilk dəfə olaraq).
Azərbaycan xalqının milli müstəqillik və demokratiya uğrunda mübarizəsi təkcə İranda böyük əhəmiyyətə malik olmayıb, öz hüquqları uğrunda gələcək mübarizədə qonşu ölkələrə də böyük təsir göstərdi. Forma və məzmununa görə mütərəqqi hakimiyyət orqanı olan, geniş kütlələrin səyi və iradəsi ilə yaradılmış Milli Məclis bütün Azərbaycan xalqının maraqlarını ifadə edir və demokratik dəyişikliklər etmək məqsədi güdürdü.

F № 1, siy. № 1, iş № 141
Tam məxfi

ARAYIŞ
Təbrizdən Quliyevin
teleqraf məlumatı əsasında

Daxil olan məlumatlardan görünür ki, Təbriz qarnizonu hissələrinin silahlı müqavimətsiz və qan axıtmadan tərk-silah edilməsi Təbriz əhalisinin bütün təbəqələrində böyük ruh yüksəkliyi yaratmışdır. Bu, həmçinin Demokrat Partiyası və yeni Azərbaycan hökumətinin nüfuzunu kəskin dərəcədə artırmışdır.
Bizim etibarlı nümayəndəmizə iri tacirlər arasından bir neçə nəfər müraciət edərək məsələnin dinc yolla həll olunmasından razı qaldıqlarını heyranlıqla bildirmiş və Tehrana yerli zadəganların bəzi nümayəndələrinin adından məktub göndərməyi təşkil etmək və bu şəxslərin yeni Azərbaycan hökumətini dəstəkləməyə hazır olduğunu mərkəzə çatdırmaq niyyətində olduqlarını söyləmişlər.
Şəhərdə şayiələr gəzir ki, guya Azərbaycanda qayda-qanun bərqərar olduqdan sonra demokratlar Tehrana hücum təşkil edəcəklər.
Demokratların bəziləri Tehran hökuməti nümayəndələrinin Moskvaya göndərilməsi faktından narazılıq bildirərək, nümayəndələrin nə üçün xalqın deyil, şahın adından göndərildiyini soruşurdular.
Ticarət palatasının sədri Səlahyani bizim etibarlı nümayəndəmizə bildirib ki, məsələnin belə sakit həllindən sonra o, Azərbaycandan çıxıb getmək niyyətindən daşınıb və yeni hökuməti dəstəkləmək fikrindədir.
Amerika konsulluğunun katibi Meyva Aprik bizim etibarlı nümayəndəmizə bildirib ki, guya Amerika dairələri Azərbaycanda demokratik hərəkatın əleyhinə deyillər, amma onlar rusların bu işə açıq-aşkar müdaxiləsi haqqında dəqiq məlumatlara malikdirlər.
Yeni hökumətə rəğbətin artmasına həmçinin Demokrat Partiyası tərəfindən ayrı-ayrı soyğunçulara qarşı görülən ciddi tədbirlər də kömək göstərir.

AZƏRB. SSR DÖVLƏT TƏHLÜKƏSİZLİYİ
XALQ KOMİSSARI
(YEMELYANOV)
17 dekabr 1945-ci il
№ 2189

Azərbaycan Demokrat Firqəsi Parsabaddan Həmədana kimi ərazilərə nəzarət edirdi. M.C.Bağırovun tapşırığı ilə İran Kürdüstanının lideri Qazı Məhəmməd ona rəsmi olaraq müraciət etdi. Müraciətdən aydın olur ki, İran Kürdüstanının maraqları ilə bağlı qərarlar Demokrat Firqəsi tərəfindən qəbul olunurdu. M.C.Bağırov buna müsbət yanaşmışdır. Buradan belə bir nəticəyə gəlirik ki, İran Kürdüstanı müəyyən muxtariyyət hüququna malik olmaqla Cənubi Azərbaycan ərazisinə aid idi.
M.C.Bağırovun tapşırığı ilə Təbrizə göndərilmiş incəsənət xadimləri və təşviqat qrupları Cənubi Azərbaycanda yaşayan xalqlar, o cümlədən də, Azərbaycan türkləri ilə görüşür və onlarda milli özünüdərk şüuru formalaşdırırdılar. İran Azərbaycanında ilk dəfə olaraq milli dil haqqında qərar qəbul olunmuşdu (6 yanvar 1946-cı il). Bu qərarda deyilirdi:
“Bu gündən Azərbaycanda rəsmi dövlət dili Azərbaycan dilidir”.
1945-1946-cı illərdə Milli hökumətin fəaliyyəti dövründə M.C.Bağırovun köməyi ilə Cənubi Azərbaycanda Azərbaycan radiosu, Dövlət teatrı, Dövlət universiteti və digər milli mədəniyyət ocaqları yaradılmışdı.
Əlbəttə, əks tərəf, yəni Tehran bütün bu hadisələri sakitcə izləmir, öz fəaliyyətinin konturlarını formalaşdırmağa çalışırdı.
Azərbaycan Milli Məclisinin açıldığı gün Tehranda baş nazir İ.Həkimi İran məclisində çıxış edərək demişdi ki, yığılmış problemlər haqqında SSRİ rəhbərliyi ilə danışıqlar aparmaq və onlarla ümumi dil tapmaq üçün Moskvaya gedəcək. O deyirdi: “Mən də böyük Azərbaycan xalqının oğluyam, bu diyarda anadan olmuş və böyümüşəm. Mən bu insanların İrana böyük sevgi bəslədiklərini bilirəm, öz qardaş və bacılarımın vətənpərvərliyinə böyük rəğbətlə yanaşıram”.
Həkiminin SSRİ-yə getməyə hazırlaşdığı bir vaxtda üç müttəfiq dövlətin – SSRİ, ABŞ və Böyük Britaniyanın xarici işlər nazirləri Moskvada görüşürlər. 14 dekabr tarixində ABŞ-ın dövlət katibi D.Birns, bir gündən sonra isə Böyük Britaniyanın xarici işlər naziri E.Bevin Moskvaya gəlir. Həmin gün “İzvestiya” qəzetində Azərbaycan Milli hökumətinin yaradılması haqqında xəbər dərc olunur.
Üç böyük dövlətin Moskvadakı toplantısı zamanı V.M.Molotov hər vəchlə İranla bağlı məsələnin müzakirəsindən yayınırdı. Amma dekabrın 18-də Böyük Britaniyanın xarici işlər naziri Bevin Molotova İranda baş verən siyasi proseslərlə bağlı fikir mübadiləsi aparmağı təklif edir. V.Molotov bu təklifə belə cavab verir: “İran Azərbaycanında baş verən xalq hərəkatına SSRİ qarışmır, müttəfiqlərin qoşunlarının İrandan çıxarılması məsələsini isə biz Potsdam və Londonda müzakirə etmişik”.
Dekabrın 14-də D.Birns və E.Bavin Stalinlə görüşürlər. Stalin Molotovun fikrini təsdiq edir və İran hökumətinin SSRİ-yə qarşı düşmən mövqeyində olduğunu bildirir.
Moskva görüşlərindən dörd gün sonra İran Moskvaya, Londona və Vaşinqtona etiraz Notası göndərərək bildirir ki, Azərbaycan haqqında məsələni BMT-nin sessiyasında qaldıracaq. Hətta İranın baş naziri Həkimi bəyan edir ki, İran nə Azərbaycan hökumətini, nə də parlamentini tanımır. O bildirir ki, Sovet qoşunları İranı tərk edən kimi Azərbaycandakı xalq üsyanını silah gücü ilə yatıracaq.
Dekabrın 23-də İ.Stalin yenidən ABŞ-ın dövlət katibi D.Birnsi qəbul edir. Stalin bildirir ki, o, Cənubi Azərbaycan məsələsinin BMT-də qoyulmasına etiraz etmir. O hazırkı İran hökumətinin SSRİ-yə qarşı düşmən mövqeyində olduğunu bir daha vurğulayır.
Stalinin belə mövqeyindən sonra Vaşinqton və London şahənşaha izah edirlər ki, Stalinin prinsipiallığını zəiflətmək üçün Həkimi kabineti istefaya getməlidir. Buna görə də, Qəvamüs-səltənə Həkimi kabinetinə müxalifət görüntüsü yaradaraq, mətbuatda geniş təbliğata başlayır. Qəvam öz çıxışlarında “sovetpərəst” kimi görünməyə çalışır. Bu hadisələr zamanı M.C.Bağırov Ə.Yaqubov və S.Yemelyanov vasitəsilə demokratik liderlərlə əlaqə saxlayır və onlara belə bir sual verir: “Öz mövqelərinizi dəqiqləşdirin, siz Azərbaycanı müstəqil və ya muxtariyyət şəklində görmək istəyirsiniz? Əgər siz İrandan ayrılmaq istəyirsinizsə, onda dövlətiniz necə adlanacaq?”.
Dekabrın 24-də İ.Stalin Böyük Britaniyanın xarici işlər naziri E.Bevinlə görüşür. Bu görüşdə Stalin Türkiyəyə qarşı iddialarını səsləndirir. Türkiyəyə iddialar iki istiqamətdə idi. Birinci istiqamət – Stalin Türkiyənin Bosfor və Dardanel boğazlarına sahibliyinə etiraz edir. İkinci istiqamət – guya Türkiyənin şərq vilayətləri tarixən Ermənistan və Gürcüstana bağlı olduğu üçün o həmin əraziləri geri istəyir.
Stalinin bu tələbləri ilə eyni zamanda ermənilər “Türkiyə Ermənistanı” adlı xəritə buraxırlar. Moskva “tədqiqatçıları” bu qərara gəlmişdilər ki, Qars və Ərdəhan vilayətləri erməni torpaqları, Trabzon və Qara dəniz sahilləri isə Gürcüstan torpaqlarıdır. Gürcüstan SSR xarici işlər naziri Q.İ.Kiknadze L.P.Beriyaya “Türkiyə ərazisində Gürcüstan torpaqları haqqında” məktub-məruzə ilə müraciət edir. Bu məruzədə göstərilirdi ki, Türkiyə ərazisindən 17.760 kv.km Gürcüstan SSR-ə, 13.190 kv.km isə Ermənistan SSR-ə məxsusdur.
1945-ci ilin sonlarında Sovet Ordusu Bolqarıstan – Türkiyə, Gürcüstan – Türkiyə, Ermənistan – Türkiyə sərhədlərində cəmləşir.
Şübhəsiz, M.C.Bağırov Stalində bu iddiaların haradan yarandığını çox yaxşı bilirdi. O başa düşürdü ki, Böyük Azərbaycan dövlətinin yaranmasına razı olmayacaqlar. Stalin Moskvada müttəfiqlərlə görüşdən sonra anladı ki, SSRİ öz qoşunlarını İrandan çıxarmağa məcbur olacaq.
1946-cı ilin elə ilk günlərindən etibarən 1943-cü ildən İran ərazisində yerləşən ingilis qoşunları və azsaylı ABŞ qoşunları ölkədən çıxarılmağa başlayır. Moskva konfransı zamanı müttəfiq dövlətlər İngiltərə, ABŞ və SSRİ-dən ibarət Komissiyanın yaradılması məsələsini qoydular. İran şahı Məhəmmədrza, ABŞ-ın bu komissiyadakı üzvlüyünü yüksək qiymətləndirərək, ABŞ-ı İranın ərazi bütövlüyünün qarantı kimi görmək istəyirdi.
Bu prosesləri əvvəlcədən görərək, Stalin Yaxın Şərqin SSRİ-nin təsir sahəsinə cəlb olunması üçün yeni yollar axtarırdı. Görünür, bu axtarışlar zamanı Mikoyan erməni və gürcülərin Türkiyəyə qarşı “kozır kartını” Stalinin stolu üzərinə atmışdı. Sonrakı məqsəd qədim türk torpaqlarını erməni və gürcü torpağı adlandırmaq, onları Sovet Ermənistanına və Sovet Gürcüstanına birləşdirmək idi. Bu yolla İraqın şimalındakı Mosulun zəngin neft yataqlarına yaxınlaşmaq olardı. M.C.Bağırov bu ssenarini dərindən başa düşərək, Təbrizdə işləyən Bakı “üçlüyünə” S.C.Pişəvəri ilə görüşmək niyyətində olduğunu bildirir. Görüşdən sonra, Cənubi Azərbaycandakı hadisələri təhlil etdikdə, onların hansı məsələləri müzakirə etdikləri aydın olur.
Belə ki, 15 yanvar 1946-cı il tarixdə Azərbaycan hökumətinin başçısı S.C.Pişəvəri, Məclis sədri Şəbüstəri, hökumət sədrinin müavini S.Padeqan, maarif naziri M.Biriya və daxili işlər naziri S.Cavid Azərbaycan Demokratik Respublikasının yaradılması haqqında sənəd imzalayırlar (C.Həsənli. Soyuq müharibənin başlandığı yer: Güney Azərbaycan). Sənəddə deyilirdi:
1. Bizim ölkəmiz Milli-demokratik respublika adlanır.
2. Bu respublika həqiqi demokratiya əsasında yaranıb.
3. Yaxın günlərdə Müəssislər Məclisi tərəfindən demokratik dəyərlərə söykənən əsas qanun (Konstitusiya) işlənib qəbul olunacaq.
4. Azərbaycan Milli-demokratik respublikasının Konstitusiyasında söz azadlığı, mətbuat azadlığı, vicdan azadlığı nəzərdə tutulur və müxtəlif din təmsilçiləri öz dinlərinə azad etiqad edə bilərlər.
5. Dövlət orqanlarını xalqa yaxınlaşdırmaq üçün bütün dövlət məmurlarının fəaliyyətinə xalq tərəfindən nəzarət olunacaq.
6. Azərbaycan Milli-demokratik respublikası təşəbbüs göstərmək üçün şərait yaradır. İnsanların rifahını yüksəltmək üçün iqtisadi inkişafın yaxşılaşmasına zəmin yaradır.
7. Kəndlilərin rifahının yüksəldilməsi üçün dövlət torpaqları onların arasında bölüşdürüləcək.
8. İşsizliyin ləğv olunması üçün yeni sənaye müəssisələri tikiləcək.
9. Azərbaycan Milli-demokratik respublikası insanların həyatının yaxşılaşdırılması və ölkənin iqtisadi inkişafı üçün öz ərazisində faydalı qazıntıların çıxarılmasını təşkil etməli və bunun üçün geoloji tədqiqatlar və axtarışlar aparmalıdır.
10. Tehranın diktator rejimi ucbatından sivil dünyadan geridə qalmış Azərbaycanda elm, texnika və mədəniyyət inkişaf etdirilməlidir.
11. Coğrafi və etnoqrafik göstəricilər əsasında Milli-demokratik respublika aşağıdakı şəhərləri əhatə edir: Təbriz, Ərdəbil, Urmiya, Miyandoab, Marağa, Salmas, Xoy, Mərənd, Miyana, Ənzəli, Maku, Əhər, Xosrovabad, Zəncan, Qəzvin və Həmədan. Xəritəyə əsasən, bizim ərazimiz 95% azərbaycanlıların yaşadığı yerlərdir.
12. Təqdim olunmuş xəritədə Şimali Kürdüstan muxtariyyət şəklində Azərbaycan Milli-demokratik respublikasının ərazisində yerləşir.
Bu sənəddən M.C.Bağırovun Gürcüstan və Ermənistana qarşı ərazi iddialarının neytrallaşdırılması üçün hansı addımlar atdığı aydın görünür. Belə ki, M.C.Bağırovun ssenarisinə görə, hətta Sovet Ordusu İrandan çıxarılsa belə, SSRİ-nin nəzarəti altında olan müstəqil Cənubi Azərbaycan dövləti və Şimali Kürdüstan Quzey Azərbaycan ərazisinə birləşdirilir və gələcəkdə bu, ölkənin sərhədlərini İraq sərhədlərinədək gətirib çıxarır. Bu isə, öz növbəsində, SSRİ-ni İraq kürdləri və azərbaycanlılarından ingilislərə qarşı təzyiq və təsir vasitəsi kimi istifadə etməklə, İraqın şimalında – Mosulda olan zəngin neft yataqlarına yaxınlaşdıracaq.
Aydındır ki, gürcü və ermənilərin türk torpaqlarına ərazi iddiaları Bağırov və Beriya tərəfindən dəfələrlə müzakirə olunmuşdu. Hətta yeni yaranmış Azərbaycan demokratik respublikası da onların müzakirə mövzusu olub. Şübhəsiz, L.Beriya M.C.Bağırovun ssenarisini dəstəkləməli idi. Buna görə də gürcü və ermənilərin Türkiyəyə yönəlmiş və M.C.Bağırovun ssenarisinə daxil olmayan ərazi iddiaları L.Beriya tərəfindən müdafiə oluna bilməzdi. Və sözsüz ki, L.Beriyanın Türkiyəyə qarşı ərazi iddialarını dəstəkləməməsi Sovet rəhbərliyinin mövqeyində böyük rol oynadı.
Təsadüfi deyil ki, sonradan L.P.Beriya ADR və AFR-i birləşdirməyi təklif edir və bu dövlətin əsası sanki Azərbaycan Milli-demokratik respublikasının prinsipləri üzərində qurulub. 1953-cü ilin yazında Moskvada hakimiyyət və sovet siyasətinin dəyişdirilməsi uğrunda mübarizə başladıqda, Beriya ona tabe olan dövlət təhlükəsizlik aparatından Malenkov, Xruşşov və Molotovdan gizli saxladığı layihənin həyata keçirilməsi üçün istifadə etməyə çalışır. Beriya ADR-də sosializmin qurulmasının Moskvaya on il ərzində təqribən 20 milyard dollara başa gələcəyindən çıxış edirdi. Belə vəziyyətdə Beriya hesab edirdi ki, bu ballastdan azad olmaq daha sərfəli olardı. Danışıqlarda vasitəçi qismində iki fiqur nəzərdə tutulmuşdu. Birincisi, Qərbi Berlində yaşayan rus mənşəli alman aktrisası Olqa Çexova, digəri isə Berlində yaşayan və 1918-ci ilədək reyxstaqda polyak fraksiyasına rəhbərlik etmiş knyaz Yanuş Radvivill idi. Knyaz tez-tez Gerinqlə birlikdə ova gedirdi. Müharibənin sonunda, sovet ordusu Şərqi Polşa və Radvivillərin mülklərini tutduqda, onu həbs etmişdilər. Lubyankada Beriya knyazla iki dəfə söhbət aparmışdı.
1946-cı il yanvarın 22-də Kürdüstan demokratik respublikası İranın tərkibində Kürdüstan muxtariyyətinin yaradılmasını rəsmi olaraq elan etdi.
Bu hadisələri təhlil edərək Yerevanda başa düşdülər ki, M.C.Bağırovun məqsədinə çatmasına az qalıb. Bundan narahat olan Ermənistan SSR xarici işlər xalq komissarı Karapetyan Moskvada ezamiyyətdə olarkən Azərbaycan SSR xarici işlər xalq komissarının müavini Ə.Əlizadə ilə görüşdə söhbət əsnasında demişdi: “Biz İranın cənubunda yaşayan ermənilərin Sovet Ermənistanına köçməsi üçün şərait yaradırıq. Amma qeyd etmək lazımdır ki, mühacirət zamanı erməni ailələrinin əksəriyyəti SSRİ sərhədini keçməyib İranın şimalında yerləşdilər. İranın şimalında artıq 120 min erməni yaşayır. Buna görə də biz erməni muxtariyyətinin yaradılmasını tələb edirik”.
Yanvarın sonunda Londonda BMT-nin növbəti sessiyası işə başlayır. Baş nazir Həkimi İran məclisinin nümayəndəsi S.Tağızadəyə Sovet İttifaqının İranın daxili işlərinə müdaxilə etməsi məsələsini sessiyada qaldırmağı tapşırır. Beləliklə, yanvarın 19-da S.Z.Tağızadə BMT-nin komissiyasına məktubla müraciət edir. Məktubda Sovet İttifaqı İranın daxili işlərinə qarışmaqda ittiham olunur. O zamanlar BMT-nin Təhlükəsizlik Şurası hələ tam formalaşmamışdı. Amma BMT Nizamnaməsinin 35-ci maddəsinin 1-ci bəndinə əsasən, İranın bu müraciəti etmək hüququ var idi. İranın baş naziri Həkimi başa düşürdü ki, bu müraciət Sovet rəhbərliyini əsəbiləşdirəcək. Və müraciət BMT-nin müzakirəsinə çıxmasa, Həkimi SSRİ ilə münasibətləri yaxşılaşdırmaq üçün öz istefası haqqında bəyanat verəcək.
Yanvarın 26-da İran Məclisində onun istefası qəbul olunur. Yanvarın 27-də hökumətə rəhbərlik Qəvamüs-səltənəyə tapşırılır. İran məclisinin nümayəndəsi S.Tağızadənin müraciətindən sonra Sovet nümayəndə heyətinin rəhbəri A.Vışinskiy cavab məktubu ilə Təhlükəsizlik Şurasının nümayəndəsi Norman Meykinə müraciət edir. O, bu məktubda İranın iddialarının tam əsassız olduğunu göstərir.
Yanvarın 24-də Azərbaycan Milli hökumətinin başçısı S.C.Pişəvəri də BMT-nin Rəyasət Heyətinə müraciət edir. Bu müraciətdə o, Azərbaycan xalqının “Atlantika xartiyasına” əsasən öz müqəddəratını təyin etmək iradəsini ifadə edir.
Təhlükəsizlik Şurası yanvarın 28-30-da SSRİ və İranın müraciətlərini müzakirə edərək, bu iki ölkənin nümayəndələrinə öz aralarına danışmağı təklif edir. Təhlükəsizlik Şurası müqavilənin mətni ilə tanış olmaq hüququnu özündə saxlayır.
Həkiminin istefasından sonra yeni baş nazir Qəvamüs-səltənə Moskvaya gəlib Stalinlə görüşür və görüş zamanı bildirir ki, İranın şimalında neft ehtiyatları var və onlar bu yatağı Sovet İttifaqının istismarına verməyə razıdırlar.
ABŞ və İngiltərənin təkidi ilə İranın BMT-dəki səfiri Q.Əla Sovet qoşunlarının İrandan çıxarılması məsələsinin müzakirəsinə başlamaq üçün yenidən BMT Təhlükəsizlik Şurasına müraciət edir. Bu müzakirələr 1946-cı il 25 mart tarixində başlayır. Bu zaman Qəvamüs-səltənə Sovet qoşunlarının İrandan çıxarılması haqqında SSRİ-İran sazişini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırır. İranın BMT-dəki səfiri bildirir ki, Təhlükəsizlik Şurasına müraciəti İran hökuməti ilə razılaşdırılmayıb.
Moskva görüşündə Qəvamüs-səltənə Stalinin qarşısında bir neçə şərt qoyur:
1. Üç ölkə – SSRİ, İngiltərə və İran arasındakı müqaviləsinə əsasən, Sovet qoşunlarının İrandan çıxarılması haqqında əmr vermək.
2. Sovet qoşunlarının İran Azərbaycanı və İran Kürdüstanından çıxarılması haqqında əmrdən sonra Tehran şəhərində SSRİ və İran arasında neft müqaviləsi bağlamaq.
3. İran və SSRİ arasında neft müqaviləsi yeni seçiləcək 15-ci Məclis tərəfindən yeddi aydan gec olmayaraq təsdiq olunmalıdır.
4. Təbrizdəki siyasi qüvvələrin Tehrana tabe olmadığını nəzərə alaraq, Azərbaycan və Şimali Kürdüstanda 15-ci Məclisə seçkilərin keçirilməsinə “şahın silahlı qüvvələri” nəzarət edəcək.
5. İran tərəfi öz növbəsində, Azərbaycanın milli muxtariyyətini təmin edir. İran hökumətində Azərbaycan Demokrat Firqəsinin nümayəndəsinə yer veriləcəyi vəd olunur.
Əlbəttə, Qəvamüs-səltənənin Stalinlə belə şərtlərlə danışması təsadüfi deyildi. Bu şərtlər müəyyən nüanslardan irəli gəlirdi. Belə ki, ABŞ öz nüfuzunu gücləndirmək üçün Xirosima və Naqasakiyə atom bombası atmışdı, SSRİ-də isə atom bombasını hələ sınaqdan belə keçirməmişdilər. Bu məsələdə SSRİ ABŞ-dan geri qalırdı.
Buna görə də, Qəvamüs-səltənə Stalinə deyirdi: “İranın bu addımlarının London və Vaşinqtonla münasibətdə arzuolunmaz ola biləcəyinə baxmayaraq, biz sizin istəklərinizi həyata keçiririk”.
Bəzi tədqiqatçılar bu qənaətə gəlmişlər ki, “Stalin Qəvamın tələsinə düşüb”. Əslində isə bu həqiqətə uyğun deyildir. Stalin, sadəcə real vəziyyətdən çıxış edərək İranın baş nazirinin şərtlərini qəbul etmişdir.
O zamanlar SSRİ tərəfindən həyata keçirilən nüvə proqramı həqiqətən də, ABŞ-dan geri qalırdı. Bu gerilikdən narahat olan Stalin hələ 1944-cü ildə L.P.Beriyaya həmin proqramın vəziyyətini yoxlamağı tapşırmışdı. L.P.Beriya bu layihəni tamamilə öz nəzarəti altına ala bilmiş və akademik İ.V.Kurçatovun ona müraciət etməsinə nail olmuşdu.
1943-cü il fevralın 11-də İ.V.Kurçatov Atom Enerjisi İnstitutunun rəhbəri vəzifəsinə təyin olunur. V.Molotovun işindən narazı olan İ.V.Kurçatov 1944-cü ilin sentyabrında L.P.Beriyaya məktubla müraciət edir (Bax: N.K.Baybakov. Stalindən Yeltsinədək):
“SSRİ Xalq Komissarları Sovetinin Sədr Müavini L.P.Beriya yoldaşa.
M.Q.Pervuxinin və mənim Sizə ünvanlanan məktubumuzda biz uran problemləri ilə bağlı işin vəziyyəti və xaricdə bunun həddindən artıq yüksək inkişafı haqqında xəbər vermişdik.
Son ay ərzində mən uran problemləri ilə bağlı yeni kifayət qədər həcmli (300 səh. mətn) materialların ilkin tədqiqi ilə məşğul olmuşam. Bu tədqiq bir daha göstərdi ki, xaricdə bu problem ətrafında miqyasına görə dünya elm tarixində görünməmiş çox dəyərli nəticələr əldə etmiş elmi və mühəndis-texniki qüvvələr cəmləşdirilib. Bizdə isə 1943-1944-cü illərdə uranla bağlı işlərin inkişafında böyük irəliləyişə baxmayaraq, vəziyyət tamamilə qeyri-məqbul olaraq qalır.
Xammal və bölgü məsələləri ilə bağlı vəziyyət xüsusilə əlverişsizdir. 2 saylı laboratoriya maddi-texniki baza ilə kifayət qədər təmin olunmayıb. Bir çox əlaqədar təşkilatların fəaliyyəti vahid rəhbərliyin olmaması və problemin əhəmiyyətinin kifayət qədər qiymətləndirilməməsi üzündən lazımi inkişafını tapmır.
Sizin həddən artıq məşğul olduğunuzu bilərək, mən yenə də uran probleminin tarixi əhəmiyyətini nəzərə alıb Sizi narahat etmək qərarına gəldim. Sizdən işlərin bizim Böyük Dövlətimizin imkan və əhəmiyyətinə müvafiq tərzdə təşkil olunması haqqında göstəriş verməyi xahiş edirəm.

İ.Kurçatov
Moskva şəhəri
29 sentyabr 1944-cü il

1945-ci ilin əvvəllərində İ.V.Kurçatov V.Molotovdan Stalinə şikayət edir. İ.Stalin 1945-ci ildən atom layihəsinə rəhbərliyi L.P.Beriyaya tapşırır. SSRİ bu silaha malik olmalıdır. Beriya təkcə insanları sıxmaq və tələsdirməyi deyil, həm də yekun nəticəyə nail olmağı bacarırdı. Alimlərin zəruri materiallarla təmin və təchiz edilməsi probleminin həllində ikinci belə təşkilatçı tapmaq mümkün deyildi. Burada, görünür, L.P.Beriyanın yalnız yaxşı təşkilatçılıq qabiliyyəti deyil, həm də onun SSRİ kəşfiyyatındakı iş təcrübəsi özünü göstərirdi. O, atom bombasının hazırlanma sirləri haqqında məlumatlar əldə edə bilir və 20 avqust 1949-cu ildə bomba hazırlanaraq sınaqdan keçirilir. Buna görə də həmin layihədə uğur əldə edən sovet alimləri L.P.Beriyanı “atom bombasının atası” adlandırırdılar. Çox heyf ki, bu, 1946-cı ildə deyil, 1949-cu ildə baş verdi...
24 mart 1946-cı il, saat 13.40 dəqiqədə Moskvadan Bakıya 2167/68 saylı şifroqram gəlir.

F № 1, siy. № 89, iş № 112
Surəti

ŞİFROQRAM № 2167/68

MOSKVADAN
ŞƏXSƏN
BAKI HƏRBİ DAİRƏSİNİN KOMANDANI
MASLENNİKOV YOLDAŞA
4-CÜ ORDUNUN KOMANDANI
LUÇİNSKİ YOLDAŞA
SURƏTİ: BAĞIROV YOLDAŞA

1. 4-cü ordunun qoşunlarının, müəssisə və anbarlarının BAKI HƏRBİ DAİRƏSİ ərazisində daimi dislokasiya yeri tutması üçün İrandan çıxarılmasına başlayın.
2. Qoşunların çıxarılmasına martın 24-də başlamaq və bu ilin 30 aprel-10 may tarixindən gec olmayaraq tam sona çatdırmaq lazımdır.
KƏRƏC qarnizonu bu gün 24 mart saat 20-dən gec olmayaraq çıxarılmalıdır.
68 Sari diviziyası qarnizonunu sonradan dənizlə daşımaq üçün Sari, BƏNDƏR-ŞAH rayonunda toplayın. Diviziyanın avtonəqliyyatını RƏŞTDƏN keçməklə öz hərəkəti ilə göndərin.
İlk növbədə qoşunlar QƏZVİN, RƏŞT, ZƏNCAN rayonlarından və QORQAN, SARİ rayonlarından çıxarılsın.
QƏZVİNDƏN 5 aprel tarixindən gec olmayaraq çıxmaq lazımdır.
I qvardiya mexanikləşdirilmiş diviziyası (RUSSİYANOV) ən axırda çıxmalıdır.
3. Qoşunların çıxarılmasını mütəşəkkil şəkildə, sakit, səs-küysüz və xüsusi tələsiklik olmadan həyata keçirin.
Komandirlər və siyasi orqanlar çıxıb gedən sovet qoşunlarının yerli əhali tərəfindən yola salınmasını təşkil etsinlər.
Mövcud ərzaq ehtiyatlarının bir hissəsi yerli əhaliyə paylanılsın.
4. Qoşunların çıxarılma planı və qaydasını bu ilin 25 mart tarixində BAŞ QƏRARGAHA çatdırın.
Qoşunların çıxarılmasının gedişi haqqında hər gün 24.00-da məruzə edin.
Dənizlə daşınma sifarişini martın 26-dək BAŞ QƏRARGAHA təqdim edin.

№ 16006 İ.Stalin
№ 10961, 62/III Antonov
13.40. 24.3.46-cı il

Belə göstərişin gəlməsinə baxmayaraq, M.C.Bağırov Cənubi Azərbaycandakı hakimiyyəti necə saxlamağı götür-qoy edib Bakı hərbi dairəsinin komandanı Maslennikova müraciət edir və məsələləri onunla razılaşdırıb, Stalinə məktub yazır.


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha


© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com