Cəlal Ale-Əhməd. "İRAN ZİYALISI VƏ TÜRK DİLİ PROBLEMİ"
Qələmin əsas vəzifəsi həqiqəti yazmaqdır. Bu prinsip dünyanın bütün qələm əhli ilə yanaşı fars yazarlarına da aiddir. Təəssüf ki, XX əsr fars yazarlarının əksəriyyəti təqribən bütün yüzillik boyu bütöv bir xalqın dilinə və mədəniyyətinə qarşı əsl müharibəyə ya göz yumublar, ya da bu müharibəni aparanların yedəyində gediblər. Bu azmış kimi mənşəcə azərbaycanlı olan bir çoxları öz qələmi ilə şovinist hakim dairələrin xidmətində dayanıb, onların siyasətini «əsaslandırmaq» üçün dəridən-qabıqdan çıxıb. Amma yaxşı ki, istisnalar da olub. Böyük İran yazıçısı və mütəfəkkiri Cəlal Ale-Əhməd kimi. Pəhləvi rejiminin qılıncının dalı da, qabağı da kəsdiyi, ifrat fars şovinizminin tüğyan etdiyi bir zamanda Cəlal haqqında əsərlər yazdığı ziyalılığın həqiqi nümunəsini göstərib, İranda Azərbaycan türklərinə qarşı yürüdülən «mədəni müstəmləkəçilik» (ifadə yazıçının özünə məxsusdur – M.M.) siyasəti barədə həqiqəti söyləməkdən və qələmə almaqdan çəkinməyib.
Cəlal Ale-Əhməd ötən yüzillikdə İran ədəbi-ictimai fikrinin ən görkəmli simalarından biri olmuşdur. 1923-cü ildə doğulan yazıçı Tehran universitetini bitirmiş, uzun müddət orta məktəblərdə dərs demişdir. «Görüş» adlı ilk kitabı 22 yaşında işıq üzü görmüşdür. Siyasi fəaliyyətə qoşulan Cəlal əvvəlcə Tudə partiyasının, sonra «Üçüncü qüvvə» hərəkatının və nəhayət, doktor Müsəddiqin başçılıq etdiyi Milli Cəbhənin üzvü olmuşdur. 1953-cü il çevrilişindən sonra daha çox bədii, elmi və publisistik yaradıcılıqla məşğul olmuş, bir-birinin ardınca «Pətəklərin sərgüzəşti», «Məktəb direktoru», «Çörək və qələm», «Lənətlənmiş torpaq» kimi əsərlərini yazmış, Kamüdən, Sartrdan, İoneskodan, Yungerdən, Dostoyevskidən tərcümələr etmişdir. Etnoqrafiya və sosiologiya ilə maraqlanan Cəlal İranı başdan-başa gəzmiş, bu sahələrdə bir çox dəyərli əsərlər yazmışdır. Yazıçıya ən böyük şöhrəti onun 1962-ci ildə meydana çıxan «Qərbzədegi» («Qərbpərəstlik») pamfleti qazandırmışdır. Çapına qadağa qoyulan bu əsər yazıçının ölənə qədər təqib olunmasına, adının şah rejiminin «ən təhlükəli düşmənləri» siyahısına düşməsinə səbəb olmuşdur. 1968-ci ildə ürək tutmasından vəfat edən Cəlal Ale-Əhməd ötən əsrin 60-70-ci illərində Əli Şəriəti ilə birlikdə İran ictimai fikrinə çox güclü təsir göstərmişdir. 1979-cu il inqilabından sonra İranda qurulan islam rejimi Cəlal Ale-Əhmədin adından və fikirlərindən geninə-boluna istifadə (sui-istifadə!) etsə də, onun türk dili ilə bağlı yazdıqlarının üstündən keçmişdir. Bu mənada yazıçının söylədikləri şah rejimi ilə yanaşı tam mənası ilə indiki hakimiyyətə də aiddir və üstündən qırx ilə yaxın vaxt keçsə də, Cəlalın yazdıqları hələ də aktuallığını saxlayır.
Cəlal Ale-Əhmədin yaradıcılığında ziyalı məsələsi mərkəzi yerlərdən birini tutur. Bu mövzuya o, «Ziyalıların xidmət və xəyanəti» adlı xüsusi publisistik əsər həsr etmişdir. Oxuculara təqdim etdiyim yazı da həmin əsərin bir hissəsidir. Burada Cəlal İranda türk dili və mədəniyyətini məhv etməyə yönəlik siyasətin bütün aspektlərini heyrətamiz dəqiqliklə açıqlayır. Və bu zaman onun hardasa İran dövlətinin özünün mənafelərindən çıxış etməsinin, Azərbaycan dilinin tarixi və azərbaycanlıların sayı barədə mülahizələrində müəyyən yanlışlıqlara yol verməsinin elə bir əhəmiyyəti yoxdur. Əsas məsələ bu həqiqətlərin bir fars yazıçısı tərəfindən, özü də ürək ağrısı ilə qələmə alınmasıdır. Məni oxuyacağınız yazını dilimizə çevirməyə sövq edən də bu oldu.
Məsiağa Məhəmmədi
İran ziyalısının durumunu daha yaxşı təsəvvür etmək üçün başqa bir problemə də toxunmağı lazım bilirəm ki, bu da türk dili problemidir.
Yuxarıda qeyd etdim ki, İranın 25 milyonluq əhalisindən azı 6-7 milyonu türk dili arealında yaşamaqdadır. Amma onların sənət, mədəniyyət və mətbuatda, rabitə vasitələri və sosial xidmətlərdə ana dilindən istifadə etmək hüququ yoxdur. Onlar başqa bir dili, yəni kənardan onlara zorla qəbul etdirilmiş fars dilini işlətməyə məcburdurlar. Başqa sözlə, məktəblərdə, mətbuatda, radio və televiziyada, rəsmi yazışmalarda onların ana dilindən istifadə etməsi qadağandır. Qəti qadağandır. Yalnız gündə yarım saat Təbriz radiosundan türk dilində nəsə yayımlanır. Halbuki məsələn, kürd dilində uzun-uzadı radio verilişləri verilir və hətta Rəştdən gilək ləhcəsində proqramlar translyasiya olunur! Bu vəziyyətin doğurduğu ilkin nəticə bundan ibarətdir ki, biz İranda 6-7 milyon əhalini ən elementar insan hüququndan – istədiyi dildən sərbəst şəkildə istifadə etmək haqqından məhrum etmişik.
Görək bu vəziyyət daha hansı nəticələrə gətirib çıxarır.
Müasir dövrdə çoxdilli dövlətlərin az olmadığını (Hindistan, İraq, Livan, Yuqoslaviya, İsveçrə və s.), müəyyən coğrafi ərazidə yaşayan insanların milli birliyinin təmin edilməsində din, tarix, ənənələr, iqlim şəraiti kimi amillərin və bir çox digər faktorların da rol oynadığını nəzərə alsaq, hər halda Azərbaycan əhalisinə türk dilindən (yaxud səhvən «azəri» adlandırılan dildən) sərbəst surətdə istifadə etmək ixtiyarı verməyimizdə qorxulu heç nə yoxdur. İndi icazə verin, mülahizələrimizə bir zəmin yaratmaqdan ötrü son üç yüz ilin hadisələrini ötəri şəkildə gözdən keçirək.
Mən türk dilinin Azərbaycanda dəqiq hansı tarixdən işlənməyə başladığını bilmirəm. Hərçənd məsələnin bu cür qoyuluşu da düzgün deyil, çünki heç bir böyük insan toplumu bir gecənin içində öz dilini, yaxud dinini və ya ənənəsini dəyişmir. Amma onu da bilirik ki, hər hansı böyük insan toplumu digər toplumlarla qaynayıb-qarışdığı zaman çoxlu maddi və mənəvi mübadilələrdə bulunur. Bunlardan biri də dildir. Azərbaycan bir çox türk tayfalarının (Səlcuqlardan tutmuş Hülakuya qədər, sonrakı dövrdə isə Səfəvilərin bilavasitə sələfi olan Ağqoyunlu və Qaraqoyunlu türklərinin) təkcə keçib getdiyi yol deyil, həm də məskən saldığı ərazi olaraq zaman ötdükcə çox güclü ehtimalla madların (midiyalıların) dilinin qalığı olan azəri tat dilini itirdi və türkcəni qəbul etdi. Burada diqqəti çəkən bir məqam ondan ibarətdir ki, ərəb dili islam kimi qüdrətli dini dayağa malik olmasına baxmayaraq, fars dilini əvəzləyə bilmədi. Bu da yəqin onunla əlaqədardır ki, ərəb qarnizonları azsaylı idilər və yüz il keçən kimi yerli əhalinin içərisində «həll olurdular». Heç bir dini dayağa malik olmayan türk dili iki-üç yüz ilin ərzində yerli dili əvəzləmişsə, deyə bilərik ki, bu, bir tərəfdən türk ordularının sayca çoxluğu və hücumlarının davamlılığı, digər tərəfdən də fars dilinə rəğmən, azəri tat dilində ədəbiyyatın, poeziyanın və oturuşmuş bir mədəniyyətin olmaması nəticəsində baş vermişdir. Hələ onu demirik ki, Azərbaycan iqlim şəraitinə görə indiki Türkiyənin şərq bölgələrinə daha çox oxşayır, nəinki Gilana, Mazandarana, yaxud Kürdüstana, İraqa və Farsa. Və deyə bilərik ki, tarix, mədəniyyət və dil baxımından indiki Türkiyədə gedən proseslər istər-istəməz Azərbaycana da şamil olmuşdur.
Bütün bu ehtimalları bir kənara qoysaq, bilirik ki, Azərbaycan Səfəvilərin vətənidir. Və labüd olaraq, şiəlik əvvəl orada rəvac tapmalı, sonra bütün məmləkətə yayılmalı idi, baxmayaraq ki, ölkənin hər guşəsində tarixən şiə ocaqları vardı. İndi mən soruşuram: məgər türk dili Azərbaycanda şiəliyin sürətlə yayılmasının vasitəsi olmamışdırmı? Diqqət verək ki, kürdlərin əksəriyyəti hələ də şiəliyi qəbul etməyiblər. Və ona da diqqət yetirək ki, Səfəvilərdən tutmuş Qacarlara qədər saraya yaxın şəxslərin əksəriyyəti türklər olmuş və onlar əvvəl Qəzvinə, sonra İsfahana, sonra da Tehrana köçmüşlər. Bununla da belə bir ehtimalı isbat üçün dəlil əldə edirik ki, farsca ilə türkcənin ixtilafı özünün ilkin təsirini şiəliyin Azərbaycanda, sonra isə bütün ölkədə bərqərar olmasının xeyrinə göstərmişdir. Bir qədər geniş baxsaq, daha da irəli gedib görə bilərik ki, türk dili fars dili ilə iki min illik qarşıdurmadan sonra şərq tərəfdən bu ölkəyə nüfuz edə bilməsə də (çünki Xorasan bütün tarixi, coğrafi və mədəni vüsəti ilə İskəndər səddi kimi onun önündə dayanmışdı), axırı başımızın arxasından əlini uzadıb loxmanı bizim ağzımıza qoydu. Yəni Azərbaycandan. Bu, artıq tarixi bir reallıqdır, istəsək də, istəməsək də mövcuddur və bunu inkar etmək olmaz.
Daha bir məqam ondan ibarətdir ki, Səfəvilər zamanından tutmuş Qacarlar dövrünün sonlarına qədər, yəni hicri onuncu əsrdən on üçüncü əsrin axırınadək (XVI əsrdən 1920-ci illərə qədər – M.M.), İranın osmanlılar və ruslarla toqquşmalarında hərb meydanı Azərbaycan olmuşdur. Bu üç-dörd əsr ərzində Azərbaycanın əksər şəhərləri qarət olunmuş, işğal edilmiş və viran qoyulmuşdur. Bundan əvvəl də Təbriz və Sultaniyyə dəfələrlə paytaxt olmuşdur. Hər halda biz Avropa və texnika ilə rastlaşdığımız zaman ilk zərbələr Azərbaycana dəymişdir. Və bunlara müqavimət üçün ilk addımlar da burada atılmışdır. Odlu silahdan istifadə, qəzet nəşri, məktəb açılması, dramaturgiya, Avropa dillərindən tərcümə, səfərnamə yazmaq ənənəsi və s. və i.a. – bunların hamısı ya Azərbaycanda baş vermiş, ya da oradan başlamışdır. Məgər məhz bu qabaqcıllığına və avanqard roluna görə Təbriz bütün Qacarlar dövründə vəliəhdin iqamətgahı olmamışdırmı?! Yadınıza salın, xilafət dövründə Xorasanın nüfuzu həm də onunla şərtlənirdi ki, Bağdad xəlifəsi vəliəhdinin iqaməgahı idi, yaxud əksinə. Həmin əlavə amil Xorasanın nüfuzunu elə artırmışdı ki, Bağdad xilafətinə qarşı müstəqillik hərəkatı məhz buradan başlamışdı. Əgər Tusun vəliəhd üçün iqamətgah seçilməsi həm Bağdada problem yarada biləcək, həm də islam dünyasını türklərin hücumundan qorumalı olan geniş coğrafi arealın bir növ könlünü almaq məqsədilə Bağdad tərəfindən atılmış addım idisə, eynilə vəliəhd iqamətgahının Təbrizdə yerləşdirilməsi Tehran hökumətinin nümayiş etdirdiyi özünəməxsus lütfkarlıq idi ki, cəbhənin ön xətti tam qorunmasa da, heç olmasa məmnun qalsın. Bütün bunları nəzərə aldıqda, məgər başa düşmürsünüz ki, nə üçün əyalət və vilayət əncümənləri anlayışı təbrizlilərin təkidi liə Əsas Qanuna daxil edilmişdir? Və nə üçün Məşrutəni Təbriz qiyamı xilas etmişdir? Xiyabani və Pişəvəri hərəkatları da eyni adla Azərbaycanda başlamışdır?! Bu məsələlərin üzərinə bir də qayıdıcağıq.
Bütün ehtimallardan kənarda bildiyimiz digər bir məsələ bundan ibarətdir ki, Səfəvi və Qacar saraylarının daxili dili türk dili olmuşdur. Və Kaşi, Nətənzi, Məhəllati, Aştiyani soyadlı mirzələrin və katiblərin təsiri ilə rəsmi və kitab dili fars dili olsa da, saraydan türk dilində neçə-neçə şerlər və məktublar İstanbuldakı «ali dərgaha» göndərilmiş, oradan isə fars dilində cavab gəlmişdir. Əgər ədliyyə, nəzmiyyə, bələdiyyə kimi sahələrə aid idarəçilik terminlərinin əksəriyyəti İstanbul türkcəsindən təsirlənməklə fars dilinə keçmişdirsə, bunun səbəbi o olmuşdur ki, Təbrizdə staj dövrünü başa vurub hökmranlıq üçün Tehrana yollanan şahzadə ilə bərabər bir sıra saray münşiləri də paytaxta gəlir və dövlət aparatında söz sahibinə çevrilirdilər. Onların ən parlaq nümunəsi Hacı Mirzə Ağası olmuşdur.
Bildiyimiz digər məqam ondan ibarətdir ki, bütün bu qabaqcıllıq, öncüllük, avanqardlıq və ən başlıcası, dil eyniyyəti üzündən Qacarlar hakimiyyətinin son yüz ilində ta 1921-ci il çevrilişinə qədər Azərbaycan ziyalıları mədəni baxımdan ya Qafqaza, ya da İstanbula meyl etmişlər. Belə ki, Məhəmmədəli şahın Məşrutə hərəkatı üzərinə hücumundan sonra ziyalıların bir qismi İstanbula mühacirət etmiş, Qafqaz sosial-demokratiyasına meylli olan Axundzadənin, Sabirin, Talıbovun və digərlərinin yazıları Məşrutə hərəkatının hazırlanmasına və Təbriz qiyamına güclü təsir göstərmişdi. Məhz belə bir keşməkeşli dövrdə hicri on dördüncü əsrin (1920-ci illərin – M.M.) əvvəllərindən etibarən Tehran hökuməti bütün ölkədə əhalinin birdilli olmasına çalışdı, hətta bu yöndə bir vaxtlar Səfəvilərin xalqın məzhəb eyniyyətini təmin etmək üçün əl atdığı zorakı üsullara bənzər sərt xətt yürütməyə başladı. Əlbəttə, mədəniyyətin, təhsilin, mətbuatın və kitab nəşrinin hələ yayılmadığı dövrdə dil müxtəlifliyi elə bir problem doğurmurdu, çünki sadə əhali savadsız idi, yalnız şəriət və məzhəb sahəsində – türk dilinin qadağan olunmadığı yeganə sahədə müxtəsər biliklər əldə edirdi (burada türkcə rövzəxanlıq və növhələri, həmin sahədə mövcud olan çoxsaylı kitabları ayrıca qeyd etməliyəm). Amma Leninin hakimiyyətini birinci olaraq tanıyan çevrilişçilər bir tərəfdən Məşrutədən sonrakı hökumətlərin yürütdüyü milli vəhdət siyasətinin, digər tərəfdən də Oktyabr inqilabının ardınca Rusiyada milli azlıqlara dil sahəsində verilən azadlığın doğurduğu cazibənin təsiri üzündən dil müxtəlifliyinin doğurduğu problemi dərk etdilər və istər-istəməz türk dili ilə sərt davranmalı oldular. Artıq qırx neçə ildir ki, İran hökumətlərinin bütün səyi nəinki türk dilini məhdudlaşdırmağa, hətta onu məhv etməyə yönəlmişdir. Onu «azəri dili» adlandırdılar, gəlmə dil olduğunu iddia etdilər, Azərbaycan şəhərləri və kəndlərinin adlarını dəyişdirdilər, milliyyətcə türk olan məmurları və əsgərləri farsların yaşadığı bölgələrə və əksinə göndərdilər. Amma bütün bunlara baxmayaraq biz hələ də türk dilini məhv etmək yönündə kiçicik müvəffəqiyyətə belə nail ola bilməmişik. Üstəlik biz türk ilə fars arasında elə gizli bir nifaqa səbəb olmuşuq ki, azacıq münasib şərait yaranan kimi yenidən Demokrat Firqəsi şəklində baş qaldıracaqdır. Hər iki tərəfdə geniş yayılmış təhqiramiz sataşmaları (bunun nümunələrinə ədəbiyyat və tarixşünaslıq sahəsində də rast gəlirik) bir kənara qoysaq, bütövlükdə vəziyyət elə bir şəkil alıb ki, milli vəhdətin yerini bir növ milli ədavət tutub və bizim hökumətlər özlərinin ədalətsiz qaydalarını bərqərar etməkdən ötrü bundan istədikləri kimi faydalanıblar. Təkcə milliyyətcə fars olan məmur və əsgərlərin türklərin yaşadığı ərazilərə, türk mənşəli məmur və əsgərlərin isə farsların yaşadığı bölgələrə göndərilməsi barədə hökumətin təlimatını qeyd etmək kifayətdir. Bunun sayəsində belə bir acınacaqlı nəticənin şahidiyik ki, bütün ölkədə məmurlar, əsgərlər və jandarmlar, yəni hökumətlə xalqı bir-birinə bağlayan sonuncu halqalar yerli əhaliyə tamamilə yaddır. Onların davranışı bir növ müstəmləkəçi davranışıdır, əhali ilə münasibətləri qarşılıqlı anlaşma əsasında yox, qorxu və biganəlik üzərində qurulub. Mən tam əminəm ki, son qırx ildə baş vermiş bütün toqquşma və döyüşlərdə heç bir yerli əsgər öz şəhər və vilayətində əhaliyə qarşı silah işlətməyib. Əksinə, milliyyətcə türk olan əsgər Tehranda, yaxud mənşəcə fars olan əsgər Azərbaycanda əhaliyə yaylım atəşi açıb və bununla da o vaxtadək eşitdiyi təhqiramiz atmacaların, qarşılaşdığı bütün hörmətsizliyin hayıfını çıxıb. Əgər bizdə dövlət və hökumətin xalqla əlaqəsi sağlam bir əlaqə deyilsə, bunun səbəbi məmurların yerləşdirilməsində yürüdülən həmin siyasətdir. Bizim başçılar bununla milli vəhdət yaratdıqlarını güman ediblər, halbuki əslində məmur – vətəndaş münasibətlərində anlaşılmazlığa şərait yaradıblar, çünki onlar bir-birinin dilini başa düşməyiblər. Və diqqət yetirin, həmin xırda məmur – əsgər, jandarm, yaxud adi idarə işçisi – əsla ziyalı deyil, ali təhsil almayıb və universitet görməyib ki, öz davranışında bir tarazlıq yarada bilsin. Türkdilli bölgələrdən çıxan ziyalılara gəldikdə isə, mən şəxsən iyirmi neçə illik müəllimlik fəaliyyətimdə çox görmüşəm ki, türkdilli şagirdlər bütün dərs ili ərzində özlərini sinifdə azacıq da olsa göstərməyə çalışmayıblar, çünki fars dilini yaxşı bilmədiklərinə görə məsxərəyə qoyulacaqlarından qorxublar. Həmçinin eşitmişəm ki, bütün ölkə üzrə universitetlərə müsabiqə keçirilərkən, türkdillilər farsdillilərlə müqayisədə 30 faiz az qəbul olunurlar. Bir gün Ərdəbildə əvvəllər mənim şagirdim olmuş məktəb direktoru ilə söhbət edəndə, dedi ki, hər tədris ilinin başlanğıcında yeni şagirdləri qeydiyyata alarkən, müxtəlif sənədlər, fotoşəkil və doğum haqqında şəhadətnamənin surətini tələb etməklə yanaşı, uşaqların başına da baxır və əgər bir uşağın saçları altında xəncər vurmağın izi olarsa, onu məktəbə götürməkdən imtina edir. Bütün bunları nəzərə aldıqda, türkdillilərin rəhbər vəzifələrə yüksəlmək imkanının labüd şəkildə farsdillilərə nisbətən daha az olduğunu güman etmirsinizmi?! Və bircə bu reallığın nə qədər məhrumiyyətə, nə qədər kin-küdurətə bais olduğunu və sonda Demokrat Firqəsi olayına yol açdığını düşünmürsünüzmü?!
Yaxud müasir qəzəl şairi Şəhriyara diqqət yetirin. O, türk dilində birinci dərəcəli şairdir və onun «Heydərbabaya salam»ı Nimanın «Əfsanə»si ilə müqayisə oluna bilər. Amma farsca qəzəllərində o, üçüncü, yaxud dördüncü dərəcəli şairdir. Və o, təhsil aldığı illərdə hələ türk dilinə belə qadağa qoyulmamışdı. İndi türk dilinə qoyulmuş qadağanın ən böyük təhlükəsi budur ki, gələcəkdə həmin diyardan daha heç bir şair və yazıçımız olmayacaq. Əgər ədəbiyyatın dilinin rəsmi hökumət və dövlət dili olan ikinci dil deyil, səmimiyyət, uşaqlıq, beşik və ana qucağının dili olduğunu nəzərə alsaq, Şəhriyar fenomenini izah edə bilərik. Bəs müasir türkdilli gənc şair və nasirin öz əsərlərini nəşr etdirməkdən ötrü Bakı və İstanbul mətbuatına üz tutmaması üçün nə etmək lazımdır? Məgər razılaşmırsınızmı ki, ziyalının iş aləti söz və dildir və belə olan halda məmləkətin 6-7 milyonluq türkdilli əhalisinin ziyalı potensialı ya beşiyindəcə məhv olur, ya özünü reallaşdırmaq üçün vasitə tapmır, yaxud tapırsa da, yolundan sapmalı olur?! Bütün əlifba və dil islahatçılarına diqqət yetirin – Fətəli Axundovdan tutmuş Bağçabana və Kəsrəviyə qədər onların hamısı türk və azərbaycanlı olub! Az qala əminliklə demək olar ki, onların hər biri bizim farscanı anlamadıqları üçün özlərinin tanıdığı və özlərinin quraşdırdığı xüsusi bir fars dili yaratmaq istəmişlər. Eləcə də ölkədəki rəhbərlik piramidasının zirvəsinə yüksəlmiş azərbaycanlı şəxsiyyətlərə diqqət yetirin – onlar yollarını azmadıqları, səhv və xəyanət etmədikləri halda belə, əksərən uğursuzluğa düçar olmuşlar. Həmçinin diqqət yetirin ki, Tudə partiasının və Demokrat Firqəsinin daxilində əsas hərəkətverici qüvvə mühacirlər olmuşdur. Eyni zamanda bir dəstə türkdilli ziyalının ifratçılığına diqqət yetirin ki, hakim dairələrə nüfuz etməkdən ötrü bizdən də amansız şəkildə öz köklərinə balta çalırlar və qərbpərəstlik sahəsində öndə gedən təqlidçilər qismində çıxış edirlər. Nəhayət, ona diqqət yetirin ki, Azərbaycan camaatı eynən yəhudilər kimi necə də işgüzar və qənaətcildir. Çünki biz mədəni fəaliyyət imkanını onun əlindən almışıq və yalnız maddi məsələlərdə ona fəaliyyət azadlığı vermişik. Buna ən parlaq sübut son qırx ildə ölkədəki bütün quruculuq işlərinin azərbaycanlı fəhlələrin qolunun gücü ilə aparılmasıdır. Bütün dəmir yolları, bəndlər, binalar Xalxal və Ərdəbil fəhlələrinin əli ilə tikilmişdir, yolları onlar çəkmiş, asfaltı onlar döşəmiş, podrat işlərini onlar görmüşlər. Hazırda Tehranda boru kəmərlərinin bütün texniki işləri tam şəkildə onların əlindədir. Əgər bir insan toplumunu kitab, qəzet, sinif və mədəniyyətlə təmasdan məhrum edirsənsə, onu elm və mədəniyyət sahəsindəki mübadilələrdə iştirak etməyə qoymursansa, o ya sırf fiziki fəaliyyətə yönəlir (fəhlə, əsgər, jandarm və hər cür iş icraçısı qismində), ya da mədəni səciyyə daşımayan zehni fəaliyyətə. Yəni iqtisadiyyatı öyrənir və Tehranın iki başındakı baqqal dükanlarının üçdə ikisini öz ixtiyarına alır. Və ən pisi odur ki, əgər onun ana dilinin hətta radioda işlənməsindən də imtina etdinsə, həmin dildə danışan xarici radiostansiyaların cazibəsi daha da artır. Hazırda şəhərlərdə yaşayan və radiosu olan azərbaycanlıların 90 faizi Bakını tutur. Onu bir kənara qoyaq ki, Azərbaycanda radiodan istifadənin səviyyəsi, məsələn, Gilanda və Mazandaranda olduğundan aşağıdır. Azərbaycan kəndlərində radiosu olan qəhvəxanalara az-az rast gəlirik, çünki onun dilini başa düşmürlər, Bakını da tutsalar, mütləq jandarm tərəfindən incidiləcəklər. Bir sözlə, bu böyük rabitə vasitəsi 6-7 milyonluq azərbaycanlı üçün istifadəsiz qalıb, əgər onun köməyilə rabitə qurulursa, o da bu tərəflə, Tehranla yox, Bakı ilə olur. Bu vəziyyətin başqa bir nəticəsi ondan ibarətdir ki, Azərbaycan kəndində radio dini qurumların yerini tuta bilməyib. Və bu səbəbdən Azərbaycanda dini qurumlar Səfəvilər dövründəki gücünü və təsirini hələ də saxlayır. Çünki türk dilində rövzə oxuyub sinə vururlar. Xəncər vurmaq hələ də Ərdəbildə geniş yayılıb. Hər kənddə şəhər məscidlərindən də böyük, gözəl və varlı bir-iki məscid var. Yalnız Azərbaycan mehmanxanalarında pəncərənin kənarında, yaxud buxarının üzərində namaz qılmaq üçün möhür daşı qoyulur. Heyif ki, əldə statistik rəqəmlər yoxdur, yoxsa göstərmək olardı ki, Quma oxumağa gedənlərin böyük bir qismi türklərin yaşadığı bölgələrdəndir, yaxud ən azı bilinərdi ki, buradakı azərbaycanlı tələbələrin sayı digər regionlardan gələnlərdən xeyli çoxdur. Hələ də Xoyda, Ərdəbildə, hətta Təbrizdə qadınlar hicabsız küçəyə çıxa bilmirlər və bu baxımdan şərait Qumdakından da sərtdir. Hələ də azərbaycanlıların təziyə dəstələri istər Tehranda, istər bütün şimal şəhərlərində və Mazandaranda (buranın bütün əmək bazarı azərbaycanlıların ixtiyarındadır), istərsə də Təbrizdə və vilayətin digər şəhərlərində ən böyük dəstələrdir. Və bütün bunlara əks reaksiya belədir ki, əgər bir azərbaycanlı öz yurdundan qaçıb Tehrana və qeyri-türklərin yaşadığı digər bölgələrə gedirsə, hədsiz dərəcədə modabaz, qərbpərəst, dinsiz və yasaq bilməyən bir insana çevrilir.
Beləcə ölkə ziyalılığının vücudu kiçilib, onun nailiyyətləri Azərbaycana çatmır, yaxud əksinə. Və mən əminəm ki, ziyalıların bir nömrəli problemi olan savadsızlığın ən yüksək səviyyəsi Azərbaycandadır, çünki azərbaycanlılar məktəbdən ikiqat məhrumdurlar. Əgər fars məktəbə gedə bildisə, hər halda az-çox savad qazanacaq. Amma azərbaycanlı türk oxumaq imkanının məhdudluğuna rəğmən, birtəhər məktəbə yol tapdısa, nə fars müəlliminin dilini anlayacaq, nə də dərslikdən baş çıxaracaq. O, altı-yeddi yaşınadək «ab» və «nan» sözlərini «su» və «çörək» kimi eşitdiyi halda, kitabında bunların şəkli altında iki qəribə sözün yazıldığını görəcək. Və öyrəşdiyi sözün fonetik obrazını onun vizual obrazı ilə uyğunlaşdırıb tanımaq əvəzinə, öyrəşmədiyi bir sözün fonetik və vizual obrazlarını zehnindəki məfhumla əlaqələndirib qavramaq məcburiyyətində qalacaq. Bu, düzgün qoyulmayan təməl daşıdır. Və bu anlaşılmazlıq təhsilin sonuna qədər, ömrün axırına qədər davam edəcək.
Bütün bu nəticələri nəzərə alsaq, məgər bizim hökumətin milli vəhdət siyasətindən daha yüksək və daha geniş bir anlayışa üz tutmalı olduğu gün yetişməyibmi?! Və bu sahədə iyirminci əsrə yaraşan metodlarla hərəkət etməyinin vaxtı çatmayıbmı?! Axı artıq xaricə meylin siyasi və ideoloji təhlükələri aradan qalxıb və yalnız dil cazibəsi qalıb. Hətta, məsələn, Təbriz Universitetini türk dilində elm və mədəniyyətin öyrənilməsi mərkəzi şəklinə salmaq olar. Belə ki, sərhədin o tayında türk dili rəsmi dil olsa da, rus əlifbası ilə yazılır, sərhədin digər bir tayında, yəni Türkiyədə isə türkcəni latın əlifbası ilə yazırlar. Buna baxmayaraq, hələ də İrana qastrola gəlmiş Qafqazlı müğənni Rəşid Behbudova Təbrizdə çıxış etməyə icazə vermirlər və ya rus Azərbaycanından ölkəmizə gələn futbolçular yalnız Tehranda görüşlər keçirirlər, yaxud rus şərqşünası Əliyev (1960-cı illərdə dəfələrlə İranda elmi ezamiyyətdə olmuş məşhur Azərbaycan alimi, professor Rüstəm Əliyev nəzərdə tutulur – M.M.) fəryad qoparır ki, niyə onu Təbrizdə bir neçə gün qalmağa qoymurlar. Amma əslində diqqət yetirmək lazımdır ki, cazibənin səbəbi nədir. Əgər bizim hökumətlər Azərbaycan əhalisinin sərhədin o tayına olan marağının dil məsələsi ilə bağlı olduğunu görüb bu vilayətdə əsas dilin ana dili, sonrakı məcburi dilin isə fars dili olmasına icazə versələr, bütün bu narahatlıqlar aradan qalxar. Mən mübaliğəyə varmadan bunu demək istəyirəm ki, iqlim və coğrafi şəraitlə, dünya siyasətinin təsiri ilə bağlı olan digər amilləri bir kənara qoysaq, Azərbaycanda baş verən bütün böhranlı vəziyyətlər dil məsələsindən doğmuşdur. Burası düzdür ki, Azərbaycan İranın ən böyük vilayətidir və öz sərvətlərinə (əkinçilik və maldarlığa) əsaslanaraq neft gəlirlərinə ehtiyac duymadan özünü təmin edə bilər. Amma əgər biz ona yerli və ana dili olmayan bir dildən istifadə etmədən məktəblərini, mətbuatını və mədəniyyətini idarə etməyə icazə versək, onda sərhədin o tayına meyl etmək qorxusu aradan qalxar. Üstəlik bunun sayəsində ölkə ziyalılığının vücudu xeyli böyüyər.
Mən İran ziyalılarının qarşısında duran problemləri sadaladığım bu fəslin sonunda məsələyə daha da aydınlıq gətirib demək istəyirəm ki, milliyyət məfhumunun meydana çıxdığı vaxtdan, yəni Məşrutə dövründən indiyə qədər İran hökuməti siyasi və iqtisadi baxımdan olmasa da, heç şübhəsiz, mədəni baxımdan Azərbaycanı özünün müstəmləkəsi bilir və bu mədəni müstəmləkəçiliyin ən mənfi nəticəsi Azərbaycan ərazisində türk mədəniyyətini məhv etməkdən ibarətdir...
