Reklam verin!

Virtual Hiper e-Kitabxana

"Elektron TURAN" - "Virtual AZƏRBAYCAN" - Sadələşdirilmiş Milli e-Axtarış Sistemi

Oktyabr 19, 2007 14:23

  TÜRK XALQLARI KİNO SƏNƏTİNİN TƏŞƏKKÜLÜ

Türk xalqları kino sənətinin təşəkkül mərhələsi bəzi istisnalarla 1920-40-ci illəri əhatə edir. Bu mərhələni səssiz kino mərhələsi də adlandırmaq olar. Çünki keçmiş sovet məkanında yaşayıb yaratmış beş türk respublikasının kino sənətində ilk səsli filmlər 1935-40-ci illər arasında çəkilib. Bəzi faktlara nəzər salaq. Dünyaya ilk səsli filmlərdən biri 1929-cu ilin aprelində ABŞ-da nümayiş etdirilib. Məşhur kino tarixçisi və nəzəriyyəçisi Jorj Sadul yazırdı: “Nə işgüzar adamların, nə aktyorların, nə də kütlənin reaksiyaları artıq səsli kinonun “Zəfər marşı””nın qarşısını ala bilməzdi”.   1935-ci ildə D.Furmanovun eyni adlı romanı əsasında “Lenfilm” kinostudiyasında çəkilmiş “Çapayev” filmi SSRİ-də çəkilmiş ilk uğurlu səsli bədii filmlərdən oldu. Bu film sonralar bütün sovet respublikalarında nümayiş etdirildi və nümunəyə çevrilərək kino sənətinin təkamülünə güclü təkan verdi. Kinoşünaslar təsdiq edirlər ki, “30-ci ildə Azərbaycanda zəhmətkeşlərin sosializm quruculuğuna həsr olunmuş “Raport veririk” adlı kinojurnal sınaq işi kimi, səsli kino sahəsində ilk addım olub.  


  

     Səsli kinonun maddi-texniki bazasının yaradılması hesabına 28 iyul 1931-ci ildən Bakıda “Forum” adlı ilk səsli kinoteatr fəaliyyətə başladı. Beləliklə, Zaqafqaziyada ilk dəfə səsli kino yarandı.

    

     Kino qəhrəmanlarının ekrandan tamaşaçıya, kameraya müraciətlə danışdıqları sinxron filmlərin yaranması Azərbaycanda 1935-ci ildən başlanmışdır. Rejissorlar B.Pumpianski və V.Yeremeyevin çəkdikləri “Şöhrətli Azərbaycan” - kinoalmanaxında neftçi Piri Nuriyev və pambıqçı Qüdrət Səmədov sinxron metodla çəkilişdə iştirak etdilər” (Dadaşov A. Səsli kinofilmlərin yaranması və inkişafı, 1936-1960 B., 2001, səh. 74-75). Azərbaycanda çəkilmiş ilk səsli bədii film 1936-cı ildə rejissorlar S.Mərdanov və Barnetin yaratdıqları “Mavi dənizin sahilində” kinolentidir (yenə orada, səh. 76). 1939-cu ildə isə “Kəndlilər” (ssenari müəllifi G.Mdiviani, quruluşçu rejissor S.Mərdanov) lentə alındı.

    

     Türkmənistanda ilk səsli kinolent 1936-cı ilin aprelində çəkilmiş “Sovet Türkmənistanı” kinojurnalı, ilk səsli bədii film isə həmin ilin sonunda çəkilmiş “Umbar” filmi idi. Özbək kino tarixinin tədqiqatçıları yazırlar: “1936-cı ildə “And” adlı ilk səsli özbək filminin istehsalı başa çatdı”. Qırğızıstanda isə ilk kinostudiya çox gec, 1942-ci ildə yaradılıb, bir il sonra 1943-cü ildə ilk film “Sovet Qırğızıstanı” kinojurnalı lentə alınıb.

    

     1955-ci ildə “Mosfilm”in çəkiliş qrupu Qırğızıstanda “Səltənət” (ssenari müəllifi Budantseva, rejissor B.Pronin) filmini çəkir, onun ərsəyə gəlməsiylə də, qırğız bədii kinemotoqrafiyasının tarixi başlanır. Filmdə rolların əksəriyyətini qırğız teatrlarının aktyorları ifa edirdilər.

    

     Qazaxıstan kino sənətindən bəhs edən ən nüfuzlu tədqiqat əsərində oxuyuruq: “Amangəldi” - Qazaxıstan milli kino sənətinin təməlini qoyan ilk bədii filmdir”. Qeyd olunan faktlar aşağıdakı qənaətlərə gəlməyə imkan verir.

    

     1. Türk xalqları kino sənətinin təşəkkül mərhələsi (baxmayaraq ki, respublikalarda ilk kinoseanslar hələ XX əsrin əvvəllərində göstərilməyə başlanıb) sovet dönəmini, dəqiq desək, 1920-40-cı illəri əhatə edir;

    

     2. Bu mərhələ iki dövrə bölünür: a) səssiz (əsasən sənədli - xronikal) dövr: 1920-35; b) səsli dövr: 1936-40.

    

     Türk xalqları kino sənətinin təkamül tarixini bir neçə aspektdən izləmək olar: kinonun maddi-texniki bazasının yaranması, ssenari yaradıcılığı, ədəbiyyat və teatr sənəti ilə əlaqələri, rejissor və aktyor sənətinin inkişafı və s. Biz isə qarşıya daha çətin elmi - tədqiqat məqsədi qoyuruq: bütün göstərilən istiqamətlərin vəhdəti və yekunu olan bədii - estetik keyfiyyət baxımından türk xalqları kino sənətinin təkamül mərhələlərini təyin və tədqiq etmək!

     Xüsusilə 1920-40-cı illərdə bir çox cəhətdən hətta sonrakı mərhələlərdə Azərbaycan, Türkmənistan, Özbəkistan, Qazaxıstan və Qırğızıstan türk müsəlman respublikalarının ədəbiyyat və mədəniyyəti, o cümlədən gənc kino sənəti dövrün tarixi- ictimai şəraitindən, mövcud rejimin ideologiyasından, kommunist partiyasının qərar və siyasi doktrinalarının tələbindən asılı idi. Demək olar ki, sovet ideologiyası olan marksizm- leninizm və onun sənətdə təzahürü, daha doğrusu, sənətə təsir üsulu olan sosializm realizmi ölkədə fəaliyyət göstərən bütün yaradıcılıq təşkilatlarının əlində vahid metodoloji silah idi.

    

     V.İ.Lenin hələ 1907-ci ildə V.İ.Bonç-Bruyeviçlə söhbətində belə deyib: “Nə zaman ki, kütlələr kinonu mənimsəyəcəklər və o həqiqi sosialist mədəniyyəti xadimlərinin əlində olacaq, o zaman kino kütlələri maarifləndirəcək vasitələrdən ən qüvvətlisi olacaq”. Kinonun təbliğati əhəmiyyətini ön plana çəkən V.İ.Lenin deyirdi ki, “Kommunist ideyaları ilə yoğrulmuş, sovet həqiqətlərini əks etdirən yeni filmlərin istehsalına xronikadan başlamaq lazımdır”.

    

     Maraqlıdır ki, məhz kino sənəti ilə bağlı mülahizələrində proletar diktaturasının banisi Şərqə xüsusi diqqət ayırırdı: “Xüsusi olaraq diqqəti kəndlərdə və Şərqdə yenilik olan kinoteatrların təşkilinə yönəltmək lazımdır və bunun nəticəsində bizim təbliğatımız xüsusilə uğurlu olar”. Qətnamə və qərarlar, I qurultayın direktivləri, Sov.İKP MK-nin sonrakı qərar və göstərişləri, marksist tənqidin tələbləri estetik yox, məhz siyasi - ideoloji xarakter daşıyır, ədəbiyyat və incəsənətin bütün sahələrində, xüsusilə kinoda proletar hegemonluğunun bərqərar olunmasına, bədii yaradıcılıq sahələrinin və sənətkarların proletariat diktaturasına uyğunlaşdırmaq siyasətinə xidmət edirdi. Fikrimizcə, Azərbaycan kinoşünası A.Kazımzadə doğru qeyd edir ki, “Ümumiyyətlə götürdükdə, 30-cu illər Azərbaycan kinosunda aparılan əsas xətt - müasir mövzu ilə daha çox bağlı olmuşdur. Bu da səbəbsiz deyildi. Çünki, respublikada yeni həyat qurulur, əməyə münasibət dəyişir, əsrlərdən bəri formalaşan məişətimizdə ictimai həyatın yeni formaları öz təsdiqini tapır, adamlar arasında yeni münasibətlər də yaranırdı. Bütün bunlar ədəbiyyat və incəsənət işçilərinin yaradıcılıq süzgəcindən keçib nəticədə ideya və materialına görə aktual olan filmlərin yaradılmasına təkan verirdi”. Bu dövr filmlərində müasirlik və aktuallıq dedikdə əsasən sovet həyat tərzini tərənnüm edən, xüsusilə türk respublikalarında sosializmin “tarixi nailiyyətlərini” şişirdən, bütün situasiyalarda ssenaristin və rejissorun yüngül əli ilə qalib gələn - bolşevik və komsomolçuların obrazlarını - müsbət qəhrəmanları əks etdirən filmlərin movzu və ideyaları nəzərdə tutulurdu. Qazax kino sənətinin tədqiqatçısı maraqlı bir fakt misal gətirir: “1966-cı ilə qədər Qazaxıstanın istehsal etdiyi əlli üç bədii filmdən qırx doqquzu bizim sovet epoxasına həsr edilib. Yalnız dörd filmdə - “Abayın nəğmələri”, “Məhəbbət haqqında poema”, “Onun zamanı gələcək”, “Eldar kosa” filmlərində Qazaxıstanın inqilabdan əvvəlki həyatından bəhs edilir. Əlli üçdən qırx doqquzu! Bu göstərici gənc kino sənəti xadimlərinin müasir dövrə aid mövzuların açılmasını öz yaradıcılıqlarının əsas qayə seçmələrindən danışır. Bu çox fərəhləndiricidir”. K.Siranovun fərəhli hesab etdiyi hal, bəlkə də bu gün Qazaxıstan kino sənətinin faciəsi hesab oluna bilər. Tarix sovet imperiyasını, onunla bərabər həm də onun 70 il xalqların və millətlərin həyatına zorakı basqı ideologiyasını artıq on beş ildir ki, öz panteonunda yerləşdirib. Meşin gödəkcəli bolşeviklərin əldə silah milli mənəviyyatı gülləbaran etdiyi, sinfi cəbhələrdə üz-üzə durub öz atasının başını kəsən komsomolçuların qalib gəlməsi indi heç cür müasir, aktual və fərəhli görünə bilməz. Bu tarixin amansız bir ironiyası idi. Bununla bərabər biz, o dövrün bədii sərvətlərindən yan keçə, onlara biganə qala bilmərik. Biz sovet dövrü türk xalqlarının kino sənətini obyektiv həqiqəti aşkara çıxarmağa imkan verən tarixilik Prinsipi ilə araşdırmalı, həqiqətləri, yalanları və metodoloji sapıntıları üzə çıxarmalıyıq. Bu baxımdan ümumtürk kino tarixindəki birinci mərhələnin - təşəkkül epoxasının obyektiv tədqiqi xüsusilə vacibdir. Çünki, sonrakı mərhələlərin doğru təsnifatı və tarixi - estetik özəlliyinin təyini məhz bundan asılıdır. Tədqiqatçılar kino sənətinin təşəkkülünü şərtləndirən bir neçə cəhəti qeyd edirlər: 1. Respublikada ilk dəfə film nümayişi; 2. Kinostudiyanın yaranması; 3. İlk səssiz filmin (sənədli, xronikal, və bədii - T.İ) çəkilməsi; 4. İlk səsli filmin yaradılması. Bütün türk xalqlarının kino sənətində ilk səsli filmin (yaxud filmlərin yaradılması bir tarixi mədəni dövr kimi kino sənətinin ilk mərhələsini - təşəkkül dövrünü tamamlayır.

     Səsli film mərhələsi başlanana qədər, yəni 1925-36-cı illərdə özbək kino sənəti müxtəlif filmlərlə zənginləşdi. Bu zaman bütün sovet respublikalarının, xüsusilə də türk - müsəlman ölkələrinin kinosunda iki başlıca mövzu aktual idi: 1) Qadın azadlığı, 2) Daxili əksinqilab, burjuaziya, qolçomaqlar və dini cəhalətə qarşı mübarizə.

    

     Bu mövzular həm də kino sənətinin təşəkkül dövründəki iki əsas axtarış istiqamətini, təkamül meylini müəyyənləşdirirdi. Azərbaycanda çəkilmiş “Arvad” (1916), “Qız qalası” (1924), “Gilan qızı” (1928), “Sevil” (1929), “İsmət” (1934), “Almaz” (1936) məhz qadın azadlığı probleminə həsr olunmuşdu. “Bayquş” (1924), “Bismillah” (1925), “Bakılılar” (1938), “Kəndlilər” (1939) ikinci istiqamətdə idi.

    

     Türkmənfilmin “Dursun”, “Mən qayıdacağam”, Özbəkfilmin “Müsəlman qadın”, “Çadra”, “Ravatın çaqqalları”, “İkinci arvad”, Qazaxfilmin “Amangəldi”, “Qarataunun sirləri” belə filmlərə misal ola bilər. Özbək kino tarixçiləri yazırlar: “On il ərzində, 1925-36-cı illərdə, respublikada iyirmi tammetrajlı bədii və otuzdan artıq qısametrajlı xronikal səssiz filmlər istehsal olunmuşdur. O dövrün bədii lentlərini tematikasına görə üç istiqamətə ayırmaq olar. Birinicisi şərq qadınlarının əsarətdən azad olmaları uğrunda aparılan mübarizəyə həsr edilmiş filmlər; “Çadra”, “İkinci arvad”, “Məscidin divarları altında”, “Cüzəmli”, “Müqəddəs kişinin qızı”, “Onun hüquqları”. İkinci istiqamət - daxili əksinqilabçılarla, basmaçılarla mübarizəyə həsr edilmiş filmlər; “Ravatın çaqqalları”, “Örtülü furqon”, “Sonuncu bəy”, “Eqit” və başqaları. Nəhayət üçüncü istiqamət - ziyankarlıqla mübarizəyə həsr edilmiş filmlər və təyinatı bir qədər korrektə ilə bütün türk respublikaları kino sənətinə aid etmək olar. İlk səsli özbək filmi “And” (1936) çəkilənə qədər respublikada kino sənətinin təkamülü, obrazlı desək, sosializmin relsləri ilə, kommunist ideologiyasının xeyrinə hərəkət edirdi.

    

     İlk dəfə 1942-ci ildə II cahan savaşının ən qızğın, ağır bir dövründə qərara alınır ki, Frunzedəki müxbir məntəqəsinin əsasında Frunze kinoxronika studiyası yaradılsın. Bu zaman hələ heç ən yox idi - nə lazımi apparatura, nə plyonkaları istehsal etmək üçün avadanlıq, nə də ki, ixtisaslı kadrlar. Əlbəttə, bütün bunlara baxmayaraq faktın özü müəyyən mənada başlanğıc idi. Lakin qırğız kino sənətinin formalaşması XX əsrin 50-ci illərinə təsadüf edir: 1955-ci ildə “Mosfilm”in çəkiliş qrupu Qırğızıstanda “səltənət” (ssenari müəllifi R.Budantseva, rejissor V.Pronin) çəkir və demək olar ki, qırğız bədii kinematoqrafiyasının tarixi əslində onun ərsəyə gəlməsi ilə başlanır.

    

     Filmdə rolların əksəriyyətini qırğız teatrlarının aktyorları ifa edirdilər, onlardan bəziləri rejissor qrupuna da daxil idilər (belə ki, Muratbek Riskulov, filmdə iki rola çəkilməklə yanaşı, həm də ikinci rejissorun vəzifəsini icra edirdi).

    

     “Səltənət” filmində əsas konflikt bütün 50-ci illər filmləri üçün səciyyəvi olan “novatorlar” və “konservatorlar” arasında baş verirdi. Bu dövr əslində bütün sovet ədəbiyyatı və incəsənətində bədnam “konfliktsizlik” dövrü idi.

    

     “Səltənət” filmini bu baxımdan Azərbaycanda çəkilmiş “Ulduz” (1964) filmi ilə müqayisə etmək olar.

    

     Bütün deyilənlərə əsaslanaraq türk xalqları kino sənətinin təkamülünün birinci mərhələsi - təşəkkül mərhələsini səciyyələndirən mərhələvi xüsusiyyətləri aşağıdakı şəkildə ümumiləşdirmək olar:

    

     1. Tarixi baxımdan türk xalqları kino sənətinin təşəkkülü 1920-40-cı illəri əhatə edir. Azərbaycanda və Qazaxıstanda əhalinin yeni incəsənət növü kimi kino ilə tanışlığı bu “əsrin möcüzəsi”nin Fransada yaradıldığı 1895 ildən iki il sonraya - 1897-ci ilə təsadüf etsə də, ilk kinoseans Bakıda 1905, Alma-Atada 1910-cu ildə nümayiş etdirilsə də mütəxəsislər və tarixi faktlar türk xalqları kino sənətinin bir bədii-tarixi proses kimi təşəkkülünü 1925-35-ci illərə aid edirlər. Əlbəttə, burada söhbət ayrı-ayrı xronikalardan yox, yaradıcılıq prosesindən - bədii kino sənətindən gedir. Bu türk xalqları kino sənətinin təkamülündə birinci mərhələ idi.

    

     2. Bu mərhələni bir bədii - tarixi dövr kimi səssiz filmlər deyil, məhz 1935-38-ci illərdə çəkilmiş səsli kinolar tamamladı. İlk səsli filmlərin yaranması ümumən türk xalqları kino tarixində, xüsusilə də təşəkkül dövründə misilsiz hadisə idi.

    

     Əgər səssiz kinolarda tamaşaçını fəth edən görüntü, canlı adamların hərəkət və jestləri idisə, kinoya səsin gəlməsi insanların bu unikal incəsənət növünə inamını qat-qat artırdı. Səs ekranlarda hərəkət edən adamların fəaliyyətinə bir reallıq gətirdi. Səs vasitəsilə kino kütləni baş verən hadisələrin iştirakçısına çevrildi. Kütlə ekranda baş verən olayları öz həyatı kimi yaşamağa başladı. Məhz səsin sayəisndə kino ən qüdrətli ideoloji və psixoloji təsir maşınına çevrildi.

    

     3. Türk xalqları kino sənətinin təşəkkül mərhələsinin başlıca strategiyası köhnə ilə yeninin mübarizəsini əks etdirmək idi. Məhz bu ideoloji qayə kinoda (ümumən o dövrün ədəbiyyat və incəsənətində) mövzuları da diqtə edirdi. Bütün kinolarda köhnə pislənir, yeni isə tərif sığalının hər cür üsulları ilə süslənirdi. İstinasız olaraq “mədəni inqilab”ın nailiyyəti olan bütün filmlər, o cümlədən türk xalqları kino sənəti üçün kommunist partiyasının baş qərargahından diqtə olunan mövzular var idi; 1. Əsarətdə olan Şərq qadınının azadlığı problemi; 2. Sosializmin bütün cəbhə boyu hücumuna uyğun olaraq şəhərdə burjuaların, kənddə qolçomaqların ifşası; 3. Kolxoz quruculuğu; 4. Təbiətin qüdrətli sovet adamı tərəfindən fəthi; 5. Vətəndaş müharibəsində qırmızıların ağlar üzərində mütləq qələbəsi və s.

    

     4. Bütün bunların əsasında 1925-40-cı illərdə kino sənəti sosializm realizmi yaradıcılıq metoduna sahib olur və kinoda sosializm ideallarını təcəssüm etdirən, sosializm realizminin estetik idealının daşıyıcısı və ruporu olan Müsbət Qəhrəman formalaşdırılırdı. Belə yapmacıq qəhrəmanlar İİ Cahan savaşı movzusunda çəkilən filmlərdə də, 50-ci illərdə “konfliktsiz” əsasında yaradılan filmlərdə də, kino sənətində həlledici rolda çıxış edib şablona çevrildi, bayağılaşaraq gözdən düşdü.

    

     5. Lakin bütün bunlarla bərabər türk xalqları, kino sənətinin təşəkkül dövrünün uğurlu özəl mərhələvi xüsusiyyətləri də var idi.

    

     a) Həsr olunduğu mövzudan asılı olmayaraq çəkilən filmlərin müəyyən bədii janr məziyyətləri də yaranırdı; b) Kinostudiyaların maddi - texniki bazası formalaşır, kino tədriclə cəmiyyətin diqqət mərkəzinə keçirdi; v) Gəlmə (əksərən rus və yəhudi) mütəxəsislərlə iş prosesində milli kadrlar - ssenaristlər, kinorejissorlar, kinooperatorlar yetişir və onlar öz yaradıcılıqlarında Şərq-türk-müsəlman əxlaqı ilə bağlı motivlərə daha çox diqqət yetirirdilər; q) Tənqid məqsədi ilə çəkilişinə baxmayaraq hər bir türk xalqının öz milli həyat tərzi, ölkənin təbii sərvətləri və təbii gözəllikləri, etnoqrafiyası və musiqisi filmlərə yol tapır və bu da milli müəyyənlik cizgiləri bəxş edirdi.

    

     6. Məhz işin təşəkkül mərhələsinin sonlarında türk xalqlarının tarixi ilə bağlı movzular, bu tarixi yaratmış qəhrəman şəxsiyyətlər, xüsusilə də türk xalqlarının klassik irsini yaratmış sənətkarların dövrü, taleyi və obrazları kino sənətinə yol açdı, adi ekzotik maraqdan başlayıb tarixi - konseptual səviyyəyə yüksəldi. Fikrimizcə, məhz bu türk xalqları kino sənətinin ən böyük tarixi - estetik uğuru və sonrakı mərhələlər üçün zəmin idi.

          Tofiq İSMAYİLOV, kinorejissor, professor


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha


© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com