Bettş Bleyer. "Ciddi problem ciddi də tədqiqat tələb edir"
Kitab ilk dəfə 1937-ci ildə qürbətdə (Avstriyada) xarici naşir (E.P.Tal və Komani) tərəfindən xarici dildə (alman dilində) çap olunmuşdur.
Lakin şübhəsiz ki, Bolşevik inqilabı ərəfəsində (1920-ci il) Bakıda baş verən hadisələri təsvir edən bu əsərdə süjet boyu Azərbaycanla bağlı hadisələrin təsvirinə geniş şəkildə rast gəlinir.
Günün siyasi və sosial vəziyyətini formalaşdıran hadisələr şübhəsiz ki, əsərin əsil müəllifini dərindən narahat edirdi. Əsər, onu nəql edənin ruh düşkünlüyü ilə bitir. Çünki yazıçının vətəni ilə bağlı ümidləri gözlərinin önündəcə puç olub gedir. O, anlayır ki, həyat bir də geri dönməyəcək; vəziyyət yaxşılaşmayacaq. Son səhifəni çevirəndə və son sözləri oxuyanda sanki balabanın qəmli səsini dinləyirsən.
Bəs bu acılı-şirinli hekayənin müəllifi kimi olub? Bizi daim aktual olan məsələlərə qarşı belə həssaslaşdıran şəxs kimdir? Biz bu gözəl əsər üçün kimə təriflər deməliyik?
Milli “yaddaşın aşınması” məsələsində XX əsr xüsusilə Azərbaycan kimi ölkələrlə sərt davranmışdır. Siyasi çevrilişlər və müharibələr bu ölkənin zehni inkişafına böyük təsir göstərmişdir. Təbiidir ki, müxtəlif mənbələrdən istifadə etmək imkanı olan və ədəbiyyatı sevən hər hansı bir şəxs haqlı olaraq bu tarix külçəsinin Azərbaycana geri qaytarılmasını istərdi. İctimai yaddaşı olmayan cəmiyyətlər və millətlər sağ qala bilərmi? Kimliyimizin əlaməti rolunu oynayan, kim olduğumuzu, haradan gəlib haraya getdiyimizi anlamaqda bizə kömək edən məgər tarixi yaddaş deyilmi?
Bu yaxınlarda, 10 avqust 2007-ci ildə Nuridə Atəşi Bakıda mətbuat konfransı keçirərək “Əli və Nino”nun müəlliflik məsələsinin həll olunduğunu elan edib. O, aşağıdakı məsələlərlə bağlı sübutu olduğunu iddia edir: 1) Qurban Səid Əsəd Bəydir; 2) Əsəd Bəy yəhudi deyil; 3) Əsəd Bəyin əsl adı Lev Nussimbaum deyil, Arslan İbrahim oğludur; 4) Əsəd Bəy tərəfindən qələmə alınmış, lakin üzərində “Qurban Səid” imzası olan üçüncü bir əsər mövcuddur.
Müəllifliklə bağlı tədqiqat həqiqətən də çox mürəkkəbdir və açığını desək, beynəlxalq jurnallar və biblioqrafik vəsaitlərin olmaması üzündən, Azərbaycanda bununla bağlı geniş tədqiqat aparmaq demək olar ki, qeyri-mümkündür. Buna görə də mən 8.000 mil uzaqda — Los Ancelesdə Kaliforniya Universitetinin kitabxanasında apardığım tədqiqatdan danışmaq istəyirəm. ABŞ-da Harvarddan sonra ikinci ən böyük kitabxana kompleksinə malik olan Kaliforniya Universitetinin kitabxanasında tədqiqat aparmaq üçün inanılmaz dərəcədə zəngin mənbələr var.
Redaktoru olduğum “Azərbaycan İnternəşnəl” jurnalında (indi jurnalın nəşr olunmasının 15-ci ili tamam olur) biz 2003-cü ildən bəri son dörd il ərzində müəlliflik məsələsilə bağlı tədqiqat aparırıq. Kitabın 27 dildə nəşr olunduğunu çox böyük əziyyətlərlə ortaya çıxaran biz olmuşuq. Məhz bunun nəticəsində bu kitabın Azərbaycan tarixində ən çox nəşr edilmiş kitab olduğu ortaya çıxmışdır.
Kitabın nəşri ən azı üç əsas mərhələdə (1937, 1970-ci illərdə, 1990-cı ilin sonu və 2000-ci ilin əvvəlində) baş verdiyi üçün heç kəs, hətta müəlliflik hüququna malik olan Lila Ehrenfels — kitabın bu qədər dildə nəşr olunduğunu bilmirdi. Heç kitabı yeni bazarlara çıxarmaq üçün Ehrenfelsin icazəsini alan Nyu-York şəhərindəki Overluk Presin əməkdaşı olan Piter Meyerin belə bundan xəbəri yox idi.
Kitabın üz qabıqlarına “Azərbaycan İnternəşnəl”in veb səhifəsində — Azer.com-da baxa bilərsiniz. Hal-hazırda həmin veb səhifədə 80 üz qabığı sərgilənməkdədir. Veb səhifədə kitabın tərcümə oldunduğu 27 dilin hamısı göstərilib: ərəb, azəri, benqal, katalan, çex, holland, ingilis (ingilis dilində kitabın həm də Breyl, korlar və oxuma əlilliyi olanlar üçün versiyaları, danışan kitab versiyası və iri çap nəşri də mövcuddur), fin, fransız, gürcü, alman, yunan, yəhudi, macar, indoneziya, italyan, yapon, norveç, fars, polyak, portuqal (Braziliya və Portuqaliya portuqal dilləri), rus, serb, ispan, isveç və türk dili.
“Azərbaycan İnternəşnəl” jurnalının növbəti nömrəsində biz tədqiqatlar nəticəsində aşkar etdiklərimizi ortaya çıxarmaq niyyətindəyik. Mövzunun azərbaycanlılara birbaşa aidiyyatı olduğu üçün jurnalımızın bütöv bir nömrəsini həmişə çap olunduğu ingilis dilindən əlavə, Azərbaycan dilində də çap etməyi qərara almışıq. Ümid edirik ki, jurnal işıq üzü gördükdən sonra bir çox sirli məsələlərə aydınlıq gətiriləcək.
Bu günlərdə mübahisə obyektinə çevrilən bu məsələlərin əksəriyyəti amerikalı yazıçı, “Orientalist: Qəribə və təhlükəli həyatın sirrini araşdırarkən” kitabının müəllifi Tom Reysin adı ilə bağlıdır (Rəndom Hauz, Nyu-York). Bu kitab tamamilə Lev Nussimbaumun — Əsəd Bəyin həyatını təsvir edir. Reysin kitabı 2005-ci ildə-iki il yarım bundan öncə işıq üzü görmüşdür. Əsəd Bəyin “üçüncü hekayəsi” — “Qurban Səid” imzası yazıldığı iddia edilən “Sevgi haqqında heç nə bilməyən kişi” əsərindən Reysin kitabında bəhs edilir. Reys isə öz növbəsində, bu məlumatları alman professoru dr. Gerald Hopun tədqiqatından öyrənmişdi.
Mənim Reysin gəldiyi nəticələr və “Orientalist”i yazmaq motivləri ilə bağlı dərin şübhələrim olmasına baxmayaraq, düşünürəm ki, onun külli miqdarda mənbələr ortaya çıxarması və onları gələcək tədqiqatçıların ixtiyarına verməsi faktı layiqincə qiymətləndirilməlidir.
Lakin “Əli və Nino”nun müəlliflik məsələsini həll etmək çox mürəkkəb bir məsələdir. Bir çoxları burada iki əsas iddiaçının — Yusif Vəzir Çəmənzəminli (1887-1943) və əsərlərini Əsəd Bəy adı altında çap etdirən Lev Nussimbaumun (1905-1942) olduğunu zənn edirlər. Digərləri isə Barones Elfreyd Ehrenfels (fridl) von Bodmerşofun (1894-1982) əsəri Vyanada qeydiyyatdan keçirdiyini iddia edirlər. Lakin Bakıya heç zaman səfər etmədiyi üçün o, əsərin əsas müəllifi hesab oluna bilməzdi. “Əli və Nino”nun müəlliflik hüququnun varisi Lila Ehrenfelsin yaşadığı qəsrə baş çəkdiyim zaman orada Elfreyd fridlin Qafqaza zərrə qədər marağı olduğunu göstərən heç bir sübut tapa bilmədim.
“Əli və Nino”nun müəllifliyi ilə bağlı aparılan tədqiqatın ən zəif cəhəti metodoloji qüsurlara malik olması ilə bağlıdır. Burada problem iki çatışmazlıqdan irəli gəlir: 1) yalnız bir müəllifin həyat və yaradıcılığı gözdən keçirilir; 2) etibarlı olmayan şahidlər əsas mənbə kimi götürülür. Mən etibarsız mənbə deyərkən ilk növbədə Lev Nussimbaumu — Əsəd Bəyi, həmçinin onun dostu Cəmil Vaka Massaranı nəzərdə tuturam. Onların heç biri etibarlı mənbə hesab oluna bilməz. Ciddi tədqiqat aparmaq 1900-1945-ci illərə aid müxtəlif dillərdə — təkcə Azərbaycan və rus dillərində deyil, həm də ingilis, alman, fransız və hətta italyan dillərində olan sənədləri nəzərdən keçirmək deməkdir. Bu isə uzun və çətin prosesdir.
Hər iki tərəfi tədqiq etmək
Hər iki yazıçının — Lev Nussimbaumun (Əsəd Bəyin) və Yusif Vəzir Çəmənzəminlinin həyat və yaradıcılığı dərindən araşdırılmalıdır. İndiyə qədər Tom Reys və Hop da daxil olmaqla, hər iki yazıçını tədqiq edən geniş tədqiqat işi çap etdirilməmişdi.
Hopun Əsəd Bəy haqqında tədqiqat materialları 12 qutudan ibarət arxiv şəklində Müasir Şərqşünaslıq Mərkəzində (ZMO) saxlanılır. Bura Almaniyanın Yaxın Şərq, Afrika, Cənub və Cənub-Şərqi Asiyanın tarixi nöqteyi-nəzərdən fənlərarası və müqayisəli öyrənilməsinə imkan yaradan yeganə tədqiqat institutudur. Təəssüf ki, Hopun Azərbaycan nöqteyi-nəzərini araşdırmadığı məlum olur. Lakin Hopun tədqiqatı indiyə qədər bu mövzuda aparılmış ən ciddi və obyektiv tədqiqat hesab edilə bilər. Təəssüf ki, Hop 2003-cü ilin dekabrında dünyasını dəyişdi.
Tom Reysə gəldikdə isə o, Bakıya iki dəfə səfər edib. Lakin onun Çəmənzəminli ilə bağlı tədqiqatı son dərəcə səthi və qərəzli idi. Başqalarının ona verdiyi rəylərə əsaslanaraq (o, Azərbaycan və rus dillərində olan materiallarla özü tanış ola bilməzdi) Reys Çəmənzəminliyə millətlərarası evliliyə heç zaman haqq qazandırmayan milliyyətçi damğası vurub. Etiraf etmək lazımdır ki, Çəmənzəminli doğrudan da milliyyətçi olub, lakin “Əli və Nino” da milliyyətçilik xüsusiyyətləri daşıyan əsər deyilmi? (Reysin əsərdə bu qədər aydın hiss olunan milliyyətçilik ruhunu görmədiyini anlamaq çətindir).
Reys Çəmənzəminlinin gündəliklərini oxusaydı, onun çadra geyinməyə məcbur olan və məktəbə getmək imkanı olmayan qadınlara yox, təhsilli qadınlara məftun olduğunu görərdi.
Lakin Reysin öz gündəmi vardı: o, Hitlerin hakimiyyəti zamanı Almaniya və Avropada yəhudilərin nələr yaşadıqlarını və onlara qarşı mövcud münasibəti öyrənmək istəyirdi. Əsəd Bəyin qəribə hərəkətlərini, onun xəyali çılğınlığına, hekayətləri şişirtməsinə və həqiqətə biganəliyinə Reys məhz buna görə də göz yumurdu.
Normal şərtlər daxilində yalnız bir potensial müəllifi tədqiq etmək kifayət edərdi. Lakin bu yalnız o halda ola bilərdi ki, həmin müəllif etibarlı müəllif olsun. Lakin Əsəd Bəyi etibarlı müəllif hesab etmək olmaz. Əsərləri dəfələrlə onun yalan danışdığını, mübaliğə etdiyini, xəyalı coşdurduğunu, özü ilə bağlı sirli aura yaratmağa çalışdığını üzə çıxarır.
Əsəd Bəyin 1930-cu illərdəki müasirləri “Nyu-York Tayms” kimi ictimai nəşriyyatlarda onun əsərləinə yazdıqları kəskin rəylərlə çıxış edirdilər. Və bir qayda olaraq onlar Əsəd Bəyin əsasən bir nöqsanını — onun yazılarında həqiqətə uyğunluğun olmamasını tənqid edirdilər. Onlar Əsəd Bəyi bioqrafiya və sənədli əsər adı altında sensasiyalı fantaziyalar yazmaqda ittiham edirdilər.
Məsələn, nüfuzlu “Kristian Sayəns Monitə” jurnalında (9 aprel 1932-ci il) “Stalin”lə bağlı tənqidi icmala baxın. Tənqidçi yazır: “Kitabın üz qabığındakı qeydə əsasən, bu kitab “dahi, heyrətamiz şəxsiyyətin düzgün təsvirini verməklə yanaşı, həm də ən qəribə uydurma hekayələri üstələyən macəra hekayəsidir”. İcmalçı təəssüfünü bildirərək bu bəyanatın birinci hissəsi ilə qətiyyən razı olmadığını qeyd etməlidir. Çünki Əsəd Bəyin Stalin haqqında uydurma bioqrafiyasının ən qəribə uydurma hekayələri üstələdiyini heç bir şübhə olmadan qəbul etmək olar.
Tənqidçi məqaləni belə yekunlaşdırır: “Səhv fikirlər və faktların təhriflərdən ibarət bu siyahını uzatmaq olar. Ümid edirik ki, alabəzək rus və Qafqaz rəngləri yaxılmış bu kitabdan vəhşi macəra hekayəsi kimi həzz alan oxucular Stalinin həyatı haqqında həqiqi tarixi məlumat aldıqlarını zənn etməyəcəklər.”
“Nyu-York Tayms” qəzeti Əsəd Bəyin “Stalin” kitabını “təhlükəli kitab” adlandırır. Tənqidçi Jozef Şaplen yazırdı: “Bu kitabı geniş kütlənin qarşısına qoymaq təhlükəlidir. “Əfsanəvi gürcü”nün bioqrafiyasının ilk yarım hissəsini əhatə edən sənədləşdirilməmiş əfsanəvi səhifələr rus inqilabi hərəkatının mənşəyi haqqında heç bir məlumatı olmayan orta səviyyəli oxucunu çaşdıra bilər” (“Nyu-York Taymz”, 27 mart, 1932, səh. BR 10).
Aleksandr Nazarov Əsəd Bəyin “Qafqazın on iki sirri” əsərinə yazdığı tənqidi rəyində deyir: “Kitab Qafqaz haqqında az məlumat nümayiş etdirir; kitabda saysız-hesabsız səhvlər və yanlışlıqlar var və kitab Qafqazın ruhunu anlamaqdan tamamilə uzaqdır”. Nazarov “Tolstoy: Əbədi dahi” (1929) bioqrafiyasının müəllifi idi.
Nazarov icmalına belə davam edir: “Əsəd Bəyin müəllifi olduğu Qafqazın təsvirini oxuyarkən bura ilə həqiqətdə tanış şəxs ona tanış olan yerləri tanıya bilməmişdi. Kitabın Qafqazın tarixinə ekskursiyası şişirtmələr, səhvlər və xəyali məhsullardan ibarətdir” (“Nyu-York Tayms”, 24 yanvar, 1932-ci il, səh. BR 10).
Əsəd Bəyin “Məhəmməd” adlı bioqrafiyasına Prinston, Nyu Cersidə “Müsəlman dünyası” — cari hadisələrə dair kvartalda bir dəfə çıxan xristian jurnalında — “Müsəlmanlar arasında ədəbiyyat və fikir” jurnalında Nabih Əmin faris tənqidi rəy çap etdirmişdi. O yazır: “Bu kitabın Islam peyğəmbərinin bioqrafiyası olduğu fərz edilir. Naşirlərin də təsvir etdiyi kimi burada “rəng, hərəkət və əzəmətli hekayənin faciəvi təsiri var”. Həqiqətən, bu əsərdə rəng var, lakin bu rəngin xoş səciyyəsi yoxdur; burada hərəkət var, lakin istiqamət yoxdur; və nəhayət, bu hekayədir, lakin heç də əzəmətli bir hekayə deyil. Bu, təhrif olunmuş faktların və sadəlöhv yozumların popurisidir”. (“İslam dünyası”, 27-ci hissə, № 2, aprel, 1937).
Sadəcə olaraq, Əsəd Bəyin faktları tükəndikdə o, uydurmaya müraciət edirdi. Bu, üzərində Əsəd Bəyin adı olan hər bir əsərin səciyyəvi xüsusiyyətini təşkil edir. Burada söhbət Əsəd Bəyin 14-ə yaxın sənədli əsərindən — Stalin, Lenin, II Nikolay, Rza Şah kimi böyük siyasi xadimlər haqqında yazdığı kitablardan, OGPU (KQB) kitabından, “Qafqazın 12 sirri” və “Şərqdə neft və qan” kimi səyahət macəraları kitablarından gedir.
Əsəd Bəyin bəzi şişirtmələri o qədər absurddur ki, onlar həqiqətən də təhqiramizdir. Almaniyada yaşayan azərbaycanlıların lideri Hilal Münşi Əsəd Bəyi tənqid etməkdə tamamilə haqlı idi. Əgər azərbaycanlılar Əsəd Bəyin “Şərqdə neft və qan” (1929) və “Qafqazın 12 sirri” (1930) kimi kitablarının məzmunu ilə tanış olsaydılar, onlar sözsüz ki, Münşinin haqlı olduğunu təsdiq edərdilər.
Etiraf etmək lazımdır ki, Əsəd Bəyin doğrudan da çox mükəmməl zəkası vardı. Lakin o, həm də hiyləgər idi. O, Qərb mentalitetini çox gözəl bilirdi. O bilirdi ki, Qərblilərin Qafqaz xalqları və onların adətləri haqqında heç bir təsəvvürü yoxdur. Məhz buna görə də o, hər növ sensasiyalı seksual yalanlar yaza bilir və bu yalanlara başqalarını inandırırdı. Əsəd Bəy hətta özü də “ədəbiyyat biznesi”nin içində olduğunu etiraf edirdi.
Əsəd Bəy yəhudi idi
Bəzi tədqiqatçılar Əsəd Bəyin yəhudi olmadığını “sübut” etməyə çalışaraq çox ifrata varırlar. Bu halda isə təəssüf ki, şəxsi maraqlar elmi tədqiqatı üstələyir. Nəyə görə onlar Əsəd Bəyin azərbaycanlı olduğunu sübut etməkdə bu qədər israrlıdırlar?
“Əli və Nino” romanı Azərbaycan reallıqlarını o qədər aydın əks etdirir ki, onu oxuyan azərbaycanlılar qeyri-ixtiyari olaraq bu əsərin azərbaycanlı tərəfindən yazıldığını duyurlar. Əsəd Bəy Qurban Səid imzasının ona məxsus olduğunu iddia etdiyi üçün, Azərbaycan oxucusu çaş-baş qalır və məsələnin çözümünü Əsəd Bəyin yəhudi olmadığına inanmaqda görür. Məhz bu səbəbdən Əsəd Bəyin Azərbaycanda doğulması və sair kimi iddialar meydana çıxır.
İlk baxışdan belə iddialar vətənpərvərlik təəssüratı bağışlaya bilər, lakin vicdanlı tədqiqatçı tədqiqatın izi ilə getməli və arzu etdiyi şeyi həqiqət kimi görmək və göstərmək üçün faktlar icad etməməlidir.
Nusimbaumun yəhudi olmadığı iddiası o qədər gülüncdür ki, bu məsələni heç müzakirə etməyə belə dəyməz. Lakin bəzi adamlar bu fikirdə hələ də israr etdiyi üçün müəyyən faktları nəzərinizə çatdırmaq istərdim.
Birinci və ən mühüm fakt ondan ibarətdir ki, 434 səhifəlik “Orientalist” kitabının müəllifi olan Tom Reys özü yəhudidir. Özünün də etiraf etdiyi kimi o, kitabı yazmağa ona görə razılaşıb ki, Hitlerin hücumları zamanı Almaniyanı tərk etməli olan valideynləri haqqında daha çox şey başa düşmək arzusunda idi.
İnternetdə Holokaust Tarixi Bioqrafiyası — faşistlərin həyata keçirdiyi yəhudi qətliamı adlı ədəbi janrı axtarıb tapmaq mümkündür. “Orientalist” məhz bu cür oxu siyahısına daxil edilir. Tom Reys Əsəd Bəyin mənşəcə yəhudi olduğunu iddia etdiyi bu kitabı ABŞ-ın ən böyük nəşriyyatlarından biri olan “Rəndom Hauz”un dəstəyi ilə yazmışdır. Belə halda o, həmin şəxsin mənşəyi haqqında bu cür saxta məlumat yazmağa cəsarət edərdimi? Bunun ehtimalı qeyri-mümkündür. Bu absurddur. Həqiqətən də onlar bu cür səhv məlumatı yazacaq qədər sədəlövh ola bilməzdilər.
Reys qeyd edir ki, bu kitabla bağlı tədqiqat aparmaq üçün 5 il ərzində 10 ölkəyə səyahət etmişdir. Aydındır ki, kitab kifayət qədər çox satılır, belə ki o, 10 xarici dildə nəşr edilmişdir: kitabın, norveç, italyan, fransız, ingilis, yunan, alman, serb, braziliya, çex dilində nəşrləri mövcuddur. Kitabın rəsmi veb səhifəsindən əldə edilən məlumata əsasən, gələcəkdə ivrit, ispan və türk dillərində nəşrləri də gözlənilir. Bu kitabın satışını qüvvətləndirən başlıca cəhətlərdən biri də odur ki, kitabda yəhudilərin sələflərinin Almaniyada yaşadığı hadisələr burada geniş təsvir edilmişdir. Yəhudi oxucular üçün isə bu çox maraqlıdır.
Nussimbaumun yəhudi olduğunu sübut edən çoxsaylı sənədlər də mövcuddur:
1) Valideynlərinin nikah haqqında şəhadətnaməsi
Nussimbaum adı özü Levin yəhudi olduğuna işarədir. Onun valideynlərinin nikah şəhadətnaməsində göstərilir — atası Abram Leybusoviç Nussimbaum (Tiflis vətəndaşı) və anası Belarusiyadan Basya Davidovna Slutskin.
Həmin bu sənəd Əsəd Bəyin 24 yaşında ikən yazdığı (1929-cu il) ilk kitabı olan “Şərqdə neft və qan” əsərinin ilk fəsli ilə ziddiyyət təşkil edir. Orada o, Hollivud filmlərinin ssenarisinə bənzəyən bir hekayə verir, siyasi cinayətlərə görə Bayıl həbsxanasında dəmir barmaqlıqlar arasında olan anasının ilk baxışdan məhəbbətindən bəhs edir. Əsəd Bəy təsvir edir ki, onun atası nəzarətçiləri qorxudur və onlara rüşvət verir ki, o qadını mümkün olduqca tez azad etsinlər, çünki o, hərəmxanasındakı digər qadını başqa bir yerə köçürdükdən dərhal sonra, elə həmin gün bu cəsur gənc qadınla evlənmək istəyirdi (“Şərqdə neft və qan”, I hissə).
Sənədlər sübut edir ki, bu hekayə tamamilə uydurmadır. Lev Nussimbaumun valideynləri Bakıda evlənməmişlər. Onların nikah şəhadətnaməsi Tiflisdə qeydə alınıb. Bu nikah 1904-cü il oktyabrın 24-də Sinaqoqda Levin adlı bir rabbi-yəhudi din xadimi tərəfindən elan edilib. Həmin nikah şəhadətnamələri göstərir ki, nikahdan bir ay öncə — sentyabrda 3 yəhudi cütlüyü Tiflisdə nikaha daxil olmuşlar. Bundan başqa onların nikah şəhadətnaməsində göstərilir ki, bu nikaha daxil olan qız və oğlanın ilk nikahı idi. Bu isə göründüyü kimi hərəmxana hekayəsindən çox uzaq bir faktdır.
(Bu mövzuda bizə göstərdiyi köməyə görə Gürcüstanın Milli Əlyazmalar Institutunun keçmiş müdiri, Sinay dağlarında Qafqaz Albaniyası əlyazmalarını kəşf edən və araşdıran Doktor Zaza Aleksidzeyə öz minnətdarlığımızı bildiririk).
Bu təxəyyül məhsulu olan epizod Əsəd Bəyin ilk dəfə nəşr olunan ilk kitabının ilk fəslindən göstərilən sadəcə bir nümunə idi. Əsəd Bəy 1942-ci ilin sentyabrında öldüyü günə qədər nağıl uydurmaq mübtəlasından əl çəkmir. Məhz buna görə də, bu gün biz hələ də onun miras qoyub getdiyi bu qarmaqarışıqlığı aydınlaşdırmaqla məşğuluq.
2. Əsəd Bəyin vəsiyyətnaməsi
Lev Nussimbaumun vəsiyyətnaməsinin orijinal nüsxəsi Isveçrədə Zurif kitabxanasında saxlanılır. Bu alman dilində yazılmış sadə bir vəsiyyətnamədir, lakin onun məzmununda yenə də Əsəd Bəyin təbiətinə uyğun olan təxəyyülə rast gəlinir. Əsəd Bəy dayəsi Alis Şulteyə “neft sərvətinin bütün hissələrini” vəsiyyət edir.
Əlbəttə ki, o heç yerdə qeyd etmir ki, onun atası mülkiyyətində olan neft sahələrini 1913-cü ildə 131 000 rubl dəyəri ödənilməklə Nobel qardaşlarına satmışdı. Bu mülkiyyətdən nə qalmışdısa 1920-ci ildə bolşeviklər tərəfindən müsadirə edilmişdir və bundan sonra həmin mülkiyyət üzərində mülkiyyət hüquqları irəli sürmək qeyri-mümkün idi.
Bu vəsiyyətnamə Əsəd Bəy tərəfindən 27 iyul 1941-ci ildə imzalanmışdır və o, mötərizədə həqiqi adının iki versiyasını qeyd etmişdir (Leo Nussimbaum və Lev Nussimbaum). Türban formalı məzar daşı ucaltmağı öhdəsinə götürən Cəmil Vakka Mazzara əsaslansaq, Əsəd Bəy 1942-ci il avqustun 27-də dünyasını dəyişib.
3. Nəzərə almaq lazımdır ki, Əsəd Bəyin — Lev Nussimbaumun ətrafı yəhudilərdən ibarət idi. Onun 1930-cu ildə yəhudi bir milyonerin varisi Erika Luvendahlla nikahını sadə bir nümunə kimi misal gətirmək olar. Erika Luvendahl 1935-ci ildə Əsəd Bəydən ayrılmış və Rene fuellop Müller adlı bir yazıçıyla evlənmişdi. Erika Luvendahl Əsəd Bəyi özünü ərəb şahzadəsi kimi qələmə verməkdə günahlandırırdı, “sonralar məlum oldu ki, o, sadəcə Lev Nussimbaum idi” (Reys, səh. 258).
4. Əsəd Bəyin ədəbi agentləri yəhudilər idi. Onlar da Əsəd bəyi yəhudi hesab edirdilər və Tom Reysin sözlərinə görə onun özünü müsəlman kimi qələmə verməsi və kazak qiyafəsi geyməsi onlara əyləncəli görünürdü.
5. Los Ancelesdə dövlət məhkəmə evində saxlanılan, öz qızlıq soyadını geri almaq üçün Erikanın özü tərəfindən doldurulan sənədlərdə onun soyadı “Erika Əsəd Bəy Nussimbaum Luvendahl” qeyd edilmişdir.
6. Azərbaycan tarixçisi mərhum Sara Aşurbəyli Lev Nussimbaumu 1913-cü ildə yeni il bayramında çəkilmiş şəkildən tanımışdı. Reysə əsaslansaq o, bu şəklin balaca Lyovi Nussimbauma aid olduğunu söyləmişdi: “O, bizdən iki yaş balaca yəhudi oğlan idi” (Reys, səh.17).
Əsəd Bəyin əsl adının Aslan İbrahim oğlu olduğunu təkid edənlər Camil Vakkanın (Massarra) Əsəd Bəyə yazdığı nekroloqundakı fırıldağın qurbanı olurlar. 1942-ci ildə italyan dilində Oriento Modernoda çap olunan bu xatirat demək olar ki, bütünlüklə təhrif olunmuş məlumatlar yığınıdır (22, No.10, 1942, səh. 434-443, 1942).
Məsələn, Camilin sözlərinə görə Əsəd Bəyin atası Ibrahim Arslan oğlu (qeyd: Leo (lion) sözü tərcümədə “aslan” mənasını verir), onun anası isə islam dinini qəbul etmiş rus pravoslavı Aişə Sluzki idi. Camil Vakka həmçinin yazırdı ki, bu cütlük islamın İmam Cəfər təriqətinə mənsub idilər (başqa sözlə desək şiə idilər).
Camil Əsəd Bəyin yəhudi olmaması haqqında öz mülahizələrini bolşeviklərin hakimiyyətinə qədərki dövrdə Qafqazda yəhudilərin mülkiyyət hüququnun olmaması ilə əsaslandırırdı. O, həm də iddia edirdi ki, İmperiya Gimnaziyası yəhudi uşaqlarını məktəbdən xaric edirdi və hətta onların Bakıda yaşamasına belə icazə vermirdi.
Bütün bu mülahizələr Azərbaycan Dövlət Arxivində apardığımız tədqiqatlarla alt-üst edilə bilər. Əlbəttə ki, yəhudilərin Bakıda mülkiyyət hüququ var idi. Azərbaycan Milli Arxivindəki sənədlər Abraham Nussimbaumun Binəqədi Boru Şirkətinin sahibkarı olduğunu və 1910-cu ildə əldə etdiyi müxtəlif neft sahələrinin mülkiyyətçisi olduğunu, 1913-cü ildə isə həmin sahəni 131.500 rubla Nobel qardaşlarına satdığını göstərir. Onun ünvanı Birjevaya (indiki Üzeyir Hacıbəyov) küçəsində yerləşirdi, arxivdə hətta onun telefon nömrəsi (4-35) də göstərilmişdir.
Arxivdə həmçinin o dövrlərin orta məktəblərindəki şagirdlərin siyahısını göstərən sənədlər də yer alır və bu sənədlərdə şagirdlərin milli tərkibinə nəzər saldıqda onların arasında azərbaycanlılarla yanaşı ruslar, ermənilər və yəhudilərin də olduğu ortaya çıxır.
Lev Nussimbaumun yəhudi olmasını inkar etmək nəinki yanlış fikirdir, bu həm də boş əziyyətdir. Nə üçün Vakka Lev Nussimbaumu — Əsəd Bəyi müsəlman etmək üçün belə dəridən-qabıqdan çıxırdı?
Tom Reys məsələyə belə aydınlıq gətirmişdir: “Vakka sadəcə olaraq qəbirstanlıqda yaratdığı yarı qəbirüstü yazı, yarı ədəbi xatirat, yarı rasist mədhiyyədən ibarət mərmər abidəni kağızda yaratdığı abidə ilə tamamlamaq istəyirdi” (“Orientalist”, səh. 333).
Artıq Əsəd Bəyin də, Camil Vakkanın da miflər yaratdıqları təsdiq olunmuşdur. Camilin bu yalanları sürdürmək cəhdlərinə hətta Əsəd Bəyin ölümündən sonra da rast gəlinir. O, bu cəhdləri Əsəd Bəy haqqında yazdığı xatiratla, “Əli və Nino” romanının italyan versiyasını 1943-cü ildə “Əli Xan” adı ilə çap etdirməklə və müəllifi Qurban Səid yox, Əsəd Bəy kimi göstərməklə davam etdirib. Camil Vakka hətta cəsarət edib gürcü şahzadəsi Ninonun adını Erika adı ilə əvəz etmişdir, halbuki Erika Əsəd Bəyin qalmaqallı bir şəkildə boşandığı keçmiş arvadı idi.
Bizim tədqiqatımız Əsəd Bəyin Azərbaycanı sevmədiyini göstərir. Onun yaşadığı həyat bizə bu iddianı irəli sürməyə əsas verir. Söylədiklərimizi sübuta yetirmək üçün saysız-hesabsız misallar gətirmək olar. Qısaca olaraq bunlardan birini nəzərinizə çatdırmaq istərdim. Əsəd Bəyin Berlindən Vyanaya köçdükdən sonra 1926-1933-cü illər ərzində alman ədəbi jurnalı olan “Di Literariş Velt”ə “Şərqli” imzası ilə yazdığı 144 məqalədən heç birində “Əli və Nino” romanında rast gəldiyimiz Azərbaycan sevgisinə rast gəlmirik. Ümumiyyətlə, o məqalələrdə Azərbaycan haqqında heç bir şey yoxdur. O məqalələr arasında sensasiyalı fantaziyalarla dolu yalnız iki məqalə — “Qafqazda sevgi və evlilik” və “Şərqdə adət-ənənə” məqalələri Qafqaz haqqındadır. Azərbaycanın adına onun yeddi il ərzində yazdığı 144 məqalənin heç birində rast gəlmək mümkün deyil.
Bizim tamamlanmaq üzrə olan tədqiqatımız göstərəcəkdir ki, əgər azərbaycanlılar Əsəd Bəyin real simasını tanısaydılar və onun xarakterini başa düşsəydilər, onu “azərbaycanlı” etmək üçün bu qədər uydurmalara əl atmazdılar. Onlar Əsəd Bəyin əslində çox opportunist, müəmmalı xarakterli bir insan olduğunun və özünün də etiraf etdiyi kimi “ədəbiyyat biznesi”ndə olduğunun şahidi olardılar. “Əli və Nino” romanına gəldikdə isə, bizim tədqiqatımız Əsəd Bəyin orijinal mətnə sensasiyalı hekayətləri ilə necə müdaxilə etdiyini və onun plagiatlıq etdiyini göstərəcəkdir.
Onda aydın olacaq ki, Əsəd Bəy heç də qəhrəman səviyyəsinə qaldırılmalı və ya adına heykəl ucaldılmalı bir şəxsiyyət deyil. Onun real siması qəhramanlıqdan xeyli uzaqdır, o anti-qəhrəmandır. Onun fəlakətinin əsas səbəbi isə bütün həyatı boyu həqiqətdən uzaq olması ilə bağlıdır. Əsəd Bəy ustad nağılbaz, əfsanəçi idi. Bu gün də “Əli və Nino” romanının əsl müəllifinin ortaya çıxmasına maneçilik törədən məhz Əsəd Bəyin bu əfsanə və müəmma dolu irsidir.
Los Anceles, Kaliforniya
15 avqust 2007
