Reklam verin!

Uilyam Folkner: "AVQUST İŞIĞİ"

Romanın tam mətni "Xəzər" dərgisinin 2006, 1 və 2 saylarında  

AVQUST İŞIĞİ - THE LİGHT İN AUGUST

(roman)

İngiliscədən tərcümə: TEHRAN VƏLİYEV

12

     

     İknici mərhələ məhz belə başladı. Sanki çirkab kanalına düşmüşdü. Sanki ilk kişilik təsliminə, – canlı qulağın demək olar ki, aydın eşitdiyi şaqqıltı ilə tökülüb dağılan ruhi skelet kimi sarsıdıcı və ağrılı təslimə başqa bir həyatdan boylanırdı. Buna görə də bu təslim aktının özü artıq bir tənəzzül, həlledici döyüşün sabahı günü məğlub generalın sübh o başdan üzünü qırxıb, üst-başını səliqəyə salaraq, döyüş meydanının toz-torpağından silinib təmizlənmiş uzunboğaz çəkmələrdə öz qılıncını qalib tərəfə təhvil verməsi kimi bir şeydi.

    


 Bu kanal ancaq gecələr axırdı. Gündüzlər isə həyat həmişəki kimi axarında davam edirdi. Səhər saat yeddinin yarısında işə gedirdi. Daxmadan çıxır, ev tərəfə baxmadan ora yollanırdı. İşdən isə axşam saat altıda qayıdırdı, yenə bircə dəfə də olsun dönüb evə tərəf baxmırdı. Yuyunandan sonra ağ köynəyini, səliqə ilə ütülənmiş qara şalvarını geyinib mətbəxə gedirdi. Orda masanın üstünə düzülmüş şam yeməyi onu gözləyirdi, masanın arxasına keçib, hələ də o qadının üzünü görmədən yeməyini yeyirdi. Ancaq bilirdi ki, evdədir və qaranlıq sürünə-sürünə bu köhnə evə soxularkən nəyisə qırıb, intizarın əsirinə çevirir. Qadının o gününü necə keçirdiyni də bilirdi; onun da gündüzləri həmişəki kimiydi, elə bil gündüz həyatını onun əvəzinə başqası yaşayırdı. Onun hər gün evdə nəylə məşğul olduğunu, – günün müəyyən vaxtını üstü yeyilmiş masanın arxasında oturub nəsə yazıb-pozduğunu və yaxud böyük yolun hər iki, həm aşağı, həm də yuxarı tərəfindən, təkər topuna axışıb yığışan millər kimi evə sarı uzanan, uzun illərin tapdağından pardaxlanıb ağarmış cığırlarla bura gələn zənci qızlarla danışdığını, onları dinlədiyini bütün günü təsəvvürünə gətirirdi. Bu qızların o qadınla nə danışdıqlarını bilmirdi, hərçənd onların heç də xəlvətcə deyil, açıq, məqsədli şəkildə, çox vaxt tək-tək, bəzən isə ikibir, üçbir, üstlərinə önlük, başlarına yaylıq bağlamış halda, bəzən də çiyinlərinə atılmış kişi pencəyində bu evə gəldiklərini, sonra isə ordan ayrılan çığırlarla tələsmədən, amma həm də ləngimədən çıxıb getdiklərini heç də az görməmişdi. Arabir onları xatırlayır, fikirləşirdi: İndi o, bu işi görür. İndi də o, işi görür, amma onun özü barədə çox düşünmürdü. Əmin idi ki, qadın da gündüzlər onu bundan çox yadına salmır. Hətta gecələr qaranlıq yataq otağında qadın öz gündəlik işlərindən bezikib-usanmadan, uzun-uzadı söhbət açaraq, ondan da öz gündəlik işləri barədə danışmasını israrla tələb edəndə, bu, tamamilə adi bir aşiq-məşuq oyunuydu və hər ikisinin öz gündəlik işlərinin sözlə ifadə edilməsinə olan amiranə və şiddətli bir tələbatdan doğurdu, buna görə də o sözləri dinləmək heç məcburi də deyildi. Şam naharını elədikdən sonra ora, qadının onu gözlədiyi yerə gedirdi. Vaxt keçir, ikinci dövrün yeniliyi kütləşərək vərdişə çevrilirdi və o, mətbəx qapısı ağzında dayanıb, qaranlığa baxa-baxa çoxdan onu gözləyən, öz arzusuna uyğun olaraq özü seçdiyi vəhşi, boş küçəni görür, bəlkə də nəsə bəd bir hadisə baş verəcəyini qabaqcadan duyur, hiss edir, düşünürdü: Bu həyat mənim üçün deyil. Bura mənim yerim deyil.

     Bütün bunlar əvvəlcə onu möhkəm sarsıtdı; amansız, laqeyd Nyu İnqlənd buzluğu birdən-birə Nyu İnqlənd Bibliyasındakı odlu cəhənnəmə çevrilmişdi. Bəlkə də o, bu amansız, vəhşi bir istəkdən doğan özünüinkarda neçə-neçə qısır, geri qaytarılması mümkün olmayan, illərdən yığılıb qalmış neçə-neçə nakam arzu və istəyin gizləndiyini, bu qadının özünü öz əcdadlarının əbədi cəhənnəm oduna tuş edərək, təkcə günah deyil, həm də çirkab gölündə üzə-üzə o illərin hayfını, elə gecələrdən birində almağa, onların hamısının əvəzini elə gecələrdən birində, – sanki bu onun yer üzündə son gecəsiymiş kimi, – çıxmağa çalışdığını başa düşürdü. Bu qadında yasaq, ədəbsiz sözlərə qarşısıalınmaz bir ehtiras, onları ondan eşitməyə, öz dilinə gətirməyə vəhşi bir hərislik vardı. Bu qadın yasaq mövzulara, yasaq şeylərə adamı qorxudan, sadəlövh bir uşaq marağı göstərirdi – cərrahın insan əzalarına, onların imkanlarına dərin, heç vaxt zəifləmək bilməyən elmi marağı kimi. Gündüzlər isə o, qarşısında təmkinli, soyuqsifət, demək olar ki, kişiyəbənzər, demək olar ki, xeyli yaşlı, ömrünün iyirmi ilini tənhalıq içərisində, heç bir qadın qorxusu keçirmədən, tənha bir evdə, böyür-başında yalnız zəncilərin – o da, az-maz, – məskunlaşdığı bir yerdə yaşayan bir qadın görürdü. Bu qadın hər gün müəyyən saatlarda sakitcə masa arxasında əyləşib eyni anda həm ruhani, həm bankir, həm də tibb bacısı sifətində qocalara, cavanlara sakitcə çürbəcür məsləhətlər yazırdı.

     Həmin dövrdə (bunu bal ayı adlandırmaq olmazdı) Kristmas onun, eşqə düşmüş qadın oyanışının hər mərhələsindən necə keçdiyini diqqətlə izləyirdi. Tezliklə qadının davranışı onu təkcə heyrətə gətirmədi, həm də təşvişə saldı, çaşdırdı. Qadının qısqanclıq tutmaları onu qəfil yaxaladı. Amma buna onun heç bir əsası ola bilməzdi; bünün üçün nə mümkün bir səhnə vardı, nə də ona rəqib olacaq bir qadın, – bilirdi ki, qadın özü də bunu yaxşı bilir. Elə bil qadın bütün bunların hamısını qəsdən uydurmuşdu – qəsdən onunla oyun oynayırdı. Ancaq o öz rolunu elə xırsla, elə qətiyyət və əminliklə oynayırdı ki, Kristmas birinci dəfə onun sayıqladığını güman etdi, ikinci dəfə isə bu qənaətə gəldi ki, o, dəli olub. Qadın birdən-birə, gözlənilmədən eşq ayinlərinə şiddətli bir həvəs, zəngin bir ixtiraçılıq qabiliyyəti nümayiş etdirməyə başladı. Qeydlər, məktublar üçün gizli bir yer ayırmağı tələb etdi. Bunun üçün uçub dağılmaqda olan at tövləsinin arxasındakı dirəyin oyuğunu seçdilər. Qadının ora məktub qoyduğunu bir dəfə də olsun öz gözlərilə görə bilmədi, ancaq o, hər gün ondan gedib ora baxmağı tələb edirdi; gedib o oyuğu yoxlayanda isə ordan hökmən məktub tapırdı. Ora getmədən, o oyuğu yoxlamadan yalandan orda heç nə tapmadığını deyəndə isə məlum olurdu ki, yalanını tutsun deyə qadın ona tələ qurub. Və qadın dərhal da qışqırıb hönkür-hönkür ağlayır, haray-həşir qoparırdı.

     Bəzən o məktublarda qadın ondan evə hansısa saatdan sonra gəlməyi tələb edirdi. O evə ki, uzun illərdi ondan başqa heç bir ağ adamın ayağı dəyməmişdi, iyirmi il idi ki, o qadın bütün gecələrini bu evdə tək-tənha keçirmişdi; düz bir həftə qadın onu evə, öz yanına pəncərədən girməyə məcbur etdi. Bu zaman bəzən hardasa gizlənirdi və Kristmas qaranlığa bürünmüş evdə bütün künc-bucağı arayıb onu axtarmalı olurdu, axırda isə onu hardasa anbarda, ya da yaşanmayan otaqların birində tapırdı. Burda qadın gözləri qaranlıqda pişik gözü kimi par-par parıldaya-parıldaya, nəfəsi kəsilmiş, tıncıxmış halda onu gözləyirdi. Bəzən də ona ətrafdakı kolluqlardan birində görüş təyin edirdi, o da onu orda çılın-çılpaq vəziyyətdə, ya da cırıq-cırıq olmuş paltarda, dərin bir nimfomaniya tutması içərisində tapırdı; bu zaman onun ağappaq bədəni qaranlıqda elə bir erotik, nümayişkaranə pozada və görkəmdə olurdu ki, belə bir şeyi yalnız Petroniya dövrünün Berdsleyi çəkə bilərdi. Qadın boğuq, kəhi kəsilmiş nəfəs hıqqıltısı ilə dolu divarsız yarıqaranlıqda azğınlaşır, əlləri özbaşınalıq eləyir, saçının hər tükü səkkizayaqlı ilbiz caynaqları kimi dikəlib canlanır və dəlisov pıçıltı eşidilirdi: “Zənci! Zənci! Zənci!”

     Altı aya qadın tamam korlandı. Demək olmazdı ki, Kristmas onu korlayıb yoldan çıxarmışdı. Çünki bütün nizamsız, adsız əlaqələrinə baxmayaraq, onun həyatı sağlam və normal günah içərisində keçən hər bir həyat kimi, demək olar, kifayət qədər ədəbli keçmişdi. Bu korlanmanın mənşəyi qadından çox onun özü üçün anlaşılmaz idı. Hardan əmələ gəlir bu, – o mat-məəttəl qalmışdı; ancaq ən betəri o idi ki, bu korlanma onun özünə də sirayət etmişdi. Qorxmağa başladı. Nədən – özü də bilmirdi. Amma artıq kənardan özünü bataqlığa düşüb boğulan, onun dibsiz dibinə sorulan adam kimi görürdü. Bu düşüncəsi hələ fikir şəklində formalaşmamışdı. Hələ öz qarşısında yalnız küçəni – kimsəsiz, vəhşi, soyuq küçəni görürdü. Məhz soyuq; bəzən öz-özünə ucadan deyərək fikirləşirdi ki, “Burdan getmək lazımdı. Burdan rədd olub getmək lazımdı”.

     Amma nə isə, fatalistin həmişə əl-qolunu bağlayan şeylərdən biri – maraqmı, bədbinlikmi, adi ətalətmi onu burdan çıxıb getməyə qoymurdu. Qadınla əlaqəsi isə bu zaman davam edir, getdikcə onu gecələrin bu despotik, yorucu azğınlığına daha dərindən bağlayırdı. Çox güman ki, burdan çıxıb gedə bilməyəcəyini özü də anlayırdı. Hər halda heç yerə getmir və bir bədəndə iki məxluqun, sanki ay işığı altında ağaran və növbə ilə bir-birinin başından basıb suya batırmağa çalışan, sonra da silkinib qara, yapışqan gölməçənin səthinə çıxan iki fiqurun bir-birilə necə boğuşduğunu sakitcə müşahidə edirdi. Onlardan biri, birinci mərhələyə aid sakit, təmkinli, soyuq qadın, əxlaqsızlığa və düşkünlüyə məhkum olsa da, nədənsə hətta bu əxlaqsızlığa və məhkumluğa yuvarlananda belə öz toxunulmazlığını və möhkəmliyini qoruyub saxlayırdı, ikincisi isə bu toxunulmazlıqdan, bu möhkəmlikdən qeyzlə imtina edərək, qara dibsiz uçuruma can atır, yenidən cismani təmizliyə qovuşmağa çalışırdı, zira o bu təmizliyi o qədər uzun müddət qoruyub saxlamışdı ki, indi onu heç cür itirə bilməzdi. Bəzən onlar iki bacı kimi bir-birinə sarılmış halda qara səthin üzərinə çıxır, üst-başlarından qap-qara su axırdı. Və onda əvvəlki aləm geri qayıdırdı: otaq, divarlar, pəncərədən o tayda yay gecəsində qırx ildən bəri uğuldaşan cücülərin saysız-hesabsız dinc xoru. Qadın yad adam kimi vəhşi, əlacsız gözlərilə ona baxırdı; o isə qadına baxa-baxa düşüncəsindəki fikrini təzələdi: “Dua eləmək istəyir, amma heç bunu da bacarmır”.

     Və qadın kökəlməyə başladı.

     

     Bu mərhələ birincidən fərqli olaraq birdən, kuliminasiya nöqtəsində qırılmadı. O, elə tədricən, elə yavaş-yavaş üçüncü mərhələyə çevrildi ki, birinin harda bitib, o birinin hardan başladığını heç kim deyə bilməzdi. Yay payıza bu cür keçir, günəş qərbdə batarkən kölgələr uzandığı kimi payızın soyuq nəfəsi tədricən, qarşısıalınmaz bir qüvvə ilə yayın başının üstünü alır; ilk payızda ölgün yay da sönməkdə olan ocağın qəfil alovları kimi adda-budda bu cür birdən canlanıb sonra öləziyir. Bu mərhələ iki il davam etdi. O hələ də yonqar sexində işləyirdi, boş vaxtlarında isə yavaş-yavaş,– çox ehtiyatla, yalnız bir neçə etibarlı alıcıya viski satmağa başlamışdı; bu alıcıların heç biri digərini tanımırdı. Qadın bundan tamam xəbərsiz idi, halbuki o, öz viski ehtiyatını onun ərazisində gizlətmişdi, alıcılarla örüşün o tayındakı meşəlikdə görüşürdü. Əslinə qalsa, əgər bilsəydi belə buna etiraz etməzdi. Elə missis Makiçern də gizli kəndirə etiraz etməzdi; çox güman ki, o, bu qadına da, missis Makiçernə də öz gizlin işlərini elə eyni səbəbə görə açıb deməmişdi. Missis Makiçernlə kəndir barədə, ofisiant qızla ona vermək istədiyi, amma hardan tapdığını demədiyi pul barədə və nəhayət, indiki məşuqəsilə viski barədə düşüncələrə dalarkən viski alverinə qazanc xatirinə deyil, onu əhatə edən qadınlardan nəyisə gizlətməyə məhkum olduğuna görə girişdiyinə inanmağa hazır idi. Bu arada bəzən elə olurdu ki, o qadını gündüzlər də görürdü – uzaqdan, evin arxasında; tər-təmiz, hər yeri örtülü ciddi libasın altında həddən artıq korlanmış, həddən artıq yetişmiş, əl vuran təkin bataqlıqda bitmiş bir şey kimi kimi çirkab axıtmağa hazır olan qadın bədəni yaşayır, açıq-aşkar cilvələnirdi; qadın bir dəfə də olsun dönüb nə daxmaya, nə də ona sarı baxırdı. Və hər dəfə o biri, yalnız qaranlıqda mövcud olan qadın barədə düşünəndə ona elə gəlirdi ki, indi gündüz işığında gördüyü sadəcə həmin gecə bacısının boğub öldürdüyü kəsin xəyalatıdır və bu xəyalat indi, hətta inildəmək qabliyyətini belə itirmiş köhnə dinclik səhnələrini məqsədsiz-filansız yenidən dolaşmağa çıxıb.

     Əlbəttə, ikinci mərhələnin ilkin qəzəbi sonsuzacan davam edə bilməzdi. Əvvəlcə bu bir şəlaləyə bənzəyirdi; indi isə qabarmalar və çəkilmələrlə əvəz olunmuşdu. Qabarma vaxtı qadın özünü də, onu da, demək olar ki, aldada bilirdi. Sanki bunun yalnızca bir qabarma olması şüuru onda daha şiddətli etiraz, daha şiddətli qəzəb doğururdu, bu etiraz, bu qəzəb onu da, qadının özünü də artıq tamamilə ağlasığmaz fiziki sınaqlara sövq edir, öz güclü təzyiqi ilə onu vurub kənara atır, öz iradələrindən asılı olmayaraq, kim bilir haralara tullayırdı. Sanki qadın başa düşmüşdü ki, vaxtı çox azdır, ömrünün payızı qapının ağzını kəsdirib, amma bu payızın onun üçün məhz nə demək olduğunu hələ bilmirdi. Yəqin ki, bu zaman onu yalnız instinkt – həm şəhvani, həm də itirilmiş illərin əvəzini çıxmaq instinkti idarə edirdi. Sonra çəkilmə başlayırdı. Və onlar yorulub əldən düşmüş, doymuş halda, sanki güclü şimal-qərb küləyi yenicə avazıyıbmış kimi quruda sərələnib qalır, yad adamlar kimi ümidsiz, narazı halda (o, bezginlik içərisində, qadın isə gözlərində dərin bir ümidsizlik) bir-birlərinə baxırdılar.

     Ancaq payız artıq qadının başı üzərinə çökmüşdü. O, uşaqdan danışırdı, elə bil instinkti ona özünə bəraət qazandırmağın, ya da günahını yumağın artıq vaxtı çatdığını söyləmişdi. Bu barədə o, çəkilmə vaxtında danışırdı. İlk vaxtlar gecələr həmişə sel kimi gur axınla başlayırdı, sanki gündüz saatlarının ayrılığı bir anlığa da olsa onun gur şəlaləni təsəvvürünə gətirə bilməsi üçün qurumaqda olan xırda axınları bir yerə yığırdı. Amma sonra o xırda axınların hətta bu gücü də həddən artıq zəiflədi: indi Kristmas qadının yanına yad adam kimi, könülsüz, artıq necə geri qayıdacağı barədə düşünə-düşünə gedirdi; qaranlıq yataq otağında onunla yad adam kimi yanaşı əyləşib, sanki kimsə üçüncü, yenə yad bir adam haqqında söhbət eləyə-eləyə ondan uzaqlaşırdı. Fikir verdi ki, indi onlar, sanki sözləşiblərmiş kimi, yalnız yataq otağında görüşürlər, elə bil artıq evliydilər. Daha o, bu qadınla qaranlıq evdə gizlənpaç oynamalı olmurdu, onun evin hər küncünü arayıb-axtardığı, qadınınsa bütün bədənini sarmış şəhvani həyəcandan ağır-ağır tövşəyə-tövşəyə, çılın-çılpaq halda evin qaranlıq bir küncündə, ya da açıq havada, kolluqda gizləndiyi gecələr artıq at tövləsinin arxasındakı dirəyin oyuğundakı gizli yer kimi çoxdan keçmişə gömülmüşdü.

     Hər şey ölmüş, keçmişdə qalmışdı: hətta son dərəcə qüsursuz oynanılan gizlin biabırçı şəhvət və qısqanclıq səhnələri də. Hərçənd indi o, qısqanclıq etməyə əsas da tapa bilərdi, əgər bundan xəbəri olsaydı. Təxminən həftədə bir dəfə Kristmas guya iş dalınca harasa gedirdi. Onun iş dalınca Memfisə getdiyindən, orda başqa qadınlarla, pulla alınan qadınlarla ona xəyanət etdiyindən xəbəri yox idi. Bunları bilmirdi. Bəlkə də indiki halında bunlara inanmazdı da, bundan nə qədər pərt olsa da, heç bir dəlil-sübuta qulaq da asmazdı. Çünki indi o, bir qayda olaraq gecələrin çox hissəsini yuxusuz qalırdı, yalnız gündüzlər nahardan sonra yatıb yuxusunu alırdı. Xəstələnib eləməmişdi; bunun günahı bədənində deyildi. Həmişəkindən də sağlam idi; iştahı da canavar iştahıydı, on iki kilo kökəlmişdi. Yuxusuzluğu bu doğurmamışdı. Bunun səbəbi qaranlığın özündə, torpaqda, öləziməkdə olan yaydaydı: ordan onu nəsə çox qorxunc, dəhşətli bir şey təhdid edirdi, amma hissiyatı onu inandırmağa çalışırdı ki, bunun ona xətəri dəyməyəcək; onu qəfil haqlayıb, xəyanətkarcasına satacaq, amma ona heç bir ziyan vurmayacaq: əksinə, o, xilas olacaq, həyat əvvəlki kimi, hətta ondan da yaxşı davam edəcək, daha qorxusuz olacaq. Qorxunc olanı isə bu idi ki, o, xilas olmağı arzulamırdı. “Mən hələ dua etməyə hazır deyiləm,” – o sakitcə, pıçıltıyla, gözləri geniş açılmış halda öz-özünə dedi, ara vermədən pəncərədən içəri dolan ay işığı isə təəssüf hissini əlləşdirə-əlləşdirə otağı mümkünsüzlüyün soyuğuna bürüyürdü. “Məni indi dua etməyə məcbur etmə. İlahi, əzizim, qoy mən hələ bir qədər də əxlaqsızlıq girdabında qalım”. Bütün keçmiş həyatı, ac illəri indi ona boz bir tunel kimi görünürdü, onun uzaq, geriyə qaytarılması mümkün olmayan, ucunda isə çılpaq, bakirəliyin boğub öldürdüyü döşləri, çox sürətlə ötüb keçən bu son üç ildən əvvəl olduğu kimi, əbədi tənə zərbindən göm-göm göynəyirdi. “İlahi, əzizim, bir az da möhlət ver. İlahi, əzizim, bir az da möhlət ver”.

     Buna görə də indi Kristmas onun yanına gələndə onlar süst, soyuq halda, yalnızca adətkərdə olduqları üçün ehtiras ayinini yerinə yetirdikdən sonra qadın uşaqdan danışmağa başlayırdı. Əvvəlcə o, ümumiyyətlə uşaqdan danışır, bu barədə yalnız ümumi şeylər söyləyirdi. Bəlkə də bu sadəcə instinktiv qadın fəndgirliyi, qadın çərənçiliyi idi, bəlkə də belə deyildi. Hər halda Kristmas onun niyyətini heç də dərhal anlamadı, amma sonra bu barədə tamamliə mümkün bir şey kimi, ciddi danışdığını başa düşəndə öz kəşfindən heyrətə gəldi. Dərhal da dedi: “Yox”.

      – Nə üçün? – qadın soruşdu. Fikirli halda ona baxdı. O, qadını dərhal anladı, fikirləşdi ki, ərə getmək istəyir. Məsələ bundadır. Uşağı omasını məni istədiyindən çox istəmir “. Sadəcə bu bir tələdir, – o düşündü. – Ondan elə bunu gözləmək lazım idi, ağlım necə də kəsməyib. Bir il əvvəl burdan rədd olub getməliydim”. Ancaq bunu ona deməyə qorxurdu. “Evlənmək” sözünün onların arasına girməsindən, dilə gətirilməsindən qorxurdu, – fikrən götür-qoy edirdi: “Bəlkə o hələ heç bu barədə düşünmür, mən özüm çaşıb onu bu fikrə sala bilərəm”. Qadın gözünü ondan çəkmirdi.

     – Axı niyə də olmasın? – qadın dedi. Hardasa beynindən bir anlığa keçib getdi: Doğrudan da niyə də olmasın. Bu halda ömrünün sonunadək rahatlıq, təminat əldə etmiş olarsan. Daha sərgərdan kimi yaşamazsan. Axı evliliyin indiki halımdan nəyi pisdir və fikirləşdi: “Yox. Əgər buna sıyılsam, deməli kim olmaq istəyimə çatmaq üçün sərf elədiyim bu otuz ili havayı, boş yerə yaşamışam”. Dedi:

     – Əgər biz uşaq istəsəydik, məncə, bunu iki il əvvəl edərdik.

     – O vaxt istəmirdik.

     – Elə indi də istəmirik, – o, dedi.

     Bu, sentyabrda olmuşdu. Milad bayramından dərhal sonra qadın ona dedi ki, hamilədir. Qadın heç sözünü deyib qurtarmamış Kristmas bu qərara gəldi ki, o, yalan deyir. İndi anladı ki, artıq üç aydan çoxdur ondan bu sözləri gözləyirdi. Ancaq qadının sifətinə baxan kimi başa düşdü ki, yalan demir. Əmin oldu ki, yalan demədiyini qadın özü də bilir. Fikirləşdi: “İndi deyəcək ki, evlən. Amma mən, ən azı o bunu deməzdən qabaq qaçıb evdən çıxa bilərəm”.

     Lakin qadın o sözü demədi. O, çarpayıda hərəkətsiz oturmuşdu, əllərini dizlərinin üstünə qoyub, hərəkətsiz sifətini aşağı sallamışdı (şumal və hələ də qarımış qız sifətini: sümükləri aydın bilinən, uzunsov, demək olar ki, kişi sifətinə bənzər bir sifəti; özününkünün əksinə olaraq, onun dopdolu bədəni indi həmişəkindən dadlı, vəhşicəsinə yetişmiş, dəymiş görünürdü). Qadın fikirli-fikirli, həyəcansız, sanki tamamilə kənar bir şey haqqında danışırmış kimi dedi: “İri, goppuş. Lap elə zəncidən olan qeyri-qanuni bir uşaq. Onda atamın, Kalivinin oxşarlığını görmək istərdim. İndi istəsən, sənin üçün qaçıb getməyin əsl vaxtıdır”. Ancaq o, sanki öz dediklərini eşitmirdi, dediyi sözlərə heç bir məna verə bilmirdi – artıq ölməkdə olan yayın başının üstünü payız, yarıölüm müjdəçisi kəsərkən, onun inadkarcasına son dəfə parıldamasının heç bir əhəmiyyət kəsb etmədiyi kimi. “Artıq hər şey bitdi, – qadın sakitcə fikirləşdi. – Qurtardı”. Hər şey, yalnız ümiddən savayı, qəti əmin olmaq üçün hələ bir ay da keçəcəkdi; bunu zənci qadınlardan öyrənmişdi – yalnız üçüncü ayda bunu dəqiq bilmək olar. Buna görə də hələ bir ay gözləməlidi, təqvimi izləməlidi. Səhv salmamaq üçün təqvimdə işarə qoydu; yataq otağının pəncərəsindən bu ayın necə ötüb keçdiyinə tamaşa edirdi. Şaxta düşmüşdü, artıq bəzi yerlərdə yarpaqlar saralmağa başlamışdı. Təqvimdə işarə olunan gün gəlib çatdı və ötüb keçdi; daha dərindən əmin olmaq üçün özünə bir həftə də vaxt verdi. Sonra sevincindən çığırıb eləmədi, çünki başqa cür olacağını da gözləmirdi. “Mənim uşağım olacaq,” – sakitcə, ucadan dedi.

     

     “Sabah çıxıb gedəcəm,” – Kristmas elə həmin gün özünə söz verdi. Amma fikirləşdi ki, “Bazar günü gedərəm. Həftəlik məvacibimi alanacan gözləyim, sonra çıxıb gedərəm”. Səbirsizliklə şənbə gününü gözləməyə, hara gedəcəyini götür-qoy eləməyə başladı. Həftə ərzində bir dəfə də olsun onunla görüşmədi. Fikirləşdi ki, qadın özü onu çağıracaq. Hiss elədi ki, öz daxmasına girib-çıxarkən ilk həftələrdə olduğu kimi evə tərəf baxmaqdan çəkinir. Qadını heç görmürdü. Aradabir zənci qadınları görürdü; onlar payız soyuğundan qoruna bilmək üçün əllərinə keçənə bürünərək adət elədikləri çığırlarla o evə gəlib-gedir, gəlib-gedirdilər. Başqa heş nə. Şənbə günü gəlib çatdı, amma o yenə çıxıb getmədi. “Bir az da pul toplamaq lazımdı, – fikirləşdi. – Bir halda ki, məni burdan zorla qovmurlar, heç mən də tələsmirəm. Gələn həftə gedərəm”.

     Getmədi, qaldı. Hava soyumuşdu, aydın və som-soyuq idi. Küləyin at oynatdığı daxmada pambıq odeyalın altına girib evdəki yataq otağı barədə, oradakı isti divar sobası, enli, qalın, yaxşı-yaxşı sırınmış yorğanlar barədə düşündü. Az qala özünə yazığı gəldi, əvvəllər heç belə olmamışdı. “Heç olmasa mənə başqa bir odeyal verərdi,” – düşündü. Özü də dükandan ala bilərdi. Amma almamışdı. Qadınsa təklif eləməmişdi. Gözlədi. Özü də hesab etdiyi kimi lap çox gözlədi. Və sonra bir fevral axşamı daxmaya gələndə yatağın üstündə bir məktub tapdı. Çox qısa, cəmisi bir cümlədən, az qala əmrdən ibarət idi: gecə hökmən o evə gəlməlidir. Buna təəccüblənmədi. Gec-tez ağlını başına yığmayan qadına bircə dəfə də olsun rast gəlməmişdi, əlbəttə əgər o qadının həyatında başqa bir kişi də yox idisə. İndi dəqiq bilirdi ki, sabah burdan çıxıb gedəcək. “Elə bunu gözləyirmişəm, – fikirləşdi. – Haqqını haçan ödəyə biləcəyimi gözləyirmişəm”. Təkcə üst-başını təzələmədi, üzünü də qırxıb təmizlədi. Özü də hiss etmədən bu görüşə əsl bəy kimi hazırlaşdı. Mətbəxdə həmişə olduğu kimi onun üçün süfrə açılmışdı; görüşmədikləri bütün bu müddət ərzində qadın şam naharını bir dəfə unutmamışdı. Yeməyini yedi, sonra yuxarı qalxdı. Tələsmədən. “Bütün gecə bizim ixtiyarımızdadır, – fikirləşdi. – Daxmanı boş görəndən sonra sabah, birisi gün xatırlamaq istədiyi çox şey olacaq.” Qadın divar sobasının yanında əyləşmişdi. O, içəri girəndə heç başını da qaldırmadı. – Kətili yaxına çək otur, – qadın dedi.

     Üçüncü mərhələ belə başladı. Bir müddət qadın onu öz hərəkətləriylə möhkəm heyrətə saldı, hətta o biri iki dəfəkindən də çox çaş-baş qoydu. O, bu dəfə bu qadından çılğın etiras, bir növü lal etiraf, ən pis halda isə, əgər onun könlünü ələ almağa çalışarsa, – o, hətta buna da hazır idi, - üzüyolalıq gözləyirdi. Amma tamam özgə, yad bir qadınla üzləşdi, onu qucaqlamaq istəyəndə bu qadın təmkinli bir kişi qətiyyətiylə onun əlini kənara itələdi.

     – Başla, – Kristmas dedi, – mənə nə sözün varsa de. Bəlkə bundan sonra söhbətimiz daha yaxşı alınacaq. Qorxma, bunun uşağa heç bir zərəri olmaz.

     Qadın onu bircə kəlmə ilə durdurdu; ilk dəfə bu qadının sifətinə diqqətlə baxdı – orda soyuq, dalğın bir sifət gördü.

     – Sən heç bilirsənmi ki, – qadın dedi, – öz həyatını boş yerə sərf eləyirsən? – Və o, heyrətdən yerindəcə donub qadının üzünə baxa-baxa qaldı, elə bil öz qulaqlarına inana bilmirdi.

     Bu sözlərin mənası ona dərhal çatmadı. Qadın bir dəfə də olsun ona tərəf baxmadı. Sifətində soyuq, hərəkətsiz bir ifadə, fikirli baxışlarını sobaya zilləmiş halda onunla yad adam kimi danışırdı, o isə təhqir olunubmuş kimi, çaşqınlıq içində onu dinləyirdi. Qadın istəyirdi ki, zənci məktəblərilə bağlı işləri – yazışmaları, müntəzəm səfərləri o öz boynuna götürsün. Bu planı hərtərəfli ölçüb-biçmişdi. Qadın bu işin bütün təfərrüatını ona səbirlə, təmkinlə izah edirdi, o isə bütün bunlara get-gedə artmaqda olan qəzəb və heyrət içərisində qulaq asırdı. Bu işlərə rəhbəlik ona keçəcəkdi, qadın onun katibəsi, köməkçisi olacaqdı: onlar məktəblərə bir yerdə gedəcək, zənci evlərini birlikdə ziyarət edəcəkdilər; bütün qəzəbinə baxmayaraq o bu planın dəlilik olduğunu yaxşı anlayırdı. Amma dinc soba işığında qadının sakit profili çərçivəyə salınmış portret kimi çılğınlıqdan uzaq və ciddiydi. O, evdən çıxarkən qadının uşaq barədə bir kəlmə də olsun danışmadığını birdən xatırladı.

     Qadının artıq ağlını təmiz itirdiyinə hələ inanmağaı gəlmirdi. Fikirləşirdi ki, bütün bunlara səbəb hamiləlikdir, elə bu səbəbə görə də onu yaxın buraxmır, özünə əl vurmağa qoymur. Onunla mübahisə eləmək istədi. Amma bu daş-divarla mübahisə etmək kimi bir şey oldu; qadın heç onun sözünü də kəsmədi, onu axıracan sakitcə dinlədi, sonra da soyuqqanlılıqla öz dediyinə davam etdi, elə bil o, heç bir söz deməmişdi. Nəhayət qalxıb otaqdan çıxanda o, hətta, qadının bunu hiss elədiyinə də əmin deyildi.

     Sonrakı iki ay ərzində qadını yalnız bir dəfə gördü. Günləri həmişəki kimi keçirdi, bircə fərqi vardı ki, artıq o evə yaxın düşmürdü, yonqar sexində işlədiyi ilk aylarda olduğu kimi yenə də şəhərdə nahar eləyirdi. Ancaq o vaxtlar, işləməyə yenicə başlayanda gündüzlər qadın haqqında fikirləşmirdi, o, heç yadına da düşmürdü. İndi isə özüylə bacara bilmirdi. Qadın heç cür fikrindən çıxmır, demək olar ki, heç gözünün önündən getmirdi: evdə səbisizliklə onu gözləyən, qırsaqqız, sərsəm bir qadın. Birinci mərhələdə o sanki qarlı-çovğunlu havada küçədə yaşayırdı və buna görə də o evə girməyə can atırdı; ikincisində – qaynar, quduz bir qaranlığa düşmüş, indi isə boş bir düzənliyin ortasında qalmışdı, burda nə ev, nə də qar vardı, heç külək də əsmirdi.

     Bu günəcən canına yalnız çaşqınlıq və bir də, yəqin ki, nəsə bəd, qaçılmaz bir hadisə duyğusu hakim kəsilsə də indi qorxmağa başlamışdı. İndi onun viski ticarətində yeni bir şəriki də vardı: Braun adlı sərgərdanın birisiydi, yonqar sexinə yazda işə düzəlmişdi. Bu adamın nə qədər axmaq, avam olduğunu yaxşı başa düşürdü, amma əvvəlcə fikirləşdi ki, “Onsuz da mən nə desəm, yalnız onu eləyəcək, hər halda buna ağlı çatar. Ona düşünmək lazım gəlməyəcək” və yalnız bir müddət keçəndən sonra öz-özünə dedi: “İndi bilirəm ki, axmaq nədir, – bu o adamdır ki, hətta öz düzgün məsləhətinə belə qulaq asmır”. Braunu özünə ona görə şərik götürmüşdü ki, gəlməydi, onda nəsə şən, şux bir sadəlövhlük, kütlük vardı və heç ürəkli, qorxmaz adam da deyildi; bilirdi ki, bütün naqis cəhətlərinə rəğmən, istənilən qorxaq ağıllı adamın əlində özündən savayı hər kəs üçün çox faydalı ola bilər.

     Qorxurdu ki, birdən Braun o evdə o qadının yaşadağını öyrənə və öz ağılsızlığı ucbatından onun bütün işlərini korlaya bilər. Qadından qaçdığı üçün ehtiyatlanırdı ki, birdən onun ağlına nəsə düşə, gecə vaxtı durub daxmaya gələ bilər. Fevraldan bəri onunla bircə dəfə – evə, onun yanına gedib Braunun da daxmada, onunla birlikdə qalacağını ona deyərkən görüşmüşdü. Bu, bazar günü olmuşdu. Evə gedib qadını səsləmişdi, qadın da arxa artırmaya çıxıb onu sakitcə dinləmişdi. “Buna elə bir ehtiyac yox idi,” – qadın demişdi. Onda onun nəyi nəzərdə tutduğunu anlamamışdı. Yalnız sonralar birdən bütöv, çap olunmuş bir ifadə kimi beynində parlamışdı: O elə bilir mən bu adamı ona görə bura çəkib gətirmişəm ki, onu özümdən bir az da uzaq eləyim. Fikirləşir ki, mən elə bilirəm bu adam yanımda olsa, daxmaya gəlməkdən çəkinəcək; məni sakit buraxacaq.

     Beləliklə, bu fikri, qadının nə edə biləcəyi qorxusunu öz düşüncəsinə hopdurdu və elə bildi ki, bunu qadının da şüuruna yeridib. Ona elə gəldi ki, əgər qadın belə fkirləşirsə, deməli Braunun yanında qalması onu daxmaya gəlməkdən təkcə çəkindirməyəcək, həm də buna təhrik edəcək. Lakin artıq bir aydan çox keçsə də qadın heç nə eləməmişdi, onunla yaxınlaşmaq üçün heç bir addım atmamışdı, buna görə ona elə gəldi ki, indi ondan hər şey gözləmək olar. İndi özü gecələr yuxusuz qalmağa başladı. Və fikirləşdi: “Mən nəsə eləməliyəm. Deyəsən, nəsə eləyəcəm”.

     Fəndgirlik eləyib Braundan yayınmağa, daxmaya ondan əvvəl, tək gəlməyə çalışırdı. Hər dəfə də qadını orda görəcəyindən qorxurdu. Ancaq hər dəfə də onu bom-boş görəndə, özünün qorxu keçirməyə, yalan danışmağa, tələsməyə məcbur olduğu halda, qadının bütün günü evdə sakit-xürrəm oturub, yalnız onu indimi, yoxsa bir az da əzab-əziyyət verdikdən sonra satmaq haqqında fikirləşməklə məşğul olması onu özündən çıxarır, cin atına mindirirdi. Başqa vaxt olsaydı, Braunun qadınla onun arasındakı münasibətdən xəbər tutması heç vecinə də olmazdı. Qadınlarla əlaqəli nəyisə gizli saxlamaq, yaxud onlara qarşı əsl rıtsar kimi davranmaq onun xarakterinə tamam yad bir şeydi. Bu əslində praktik, işgüzar bir məsələydi. Bu qadının onun məşuqəsi olduğunu hətta bütün Cefferson bilsəydi belə bu, onu azacıq da olsun hürkütməzdi. Gizli viski alveri və həftədə otuz-qırx dollarlıq təmiz qazanc – onu əndişələndirən məhz buydu, məhz buna görə heç kəsin onun şəxsi həyatından xəbərdar olmasını istəmirdi. Bir səbəbi buydu. İkinci səbəb isə məğrurluğu ilə bağlıydı. Əgər onların arasındakı münasibətin nəyə çevrildiyindən, – qadının təkcə öz həyatını alt-üst eləməklə qalmayıb, onun da həyatını alt-üst eləməyə, onu nəsə bir zahidə, zəncilər arasında missionerə çevirməyə çalışdığından kiminsə, – kim olur-osun, dəxli yoxdur, – xəbər tutmasına imkan vermiş olsaydı, hökmən ya onu öldürər, ya da onun özünü öldürərdilər. Onu da dəqiq bilirdi ki, əgər Braun onlar barədə nəsə duysa, nəsə bilsə, bunu hökmən qalanları da biləcək. Beləlikə, uydurmalı olduğu bütün yalanlardan, qaçaqaçdan sonra nəhayət daxmaya yaxınlaşıb, qapının dəstəyini özünə tərəf çəkəndə fikirləşirdi ki, indi, bircə saniyədən sonra bu cür tələm-tələsik evə qaçmağının əbəs olduğu üzə çıxacaq, amma yenə də bu ehtiyatlılıqdan imtina etməyə cürəti çatmır, bu cür qorxmağından, öz gücsüzlüyündən qeyzlənərək qadına olmazın nifrət edirdi. Ancaq bir axşam qapını açanda çarpayının üstündə bir namə gördü.

     İçəri girər-girməz qaranlıq otaqda odeyalın üstündə çətin sezilən dördkünc, ağappaq bir şey gözünə dəydi. Bu məktubun məğzi, məzmunu onun üçün o qədər aydın idi ki, bu barədə bir an belə düşünmədi. Özündə hər hansı bir səbirsizlik duymadı, yalnız yüngüllük hiss etdi. “Hə, deməli, hər şey bitdi, – bükülü kağızı hələ əlinə götürməmiş fikirləşdi. – Yenə hər şey köhnə qaydada davam edəcək. Daha zəncilər, uşaqlar barədə heç bir söhbət olmayacaq. Axır ki, ağıllanıb. Bundan bir şey çıxmayacağını, bununla heç nəyə nail ola bilməyəcəyini başa düşüb. Başa düşüb ki, ona yalnız kişi lazımdı, kişi istəyir. Özü də kişi ona yalnız gecə lazımdı; gündüzlər neynəyir, nə işlə məşğul olur – bunun heç bir əhəmiyyəti yoxdur”. Ancaq elə bu andaca indiyə kimi burdan nə üçün çıxıb getmədiyini başa düşməliydi. Bu dördkünc kağız parçasının onu qandaldan, zindandan da möhkəm tutub saxladığını qanmalıydı. Amma bu barədə heç düşünmədi. İndi o özünü yenə də xoş bir vədin, xoş bir nəşənin ağuşunda görürdü. Ancaq indi hər şey sakit, qaydasında olacaqdı. Hər iksi belə istəyir; bir də ki, indi artıq bu qadının cilovu onun öz əlindədir. “Nəyə lazımdı o cür sarsaq-sarsaq şeylər, – hələ də açıb baxmadığı məktubu əlində tutaraq fikirləşdi, – sarsaq, murdar şeylər. O odursa, mən də mənəm. Həm də bütün bu olub- bitənlərdən, o cür sarsaq-sarsaq şeylərdən sonra,” – və bu gecə, işlərini görüb qurtardıqdan sonra, sakitcə danışıb, sakitcə gülmək vaxtı çatanda, bütün olub-keçənlərə, bir-birlərinə, özlərinə necə güləcəklərini təsəvvürünə gətirdi.

     Beləcə, məktubu heç açmadı. Bunu sonraya saxladı, fit çala-çala üzünü qırxdı, yuyundu, paltarını dəyişdi. Bu işləri görüb qurtarmağa macal tapmamış Braun gəlib çıxdı.

     – Belə-belə işlər, – Braun dedi. Kristmas heç bir cavab vermədi. Divara vurulmuş güzgüyə baxa-baxa qalstukunu bağladı. Braun otağın ortasında dayanmışdı: ucaboy, arıq, cavan bir adam idi, çirkli kombinzondaydı, qarabuğdayı, iradəsiz-xoş sifəti və qaynaşan gözləri vardı. Ağzının bir qırağındakı namnazik, ağ çapıq tüpürcək izinə bənzəyirdi. Bir qədər sonra Braun dedi: – Deyəsən harasa hazırlaşırsan?

     – Doğrudan? – Kristmas dedi. Ona tərəf dönmədi. Fitlə yeknəsəq, amma düzgün tərzdə nəsə minor, həzin zənci mahnısı çalmağa başladı.

     – Bir halda ki, sən artıq geyinib-kecinmisən, – Braun dedi, – onda mən yuyunmasam da olar.

     Kristmas ona tərəf döndü.

     – Hara hazırlaşmısan?

     – Sən şəhərə getmirsən?

     – Bəyəm mən belə bir söz dedim? – Kristmas dedi. Üzünü güzgüyə tərəf çevirdi.

     – Hə-ə? – Braun Kristmasın boynunun arxasına baxa-baxa dedi. – Deməli, bu gün sənin nəsə öz işin var. – O, Kristmasdan gözünü çəkmirdi. – Amma bu gecə çox soyuq olacaq, belə bir havada nəm torpaqda yatmaq müşkül işdir, özü də döşəyin arıq-marıq bir qız ola.

     – Doğrudan? – Kristmas dedi və fit çala-çala diqqətlə, tələsmədən qalstukunu boğazına bağladı. Sonra geriyə dönüb, pencəyini götürdü, əyninə geydi; Braun gözünü ondan çəkmirdi. Kristmas qapıya tərəf getdi. – Sabaha qədər, – o dedi. Qapı arxasınca örtülmədi. Bilirdi ki, Braun astanada dayanıb, onun arxasınca baxır. Ancaq o, iz itirməyə çalışmadı. Birbaş evə sarı yollandı. “Görmək istəyir, goy görsün, – o fikirləşdi. – İstəyir, lap dalımca düşsün”.

     Mətbəxdə onun üçün süfrə açılmışdı. Yeməyə oturmazdan əvvəl ağzı açılmamış məktubu cibindən çıxardı, onu süfrəyə, boşqablardan birinin yanına qoydu. Məktub zərfsiz idi, onu nəyəsə qoyub ağzını surquclamamışdılar, buna görə də öz-özünə açıldı, sanki inadla oxunmasını istəyirdi. Ancaq o, məktuba tərəf heç gözünün ucu ilə də baxmadı. Yeməyə girişdi. Tələsmədən, arxayın-arxayın yeyirdi. Artıq naharını yeyib qurtarmışdı ki, birdən başını qaldırıb nəyəsə qulaq verdi. Sonra yerindən qalxdı, pişik kimi səs salmadan, gizlincə qapıya yaxınlaşıb, onu qəfil, cəld bir hərəkətlə dartıb açdı. Önündə bayır tərəfdən sifətini qapıya, daha doğrusu, indi onun olduğu yerə söykəyib duran Braunu gördü. İşıq üstünə düşdüyü anda onun sifətində gərgin uşaq marağı həkk olunmuşdu; Kristmasın gözləri önündə bu ifadə təəccüblə əvəz olundu, sonra isə sifət dartınıb normal şəklə düşdü. Braunun səsi təntənəli, ancaq eyni zamanda asta, ehtiyatlı, sui-qəsdçi bir səs idi, elə bil o, artıq xahiş gözləmədən, məsələnin məğzinə varmadan, sadəcə yoldaşlıq, yaxud da qadın əleyhinə kişi həmrəyliyi xatirinə Kristmasın tərəfinə keçmiş, onunla saziş bağlamışdı.

     – Belə-belə işlər, – o dedi. – Deməli, sən hər gecə bura əkilirmişsən. Necə deyərlər lap elə burnumuzun ucunda...

     Kristmas ağzını açmadan on bir yumruq ilişdirdi. Zərbə güclü alınmadı, çünki Braun sadəlövh, şən bir qaqqıltı ilə artıq geri atılmışdı. Zərbədən sonra onun gülüşü kəsildi; qəfil geri sıçrayıb, işıq selindən kənara atılan Braun qaranlıqda görünməz oldu, ordan yenə onun hələ də yavaş, astadan çıxan səsi eşidildi, elə bil o, hətta bu yumruqdan sonra da öz yoldaşının planını pozmaq istəmirdi, ancaq artıq sakit də deyildi – heyrətə gəlmiş, qorxmuş bir səs idi: “Bax, bir də vursan..!” Kristmas tələsmədən, səssizcə onun üstünə yeridi, Braun dalın-dalın çəkildi; boyca çox hündür idi, ancaq onun artıq bir ayağı qaçaraqda olan uzundraz fiquru sanki indicə kökündən qopacaq, şappıltı ilə yerə səriləcəkdi. Yenə onun qorxuyla, yalançı təhdidlə dolu, amma bu dəfə hündürdən çıxan səsi eşidildi: “Bax bir də vursan..!” Bu dəfə zərbə çiynindən tutdu, arxaya dönüb qaçmaq istədiyi anda onu haqladı. Qaçmağa başladı. Yüz metr qaçıb aralanandan sonra, addımlarını yavaşıdıb geriyə baxdı. Sonra dayanıb üzünü bu tərəfə çevirdi. “Eyy, sarıqarın italyancığaz, – o, sınaq üçün dedi və dərhal da başını geri çevirdi, səsinin nə qədər hündürdən çıxdığını düzgün hesablamamışdı, istədiyindən bərk çıxmışdı. Evdən heç bir hənirti gəlmədi; mətbəx qapısı yenə qaranlıq, yenə bağlı idi. O təkrar bərkdən qışqırdı: – Eyy, lənətə gəlmiş sarıqarın italyancığaz! Gec-tez mən sənin burda kiminlə mazaqlaşdığını hökmən öyrənəcəm”. Heç yandan heç bir səs çıxmadı. Hava çox soyuq idi. Geri dönüb donquldana-donquldana daxmaya yollandı.

     Mətbəxə qayıdandan sonra Kristmas masanın üstünə atdığı, hələ oxunmayan məktuba sarı heç baxmadı. Birbaş iç qapıya, pilləkənlərə tərəf getdi. Tələsmədən yuxarı qalxmağa başladı. Təntimədən, addımlarını eyni ahənglə ata-ata; yataq otağının qapısını, onun altından düşən işığı – divar sobasının işığını gördü. Tələsmədən qapıya yaxınlaşdı, onun dəstəyindən yapışdı. Sonra açdı və heykəl kimi yerindəcə donub qaldı. Qadın masanın arxasında, lampa işığında oturmuşdu. Kristmas tanış fiquru ciddi libasda gördü, sanki bu libası geyim-keciminə fikir verməyən kişi xeylağı üçün tikmişdilər, onu məhz belə bir adam geyinmişdi. Sonra qadının başını gördü; onun ağarmış saçları tarım, eybəcər şəkildə yığılıb top halda bir yerə bağlanmışdı, xəstə bədənə çıxmış fıra bənzəyirdi. Qadın başını qaldıranda isə polad sağanaqlı eynəyi gördü, əvvəllər onun eynək taxdığını heç vaxt görməmişdi. Kristmas hələ də qapının ağzında dayanmışdı, hələ də onun dəstəyindən tutmuşdu, yerindən tərpənmirdi. Ona elə gəldi ki, həqiqətən içindən gələn bu sözləri eşidir: O məktubu gərək oxuyaydım. O məktubu gərək oxuyaydım və fikirləşdi: “Mən nəsə eləyəcəm. Nəsə eləyəcəm”.

     Üstü kağızla dolu, – qadın məhz bu kağızlara görə hətta yerindən belə qalxmamışdı, – masanın böyründə dayanıb, onu nəsə ağlasığmaz bir şeyə dəvət edən buz kimi soyuq səsi dinləyəndə də bunları eşidir və dili qadının ardınca onun dediklərini təkrar edir, gözləri masanın üstünə səpələnmiş müəmmalı kağızlara, sənədlərə baxır, beynindən isə rahat, arxayın tərzdə bu fikirlər keçiridi: görən bu kağız nə kağızıdı? Bəs o sənəd nə sənədidi?

     – Məktəbə, – onun dili təkrar etdi.

     – Hə, – qadın dedi. – Səni qəbul edərlər. İstənilən kəs qəbul edər. Mənim hesabıma. İstədiyini seçə bilərsən. Biz hətta heç pul da ödəməyəcəyik.

     – Məktəbə, – onun dili təkrar etdi. – Zənci məktəbinə. Mən.

     – Hə. Sonra da Memfisə gedərsən. Piblsin idarəsində hüquq öyrənə bilərsən. O sənə öyrədər. Onda bütün hüquqi məsələləri öz öhdənə götürərsən. Bax burdakıların hamısını. Pibls nəylə məşğul olur, hamısını.

     – Sonra isə zənci vəkilin idarəsində hüquq öyrənim, – onun dili dedi.

     – Hə. O zaman bütün işləri, bütün pulları sənə verəcəm. Hamısını. Onda haçan sənə pul lazım olarsa, özün... özün necə bilirsənsə elə də eləyərsən; hüquqşünaslar yolunu bilirlər... elə eləmək olar ki, onları götürüb xərcləyəndə, hətta bundan xəbər tutsalar belə, heç kim səni nədəsə günahlandıra, töhmətləndirə bilməz... hətta o pulu qaytarıb yerinə qoymasan da...amma sən qaytara da bilərsən və heç kim də bundan xəbər tutmaz...

     – Zənci kollecinə? Zənci vəkilin yanına? – onun səsi sakitcə, hətta etiraz kimi də deyil, sadəcə bir xatırlatma kimi dedi. Onlar bir-birinə baxmırdılar; o içəri girdiyi andan bəri qadın bir dəfə də olsun başını qaldırıb ona tərəf baxmamışdı.

     – Onlara aç de.

     – Zəncilərə deyim ki, mən də zənciyəm?

     

Nəhayət, qadın başını qaldırıb ona baxdı. Sifəti çox sakit idi. Artıq bu sifət yaşlı qadın sifətiydi.

     – Hə. Lazımdı. Səndən pul almamaları üçün. Mənim hesabıma olsun deyə.

     O anda Kristmas sanki öz dilinə əmr elədi: “Bəsdir. Bəsdir üyüdürsən. Qoy mən də öz sözümü deyim”. Qadına tərəf əyildi. O isə yerindən tərpənmədi. İki sifət az qala bir-birinə toxundu; biri soyuq, ölü kimi ağappaq, fanatik və sərsəm idi, o biri isə perqament rəngindəydi, dodaqlar səssiz və rişxəndlə büzülmüşdü. Kristmas sakitcə dedi:

     – Sən qocasan. Əvvəllər mən buna heç fikir verməmişəm. Qoca qarı. Artıq saçların da ağarıb. – Qadın dərhal onu vurdu, ovcunun içiylə, oturuşunu belə dəyişmədən. Qadının bu yumşaq, cır şapalağı qarşısında onun zərbəsi əks-səda kimi partladı. Yumruqla vurdu, sonra isə sanki üzərindən uzun, aramsız külək əsibmiş kimi dartıb qadını kətildən qaldırdı, özünə tərəf çəkdi, gözlərini hərəkətsiz, soyuqqanlı sifətə zillədi və birdən nəyinsə dərki soyuq külək kimi onun iliyinə işlədi. – Sənin uşağın-zadın yoxdu, – dedi. – Heç vaxt da olmayıb. Qocalıqdan başqa heç bir dərdin yoxdu. Sadəcə qocalmısan, hər şeyin bitib-tükənib, artıq heç nəyə yaramırsan. Butün qüsurun da elə budu. – Qadını qucağından buraxdı, onu bir də vurdu. Qadın çarpayının üstünə sərildi, ona baxdı, o isə yenidən onun sifətinə bir yumruq ilişdirdi, sonra da başı üzərində dayanıb, qadının haçansa onun dilindən eşitməyi çox sevdiyi və eşidərkən də orasında pıçıltılı, pozğun bir tumar hiss etdiyini söylədiyi ədəbsiz sözləri üyüdüb tökməyə başladı. – Vəssalam. Sən sadəcə tükənmisən. Artıq heç nəyə yaramırsan. Vəssalam.

     Qadın yanı üstə, ağzı qanamış halda, sifəti ona tərəf uzanmışdı, gözlərini ondan çəkmirdi.

     – Kaş ikimiz də öləydik, – dedi.

     

     Odeyalın üstündəki məktubu qapını açan kimi gördü. Sonra çarpayıya yaxınlaşdı, onu götürüb açdı. Hasar dirəyindəki oyuğu indi sanki özgə söhbətlərindən, ömründə yaşamadığı başqa bir həyatdan götürülən bir şey kimi xatırladı. Çünki kağız, onun forması, görünüşü, yazıldığı mürəkkəb – hamısı o vaxtkılarla eyni idi. Bu məktublar heç vaxt uzun olmazdı; indi də uzun deyildi. Ancaq o vaxtkı lal vədləri, sözlə ifadə olunmayan sevinc, nəşə hisslərini indi bu məktubda ona heç nə xatırlatmırdı. İndi bu məktubda yazılanlar məzar yazısı kimi qısa, əmrlər kimi som-soyuq idi.

     İlk düşüncəsi ora getməmək oldu. Fikirləşdi ki, ora getməyə cəsarəti çatmaz. Sonra anladı ki, əksinə, ora getməməyə cəsarəti çatmayacaq. Bu dəfə paltarını dəyişmədi. Tərli iş paltarında özünü may ayının sonlarının alatoranlığına verdi, gəlib mətbəxə çıxdı. Artıq burda onun üçün süfrə açılmırdı. Bəzən o, yaxınlıqdan keçərkən, mətbəx masasına göz atıb fikirləşirdi: “İlahi. Görən axırıncı dəfə mən haçan rahatca oturub, şam naharı eləmişəm”. Ancaq bunu heç cür dəqiq xatırlaya bilmirdi.

     Evə girib, pilləkənlərlə yuxarı qalxdı. Hələ pilləkəndəykən qadının səsini eşitdi. O, yuxarı qalxıb, yataq otağının qapısına yaxınlaşdıqca bu səs daha ucadan eşidilirdi. Qapı örtülüydü, bağlıydı; yeknəsəq səs onun arxasından gəlirdi. Sözləri seçə bilmirdi; yalnız yeknəsəq uğultu eşidirdi. Bu sözləri anışdırmağa cəsarəti çatmadı. Qadının bu saat nə işlə məşğul olduğunu anlamağa ürək eləmədi. Dayanıb gözlədi, bir qədər sonra səs kəsildi, qadın qapını açdı, o, içəri girdi. Çarpayının yanından keçərkən döşəməyə göz atdı, ona elə gəldi ki, yerdə diz yerlərinin izi aydın seçilir, dərhal da gözünü ondan çəkdi, sanki orda öz ölümünü görmüşdü.

     Adətən olduğu kimi çıraq hələ yandırılmamışdı. Onlar oturmamışdılar. İki il əvvəl olduğu kimi yenə də qaranlıqda ayaq üstə dayanıb danışırdılar və qadının səsi yenə köhnə bayatılar oxuyurdu: “... yaxşı, əgər istəmirsənsə, məktəb olmasın... Onsuz da ötüşmək olar... Ruhuna nə deyirsən... Tövbə eləmək...” O isə som-soyuq, hərəkətsiz halda dayanıb, qadının haçan qurtaracağını gözləyirdi. “... cəhənnəm odu... əbədi, əbədi əzab-əziyyət...”

     – Yox, – o dedi. Qadın da onu sakitcə dinlədi; o bilirdi ki, qadını, qadın da bilirdi ki, onu inandıra bilməyib. Nə o, nə də qadın – heç biri təslim olmadı. Sanki öz törəmələrilə, öz günahları və həzlərinin sayısız-hesabsız kölgələrilə məskunlaşmış bu səssiz alaqaranlıqda üz-üzə dayanıb, bir-birlərini zülmətin yavaş-yavaş çeynəyib udduğu, hərəkətsiz, yorğun, bomboş və dikbaş, heç nəyə əyilməyən iki sifətə çevirmişdilər.

     Sonra Kristmas ordan çıxdı. Yeknəsəq, həlim, ümidsiz, heç vaxt bilməyə, anışdırmağa cəsarəti catmayacaq şeylərdən və kəslərdən danışan səs isə qapı arxasınca tam örtülənə, cəftəsi cırıldayıb bağlananacan qulağından getmədi. Düz üç aydan sonra, bir avqust gecəsində baxımsız bağçada ağacların altında oturub, iki mil aralıdakı məhkəmə binasında saatın əvvəlcə onu, sonra isə on biri vurduğunu eşidəndə, artıq ağlına belə bir qəti və sakit əminlik hakim kəsildi ki, o, kor taleyin itaətkar bir quludur; hərçənd ona elə gəlirdi ki, özü buna inanmır. Öz-özünə dedi: Mən bunu eləməliydim - artıq keçmiş zamanda danışırdı - Mən bunu eləməliydim. O özü belə ded.i

     Qadın bunu iki gecə əvvəl demişdi. Kristmas yenə daxmada məktub tapmış, onun yanına getmişdi. Pilləkənlərlə yuxarı qalxdıqca yeknəsəq səs həmişəkindən daha bərk, daha ucadan və daha aydın eşidilirdi. Yuxarı qalxanda bunun nə üçün belə olduğunu gördü. Bu dəfə qapı açıq idi, qadınsa çarpayının böyründə diz üstə çökmüşdü, o, içəri girəndə də yerindən qalxmadı. Heç tərpəşmədi də; səsi də kəsilmədi. Başı aşağı əyilməmişdi. Sifəti demək olar ki, qürurla yuxarı baxırdı, sanki mütiliyin dini ehkamlara uyğun bu pozası qürurdan doğmuşdu və səsi alaqaranlıqda çox mülayim, sakit, təmkinli, özünü fəda edirmiş kimi çıxırdı. Qadın sanki sözünü bitirməyənədək onun içəri girdiyini sezmədi. Yalnız onda başını geri çevirdi.

     – Mənimlə yanaşı diz çök, – dedi.

     – Yox, – Kristmas dedi.

     – Diz çök, – qadın dedi. – Onsuz da Onunla sən özün danışmayacaqsan. Yalnız diz çök. Yalnız Ona doğru ilk addımını at.

     – Yox, – o dedi. – Mən gedirəm.

     Qadın yerindən tərpənmədi, aşağıdan yuxarı, çiyninin üstündən ona baxdı.

     – Co, – dedi, – sən qalacaqsan? Heç olmasa bunu eləyəcəksən?.

     – Hə, – o, dedi. – Qalacam. Amma bir az tez ol.

     Qadın yenidən dua etməyə başladı. Sakit, astadan, elə həmin mütiliyin qüruru içərisində dua edirdi. Kristmasın ona öyrətdiyi xüsusi sözləri dilə gətirmək lazım gələndə, onları dilə gətirir, qətiyyətlə, dili dolaşmadan tələffüz edirdi; Allahla elə danışırdı ki, sanki O, kişiydi və digər iki kişinin arasındaydı. Qadın sakit, yeknəsəq, cinsi bilinməyən bir səslə özü haqda, onun haqda iki yad adam kimi danışırdı. Sonra susdu. Sakitcə yerindən qalxdı. Alaqaranlıqda üz-üzə dayandılar. Bu dəfə qadın hətta sual da vermədi, o da ona cavab verməli olmadı. Bir qədər keçəndən sonra qadın dedi:

     – Onda yalnız bircə şey qalır.

     – Yalnız bircə şey qalır, – o da dedi.

     “Artıq hər iş görülüb, hər şey bitib,” – o, qaranlıq kolluqda oturub, saatın son zənglərinin uzaqda necə öləzidiyinə qulaq verə-verə sakitcə fikirləşdi. İndi oturduğu yer iki il bundan əvvəl, o sərsəm gecələrin birində qadını haqlayıb tapdığı yer idi. Ancaq bütün bunlar başqa zamanda, başqa həyatda baş vermişdi. İndi isə bura sakit, dinc bir yer idi və üstündə oturduğu qaranlıq torpağın nəfəsi indi sopsoyuq idi. Ətrafı bürümüş sakitlikdə o, yaşamış olduğu bütün zamanların saysız-hesabsız səslərini eşidirdi, – sanki bütün keçmişi birrəngli naxışla bəzədilmişdi. Və onun ardı vardı: sabahkı gecə, birrəngli naxışa bürünəcək bütün sabahlar onun davamına, ardına çevriləcəkdi. Bu barədə düşünür, bu saysız-hesabsız təkrarlardan ibarət olan davama sakitcə heyran qalırdı; zira haçansa baş verənlərin, olanların hamısı bir-birinin eyni olub, zira olacaq və olub sabah da eyni olacaq. Vaxt gəlib çatdı.

      O, torpağın üstündən qalxdı. Kölgədən çıxıb evin ətrafına dolandı, mətbəxə girdi. Ev qaranlıq idi. Səhər tezdən daxmadan çıxandan sonra bir daha oraya qayıtmamışdı, buna görə də qadının orda ona məktub qoyub-qoymadığını, indi onu gözləyib-gözləmədiyini bilmirdi. Buna baxmayaraq, ehtiyatla yeriməyə, səs salmamağa çalışmırdı. Sanki yuxu ağlına da gəlmirdi, qadının yatıb-yatmadığı vecinə deyildi. Tələsmədən pilləkənlərlə yuxarı qalxıb yataq otağına girdi. Demək olar ki, elə o dəqiqə çarpayıdan qadının səsi eşidildi:

     – Çırağı yandır.

     – Bunun üçün işıq lazım olmayacaq, – o dedi.

     – Yandır çırağı.

     – Yox, – o dedi. Çarpayının qırağında dayanmışdı. Ülgüc əlindəydi. Hələ ağzını açmamışdı.

Baxış sayı: 117
Açar sözlər:
Bookmark and Share


Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


artyazar

Tezliklə burda görüşəcəyik:

www.Kitabxana.Net

Rəsmi tərəfdaşlarımız:

Azərbaycan Yazıçılar Birliyi
(sədri Anar)

www.azyb.net

Solita.NET
"Hosting & Internet service Company"
Baku, AZ1118 Azerbaijan
Tel:(+994) 50 522 22 08
E-mail:billing@solita.net

DİQQƏT!

Sayğılı Virtual Kitabxanamızın istifadəçiləri, Yeni Yazarlar və Sənətçilər Qurumu tərəfindən daxili imkanlar hesabına gerçəkləşdirilən "ELEKTRON TURAN" - VİRTUAL AZƏRBAYCAN Milli-Kulturoloji layihəsinin bir hissəsi olan və 400 000 nəfərin e-istifadə etdiyi, İnternetdə anadilli resursların arasında xüsusi seçilən bu Elektron Kitabxananın inkişaf etdirilməsinə ehtiyac duyulur. Qlobal dünyada informasiya təhlükəsizliyi problemini nəzərə alıb, bu e-kitabxananı Azərbaycan dövlətinə ərməğan etmək təklifini irəli sürürük: birgə şərtlə, layihənin fəlsəfəsinə xələl gətirilməməlidir.
Başqa qurumlar, dövlət və QHT-lər, eləcə də xeyriyyəçilər, bir sözlə istənilən şəxs bizə dayaq durmaq istəyindədirsə, əlaqə telefonlarımızı, bank rekvizitlərimizi veririk:
Yeni Yazarlar və Sənətçilər Qurumunun “Texnikabank” ASC-ndəki hesab nömrəsi:
38030066470001
VÖEN: 1700430481
“Texnikabank” ASC Kodu: 506872
VÖEN: 9900000681
Müxbir Hesab: 0137010031944
S.W.I.F.T.BIK: TECİAZ22

Tel.: (+99412) 418 93 58; 438 03 17;
(0-50) 213 40 43; (070) 317 80 01

e-mail: artyazar@yahoo.com

Portalımızın başqa saytları:

www.yysq.azeriblog.com
www.xariciedebiyyat.azeriblog.com
www.artyazar.azeriblog.com
www.azeriedebiyyati.azeriblog.com

YYSQ-nin "ELEKTRON TURAN" - Virtual Azərbaycan Milli-Kulturoloji layihəsi əsasında Virtual Milli Elektron Kitabxana (e-Axtarış Sistemli) 1300-ə yaxın özəl İnternet səhifəsi olan saytın istifadəçisi 1-5 saniyə ərzində müxtəlif kitabların elektron variantını əldə edə bilər. Azərbaycan, türk, rus, ingilis və başqa dillərdə olan elmi, tarixi, bədii, dini, ictimai-siyasi kitablardan istifadə etmək mümkündür. Saytda, eləcə də dünya ədəbiyyatının ana dilimizə çevrilmiş müxtəlif tərcümələri də yer alıb: istifadə etmək pulsuzdur.
Hiper Virtual Kitabxanada dünya ədəbiyyatının - ədəbi-bədii, elmi-filoloji, fəlsəfi-kulturoloji düşüncəsinin maraqlı, bir sözlə bəşəriyyətin indiyə qədər yaratdığı dəyərli nümunələrindən ibarət intellektual e-resurs həm də Türk Dünyasının qlobal mədəni birləşməsinə, eləcə də mədəniyyətlərarası dialoqa, sivilizasiyaların yaxınlaşmasına xidmət edir...

Redaksiya-Ekspert Şurası:

ANAR,
Azərbaycan Yazıçılar Birliyi sədri

Nizami Cəfərov,
Milli Məclisin Mədəniyyət Məsələləri daimi Komissiyasının sədri, akademik

Orxan Pamuk,
Türkiyə Cümhuriyyəti, Beynəlxalq Nobel mükafatı laureatı

Oljas Süleymenov,
Qazaxıstanın xalq şairi

Hamlet İsaxanlı,
Xəzər Universitəsinin rektoru

Bəhruz Axundov,
"Təhsil" Nəşriyyatı-Poliqrafiya Birliyinin direktoru

Çingiz Abdullayev,
MDB Yazıçılar Konfederasiyasının İH üzvü

Çingiz Əlioğlu,
AR Mədəniyyət və Turizm Nazirliyi

Rizvan Əbilov,
Rusiya Federasiyası nümayəndəliyi

Şəmsəddin Küzəçi,
Türkiyə və İraq-Türkman nümayəndəliyi

Aydın Xan (Əbilov),
YYSQ sədri, Layihənin baş əlaqələndiricisi

Səlim Babullaoğlu,
"Dünya ədəbiyyatı" dərgisinin baş redaktoru,

Səxavət Sahil,
"Gənc Azərbaycan" qəzetinin baş redaktoru, əlaqələndirici

Xüsusi qeydlər:

Bu saytdakı materiallar - mətnlər və e-kitablar müəlliflərin icazəsi olmadan kommersiya məqsədi ilə çoxaldıla, eləcə də başqa formada istifadə oluna bilməz!
Azərbaycan Respublikasının milli qanunvericiliyi və ölkəmizin qoşulduğu beynəlxalq sənədlərdəki bəndlərə uyğun olaraq yazarların müəlliflik hüquqları tanınır, onlara siz də sayğı göstərin...

Данный тексты не может быть использован в коммерческих целях...

Yeni Yazarlar və Sənətçilər Qurumu

Axtarış

Açar sözlər

  azərbaycan  məhəmməd  əmin  rəsulzadə.  "stalinlə  avropa  ixtilal  qumluqdakı  энциклопедия  roman  abe  türk  hüquqları  davası"  kobo  xatirələri"  insan  qadın  məhkəməsi  fəthullah  "milli  зарубежная  cəlaləddin  mircəfər  (i)  литература  mövlanə  məmmədov.  dirilik.  adıgözəl  rumi  xx  bağirov  cənubi  balzak.  культурология  arvadı"  şey  nino”,  hərəkatı  fukuyama.  мишель  vladimir  "bəhaullah  kino  səfəvi  illər  xorxe  м.в.  şərqşünasliq  milli  ədəbiyyatinda  massonluq  "xristian"  mənim  илья.  dayanir?"  erməni  fərid  rəhbərliyinə  terror,  лич.  эпох,  (iii)  yeni  iran  dövləti)  sokrat  idarə  "...həzrət  məhəmmədin  gəncəyi.  uimz.  a.s.puşkin  блинов  iv  adı  əfsanələr  gülən.  de  rumi.  əladı  liderlərinin  mədəniyyətin  текст)  con  sənəti  turxan  mir  yaddaşı  философия  "ermənistanı  rəsmi  azərbaycanda  neolibirelaizm  gizlinləri"  olanda  постмодернизм"  iddianin  ədəbiyyatı  yaponiya  min-bir  sirus  afrikasayaği  э.  "мифологии"  (iv)  delerm  problemi  tarixi  (полный  vahe  babın  ömür  isfahandaki  "1905-1906-cı  borxes.  в.а.,  elmi  cümhuriyyəti»:  gülən  hiss  dəri  "постструктурализм.  «məsnəvi».  “əli  milli-demokratik  üstünlüyu  фуко,  возрождения  ebenezer  ale-əhməd.  möhsün  brut  avetyan:  tahirzadə:  drami  ölkənin  peter  постмодернизма  marşallek.  baba  sirri"  ssri  aparteid  барт.  xatirələri  filip  folkner  ziyalisi  türkiyə  «слова  литературно-библиографическая  "geoloqlar"  zühuru..."  sultan  mövqeyi  luis  ладов  kazimbəy  dövlətimizin  dramaturgiya  kоllektiv  еtmək"  onore  деконструктивизм.  "amerikansayaği  ermənişünaslığı  mədədi.  demokratiya  коммуникация.  древних  era"  xalqlari  cəlal  nəvvab  mark  cinayətkarlar  «azərbaycan  h.ibsen  samuel  turrini.  а.к.,    qərb  kamal:  ələkbərli.  "zamanı  faşizm  век  ролан  "zahidin  hər  viliam  güney  frensis  вещи»  века  sorokin.  zərəndi.  səhifələr  sarayinda  erməni-müsəlman  şekspir  лебедев  mirzə  ilk  mühacirət  şüur  "ermənistan:  üzlük  ильин  arxasinda  "şərqin  məktubu  islam  культура  средневековья  (ii)  esslemont.  postmodernizm  dili  (osmanli  yuni  edir"  ədalət  kitabından  terrorçu  vaxtım  аналитическая  ralf  şərq  masonluq  dilinin 

Sayqaç

İndi blogda: 14
Keçən ayın hiti: 51586
Dünənki hit: 1311
Bugünki hit: 412
Ümumi hit: 414312

AddThis Feed Button
Add to Technorati Favorites