Reklam verin!

Virtual Hiper e-Kitabxana

"Elektron TURAN" - "Virtual AZƏRBAYCAN" - Sadələşdirilmiş Milli e-Axtarış Sistemi

Oktyabr 19, 2007 13:59

  ŞƏRQ VƏ QƏRB ARASINDA

ŞƏRQ VƏ QƏRB ARASINDA MƏDƏNİ ƏLAQƏLƏR HAQQINDA

Uzun illər ərzində dünya mədəniyyətində Şərq və Qərb musiqisi sivilizasiyaları bir-birinə qarşı qoyulurdu. Şərqin şifahi xalq musiqisi ənənələri ilə Avropa bəstəkarlıq məktəbinin arasında əlaqələrin mümkünlüyü mübahisələr doğururdu. Bəziləri hesab edirdilər ki, bu iki anlayışın uyğunlaşdırılması və Avropa musiqi nəzəriyyəsinin Şərq xalqlarının musiqi həyatına qarışması Şərq musiqisinin zəifləməsinə səbəb ola bilər. Bunun əksinə olaraq dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov öz əsərlərində Avropa musiqi sisteminin nailiyyətlərini Azərbaycan musiqi sisteminə tətbiq edərək misilsiz sənət əsərləri yaratmışdır. Bu sahədə Q. Qarayev, F. Əmirov, S. Hacıbəyov, C. Hacıyev, A. Məlikov, X. Mirzəzadə, İ. Hacıbəyov və başqaları Ü. Hacıbəyovun davamçıları olmuşdur.  


   Şərqin və Qərbin harada yerləşdiyinə diqqət yetirsək görərik ki, bu mədəniyyətlərin coğrafi bölgüsü şərtidir. Məlumdur ki, Asiyanın, yəni Şərq sivilizasiyasına bağlı olan bir regionun qərb sərhəddi, cografiyaçıların fikrincə, Uraldan Elba və Qərb Manıç çaylarından keçərək Azov dənizinə qədər uzanır. Göründüyü kimi, onlar Qafqazı və Cənubi Aralıq dənizi ölkələrini istisna etmişlər, halbuki onların musiqi mədəniyyəti ümumşərq musiqi sisteminin ayrılmaz bir hissəsidir. Bundan başqa bir sıra Afrika ölkələrinin də musiqi mədəniyyəti Şərqə aiddir.

     “Şərq” və “Qərb” anlayışları nisbidir. N. İ. Konradın fikrincə, onlar bəzi xalq qruplarını bildirir. Belə ki, qədim və ortaəsr çinlilərinin “Qərb” haqqında öz təsəvvürləri var idi. Onlar üçün o zaman “Qərb” olan Asiya qitəsinin rayonları bizdə “Şərqi Türküstan” və “Orta Asiya” adlarını almışdı. Yeni dövrün çinliləri ücün “Qərb” - Avropa və Amerikadır.

          Antik zamanlarda “Qərb”ə ellin-roma mədəniyyəti, “Şərq”ə isə İran və ona tabe olan semit və qafqaz xalqlarının mədəniyyəti aid idi. Müasir dövrdə “Qərb” roma-alman Avropası, Amerika və Avstraliya sayılır. “Şərq”lər isə bir neçədir (Yaxın Şərq, Orta Şərq və Uzaq Şərq). Qeyd etməliyik ki, hər hansı bir ərazinin və orada məskunlaşan xalqların Şərqə və ya Qərbə aid olması o ərazini öz tabeliyində saxlayan ölkənin regional mənsubiyyətindən də asılı idi. Məsələn, Qızıl Ordanın tabeliyində oldugu zaman Rusiya Qərb ölkələrinin sırasına daxil deyildi.

     Beləliklə, hər hansı bir mədəniyyətin “Şərq” və “Qərb” mədəniyyəti olmasında əsas rolu onunla Şərq və ya Qərb mədəniyyəti arasında olan tarixi əlaqələr oynayır.

     Məlumdur ki, hələ antik dövrlərdən başlayaraq çox vaxt Qərb və Şərq ölkələri eyni dövlətin tərkib hissələri olmuşdur. Bu da Qərbin və Şərqin mədəni sivilizasiyalarının əsrlər boyu sıx qarşılıqlı əlaqədə oldugunu göstərir. Bunun nəticəsi olaraq bu regionların ayrı-ayrı mədəni sahələri arasında ümumi cəhətlər mövcuddur.

     Belə sahələrdən biri instrumentaridir. Belə ki, bu gün Qərb alətləri kimi məşhur olan və Avropa simfonik orkestrin tərkibinə daxil olan alətlərin böyük əksəriyyəti Şərq mənşəlidir. Bu alətlər antik dövrdə geniş yayılmışdı. Antik mədəniyyətdə onların bəziləri haqqinda ilk məlumatlar eramızdan əvvəl III - II minilliyə aiddir. Lakin məlumdur ki, antik Yunanıstanda məşhur olan alətlərin çoxu Şərqdən alınmadır. Bu haqda Strabonun “Coğrafiya”sında məlumatlar var. Məsələn, qoboy buraya Finikiyadan, beşsimli və yeddisimli lira, bəlkə çoxsimli arfa da Suriyadan, kifara isə Asiyadan gətirilmişdir. Bundan başqa bəzi alətlərin adı da onların Şərq mənşəli olduğunu göstərir.

     Bu gün həm Qərb, həm də Şərq musiqi sistemlərində musiqi ölçüləri rəqəm ilə ifadə olunur. Bu ənənə hələ qədim zamanlardan Şərqə məlum idi. Burada rəqəm magiyasina böyük diqqət ilə yanaşılırdı. Qədim yunan alimləri, o cümlədən Pifaqor və onun davamçıları bu mənada Şərq ənənələrinin tərəfdarı idilər. Başqa bir yunan alimi Platon rəqəm konsepsiyasına istinad edərək “qübbələr harmoniyası” haqqında nəticələr əldə etmişdi. Belə ki, o, planetlər arasındakı məsafəni rəqəm nisbəti vasitəsilə müəyyənləşdirdi. Bu məsafələr intervallara bərabər idi (qeyd edək ki qübbələr harmoniyası” haqqında nəzəriyyə Qədim Şərqdə yaranmışdır). Nəticədə əgər Yer ətrafında hərəkət edən Ayı 1, Günəşi 2 saysaq, onda Aydan Günəşə qədər olan məsafə bərabərdir oktavaya (). Günəşdən sonra Venera hərəkət edir, demək Venera ilə Günəşin əlaqəsi bərabərdir kvintaya (). Və beləliklə, növbəti məsafələr bunlardır: Merkuri ilə Venera arasında kvarta (), Mars ilə Venera arasında oktava (), Yupiter ilə Mars arasında bir ton (), Saturn ilə Yupiter arasında oktava və böyük seksta ().

     Gördüyümüz kimi, hətta göydəki planetlər müəyyən musiqi köklənməsinə malikdir, və bu köklənmənin nəticəsində tonların münasibəti 1:2:3:4:8:9:27 heptaxordunu yaradır.

     Antik alimlərin nəzəriyyəsində musiqinin metroritmik xüsusiyyətlərinə böyük yer ayrılırdı. Evripidin “İfigeniya Tavriddə” və Esxilin “İranlılar” əsərlərində antik ritmlərin bəzilərinin Şərq mənşəli olduğu qeyd edilir. Poetik yazı mənbələrindən məlumdur ki, bu növ ritmlərə anapest, ionik aid idi. Belə ki, Aristofan ionik şairlər haqqında yazarkan onların Asiya vərdişlərinə malik olduqlarını və başlarının çalmalı olduqlarını qeyd edirdi. Təsadüfi deyil ki, Esxilin “İranlılar”ında ionik ritmi çoxluq təşkil edir.

     Musiqi nəzəriyyəsinin növbəti və ən vacib sahəsi laddır. Həm Avropa major-minor sisteminin, həm də hazırki Şərq ladları sisteminin əsasını tetraxordlar təşkil edir. Tetraxordlar artıq antik musiqisində geniş istifadə olunurdu. Lakin bura da onların bəziləri Şərq musiqisindən gəlmişdir. K. Rozenşildin fikrincə, enharmonik tetraxordlar Şərqə məxsus olmuş və antik musiqi təcrübəsində çox da geniş yayılmamışdır. K. Zaks xromatif tetraxordlar barəsində oxşar fikirdədir. O ki qaldı ladların özlərinə, yunanlar həqiqətən yunan ladı kimi təkcə dorik ladını qəbul edirdilər. Frigik və Lidik ladları isə Yunanıstana Kiçik Asiyadan gəlmişdir ki, bu da onların adlarından məlum olur. Belə ki, Frigiya və Lidiya Yunanıstanın Kiçik Asiyadakı koloniyalarıdı (müasir Türkiyənin ərazisində).

     X X X

     Orta əsr dövrü musiqi elminin geniş inkişafı ilə səciyyələnir. Bu dövrdə antik alimlərinin nailiyyətləri öz əksini və məntiqi davamını tapmışdır. Buna misal olaraq orta əsrlərdə Qərb və Şərq arasında “qızıl körpü” sayılan Bizansın musiqi mədəniyyətini göstərmək olar. E. Hertsmanın fikrincə, lad-tonal sisteminin təsdiqini məhz Bizans musiqi-nəzəriyyə məktəbi gerçəkləşdirmişdir. Bizansda bu ixoslar sistemi idi, yəni lad mütəşəkkiliyinin müxtəlif yüksəklik dərəcələrini qeyd edən ardıcıllıq. İxoslar sistemində qonşu pərdələr arasında olan məsafə “foni” adlanırdı və tetrafoniya, yəni bir-birindən dörd foni ilə ayrılan beş səsdən ibarət olan cərqə ixoslar sisteminin əsasını təşkil edirdi.

     Antik dövrün təsiri Yaxın Şərq mədəniyyətində də hiss olunur. Belə ki, Şərq nəzəriyyəçiləri Əl-Kindi, Ürməvi, Əl-Fərabi, İbn Sina, İbn Zayla, Tusi və b. Öz tədqiqatlarında antik musiqi nəzəriyyəsini davam etdirmişlər. Buna baxmayaraq, qeyd etmək lazımdır ki, Orta əsr Şərq mədəniyyətinin formalaşmasında Şərqin qədim sivilizasiyalarının da rolu böyükdür.

     Yuxarıda göstərdik ki, Qədim Şərq ölkələri musiqisində rəqəm nəzəriyyəsinə böyük diqqətlə yanaşılırdı. Bu ənənə Orta əsr Şərq musiqi nəzəriyyəsində də öz əksini tapmışdır. Belə ki, orta əsr nəzəriyyəçiləri intervalları təyin edərək oktavanın , kvintanın , kvartanın , böyük tonun , kiçik tonun təqribən , kicik yarımtonun təqribən nisbətlərdə olduğunu göstərmişlər.

     Pifaqorun nəzəriyyəsində oldugu kimi, Əl-Kindinin nəzəriyyəsində də “kosmik” estetikaya diqqət yetirilmişdir. Belə ki, o da planetlərlə səslər arasında müəyyən bir əlaqə olduğunu qeyd etmişdir. Lakin Pifaqordan fərqli olaraq Əl-Kindi ilk hesablamanı ən kiçik yox, ən böyük planetdən başlamışdır. Bu isə qeyd olunan iki sistem arasında müəyyən fərqlərin yaranmasına səbəb olmuşdur.

     Şərq nəzəriyyəçiləri kiçik intervallara xüsusı diqqətlə yanaşırdılar. Bu onunla əlaqədar idi ki, Şərq musiqisində hətta ölçüsü 10 sentə bərabər olan intervallar da mövcuddur. XIII əsirdə Ürməvi intervallar sistemini bir qədər sadələşdirmiş və unifikasiya etmişdir. Onun təqdim etdiyi sistemdə oktava intervalı çərçivəsində qurulan səsdüzümü 17 pərdədən ibarətdir və burada ən kiçik interval 24 sentə bərabərdir. Z. Səfərovanın yazdığına görə “alimin qurdugu və təqdim etdiyi 17 pilləli səs qatarı özündə həm Pifaqor və həm də natural sistemlərin xüsusiyyətlərini birləşdirib uyğunlaşdırdı”.

     Həqiqətən də, 17 pilləli səsdüzümü Pifaqorun yaratdığı musiqi sistemində də öz əksini tapıb. Lakin sonralar, bərabər temperasiyanın nəticəsində səsdüzümün ən kiçik intervalı yarım ton olur. Buna görə də oktavada mümkün olan səslərin maksimal sayı on ikidir.

     17 pərdəli səsdüzümü Azərbaycan çalğı aləti tarın da qurluşunda öz əksini tapıb. Ü. Hacıbəyov: “... tarın hər simi üzərində birinci oktavada 17 pərdə göstərilməsinə gəldikdə, geyd etməliyik ki, bu 17 pərdə hər bir oktavada vardır. Misal üçün, fortepianodakı hər bir oktavada 7 sadə, 5 diyezli və 5 də bemollu səslər eyni dil (klaviş) vasitəsilə göstərilir”.

     Antik musiqidə olduğu kimi, Orta əsr Şərqin lad sisteminin də əsasını tetraxordlar təşkil edir. Əl-Kindinin nəzəriyyəsində biz “cins” anlayışı ilə rastlaşırıq, hansı ki 98 sentə bərabər olan xalis kvarta intervalının həcmində yerləşən dörd pərdəli səs düzümünü bildirir. Bu anlayış qədim yunan nəzəriyyəçilərinin tetraxorduna uyğundur. Demək lazımdır ki, eyni anlayış Cəmi tərəfindən də tetraxordlara və pentaxordlara qarşı istifadə olunmuşdur. Ürməvi isə onları “kism” adlandırırdı.

      Antik nəzəriyyəsində oldugu kimi, Orta əsr Şərqində də tetraxordlar növlərə bölünürdü. Belə ki, Əl-Kindi cinsləri tanini, launi və talifi adlandırır və bunlar antik musiqisində olan diatonin, xromatik və enharmonik tetraxordlarla eynidir. Bundan savayı Şərq musiqisində rast gəlinən tetraxordların birləşmə üsulları da antik musiqisinə xas olan üsullardır.
   
     Qeyd edək ki, yuxarıda göstərilən tetraxordlar növü və onların birləşmə üsulları bu gün də həm Şərq, həm də ki Qərb musiqisində yaşamaqdadır.


      X X X 

     Qərbin və Şərqin əlaqələri Qərbin (yunan-roma antik dövrü, Orta əsr Avropası) və Yaxın Şərqin əlaqələri nümünəsində göstərildi. Bir məqalənin həcmi bütün Şərqi əhatə etməyə imkan vermədiyinə görə diqqət Azərbaycan musiqisinin əsasını təşkil edən musiqi sisteminə daha yaxın olan Yaxın Şərq musiqi sisteminə yönəldilmişdir. Qeyd etmək istərdik ki, Qərb və Şərq ölkələrinin həm tarixi, həm iqtisadı, həm siyasi həyatı sübut edir ki, bu ölkələrin bir-birindən təcriddə yaşaması mümkün deyil və yaşamaq üçün onlar daimi bir-biri ilə əlaqədə olmalıdırlar. Təsadüfi deyil ki, son zamanlar Qərb və Şərq ölkələri müxtəlif birliklərdə, təşkilatlarda birləşməyə səy göstərirlər.

     Elmira ALLAHVERDİYEVA


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha


© 2008 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com